скачать книгу бесплатно
Dostumun gümanı düz çıxmadı. Çərşənbə günü onun yanına gələndə stolun üstündə məktub gördüm. Məktubun üstünə səliqəsiz xətlə mənim adım yazılmışdı. Məzmunu aşağıdakı kimi idi:
“Ser, məktubunuzu aldım. İrəli sürdüyüm fikrə şərik çıxdığınızı yazırsınız, halbuki yürütdüyüm mühakimənin doğruluğu nə sizdən, nə də bir başqasından asılıdır. Sizin hələ cəsarətiniz də çatır ki, darvinizmlə əlaqədar qaldırdığım məsələyə təhqiramiz don geyindirib onu “mərəkə” adlandırırsınız. Məktubu oxuyub qurtarandan sonra məlum oldu ki, siz bunu bilərəkdən etməyibsiniz. Buna səbəb sizin avamlığınız və kütbeyinliyinizdir, ona görə də günahınızdan keçdim. Siz məruzəmdən sitat gətirib həmin sitatı başa düşməkdə çətinlik çəkdiyinizi qeyd edirsiniz. Mənə belə gəlir ki, elə aydın cümləni ancaq insan nəslindən olmayan məxluq başa düşməz, bununla belə, təklifinizi qəbul edirəm. Qonaqpərvər olmasam da, təyin etdiyiniz vaxtda sizinlə görüşməyə razıyam. Gələndə məktubu Ostinə göstərməyi unutmayın, çünki o məni müxbir adlanan fırıldaqçı yaramazlardan qoruyur.
Hörmətlə,
Corc Edvard Çellencer”.
Məktubu alıb oxuyanda saat on birin yarısı idi. Tələsik taksi tutub saat on bir olmamış oraya çatdım. Əyninə qara jaket geymiş qarabuğdayı kişi qapını üzümə açdı. O, açıq-mavi gözlərini mənə zilləyib dedi:
– Sizi gözləyirlər?
– Bəli. Mənə görüş təyin ediblər, – dedim.
– Zəhmət olmasa, məktubu göstərin.
Bir az əvvəl aldığım məktubu ona verdim.
Onun arxasınca düşüb uzun dəhlizlə irəliləyərkən qonaq otağının qapısı qəflətən açıldı və alçaqboylu bir qadın mənə yaxınlaşdı:
– Mümkünsə deyin, ser, siz qabaqlar ərimlə görüşübsünüz?
– Xeyr, xanım, görüşməmişəm.
– Onda bəri başdan sizdən üzr istəyirəm, çünki ərimin çox pis xasiyyəti var. Tamamilə dözülməz adamdır. İndidən bunu deyirəm ki, işinizi tədbirli tutasınız.
– Təşəkkür edirəm, xanım.
– Savaşmaq istəsə, cəld otaqdan çıxın. Nəbadə mübahisə edəsiniz. Bəzi adamlar sözümə əhəmiyyət vermədikləri üçün zərər çəkiblər. Söhbəti çox uzatmayın. Bir təhlükə baş versə, zəng çalın və mən gələnədək ona yaxın durmayın.
Bundan sonra yenidən Ostini dabanbasaraq izləyib dəhlizin qurtaracağınadək getdim. Qapını döydük. İçəridə öküz səsinə oxşar donqultu eşidəndə otağa girdim.
O, üstü kitab və dəftərlərlə, xəritə və cədvəllərlə dolu olan nəhəng masanın arxasında, fırlanan kürsüdə oturmuşdu. Zahiri görkəmi elə idi ki, istər-istəməz udqundum. Həm zəhmli idi, həm də nəhəng və yekəpər. Bu cür qüvvətli şəxsiyyətlə tək qalanda adamın qəlbi uçunur. Başı hədsiz dərəcədə yekə idi. Papağını başıma qoysaydım, inanın ki, çiynimə düşərdi. Sifəti və saqqalı Assuriya öküzünü xatırladırdı. Qalın qaşların altından boylanan bir cüt boz göz qəzəblə parlayır, adamın canına vəlvələ salırdı. Camaat arasında pis ad qazanmış professor Çellencerin məndə yaratdığı ilk təəssürat belə oldu.
