скачать книгу бесплатно
Bir daha heç vaxt birləşməz.
Bunun üçün vəziyyət dəyişməli.
Bunun üçün ton dəyişməlidir.
Həmin dövrdə fərqli idi, qulağıma Kai Fris Möller kimi “Sözlərin inversiyasına fikir ver, xanım Ditlevsen!” cümləsini qulağıma pıçıldayan hələ yox idi. Həmin dövrdə mənim ədəbi modellərim himnlər, balladalar və 90-cı illərin şairləri idi.
Bir gün səhər yuxudan oyananda özümü həqiqətən də çox pis hiss edirdim. Boğazım ağrıyırdı, yataqdan ayağımı yerə qoyanda gördüm ki, donuram. Anamdan məktəbdən qalmaq üçün icazə istədiyimdə bir dənə sifət elədi ki, dedi: – “Xahiş edirəm boş-boş şeylərlə mənim beynimi xarab eləmə.” Daha öncədən elan edilməyən gözlənilməz ziyarətlərə, hadisələrə dözümü yox idi. Qızdırmadan yana-yana durdum getdim məktəbə, amma elə ilk dərsdəcə məni evə qaytardılar. Onda artıq anam özünü yığışdırdı və xəstə olduğumu qəbul etdi. Yatağa uzanan kimi məni yuxu apardı. Yuxudan oyananda gördüm anam bütün evi təmizləməyə qərar verib və indi həmin işin ortasında idi. Təmiz pərdələri yataq otağından asmaqda idi və onu çağırdığımda geri çevrildi. “Nə yaxşı oyandın”, – o dedi, – “həkim bir neçə dəqiqəyə gələcək, bircə o gələnə kimi işimi yekunlaşdıra bilsəydim”. Mən sahə həkimindən dəhşətli dərəcədə qorxurdum, elə anam da! O, döşəküzlərimi dəyişəndən və qulaqlarımı uşaq qulaqçöpü ilə təmizləyəndən sonra qapının zəngi çalındı və anam təlaşlı üz ifadəsi ilə qaçaraq qapını açmağa yollandı. “Salam”, – o, hörmətlə dilləndi. “Narahat etdiyim üçün üzr istəyirəm.” Sonra onu ağır öskürək tutdu və sözünün dalını gətirə bilmədi. Öskürərək, yaylığını ağzına tutub həkim əsası ilə anamı bir kənara itələdi. “Hə, hə.”, – öskürəyi dayanıb danışmağa macal tapdığında dilləndi. “ Ah bütün bu pilləkənlər – onlar mənim üçün ölüm olacaq. Həm də burada nəfəs almağa yer yoxdu ki! Bədən tərbiyəsi ilə məşğul olmağa da yoxdur! Mən səni yaxşı xatırlayıram, sən həmin o dişləri olansan! Yaxşı bəs, Tanrı eşqinə, xəstə kimdir? Hə, qızındır. Yaxşı, indi haradadır?” – “Buyurun, buradadır”, – anam qabağa düşüb yolu göstərdi, həkim isə qarnını dalınca güclə sürüyə-sürüyə çarpayını keçib mənə yaxınlaşdı. – “Həə…”, – o qışqırdı və üzərimə əyildi, – “Nə olub ay bala? Yalandan eləmirsən də, elə?” Təkəbbürlü görünüşü vardı və yorğanı çənəmə kimi üzərimə çəkdi. Donba, qara gözlərini üzərimə zillədi, istədim deyəm ki, kasıb olsaq da, burada kar adam yoxdur. Əlləri qalın tük qatı ilə örtülü idi. Qulaqlarının içində bitən tük də bayıra çıxmışdı. Qışqırıb qaşıq istədi və anam qaşıq dalınca mətbəxə yüyürdüyündə az qala ayağı sürüşüb yıxılacaqdı. Boğazımın yolunu işıqlandırıb ora baxdı, sonra əli ilə boynumu yoxladı, sonra məşum səslə dilləndi: – “Məktəbinizdə difteriyaya yoluxan var? Sinif yoldaşlarının arasında bəs?” Mən başımla ona təsdiq cavabı verdim. Sonra sanki nəsə turş bir şeyin dadına baxıbmış kimi sifət eləyib dedi: – “Qız difteriyaya tutulub. Təcili hospitala aparılmalıdır.” – “Lənətə gələsən!”, – anam məzəmmət dolu nəzərlərlə mənə baxdı. Sanki məşğul bir həkimə belə ədəbsiz davranacağımı gözləmirmiş. Həkim qəzəbli şəkildə əsasını götürdü, mənə qəbul forması yazmaq üçün qonaq otağına keçdi. Dəhşət içində idim. Hospital! Şeirlərim! İndi onları harada gizlətməliyəm? Yenidən yuxu mənə güc gəldi və yuxudan oyandığımda anam çarpayımın ayağında oturmuşdu. Məndən çox nəzakətlə nəsə istəyib-istəmədiyimi soruşdu, mən də onu məmnun etmək üçün bir parça şokolad istədim. Cittinin sayəsində indi evimizdə hər zaman şokolad vardı. Ambulansı gözlədiyim sürədə anama izah etdim ki, şeir albomumu da özümlə götürmək istəyirəm, birdən hospitalda kimsə ora nəsə yazmaq istəyər. Etiraz etmədi. Bütün yol boyu ambulansda yanımda oturdu və gah alnımı, gah əllərimi sığalladı. Daha öncə belə şeyi nə zaman etdiyini xatırlaya bilmədim və bu durum məni həm utandırdı, həm də sevindirdi. Küçə boyu gəzdiyimdə, yaxud dükanda olduğumda hər zaman uşaqlarının əlindən tutan onlara sevgi, qayğı göstərən analara baxıb paxıllıq edirdim. Ola bilər, anam da nə zamansa belə edib, amma indi xatırlamırdım. Hospitalda məni böyük bir palataya yerləşdirdilər. Orada hər yaşdan uşaq vardı. Hamımız difteriya xəstəsi idik və onların əksəri elə mənim kimi xəstə idi. Şeir albomumu siyirtməyə qoydum və mənim orada albomumum olması heç kimə qəribə gəlmədi. Hospitalda üç ay qalsam da, oradakı dövrümdən demək olar ki, heç nə yadımda deyil. Ziyarət saatlarında yadımdadı ki, anam gəlib pəncərənin qarşısında dayanar və nəsə qışqırardı. Məni evə buraxandan az sonra o, yaxınlaşıb baş həkimlə danışmışdı. Həkim ona mənim anemiya xəstəsi olduğumu, çəkimin az olduğunu demişdi. Hər iki məsələ anamın hisslərini incitmişdi. Evdəki ilk günlərimdə o, mənim üçün çovdar sıyığı və başqa kökəldən yeməklər hazırlayırdı. Mənim hospitalda olduğum müddətdə Rut ev sahibəsinin kök, ağ saçlı qızı ilə oturub-durmağa başlamışdı. Onun 13 yaşı vardı, demək olar ki, bütün günü bir yerdə idilər. Mən özümü tərk edilmiş və yalnız hiss edirdim. Yalnız gecələr, yağış və mənim sakit gecə ulduzum, hə, bir də şeir albomum həmin günlərdə mənə müəyyən qədər komfort verirdi. Mən şeirlərimi istisnasız olaraq məhz belə yazırdım.
Məşum, qarğa kimi gecə,
Nə olar öz qaranlığınla məni sar.
Elə sakit, elə hüzur içində qəlbimi də sərinlət.
Mənə işıq ver, yuxu ver!
Yağış sakit-sakit gözəl yağır,
Pəncərələrə aramla döyəcləyir.
Başımı yastığa qoyuram
Asta-asta yuxuya dalıram
Mübarək gecə mənim ən yaxın dostumdur.
Sabah yenidən həyata oyanacam
Qəlbim dərin kədər içindədir.
