скачать книгу бесплатно
İtmiş müqavilə
Artur Konan Doyl
Dünyaca məşhur detektiv ustası Artur Konan Doylun “İtmiş müqavilə” kitabı Hədəf Nəşrlərinin təqdimatında dərc olunan yazıçının əsərlərinin növbəti toplusudur. Kitabda “Mazarini almaz qaşı”, “Şoskom malikanəsində faciəli hadisə”, “Çöhrəsi ağarmış adam”, “İtmiş müqavilə”, “Şerlok Holmsun yeni işi” və “Şerlok Holmsun qayıdışı” kimi hekayələr çap olunub. Onları oxuduqca Şerlok Holms və Doktor Vatsonla birlikdə bir çox müəmmalı sirrin üstünün açılmasına şahidlik edəcək, maraqlı əhvalatların izləyicisinə çevriləcəksiniz.
Artur Konan Doyl
İtmiş müqavilə
hekayələr
Mündəricat:
Mazarini almaz qaşı..........................................
Şoskom malikanəsində faciəli hadisə.......................
Çöhrəsi ağarmış adam..........................................
İtmiş müqavilə..........................................
Şerlok Holmsun yeni işi..........................................
Şerlok Holmsun qayıdışı..........................................
Mazarini almaz qaşı
Vatson yenidən saysız-hesabsız gözəl sərgüzəştlərin açılma məntəqəsi olan Beyker-stritdəki evin ikinci mərtəbəsində yerləşən sahmansız otaqda olmasına çox şad idi.
O, divar boyu asılmış cədvəl və sxemlərə, turşularla yan-yana qoyulmuş kimyəvi məmulatlarla dolu olan rəfə, küncə söykənmiş skripka futlyarına, nə vaxtsa içərisində tənbəki və tütün çubuqları olan kömür vedrəsinə nəzər saldıqdan sonra, nəhayət ki, baxışını əsrarəngiz məşhur xəfiyyəni əhatə edən tənhalığı və soyuqluq uçurumu arasında, elə bil, körpü yaratmağa nail olmuş sağlam gülüşlü, bacarıqlı qulluqçu olan Billi adlı bir gəncin üzərində saxladı.
– Burada hər bir şey yenə əvvəlki kimidir. Heç özünüz də dəyişilməmisiniz. Belə ümid edə bilərəm ki, onun haqqında da eyni şeyi söyləmək olar.
Billi bir qədər təşvişlə bağlı yataq otağına baxdı.
– Deyəsən, o yatıb, – dedi.
Çöldə aydın bir yay havası vardı, saat axşam yeddi olardı, amma Billinin belə bir düşüncəsi heç də Vatsonu şübhələndirmədi: o, köhnə dostunun qeyri-adi həyat tərzinə çoxdan öyrənmişdi.
– Bu o deməkdir ki, səhv etmirəmsə iş ona tapşırılmışdı, elə deyilmi?
– Bəli, elədir ki var, cənab. O, indi tamamilə bu işlə yüklənib. Hətta mən onun səhhətinə ziyan gələcəyindən də çox qorxuram. O, çox solğun görünməyə başlayıb, günbəgün arıqlayır və heç nə yemir. Xanım Hadson ondan nə vaxt nahar edəcəyini soruşanda, ”o birisi gün saat səkkizin yarısında” – deyə cavab vermişdi. Siz yaxşı başa düşürsünüz ki, işlə məşğul olarkən o, necə olur.
– Hə, Billi, bilirəm.
– O, kimisə güdməyə başlayıb. Dünən işaxtaran fəhlə cildinə girmişdi. Bu günsə onu özünü əməlli-başlı qarıya bənzətmiş gördüm. Elə bənzəyirdi ki, hətta mən belə onu tanıya bilmədim, ancaq onun bicliklərini bilməyim lazım idi.
Billi gülümsəyərək divana söykənmiş, qırıq-qırıq olmuş qeyri-adi bir çətiri göstərib dedi:
– Bax, bu qoca qarı geyiminin bir əşyasıdır.