– Görüşməyə razı olduğunuz üçün təşəkkür edirəm, – məktubu göstərəndən sonra titrək səslə dedim.
– Demək, aydın ingilis dilini başa düşməyən tələbə sizsiniz? Səhv etmirəmsə, irəli sürdüyüm fikrə şərik çıxırsınız?
– Bəli, ser, irəli sürdüyünüz fikrə tamamilə şərikəm, – ehtirasla dedim.
− Məktubunuzdan belə başa düşdüm ki, siz mənim fikrimə nəsə əlavə etmək istəyirsiniz.
Yaranmış vəziyyət qənaətbəxş olmadığından müvəqqəti olaraq özümü adi tələbə kimi aparmaq qərarına gəldim. Professor Çellencer zəhmli gözlərini üzümə dikib ucadan dedi:
– Hə, noldu?
– Mən adi tələbəyəm, – deyə naəlac gülümsündüm. – Əlimdən ancaq soruşub öyrənmək gəlir. Mənim fikrim belədir ki, siz Vaysmana qarşı çox sərt mövqe tutubsunuz. O vaxtdan bəri az müddət keçməmişdir. Bu müddət ərzində alimlərin ortaya çıxartdığı bəzi dəlillər onun təliminin doğruluğunu sübut etmirmi?
– Məsələn, hansı dəlil sübut edir? – deyə o, qorxunc səslə soruşdu.
– Əlbəttə, elə bir ayrıca dəlil yoxdur, amma müasir elmi fikrin inkişaf istiqamətini yada salmaq kifayətdir.
O irəli əyildi.
– Zənnimcə, – dedi, – kəllə əmsalının amil olması sizə məlumdur[1 - Anlayışları qəsdən təhrif edən prof. Çellencer bununla müsahibinin yalanını tutmaq istəyirdi.].
– Bəli, – dedim.
– Bu teleqoniyanın hələlik elm aləmində mübahisə doğurduğu da.
– Şübhəsiz.
– Rüşeymli protoplazmanın isə partenogenetik yumurtadan fərqləndiyini də bilməlisiniz.
– Əlbəttə, – deyə qışqırdım.
Doğrusu, bu dərəcədə həyasız olduğumu indiyədək bilmirdim.
– Bəs bu nəyi sübut edir? – o, mehribanlıqla yavaşcadan soruşdu.
– Hə, nəyi sübut edir? – deyə burnumun altında mızıldandım.
– Bu onu sübut edir ki, – qəflətən səsini dəyişib qəzəblə qışqırdı, – sən savadsız, kütbeyin müxbirsən! Murdar adamsan!
O, əllərini stolun kənarına dayayıb irəli uzandı və qışqırdı:
– Cəfəngiyyat! Səncə, biz bayaqdan elmi mübahisə edirdik? Yox, əzizim, cəfəngiyyat danışırdıq, boşboğazlıq edirdik. Yoxsa yerfındığı boyda beyninlə mənə kələk gəlmək istəyirsən? Gözlərini aç, yaxşı-yaxşı bax! Müştəbeh! Görürəm, sənə pis dərs keçməyiblər, təlimatçın peşəkar adamdır. Allaha and olsun ki, səni bir də burda görsəm, dərinə saman təpəcəyəm. Hər şeyi boynuna al, mənim əziz cənab Melounum.
– Qulaq asın, ser, – otağın qapısını açandan sonra dedim. – Bütün təhqirlərinizə dözdüm, dinmədim. Amma hər şeyin həddi-hüdudu var. Yoxsa mənimlə yumruq davasına çıxmaq istəyirsiniz?
– Sən hələ buna inanmırsan? Sənə oxşamışların bəzilərini peysərindən tutub bayıra atmışam. Sən də olarsan ya dördüncü, ya da beşinci. Hə, ser, nə deyirsən, həmkarlarının yanına getmək istəyirsən?
O hədələyici tərzdə yeriyərək mənə yaxınlaşmağa başladı.