Bir dəfə qardaşım dedi ki, yazdığım şeirləri jurnallardan birinə satmağa cəhd etməliyəm. Amma kiminsə onları almaq üçün pul ödəyəcəyini heç sanmırdım. Amma kimsə əgər onları çap edəcəkdisə, belə şeylər vecimə deyildi. Həmin “kimsə” ilə heç zaman üzbəüz gəlmək şansı qazanmamışdım. Bir gün mən böyüdüyümdə onsuz şeirlərim kitab formasında çap ediləcəkdi. Amma bunun necə olacağını bilmirdim. Bəlkə də atam bilirdi, bir dəfə o, qızın şair ola bilməyəcəyini demişdi. Ona görə ona bu haqda heç nə deməmişdim. Hər bir halda mənim üçün təkcə şeir yazmaq kifayət edirdi. İndiyədək yalnız onlara üstdən-aşağı baxan, gülən, lağ edən dünyaya göstərməyə bir gərək, tələskənlik yox idi.
XIII BÖLÜM
Peter əmi nənəni öldürmüşdü. Ən azından valideynlərim və Rozalia xalanın dediyi bu idi. O və Aqnete xala onu Milad bayramı ərəfəsində evindən götürmüşdü, həmin gün isə güclü qar çovğunu var imiş. Onların üçü də ən azından taksinin gəlməsi üçün on beş dəqiqə gözləməli olmuşdular. Və öz möhtəşəm sağlıq durumuna rəğmən evə qayıtmaq üçün maşın tutmağa pul ödəmək Peter əmimin də ağlına gəlməmişdi. Artıq axşam nənəm sətəlcəm olmuşdu və xalamgil onun yerini qonaq otağında açdıqları divanda düzəltmişdilər. Bu otaq əlbəttə ki, hər Milad bayramında isidilirdi. – “Amma bilirsən”, – anam deyir, – “ilin cəmi üç günü isidilən otaq necə nəmişlik ola bilər?” Nənə bütün bayram günlərini orada yatdı və biz onu hər birimiz ziyarət etdik. Və o, öləcəyindən tamamilə əmin idi. Bizlər isə buna inanmırdıq. O, ağ, uzun boynu olan gecə xalatında idi, arıq, damarları çıxan əlləri isə – bu əllər anamınkına bənzəyirdi – dayanmadan yorğan üzərində boş yerə nəsə önəmli bir şey axtarışında idi. İndi ki, eynəyi əynində deyildi burnunun uzun və iti, gözlərinin dərin mavi, olduğunu görmək mümkün idi. Ağzının isə gülmədiyi anlarda ciddi, dəyişməz bir ifadəsi vardı. O, dayanmadan öz dəfn mərasimindən və Kəndli bankının qalmaqallı dəyişiklikləri vaxtı itirdiyi beş yüz krondan danışırdı. Anam və xalam ürəkdən gülür və deyirdilər: – “Ana, vaxtı gələndə sənin gözəl bir dəfn mərasimin olacaq.”Məncə onu ciddiyə alan yeganə adam mən idim. Onun 67 yaşı vardı, hər halda mənim düşüncəmə görə həmin tarixə çox zaman qalmamalı idi. Bizoxunacaq himnlə bağlı razılığa gəldik. “Kilsə zəngi, amma böyük şəhərlər üçün yox, sənin atıldığın kiçik şəhərlər üçün və ya əgər sən əlini Allahın şumladığı əraziyə qoysan, onda geriyə çevrilib baxma.” Sonuncu əlbəttə ki, dəfn mərasimində oxunacaq bir himn deyildi amma nənəmlə mən həmin nəğmənin çox böyük pərəstişkarı idik və mən onu ziyarət etdiyimdə biz tez-tez məhz onu oxuyardıq. Mənim tərəfdən eyni zamanda bu nəğməyə bir qədər kin də qatılmışdı. Atam bu himnə bu misrasına görə başqa himnlərdən daha çox nifrət edirdi: “Əgər hönkürtülər səsi boğursa, o zaman qızıl məhsul haqqında düşün. Onun fikrincə bu kilsə tərəfdən işçi sinfin alçaldılması demək idi.
Elə istəyirdim ki, nənəm üçün özüm bir himn yazam, amma bacarmırdım. Bir neçə dəfə sınamışdım, amma onların hamısı köhnə himn kimi səslənirdi və belədə kədərlənib bu işin başını buraxmalı oldum. Milad bayramının ikinci günündən sonra dəhşətli bir şey baş verdi. Üç bacı nənəmin çarpayısının aşağısında oturmuşdular, Peter əmim də otaqda idi, qəfildən qapının zəngi çalındı, xalam uşaqlarından biri qapını açdı və “içi boş ayaq” xəstə yatdığı çarpayıya yaxınlaşdı. Rozalia xalam əllərini üzünə apardı və hönkürtü ilə ağladı. “İçi boş ayaq” isə yerində çevrilib onun üstünə çımxırdı: “Ya bu dəqiqə ulamağını dayandırırsan, ya da lənətə gələsən, sənin bütün sümüklərini indi sındıracağam. Peter əmim qabağa keçib içkili kişinin qolundan yapışdı, sonra biz uşaqların üstünə qışqırıb otaqdan çıxartdılar. Otaqdan dəhşətli bağırtı, qadınların çığırtılarının səsi gəlirdi və bütün bunların ortasında nənənin sakit, hökmran səsi onun xarakterinin qalan tərbiyəli yönünü göstərməyə səy edirdi. Sonra qəfildən ortaya sakitlik çökdü və biz sonradan öyrəndik ki, Peter əmim onu sürükləyib çölə tullayıbmış. Onu daha öncə həmin evə heç zaman buraxmazdılar. Bizim küçəmizdəki evdə də eyni şey idi. Kişilər ya içirdi, ya da içən kişilərə çox dərin və hiddətli bir nifrət duyurdu. Nənəmin durumu pisləşəndə və həkim deyəndə ki, çox güman bu böhranı arxada qoya bilməyəcək, mənə daha onu ziyarət etməyə icazə vermədilər. Anam gecə-gündüz onun yanında idi və evə qızarmış gözlərlə və ruhdan salan xəbərlərlə gəlirdi. Nənəm öləndə də heç mənə onu görməyə icazə vermədilər, amma Edvinə verdilər. O dedi ki, öləndən sonra da nənəm sağ vaxtlarındakı kimi görünürmüş. Amma dəfn mərasimində iştirak etdim. Mən bazar günü kilsədə anamın və Rozalia xalamın yanında əyləşdim və artıq mərasim başladığında məni gic gülmək tutdu. Bu elə dəhşətli idi ki, cib dəsmalımı üzümə, burnuma tutdum ki, bəlkə mənim də sadəcə başqaları kimi ağladığımı düşünələr. Xoşbəxtlikdən mənim də yanağımdan yaşlar axırdı. Onun ölümü münasibəti ilə heç bir şey duymadığıma görə dəhşətə gəlmişdim. Mən nənəmi həqiqətən də sevirdim. Və bizim onun üçün birlikdə oxuduğumuz nəğmələr onun üçün oxundu. O zaman niyə yas saxlaya bilmirdim ona görə? Dəfn mərasimindən uzun zaman sonra mənim yorğanımı nənəmin yorğanı ilə əvəz etdilər. Anama miras qalan yeganə şey bu idi. Axşam vaxtı, yorğanı üzərimə çəkdiyimdə nənəmə məxsus xüsusi təmiz döşəkağının iyini içimə çəkdim. Onda ilk dəfə ağladım və ilk dəfə nəyin baş verdiyini başa düşdüm. Ah, nənə, sən bir daha mənim necə oxuduğumu eşitməyəcək-sən. Sən bir daha heç zaman mənim çörəyimin üzərinə kərə yağı çəkməyəcəksən. Və həyatın haqqında mənə danışmağı unutduqlarını heç zaman bir daha aşkar edə bilməyəcəksən. Uzun müddət yatmazdan öncə xeyli ağlayırdım, çünki nənəmin iyi yorğana hopmuşdu və hələ də gəlirdi.