– Billi, bəs bu dəfə onun nəzərində hansı iş var?
Sanki söhbət dövət sirrindən gedirmiş kimi, Billi səsini tamamilə yavaşıdaraq söylədi:
– Əlbəttə, cənab, mən sizə söyləcəyəm. Sizdən başqa heç kim bu haqda bilməməlidir. Bu, almazların tacı haqqında olan işdir.
– Siz yüz min funt qiymətində olan bir qaşın oğurlanmasından bəhs edən işi deyirsiniz?
– Bəli, cənab. Onlar həmin qaşı necə olursa-olsun tapmalıdırlar. Baş nazir və daxili işlər naziri burada olmuş, eləcə bu duvanda əyləşmişdilər. Cənab Holms onlara qarşı çox nəzakətlə davranırdı. O, heç də onların yanında özünü çəkmirdi və söz verdi ki, bacarığını əsirgəməyəcək. Bir də lord Kantlmir…
– Eləmi?
– Bəli, cənab, bilirsinizmi bu nə deməkdir? Deyərdim, o, həddindən çox lovğa və təkəbbürlü adamdır. Mən baş nazirlə, həm də daxili işlər naziri ilə iş görməyə hazıram, buna heç bir etirazım yoxdur, çünki onlar alicənab və mədəni adam təsiri bağışlayırlar. Amma lord heç xoşuma gəlmədi, onun lovğa hərəkətlərinə tab gətirə bilmirəm. Cənab Holms da həmçinin. Əsas məsələ ondadır ki, o, cənab Holmsa inanmır və təkidlə işin ona həvalə edilməsinə qarşı gəlir. Mənə elə gəlir ki, o, cənab Holmsun bu işin öhdəsindən gəlməməsinə daha çox sevinər.
– Və cənab Holms da bundan xəbərdardır?
– Cənab Holmsun bundan xəbərdar olmaması heç vaxt mümkün deyil.
– Ümidvaram ki, o, işin öhdəsindən gələcək və lord Kantlmir rüsvay olacaqdır. Qulaq asın, Billi, pəncərədəki pərdələr nəyə görə lazımdır?
– Cənab Holms bunları üç gün bundan əvvəl asdırıb. Orada gizlətdiyimiz çox maraqlı bir şey var.
Billi pəncərə taxçasını otaqdan ayıran pərdələri aralayarkən Vatson heyrətindən qeyri-ixtiyari olaraq qışqırdı. Onun qarşısında kresloda dostu ilə eyni sifətdə, geyimdə olan və digər şeylərində ona bənzəyən oxşarı oturmuşdu. Pəncərəyə sarı çevrilmiş üzünün dörddə üçü azacıq aşağıya doğru sanki görünməz bir kitabın üzərinə əyilmişdi. Billi baş hissəsini gövdədən ayırıb əlində tutdu.
– Biz onu müxtəlif vəziyyətlərdə saxlayırıq ki, daha çox canlı adama oxşasın. Əgər pərdələr aşağı salınmamış olsaydı, mən ona əl vurmağa cürət etməzdim. Pərdələr bağlı olmayanda o, küçənin digər tərəfindən görünür.
– Əvvəllər bizdə də belə bir şey olmuşdu.
– Mən o vaxtlar hələ buralarda deyildim, – Billi söylədi. O, pərdələri açaraq küçəyə boylandı. – Bizi o evdən güdürlər. Pəncərədə adam da var, baxmaq istəyirsinizmi?
Vatson irəli addım atdı, elə bu vaxt yataq otağının qapısı açıldı, orada Holmsun arıq və uzun qaməti göründü. Onun üzü avazımış və solğun görünürdü, buna baxmayaraq o, əvvəlki kimi gümrah idi. Bir sıçrayışla pəncərənin yanına gəldi və cəld pərdələri yenidən əvvəlki vəziyyətinə qaytardı.
– Billi, bəsdir, həyatınızı təhlükəyə atırsınız, indi siz mənə daha çox lazımsınız. Vatson, sizi əvvəlki evimizdə görməyə çox şadam. Siz təhlükəli anda bura gəlmisiniz.
– Mən bunu hiss etdim.
– Bili, gedə bilərsiniz. Axı mən bu oğlanla nə edim! Onu təhlükəyə atmaqda nə qədər düzgün iş görürəm, heç özüm də bilmirəm.
– Hansı təhlükəni deyirsiniz, Holms?
– Qəfil gələn ölüm təhlükəsini deyirəm. Əgər bu gün axşam nəsə baş versə, heç də təəccüblənmərəm.
– Hansı mənada ?
– Məsələn, məni öldürsələr.
– Ola bilməz, Holms, siz zarafat edirsiniz!
– Hətta yumor hissimin yoxluğunda belə mən bundan yaxşı bir zarafat fikirləşə bilərdim. Hələ ki, biz həyatımızdan həzz alaraq yaşamağa davam etməliyik, elə deyilmi? Spirtli içkilər sizə yasaq qoyulmayıb ki? Sifon və siqarlar da əvvəlki yerindədir. Sizin hələ də zavallı tənbəki və çubuğumudan zəhləniz getmədiyinə ümid bəsləyə bilərəmmi? Bu günlər onlar mənim qidamı əvəz edəcəklər.
– Nə üçün siz yeməkdən imtina etmisiniz?
– Aclıq ağlın fəaliyyətini gücləndirir. Əziz dostum, sizə məlumdur ki, həzm prosesində beyin mədənin işləməsi üçün tələb olunan miqdarda qan itirir. Mənsə indi hər bir şeyi bütöv beyinlə həll etmək imkanındayam. Qalanları əlavə təsirdən başqa bir şey deyil. Çünki mən hər şeydən əvvəl yalnız beynimlə hesablaşmalıyam.
– Holms, siz ancaq hansısa təhlükənin mövcudluğundan danışırsınız?
– Hə, istənilən halda cox güman ki, o, sizin yaddaşınızı qatilin adı və ünvanı ilə doldurmağa mane olmayacaq. Siz bu məlumatları sədaqətli Holmsdan vida salamı kimi Skotland-Yarda xəbər verə bilərsiniz. Onun adı Silviusdur, qraf Neqretto Silvius. Qeyd edin: Nord-Vest, Mursayd-Qardens, 136. Yazdınızmı?
Vatsonun səmimi üzü əsəbi halda dartılmağa başladı. O, Holmsun heç bir təhlükə qarşısında dayanmayacağını və yəqin ki, onun şişirtməkdən çox, qiymətləndirməməyə inandırılmış olduğunu lap yaxşı bilirdi. Vatson vaxtını hədər yerə itirməyə adət etməmişdi, buna görə də qərarla ayağa qalxdı.
– Holms, mənim köməyimdən istifadə edə bilərsiniz, bu günlərdə mən tamamilə boşam.
– Vatson, mənəvi cəhətdən siz heç də yaxşıya doğru dəyişilməmisiniz. Köhnə qüsurunuzun üstünə bir də yalan danışmaq əlavə olunub. Bütün görünüşünüz işlə daha çox yüklənmiş bir həkim olduğunuzu və xəstələrdən təngə gəldiyinizi göstərir.
– Onların içərisində az-maz ciddi olanı da yoxdur. Məgər siz həmin adamı həbs edə bilməzsiniz?
– Vatson, əlbəttə edə bilərəm, o, elə bu səbəbə görə belə narahatlıq keçirir.
– Bəs nə baş verib?
– İş orasındadır ki, mən almazın harda olduğunu bilmirəm.
– Hə, Billi almazların tacı olduğunu demişdi.
– Əlbəttə, iri, sarı Mazarini qaşıdır. O, deyəsən, qurduğum tələyə düşüb, lakin mən hələ də qaşı əldə etməmişəm. Mənim üçün onları həbs etməyin bir xeyri varmı? Əlbəttə ki, onlar tutulub barmaqlıqlar arasına atılsaydı, sözsüz ki, dünyanın gedişatı düzəlmiş olardı. Amma mənim məqsədim başqadır. Həmin qaşı necə olursa-olsun əldə etməliyəm.
– Deməli, qraf Silvius həmin tora düşmüş şikarlardan ən böyüyüdür?
– Hə, elədir ki var. Bu, yırtıcı balıq kimi hamını diri-diri udmağa hazırdır. O biri isə boksçu Sem Mertondur. Sem heç də pis adam deyil, lakin qraf ondan da öz məqsədi üçün istifadə edir. O, heç də yırtıcı deyil, qanmaz və ağılsızlıqdan əziyyət çəkən böyükbaşlı, kiçik bir çay balığına bənzəyir. O da qurduğum tələyə düşdüyündən çapalayır.
– Bəs qraf Silvius haradadır?
– Mən bütün günü onun düz burnunun ucunda olmuşam. Siz ki məni qarı cildində görmüsünüz. Bu dəfəki bənzətməm kimi uğurlusu heç olmamışdı. Hətta qraf “İcazənizlə xanım, yardım edim” sözləri ilə mənə iltifat göstərib çətirimi yerdən qaldırmışdı. O, yarı italyan və əsli cənublu oduğuna görə yaxşı əhval-ruhiyyəli vaxtlarında son dərəcə iltifatlı olmağı bacarır, əks təqdirdə, məlun olaraq qalır. Görürsünüzmü, Vatson, həyatda necə də maraqlı şeylər baş verir!
– Amma belə olsaydı o, faciə ilə nəticələnərdi.
– Dediklərinizlə razıyam. Mən onun ardınca Maynorisə qədər qədim Ştraubenz emalatxanalarına tərəf getdim. Orada onun üçün sıxılmış hava ilə işləyən tüfəng düzəldilmişdi, çox gözəl bir şeydir və səhv etmirəmsə, indi o, qarşıdakı pəncərədən bura tuşlanmış olmalıdır. Siz müqəvvanı görmüsünüzmü? Hə, Billi sizə göstərmişdi. İstənilən anda bu müqqəvvanın gözəl başı gülləyə tuş gələ bilər. Billi, nə olub?
Billi içində balaca bir kart olan sinni ilə içəri daxil oldu. Holms onu nəzərdən keçirdi: qaşlarını bir anlığa yuxarı qaldırdı, dodaqlarında istehzalı təbəssüm yarandı.
– O, şəxsən təşrif buyurmağı qərara alıb. Bax, burası heç ağlıma gəlməmişdi. Vatson, gərək onu əlimizdən buraxmayaq. Bu adam hər şeyə qadirdir. Siz yəqin ki, qrafın iri heyvanların məşhur ovçusu olduğunu eşitməmiş olmazsınız. Əgər məni qabaqcadan ovlamaq ona nəsib olarsa, bu, yəqin ki, qrafın idman karyerasının parlaq və dəyərli sonluğu olacaq. Şübhəsiz, o, elə bu saat ona çatıb tutacağımı hiss etməyə başlayıb.
– Polisin dalınca kimisə göndərin.
– Yəqin ki, mən elə də edəcəyəm, ancaq indi yox. Vatson, küçədə başqa adamın olub-olmadığına yaxşıca nəzər yetirin.
Vatson pərdənin arasından çölə baxdı.
– Bir yekəpər adam qapının yanında durub.
– Bu, elə Sem Mertondur, təslimiyyəti çox da uzaqda olmayan Sem. Billi, bəs bu cənab harda qaldı?
– Qəbul otağındadır, cənab.
– Mən zəng edəndə onu içəri buraxın.
– Oldu, cənab Holms.
– Əgər məni otaqda görməsəniz belə, onu otağa buraxın.
– Baş üstə, cənab.
Vatson qapının örtülməsini gözləyib həyəcanla həmsöhbətinə müraciət etdi:
– Qulaq asın, Holms, bu, mümkün olan şey deyil. O, yaramazın biridir və heç bir maneə qarşısında dayanmaz. Bəlkə, elə sizi öldürmək üçün bura gəlib?
– Əgər doğrudan da belədisə, burda təəccüblü bir şey görmürəm.
– Bu halda mən sizi yalnız qoymaq istəmirəm.
– Sizin burada olmağınız maneəçilik törədə bilər.
– Ona maneəçilik törədəcək?
– Yox, yo,x əzizim Vatson, mənə.
– Necə olur-olsun, mən sizi o adamla təkbətək qoymaq istəmirəm!
– Xeyr, Vaton, siz bunu edə bilərsiniz, hətta daha doğrusu, etməyə məcbursunuz. Siz heç vaxt oyundan kənarda qalmamısınız və ümidvaram, bu dəfə də onu sona çatdıracaqsınız. Bu adam bura öz məqsədinə görə gəlsə də, yəqin ki, mənim istəklərimə görə burda qalmalı olacaq. Skotland-Yarda gedib bu kiçik məktubumu cinayət axtarışı şöbəsindəki Yogelə verin və polislə birgə geri qayıdın, çünki həmin vaxtda qrafı həbs etmək lazım gələcək, – deyə Holms qeyd kitabçasını çıxarıb oraya nəsə yazdı.
– Mən məmnuniyyətlə sizə kömək edərəm.
– Ümidvaram, siz qayıdana qədər mən qaşın yerini öyrənə biləcəm.
Holms zəng etdi.
– Deyəsən, bizim yataq otağından keçməyimiz daha yaxşı olar. İkinci çıxışın olması son dərəcə əlverişli məsələdir. Böyük şikarıma nəzər yetirmək üçün məni görməməsinə üstünlük verərdim, çünki bu vəziyyətə uyğun olan bəzi şeyləri də əlavə olaraq fikrimdə tutmuşam.
Beləliklə, bir neçə dəqiqədən sonra Billi Silviusu otağa buraxdı – otaqda heç kim yox idi.
Məşhur nişançı, idmançı, qəşəng geyimli, cox iri gövdəli, qarabuğdayı insan idi. Uzun qarmaqşəkilli burnu nazik sərt ağzının üzərinə əyilmiş, yanlarını qara bığları tutmuşdu. Onun qəşəng geyimi, parlaq qalstuku, işıldayan sancağı və parıldayan üzüyü çox kəskin şəkildə nəzərə çarpırdı. Qapını ardınca örtərkən bir az sərtləşdi, eyni zamanda, hər bir addımında tələyə düşəcəyindən qorxaraq ətrafına nəzər salmağa başladı. Pəncərənin yanında rahat şəkildə başı aşağı salınmış, xələt yaxalığı kreslonun söykənəcəyində olan manekeni görəndə qəfildən diksindi. Əvvəlcə üzünü heyrət bürüdü. Otaqda kiminsə olmadığına inanmaqdan ötrü bir daha ətrafa diqqətlə göz gəzdirdi. Sonra ağır əl ağacını qaldırıb barmağının ucunda, dinməzcə kresloda oturmuş şəxsə yaxınlaşdı. Onun üzərinə atılıb son həmləni endirmək üçün çöməlmişdi ki, birdən yataq otağının aralanmış qapısından girən Holmsun sakit və istehzalı səsi onu dayandırdı:
– Qraf, ehtiyatlı olun, onu qırarsınız!
Qatil geri çəkildi, onun əyilmiş sifəti heyrət içindəydi. O, yenə də aşağı salınmış ağacını qaldıraraq qəzəbini sanki xəyaldan həqiqi olana yönəltmək arzusundaydı, lakin Holmsun sərt baxışı və istehzalı gülüşündə şübhəli bir şeyin olmasından çəkinib fikrindən vaz keçdi.
– Çox gözəldir! Tavernya fransız sənətkarlarının əl işidir. Tanışınız Ştraubenzenin düzəltdiyi sıxılmış hava ilə işləyən tüfəng kimi, o da böyük məharətlə mumdan fiqurlar düzəltməklə məşğuldur.
– Sıxılmış hava ilə işləyən tüfəng? Başa düşə bilmirəm, cənab, siz bununla nə demək istəyirsiniz?