Mən bayıra çıxıb qapını onun üzünə bağlaya bilərdim, amma bunu şəxsiyyətimə sığışdırmadım.
– Sarsaqlamayın, ser, – dedim, – yoxsa özümə cavabdeh deyiləm.
– Mənim əzizim! – istehza ilə dedi. – Özünə cavabdeh deyilsən?
– Axmaq olmayın, professor! – deyə qışqırdım. Özünüzə də çox güvənməyin.
O, qəflətən üstümə atıldı. Yaxşı ki, qapını açıq qoymuşdum, çünki əlbəyaxa olub onunla süpürləşəndə heç bir maneəyə rast gəlmədən otaqdan çıxdıq və dəhlizboyu dığırlanmağa başladıq. Ostin ehtiyatlı tərpənib dəhlizin qapısını açmışdı, ona görə də pilləkənlərlə kəlləmayallaq aşa-aşa həyətdəki arxa düşdük. O ayağa qalxıb yumruqlarını havada yellədi. Bərk tövşüyürdü. Gözlərindəki məna dəyişmişdi. İndi gözləri nisbətən mehribanlıqla baxırdı.
– İçəri keç, – dedi, – səninlə hələ qurtarmamışam.
Təhdidlə danışsa da, qorxmadım, arxasınca getdim. Biz içəri keçəndə Ostin qapını bağladı.
IV FƏSİL
ÖMRÜMDƏ BELƏ ŞEY EŞİTMƏMİŞƏM
İçəri təzəcə girmişdik ki, missis Çellencer yemək otağından çıxdı. İti addımlarla yeriyib professorun yolunu kəsdi. Yaman qəzəblənmişdi. Xeyli arxada gəldiyimdən məni görmədi. Çıxıb getdiyimi zənn etdiyi üçün ərinin üstünə qışqırdı:
– Sən vəhşisən, Corc! De görüm, o nəcib gəncə nə elədin?
Professor arxaya işarə edib:
– Budur, – dedi, – şad-xürrəm arxamca gəlir.
Qadının yanaqları qızardı.
– Bağışlayın, – dedi, – sizi görmədim.
– Narahat olmayın, xanım, hər şey qaydasındadır.
– Gör bir o səni nə kökə salıb?! Corc, sən çox yaramaz adamsan. Davasız ötüşmürsən. Hamı sənə nifrət edir. Daha səbrim tükənib. Bəsdir!
– Siz həqiqətən də çox dözülməz adamsınız, – dedim.
O şaqqanaq çəkib ucadan güldü.
– Deyəsən, qabaqcadan görüşüb məsləhətləşibsiniz, – dedi.
Sonra qəflətən susaraq gah mənə, gah da arvadına baxdı:
– Yersiz zarafatım üçün məni bağışlayın, cənab Meloun. Sizinlə çox ciddi işim var. Sən isə, hörmətli həyat yoldaşım, çıx get və narahat olma, – deyib əllərini arvadının çiyninə qoydu. – Hər şey yaxşı olacaq. Qorxmaq lazım deyil.
Sonra mənə tərəf çevrilib:
– Hə, cənab Meloun, – dedi, – xahiş edirəm, dalımca gəl.
Biz on dəqiqə bundan əvvəl xoruz kimi döş-döşə gəlib savaşdığımız otağa girdik. Professor qapını arxamızca bağlayandan sonra yumşaq kürsüdə yer göstərib mərmər siqar qutusunu mənim tərəfimə çəkdi.
– Zəhmət olmasa, siqar götürün, – dedi, – əsəbləriniz sakitləşəcək… İndisə rahat oturub diqqətlə mənə qulaq asın. Sualınız olsa, yadınızda saxlayın, hər şeyi danışıb qurtarandan sonra sualınızı verərsiniz. Əvvəlcə sizi buradan qovub təzədən evə dəvət etdiyimin səbəbini deyim. Səbəbi odur ki, siz həmkarlarınızdan fərqlənirsiniz, mehriban və xeyirxah adamsınız, həqiqətpərəstsiniz. Fikirləşdim ki, bir-birimizlə daha yaxından tanış olaq.
Sonra stolun üstündəki kağızların, kitabların və cədvəllərin arasında eşələndi. Nəhayət, əzilib yöndəmsiz şəklə düşmüş, vərəqlərinin kənarı yeyilmiş bir rəsm dəftərini mənə göstərib dedi:
– Sizə Cənubi Amerika haqda danışacam. Sözümü axıra çatdırana qədər səbirlə dözün. Heç nə soruşmayın. Onu da deyim ki, burada eşitdiklərinizi qəzetə verməyəcəksiniz. Bunu sizə qadağan edirəm. Aydındır?
– Aydındır, söz verirəm.
– Çünki haqqında danışacağım məsələ hələlik tam öyrənilməyib. Zənnimcə, iki il əvvəl Cənubi Amerikaya getdiyimi artıq bilirsiniz. Uolleslə Beytsin nəzəri müddəalarının doğruluğunu yoxlamaq üçün onlar kimi Cənubi Amerikaya gedib orada xüsusi təcrübə aparmalıydım. İş elə gətirdi ki, tədqiqat obyektim birdən-birə dəyişdi. Heç kimin görmədiyi, tanımadığı xırda çayların töküldüyü Amazon çayının hövzəsi və ona bitişik sahələr hələ ki tam öyrənilməyib. Odur ki yazdığım kitabın bir neçə fəslini oradakı heyvanlar aləminə həsr etmək istədim. Uzun müddət orada qalaraq mənə lazımlı şeyləri öyrənib geri qayıtdım. Geri qayıdarkən bir hindi kəndində gecələdim. Çayboyu yuxarı qalxarkən Kyukama tayfasından olan həmin hindilərdən bəzisini müalicə etmişdim, odur ki qayıdanbaş intizarla yolumu gözlədiklərini biləndə təəccüblənmədim. İşarələrindən belə başa düşdüm ki, xəstələri var. Qəbilə başçısının arxasına düşüb bir komaya girdim. Lakin artıq gec idi, xəstə keçinmişdi. Ən təəccüblüsü budur ki, o, hindi deyildi, ağdərili idi. Əynindəki paltar cırılıb əsgiyə dönmüşdü. Hiss olunurdu ki, başına çoxlu müsibətlər gəlib, hədsiz məşəqqətlərə sinə gərib. Məlum oldu ki, yerlilər onu tanımırlar.
Bu adamın yol kisəsi taxtın böyründə, yerdə idi. Mən kisəni açıb içinə baxdım. Kisənin iç tərəfinə, boğaza yaxın hissəsinə aşağıdakı sözlər yazılmışdı: “Mepl Uayt, Leyk-avenyu meydanı, Detroyt, Miçiqan”.
Kisənin içindəkilərdən məlum oldu ki, o, səyyar rəssam imiş. Mərhumun kisəsində rəng qutusu, bir neçə fırça, mürəkkəbqabının üstündə gördüyün əyri sümük, rəngli təbaşirlər, çayın ümumi mənzərəsi çəkilmiş rəsmlər, revolver, bir neçə güllə və Baksterin “Güvələr və kəpənəklər” adlı kitabı var idi.
Çevrilib getmək istəyirdim ki, amerikalının cibindəki bir şey diqqətimi cəlb etdi. Bu, əzilib yöndəmsiz hala düşmüş, qırışmış rəsm dəftəri idi. Bax, budur… O vaxtdan bəri dəftəri göz bəbəyi kimi qoruyuram. Buyurun, baxın, içində nə olduğunu öz gözlərinizlə görün.
Mən dəftəri çox möcüzəli bir şey görmək ümidi ilə açdım, lakin ümidim doğrulmadı, ilk səhifəyə kök kişi şəkli çəkilmişdi. Şəklin altında “Cimmi Kolver poçt gəmisində” sözləri yazılmışdı. Sonrakı şəkillər heyvanlar aləminə aid idi; məsələn, “Lamantin suyun içində”, “Tısbağalar və onların yumurtaları”, “Qara aquti palma ağacının altında” adlı şəkilləri yada salmaq kifayətdir. Nəhayət, xarici görkəmləri ilə adamda ikrah oyadan sürünənlərin şəkillərini gördüm. Bir şey başa düşməyib dedim:
– Bəyəm bunlar timsah deyil?