XIV BÖLÜM
“Bax, bu büzücünü vaxtında çatdır ha, Allah köməyin olsun!” – anam ağır maşını mənə tərəf tolazlayıb dedi. Ayaq barmaqlarıma düşəcəkdi, güclə hoppanıb yayındım. O, indi çamaşırxanada buxar borusunun yanında dayanıb və mən bilirəm ki, ayın bu günündə o, yarıdəli kimidir. Amma mən dəhşətli vəziyyətdəyəm. O, maşının icarəsini ödəməyim üçün mənə 10 öre pul verdi. Keçən dəfə qiymət 5 öre də qalxmışdı, ona görə söz vermişdim ki, qalan 5 öreni də növbəti dəfə ödəyəcəyəm. Belədə bu dəfə onlara 20 öre verməliydim, mənimsə üstümdə cəmi 10 öre vardı. – “Ana, mən qorxa-qorxa dedim, qiymət qalxırsa, mən nə edə bilərəm?”, – o başını qaldırır və nəm saçlarını geri atır, – “sənə nə deyilir onu elə!” O, hədələyici tonla dedi. Mən çamaşırxanadan küçəyə çıxıram, boz səmaya baxıram, sanki səmadan kömək gözləyirəm. Axşam idi, zibil yeşiklərinin yanında hər zaman orada olan dəstə yenə yığışmışdı. Kaş onlardan biri də mən olardım. Kaş mən də Rut kimi olardım. O, o qədər balacadır ki, izdihamın içində itib-batır. – “Salam Tove”, – o xoşbəxtliklə qışqırır, çünki məni tərk etdiyi haqqında heç bir fikri yoxdur. – “Salam”, – mən cavab verirəm, qəfildən ümid hiss edirəm. Yaxınlaşıb Ruta işarə edirəm ki, arxamca gəlsin. Sonra tapşırığımı ona izah edirəm və o deyir: – “Mən də səninlə gəlirəm. Mən həll edəcəyəm problemsiz. 10 öreni mənə ver, bu heç nədən daha yaxşıdır.” Böyüklərin davranışı üzərində çox baş sındırmayan Rut üçün hər şey birbaşadır. Böyüklərin davranışı heç mənim də vecimə deyil, amma məsələ anam olduqda onun proqnozlaşdırıla bilinməyən şəxsiyyətini mən artıq qəbul etmişəm. Sundevedsqata küçəsinin başında qaçmağa hazır şəkildə bir küncdə gözləyirəm. Həmin ərəfədə Rut mağazaya dürtülür, maşını piştaxtanın üzərinə tullayır sonra mənə tərəf götürülür. Tam Amerikavay küçəsinə kimi qaçırıq, təngnəfəs oluruq. Sonra köhnə günlərdə olduğu kimi bir-birimizə qoşulub gülürük. – “Qancıq arxamca bağırırdı”, – Rut nəfəs almaqda çətinlik çəkərək dedi, – “bunun qiyməti on beş öredir! O arxamca qışqırdı, amma iri qarnı ilə maşının yanından kifayət qədər tez ötüb keçə bilmədi. Aman Allahım, bu necə də gülməli idi.” Şəffaf göz yaşları onun gözəl, balaca üzündə şırnaq izləri buraxırdı və mən özümü xoşbəxt, minnətdar hiss edirdim. Biz evə gedəndə Rut məndən soruşur ki, niyə onların zibil qabının yanına yığışan dostlarına qoşulmaq istəmirəm. – “Onlar elə əyləncəlidirlər ki, o böyük qızlar”, – o deyir. SOnlar çox əntiqə zaman keçirdir. Əgər Rut orada olmaq üçün kifayət qədər böyükdürsə, mən də orada ola bilərəm. Yenidən evə yetişdiyimizdə gördük ki, yalnız Minna və Qrete hələ də zibil yeşikləri olan küncdədirlər. Rut bu Minnada nə tapıb, başa düşə bilmirəm. Qrete ön binada boşanmış ana ilə yaşayır və xalam kimi o da dərzi işləyirdi. O, yeddinci sinifdədir və mən onu heç də yaxşı tanımıram. Əynində sinəsinin iki qabarıq yerini aşkar edən toxunma bluza var, bu qabarıqlar təəssüf ki, məndə çatışmır. Güləndə ağzının əyri olduğunu görmək olur. Künc demək olar qaranlıqdır və zibil qabları üfunət iyi verir. İki böyük qız onların üzərində oturub və Minna qonaqpərvərliklə yanında Ruta yer edir. Mənsə dirək kimi dayanmışam və nə deyəcəyimlə bağlı düşünə bilmirəm. Bu mənim illərdir səbrsizliklə gözlədiyim bir inkişaf idi, amma indi əmin deyiləm, bu böyük işdirmi? – “Qerda tezliklə doğacaq”, – Qreta dabanlarını zibil qablarına döyəcləyərək deyir. – “O da Gözəl Lüdviq kimi gecikmiş olacaq”, – Minna ümidlə dillənir. – “İçkili vəziyyətdə təməli qoyulan uşaqların başına gələn məhz bu olur. Cəhənnəmə ki!”, – Rut deyir. O zaman bizlərdən çoxumuz gərək ləngiyərək doğulardıq. Onlar hər zaman belə danışırlar, hər zaman da başqaları haqqında çirkin və iyrənc sözlər demək üçün əsas tapırlar. Mənə maraqlıdır, görəsən mən də arxamı çevirən kimi mənim haqqımda belə danışırlar? İrişərək seksdən, içib sekslə məşğul olmaqdan, qeyd edilməyən bağlantılardan danışırlar. Qreta ilə Minna deyir ki, onlar konfirmasiya olandan sonra öz bakirəliklərini heç bir saat da artıq saxlamayacaqlar. Həm də yaşları on səkkizi keçməmiş çalışacaqlar ki, uşağa qalmasınlar. Bütün bunları daha öncə də Rutdan eşitmişdim və zibil yeşikləri yığılan küncdə gedən söhbətlər son dərəcə darıxdırıcı və cansıxıcı gəlirdi. Bu söhbətlər məni sıxır və məcbur edir ki, belə ortamdan, küçədən, hündür binalardan uzaq duram. Bilmirəm, başqa küçələr, məhəllələr, başqa insanlar, binalar da mövcuddurmu? İndiyə kimi yalnız baqqaldan üç kilo kartof almaq lazım gələndə Vesterbroqata küçəsində olmuşam. Oradakı kişi həmişə mənə konfet verərdi. Sonradan həmin kişi çevrildi oldu “Cənab X”. Gündüz vaxtı səssiz-səmirsiz balaca dükanına baxardı, axşamlar isə polisi aldadıb şəhərin poçt idarələrinə soxulardı. Onu tutmaq üçün polisə illər lazım oldu. Rut qəfildən “Tovenin oğlan dostu var” deyəndə düşüncələrim haradasa çox uzaqlarda idi. Hər iki qız şaqqanaq çəkib güldü. – “Bu lənətə gəlmiş yalandır”, – Minna dedi, – “o, belə davranmaq üçün həddindən artıq müqəddəsdir.” – “Əgər yalandırsa, lənətə gəlim!”, – Rut gülərək sözünün üstündə durdu. Gülüşündə bədxahlıq yox idi. Onun kim olduğunu da bilirəm. O, qıvrımsaç Çarlzdır. “Oh, ha ha!” Onlar gülüş səslərini ikiqat artırdı və aralarında ən hündürdən gülən elə mən oldum. Bunu ona görə etdim ki, Rut sadəcə olaraq bizi əyləndirmək istəyirdi və mənə elə gəlirdi ki, burada gülməli, əylənməli heç nə yoxdur.
