скачать книгу бесплатно
İtmiş dünya
Artur Konan Doyl
Dünya ədəbiyyatından seçmələr
Ekspedisiya üzvlərinin Cənubi Amerikada başlarına inanılmaz hadisələr gəlir: onlar dinozavrların, məməlilərin, həmçinin insanabənzər meymunların və Daş dövrü adamlarının yaşadıqları bir ərazi – "itmiş dünya" aşkarlayırlar…
Artur Konan Doyl
İtmiş dünya
I FƏSİL
HƏR ŞEY İNSANIN ÖZÜNDƏN ASILIDIR
Nəhayət, arzuma çatdım, Qladislə otaqda tək qaldım. Yaman həyəcan keçirirdim, çünki bir azdan taleyim həll olunacaqdı.
Qladis qırmızı pərdənin qarşısında oturub başını dik tutmuşdu. İlahi, necə də qəşəng idi! Qəşəng olsa da, buz kimi soyuq idi. Qəlbinə yaxın düşmək olmurdu. Bəli, biz dost idik, əsl dost. Başqa sözlə, artıq hərəkətə yol vermirdim, özümü mərifətli aparırdım. Doğrusu, qadınların açıq-saçıq hərəkətindən, söz-söhbətindən acığım gəlir. Məhəbbətin nişanəsi başqadır. Gözlərdəki ifadə, səsin ahəngi sərt olmamalıdır. O adam ki həyəcandan əsmir, səsi titrəmir və gözləri narahatlıq ifadə etmir, demək, sevmir.
Şəhərimizin qadınları Qladisə həsəd aparırdı. Lakin arada şayiə də gəzirdi ki, guya o, xudbin və ərköyün qızdır. Təbii ki, bu, paxıl adamların dedi-qodusudur. Onlar yaxşı adamlara böhtan atmaqla ürəklərini soyutmaq istəyirlər. Qladisin qızılgül ləçəyinə bənzər zərif, incə dərisi Şərq qadınlarında olduğu kimi mis rəngə çalırdı, saçları qapqara, gözləri iri və parlaq idi, qönçə dodaqları isə qəlbində atəşli bir ehtirasın yatdığını göstərirdi. Təəssüf ki, bu alovlu ehtirasın bağlı qapısına hələlik açar tapa bilməmişəm. Gözlədiyim məqam gəlib çatmışdı, neçə vaxtdan bəri məni narahat edən suala qəti cavab almalıydım. Əlbəttə, bu cavab “yox” da ola bilər, amma qardaş rolunu qəbul edib sakit yaşamaqdansa, nakam məhəbbətin odlu nəfəsində qovrulub-yanmaq daha yaxşıdır.
Araya çökmüş cansıxıcı sükutu pozmaq istəyəndə gözlərini məndən çəkməyən Qladis cəld məni qabaqlayıb məzəmmətlə dilləndi:
– Hər şey mənə aydındır, Hed. Ancaq gəl bu barədə danışmayaq, kefimizi pozmayaq.
Stulumu ona yaxınlaşdırdım.
– Qadınları belə şeylərlə təəccübləndirmək qeyri-mümkündür, onlar bunu qabaqcadan bilirlər. Ancaq, Hed, bizim dostluğumuz çox nümunəvi, həqiqi dostluq olub, odur ki gəl onu pozmayaq, qoruyub saxlayaq. Məgər oğlanla qızın bu cür sakit oturub dostcasına söhbət etməsi pisdir?
– Bəlkə də, yaxşıdır, Qladis, bilmirəm, ancaq mən dəmiryol vağzalının müdiri ilə də bu cür oturub dostcasına söhbət edə bilərəm.