– Yox! Alliqatorlardır! Cənubi Amerikada timsahlar yaşamır.
– Siz məni başa düşmədiniz. Dediyim budur ki, burada heç bir qeyri-adilik görmürəm.
O sakitcə güldü.
– Digər səhifəni aç, – dedi.
Növbəti səhifəni açdım. Həmin səhifəyə rəngli boyalarla təbiət mənzərəsi çəkilmişdi. Şəkildə al-qırmızı silsilə qayalar və enli, uzun yarpaqlı kola bənzər ağaclar təsvir olunmuşdu. Başında nəhəng ağac bitmiş sıldırım qayanı yerdə qalan qayalar silsiləsindən dərin uçurum ayırırdı. Sonrakı səhifədə həmin mənzərə sulu boyalarla və daha yaxından çəkildiyinə görə bəzi xırdalıqları görmək mümkün idi.
– Qəribə qayalıqdır, – dedim.
– Qəribə nədir, möcüzədir! – deyərək ucadan qışqırdı. – Ağlasığmazdır! O biri səhifəni aç.
O biri səhifəni açanda özümdən asılı olmadan qışqırdım. Ömrümdə bu qədər dəhşətli, bu qədər heybətli heyvan görməmişdim. Bədəni elə bil şişmiş kərtənkələ bədəni idi, xırda iynələrlə örtülmüş nəhəng quyruğu arxasınca sürünürdü. Başı xoruz başına oxşayırdı, boynu isə hind quşunun hülqumuna bənzər çıxıntılarla örtülmüşdü. Bu heyvanın qənşərində durub ona baxan adam olduqca kiçik görünürdü.
– Bu barədə nə deyə bilərsiniz? – professor əllərini bir-birinə sürtərək məndən soruşdu.
– Görünür, şəkil təxəyyülün məhsuludur.
– Bəs bu şəkli çəkməkdə o nə məqsəd güdüb?
– Sadəcə olaraq müştəriləri maraqlandırmaq istəyib.
– Başqa izahınız yoxdur?
– Xeyr, ser. Bəs siz bunu nə cür izah edirsiniz?
– Bir şey aydındır ki, həmin heyvan həqiqətən yaşayır. Onu naturadan çəkiblər.
Bir az qabaq savaşdığımızı, yumruq davasına çıxdığımızı lap vaxtında xatırladım, yoxsa şaqqanaq çəkib ucadan güləcəkdim.
– Elədir, elədir, – deyə başalladan sözlərin köməyindən istifadə etdim, – siz haqlısınız. Təkcə kiçicik insan şəkli məni çaşdırır. Hindi olsaydı, deyərdik ki, liliputlar tayfasının bir nümayəndəsidir. Di gəl ki başındakı silindrdən məlum olur ki, avropalıdır.
Professor hirslənib öküz kimi fısıldadı.
– Həddini aşma, – dedi, – yoxsa mənə inanmırsan? Kəmsavad!
Mən onun sözlərinə məhəl qoymadım. Acı-acı gülüb dedim:
– Nə bilim, dedim, bəlkə, liliputdur.
– Bura bax! – deyə qışqırıb irəli əyildi və baş barmağını şəklə vurdu. – Yırtıcının arxasındakı ağacları görürsən? Bu, 50-60 futa qədər ucalan palma ağacıdır. İndi bildin rəssam həmin adamı niyə çəkib? Amerikalı rəssam heyvanın iriliyini, nəhəng boyunu göstərməkdən ötrü öz şəklini çəkib, çəkib ki, baxan adam onunla həmin yırtıcını müqayisə etsin.
– İlahi! – deyə qışqırdım. – Demək, yırtıcı… Heç Çerinq-kross vağzalına yerləşməz.