Qerda küçə boyu başını aşağı əyib yırğalana-yırğalana gedir, gülüş səsləri dayanır. Əlindəki toxuma səbətdə bir-birinə dəyib cingildəyən pivələr qalaqlanıb. Qısa saçı əvvəlkindən daha qaradır və üzündə qəhvəyi ləkələr əmələ gəlib. Cəld arzu edirəm ki, normal düşüncəli, gözəl, balaca uşağı olsun. Ona qız arzulayıram, qızıl saçı olsun, arxadan da hörükləri sallansın. Bəlkə də Qerda Tin Snouta aşiq idi, çünki heç kim qadının qəlbini bilə bilməzdi. Bəlkə də o, özü gündüz hər nə qədər deyib-gülsə, şənlənsə də, hər gün yatmaq üçün ağlayırmış. Zibil yeşiyi küncündə durduğunda və 14 yaşında olarkən başına nə iş gələcəyini qışqırarkən də! Mən bu ənənəni davam etdirmək istəmirəm. Mən bunu sevdiyim kişi ilə görüşənə kimi etmək istəmirəm. Amma hələ nə bir kişi, nə bir oğlan mənim tərəfə baxıb. Mən cibi pulla oynayan, işdən çıxan kimi evə gələn, “içki içməyən” sevgili istəmirəm. Mən yaşlı ev sahibəsi olmaq istəyirəm, atam-anam tədricən məhz bu yolu gedir. Atam hər zaman mənim məktəbi bitirdikdən sonra “təqaüdü olacaq sabit bir işə” sahib olmağımdan danışır. Amma bu söhbət də mənə bacarıqlı fəhlənin söhbəti kimi dəhşətli gəlir. Nə zaman ki, gələcəyim barədə düşünürəm, elə məqam olmur ki, divara dirənim. Buna görə də mən uşaqlığımı bacardığım qədər çox uzatmaq istəyirəm. Mən uşaqlığımdan kənarda özümə bir həyat düşünə bilmirəm və anam məni pəncərədən çağırdı. Bu zaman qiymətli küncümü-zibil qablarının yanını tərk edib qalxıram yuxarı. – “Hə, çox gözəl, apardın çatdırdın?”, – o soruşur. – “Hə”, – mən deyirəm. O gülür, sanki onun mənə verdiyi ağır bir tapşırığı yerinə yetirmişdim.
XV BÖLÜM
Hərçənd imtahanlarda 30 illik müharibənin nə qədər davam etdiyini bilmirəm, amma yenə də xanım Matiasen mənə deyir ki, evdə ali məktəbə getməyim üçün icazə alım. Mən heç zaman belə zarafatları başa düşə bilməyəcəyəm. Xanım Matiasen bildirir ki, mən intelligentəm və təhsilimə davam etməliyəm. Elə mən də bunu etmək istəyirəm, amma bilirəm ki, bunun öhdəsindən gələ bilmərəm. Çox da ümid etmədən hər halda atama deyirəm və o, əsəbi, qəribə tərzdə, nifrətlə cavab verir ki, qadınların oxumağı həm iyrənc, həm də uğursuz olur. Bir dəfə o, mənə Florens Naytinqeyl haqqında inşa yazmağa yardım edirdi. Ancaq onun haqqında yalnız böyük ayaqlarının və pis nəfəsinin oluğunu söyləyə bildi. Belə olduqda atamın yerinə gedib xanım Mollerupdan soruşdum. Bunu saymasaq atam mənim yazı işlərimin çoxunu yazmışdı və xanım Matiasendən xeyli yaxşı qiymət almışdı. Aşkara çıxmayacaqdı, ancaq bir gün atam Amerika haqqında inşasını belə bitirdi:
– Amerika azadlıq ölkəsi adlandırılıb. Əvvəllər azad olmaq özün olmaq demək idi. İndi isə yemək almağa pulun yoxdursa və acından ölürsənsə, bu azadlıqdır. – “Bu cəfəngiyyatla nə demək istəyirsən?”, – mənim sinif rəhbərim dedi. Biz bütün səylərimizə rəğmən yalnız “B” ala bildik. Mən təhsilimi davam etdirə bilmirəm və yalnız qısa bir müddət də uşaq qala bilərəm. Məktəbi bitirməli, konfirmasiya olmalı və çox işi olan bir evdə işə düzəlməli idim. Gələcək bədheybətdir, üzərimə yıxılacaq bu nəhəng bədheybət məni altında əzəcək. Parça-parça olmuş uşaqlığım ətrafımda dövr edir. Elə bir yerdə yırtığı yamayıram ki, dərhal başqa bir yerdən cırılır. Bu durum məni zəif və qıcıqlı edir. Anamla danışıram, udquna-udquna deyir: Yaxşı, yaxşı. Gözlə gör yad adamların arasına düşəndə necə olacaqsan. Onların böyük dərd-kədəri Edvindir. Valideynlərimizlə kəllə-kəlləyə gələndən sonra onunla çox yaxınlaşmışıq. Onun haqqında heç bir dərin, ağrılı hissim yoxdur, bu səbəbdən hansı mövzuda istəsə qorxusuz-hürküsüz mənə ürəyini aça bilər. Amma atam hər zaman onun nəsə böyük bir şey olacağına inanırdı, çünki uşaq vaxtı çox böyük istedad sahibi idi. O gitarada çala, oxuya bilirdi, bundan əlavə sinifdəki tamaşalarda hər zaman şahzadə o olardı. Məktəbimizdəki, sinfimizdəki qızların ondan ötrü ürəyi gedirdi və onunla eyni məktəbə getdiyimizdən müəllimlər hər zaman heyranlıqla mənə deyərdi: O gözəl, ağıllı oğlan sənin qardaşındır? Eyni zamanda onun işçi sinfinin Danimarka gənclər təşkilatına üzv olması, canını və qanını partiya yolunda əsirgəməməsi atama fəxarət hissi verirdi. Atam hər zaman deyirdi ki, əlinə bel götürməyən heç bir hökümət nazirinə hörmət etmir. Ona görə kim bilir o, Edvin üçün hansı gələcəyi düşünmüşdü? İndi bütün bu xəyallar məhv olmuşdu. Edvin həmin qızıl günü gözləyir ki, müdir özü olsun və yanına gələnləri özü istədiyi kimi buynuzlasın. Eyni zamanda o, 18 yaşının tamam olmasını gözləyir, çünki məhz bu yaşdan sonra evdən ayrıla, ayrıca ev kirayə götürə və rahatca istədiklərini orada edə bilər. Elə bir yerdə yaşamaq istəyir ki, qızlarını rahat ziyarətə çağıra bilsin, çünki anam bu məsələlərdə həddən artıq barışmaz mövqe tutur. Onun gözlərində bütün cavan qızlar yalnız evlənmək niyyətində olan, bacarıqlı işçi tərəfindən dəstək görmək istəyən, başqasının hesabına həyat sürmək istəyən düşmənlər idi. – “Və indi, o, pul qazanmağa hazırlaşanda”, – o, acı-acı atama deyir, – “və pulun bir hissəsini geri qaytarmaq iqtidarında olanda evdən qaçır, əlbəttə ki qaçır. Yüz faiz hansısa qızdır bu fikri onun beyninə yeridən.” O, belə şeyləri ancaq yatağa girəndən, mənim yatdığımı düşünəndən sonra edir. Edvini tamamilə və yaxşı başa düşürəm, çünki bu yaşanılası ev deyil. Və mən də 18 yaşıma çatdığımda evdən köçməyə hazırlaşıram. Amma eyni zamanda başa düşürəm ki, atam məyus olub. Təzəlikcə, atamla Edvin dalaşdığında Edvin dedi ki, Stauninq içki içir və evə qızlar gətirir. Atamın üzü qıpqırmızı oldu və ona möhkəm bir şapalaq ilişdirdi, qardaşım tappıltı ilə döşəməyə sərildi. Daha öncə heç zaman atamın Edvini vurduğunu görməmişdim. O, məni də heç zaman vurmayıb. Bir dəfə axşam valideynlərim uzanıb nəyisə yerlərində müzakirə etdiklərində atam dedi ki, gərək Edvinə qız dostunu evə dəvət etməyə icazə versinlər. – “Onun qız dostu yoxdur, daimi olan biri yoxdur”, – anam qısa və quru cavab verdi. – “Yox varıdı, atam cavab verdi. Yoxsa hər axşam evdən çıxıb harasa getməzdi. Bu yolla sən özün onu evdən didərgin salırsan.” Hər zaman olduğu kimi çox nadir hallarda atam nəyəsə belə israr edirdi və anam belə hallarda hər zaman təslim olurdu. Beləliklə Edvinə dedilər ki, Sulvayqı növbəti axşam evə qəhvə içməyə dəvət etsin. Mən Sulvayq haqqında çox bilirəm, amma heç zaman onunla görüşməmişəm. Bilirəm ki, onunla qardaşım bir-birini sevir və qardaşımın 18 yaşı olanda, müstəqil işə sahib olanda evlənməyə hazırlaşırlar. Həm də bilirəm ki, qardaşım onun evini ziyarət edir və onun valideynləri qardaşımı çox sevir. O, qardaşımla Folkets Hüsdə rəqs gecəsində tanış olub. O, Enqhavevayda yaşayır və qardaşım kimi onun da 17 yaşı var. Atası velosiped təmir edir və Vesterborqata küçəsində emalatxanası var. Özü isə təlim görmüş gözəllik salonu ustasıdır və çoxlu pul qazanır.