Bu dövlət işçisi haradan ağlıma gəldi, bilmirəm, amma hər ikimizin kefini açdı, bizi güldürdü. Nəhayət, sözümə davam etdim:
– Yaranmış vəziyyət məni qane etmir. Səni qucaqlamaq istəyirəm, saçlarını tumarlamaq və… ah… Qladis, istəyirəm ki…
O, təkcə sözlərlə kifayətlənməyib əməli fəaliyyətə keçdiyimi görcək ayağa durdu.
– Hər şeyi korladın, Hed, – dedi. – Münasibətlərimiz indiyə qədər yaxşıydı, indisə pozuldu. Təəssüflər olsun. Hərəkətlərinə nəzarət edə bilmirsən?
– Bu, təbiətin hökmüdür, – deyə özümə bəraət qazandırmağa çalışdım. – Nə məndən asılıdır, nə də səndən. Bu, məhəbbətdir.
– Məhəbbət qarşılıqlı olmalıdır, məndə isə belə bir hiss yoxdur.
– Sən məhəbbət üçün yaranıbsan, Qladis! Sən sevməlisən! Sənin kimi qəşəng qız məhəbbətə biganə qalmamalıdır, hökmən sevməlidir.
– Hər şeyin öz vaxtı var.
– Sən məni niyə sevmirsən, Qladis? Düzünü de, yoxsa qəşəng olmadığıma görə?
O yumşaldı, zərif barmaqları ilə saçımı darayıb başımı geri itələdi. Sonra üzümə baxıb təbəssümlə dedi:
– Yox, Hed, məsələ bunda deyil. Sənə düzünü deyəcəyəm, səbəb başqa şeydir, odur ki narahat olma, sakitləş.
– Bəlkə, xasiyyətim pisdir?
Başının hərəkəti ilə sözümü təsdiq etdi.
– Xasiyyətimi necə düzəldim? Xahiş edirəm, əyləş, söhbət edək. İnan ki, sakit duracam, artıq hərəkətə yol verməyəcəm.
Deyəsən, onu inandırmışdım. Xeyli tərəddüddən sonra keçib yerində oturdu.
– İndi de görüm, xasiyyətim niyə xoşuna gəlmir?
– Mən başqasını sevirəm. Qorxma, – sifətimin əcaib şəklə düşdüyünü görüb güldü. – O mənim xəyalımdır. Hələ ki elə adama rast gəlməmişəm.
– Mənə onun haqqında danış. Mümkünsə, zahiri görkəmini təsvir elə.
– Zahirən sənə oxşayır.
– Buna görə sənə öz minnətdarlığımı bildirirəm. Yaxşı, bəs mən nədə ona oxşamıram? Bəlkə, içki içmir, ət yemir, bəlkə, aeronavtdır, sufidir, supermendir, hər kimdir, de, Qladis, bəxtimi sınayım. Sən təki öz fikrini söylə, vəssalam, qalanı mənim boynuma…
O ürəkdən gülüb:
– Hər şeydən əvvəl, – dedi, – mənim idealım heç vaxt sənin kimi danışmaz. O olduqca güclü və qətiyyətli adamdır, ərköyün bir qızın şıltaqlığına uyub öz məsləkindən dönən deyil. Ölümün gözünə dik baxır, min bir əziyyətə qatlaşır, qəhrəmanlıq göstərir. Mən şəxsin özünü yox, qazandığı ad-sanı, şöhrəti sevmək fikrindəyəm. Riçard Bartonu yadına sal. Arvadı onun haqqında kitab yazıb. Kitabı oxuyandan sonra həmin qadına qibtə etdim. Belə kişiləri sevməyə dəyər, çünki onlar şücaət göstərəndə hamı bilir ki, onları bu şücaətə sevimli arvadları ruhlandırmışlar.
O, ehtirasla danışırdı. Ehtirasla danışanda daha cazibəli və daha yaraşıqlı görünürdü, odur ki sözünü deyib qurtarsa da, bir müddət heyranlıqla ona baxdım. Lakin tezliklə özümü yığışdırıb mübahisəni davam etdirdim.
– Hamı Barton ola bilməz, – dedim. – Bir də indi zəmanə başqadır. İmkan olsaydı, bəlkə də, bəxtimi sınayardım.
– İstəsən, imkan taparsan. Fikrimdə tutduğum adam bu imkanı özü yaradır. Bu onun öz istəyidir, odur ki çalışır, vuruşur, özünü oda-közə vurur, başqa cür yaşayammır. İnan ki, hər zaman şücaət göstərmək olar. Kişilər şücaət göstərməli, qadınlar isə bunun müqabilində onları sevməlidirlər. Mən istəyirəm ki, hamı mənə həsəd aparsın. Ərim ucalsın ki, onun hesabına mən də ucalım. Ərimin səbəbinə ucaldığıma görə hamı mənə bəxtəvər desin.
– Səni razı salmaqdan ötrü əlimdən gələni edəcəm.
– Sən bunu məni razı salmaqdan ötrü etməməlisən. Sən özün istəməlisən ki, şücaət göstərib ad-san qazanasan, ucalasan, külli-aləmə nümunə olasan.
– Sən haqlısan, min kərə haqlısan, – sövqi-təbii qışqırdım. – Sənin kimi qadınlar kişiləri hünər göstərməyə, ad-san qazanmağa ruhlandırırlar. Mənə möhlət ver! İnan, Qladis, sən mənim barəmdə hələ çox eşidəcəksən.
O, həyəcanla danışdığımı görüb güldü.
– İnanıram, – dedi, – bunun üçün lazım olan hər şey səndə var, odur ki niyə də şücaət göstərməyəsən. Şadam ki, məni düzgün başa düşübsən.
– Əgər sən dediyin adam olsam…
O, qar kimi yumşaq və incə barmaqlarını dodaqlarımın üstünə qoydu.
– Daha heç nə lazım deyil, – dedi. – Mən istədiyim adam olanda yanıma gələrsən, söhbətimizi davam etdirərik.
Mən bayıra çıxanda hava hələ tam qaralmamışdı. Dumanlı noyabr axşamı idi. Ara-sıra çiskinləyirdi. Təbiətin bu füsunkar mənzərəsi könlümü oxşamadı, çünki Qladisi düşünürdüm, düşünürdüm ki, məhəbbətini qazanmaq üçün hansı şücaətə əl atım. Nə edim? Haradan biləydim ki, qabaqda məni böyük-böyük qəhrəmanlıqlar, qeyri-adi və ağlasığmaz macəralar gözləyir.
Həmin gecə əhəmiyyətsiz əməkdaşlarından biri sayıldığım “Deyli-qazett”in redaksiyasında oturub Qladisimə layiq şücaətlər barəsində fikirləşirdim.
II FƏSİL
PROFESSOR ÇELLENCERİ GÖR!
Xəbərlər şöbəsinin redaktoru cənab Makkadl kürən kişiydi.
Mən otağa girəndə o, eynəyini qaldırıb daz başını yırğaladı:
– De görüm, nə istəyirsən?
– Ser, bəlkə, məni bir yerə göndərəsiniz?
– Hara, cənab Meloun?
– Ser, elə bir yerə ki, ora təhlükəli olsun, adamın başına cürbəcür qorxulu hadisələr gəlsin. Mən də bu hadisələrin qısa xülasəsini yazıb qəzetdə dərc etdirim. Qəzetimiz həm dünyada ad qazanar, həm də oxucularının sayı artar.
– Öz aramızdır, deyəsən, həyatından bezibsən?
– Əksinə, həyatımı mənalandırmaq istəyirəm.
– Bəlkə, Enmor-Parkda yaşayan professor Çellencerin yanına gedəsən?
Professor Çellencerin adını eşitcək canıma vicvicə düşdü.
– Çellencer! – ucadan qışqırdım. – Gərək ki, o, dünyanın ən məşhur zooloqlarından biridir. Səhv etmirəmsə, “Teleqraf” qəzetinin müxbiri Blandelin çənəsini sındırıb.
Xəbərlər şöbəsinin redaktoru gülümsündü:
– Razı deyilsən? Bayaqdan macəra axtarmırdın?
– Razıyam, ser, – tələsik cavab verdim.
– Yeri gəlmişkən deyim ki, o, müxbirlərin çənəsini sındırmaqla məşğul olmur. Yəqin, Blandel hirsli vaxtına düşüb, buna görə də başına belə zillət gəlib. Amma sən Blandel deyilsən, professorla hökmən dil tapacaqsan.
– Axı mən onun barəsində heç nə bilmirəm, – dedim. – Blandeli vurduğuna görə işi məhkəmədə idi, adını da o vaxt eşitmişəm.
– Mən professor haqqında çoxlu məlumat toplamışam. – O, siyirməni açıb içindən bir kağız çıxartdı. – Hər şey burada yazılıb. Diqqətlə qulaq as: “Çellencer Corc Edvard. Doğulub – Larqs şəhəri, 1863. Təhsili – Larqs Akademiyasını və Edinburq universitetini bitirmişdir. 1892-ci ildə Britaniya muzeyinin elmi əməkdaşı olub. Elə həmin il kəskin yazılarına görə işdən çıxarılıb. La-Platanın, Amerika Elmlər Akademiyasının və bir sıra xarici ölkələrin elmi cəmiyyətlərinin üzvüdür. Paleontologiya cəmiyyətinin keçmiş prezidentidir. Bundan başqa, tez-tez qəzetlərdə elmi məqalələri çıxır, “Vaysmanizmin başlıca səhvi” adlı bir məqaləsi isə zooloqların Vyanada keçirilmiş elmi simpoziumunda qızğın mübahisəyə səbəb oldu. Əyləncələri: alpinizm, gəzinti. Ünvanı: Enmor-Park, Kensinqton”. Buyur, kağızı götür. Daha sənə deyiləsi sözüm qalmadı.
Kağızı ondan alıb cibimə qoydum.
– Bir dəqiqə, ser, zəhmət olmasa, deyin: nə üçün ondan müsahibə götürməliyəm? Neynəyib ki?
Redaktor başını qaldırıb dedi:
– O, iki il əvvəl Cənubi Amerikaya ekspedisiya təşkil etmişdi. Keçən il oradan geri qayıdıb. Cənubi Amerikada olduğu heç kimdə şübhə doğurmur, amma məhz harada olduğunu kimsəyə söyləmir. Ya burada bir sirr var, ya da o, fırıldaqçının böyüyüdür. Evində bir neçə fotoşəkil saxlayır, guya orada çəkmişdir, amma şəkillər, deyilənə görə, saxtadır. Zənnimcə, o, elmə aludə olmuş ruhi xəstədir. Səni maraqlandıran suallara cavab verdim, cənab Meloun. Get işinlə məşğul ol, görək nə çıxır.
Mən həmişəki kimi “Vəhşi” klubuna yollandım. Açıq havada xeyli fikirləşəndən sonra, nəhayət, kluba daxil oldum. Cılız bədənli ucaboy bir kişi buxarının böyründəki kürsüdə əyləşmişdi. “Təbiət” məcmuəsinin əməkdaşı Tarp Henri idi. Bu mənim üçün göydəndüşmə oldu. Stulumu ona yaxınlaşdıranda mənə tərəf çevrildi. Girişsiz-filansız, birbaşa mətləbə keçdim.
– Professor Çellencer barədə nə bilirsiniz?
– Çellencer? – qaşqabaqlı halda dedi. – O, Cənubi Amerikadan qayıdandan sonra sərsəm fikirlər söyləyir, olmazın əhvalatlar danışır.
– O nə əhvalatdır belə?
– Eh, boş söhbətdir. Guya qeyri-adi heyvanlar görüb. “Röyter”ə müsahibə verdiyi zaman elə mərəkə qopartdı ki, ömrümdə belə şey görməmişdim.
– Çellencer barəsində daha nə bilirsən?
– Ağıllı, güclü və çalışqan adam olmasına baxmayaraq yaman davakar və yalançıdır. Sözlərini sübuta yetirməkdən ötrü hər cür yollara əl atır.
– Nəyə əsasən ona davakar deyirsiniz?
– Uzağa getməyək, elə sonuncu hadisəni götürək, Vaysman və təkamül məsələsi ilə bağlı hadisəni. O bunun üstündə Vyanada böyük qalmaqal saldı.
– Nə üçün?
– İndi deyə bilmərəm, ancaq həmin iclasın sənədini redaksiyada saxlayırıq. Mən indi ora gedirəm, əgər sənədlə maraqlanırsınızsa, gəlin birlikdə gedək.
Yarımca saatdan sonra onun redaksiyasında oturub qalın cildli kitabı vərəqləyirdim. Axır ki, “Vaysman Darvinə qarşı” başlıqlı yazını tapdım. Elmi təhsilim qənaətbəxş olmadığından mübahisənin məğzini tutmadım, amma bir şey aydın idi ki, ingiltərəli professor həmkarlarını lap zara gətirmişdi. Xeyirxahıma müraciətlə dedim:
– Ona məktub yazmaq istəyirəm. İcazə versəydiniz, məktuba sizin redaksiyanızın ünvanını yazardım.
– Siz yazın, o da gəlib burada salamat yer qoymasın, hər şeyi sındırıb dağıtsın.
– Narahat olmayın, elə bir şey yazmayacam. Məktubu göndərməzdən qabaq sizə göstərəcəm.
– Onda yazın. Danışdığımız kimi, məktubu əvvəl mənə göstərin.
Məktuba xeyli vaxt sərf etdim. Deyəsən, pis alınmamışdı. Məzmunu belə idi:
“Möhtərəm professor Çellencer, adi tələbə olsam da, Darvinlə Vaysman arasındakı fərqə dair qaldırdığınız mərəkə məndə hədsiz maraq doğurub. Sizin Vyanada etdiyiniz dərin məzmunlu məruzəni bu yaxınlarda bir daha oxuyub ağlınıza, məhsuldar və yaradıcı zəkanıza heyran qaldım. Orada belə bir cümlə var: “hər bir fərdin ayrılıqda nəsildən-nəslə keçib təkmilləşmiş tarixi quruluşlu mikrokosm olması fikirlərinə qəti surətdə öz etirazımı bildirirəm”. Axır zamanlar apardığınız tədqiqatdan çıxış edərək irəli sürdüyünüz müddəanı aydınlaşdıra bilərsinizmi? İrəli sürdüyünüz fikirlə əlaqədar məndə xüsusi rəy yaranmışdır və əgər maraqlansaydınız, görüşüb sizi həmin rəylə tanış edərdim. İcazənizlə, görüşü birisi gün səhər saat on birə təyin edərdim.
Sadiq pərəstişkarınız
Edvard D. Meloun”.
– Necədir? – deyə şadyana xəbər aldım.
– Əgər məsləhət bilirsinizsə…
– Bəli, belə məsləhət bilirəm.
– Fikriniz nədir?
– Əsas məsələ evə girməkdir. Evə girəndən sonra hər şey qaydasına düşəcək. Bəlkə də, kələyimin üstünü özüm açdım. Əgər alicənab adamdırsa, ya bunu zarafata salacaq, ya da, sadəcə olaraq, güləcək.
– Amma heç gülən oğlanlara oxşamır. Qorxuram, payınız başqa şey olsun… Odur ki məktubunuza cavab verməsəydi, daha yaxşı olardı.
III FƏSİL
BELƏ DƏ ADAM OLAR?