Axşam gəlib çatdı və biz hamımız narahatlıqla anamın hərəkətlərini izləyirdik. Mən ona kömək etdim və biz sahib olduğumuz yeganə ağ örtüyü masaya sərdik. Edvin isə boş-boşuna ona baxırdı ki, anam da ona baxsın və o gülsün. Əynində konfirmasiyasına geyindiyi kostyumu vardı, həm qolları, həm də balaqları ona qısa idi. Atamın əynində ən yaxşı bazar günü kostyumu idi və o, divanın lap qırağında oturmuşdu. Elə bil qonaq özü idi, elə hey qalstuku ilə oynayırdı. Bir dolu boşqab qaymaqlı peçenyeni masanın ortasına qoydum. Sonra qapının zəngi çalındı və qardaşım yerindən elə götürüldü ki qapıya tərəf, az qala yıxılacaqdı. Girişdən uca gülüş səsləri eşidildi, anam dodaqlarını bir-birinə sıxdı və artıq üzərində işləməyə başladığı toxuduğu şeyi əlinə aldı. “Salam”, – o, qısaca dedi və başını da qaldırmadan əlini Sulvayqa uzatdı, – “otur, zəhmət olmasa.” Bu sözləri elə dedi ki, “çıx get cəhənnəmə!” desə, bundan yaxşı olardı. Amma deyəsən Sulvayq evdə olan gərgin atmosferdən xəbərsiz idi. Gülə-gülə əyləşdi və məncə o, çox gözəl idi. Qısa saçı başında çələng kimi qalırdı, dərin batıqları olan çəhrayı yanaqları vardı və tünd-mavi gözlərində elə bir ifadə vardı ki, sanki hər zaman gülür. Bizim necə sakit olmağımıza diqqət yetirməmişdi deyəsən, şən, nəşəli və özündən əmin danışırdı, elə bil əmrlər verməyə öyrəşmişdi artıq. İşi haqqında, valideynləri haqqında, Edvin haqqında danışdı. Sonra bizim evi ziyarət etməyin onu xoşbəxt etdiyini bildirdi. Anam boyun əyməyən, iradəli duruşla oturmuşdu, toxumağına davam edirdi. Elə bil iş sifarişi götürmüşdü, onu edirdi. Nəhayət ki, deyəsən Edvinin qonağı bu durumu başa düşdü, çünki dedi: – “Bu çox qəribədir, doğrudan da. Çünki bilirsən də, Edvinlə mən ailə qurmağa hazırlaşırıq və sən mənim qaynanam olacaqsan”, və bu sözlərə ürəkdən güldü. Amma heç kim onunla gülmədi. Qəfildən anam göz yaşlarına qərq oldu. Bu son dərəcə utandırıcı idi və bizlərdən heç birimiz nə edəcəyimizi bilmədik. Toxumağına davam edərək ağlayırdı, onun göz yaşları ilə bağlı heç bir təsirli, riqqətə gətirən məqam yox idi. – “Alfrida!”, – atam heyranlıqla dilləndi. Atam heç zaman onu adı ilə çağırmazdı. Mən ümidsizliklə qəhvədandan yapışdım. – “Bir fincan da qəhvə istərdinmi?”, – Sulvayqdan soruşdum və cavabını gözləmədən ona bir dolu fincan tökdüm. Düşündüm, yəqin bunun bizim ailəmiz üçün tam normal bir davranış olduğunu sanacaq. – “Çox sağ ol”, – o dedi və mənə güldü. Bir anlıq hər kəs səssiz oldu. Qardaşım qaranlıq üz ifadəsi ilə başını aşağı salıb masa örtüyünə baxdı. Sulvayq qəhvəsinə qaymaq və şəkər qatmaqla məşğul idi. Başını bükmüş anamın göz yaşları yanaqlarından sel olub axırdı. Və qəfildən Edvin stulunu kəskin hərəkətlə arxaya çəkdi, stul arxadakı bufetə çırpıldı. – “Gəl, Sulvayq”, – o dedi, – “mən bilirdim o, hər şeyi məhv edəcək. Biz gedirik. Ana, bəsdir gözünün qorasını axıtdın! İstəsən də, istəməsən də mən Sulvayqla evlənəcəyəm! Xudahafiz!”Sulvayqın əlindən tutdu, ona sağollaşmağa imkan verməyib qapıya tərəf tələsdi. Qapı onların arxasınca möhkəm çırpıldı. Yalnız onda anam eynəyini çıxardıb gözlərini quruladı. – “Görürsən də!”, – o, məzəmmət dolu səs tonu ilə atama dedi, – “görürsən, təkidlə şəyird olma istəməsinin nəticəsi nə oldu?! Bu qız heç vaxt belə qızıl mədənini əldən buraxmaz!” Atam yorğun-yorğun divana çökdü, qalstkunu boşaltdı, köynəyinin ən üst düyməsini açdı. – “Məsələ belə deyil”, – o dedi, – “amma sən oğlunu məhz bu duruma sürükləyirsən.”
Edvin ondan sonra heç bir qız dostunu evə gətirmədi. Və yalnız o evlənəndən sonra biz onun arvadını görə bildik. O, Sulvayqla evlənməmişdi.
XVI BÖLÜM
Uşaqlığımın son yazı soyuq və küləkli keçirdi. Dadı tozludur və ondan tərk etmələr, dəyişikliklər iyi gəlir. Məktəbdə hər kəsin başı imtahan hazırlıqlarına və konfirmasiyalara qarışıb, mənsə bütün bunlarda bir anlam görmürəm. Yad adamlar üçün ev təmizləməyə, qab yumağa görə orta məktəb atestatına ehtiyac yoxdur. Və konfirmasiya mənim üçün indi parlaq, təhlükəsiz və xoşbəxt görünən uşaqlığımın məzar daşı idi. Bu zaman ərzində baş verən hər şey məndə dərin, izahedilməz təəssürat yaradır və sanki bütün həyatımı, orada baş verən ən adi, mənasız hadisələri belə gün kimi aydın xatırlayıram. Anamla çıxıb konfirmasiya üçün ayaqqabı alanda o danışır, satıcı isə qulaq asır: Hə, bu bir cüt ayaqqabı bizim sənə verdiyimiz son ayaqqabıdır. Bu sözlər mənim gələcəyim üçün dəhşətli perspektivlər açırdı və həmin dövrdə özüm-özümü necə dolandıracağımı bilmirdim. Ayaqqabı sırmalı ipək parçadan idi və qiyməti 9 kron idi. Hündürdaban idi, həm onlarda rahat gəzə bilmədiyim, topuğumu ağrıtdığı üçün, həm də anamın onları geyinərkən göydələnə oxşadığımı sandığı üçün atam onların dabanlarını qopartdı. Belədə baş barmaqlarım çıxdı bayıra, amma onları cəmi bir gün geyinəcəkdim, anam mənə təsəlli verdi. Özünün 18-ci ad günündə Edvin Baqerstradedə bir otaqlı evə köçdü və mən indi artıq yataq otağında çarpayıya çevrilən divanda yatıram. Bunu da uşaqlığımın sona çatması haqqında digər bir əlamət olaraq qəbul edirəm. Burada mən pəncərə kənarında otura bilmirəm, çünki ora sardunya bitkiləri qoyulub. Və oradan yalnız bir dəfə məni qışqırmağa məcbur edən qaz nasosu və qaraçı vaqonu qoyulan meydana mənzərə açılır. “Ana, ay batıb!” Mən özüm bunu xatırlamıram və böyüklərin sənin haqqında xatirələri sənin özün haqqında xatirələrindən tamam fərqli olur. Bunu uzun müddətdir ki, bilirəm. Edvinin xatirələri mənimkindən fərqlidir. Və hər dəfə birlikdə yaşadığımız hansısa hadisəni xatırlayıb-xatırlamadığını ondan soruşduğumda “yox” cavabı verir. Qardaşımla mən bir-birimizə heyranıq, amma bir-birimizlə çox da yaxşı söhbətləşə bilmirik. Otağında onu ziyarət etməyə yollandığımda qapını qaldığı evin sahibəsi açır. Qara bığları var və anam kimi eyni şübhələrdən əziyyət çəkir. Onun bacısı olduğumu deyir. Bu yaxşı biridir. Onun kimi çoxlu bacıları və əmiuşaqları olan ikinci kirayənişin tanımıram. Hərçənd indi Edvinin yalnız özünə məxsus olan otağı var, amma yenə işləri qaydasında getmir. Siqaret çəkir, pivə içir və tez-tez Torvald adlı dostu ilə axşamlar rəqs etməyə gedir. Onlar birlikdə şəyird olublar və hər ikisi bir gün öz emalatxanalarını açmağın xəyallarını qurur. Mən Torvaldla heç zaman görüşməmişəm, çünki bizlərdən heç biri cinsindən asılı olmayaraq kimsəni evə gətirə bilməz. Edvin özünü bədbəxt hiss edir, çünki Sulvayq onu tərk edib. Bir gün o, qardaşımın otağına gəlir, nəhayət ki, onlar tək, birlikdə ola bilərdilər. Orada qız ona deyir ki, hər şeyə rəğmən onunla evlənmək istəmir. Düzdür, Edvin anamı günahlandırır, amma məncə Sulvayq özünə başqasını tapmışdı. Bir yerdə oxumuşdum ki, gerçək sevgi dirənişlə, problemlərlə böyüyür, amma bunu özümə saxladım. Güman ki, elə Edvinin anamın onu qroxudub qaçırmasını fikirləşməsi daha yaxşıdır. Onun otağı çox balacadır və mebellərin elə bir görüntüsü var ki, sanki onlar zibilə atılmağa hazırdır. Mən Edvinin evində heç zaman çox qalmıram, çünki danışıqlarımız arasında uzun fasilələr olur və mən onu tərk edəndə onun duyduğu xoşbəxtlik varid olduğumda yaşadığı sevincə bərabər olur. Mən evlə bağlı xırda şeylərdən danışıram. Misal üçün, deyirəm ki, hər zaman olduğu kimi ondan mənə miras qalan nəyisə – bir cüt yağlı dəri çəkmələri geyinirəm. Atam onları cilalayıb ki, ömrü uzansın, bundan əlavə bağlarını da qaraldıb, indi çəkmələrim qəhvəyi, bağları isə qara rəngdədir. Bir dəfə anam bir-iki cır-cındırı üzərimə tulladı: Çəkmələrini onlarla təmizlə, sonra onları sobaya at. – “Öz çəkmələrimi?” deyə bildim. O, uzun müddət sərtliklə güldü: – “Yox, ay vələdüzina, əlbəttə cındırları!” Belə şeylər Edvini də güldürür, buna görə bu haqda indi ona danışıram. Artıq bizim ailəmizin gündəlik həyatının bir hissəsi deyil axı. Yalnız İstedsqata küçəsi eynidir və indi mənə axşamlar da ora getməyə icazə verirlər. Mən ora Rut və Minna ilə bərabər gedirəm və deyəsən Rut mənimlə Minnanın arasında olan nifrəti başa düşməyib. Bəzən Saksoqata küçəsinə gedib Olqanı ziyarət edirik. Olqa Minnanın böyük bacısıdır, o, polislə ailə həyatı qurub və güzaranı yaxşıdır. Olqa icazə verir ki, körpəsini qucağımda saxlayım. Bu inanılmaz dərəcədə xoş hissdir. Minna da həmçinin uniformalı biri ilə ailə qurmaq istəyir, çünki onların çox yaraşıqlı olduğunu deyir. Onlar Hedebiyqata küçəsində yaşayacaqlar, çünki evlənən bütün cütlüklər məhz belə edir. Rut razılıqla başını tərpədir və özünü hər ikisi üçün arzulanan olan eyni taleyə hazırlayır. Mən razılıqla gülümsəyirəm, sanki mən də məhz belə bir gələcəyi səbrsizliklə gözləyirəm. Və adətim üzrə ifşa edilməkdən qorxuram. Mənə elə gəlir, bu dünyada yad adamam və heç kimlə gələcəyimlə bağlı mənə görünən son dərəcə böyük problemlər haqqında danışa bilmərəm.
Qerdanın balaca, sevimli oğlu var. Və o, valideynləri işdə olduqda fəxrlə küçə boyu yuxarı-aşağı gəzişir.
Onun yalnız 17 yaşı var və bir qız uşağı olması üçün gərək on səkkiz yaşında olsun. Onu xoşlamırlar, çünki o, hadisələrin onun üçün uğursuz olduğunu, nəticədə küçələrin ona təklif etdiyi mərhəmət hissini qəbul etməyə məcbur olduğu etiraf etmir. Olqanın anasının onun körpəsi üçün yığdığı bir səbət uşaq paltarını götürməyib rədd etdiyində hamının ona qəzəbi tutmuşdu. Və budur, taleyi belədir ki, yaşı ötsə də, hələ də valideynlərinin himayəsində qalması ilə barışır. – “Əgər onun yerinə sən olsaydın”, – anam deyir, – “səni çoxdan atmışdılar.” Ah, mən öz körpəmi kaş bir dəfə qucağımda tuta bilərdim! Onu dəstəkləyib qayğısına qalardım, hər bir problemi bu və ya başqa cür həll edərdim. Bircə oralara gəlib çata biləydim.
Gecə vaxtı yatağıma girdiyimdə xəyal qururam: yaraşıqlı, dostcanlı, cavan bir oğlanla qarşılaşıram və ondan nəzakətli ifadələrlə xahiş edirəm ki, mənimçün nəsə etsin. Ona deyirəm ki, çox istəyirəm övladım olsun, xahiş edirəm, bu sahədə mənə yardım etsin. O razılaşır və mən dişlərimi bir-birinə sıxıb gözlərimi yumuram, guya ki, bu mənim yox, bir başqasının başına gəlir. Sonradan onu bir daha görmək istəmirəm. Amma belə cavan oğlanı bizim kvartalda, ya küçəmizdə tapmaq olmazdı və mən şeit albomuma birini daha yazıram ki, indi o bufetin ən aşağı siyirtməsindədir:
Balaca bir kəpənək uçdu
Ucalara, mavi çalarlı səmaya.
O, bütün sağlam düşüncəyə, mənəviyyata
Məhəl qoymadan uçur.
Yaz gününün şövqündən sərxoş olub,
Əsən qanadlarını nizamsız çalaraq
Günəşin qızılı şüaları altında doğulub
Bu dünyaya atılıb.
Və solğun çəhrayı alma ağacı çiçəklənib
Yenicə gözəlliyə bürünüb.
Və kiçik kəpənək
Öz nişanlısını orada tapıb.
Və solğun çiçəklər solur
Və kəpənək onların üzərindən uçur.
Ah, çox sağ olun kiçik çiçəklər,
Siz mənə məmnunluqla sevməyi öyrətdiniz.
XVII BÖLÜM
Atam bizi dövlət kilsəsinə aparanda nənəm hələ heç qəbirdə soyumamışdı. Bu ifadə anama məxsusdur. Nənəmin qəbri yoxdur. Onun külü Bispebyerq krematoriyasındadır və həmin axmaq güldan qarşısında dayanıb baxarkən heç nə hiss etmirəm. Amma anam istədiyi üçün ora tez-tez gedirəm. Hər dəfə biz orada olanda anam ağlayır və o, “sən niyə ağlamırsan?” soruşanda özümü günahkar hiss edirəm. – “Sən niyə ağlamırsan? Axı dəfn mərasimində ağlamışdın.” İndi ki, Edvin bizi tərk edib, məktəbdə, küçədə olmadığım bütün vaxtlarda anamın yanındayam. Onunla həmçinin Folkets Hüsdə də rəqsdə olmuşam, amma onunla bərabər rəqs etmək əyləncəli deyildi, çünki mən ondan bir baş hündür idim və onunla müqayisədə özümü çox böyük və yöndəmsiz hiss edirdim. O, başqa bir centlmenlə rəqs etdiyi əsnada bir cavan oğlan mənə yaxınlaşıb rəqsə dəvət etdi. Belə bir şey daha öncə heç baş verməmişdi və mən yox deməyə hazırlaşırdım, çünki anamın kefi yaxşı olanda mənə öz qonaq otağımızda öyrətdiyi bir-iki hərəkətdən başqa ümumiyyətlə necə rəqs edildiyini bilmirdim. Amma cavan oğlan artıq əlini belimə qoymuşdu və o, yaxşı rəqs etdiyindən mən də elə etdim. O, tamamilə sakit idi və sadəcə nəsə demək xətrinə ondan nə iş gördüyünü soruşdum. – “Kuryer komandasındayam”, – qısaca dedi. Mənə elə gəldi onun işinin “müalicə” etmək olduğunu düşündüm, qərara gəldim ki, o həkimdir. Bu “sabit, bacarıqlı fəhlə” olmaqdan fərqli bir şey idi. Ola bilərdi, bütün axşam mənimlə rəqs edərdi, ola da bilərdi ki, artıq bir azca mənə vurulmuşdu. Ürəyim daha sürətlə döyünməyə başladı, bir qədər, azca ona söykəndim. – “Gecədir, artıq oğrular iş başındadır”, – o, musiqinin ahəngi ilə qulağıma oxudu. Qəfildən musiqi dayandı, o, gəlib anamın yanında oturdu, key-key təzim etdi və həmişəlik yox oldu. – “O, yaraşıqlı idi”, – anam dedi, – “kaş geri dönərdi.” Çiynimi çəkib dedim ki, kuryer komandasında çalışır. – “Oh, aman Allahım”, – anam güldü, – “o, sadəcə xəbər aparıb-gətirmə xidmətindədir.”
Biz dövlət kilsəsinin üzvü deyilik ona görə də mən mülki konfirmasiyaya gedirəm. Bu məni sinfimizdəki bütün keşiş yanına gedən digər qızlardan fərqli edir, amma vecimə deyil, çünki onlar kimi olmaq istəyimi çoxdan dəfn etmişəm. Onlar şənbə günləri növbəlilik prinsipi ilə bir-birlərini ziyarət edirlər. Viktor Kornelius radioda şənbə rəqsləri üçün ifalar edir. Oğlanlar da dəvət edilir və sinif yoldaşlarımın əksərinin davamlı bir yerdə olduqları sevgililəri var. Evdə radiomuz yoxdur və artıq qulaqcıqları taxıb qardaşımın məktəbdə düzəltdiyi geydirmə mahnılara qulaq asmaq ləzzət eləmir. Və hətta radiomuz olsa da, valideynlərim mənim üçün Şənbə konserti verməyə meylli olmazdı. Hazırda imtahanlar verirəm və qiymətlərimin pis və ya yaxşı olması heç vecimə deyil. Bəlkə də universitetə gedə bilmədiyim üçün məyus olmuşam. Sinfimizdəki qızlardan yalnız birinə icazə var. Onun adı İnqer Nörqarddır, o da mənim kimi arıq və uzundur. Oxumaqdan başqa gördüyü bir iş yoxdur və bütün fənlərdən A alır. Başqaları deyir ki, o məktəbdə qalıb kariyerasına davam etmək istəyir. Heç zaman onunla danışmamışam. Ən azından başqaları ilə nə qədər danışmışamsa, onunla da o qədər ünsiyyət saxlamışam. Hər şeyi içimdə saxlamağa məcburam və bəzən mənə elə gəlir ki, boğulmaq ərəfəsindəyəm. Minna və Rutla axşamlar İstedsqada küçəsində dolaşmağı dayandırmışam, çünki getdikcə oradakı söhbətlərimiz çevrilib olub yalnız kobud atmacalar və yersiz irişmələr! Getdikcə hissiyyatlı olan qəlb onları ritmik, zərif sətirlərə çevirməkdə acizdir. Mən anamla yeməyimiz, aşağıda yaşayan insanlar kimi adi şeylərdən danışıram. Edvin köçüb gedəndən sonra atam çox sakit biri olub və onun üçün mən sadəcə “yaxşı bir başlanğıc” etməli olan biriyəm. Bu ifadəni o, bütün dəhşətli hadisələri göz önünə gətirib işlədir. Bir gün qardaşımı ziyarət etdiyimdə, təəccübümə səbəb olaraq deyir ki, dostu Torvald mənimlə tanış olmaq istəyir. O, Torvalda mənim şeir yazdığımı deyib və indi məndən Torvaldın onları oxuması üçün icazə istəyirdi. Qorxu içində “yox” deyirəm. Amma sonra qardaşım deyir ki, Torvald “Social Demokraten” qəzetində bir redaktor tanıyır, əgər şeirlərim yaxşı olarsa, onları bəlkə də çap edə bilər. Qardaşım bu sözləri öskürə-öskürə deyir, çünki seluit lakla işləyir və onun qoxusuna dözə bilmir. Nəhayət ki, mən növbəti gün öz şeiriyyat kitabım ilə axşam onlara yaxınlaşacağıma söz verirəm. Onda Torvald şeirlərimə nəzər yetirə bilər. Torvald da həmçinin rəngsazdır, 18 yaşı var və nişanlı deyil. Sonuncunu öyrənib yoxlamışam, çünki artıq onun haqqında demək olar ki, bir kəlməsiz hər şeyi başa düşən cavan oğlan olaraq xəyallar qurmağa başlamışam.
Növbəti axşam şeiriyyat albomumu da qoltuğuma vurub yollanıram Baqerstrade küçəsinə. Gördüyüm insanlara səbatlı baxışlarla baxıram, çünki tezliklə tanınmış olacağam, o zaman onlar mənim ulduzlara yüksəliş yolunda mənimlə qarşılaşdıqları üçün fəxarət hissi duyacaqlar. Dəhşətli dərəcədə qorxuram ki, Torvald da uzun illər öncə Edvin etdiyi kimi şeirlərimə baxıb güləcək. Onu qardaşıma oxşar təsəvvür edirəm, bircə fərqlə: onun nazik bığı var. Mən Edvinin otağına daxil olduğumda Torvald qardaşımın yanında yatağın üzərində oturmuşdu. Ayağa qalxıb əlini uzadır. O balaca və möhkəmdir. Saçı sarışın və cod, üzü cizvələrlə doludur – bəziləri yetişib. Utancaq biri kimi görünür, dayanmadan əlini saçına çəkir və saçı havada biz-biz dayanır. Qorxu içində gözlərimi ona zilləmişəm çünki şeirlərimi ona göstərə biləcəyimi sanmıram. – “Bu mənim bacımdır”, – tam bir laqeydlik ədası ilə Edvin məni təqdim etdi. – “Lənətə gəlsin, o yaman gözəldir,” – Torvald belə deyib barmaqları ilə saçlarını qarışdırdı. Mənə görə belə söz deməsi onun tərəfdən nəzakət nümayişi idi və gülə-gülə otağın yeganə stulunda əyləşirəm. İnsanların xarici görünüşü gərək adamın başını gicəlləndirməsin və mənə görə, ola bilər, adam həqiqətən də məni gözəl bilib. Hər bir halda, o, bu sözləri deyən ilk şəxsdir. Kitabı çantamdan çıxardıram və bir müddət əlimdə saxlayıram. Çox qorxuram ki, birdən bu nüfuzlu insan mənim şeirlərimin pis olduğunu düşünər. Heç özüm də onların bir işə yaradığın-dan əmin deyiləm. – “Kitabı indi ona ver”, – qardaşım səbrsizliklə deyir və mən könülsüz şəkildə kitabı ona uzadıram. Kitabı vərəqləyir, qaşlarını çatıb orada yazılanları oxuyur, bu əsnada özümü sanki başqa qalaktikada mövcudammış kimi hiss edirəm. Mən qorxuram, təsirlənmişəm, həyəcanlıyam mənə elə gəlir kitab əsir və hazırda bədənimin hər an bir kəlmə pis sözdən, qaba rəftardan qopub tökülə bilən canlı bir hissəsidir. Torvald onu səssiz oxuyur, üzündə təbəssüm yoxdur. Nəhayət ki, kitabı bağlayır, solğun, mavi gözləri ilə heyran-heyran mənə baxır və empatik səs tonu ilə deyir: – Lənətə gələsən! Onlar doğrudan çox qəşəngdir. Torvaldın dili mənə Rutun danışığını xatırladır. O da demək olar ki, heç bir cümləsini söyüşlə bəzəyib-düzəməmiş ağzından çıxarda bilmir. Amma adamı bu kefiyyətinə görə gərək mühakimə etməyəsən və hazırda Torvald mənə həm yaraşıqlı, həm də ağıllı biri olaraq gəlirdi. – “Doğrudan da belə düşünürsən”, – mən xoşbəxtliklə xəbər aldım. – “Lənət sənə, hə!”, – o söyür, – “sən onları asanlıqla sata bilərsən”. Edvin izah edir ki, onun atası mətbəədə çalışır və bütün redaktorları tanıyır. – “Hə!”, – Torvald fəxarətlə dillənir, – “Allaha and içirəm ki, mən bu məsələni həll edərəm. Sadəcə icazə ver ki, kitabı evə aparım və onu atama göstərim.” – “Yox”, – mən cəld cavab verirəm və kitabı qucaqlayıram, – “Mən… Mən istəyirəm oraya özüm gedəm və kitabı da redaktora özüm göstərəm. Sadəcə onun harada yaşadığını mənə desən bəsdir.” – “Yaxşı”, – Torvald üzüyola dillənir, – “mən Edvinə deyəcəyəm, sonra o, sənə izah edər.”Yenidən kitabı məktəb çantamda qablaşdırıram və tələsik evə yola düşürəm. Xoşbəxtliyim haqqında xəyallar qura bilməm üçün yalnız olmaq istəyirəm. İndi konfirmasiya, böyümək, yadların arasına çıxmaq vecimə deyil. İndi sadəcə bir şeirimin qəzetdə çap olunmasının möhtəşəm perspektivindən başqa heç nə vecimə deyil.
Torvald və Edvin sözlərini tutdular və bir neçə gündən sonra əlimdə bir qeyd tutmuşdum: Bazar günü qəzeti “Social Demokraten” redaktor Broşman, Nörre Farimaqs küçəsi 49, Çərşənbə axşamı saat 2. Bazar günü paltarlarımı geyindim, anamın çəhrayı salfeti ilə yanaqlarımı silirəm, onu inandırıram ki, Olqanın uşağına baxmağa gedirəm, özüm isə Nörre Farimaqs küçəsinə yollanıram. Böyük binada redaktorun adı olan otağı tapıram, ehtiyatla qapını döyürəm. – “Gəlin”, – o biri tərəfdən səs gəlir. Ağ saqqalı yaşıl kişinin böyük, dağınıq masa arxasında oturduğu böyük bir ofisə daxil oluram. – “Otur”, – o nəzakətlə deyib əli ilə stulu göstərir. Otururam, utancaqlıq gəlib dəhşət mənə. – “Həə”, – o deyir, – “sən nə istəyirsən?” Bir kəlmə də olsun danışmaq iqtidarında olmadığımdan artıq kifayət qədər əzik-üzük görkəm almış kitabımı ona təqdim edirəm. – “Bu nədir?” – o, bir neçə səhifə vərəqləyir, bəzi şeirlərimi yarı ucadan oxuyur. Sonra eynəyinin üzərindən mənə baxır, – “Onlar çox həssasdır, elə deyilmi?”, – o təəccüblə soruşur. Qıpqırmızı qızarıb deyirəm: Yox, hamısı yox. Oxumağa davam edir: Yox, amma Allaha and olsun ki, həssas, şəhvətli şeirlərin ən yaxşıdır. Neçə yaşın var? – “On dörd.” – “Hmm”, – əlini saqqalında gəzdirir, – “bilirsən, mən yalnız uşaq üçün olan səhifələri redaktə edirəm. Biz bunu istifadə edə bilmərik. Get, bir neçə ildən sonra gəl.” Mənim zavallı kitabmı şappıltı ilə bağlayıb gülərək özümə qaytarır. – “Xudahafiz, əzizim.”, – o deyir. Necəsə birtəhər, sınmış ümidlərimlə bərabər özümü qapıdan çölə atıram. Yavaş-yavaş, keyiyib-uyuşmuş halda, şəhərin yaz fəslini – başqalarının yazını – qəbul etmiş, başqalarının sevincli hisslərinə bürünmüş, başqalarının xoşbəxtliyini tərənnüm etdirən şəhər boyu irəliləməyə başladım. Mən heç zaman xoşbəxt olmayacağam, mənim şeirlərim dəyərsizdir. Mən bacarıqlı, sabit gəliri, qocalanda sabit təqaüdü olan fəhlə ilə evlənəcəyəm. Həmin ölümcül məyusluqdan sonra növbəti şeirimi yazmaq üçün kifayət qədər vaxta ehtiyac duydum. Hərçənd yazdığım şeirlər heç kimin vecinə deyil, çünki şerlərim mənim qəmgin, darıxdırıcı ürəyimə su səpir.
XVIII BÖLÜM
Konfirmasiyam üçün hazırlıqlar ərəfəsində ən böyük sual “Böyük deşikli ayağın” dəvət edilib-edilməməsi idi. O, daha əvvəl bizi heç ziyarət etməmişdi və qəfildən içməyi tərgitmişdi. İndi isə əvvəl nə qədər pivə içirdisə, o qədər qazlı su içir. Anamla atam deyir ki, bu Rozalia xalam üçün böyük sevincdir. Amma o, xoşbəxt görünmür, çünki adamın sifəti qaraciyərinə görə sapsarı olub və açıq-aşkar görünür ki, çox ömrü qalmayıb. Ailə bunun da onun üstünlüyü olduğunu düşünür. İndi mənə icazə verirlər ki, onları ziyarət edim və artıq hansısa söhbətlər mənə ziyan vurar deyə, nələrdənsə məni kənar tutmurlar. Amma Karl əmim heç də dəyişməyib. Yenə də çürük cəmiyyət, bacarıqsız hökümət nazirləri haqqında masa arxasında deyinməyə davam edir. Fasilələrlə o, hər zaman olduğu kimi indi də ona kiçik etirazsız belə itaət edən Rozalia xalaya qısa, teleqrafik göstərişlər verir. Qazlı su içkiləri qarşısında qalanıb və bir insanın bu qədər çox maye istehlak edə bilməsi anlaşılmazdır. Valideynlərimin davranışı mənə qəribə gəlir. Kömür üçün zirzəmiyə endiyində sən adətən orada yatan, cır-cındır plaş parçalarına – bürünmüş bir sərxoşa ilişib yıxılırsan. Küçələrdə isə sərxoş yatanlar səhnəsi o qədər adiləşib ki, heç kimin vecinə deyil, heç olmasa onları çevirib bir sifətlərinə baxsınlar. Demək olar ki, hər axşam bir dəstə adam qapının ağzında dayanıb pivə, araq içirlər və bu zaman azyaşlı uşaqlar onlardan qorxur. Amma bütün uşaqlıq dövrümüz ərzində bizə Karl əmini görməyə icazə vermirdilər, hərçənd bu görüş Rozalia xalanı təsvirəgəlməz dərəcədə məmnun edə bilərdi. Anamla atam və Aqnete xala arasında uzun sürən müzakirələrdən sonra qərara alındı ki, onu da mənim konfirmasiyama çağırsınlar. Beləliklə dörd əmioğlumdan savayı bütün ailə orada olacaqdı, onlar üçün isə qonaq otağında sadəcə yer yox idi. Anam bu böyük olaydan dolayı yaxşı əhval-ruhiyyədədir. Və o deyir ki, mən nankoram, minnətdar ola bilmirəm, sanki bütün bu hazırlıqların mənə heç bir aidiyyatı yoxdur.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: