banner banner banner
Kopenhagen trilogiyası
Kopenhagen trilogiyası
Оценить:
Рейтинг: 0

Полная версия:

Kopenhagen trilogiyası

скачать книгу бесплатно

Kopenhagen trilogiyası
Tove Ditlevsen

“Kopenhagen trilogiyası” Danimarka yazıçısı və şairi Tove Ditlevsenin memuarlar toplusudur. Trilogiya üç kitabdan ibarətdir: “Uşaqlıq”, "Gənclik" və "Evlilik". Skandinaviya ədəbiyyatının önəmli fiqurlarından biri olan Ditlevsen bu əsərlərində həyatının üç dövrünü təsvir edir.

Tove Ditlevsen

Kopenhagen trilogiyası

UŞAQLIQ

I BÖLÜM

Səhər ümid vardı. Ümid anamın toxunmağa heç zaman cəsarət etmədiyim qara, hamar saçında keçici parıltı kimi idi; ümid şəkər qatıb sıyıq yeyən dilimdə idi, həmin ərəfədə anamın hərəkətsiz dayanan, İspan qripindən və Versal müqaviləsindən bəhs edən qəzet səhifəsi üzərinə qoyulan arıq əllərinə baxırdım. Atam işə çıxıb getmişdi, qardaşım isə dərsdə idi. Baxmayaraq ki, mən orada idim, anam yenə də tək idi. Əgər mən tamamilə sakit olub bir kəlmə də danışmasaydım, onun anlaşılmaz ürəyindəki uzaq sakitlik səhərdən xeyli keçənə, adi evdar qadınlar kimi durub bazarlıq etmək üçün İsteqada küçəsinə gedənə kimi davam edəcəkdi.

Günəş sanki içindən keçirmiş kimi qaraçı faytonu üzərində doğmaqda idi. Skabi Hans sinəsi açıq, əlində əlüzyuyan çölə çıxdı. Su töküb yuyunduğunda əlini uzadıb Gözəl Lilinin ona verdiyi dəsmalı götürdü. Onlar bir-birinə bir söz belə demədilər. Kənardan səhifələri tez-tez çevrilən şəkilli kitaba bənzəyirdilər. Anam kimi onlar da bir neçə saatın içində dəyişə bilirdi. Skabi Hans Xilaskar Ordunun əsgəri, Gözəl Lili isə onun sevgilisi idi.

Yay vaxtı onlar bir dəstə uşağı yaşıl faytona doldurur və birlikdə kəndə gedərdilər. Valideynləri buna görə onlara günə bir kron ödəyərdi. Mənim üç yaşım, qardaşımın isə yeddi yaşı olanda ora getmişdik. İndi mənim beş yaşım vardı və həmin səfərdən yadımda qalan yeganə şey Gözəl Lilinin bir gün məni faytondan itələyib çölə – isti qumun üzərinə atması olmuşdu. Sonra həmin yaşıl fayton məndən uzaqlaşdı və getdikcə balacalaşdı, faytonun içində isə bir də heç zaman görməyəcəyim qardaşım və anam oturmuşdu. Uşaqlar geri qayıtdıqlarında qotur tutmuşdular. Qotur Hans ləqəbini də məhz belə almışdı. Gözəl Lili isə əslində heç gözəl deyildi. Fəqət rahat buraxdığım qəribə və xoşbəxt günlərində anam gözəl görünürdü. O gözəl, toxunulmaz, tənha idi və heç zaman öyrənməyəcəyim sirli düşüncələrlə dolu idi.

Onun arxasında güllü divar kağızına atam qəhvəyi yapışqan lentlə cır-cındır yapışdırmışdı. Bundan əlavə, divardan pəncərədən bayıra tamaşa edən bir qadın şəkli də asılmışdı. Qadının arxasındakı döşəmədə içində balaca uşaq olan beşik vardı. Şəklin altında belə yazılmışdı: ərinin dənizdən evə gəlməsini gözləyən qadın. Bəzən olurdu ki, çox təsirli və qəmgin hesab etdiyim şəklə nəzər yetirərkən baxışlarım anamın diqqətindən yayınmırdı. Bu zaman anam qəhqəhə çəkib gülərdi və onda bu gülüş səsi mənə elə təsir bağışlayardı ki, minlərlə kağız çantanı hava ilə doldurub hamısını birdən partladıblar. Ürəyim nigaran halda qəm-qüssə ilə döyünürdü, çünki dünyanın sakitliyi həmin anda pozulmuş olurdu. Amma mən də ona qoşulub gülürdüm, çünki bunu məndən anam gözləyirdi. Stulu bir kənara itələdi, ayağa qalxdı, gəlib qırışmış xalatı ilə əllərini ombasına qoyub şəklin qarşısında dayandı. Sonra həmin səhər baqqaldakı şeylərin qiymətləri ilə bağlı mübahisə etdiyi səsindən tamam fərqli üsyankar bir səslə oxumağa başladı:

Oxuya bilmərəm
Arzuladığım hər şeyi öz Tullem üçün?
Visselulle, viselulle, viselulle.
Pəncərəmdən uzağa get, əziz dost
Başqa vaxt geri dönərsən.
Şaxta və soyuq özü ilə
Köhnə dilənçini yenidən evə gətirib.

Nəğmə xoşuma gəlmədi, amma bərkdən gülməli idim, çünki anam bunu məni əyləndirmək üçün etmişdi. Hərçənd, bu mənim öz günahım idi, çünki əgər mən şəklə baxmasaydım, o da məni görməyəcəkdi. Belədə o, başını sakitcə əlləri arasına alıb, kəskin, gözəl gözlərini aramızdakı neytral bölgəyə dikib oturacaqdı. Və mən də hələ uzun müddət ürəyimdə “Ana!” deyə qışqırmağa davam edəcəkdim. Bilirdim ki, o, mənim bu qışqırığımı mistik şəkildə eşidir. Onun mənim adımı heç bir söz demədən çəkməsi və aramızda bağlılıq olduğunu bilməsi üçün mən onu uzun müddət tək başına qoya bilərdim. Sonra sevgiyəbənzər nə isə bütün dünyanı dolduracaqdı və Skabi Hansla Gözəl Lili bunu hiss edərək kitabda rəngli şəkillər olmağa davam edəcəkdi. Gözlənildiyi kimi nəğmə bitən kimi onlar bir-biri ilə dalaşmağa, bir-birinin üstünə çığırmağa, saçlarını yolmağa başladılar. Elə o andaca əsəbi qışqırıqlar qonaq otağına daxil oldu, mən də həmin an özümə söz verdim ki, sabah özümü elə aparacam, sanki bu lənətə gəlmiş şəkil heç orada yoxdur.

Ümid bu şəkildə məhv olduğunda anam sərt, əsəbi hərəkətlərlə, sanki üzərindəki hər paltar ona təhqirmiş kimi əynini geyindi. Mən də geyinməli idim və dünya mənim üçün soyuq, təhlükəli və məşum bir zamana çevrilirdi. Çünki anamın belə əsəbi olması sonda mənim üzümə şillə vurması, ya da qaz sobası istiqamətində itələməsilə nəticələnərdi. O yad idi, qəribə idi və mən düşünürdüm ki, çox güman, doğuş vaxtı məni dəyişiblər, mən heç onun övladı deyiləm. Geyinəndən sonra yataq otağında güzgünün qarşısında dayanır, çəhrayı salfetə tüpürür və bərk-bərk onunla yanaqlarını silirdi. Fincanları mətbəxə daşıdım və daxilimdə uzun, sehrli sözlər qoruyucu membran kimi sürünməyə başladı. Bu bir nəğmə idi – sakitləşdirici, ritmik, hədsiz düşündürücü. Amma heç bir halda məyusedici və qanqaraldıcı deyildi, çünki onsuz da günümün qalan hissəsinin dilxorluqla və əhval-ruhiyyəsiz keçəcəyindən əmin idim. Bu söz yağışı üzərimə yağdığında anladım ki, anam heç nə edə bilməz, çünki artıq mənim üçün vacib sima deyildi. Anam da bunu bilirdi və onun gözləri soyuq düşmənlik dolu duyğularla alışıb-yanırdı. Gəlib bu halda məni görüb təsirlənəndə heç zaman vurmazdı. Amma heç dindirib danışdırmazdı da.

Həmin dəqiqədən növbəti səhərə kimi bir-birinə yaxın olan yalnız bədənlərimiz oldu. Dar yer olmasına baxmayaraq, bədənlərimiz hətta kiçik bir kontaktdan belə qaçırdı. Divardakı dənizçinin arvadı hələ də həsrət dolu baxışlarla ərini gözləyirdi. Amma anam və mənim bu yer üzərində nə bir kişiyə, nə də bir oğlana ehtiyacımız vardı. Kövrək və son dərəcə qəribə xoşbəxtliyimiz yalnız biz birlikdə olanda çiçəklənirdi. İndi ki, anam ölüb, birlikdəliyimizlə bağlı gerçək əhvalatlar danışan biri də qalmayıb, uşaqlığımdan sonra ümumiyyətlə həmin anların xatirəsi yalnız nadir hallarda beynimdə canlanırdı.

II BÖLÜM

Uşaqlığımızın lap dərinliyində atam gülərək dayanıb. O böyükdür, soba kimi qaradır, amma onunla bağlı qorxduğum heç nə yoxdur. Onun haqqında maraqlandığım hər şeyi öyrənməyə icazə vardı və başqa bir şey öyrənmək istəyirdimsə, onda da soruşmalıydım. Özbaşına mənimlə danışmır, çünki balaca qızlarla nə danışılacağını bilmir. Ara-sıra başıma sığal çəkib “ Heh, heh” deyir vəssalam. Onda anam cəld dodaqlarını bir-birinə sıxır və atam əlini başımdan çəkir. Atam bizi təmin edən adam olduğundan onun bəzi imtiyazları var. Anam bunu qəbul etməlidir, edir də, ancaq etirazla. Atam divanda uzananda anam deyir: – Sən də burada bizim kimi otura bilərsən! Atam kitab oxuyanda isə anam deyir: – Kitablar insanları qəribələşdirir. Həm də kitablarda yazılanlar hamısı səhvdir. Bazar günləri atam pivə içərkən yenə də anam deyir: İki pivənin qiyməti 26 öre edir. Əgər belə davam etsən, bizim axırımız Sundholmdur. Düzdür, bilirəm ki, Sundholm insanların saman üzərində yatdıqları, gündə üç dəfə siyənək yedikləri yerdir, amma yenə də bu ad mənim tək qalmış və qorxmuş olduğum məqamlarda uy-durduğum sətirlərə yaxşı uyğun gəlir. Çünki bu sözün özü atamın şəkilli kitablarındakı şəkillər qədər gözəldir. Kitabın adı “Fəhlə ailəsi piknikdə”dir. Üz qabığında ata, ana və onların iki övladı təsvir edilib. Hamısı yaşıl otun üzərində uzanıb və aralarına qoyduqları piknik səbətindən yeyə-yeyə nəyəsə gülürlər. Dördü də atanın başı tərəfdən yerə sancılan bayrağa tərəf baxır. Bayraq qıpqırmızıdır. Mən kitaba yalnız baş-ayaq vəziyyətdə baxa bilirəm, çünki onu yalnız atam oxuyanda görürəm. Sonra anam işıqları yandırır və hələ qaranlıq düşməsə də, sarı pərdələri çəkir və deyir: – “Mənim atam əclafın biri idi, sərxoşluq edirdi, amma ən azından heç zaman sosialist olmayıb.”Atam sakitcə mütaliəyə davam edir, çünki bir qədər kardır, bu da bir sirr deyil. Qardaşım Edvin oturub masaya mıx çalır, sonra isə kəlbətinlə onları dartıb çıxarır. O, bacarıqlı işçi olacaq. Bu xüsusi bir şeydir. Bacarıqlı işçilərin masası üzərinə qəzet əvəzinə süfrə örtüyü salınır, onlar bıçaq və çəngəllə yemək yeyir. Heç zaman işsiz olmurlar və sosialist deyillər. Edvin yaraşıqlıdır, mənsə çirkin. Edvin ağıllıdır, mən isə axmağam. Bunlar küçənin aşağısında çörəkçi evinin yuxarı hissəsində böyük, ağ hərflərlə olan yazı kimi təkzibedilməz faktlardır. Orada yazılıb ki, “Politiken” ən yaxşı qəzetdir. Bir dəfə mən atamdan soruşdum ki, niyə “Politiken”əvəzinə “Sosial demokrat” qəzetini oxuyur. Amma o, cavabında qaşlarını çatdı və boğazını arıtladı. Həmin anlarda mənim belə axmaq sualımın müqabilində anam və Edvin özünəməxsus qəhqəhələrə boğulurdular.

Minlərlə axşamdır ki, qonaq otağımız işıq və istilik adasıdır. Biz isə kukla teatrından dörd kukla kimi bu otağın sakinləri idik. Atamın “Familie Journalen”dən kəsib düzəltdiyi fiqurların bənzəri kim. Hər zaman qışdır və bayırdakı dünya da bizim yataq otağında və mətbəxdə olduğu kimi soyuqdur. Qonaq otağımız zaman və məkan arasında üzür və sobadakı ocaq çırtıltı ilə dilim-dilim yanır. Edvinin öz çəkici ilə xeyli səs-küy salmasına baxmayaraq, atam qadağan olunmuş kitabın səhifələrini çevirərkən sanki daha çox səs gəlir. Atam bir neçə səhifə çevirəndən sonra Edvin iri, qəhvəyi gözləri ilə anama baxıb çəkicini yerə qoyur.

– “Ana, bizim üçün nəsə oxuyarsan?” deyə soruşur. “Yaxşı” anam ona gülərək cavab verir. Qəfildən atam oxuduğu kitabı qarnının üstünə qoyur və mənə sanki nəsə sözü varmış kimi qəribə nəzərlərlə baxır. Amma atamla mənim bir-birimizə demək istədiyimiz sözlər heç zaman deyilmir. Edvin yerindən sıçrayır və sahib olduğu, qayğısına qaldığı yeganə kitabı anama uzadır. Bu, müharibə mahnıları olan kitabdır. Anam kitabı vərəqlədikcə o da yanında əyilib dayanır. Hərçənd onlar bir-birinə toxunmurlar, amma elə yanaşı dayanıblar ki, bu duruş atamla məni onlardan ayırır, təcrid edir. Anam oxumağa başlayan kimi atam əllərini sinəsində, qadağan olunmuş kitabın üzərində çarpazlayaraq yuxuya gedir. Anam ucadan, həvəslə oxuyur, sanki oxuduğu mahnının sözləri ilə vəhdətdə olur:

Ana – bu anadır?
Mən sənin hönkürüb ağladığını görürəm.
Sən çox gəzmisən və heç yatmamısan.
Mən indi xoşbəxtəm, ağlama ana.
Bütün bu qorxulara rəğmən sağ ol ki, gəldin!

Anamın bütün mahnılarının bir neçə bəndi var və o, birincinin sonuna çatmamış Edvin yenidən çəkicləməyə başlayır, atam isə ucadan xoruldayır. Edvin ondan ona görə oxumağı xahiş etmişdi ki, atamın oxumağından diqqətini yayındırsın. O oğlandır, oğlanlar isə insanı ağladan mahnıları dinləməyi xoşlamırlar. Anam da mənim ağlamağımı sevmir, belədə mən boğazımda yekə bir parça otururam və kitaba, döyüş səhnəsinə, ölməkdə olan, son anında əlini işıq saçan anasına doğru uzadan – əslində bu adamın orada olmadığını bilirəm – əsgər şəklinə baxıram. Kitabdakı bütün nəğmələrin eyni mövzusu var və anam onları oxuduğu müddətdə mən istədiyimi edə bilərəm, çünki həmin anlarda o qədər öz dünyasına qərq olur ki, ətraf aləmdə baş verən heç nə onun vecinə olmur. Heç aşağıdakılar sözləşməyə, dalaşmağa başlayanda belə onların səsini eşitmir. Rapunzel öz uzun, qızılı saqqalı ilə məhz orada öz valideynləri ilə birgə yaşayır və bir dəstə növruzgülü qarşılığında onu küpəgirən qarıya satmaqdan imtina edir. Mənim qardaşım şahzadədir və o bilmir ki, az sonra qüllədən yıxıldıqdan sonra kor qalacaq. O, masaya mismar çalır və ailənin sevincidir, fəxridir. Oğlanlar hər zaman belə olur, qızlar isə sadəcə ərə gedib dünyaya övlad gətirir. Onlara sadəcə dəstək vermək lazımdır və onlar nə başqa bir şey gözləyə, nə də başqa bir şeyə ümid edə bilərlər. Rapunzelin ata-anası Garlsberq pivə şirkətində işləyir və hər biri günə 50 pivə içir. Onlar axşam evə gələndən sonra da içməyə davam edir və mənim yatmaq vaxtımdan bir qədər öncə Rapunzelin üstünə bağırmağa, onu qalın çubuqla döyməyə başlayırlar. O, həmişə məktəbə üzündə, ayaqlarında göy qançırlarla gedir. Onlar onu döyməkdən yorulduqda isə sınmış stul ayağı, ya da butulka götürüb bir-birinə hücum etməyə başlayırlar. Və polis gəlib onlardan birini apardıqdan sonra nəhayət ki, bina üzərinə hüzur, sakitlik çökür. Polisi nə atam, nə də anam xoşlayır. Valideynlərimin düşüncəsinə görə, sakitlikdə yaşamaq istəyirlərsə əgər, Rapunzelin ata-anasına bir-birini öldürməyə icazə verilə bilər. “Onlar öz işini görür” – atam polis haqqında deyir. Anam isə polisin gəlib atasını həbsxanaya apardığı zamanlar haqqında xatirələrini tez-tez yada salır. O, bunu heç zaman unutmayacaq. Mənim atam isə heç içmir və heç vaxt da həbsxanaya düşməyib. Valideynlərim heç zaman dalaşmır və mənim vəziyyətim onlar uşaq olduqları zamandakından xeyli yaxşıdır.

Amma aşağıda səs-küy qurtaranda, qaranlıq bir qorxu varlığımı, düşüncələrimi çulğayır və mən yatmağa getməli oluram. “Gecən xeyrə qalsın!” anam deyir, qapını bağlayır və yenidən isti qonaq otağına keçir. Mən paltarlarımı, hər ay Milad bayramında hədiyyə aldığım uzun qara corablarımı, axşam xalatımı əynimə keçirdib bir dəqiqə pəncərə kənarında otururam. Aşağıda həyətə baxıram, sanki bu dəqiqə yağış yağmış kimi hər zaman su axan qarşı binanın ön divarına tamaşa edirəm. Üzbəüz binadakı evlərin demək olar ki, heç birində otaqların işıqları yanmır, çünki hamısı yataq otaqlarıdır. Və tərbiyəli insanlar işıqları yanıq qoyub yatmır. Divarların arasından səmada tək ulduzun aradabir sayrışdığı bir dörbucaq parçasını görürəm. Mən onu axşam ulduzu adlandırıram və anam girib otağımın işıqlarını söndürdüyündə bütün varlığımla həmin ulduz haqqında düşünürəm. Çarpayımda uzanıb qapının arxasında qalaqlanan paltarlara baxıram. Onlar əyri-üyrü əllərə çevrilib boğazımdan yapışmağa cəhd edirlər. Qışqırmağa çalışıram, amma ağzımdan yalnız boğuq bir pıçıltı çıxır. Və nəhayət ki, qışqıra bildiyimdə həm yatağım, həm də özüm tər içində üzürük. Atam qapımın ağzında dayanıb, otağımın işığı isə yanıqdır. “Sən qarabasma görürdün.” – o deyir, – “Mən də uşaq olanda qarabasmalardan çox əziyyət çəkmişəm.” Mən cavabında deyirəm: – “Amma onda fərqli çağlar idi.” Dalğın baxışlarla mənə baxır, deyəsən düşünür ki, mənim kimi yaxşı həyat yaşayan bir uşağın qarabasmaları olmamalıdır. Mən utancaqlıq və üzrxahlıqla onun üzünə gülürəm, sanki bu qışqırıq axmaq bir davranış idi. Yorğanımı çənəmə kimi çəkirəm, çünki ata öz qızını gecə paltarında görməməlidir. “Yaxşı, yaxşı.” – o deyir, işıqları yenidən söndürüb çıxıb gedir. Eyni zamanda necəsə özü ilə mənim qorxumu da götürüb aparır. Çünki indi rahat yatıram, qapının arxasındakı paltarlar isə sadəcə köhnə cır-cındırlardır. Pəncərənin o tərəfində qorxusu, məşumluğu və təhlükəsi ilə çulğayan gecədən qaçmaq üçün yatıram. Gün ərzində bayram əhvalına bürünən, çox işıqlı olan İstedqade küçəsində polis və təcili yardım maşınlarının siqnal səsləri gəlir, mən isə heç nədən narahat olmadan yorğanın altında uzanmışam. Küçələrdə içkili kişilər yarılmış başları ilə yerdə sərələnib və əgər sən Kafe Çarlza girsən, öldürüləcəksən. Bu mənim qardaşımın dediyi sözdür, və o nə deyirsə, həmişə doğrudur.

III BÖLÜM

Demək olar ki, 6 yaşım var və tezliklə məni məktəbə qoyacaqlar, çünki oxuyub yaza bilirəm. Əziyyət çəkib anama qulaq asan hər kəsə bu haqda xəbər verib deyir ki, kasıb insanların uşaqlarının da beyinləri ola bilər. Beləliklə, bəlkə də hər şeyə rəğmən sevir məni? Mənim onunla münasibətim dəyişkən, yaxın, ağrılı olur və mən hər zaman onunla münasibətimizdə bir sevgi nişanəsi axtarıram. Etdiyim hər şeyi onu məmnun etmək üçün, güldürmək üçün, sevindirmək üçün edirəm. Bu iş son dərəcə yorucudur, çünki eyni zamanda ondan gizlədiləsi o qədər işim var ki. Bəzi şeyləri gizlincə qulaq asıb öyrənirəm, bəzilərini atamın kitabların-dan, elələri də var, qardaşım deyir. Anam təzəlikcə hospitalda olduğu müddətdə hər ikimizi Aqnete xalamla Peter əmimin evinə göndərdilər. Onlar anamın bacısı və onun varlı əridir. Mənə dedilər ki, ananın qarnında nəsə problem var, sonra isə Edvin gülüb mənə izah etdi ki, anamızın “məfkurə”si pozulub. Yəni, orada bir uşaq olub, amma sonra ölüb. Ona görə də göbəkdən aşağı hissəsindən kəsib həmin uşağı götürdülər. Bu sirli və dəhşətli idi. O, hospitaldan evə döndüyündə hər gün əlüzyuyanın altındakı vedrə qan ilə dolurdu. Hər dəfə bu barədə düşünəndə bir şəkil gəlir gözümün qabağına. Şəkil Zakarias Nielsenin hekayələr toplusundandır – orada uzun, qırmızı paltarlı çox gözəl bir qadın təsvir edilir. O, nazik, ağ əlini sinəsinin altında tutub eleqant geyinmiş centlmenə deyir: Mən ürəyimin altında bir uşaq gəzdirirəm. Kitablarda belə şeylər gözəldir, qansızdır, oradakılar məni rahatladır, əmin edir. Edvin deyir ki, belə qəribə olduğuma – qəribəliyimin səbəbi isə bu qədər çox kitab oxumağım, bir də necə oynamağı başa düşməməyimdir – görə məktəbdə xeyli kötək yeyəcəyəm. Hətta bu durumda belə anamın əlindən tutub Enqhavevay məktəbinin qırmızı qapısından içəri girdiyimdə qorxu keçirtmirəm. Çünki anam mənə tamamilə bənzərsiz olmağım haqqında yeni duyğu aşılayıb. Xəz yaxalığı qulaqlarına qədər qalxan yeni paltosunu geyinib, belində kəməri də var. Yanaqları salfetlə silməkdən qızarıb, elə dodaqları da. Kipriklərini elə bəzəyib, sanki iki balığın tərpənən quyruqlarıdır. Əminəm ki, uşaqların heç birinin belə gözəl anası yoxdur. Mən özüm Edvinin kəsilib düzəlmiş paltarlarını geyinmişəm. Amma bunu Rozalia xala etdiyi üçün heç kim başa düşə bilməz. O tikiş ustasıdır və qardaşımı da, məni də sanki öz uşaqlarıymışıq kimi sevir. Ancaq özünün uşağı yoxdur.

Bizə tamamilə boş görünən binaya daxil olduğumuzda burnuma kəskin qoxu dəyir. Həmin an tanıyıram və qəlbim daralır, çünki bu artıq mənə yaxşı tanış olan qorxunun qoxusu idi. Anam da bu iyi duyduğu üçün biz pilləkənlərlə yuxarı qalxdıqda əlimi buraxır. Bura direktorun otağıdır. Bizi küpəgirən qarıya oxşar bir qadın qarşılayır. Yaşılsov saçları quş yuvasına bənzəyir. Yalnız bir gözü üçün eynəyi var, yəqin o biri şüşəsi sınıb. Mənə elə gəlir dodaqları yoxdur, onlar bir-birinə o qədər sıxılıb. Onların üzərində isə böyük donqar, ucu qırmızı burun var. – “Hmm…”, – o girişsiz deyir, – “Belə, sənin adın Tovedir?” – “Hə”, – mənim anam deyir. Anama tərəf heç baxmır, oturmağa yer təklif etməkdən heç danışmıram belə. – “Və, o, səhv etmədən oxuyub-yaza bilər.” Qadın mənə elə baxır, elə bil mən onun qaya altında tapdığı bir şeyəm. – “Bu çox pisdir”, – qadın soyuq-soyuq dilləndi, – “Bilirsiniz, bunları uşaqlara öyrətmək üçün bizim öz metodlarımız var.” Utanıram, yanaqlarım qızarır. Anam mənə görə alçalanda hər zaman belə oluram. Fəxarətim yox olub, məxsusi olmağım haqda qısasürən sevincim uçub getdi. Anam yanımdan bir qədər kənara çəkilir və zəif səslə deyir: – “Özü öyrənib, bizim günahımız deyil.” Başımı qaldırıb ona baxıram və çox şeyi dərhal başa düşürəm. Başqa yaşlı qadınlardan balaca görünür, başqa analardan cavan görünür. Mənim küçəmdən kənarda qorxduğum bir dünya var. Və biz ikimiz də bu qorxunu birlikdə yaşayanda, arxadan mənə bıçaqla zərbə endirir. Həmin küpəgirən qarının qarşısında dayanarkən həmçinin anamın əllərindən qabyuyan sabunun iyininin gəldiyini duyuram. Bu iyə nifrət edirəm və biz məktəbi tam bir səssizlik içində tərk edərkən ürəyim pərakəndə əsəblə, qəm-qüssə ilə və mərhəmət hissi ilə dolub daşır. Həmin andan etibarən ömrümün sonuna kimi bu mərhəmət hissi içimdə hər zaman oyaq olacaqdı.

IV BÖLÜM

Eyni zamanda bəzi faktlar da mövcuddur. Onlar küçədəki işıq dirəkləri kimi möhkəm, hərəkətsizdir. Amma ən azından dirəklər axşamlar işıqçının sehrli toxunuşu ilə dəyişirlər. Sonra isə gündüz və gecə arasındakı dar sərhəddə, bütün insanların yaşıl okeanın dibində sakit gəzişi misalı, böyük, yumşaq günəbaxanlar kimi işıqlanırlar. Faktlar isə heç zaman işıqlanmır və onlar mənim ilk oxuduğum kitablardan sayılan “Ditte menneskebarn” kitabındakı kimi insanların qəlbini yumşalda bilmir. Bu “sosial romandır” atam laqeydliklə deyir. Ola bilər, bu həqiqətən də belədir, amma bu fakt deyil və mənim ona ehtiyacım yoxdur. “Cəfəngiyyatdır!” faktlara önəm verməyən amma eyni zamanda onları məndən daha yaxşı görməzdən gələn anam deyir. Atam nadir hallarda onun əlindən çox acıqlı olanda yalanlarla dolu insan olduğundan şikayətlənir. Amma mən bunun belə olmadığını bilirəm. Mən hər uşağın öz uşaqlıq dövrü olduğu kimi hər böyüyün də öz həqiqəti olduğunu anlayıram. Anamın həqiqəti atamınkından tamamilə fərqlidir. Bu atamın qəhvəyi, anamın isə mavi gözlərinin olması qədər açıq-aşkardır. Xoşbəxtlikdən işlər elə qurulur ki, sən həqiqəti ürəyində sakitcə saxlaya bilirsən. Yaxşı ki, həqiqi faktlar məktəb kitablarında, dünya tarixində, kilsə külliyatında və qanun məcmuələrində əks olunur. Heç kim onları dəyişə bilmir, heç kim buna cəhdə cəsarət də etmir. Heç Allahın özü də – mən onun görkəmini baş nazir Stauninqin görkəmindən ayıra bilmirdim. Hərçənd atam deyir ki, kapitalistlər hər zaman ondan kasıblara qarşı istifadə ediblər, odur ki, bu səbəbdən də ona inanma.

Mən 1918-ci ilin 14 dekabrında Kopenhagenin Vesterbro bölgəsində iki otaqlı balaca bina evində doğulmuşam. Biz Hedebiyqade küçəsi 30A-da yaşayırdıq. “A” o deməkdir ki, bu arxa binadır. Pəncərələrindən küçəyə mənzərə açılan ön binada isə daha “yaxşı” insanlar yaşayırdı. Hərçənd onların evləri dəqiqliklə bizimkilərin oxşarı idi, onlar kirayə haqqı kimi hər ay bizdən iki kron daha artıq ödəyirdilər. Bu həmin il idi ki, I Dünya müharibəsi bitmişdi və 8 saatlıq iş vaxtı tətbiq edilmişdi. Qardaşım Edvin dünya müharibəsi başlayanda, atamın gündə 12 saat işlədiyi vaxtlarda doğulmuşdu. Atam soba ustası idi və sobanın qığılcımlarının təsirindən gözləri hər zaman qızarardı. Mən doğulanda atamın 37 yaşı vardı. Anam isə ondan 10 yaş kiçik idi. Atam Niyşöbinq Morsda doğulmuşdu. O, nigahdankənar doğulduğundan heç zaman atasının kim olduğunu öyrənə bilməmişdi. 6 yaşı olanda onu çoban kimi heyvanların üstündə göndərirdilər, elə həmin vaxtlarda da anası Floutrup adlı dulusçu ilə evlənmişdi. Anası bu kişidən 9 uşaq dünyaya gətirmişdi, amma mən bu ögey qardaş-bacılar haqqında heç nə bilmirdim, çünki onları heç zaman görməmişdim və atam onlar barədə heç bir kəlmə də danışmırdı.

O, 16 yaşında Kopenhagenə köçəndə ailəsi ilə bütün əlaqəni kəsibmiş. Hər zaman yazmaq haqqında xəyalları vardı və bu xəyallar onu heç zaman tərk etmirdi. Bir-iki qəzetdə müvəqqəti müxbir kimi işə düzəlsə də bilinməyən səbəblərdən hər dəfə işi ilə vidalaşmalı olmuşdu. 26 yaşında Tordensoldsqadedəki çörəkçidə anamla tanış olana kimi isə on ilini Kopenhagendə necə keçirdiyi haqqında heç bir fikrim yoxdur. Atam həmin çörəkçidə köməkçi işləyirmiş. Bu qeyri-adi dərəcədə uzun müddət davam edən və atamın anamın onu aldatdığı düşüncəsi ilə bir neçə dəfə yarımçıq buraxdığı bir sevgi macərası idi. Məncə bu halların əksərində anam tamam günahsız olub. Bu iki insan bir-birindən o qədər fərqlidir ki, sanki hər ikisi ayrı-ayrı planetlərdən gəlib. Atam melanxolik, ciddi, qeyri-adi dərəcədə mənəviyyatçı, anam isə ən azından cavan qız olduğu vaxtlarda, həyat dolu, axmaq, məsuliyyətsiz və bihudə biri idi. O, bir çox yerlərdə qulluqçu kimi çalışıb və harada ona uyğun gəlməyən bir şey baş verirdisə oranı tərk edirmiş. Sonra atam gedib . Sonradan anam mənə etiraf etmişdi ki, heç bir işdə bir yumurtanı qaynatmağa yetəcək qədər zaman keçirtməmişdir.

Bədbəxtlik baş verdiyində mənim 7 yaşım vardı. Anam yenicə mənə yaşıl sviter toxumuşdu. Əynimə geyinmişdim, çox gözəl olduğu düşüncəsində idim. Günün axırına doğru atamı işdən götürməyə yollandıq. O, Kinqosqadedə Riedel və Lindeqaard şirkətində çalışırdı. O, orada uzun müddətdir işləyirdi, belə deyək, mən özümü biləndən orada idi. Ora bir qədər erkən yetişdik, mən səki boyu əriməkdə olan qarı təpikləyirdim, anam isə yaşıl məhəccərə söykənib gözləyirdi. Atam alaqapıdan çıxdığında ürəyim şiddətlə çırpınmağa başladı. Onun üzü boz, gülməli və fərqli idi. Anam tez ona yaxınlaşdı: – “Ditlev”, – o dedi, – “nə baş verib?”

Atam yerə baxaraq dedi: – “Məni işdən qovdular.” Mən bu sözün özünü olmasa belə, onun ishalolunmaz acıya səbəb olduğunu başa düşmüşdüm. Atam işini itirmişdi. Yalnız başqalarını vura biləcəyini düşündüyümüz bəla bizi də vurmuşdu. İndiyə kimi yalnız yaxşı şeylərin gəldiyi Riedel və Lindeqaard şirkəti mənim atamı çənəsinə alıb sıxan, əzən, çeynəyən qəddar, daşqəlbli əjdahaya çevrilmişdi. Nə atam, nə biz, nə də hələ görmədiyi təzə yaşıl sviterim bu əjdahanın vecinə deyildik. Evə gedərkən heç birimiz dinib-danışmadıq. Əlimi anamın əlinin içinə salmaq istədim, amma sərt bir hərəkətlə əlini əlimdən kənarlaşdırdı. Biz yataq otağına girdiyimizdə atam günahkar nəzərlərlə ona baxdı. “Belə-belə işlər…” – o, iki barmağı ilə qara bığlarını sığallaya-sığallaya dedi. İşsizliyə görə müavinətin ödəniləcəyi günə hələ çox var. Onun 43 yaşı vardı, haradasa daimi iş tapmaq üçün artıq çox yaşlı idi. Bununla belə yalnız bir dəfə yadımda qalıb ki, bizim üçün sosial müavinət məsələsi müzakirə edildi. Bu müzakirə mənlə qardaşım yatandan sonra pıçıltı ilə davam etdi. Çünki bu biabırçılıq idi, aşağılanmaq idi. Əgər sosial müavinət alırsansa, bu zaman səs vermək hüququnu itirirsən. Biz heç zaman acından ölmürdük, ən azından hər zaman mənim qarnımda nələrsə olurdu. Amma daha imkanlı ailələrin mətbəxlərindən gələn gözəl iylər sayəsində hərdən yarıac olduğumu anlayırdım. Xüsusən də günlərlə qəhvə və bir böyük məktəb çantası 25 öre olan bayat un məmulatlarını yedikdən sonra.

Bu un məmulatlarını alan mən idim. Hər bazar günü saat 6-da anam məni yuxudan oyadır və gün ərzində görəcəyim işləri tapşırırdı. Özü isə hələ də yatmış olan atamın yanında, evlilik çarpayılarında yorğanı başına çəkib uzanırdı. Küçəyə çatmamış artıq soyuqdan keyiyən barmaqlarımla məktəbli çantamdan bərk yapışıb günün həmin vaxtında hələ də zülmət qaranlıq içində olan pilləkənlərlə aşağı uçurdum. Küçə qapısını açıb hər istiqamətə baxandan sonra ön binadakı pəncərələrə mübhəm bir nəzər salırdım, çünki heç kim mənim bu iyrənc tapşırığı həyata keçirdiyimi görməməli idi. Karlsberqvay məktəbinin bufetində yemək yemək heç də yaxşı şey hesab edilmirdi. Ora isə 1930-cu illərdə Vesterbroda yerləşən yeganə sosial institut idi. Sonuncuya, Edvin və mənə bunu etməyə icazə vermədilər. Bu baxımdan işləməyən ataya sahib olmaq da heç ürəkaçıcı deyildi, hərçənd birzlərdən çoxu məhz işsiz idik. Belədə biz bu utanc gətirən durumu dəlisov yalanlarla ört-basdır edirdik. Daha çox atamızın iş başında yıxılıb indi də sağlamlığına görə icazəli olduğu yalanını uydururduq. Tönderqada küçəsindəki çörəkçinin qarşısında uşaqlar ilan kimi burulan növbələr düzəltmişdilər. Hamısının çantası vardı və hamısı hansı çörəkçidə hansı çörəyin necə ləzzətli olması haqqında üyüdüb-tökürdülər. Xüsusən də çörək təzə bişmiş olanda. Növbə mənə çatanda mən çantamı piştaxtaya dürtdüm, tapşırığımı pıçıltı ilə deyib bərkdən əlavə etdim: “Varsa, kremli kökə verin. Anam dönə-dönə ağ çörək istəməyimi tapşırmışdı. Evə qayıdarkən 4-5 kremli kökəni birdəfəyə ağzıma basdım, sonra paltomun qolu ilə ağzımı sildim və anam çantanın dibində eşələnəndə belə ifşa olunmadım. Çox nadir hallarda, demək olar heç vaxt etdiyim cinayətlərə görə cəzalanmırdım. Anam məni tez-tez, özü də möhkəm vurardı, amma adətən bu lüzumsuz, ədalətsiz cəzalar idi. Və mən bu cəza müddətində gizli utanc, yaxud dərin kədər hiss edirdim. Çünki gözlərimdə yaranan yaş gilələri bizim aramızdakı məsafəni daha da böyüdürdü. Atam heç zaman məni vurmayıb. Əksinə, o, mənə qarşı mülayim olub. Bütün uşaq vaxtı sahib olduğum kitablar onunku idi və beş yaşım tamam olanda o, mənə “Qrim qardaşları nağılları”-nın möhtəşəm nüsxəsini hədiyyə etdi. Bu kitab olmasaydı uşaqlığım saya, mənasız, darıxdırıcı olardı. Bununla belə ona qarşı xüsusi güclü hissim yox idi. Atam divanda oturub sakit, nəsə axtaran nəzərlərini üzərimə zilləyəndə buna görə özümü tez-tez qınayırdım. Sanki mənə tərəf baxıb nəsə etmək, heç zaman demədiyi, ifadə edə bilmədiyi nəyi isə demək istəyir. Mən anamın qızı idim, Edvin də atamın oğlu – təbiətin qanunu dəyişdirilə bilməzdi. Bir dəfə atamdan soruşdum: – Sısqamaq nə deməkdir? Mən bu ifadəyə Qorkinin yaradıcılığında rast gəlmiş və bunu sevmişdim. Bığları ilə oynaya-oynaya atam uzun müddət bu söz üzərində götür-qoy etdi. Sonra dedi ki, “bu rus məfhumudur”. Ağrı, miskinlik və kədər deməkdir. Qorki böyük şair olub. Mən xoşbəxtliklə dedim: – “Mən də şair olmaq istəyirəm”. Dərhal sifəti dəyişdi, qaş-qabaq sallayıb dedi: – “Axmaq olma, qızdan şair ola bilməz”. İncidim, yenidən özümə qapandım, həmin ərəfədə isə anamla Edvin bu axmaq ideyaya dəli kimi gülməyə başladılar. Özümə and içdim ki, bir də heç vaxt xəyallarımı kimsəyə açıqlamayacağam və bütün uşaqlığım boyu bu anda əməl etdim.

V BÖLÜM

Axşamdır və mən adətim üzrə yataq otağındakı soyuq pəncərə kənarlığında oturub aşağı baxıram. Bu mənim günümün ən xoşbəxt saatıdır. Qorxunun ilk dalğası sakitləşmişdi. Atam “gecən xeyrə qalsın” deyib isti qonaq otağına geri dönmüşdü və qapımın arxasındakı paltarlar artıq məni qorxutmurdu. Axşam ulduzuna Allahın lütfkar gözü kimi baxdım. İndi bu ulduz ayıq-sayıqlıqla məni izləyir və gün ərzində olduğundan daha yaxındır. Bir gün mən içimdən keçən bütün sözləri yazacağam. Bir gün başqa insanlar onları kitabdan oxuyacaq və elə zövq alıb düşünəcəklər ki, qadın da şair ola bilərmiş. Anamla atam Edvinlə fəxr etdiklərindən daha çox mənimlə fəxr edəcəklər və məktəbdəki gözüaqndən heç nə qaçmayan müəllim (hələ yoxdur, gələcəkdə) deyəcək: bundakı istedadı hələ o vaxt, qız uşaq olanda görmüşdüm. Bu qızla bağlı xüsusi nəsə vardı. Elə istərdim içimdəkiləri bir yerə yazam, amma kağızları sonradan harada gizlədə bilərdim ki? Hətta valideynlərimin belə ağzı kilidlənən siyirtməsi yoxdur. Mən ikinci sinifdəyəm və himnlər yazmaq istəyirəm, çünki mənim düşüncəmə görə himnlər ən gözəl şeylərdir. Məktəbdəki birinci günümdə biz oxumuşduq: Allaha şükr olsun, tərif olsun! Biz o qədər hüzur içində yatmışdıq ki! Sonra növbəti sətirlərə keçdik:

“biz indi quş kimi canlı, dənizdəki balıq kimi cəld, pəncərə şüşəsindən içəri süzülüb düşən səhər günəşinin şüası kimiyik”. Bu mahnı məni o qədər riqqətə gətirmişdi ki, ağlamışdım. Mənim ağlamağıma bütün uşaqlar bir-birinə qoşulub – anamla Edvinin mənim qəribəliyimə güldükləri kimi- ucadan gülmüşdülər. Sinif yoldaşlarıma görə mən davamlı olaraq, son dərəcə gülməli biri idim. Mən hətta kloun roluna öyrəşmiş, bu rolda özümə hüznlü təskinlik belə tapmışdım. Çünki bu xüsusiyyət təsdiqlənmiş axmaqlığımla birləşdikdə məni fərqli olan hər kəsə qarşı xüsusi alçaqlıqdan qoruyur.

Kölgə aralı qalan qapıdan siçovul dəlikdən sivişən kimi sivişib içəri girir. Qaranlıq olmasına baxmayaraq onun korlanmış, təhrif edilmiş olduğunu görə bilirəm. Yolun maneəsiz olduğunu gördükdə şlyapasını alnından aşağı endirir qapını açıq qoyub unitaza doğru götürülür. İçərini görə bilmirəm, amma nə etdiyini bilirəm. Ondan qorxduğum vaxtlar artıq ötüb keçib, amma anam hələ də qorxur. Bir qədər öncə o, məni Svendsqada polis stansiyasına götürmüşdü, orada qətiyyətsiz, əsən səslə demişdi ki, qadınlar və uşaqlar onun iyrəncliyi ucbatından təhlükəsizlikdə deyillər. O, mənim balaca qızımı elə qorxutmuşdu ki, yazıq qızın bağrı yarıldı. Zabitə dedim ki, kölgə heç zaman başındakı şlyapanı çıxartmamışdı. Biz evə çatdığımızda anam atama dedi: – Polis bir şey etməyəcək. Bu ölkədə nə qanun qalıb, nə ədalət.

Qapı cırıldayıb açılır, mahnılar, gülüşlər və lənətlər təntənəli səssizliyi yarıb əvvəl otağa, sonra isə mənim içimə daxil olur. Kimin gəldiyini yaxşı görmək üçün boynumu uzadıram. Bu Rapunzeldir – onun atası, bir də valideynlərinin içki yoldaşlarından Tin Snout! Qız iki kişinin arasında gəzir, kişilərin hər biri əlini onun boynuna dolayıb. Onun qızılı saçları sanki görünməyən küçə işıq dirəyininin işığını əks etdirirmiş kimi şölələnir. Nərildəyərək, aşa-aşa küçədə yeriyirlər, bir qədər sonra səkiyə qusma səslərini eşidə bilirəm. Rapunzelin əsl adı Gerdadır, o demək olar ki, həddi-buluğa çatıb, 13 yaşı var. Keçən yay o, Qotur Hansla və gözəl Lili ilə qaraçı vaqonunda getdiklərində anam demişdi: – Məncə bu səfər Gerdaya qoturluqdan başqa şeylər də gətirib. Aşağıda, küçədə, zibil qablarının yanında dayanıb söhbət edən böyük qızlar da belə deyirdi. Çox vaxt onların yanında özümü artıq kimi hiss edirdim. Onlar bunu irişərək, alçaq səslə deyirdi və mən danışdıqlarının yalnız utancverici, çirkin, ədəbsiz, eyni zamanda Qotur Hansla Rapunzel haqqında olduğunu anlaya bilirdim. Belədə cəsarətimi toplayıb anamdan soruşdum: – xƏslində Gerdaya nə baş verib? Anam əsəbi və səbrsiz şəkildə dedi: Ay səni! O, daha məsum biri deyil, vəssalam! Və mən bu cavabdan heç müdrikləşmədim.

Buludsuz, ipək kimi səmaya baxıram və ona daha yaxın olmaq üçün pəncərəni açıram. Sanki Allah yavaş-yavaş incə sifətini endirir yerə və onun böyük ürəyi sakit və aramla mənimkinə yaxın bir yerdə döyünməyə başlayır. Mən özümü çox xoşbəxt hesab edirəm və uzun melanxolik cümlələr gəlib beynimdən keçir. Onlar məni, mən istəmədən əslində ən yaxın olmalı olduğum adamlardan ayırır. Mənim Allaha inanmağım valideynlərimin xoşuna gəlmir, eyni zamanda onlar mənim istifadə etdiyim dili də sevmir. Həmçinin, onların işlətdiyi dil də məndə ikrah doğurur, çünki hər zaman vulqar sözlərdən, kobud, qaba ifadələrdən istifadə edirlər. Həmin söz və ifadələr isə heç zaman onların demək istədiyi mənanı ifadə etmir. Allah sənə kömək olsun, əgər sən… Atam Allahı öz Yillan dialektində təhqir edir. Ola bilər, bu dialekt əslində pis deyil, amma məndə həmin dialektə qulaq asmaq heç də xoş hisslər oyatmır. Milad bayramı ərəfəsində biz yeni il ağacı ətrafında sosial demokrat savaş nəğmələri oxuyuruq və gəzirik. Amma eyni zamanda həm hiddət, həm də utanc hissi keçirdirdik, çünki biz gözəl himnlərin həm içkili, həm də Allahsız binalarda da oxunmasına şahidlik edirdik. “Sən gərək həm anana, həm də atana hörmət edəsən”, – mən öz-özümə dedim- “edirəm, amma indi bunu etmək mən uşaq olan zamanlardan daha çətindir”.

Gözəl, sərin yağış üzümə vurur və mən pəncərəni yenidən bağlayıram. Amma hələ də aşağıda açılıb-bağlanan qapının yumşaq səsini eşidə bilirəm. Sonra sanki incə, şəffaf çətirin altında gəlirmiş kimi sevimli bir varlıq həyətə daxil olur. Bu qarşımızdakı binada yaşayan gözəl, ruha bənzər qadın – Kettidir. O, uzun, sarı, ipək paltarının altından gümüşü hündürdaban ayaqqabı geyinib. Üstdən isə ağ xəzli palto, elə bilirsən qar qızdır. Kettinin saçı şəvə kimi qaradır. Bir an sonra alaqapı hər gecə mənim ürəyimi rövnəqləndirən gözəl səhnəni gizlədir. Ketti hər axşam bu zamanlar küçəyə çıxır və mənim atam deyir ki, ətrafda uşaqlar olanda qalmaqal qopur. Bu zaman onun nəyi nəzərdə tutduğunu anlamıram. Anam heç nə demir, çünki gün ərzində onunla mən tez-tez Kettinin qonaq otağına keçib ya qəhvə, ya da isti şokalad içirik. Bu hər tərəfi qırmızı mebellə bəzədilmiş möhtəşəm bir otaqdır. Lampanın kölgəsi belə qırmızıdır, Keti özü isə anam kimi çəhrayı-ağ rəngdədir, hərçənd o, anamdan daha cavandır. Bu ikili çox gülür, mən də bəzən onlara qoşulub gülürüm, bəzən elə olur, heç niyə güldüklərini anlamıram. Amma nə zaman ki, Keti mənimlə danışmağa başlayır, anam məni oradan göndərir, çünki söhbəti dinləməyimi bəyənmir. Eyni şeyləri mənimlə söhbət etməyi sevən Rosalia xala haqqında da demək olar. “Uşaqları olmayan qadınlar” – mənim anam demişdi, “hər zaman başqa qadınların uşaqları ilə məşğul olur”. Sonra isə Ketini ağ yuyub, qara sərir, çünki o, anasını küçəyə baxan, isinməyən otaqda yalnız qoyur və onu heç zaman qonaq otağına buraxmır. Anasının adı xanım Andersendir, anama görə bu ağ yalandır, çünki o, heç zaman evlənməyib. Bu halda uşağa sahib olmaq böyük günahdır, bunu bilirəm. Sonra mən anamdan soruşuram: – Keti öz anası ilə niyə belə pis davranır? Anam deyir səbəb odur ki, anası ona atasının kim olduğunu demir. Belə dəhşətli şey haqqında düşündüyündə, sən ailəndə normal münasibətlərə sahib olduğun üçün şükür etməlisən.

VI BÖLÜM

Uşaqlıq dövrü tabut kimi uzun və dardır, sən isə oradan özbaşına çıxa bilməzsən. Uşaqlıq dövrü hər zaman orada olur və hər kəs onu gözəl Lüviqin dovşan dodağı kimi görə bilər. Eyni sözləri gözəl Lili haqqında da demək olar, o elə çirkindir ki, sən onun anasının necə olmasını təsəvvür edə bilməzsən. Çirkin, bəxtsiz olan hər şeyi gözəl adlandırırlar və sən niyəsini bilmirsən. Sən uşaqlıq dövründən yaxa qurtara bilmirsən, o, sənə pis qoxu kimi yapışıb qalır. Sən bunu başqa uşaqlarda da müşahidə edirsən, hər bir uşaqlıq dövrünün öz qoxusu var. Sən öz iyini tanımırsan və bəzən qorxursan ki, bu iy başqalarından daha pisdir. Uşaqlıq dövrü kömür, kül iyi verən başqa bir qızın yanında dayanmısan, söhbət edirsən. Və birdən o, geri addım atır, çünki sənin uşaqlıq dövründən gələn pis qoxunu duya bilir. Gizli-gizli uşaqlıq dövrlərini içlərində gizlədən böyükləri müşahidə edirsən, bu dövr güvənin yeyib deşiklər açdığı, artıq heç kimin haqqında düşünmədiyi faydasız, cırıq-cırıq olan palaz kimidir. Yalnız onlara baxmaqla uşaqlıq dövrlərinin olduğunu deyə bilməzsən, eyni zaman simalarında həmin dövrün cızıqları, dərin çapıqları olmadan həmin dövrdən necə sağ-salamat qurtulduqlarını da söyləyə bilmirsən. Onların hansısa gizli üsuldan istifadə etdiklərindən şübhələnirsən, bəlkə də hansısa formada gələcəklərini, böyüklük dövrlərini tez yetişdirirlər. Onlar bunu bir gün evdə tək olduqlarında, uşaqlıqlarını üç qat ip tək ürəklərinin başına bağladıqlarında – Qrimm Qardaşları nağıllarındakı yalnız sahibi azad olanda ipləri qırılan Dəmir Hans kimi! Amma belə bir yaxınlaşdırma metodu bilmirsənsə, uşaqlıq dövrünü saatbasaat, sonsuz, nəhayətsiz illərin arasından keçərək yaşamalısan. Səni ondan yalnız ölüm xilas edə bilər və onu ağxalatlı, dostcanlı bir gecə sənin heç zaman oynamamağın üçün yaxınlaşıb qaşlarından öpən mələk kimi təsəvvür edirsən. Həmişə düşünürəm ki, bir gün böyüdüyüm zaman anam məni indi Edvini sevdiyi kimi sevəcək. Çünki mənim uşaqlıq dövrüm onu eyni məni qıcıqlandırdığı kimi qıcıqlandırır. Biz yalnız o, bir anda uşaqlığımın mövcudluğunu unutduğunda xoşbəxt ola bilirik. O zaman mənimlə Rosalia xala ilə, dostları ilə danışdığı kimi danışır. Və bu zaman mən çalışıram ki, cavablarım kifayət qədər qısa olsun ki, mənim uşaq olduğumu xatırlamasın. Əlini buraxıram, aramızda bir az məsafənin olmasını təmin edirəm ki, mənim uşaqlığımın qoxusunu duya bilməsin. Bu hər zaman mən onun İstedqada küçəsində alış-veriş etdiyim zaman baş verir. O, mənə uşaq ikən necə əyləndiyini danışır. Hər gün rəqs etməyə gedirmiş, rəqs meydançasından heç uzaq durmazmış. “Hər axşam mənim yeni oğlan sevgilim olardı”, – o deyir və ucadan gülür, – “hərçənd bu proses atan Ditlevi görəndə dayandı”. O, mənim atamdır və anam onu hər zaman “ata” adlandırır. Elə atam da onu “ana” adlandırır. Məndə belə bir təəssürat var ki, nə zamansa anam fərqli və xoşbəxt olub. Və o, Ditlevlə tanış olduğunda bütün bu xoşbəxtliyə son verilib. Atamdan bəhs edərkən elə bil atam haqqında deyil, hər gözəl, işıqlı, canlı şeyi məhv edən qara bir ruh haqqında danışır. Və mən deyirəm: – “Kaş Ditlev onun həyatına heç gəlməzdi”. Onun adını çəkməli olduğunda mənim uşaqlığımın bir hissəsi yadına düşür və ona əsəbi, təhdidedici tərzdə baxır. Həmin arada isə onu əhatə edən tutqun halqa daha da qaranlıqlaşır. O zaman qorxudan əsən uşaqlıq ümidsizcəsinə qalxıb ayaqlarının ucunda aradan çıxmağa çalışır, amma o, hələ çox balacadır və hələ bir neçə yüz il də atıla bilməz.

Daxilləri və xarici belə kobud uşaqlıq keçirdən insanlar uşaq adlanırlar və sən onlarla istədiyin kimi davrana bilərsən, çünki onlardan qorxmaq üçün bir səbəb yoxdur. Əgər çox hiyləgər deyillərsə, onların nə silahı var, nə maskası. Mən o tip hiyləgər uşaqlardanam və mənim maskam axmaqlıqdır. Çox diqqətli davranıram ki, heç kim bu maskanı məndən ala bilməsin. Ağzımı bir qədər açıram və gözlərimi sanki onlar hər zaman maviyə zilləniblərmiş kimi tam mənasızlaşdırıram. Heç bir böyük adam mənim ürəyimdəki nəğməni, köksümdəki söz çələngini duya, anlaya bilməz. Amma onlar həmin söz çələngi haqqında hansısa kanaldan süzülüb düşən söz parçaları vasitəsilə xəbər tutur. Mən həmin kanalı tanımıram, bu səbəbdən də onu saxlaya bilmirəm. Sən göylərdə uçmursan ki? Onlar şübhəli-şübhəli məndən xəbər alır. Və mən onları əmin edirəm ki, göylərdə uçmaq mənim heç ağlımın ucundan da keçməyib. Məktəbdə mənə sual edirlər. – “Sən nə barədə düşünürsən? Dediyim axırıncı cümlə nə oldu?” Amma onlar heç zaman mənim daxili aləmimə nüfuz edə bilmir. Məni yalnız həyətdə, küçədə oynayan uşaqlar görə bilir. “Sən özünü axmaq yerinə qoyursan”, – məndən böyük qızlar düşməncə bu sözləri deyib yaxınlaşır, “amma sən heç də axmaq deyilsən”. Sonra qızlardan biri məni başdan ayağa süzməyə başlayır və başqa bir neçə qız da sakitcə başıma yığışır və çevrə əmələ gətirir. Doğrudan da axmaq olduğumu sübut etməmiş həmin əhatədən mənə çıxış yoxdur. Nəhayət, mənim bütün axmaq cavablarımdan sonra bu onlara aydın olur və onlar mənim təhlükəsizliyə qaça bilməyim üçün çevrədə kiçik bir yarıq yaradırlar. “Çünki sən əslində olmadığın bir şey olmağını iddia etməməlisən”, – onlardan biri atamanlıqla arxamca bağırır.

Uşaqlıq dövrü qaranlıqdır və o, zirzəmidə bağlanıb unudulan balaca heyvan kimi hər zaman inildəyir. O, soyuq havada nəfəs alarkən ağzından çıxan nəfəs kimidir, bəzən çox kiçik olur, bəzənsə çox böyük. Heç zaman lazımi ölçüdə olmur. Yalnız o ötüb keçəndən sonra sən onun barəsində yoluxub sağ qaldığın xəstəlik kimi sakitliklə danışıb, sakit baxa bilərsən. Böyüklərin əksəri xoşbəxt uşaqlıq dövrünə sahib olduqlarını deyir, ola bilər, onlar doğrudan da, dediklərinə inanır, amma mən inanmıram. Mən sadəcə onların bunu unutduqlarını düşünürəm. Anamın xoşbəxt uşaqlığı olmayıb və bu başqalarında olduğu kimi onun daxilində gizlənməyib. Atasının tutmaları yadındadır, sonra divar üstlərinə aşmasın deyə onu ailələlikcə əlləri ilə saxladıqları da. Ona deyəndə ki, yazığım gəlir, mənim üstümə bağırır. Üzr istəyirəm, bu onun öz günahıdır! Sərxoş donuz! O, hər gün bir butulka içərdi və hər şeyə rəğmən nəhayət ki, güc tapıb özünü asdığında çox şey bizim üçün xeyli dərəcədə yaxşılaşdı. Anam həm də deyir ki, o, anamın 5 kiçik qardaşını öldürüb: – “O, qardaşlarımı beşikdən götürüb və onların başını divara çırpıb öldürüb”. Bir dəfə mən, anamın bacısı Rozalia xaladan soruşuram: – “Bu həqiqətdirmi?”, – və o cavabında deyir – “əlbəttə ki, yalandır, onlar hamısı özü ölüb. Bizim atamız bədbəxt adam olub, amma o, öldüyündə sənin ananın sadəcə 4 yaşı var idi. Ona nənənin nifrəti miras qalıb.” Nənə onların anasıdır, hərçənd artıq qocalıb, amma böyük nifrəti hələ də yaşatdığını təsəvvür edə bilirəm. Nənə Amaqer adasında yaşayır. Onun saçı tamamilə ağdır və hər zaman qara paltar geyinir. Anamla atam kimi. Mən ona yalnız kiminsə vasitəsilə söz deyə bilərəm, bu isə hər bir söhbəti xeyli dərəcədə çətinləşdirir və təkrarlarla doldurur. Çörəyi kəsmədən xaç çevirir, dırnaqlarını kəsdikdən sonra isə onları sobada yandırır. Niyə belə etdiyini soruşduğumda, – “bilmirəm”, deyir – “anam da belə edərdi.” Bütün böyüklər kimi anam da uşaqlar ondan nəsə soruşanda əsəbləşərdi, ancaq qısa cavablar verərdi. Haraya çevrilirsən-çevril uşaqlığınla rastlaşacaqsan və bu qarşılaşma səni ağrıdacaq. Çünki o möhkəm və iti ucludur, yalnız səni parça-parça edəndən sonra dayanır. Sanki hər kəsin öz uşaqlıq dövrü var və onlar bir-birindən tamamilə fərqlənir. Qardaşımın uşaqlığı çox səs-küylü keçib, mənimki isə əksinə, sakit, aramla. Heç kim onu xoşlamır və heç kimin ona bir ehtiyacı yoxdur. Qəfildən o, çox hündür olur və hər ikimiz ayağa qalxdığımızda mən anamın gözlərinə baxa bilirəm. “Sən yatarkən böyüyürsən” – o dedi. Mən gecəni oyaq qalmağa çalışıram, amma yuxu mənə güc gəlir və səhər başım gicəllənə-gicəllənə ayaqlarıma baxıram. Onlara kimi olan məsafə kifayət qədər artıb. “Böyük inəyə oxşayırsan!” – küçədəki oğlan arxamca bağırır. Və belə də davam edir. Mən böyüklər üçün Stormoqulendəki məktəbə gedəcəyəm. İndi uşaqlıq dövrüm məni incidir. Ağrı davam edir, artıq… Sən iyirmi yaşına çatana kimi dayanmır. Edvin belə deyir- o, hər şeyi bilir. Dünya və cəmiyyət haqqında da bilir. Onu siyasi müzakirələrə götürən atam kimi. Anam deyir ki, axırda hər ikisini polis həbs edəcək. Onlar anam belə şeylər danışanda ona qulaq asmırlar, çünki anam siyasət haqqında mənim bildiyim qədər az şey bilir. O, həmçinin deyir ki, atam sosialist olduğu üçün iş tapa bilməyəcək. Və atamın başının üzərindən, dənizçinin yanından asdığı Stauninqin şəkli bizə bir gün problem yaradacaq. Mən Stauninqi sevirəm, onu bir neçə dəfə Fəled parkda görmüşəm, haqqında çox eşitmişəm. Mən onu şən-şən küləkdə yellənən saqqalına görə sevirəm. Həm də ona görə sevirəm ki, baş nazir olsa belə, işçiləri ilə “yoldaş” statusunda dolanır. Siyasətə gəldikdə anamın yanlış olduğunu düşünürəm. Amma belə şeylər haqqında mənim kimi qızcığazın nə düşündüyü heç kimin vecinə deyil.

Bir gün mənim uşaqlığımdan qan iyi gəlir və mən onu görməzdən, bilməzdən gələ bilmirəm. “İndi sənin uşağın ola bilər”, – anam deyir, – “hələ çox tezdir, sənin heç 13 yaşın da yoxdur”. Mən bilirəm sənin necə uşağın olub, çünki mən valideynlərimlə yatıram, bunu bilirəm. Başqa yolla bunu öyrənə bilməzsən. Amma hətta belə durumda da, hələ də başa düşmədiyim bəzi şeylər var, elə bilirəm ki, istənilən an yanımda körpə uşaq yuxudan oyana bilərəm. Onun adı körpə Mariya qoyulardı , çünki qızım olacaq. Mən oğlanları xoşlamıram, mənə heç icazə vermirlər onlarla oynayım. Yeganə sevdiyim, məftunluq duyduğum oğlan Edvindir. Və evlənəcəyimi düşündüyüm yeganə oğlan da Edvindir. Hər kəs mənim qardaşımı sevir və mən tez-tez düşünürəm ki, onun uşaqlığı ona mənim uşaqlığım mənə yaraşandan daha çox yaraşır. Onun uşaqlığı böyüməsi ilə uyğunluq təşkil edirdi. Mənim uşaqlığım isə əksinə, tamam başqa bir qız üçün yaradılmışdı. Mən belə düşüncələrə dalanda uşaqlıq dövrüm daha da axmaqca görünür, çünki sən belə şeylər haqqında heç kimlə danışa bilməzsən. Hər zaman bir şeyin arzusundayam ki, sirli bir insanla qarşılaşım, o da məni dinləsin, məni başa düşsün. Oxuduğum kitablardan bilirəm ki, belə insanlar mövcuddur, amma mənim uşaqlıq küçələrimdə sən onları tapa bilməzsən.

VII BÖLÜM

Mənim uşaqlıq küçəm İstedqada küçəsidir – həmin küçənin ritmi hər zaman qanımda vuracaq, onun səsi hər zaman mənə yetişəcək və bizim bir-birimizə sadiq qalacağımız barədə içdiyimiz and uzaq zamanlardakı kimi olacaq. Həmin səs hər zaman isti, işıqlı, bayram əhval-ruhiyyəsində və həyəcanvericidir. Və bu səs sanki mənim özümü ifadə etmə qabiliyyətimi məmnun etmək üçün yaradılmışdır. Bu küçədə mən uşaqkən anamın əlindən tutaraq gəzir və önəmli şeylər öyrənirdim – bir yumurtanın İrma marketdə 6 öre, bir kiloqram marqarinin 58 öre olması kimi. Anam yeməkdən başqa hər şeyin bazarlığını edirdi. Satıcılar ümidsizliklə əllərini havada yelləyir və deyirdilər ki, əgər belə davam etsə onlar dəli olacaq. Həm də alış-veriş məsələlərində çox bacarıqlı idi, atamın geyindiyi köynəkləri sanki yeni imiş kimi satırdı. Və o mağazada növbənin sonuna keçə bilər, oradan var gücü ilə qışqırardı: – “Heyy, indi mənim növbəmdir. Mən nə qədər vaxtdır burada gözləyirəm.” Onunla zamanım əyləncəli keçirdi, mən onun Kopenhagenlilərə xas cəsarətini və cəld qərar verən təbiətini bəyənirdim. İşsizlər kiçik kafelərin ətrafında var-gəl edirdi. Onlar barmaqlarını ağızlarına salıb anama fit çalardı, o isə bu davranışa heç əhəmiyyət verməzdi. “Onlar ən azından evdə qala bilərdilər”, – anam deyir, – “atan kimi”. Amma iş axtarmaq üçün çıxmayıb evdə, boş-bekar divanın üzərində oturduğunda ona tamaşa etmək çox üzücü idi. Jurnalda bu sətri oxudum: “Oturub Allahımızın belə böyük bacarıqla yaratdığı iki yumruğa tamaşa etmək.” Bu işsizlər haqqında poemadır və atamı yadıma salır.

İstedsqata küçəsi mənim üçün məktəbdən sonra axşam yeməyinə qədər oyun oynadığım meydançaya yalnız mən Rutla tanış olandan sonra çevrildi. Onda mənim 9, Rutun isə 7 yaşı vardı. Biz onunla bir bazar səhəri valideynlər yorğun həftənin iztirabını çıxartsın və bir qədər çox yatsınlar deyə bütün uşaqları binadan küçəyə qovduqlarında tanış olduq. Hər zaman olduğu kimi böyük qızlar zibil vedrələri qoyulan küncə çəkilib qeybət edirdi, balaca qızlar isə klasklas oynayırdılar. Mən isə hər zaman bu oyunu korlayırdım, çünki xətlərin üzərinə basmaq olmazdı, mənsə özümü saxlaya bilmirdim, basırdım. Heç zaman bu oyunun mənasını başa düşmürdüm, bu səbəbdən mənə son dərəcə darıxdırıcı gəlirdi. Kimsə deyir ki, “uduzdun, çıx!” mən isə başımı aşağı salıb divara söykənirəm. Sonra binanın mətbəx pilləkənlərində sürətli addım səsləri eşidilir və qırmızı saçlı, yaşıl gözlü, burnunun kənarlarında yüngül-qəhvəyi rəngli çillər olan qız peyda olur: – Salam! O gülür, ağzı qulağının dibinə gedir, sonra deyir: “Mənim adım Rutdur.” Mən özümü utana-utana, naqolay şəkildə təqdim edirəm, çünki heç kim təzə uşaqlardan belə “cool” giriş etməyini gözləmirdi. Hər kəs gözünü Ruta zilləyib, o, isə deyəsən bütün bu baxışlardan xəbərsizdir. “Qaçdı-tutdu oynamaq istəyirsən?” – o, məndən soruşur. Pəncərəmizə tərəddüd içində atdığım nəzərdən sonra onun arxasınca düşürəm. (Necə ki, ondan sonra da bir neçə il – biz məktəbi bitirənə, dərin fərqlərimiz üzə çıxana kimi edəcəyəm)

İndi mənim bir dostum var və belədə əlbəttə ki, Rutu xoşlamayan anamdan asılılığım azalıb. “O övladlığa götürülüb və belə uşaqdan yaxşı nəsə gözləyə bilməzsən. Anam qara-qara desə də, mənə onunla oynamağı qadağan etmir. Rutun valideynləri bir cüt böyük, çirkin insanlardır, onlar özləri heç zaman Rut kimi sevimli uşağı dünyaya gətirə bilməzdilər. Atası ofisiantdır və balıq kimi içir. Anası köklükdən əziyyət çəkir, astma xəstəsidir. Rutu ən xırda səbəblərə görə vurur. Bu, Rutun heç vecinə də deyil. Caynaqlarını əsdirir, nərildəyərək mətbəx pilləkənlərini enir, gülərək bir cərgə ağ dişini göstərir və şən-şən deyir: “Kaş bu qancıq cəhənnəmə vasil olardı!” Rut söyüş söyəndə bu mənə alçaldıcı ya çirkin gəlmir. Çünki səsi mehriban və həlimdir. Balaca keçi Billi kimi. Onun ağzı qırmızı və ürək formalıdır, üst dodağı yuxarı çevrilib, nazikdir. Baxışları isə qorxu bilməyən adamın baxışlarıdır. Onda məndə olmayan hər şey var və mən onun məndən istədiyi hər şeyi edirəm. O da mənim kimi gerçək oyunlara laqeyddir. Heç zaman oyuncaqlarına toxunmur. Birlikdə oyuncaq qabının üzərində taxta parçası qoyub evcik-evcik oynayırıq. Amma bunu çox tez-tez edə bilmirik, çünki ya ev sahibəsi, ya da gözü bizdə olan analarımız – onlar pəncərədən hər şeyi görə bilir – bizə dərhal dayanmağı göstəriş verir. Yalnız İstedsqada küçəsində biz hər hansı nəzarətdən uzaq oluruq. Və mənim cinayətkarlıq yolum da məhz oradan başlayır. Mənim oğurlamağa hazır olmadığımı Rut şirinliklə və yaxşı əhval-ruhiyyə ilə qarşılayır. Amma mən məmurun diqqətini “üfürülən saqqızı nə zaman gətirəcəksiniz?” sualı ilə yayındırdığımda onun xırda, fərasətli barmaqları ağına-bozuna baxmadan hər şeyi götürür. Ən yaxın bloka gedib soyduğumuz şeyləri bölürük. Bəzən mağazalara gedib limitsiz şəkildə ayaqqabıları, paltarları geyinib yoxlayırıq. Ən baha şeyləri seçirik, sonra da nəzakətlə xahiş edirik ki, bunu hələlik qırağa qoysunlar, anamız gəlib götürəcək. Hələ qapıdan çıxmamış məmnun gülüşümüz eşidilir.

Bütün uzun dostluğumuz ərzində hər zaman özümü Ruta aşkar etməkdən çəkinmişəm. Qorxuram ki, birdən əslində kim olduğumu bilər. Onun əsl əks-sədası etmişəm özümü, çünki həm onu sevirəm, həm də ən güclü odur. Amma daxilimdə hələ də mən özüməm. Gələcək haqda bu küçədən kənarda xəyallarım var. Amma Rut məhrəmliklə bu küçəyə bağlıdır, o, bu küçədən başqa heç yerə getmək istəmir. Deyir məni heç nə buradan qopara bilməz. Mənə elə gəlir, özümü sanki bir qandanıq kimi aparmağımla ona xəyanət etmiş oluram. Hansısa sehrli bir tərəfdən özümü ona borclu hesab edirəm. Bu durum ürəyimi yüklü edir və bizim münasibətləri həyatımın sonrakı dövrlərindəki münasibətlərdə olduğu kimi rövnəqləndirir.

Dükan oğurluğuna qəfil son verilir. Bir dəfə Rut oğurladığı marmelad bankasının ağzını paltosunun içində açdı. Biz qarnımız cırılana kimi yedik. Daha yerimiz olmayanda qalan marmeladığ ağzına kimi dolu olduğu üçün bağlanmayan zibil yeşiklərindən birinə atdıq. Sonra biz hoppanıb qapağın üzərində oturduq. Qəfildən Rut dilləndi: Xeyir ola, niyə elə həmişə mən olmalıyam? Qəbul edən özü elə oğru qədər pis adamdır. Mən qorxu içində deyirəm: – “Hə, elədir. Amma yenə də…” Rut cavab verir ki, hərdən mən də bunu etməliyəm. – “Mən sənin tələbinin məntiqli olduğunu görürəm”, – ona təlaş içində gələn dəfə sınayacağıma söz verirəm. Amma hadisə yerinin çox uzaqda olmasına təkid etdim. Beləliklə Söndre Bulvarında kifayət qədər tərk edilmiş görünən bir süd məmulatları satan dükanı seçirəm. Rut ehtiyatla qapını açır, sivişib içəri girir. Arxasınca isə onun yəqin ki, yatmış olan vicdanının kölgəsi dürtülür. Dükan boşdur və qapıda arxa otağa baxan pəncərə yoxdur. Piştaxtanın üzərində içi 25 örelik şokolad çubuqları ilə dolu banka var. Həyəcandan və qorxudan rəngi ağarmış halda gözlərimi bankaya dikmişəm. Əlimi qaldırıram, amma görünməz qüvvələr onu geri çəkir. Ayaqlarıma kimi əsirəm. Tələs bir az, gözü arxa otaqda olan Rut deyir. Və “oğurlaya bilməyən” əl bankaya uzanır, şokolad topasından yapışır və bütün topanı piştaxtanın üzərinə dağıdır. “Axmaq” Rut fışıldayır və arxa otağın qapısının çırpılmağı ilə onun yox olmağı bir olur. Rəngi avazımış bir qadın tələsik özünü hadisə yerinə yetirir, məni yuxarı qalxmış əlində şokolad, duz sütunu kimi gördüyündə təəccüblənir. “Bunun mənası nədir?” – o deyir, – “Sən burada nə edirsən? Of, bax, banka sınıb.” Və o əyilib qırıqları yığır. Mən nə edəcəyimi bilmirəm, çünki hələ məni əhatə edən dünya darmadağın olmamışdı. Kaş orada, o dəqiqə dünya dağılardı. Yalnız nəhayətsiz utanc hiss edirdim. Həyəcan, macəra çıxıb getmişdi. Mən sadəcə olaraq suç üstündə tutulan adi bir oğru idim. “Heç olmasa üzr istəyə bilərdin,” – o, eynəyinin altından mənə baxıb dilləndi, – “Boyuna-buxununa bax, utanmırsan?”

Şenqhavevayın aşağısında dayanan Rut elə möhkəmdən, ürəkdən gülür ki, gözləri yaşarıb: – “Sən necə də axmaq adamsan!” – birtəhəry deyə bilir, – “O, nəsə dedi? Niyə oradan çıxmadın? Şokaladın hələ də var? Gəl gedək parka və bunu yeyək.” – “Doğrudan bunu yemək istəyirsən?” – mən inamsızlıqla soruşdum, – məncə biz bunu ağacın altına atmalıyıq. – “Sən dəlisən?”, – Rut soruşdu, – “Yaxşı şokoladı hara atırsan?” – “Amma Rut, biz bunu bir daha etməyəcəyik, eləmi?”

Bu dəmdə kiçik dostum məndən qorxudan sarımı udub-udmadığımı soruşdu. Parkda o, şokaladı düz gözümün önündə əli ilə ağzına dürtdü. Bu hadisədən sonra oğurlama təcrübəsi dayandı. Rut bunu tərk etməAk istəmirdi. Və anam hər dəfə məni bazarlığa göndərəndə mən zəruri olmayan səs-küylə mağazaya daxil oluram. Hələ bundan sonra da məmurun gəlməyi vaxt alırsa, mən gözlərim tavanda piştaxtadan uzaqda dayanıram. Amma qadın orada peyda olanda yanaqlarım yenə qızarır. Ümidsizliklə ciblərimi çölə çıxardıb göstərirəm ki, yəni onlar oğurlanmış şeylərlə dolu deyil. Bu epizod məni məcbur edir ki, özümü Rutun qarşısında günahkar hiss edim, eyni zamanda onunla dəyərli dostluğumuzun sona yetməsindən də nigaran idim. Beləliklə mən bizim qadağan edilmiş digər oyunlarımızda daha böyük cəsarət nümayiş etdirdim. Misal üçün Enqhavevaydakı asma körpünün altındakı dəmiryolu ilə gedən qatarın qarşısından ən son qaçan mən oluram. Elə olur lokomotivin küləyinin təzyiqi məni vurub yıxır, uzun müddət otla örtülü torpağın üzərində nəfəs almaq üçün ağzımı geniş açıb-yumaraq uzanıb qalıram. Amma nəticədə Rutdan mükafat olaraq eşitdiyim: “ Yaxşı, yaxşı!” sözləri nəyə desən dəyər.

VIII BÖLÜM

Payızdır və qəssabxananın önündəki lövhə nişanları külək cır-cır cırıldadır. Enqahavey küçəsindəki ağaclar yarpaqlarını demək olar ki, tamamilə itirib və tökülən yarpaqlar torpaq üzərində sarı, qırmızı-qəhvəyi xalı əmələ gətirib. Bu xalı günəş anamın saçları ilə oynayanda onun saçlarının rənginə bənzəyir. Qəfildən kəşf edirsən ki, anamın saçları sən demə tamamilə qara deyilmiş. İşsizlər donur, amma bununla belə əlləri ciblərində, damaqlarından tənbəki ayaqüstə dayanıblar. Küçə işıqları yenicə yandırılıb və aradabir ay bir-biri ilə ötüşən, dəyişkən buludların arasından boylanır. Hər zaman ay ilə küçə arasında hansısa mistik bir anlaşma olması düşüncəsində olmuşam. Bir yerdə qocalan işarələrlə bir-birini başa düşən, danışmağa ehtiyacı olmayan bacılar kimi. Biz Rutla alatoran küçə boyu gəzirik, tezliklə küçəni tərk etməliyik və tam qaranlıq düşmədən, gün sona çatmadan istəyirik nə isə baş versin. Qaskersvay küçəsinə yetişdiyimizdə – çox zaman buradan dönüb geri qayıdırıq- Rut dedi: – “Gəl belə aşağı gedək qəhbələrə baxaq. Yəqin ki, bir-ikisi artıq işə başlayıb”. Qəhbə bu işi pul müqabilində görəndir, mənim üçün onlar bu işi pulsuz görənlərdən daha anlaşılandır. Rut mənə bu haqda danışdı, bu sözün çirkin olduğunu düşündüyüm üçün kitabda tapdığım başqa bir sözlə – “Bir gecəlik xanım” – əvəz etdim. Bu birləşmə daha gözəl, daha romantik səslənir. Rut mənə belə şeylər haqqında hər şeyi danışır. Onun üçün böyüklərin heç bir sirri yoxdur. O, mənə həmçinin Şabi Hans və Rapunzel haqqında danışıb, mənsə bunu başa düşmürəm. Mənim üçün Şabi Hans çox yaşlı kişidir. Bundan əlavə, onun Gözəl Lilisi də var. Mənə maraqlıdır görəsən bir kişi eyni zamanda iki qadını sevə bilərmi? Mənim üçün böyüklərin dünyası çox sirlidir. Mənim üçün İstedqada küçəsi arxası üstə uzanan gözəl bir qadındır, onun saçları isə Enqahavey meydanına sərilib. Hər şeydən məhrum olanlarla tərbiyəli insanlar arasında sərhəd rolunu oynayan Qasverksvayi küçəsində onun ayaqları ayrılır və bir ayağı gözəl otellərə, bahalı dükanlara, o birisi isə daim ehtiyac və problemlər, dava-dalaş içində çabalayan insanlara tərəf yönəlir. Bunları məndən dörd yaş böyük olan və gecə saat 10-a kimi çöldə qalmasına icazə verilən Edvindən öyrənmişəm. O, öz “Danimarka gəncləri” köynəyində evə dönüb atamla siyasətdən danışarkən mən ona heyranlıqla baxıram. Sonradan onlar hər ikisi şəkilləri qəzet və jurnal səhifələrin-dən boylanan Sakko və Vanzettiyə çox qəzəblənirlər. Onlar tünd rəngli, xarici simaları ilə elə gözəl görsənirlər ki… Və mən həmçinin düşünürəm ki, etmədiyin bir şeyə görə edam edilmək həddən artıq pis şeydir. Amma mən atam kimi həyəcanlanmıram bu işlə bağlı. O, Peter əmimlə bu mövzunu müzakirə edəndə dəliyə dönür, qışqırır-bağırır, yumruğunu masaya vurur. O da atam və Edvin kimi sosial-demokratdır. Amma o, Sakko və Vanzettinin daha yaxşı taleyə layiq olduqlarını düşünmür. Çünki onlar anarxistlərdir. “Mənim vecimə deyil!”, – atam qəzəblə qışqırır və əlini masaya çırpır: – “Ədalətin pozulması, elə ədalətin pozulması deməkdir! Hətta bu məsələ mühafizəkarlara aid olsa belə!” Mən bilirəm ki, bu sənin ola biləcəyin ən pis şeydir! Sinfimizin bütün qızları Pinq klubun üzvüdür. Təzəlikcə mən də üzv olmaq üçün icazə istədim. Bunu eşidən atam qəzəbli nəzərlərlərini anama tuşladı. Sanki onu öz siyasi baxışlarını mənə təlqin etməkdə günahlandırırdı. Sonra dedi: -“Görürsən, Matter? Qızın çevrilib olub hər şeyə reaksiya verən. Çox güman bu axırda hamımızın “Berlinqske Tidende” qəzetinə abunə olmağımızla yekunlaşacaq.”

Aşağıda, dəmiryol stansiyasında həyat qaynayır. İçkili kişilər qollarını bir-birinin çiyninə keçirib mahnı oxuya-oxuya dolaşır. Kafe Çarlzın qarşısında isə kök kişi yerə yıxılıb bir neçə dəfə yuvarlanır, keçəl başı daş səkiyə çırpılır, sonra gəlib ayağımızın altına düşür. İki zabit ona yaxınlaşıb empatik tərzlə təpikləyib bir kənara çəkir, nəticədə o, kəskin, narazı səslə bağırıb ayağa qalxır. Ayağa qaldırdıqlarında kişi sərt bir hərəkətlə qayıdıb yuvasına girmək istəyəndə möhkəm təpik yeyir. Onlar küçə boyu yollarına davam edir. Rut isə barmaqlarını ağzına salıb onların arxasınca uzun fit çalır, onun bu istedadına qısqanclıqla yanaşıram. Helqolandsqata küçəsi tərəfdə bir dəstə gülən, səs-küylü uşaq yığışıb və mən ora yaxınlaşdığımda qıvrımsaç Çarlzın küçənin ortasında dayandığını görürəm. İstidən buxarlanan atının tər damcıları damla-damla bədənindən axırdı. O, dayanmadan iyrənc, izahedilməz mahnılar oxuyur, uşaqlar isə gülə-gülə qışqırır və ondan daha yeni əyləncələr gözləyirlər. Gözləri vəhşi baxışlarla çevrilir. Mənə görə o həm faciəvi, həm də qorxuncdur amma başqalarına qoşulub dəli kimi gülən Ruta görə özümü elə aparıram ki, sanki məni də əyləndirir. Qəhbələrə gəldikdə isə yalnız 1-2 yaşlısını görə bildik, bu kök qadınlar enerji ilə yançaqlarını oynada-oynada tamaşaçıların qarşısından keçir, uğursuzluqla özlərinə müştəri gəzirdilər. Bu, məni xeyli dərəcədə məyus edir, çünki onların hamısını Ketti kimi bilirdim. Rut mənə onun şəhərdə axşam çıxartdığı oyunlardan danışmışdı. Evə qayıdarkən Revalsqata küçəsindən keçdik. Orada bir dəfə siqar dükanında işləyən yaşlı bir qadın qətlə yetirilmişdir. Biz həmçinin Matheusqata küçəsində, lənətlənmiş evin qarşısında dayandıq və gözümüzü zillədik keçən il Qırmızı Karl tərəfindən öldürülən balaca qızın yaşadığı dördüncü mərtəbəyə. Örsted zavodunda atam onunla bərabər çalışırdı. Bizlərdən heç birimiz gecə vaxtı oradan tək keçməyə cürət etmirdik. Qerda və Tin Snaut elə qucaqlaşıb dayanıblar ki, qaranlıqda onları bir-birindən ayırmaq mümkün deyil. Orada burnumu tuturam, çünki hər zaman bu yerdən sidik-pivə qarışıq üfunət iyi gəlir. Pilləkənləri qalxdıqca görürəm ki, sıxılıram. Seksin qaranlıq tərəfi getdikcə mənim üzərimə daha çox çökür. Və getdikcə bu hissi ürəyimin hər zaman pıçıldadığı yazılmamış, əsən sözlərlə təsvir etmək qeyri-mümkündür. Mən oradan keçərkən Qerdanın qapısının yanındakı qapı açılır və Xanım Poulsen əli ilə məni içəri dəvət edir. Anama görə o “cındı” və mülayimdir. Amma mən bilirəm ki, eyni zamanda həm cındır, həm də mülayim olmaq olmaz. Onun bir kirəkeşi var, anam onu “gözəl hersoq” adlandırır. Hərçənd o poçtalyondur və xanım Poulseni sanki onlar evliymişlər kimi dəstəkləyir. Onların uşağı yoxdur. Rutdan öyrənmişəm ki, onlar ər-arvad həyatı yaşayır. Könülsüz şəkildə onun göstərişinə əməl edirəm və eyni ilə bizimkinə oxşayan – yeganə fərq orada dilləri olmayan pianonun olması idi – qonaq otağına daxil oluram. Mən otururam və xanım Poulsen gözlərində yalvarış dolu nəzərlərlə keçib divanda əyləşir. “Mənə nəsə de, Tove”, – o, ruhlandırıcı tərzdə mənə dedi, – “Bilmirsən, Miss Anderseni gəlib ziyarət edən kişilərin sayı çoxdur?” Dərhal çənəmi sallayıram, axmaq bir görkəm alıram: – “Yox”, – mən təəccüblənmiş kimi göstərirəm özümü. – “Amma sən də, anan da, oranı tez-tez ziyarət edirsiniz. Bir düşün. Oraya, onun mənzilinə gələn heç bir centlmen görməmisiniz? Heç axşam da?” – “Yox”, – mən qorxu içində yalan deyirəm. Mən bu Ketiyə hər hansı bir yolla ziyan vurmaq istəyən qadından qorxuram. Anam mənə daha Ketini ziyarət etməyi qadağan edib. Və yalnız oraya özü gedir, o da atam olmayanda. Xanım Polusen görür ki, məndən heç nə çıxmır, beləcə müəyyən bir soyuqqanlılıqla buraxır gedirəm. Bir neçə gün sonra bütün bina boyu bir ərizə dolaşır və bu səbəbdən valideynlərim yatağa girdiklərində dalaşırlar. Ona görə ki, məni yatmış bilirlər. Mən buna imza atacağam, atam deyir, uşaqların xətrinə edəcəyəm bunu. Ən azından sən bu zaman onları ən pis iyrəncliyə şahidlik etməkdən qoruya bilərsən. – “Bu, o köhnə qancıqlardır”, – anam qeyzlə dillənir, – “o cavandır, xoşbəxtdir, sevinclidir, buna görə onlar onu qısqanır. Onlar heç mənə də dözə bilmir”. -“Bəsdir də özünü qəhbələrlə müqayisə etdin”, – atam onu it kimi qapır, – “Düzdür, mənim daimi işim yoxdur, amma sən heç zaman bu səbəbdən öz həyatını qazanmaq zorunda qalmamısan. Bunu unutma!”. Belə şeylərə qulaq asmaq dəhşətli idi. Sanki dava nəsə fərqli bir şey üstündə idi, elə bir şey ki, onların bu mübahisəni etməyə sözləri yox idi.

Tezliklə gün gəlib çıxır və Ketti, anası ilə polisin qoruduğu, çıxarılıb çölə qoyulan cilalanmış və üst-üstə yığılmış mebellərin üzərində oturur. Polislər orada vurnuxur, Ketti isə insanların arasından nifrət dolu nəzərlərlə baxır və zərif çətirini yağışa qarşı tutur. Mənə baxır, gülüb deyir: – “Xudahafiz, Tove. Özünə yaxşı bax”. Bir qədər sonra yük maşını yola düşür və mən onları bir daha heç vaxt görmürəm.

IX BÖLÜM

Ailəmdə dəhşətli bir hadisə baş verdi. Landmand bankı iflasa uğradı və nənəm çox pul itirdi. Bütün həyatı boyu yığdığı 500 kronu! Bu iyrənc ticarətdir və yalnız kiçik sərmayəçiləri “vurur”. “Varlı donuzlar” atam belə adlandırır. Əllərindən gələni edəcəklər ki, pullarını geri alsınlar. Nənəm yazıq-yazıq ağlayır və qızarmış gözlərini qar kimi ağ dəsmalı ilə qurulayır. Onunla bağlı hər şey təmiz, səliqəli və təravətlidir. Hər zaman ondan təmizləyicilərdən gələn iy gəlir. Pulu öz dəfn mərasimi üçün yığıbmış. Hər zaman sanki öz dəfni barədə düşünürdü. Nənəmlə hər zaman fəxr edib məftunluq duymuşam. Anamla bağlı da bu hissləri yaşayırdım, amma qorxuya görə. Nənəmə olan isə içdən, səmimi idi. Mənə onu tək ziyarət etməyə icazə verirlər, çünki bunu özü istəyir. Anam isə onun istəyinin əleyhinə çıxmağa cəsarət etmir. Anam mənə deyir ki, mənə hamilə qalanda nənəmgil ona çox qəzəbli olublar. Çünki artıq bir oğlanları olduğundan başqa uşağın olmasına heç bir ehtiyac yox idi. İndi nənəm normal, sayğılı bir dəfn mərasimini necə təşkil edəcəyini bilmir. Çünki bizim heç pulumuz yoxdur. Və Rozalia xalamın sərxoş ərinin də pulunun olduğunu söyləmək olmaz. Peter əmi heç şübhəsiz ki varlıdır, amma o da xəsisliyi ilə məşhurdur. Heç kim onun qaynanasının yas məclisinə necəsə yardım edə biləcəyini düşünmür. Nənəmin 73 yaşı var və uzun müddət yaşayacağını heç o özü də düşünmür. Hətta anamdan belə cılızdır, hər zaman başdan-ayağa qapqara geyinir. Onun ağ, ipək kimi yumşaq saçları yuxarıda sancaqlanır, hərəkətləri isə cavan qızlardakı kimi çevikdir. Bir otaqlı mənzildə yaşayır və yalnız qocalıq üçün aldığı təqaüdlə dolanır. Hər dəfə onu qəhvə içmək üçün ziyarətə gedəndə özümlə çovdar çörəyi və kərə yağı götürürəm. Onlar birlikdə mənim evdə yediyim hər şeydən daha dadlı olur. Edvin şəyirdliyə başladığından hər bazar nənəni ziyarət edir. Hər dəfə də nənə ona tam bir kron pul verir, çünki o, ailənin yeganə oğlan övladıdır. Mənə və üç əmimqızına isə heç nə düşmür. Hər dəfə yanında olanda nənəm deyir ki, mənim üçün nəğmə oxu. İstəyir görsün səsim keçən dəfəkindən daha pis olmayıb ki?! “Demək olar ki, düz oxudun” – o, mənə ürək-dirək verir. Hərçənd özüm bilirəm ki, bəzi yerlərində xaric vurmuşam. İstədiyim kimi olmayan səslər də çıxartmışdım. Heç zaman onunla söhbəti birinci başlaya bilməzsən, birinci gərək o, sənə sual ünvanlasın sonra. Amma özü də söhbət etməyi xoşlayandır və mənim onu dinləmək xoşuma gəlir. Dəhşətli keçən uşaqlığı haqqında danışır, bir ögey anası olub, yazığı hər xırda şey üstündə ölüncəyə qədər döyüb. Sonra o, qulluqçu olub və faytonçu olan babama qulluq edib. Adı Mundus olan babam sərxoşluğa qurşanana kimi fayton düzəltməklə məşğul imiş. “Böyürən sərxoş”… Binada hər kəs onu belə çağırırmış və o, sonda özünü asdığında nənəm ailənin çörək pulunu qazanmaq üçün məcbur olub qapılarda paltar yumağa başlamışdır. – “Amma üç qızım da həyata normal qədəm qoya bildi”, – nənəm başadüşülən bir fəxarət hissi ilə dedi. Mən deyirəm ki, babamı da çox istərdim tanıyam, dərhal cavab gəlir: – “Hə, yaraşıqlı biri idi, bu heç! Amma qəlb deyilən şey yox idi o əclafda! Əgər istəsəm, sənə elə şeylər danışıram ki…”Sonra o, dişsiz damaqlarını bir-birinə sıxıb daha heç nə demir. Mən “qəlbsiz” sözü haqqında düşünürəm, qorxuram deyəsən elə qorxunc babama oxşamışam. Tez-tez qorxunc şübhələr oyanır içimdə: deyəsən axı mən heç kimə qarşı heç bir şəfqət hissi duya bilmirəm- hə, əlbəttə, Rut istisnadır. Bir dəfə yenə nənəmgildəyəm və onun üçün oxumalı oldum. Dedim ki, məktəbdə yeni nəğmə öyrənmişəm. Və keçib oturdum onun çarpayısında, saxta, əsən səslə öz yazdığım şeri oxudum onun üçün. Bu çox uzundur – “Yalmar və Hilda”, “Yörgen və Hansiqne” və anamın bütün başqa balladaları kimidir. Bu şeir bir-birinə sahib ola bilməyən iki nəfər haqqında idi. Amma mənim versiyamda şeir aşağıdakı sətirlərlə daha az tragik bitirdi.

Sevgi, zənginlik və gənclik,
Onları minlərlə zəncir halqası ilə bağlayır.
Nə fərqi var ki, bəy-gəlin yatağı,
Əgər ucqar kənd cığırında qoyulubsa da?!

Bura qədər oxuduğumda nənəmin qaşları çatılır, alnı qırışır, ayağa qalxır, sanki xoşagəlməz bir təəssüratdan yaxa qurtarmaq naminə paltarına sığal çəkir. – “Bu yaxşı nəğmə deyil”, – o, ciddi-ciddi dillənir, – “bunu doğrudanmı məktəbdə öyrənmisən?” Mən dərin təəssüflə “hə” deyirəm. Çünki düşünürdüm ki, indi “Nə qəşəng nəğmədir, kim yazıb bunu?” deyəcək. – “Adam gərək kilsədə evlənsin”, – nənəm deyir, – “ondan qabaq gərək bir-birlərinə toxunmasınlar.”

– “Amma bunu, əlbəttə ki, bilmək olmur da! Oh, ay nənə, mən bu haqda sən düşündüyündən daha çox şeylər bilirəm, amma gələcəkdə də bu barədə səssiz qalacağam. Bir neçə il öncə məni təəccübləndirən kəşfim barədə düşünürəm:

Atamla anam fevral ayında ailə qurub, elə həmin ilin aprelində isə qardaşım Edvin dünyaya gəlib. Anamdan soruşdum ki, bu necə ola bilər? O isə cəld cavab verdi: – “Bilirsən bala, ilk uşaq ana bətnində iki aydan artıq qalmır axı.” Sonra o güldü. Edvinlə atam isə qaş-qabaq salladı. Böyüklərlə bağlı ən pis şey budur. Onlar heç zaman qəbul etmir ki, həyatlarında heç olmasa bir dəfə nəsə məsuliyyətsiz, səhv bir iş görürlər. Başqalarını mühakimə etməyə həvəslidirlər, amma heç zaman öz səhvlərini görüb mühakimə etmirlər.

Ailəmi yalnız valideynlərimlə birlikdə, yaxud ən azından anamla bərabər olanda görürəm. Rozalia xalam da nənəm kimi Amagerdə yaşayır. Mən onu yalnız bir neçə dəfə ziyarət etmişəm, çünki Karl əmi – onu “Deşikayaqlı”adlandırırdılar – hər zaman qonaq otağındakı divanda oturur, ya pivə içir, ya da qumar oyanyır. Bunları seyr etmək isə uşaqlar üçün o qədər də yaxşı deyil. Qonaq otaqları hamının qonaq otağına bənzəyir, divar boyu bufet yığılıb, bir divarda divan qoyulub, ortada isə ətrafına stullar düzülən masa dayanıb. Bufetdə bizim apartamentdə olduğu kimi çuğun sini içində qəhvədan var, heç zaman istifadə edilməyən, silinib, parıldadılıb tərtəmiz yalnız qonaq gəlişi üçün saxlanılan krem rəngli sürahi qoyulub. Rozalia xala Maqazin dükanları üçün paltarlar biçir və bizi işdən sonra evə gedərkən tez-tez ziyarət edir. Əlində, böyük alpaka bükülməsində biçməyə hazırlaşdığı paltarları daşıyır. Və bizi ziyarət etməyə gələrkən də onları yerə qoymur. Papağı hər zaman başında olur, “bircə dəqiqəlik, elə-belə gəldim dəyəm” deyir. Papağını başından çıxartma-maqla sanki bir neçə saat evdə olmasını inkar etməyə zəmin hazırlayır. O anamla hər zaman keçmişdən, cavanlıqlarından danışır. Bu yolla da mən əslində öyrənməli olmadığım çox şey eşidirəm. Bir dəfə misal üçün anam bərbəri evdə dolabda gizlətməli olub, çünki atam qəfil gəlib çıxıb üstünə. Əgər anam onu birtəhər evdən yola salmasaydı, bərbər dolabda boğulacaqmış. Belə əhvalatlar çoxdur və onları hər dəfə danışanda bərkdən gülürlər. Rozalia xala anamdan cəmi 2 yaş böyükdür. Aqnete xala isə onlardan 8 yaş böyükdür və heç də onlarla bir cavanlıq keçirtməyib. O və Peter əmi tez-tez gəlib mənim valideynlərimlə kart oynayır. Aqnete xala dindardır və hər dəfə kimsə onun yanında söyüş söydüyündə – əri sadəcə onu əsəbləşdirmək üçün tez-tez söyür – çox əziyyət çəkir. O hündürdür, dolubədəndir və sinəsindən Daqmar xaçı asıb. Peter əmi ona “eyvan” deyir. Əgər valideynlərimə inanmalı olsam, o şeytandır, inanmayandır, amma əslində hər zaman mənə qarşı dostcanlıdır, ona görə valideynlərimə inanmıram. O dülgərdir və işi heç zaman bitmir. Onlar qonaq otağında piano olan Österbroda buz kimi soyuq evdə yaşayır və bu evə ayaqlarını yalnız Milad bayramı ərəfəsində basır. Deyirlər ki, Peter əmiyə xeyli dərəcədə pul miras qalıb və o, bu pulları vergi müfəttişlərini axmaq yerində qoymaq üçün müxtəlif banklarda saxlayır. Bəzən işlədiyi mağazanın işçilərini başqa şirkətlər pulsuz-parasız qonaq edir. Onlarla bərabər Tuborqa getdiklərində o qədər çox içir ki, onu məcbur xəstəxanaya aparırlar və növbəti gün mədəsini yuyurlar. Enayd südçülük fabrikini ziyarət etdiyində isə o qədər çox süd içir ki, növbəti həftə xəstə yatır. Bunları saymasaq, heç zaman sudan başqa bir şey içmir. Mənim üç əmiqızım yaş-ça məndən böyükdür və onlar kifayət qədər eybəcərdir. Hər axşam onlar yemək masasının ətrafında oturur və qəzəblə toxuyurlar. Amma onlar elə də zəkalı deyil. Bu sözləri atam deyir və doğrudan da onların böyük evlərində heç bir kitab belə yoxdur. Mənim valideynlərim deyəndə ki, biz o qızlardan daha yaxşı hazırlıqlıyıq, üzgörənlik etmirlər. Peter əmi əvvəl bir dəfə evli olub və həmin evlilikdən anamdan 7-8 yaş kiçik olan bir qızı var. Onun adı Esterdir, yekəpər, əyri yerişi olan bir qadındır. Gözləri elə bil hədəqəsindən bu dəqiqə pırtlayıb çıxacaq. Və hər dəfə bizi ziyarət etdiyində mənimlə çağa kimi danışır, buna isə həyatda hər şeydən daha çox nifrət edirəm. Anam onu “şirin piroq” çağırır. Anamla axşamlar gəzməyə çıxır, bu isə atamı çox hürküdür. Bir dəfə Folkets Hüsdə maskarada gedirlər və onlar kosmetikalarını etdikləri müddətdə mən güzgünü onlar üçün saxlayıram. Mənə görə anam “The Night Queen”dəki qadın kimi son dərəcə gözəldir. Ester isə “18-ci əsrdən qalan faytonçu kimidir” və onun əlləri poluverinin qolundan hər zaman sallanır. Onlar tələsməlidir, çünki atam tezliklə gələcək. Anam yüzlərlə qızıl pulcuqlardan ibarət parıldayan qara tül donunu geyinib dayanıb. Onlar da anamın kövrək xoşbəxtliyi kimi asanlıqla qopub tökülür. Onlar elə evdən çıxan kimi atam evə daxil olur. Qapıda rastlaşırlar, atam anamın gözlərinin içinə baxıb deyir: -“Ay səni köhnə qancıq!” Anamsa heç nə demir, Esterin hündürdabanlarında sadəcə səssiz-səmirsiz yanından ötüb keçir. Atam bilir ki, onu eşitmişəm və həlim, melanxolik simasında qeyri-müəyyən ifadə ilə düz qarşımda əyləşir. – “Böyüyəndə nə olmaq istəyirən?”, – o, naqolay tərzdə xəbər alır. – “The Night Queen”, – mən qəddarlıqla deyirəm. Çünki bu məhz o Ditlevdir ki, hər zaman anamın kefini, əhvalını korlayır.

X BÖLÜM

Orta məktəbə getməyə başlamışam və bununla da dünyam genişlənməyə başlayıb. Mənə davam etməyə icazə verdilər, çünki valideynlərimə görə, mən məktəbi bitirdiyimdə 14 yaşdan artıq olmayacağam və Edvini də təlimlərə yazdırdıqlarından məni ayırmaq istəməyiblər. Eyni zamanda mənə nəhayət ki, Valdemarsqata küçəsindəki uşaq kitabları bölməsi olan dövlət kitabxanasından istifadə etməyə icazə verildi. Anama görə böyüklər üçün yazılmış kitabları oxumaqdan daha da qəribə ola bilərəm. Atam razılaşmasa da, heç nə demir, çünki mən anamın qəyyumluğuna keçmişəm və həlledici məsələlərdə atam anamın iradəsinin əleyhinə getməyə cəsarət edə bilmir. Beləliklə ilk dəfə kitabxanaya ayaq basıram və bir yerə yığılan bu qədər kitabı gördüyümdə nitqim quruyur. Uşaq kitablarına baxan kitabxanaçının adı Helqa Mollerupdur və onu ətrafda yaşayan uşaqların hamısı çox sevir. Çünki evlərində işıq, istilik olmayanda, onlara icazə verirlər ki, axşam saat beşə kimi – kitabxana həmin vaxt bağlanır – kitabxananın qiraət zalında otursunlar. Onlar orada ev tapşırıqlarını edir, ya da elə-belə kitabları vərəqləyirlər və xanım Mollerup çox səs-küy edənləri çıxardıb bayıra atır. Çünki kitabxanada kilsədə olduğu kimi tam səssizlik hökm sürməlidir. Kitabxanaçı məndən yaşımı soruşur, sonra 10 yaşlı uşaqlar üçün münasib olan kitabları tapıb gətirir. Bu qadın arıq, hündürdür. Canlı, qara gözləri var. Əlləri böyük və gözəldir və mən onlara müəyyən hörmətlə yanaşıram, çünki deyirlər ki, onun vurduğu şapalaq istənilən kişininkindən daha qüvvətli olur. Mənim müəlliməm xanım Klausen kimi geyinir- uzun, hamar yubka və boğazında ağ yaxalıq olan köynək. Amma xanım Klausendən fərqli olaraq bu xanım uşaqlara qarşı nəhayətsiz düşmənçilikdən əziyyət çəkmir – əksinə! Bir masaya otuzdurur məni, qarşıma uşaq kitabı qoyur, kitabın müəllifinin adını təəssüf ki, unutmuşam. Mən oxuyuram: Ata, Diananın 5 iti var.” Bu sözlərlə on beş yaşlarında arıq bir qız böyük səs-küylə otağa daxil olur və otaqda rəhbərdən savayı bir də…” və s. Səhifə dalınca səhifə… Oxumağa həvəsim yoxdur. Kitab məni qəmginlik və dözülməz darıxma hissi ilə basır. Başa düşmürəm dildən necə belə – belə zərif, hissiyyatlı alətdən – səhv, uğursuz istifadə edilə bilər. Deməli belə gözəl, şəkilli uşaq kitabının içinə belə bədheybət cümlələr yol tapa bilər və xanım Mollerup kimi ağıllı və cazibədar bir qadın həmin kitabı mənim kimi müdafiəsiz uşağa oxumaq üçün məsləhət görə bilər. Fəqət indi üçün, bu hissləri ifadə edə bilmirəm, mən sadəcə bu kitabların darıxdırıcı olduğunu, daha çox Zakarias Nielsen yaxud Vilhelm Berqsöenin kitablarını oxumaq istədiyimi deyirəm. Amma xanım Mollerup cavab verir ki, uşaq kitabları maraqlı olur, sadəcə səbrli olub oxumağa davam etməlisən ki, hadisələrin gedişatı başlasın. Yalnız böyüklər üçün kitabların düzüldüyü rəflərə baxmaq haqqında qəti israrımdan sonra o, təəccüblənir və geri çəkilir: – “Yaxşı, amma hansı kitabı istədiyini mənə de, mən özüm gedim gətirim. Sənin ora keçməyə icazən yoxdur”. – “Viktor Hüqonun kitabını istəyirəm”, – mən deyirəm. – “Hüqo yox, Üqo”, – o gülərək deyir və başıma sığal çəkir. Onun tələffüzümü düzəltməsi məni utandırmır.

Amma əlimdə “Səfillər” evə döndüyümdə atam kitaba baxır, bəyənərək deyir: – “Hə, Viktor Hüqo, çox yaxşı yazır”. Mən isə üzümə vacib bir görkəm verib didaktik aura ilə dedim: – “Onun adı Hüqo yox, Üqo kimi tələffüz edilir.” – “Mənim nə vecimə onun adı necə deyilir”, – o sakitcə dedi, – “ bütün bu cür adlar necə yazılır, elə də deyilməlidir. Başqa hər bir şey sadəcə olaraq göstəridir.”

Bizim küçəmizdə yaşamayan bir insanın dediklərini gəlib evdə valideynlərimə danışmağın heç zaman bir faydası olmayıb. Bir dəfə məktəbdə diş həkimi mənə demişdi ki, anana de, sənə diş fırçası alsın, mən də axmaq kimi gəlib demişdim. Anam məni it kimi qapdı: – “Gedib ona deyərsən ki, zəhmət çəkib diş fırçasını sənə elə özü alsın.” Amma onun dişi ağrıdığında, bir həftə əziyyət çəkir, evdə dolaşır, bütün evdə onun ağrı-acı içindəki iniltiləri əks-səda verir. Sonra başqa bir qadından məsləhət istəyir, o da deyir ki, viskini tök cod pambığın üzərinə, xəstə dişin üstündə saxla. Anam məsləhətə dəqiqliklə əmək edir, bir neçə gün daha belə keçir, amma dişağrısı kəsmir. Yalnız bu zaman bəzənib-düzənib Vesterborqata küçəsinə – həkimimiz burada yaşayır – qədəm basır. Həkim alətini götürüb onun dişini çəkir və yalnız bundan sonra bir müddətlik anam sakitləşir. Dentist heç zaman bir də görüntüyə çıxmır.

Orta məktəbdə qızlar daha yaxşı geyinir və ibtidai məktəbdən daha az mızmızlanırlar. Heç birinin saçında bit-birə olmur. Atam deyir ki, indi sən “yaxşı təminatlı” insanların övladları ilə bir sinifdə oxuyacaqsan. Amma bu öz evinə yuxarıdan aşağı baxmaq üçün bir səbəb deyil. Bu həqiqətən belədir. Uşaqların atası əksər hallarda bacarıqlı işçilər olur və mən atamı çevirib eləmişəm maşinist. (Mənə görə bu peşə dəllaldan daha yaxşı səslənir.) Sinfimizdəki ən varlı qızın atasının Qasverksvay küçəsində gözəllik salonu var. Onun adı Edit Şnurdur və lovğalığından cırılır. Bizim sinif rəhbərinin adı xanım Matiasendir. O öyrətməkdən zövq alan cılız, canlı qadındır. Xanım Mollerup xanım Klausenlə birgə və köhnə məktəbin direktoru (küpəgirən qadına oxşayan həmin o) məndə belə bir aşkar təəssürat oyadır ki, qadınların da iş dünyasında böyük nüfuzu, təsiri ola bilər. Yetər ki, yastısinə olsunlar. Anam istisnadır. Ondan başqa küçəmizdəki bütün qadınların gəzərkən fəxarətlə nümayiş etdirdikləri iri sinələri var. Mənə maraqlıdır, niyə belə edirlər? Xanım Matiasen bizim yeganə qadın müəlliməmizdir. O, mənim şeiriyyatı xoşladığımı kəşf edib və onunla özümü axmaq yerinə qoymaq işə yaramır. Bunu mənə maraqlı olmayan fənlər üçün sonraya qoyuram – amma belə fənlərin sayı çoxdur. Yalnız danimarka dili və ingilis dili dərslərini sevirəm. Bizim ingilis dili müəlliməmizin adı Damsqaardır və o, hərdən xeyli səbirsiz ola bilər. O, yumruğunu masanın üzərinə çırpıb deyir: and içirəm, mən sizi öyrədəcəm! Bu yumşaq andı o qədər çox işlədir ki, bir müddət sonra elə bu adla tanınır: And içirəm! Bir dəfə o, xüsusi çətin olan bir cümləni bizim üçün ucadan oxuyur, sonra məndən təkrar etməyimi istəyir. Cümlə təxminən belə idi: “Sizin sorğunuza cavab olaraq mən xüsusilə Voburn Playes 11dəki internat məktəbi təklif edə bilərəm. Dostlarımdan bəziləri keçən qış orada qalmışdılar və onların fikirləri müsbət idi.”O, mənim düzgün tələffüzümü tərifləyir. Elə bu səbəbdən həmin axmaq cümləni heç zaman unuda bilmirəm.

Sinfimizdəki bütün qızların şeir albomları var və uzun müddət anamın baş-beynini apardıqdan sonra mənim də belə albomum oldu. Albom özü qəhvəyi rəngdədir və üstündə qızılı hərflərlə “Şeiriyyat” yazılıb. Qızların bəzilərinə ora adi şer misraları yazmağa icazə verirəm. Bəzi səhifələrə isə öz misralarımı qeyd edirəm ki, gələcək nəsillər mənim dahi uşaq olduğuma şübhə etməsin. Albomu yataq otağında dolabın aşağı gözlərinin birindəki siyirtmədə paltarların və can dəsmallarının altında gizlədirəm. Orada onun lazımsız nəzərlərdən və gözlərdən uzaq olacağını düşünürəm. Amma bir axşam mənlə Edvin evdə tək idik. Çünki atamla anam xalam və dayımla kart oynamaq üçün evdən çıxmışdılar. Başqa vaxt Edvin də adətən axşamlar harasa gedir. Amma artıq şəyirdliyə başladığından həmin axşam çox yorğun idi. İş yerinin çox pis olduğu haqda şikayət edirdi və atama tez-tez yalvarırdı ki, onun üçün başqa iş yeri tapsın. Bu bir işə yaramayanda isə başlayırdı qışqırmağa ki, oradan qaçacağam dənizə, evi tərk edəcəyəm, nə bilim nə. Onda atam da qışqırır, bu zaman anam davaya müdaxilə edir və Edvinin tərəfini tutur və qonaq otağında bir həngamə qopur ki, gəl görəsən, aşağıdakı Rapunzelgildəki davalar onun yanında “toya getməli” olur. Bu günlərdə qonaq otağında hər gün hüzurun pozulması Edvinin günahıdır və mən bəzən öz-özümə arzulayıram ki, kaş dediyi hədə-qorxuları həyata keçirərdi və evi tərk edib gedərdi. İndi qaş-qabağını sallayıb kefsiz oturub və “Sosial demokrat” qəzetini vərəqləyir, bu dəqiqələrdə evdəki səssizliyi yalnız divar saatının taqqıldayan əqrəbləri pozur. Mən ev tapşırığımı edirəm amma aramızdakı səssizlik məni sıxır. Qəfildən atamın gözləri qədər tutqun və melanxolik olan gözlərini mənə zilləyib deyir: – “Lənətə gələsən, hələ gec gedərsən yatmağa? Heç vaxt bu lənətə gəlmiş evdə tək olmaq mümkün olmur da!” – “İstəyirsən, özün get də yataq otağına”, – mən incik halda dillənirəm. – “Gedərəm, niyə getmirəm!”, – deyinir, qəzetini götürür, qapını arxasınca möhkəm çırpıb yox olur. Bir qədər sonra təəccübümə səbəb olacaq şey baş verir. İçəridən qəhqəhə, gülüş səsləri eşidirəm. Nə belə gülməli ola bilər? İçəri girirəm və qorxudan donuram. Edvin əlində mənim biçarə albomum oturub anamın çarpayısında. Qəhqəhələrdən başı tamamilə “qaçıb”. Utancdan qıpqırmızı qızarmış halda bir addım irəli atıb əlimi uzadıram: – “Kitabı mənə ver”, – deyirəm və ayağımı yerə çırpıram, – “sənin bu kitabı götürməyə haqqın yoxdur.” Aman Allahım o, qarnını tutub gülməkdə davam edir. – “Bu gülüncdür! Sən, doğrudan, yalan-palanla dolusan. Buna qulaq as bir?”, – gülməsi onu yarıda saxlayır, sonra davam edib oxuyur:

Yadında o zamanlar biz səninlə
Aram axan axınla üzərdik?
Ayın şəkli dənizdə əks olunardı.
Hər şey sevimli bir yuxu kimi idi.
Qəfildən kürəyi əlindən qoyursan
Qayıq sakit-səssiz su səthində dayanır.
Heç nə demədin, amma əzizim.
Baxışlarındakı ehtiras hər şeyi danışır.
Sən məni qüvvətli qollarına götürürsən,
Məni sevgi dolu öpüşlərə qonaq edirsən.
Heç zaman, heç zaman səninlə keçən zamanı
Unutmayacağam.

-“Of, yox! Ha ha ha!”, – geriyə yayxanıb gülməyinə davam etdi. Mənim gözlərimdənsə yaşlar süzülürdü. – “Sənə nifrət edirəm!”, – mən ayaqlarımı gücsüz şəkildə yerə çırparaq qışqırdım, – “sənə nifrət edirəm! İstəyirəm sən öləsən!” – bu sözlərimi deyib qapını çırpıb çıxmaq istəyirdim ki, Edvinin vəhşi gülüşü yenidən eşidildi. Səs daha narahatedici, yeni tonda idi. Çevrilib gördüm anamın zolaqlı pijamasının yanında qarnıüstə uzanıb, üzünü əli ilə gizlədib ağlayır. Qiymətli kitabım yerə atılmışdı. Özünə nəzarət edə bilmir, dayanmadan hönkürüb ağlayır, qorxu və dəhşət hissi məni bürüyüb. Tərəddüd içində yatağına yaxınlaşıram, amma ona toxunmağa cəsarət etmirəm. Biz bunu daha öncə heç zaman etməmişik. Öz göz yaşlarımı paltarımın qolu ilə silib deyirəm: – “Həmin sözü ciddi demədim, Edvin. Sənin ölməyini istəməyimi deyirəm.” Mənə baxmadan, cavab vermədən ağlamağına davam edir, sonra qəfildən mənə tərəf çevrilir və ümidsiz baxışla mənə baxır. – “Mən onlara nifrət edirəm”, – o deyir, – “müdirə də, asistentə də. Onlar məni hər gün döyür və… mən heç zaman maşın boyamağı öyrənə bilmirəm. Məni sadəcə göndərirlər ki, hamısı üçün pivə alım. Atama nifrət edirəm, çünki mən iş yerimi dəyişə bilmirəm. Və evə gəldiyində heç zaman yalnız ola bilmirsən. Bir dənə lənətə gəlmiş künc yoxdur ki, orada öz başına, özünlə ola biləsən.” Mən başımı aşağı əyib şeir albomuma baxıram və deyirəm: – “Sən bilirsən ki, mən də özümlə tək-başıma qala bilmirəm, heç anamla atam da bilmir. Onlar heç, onlar heç… tək qala bilmirlər.” O, təəccüb dolu baxışlarla mənə baxır, sonra nəhayət ağlamağını saxlayır. “Yox”, – o kədərlə dillənir. “Müqəddəs İsa! Mən heç zaman bu barədə düşünməmişdim”. Ayağa qalxır, əlbəttə ki, bacısının onu zəif anında görməsinə görə peşmanlıq duyur. “Həə”, – cod səslə deyir, – “yəqin ki, hər şey sən evdən köçəndən sonra düzələcək.” Bu barədə onunla razıyam. Sonra mən çıxıram və hindəki yumurtaları sayıram. İkisini götürürəm, qalanını qırağa çəkirəm ki, sayı çox görünsün. Yumurta sarısını viski ilə qatacağam! Qonaq otağına doğru qışqırıb hazırlıqlara başlayıram. Həmin anlarda mən Edvini gözəl, möhtəşəm, məndən uzaq, şənləndirən olduğu illərdə istədiyimdən daha çox istəyirdim. Bu heç zaman heç nəyi bəyənməyən həmin adam deyildi.

XI BÖLÜM

Qerda uşaq doğmağa hazırlaşır və Tin Snout yox olub. Rut deyir ki, onun arvadı, uşaqları var, sonra deyir ki, gərək heç vaxt evli kişilərlə mənim alış-verişim olmasın. Mən heç evli olmayan kişilərlə alış-verişimin olduğunu təsəvvür edə bilmirəm. Amma bu düşüncəmi özümə saxlayıram. Anam deyir ki, nə zamansa evə körpə ilə dönsəm, məni evdən atacaqlar. Qerdanısa evdən atmayıblar. O, sadəcə olaraq fabrikdə işləməyini saxlayıb – orada həftədə 25 kron qazanırdı – indi evdə olur, bütün gün mahnı oxuyur, zümzümə edir. Görürsən ki, yaxşı əhval-ruhiyyəsindən zərrə qədər də itirməyib. Onun qızılı kəkili artıq çoxdan kəsilib və mən onu artıq ürəyimdə Rapunzel çağırmıram. Hərçənd nağıldakı qızı kor edilmiş şəhzadə səhranın ortasında tapdığı anda onun artıq əkiz tayı vardı. O qədər gözəl, o qədər uzaq səslənir ki, əhvalatı rahatlıqla nəzərdən qaçırda bilərsən və uşaq olanda mənə maraqlı gəlirdi ki, bu necə baş verə bilər? Keçən il kəndçi Olqanın izsiz-tozsuz yoxa çıxan qızının bir əsgərdən uşağı olmuşdu. Amma sonradan o, uşağın kimdən olduğu ilə maraqlanmayan, heç nəyi vecinə almayan bir polis nəfəri ilə ailə qurdu. Nə vaxt ki, böyük qarınlı qadın görürəm, çalışıram yalnız onların sifətlərinə baxım və orada Yohannes V. Yensenin şeirindəki kimi keçici xoşbəxtliyin işartılarını görüm: Mən öz qabarmış sinəmdə şirin və narahat yazı daşıyıram. Onların gözündə işıldayan ifadə yoxdur, düşünürəm ki, mən bir gün uşaq gözləyəndə gözlərimdə məhz bu ifadə olacaq. Bundan əminəm. Nəsr əsərlərində gərək şeir tapam, çünki evə kitabxanadan kitab yüklənib gətirəndə atam bunu bəyənmir. “Havadakı qəsrlər” o, nifrətlə deyir. Onların gerçəkliklə heç bir alış-verişi yoxdur. Gerçəklik heç vaxt mənim vecimə olmayıb və mən heç vaxt gerçəklikdən yazmamışam. Herman Banqın “Yolüstü” kitabını oxuduğumda atam kitabı iki barmağı arasına götürür və nifrət dolu baxışlarla deyir: – “Onun yazdığı heç nəyi oxumağa icazən yoxdur! O, normal biri olmayıb.”

Bilirəm, normal olmamaq dəhşətlidir, mənim özümün yalandan normal görünməyə cəhdlərimlə bağlı problemlərim var. Belədə Herman Banqın da normal olmaması məni sakitləşdirir və mən onun kitabını kitabxanada oxuyub bitirirəm. Sona yetişdiyimdə ağlayıram. Mariana qəbir torfunun altında yatır. Gəlin qızlar, gəlin yazıq Mariana üçün hönkürüb ağlayın. Mən də elə şeiriyyat yazmaq istəyirəm, istəyirəm yazdığımı hər kəs və hamı başa düşsün. Atam heç Aqnes Henninqsendən də nəsə oxumağımı istəmir, çünki o, ictimai qadındır. Atam belə deyir, amma zəhmət çəkib davamını izah etmir. Əgər mənim şerlər yazdığım kitabımı görsəydi, ehtimal ki, həmin kitabı yandırardı. Edvin kitabı tapıb ona güləndən sonra mən kitabı hər zaman üstümdə saxlayıram-gündüzlə məktəb çantamda, qalan vaxtlar isə tumanımın içinə salıram. Orada elastik rezin qoymur onu düşsün. Gecələr yorğanımın altında qoyuram. Yeri gəlmişkən, sonradan Edvin dedi ki, şerlərimi bəyənibmiş, kaş onları mən yox, başqa kimsə yazardı. –Hər şeyin yalan olduğunu bildiyində, o dedi, sən gülməkdən ölmə dərəcəsinə kimi gülürsən. Onun tərifindən məmnun qalıram, çünki şerlərimin yalan-palan olması ilə bağlı dedikləri məni narahat etmir. Çünki bilirəm, bəzən həqiqəti ortaya çıxartmaq üçün yalan danışmağa məcbursan.

Ketti və anası bayıra atıldıqdan sonra yeni qonşularımız var. Yaşlı bir cütlük köçüb-qızlarının adı Cittidir. O, şokalad dükanında işləyir və axşamlar atam qəbirstanlıqda növbədə olduğunda o, tez-tez gəlib bizə baş çəkir. Anamla onunku yaxşı “tutur”. Çünki anam ən yaxşı ondan bir neçə yaş qadınlarla yola gedir. Citti Edvinlə mənə sevə-sevə şokalad gətirir və biz onu xoşbəxtliklə yeyirik. Hərçənd atam deyir, çox güman bu şokalad oğurlanıb. Cittinin səxavəti nəticəsində başıma dəhşətli bir iş gəlir. Bir gün məktəbdən evə döndüyümdə anam deyir: Hə, qəşəng lanç idi hə bu gün özünlə apardığın lanç? Mən qızarıram və deyirəm ki, nədən danışdığından xəbərim yoxdur. Hər zaman lançıma toxunmadan onu atıram çünki o, qəzetə bükülü olur. Başqaları gümüşü kağıza bükür evdən gətirdikləri yeməyi, anam ömr boyu belə şey etməz. –Hə, yadıma, düşdü. Hə, mən deyirəm. Əntiqə idi. Mənə maraqlıdır, görəsən doğrudan da o, bunu oğurlayırmı? Anam söhbətcil əda ilə dedi. Yəqin ki, dükanın sahibi ona göz qoyur. Hə, yüngüllük duyuram. Yəqin ki, anam onun verdiyi şokaladdan bir parça bu gün məktəb üçün qoymuşdu. Və mən özümü çox xoşbəxt hiss edirəm, çünki bu sevgi əlamətidir. Çox qəribədir, anam heç zaman ona danışdığım yalanları aşkar etməyib. Əksinə, heç zaman doğru danışdığım şeylərə inanmır. Mənə elə gəlir, uşaqlığımın çox hissəsi onun şəxsiyyətini müəyyənləşdirməklə keçib. Çünki bəzən hədsiz sirli, hədsiz narahatedici olub. Praktiki cəhətdən ən pis şey onun bəzən günlərlə deyinməsidir, davamlı olaraq səninlə danışmaqdan, sənə qulaq asmaqdan imtina edir. Və sən onun harada, necə xətrinə dəydiyini heç zaman müəyyənləşdirə bilmirsən. Eyniylə atam kimidir. Bir dəfə qızlarla oynadığı üçün Edvini lağa qoyanda atam dedi: Hə, elədir. qızlar da bir növ insandır da! Hmm, anam dodaqlarını bir-birinə sıxıb dedi. Və sonra ən azı bir həftə keçməmiş dodaqlarını bir daha bir-birindən ayırmadı.

Əslində mən onun tərəfində idim. Çünki əlbəttə, oğlanlarla qızlar biryerdə oynamamalıdır. Heç məktəbdə də, təbii ki, əgər bacı-qardaş deyillərsə. Amma oğlan da cəsarət edib kiçik bacısı ilə görünə bilməz. Və nə zaman ki, Edvinlə mən küçə ilə üzüaşağı getməyə məcbur qalırıq, onda mən ondan 3 addım geridə getməliyəm və heç bir halda onu tanıdığımı bildirməməliyəm. Mən kiməm ki? Anam da belə düşünür. Çünki biz qeydetmələr üçün xalq evinə getdiyimizdə anam məni bir qədər tərbiyəli göstərmək üçün dəridən-qabıqdan çıxır. Mənim sarı, buruq saçlarımı saç ütüsü ilə düzəldir və mənə deyir ki, tez baş barmağımı içəri yığım ki, ayağım Cittidən borc aldığımız ayaqqabıya yerləşsin.– Lənətə gəlsin! O, çox gözəldir! Atam təsəlli vermək üçün dedi. Onun özünün məhz bu hal üçün alınmış köynəyinin ağ yaxalığı ilə problemi vardı. Edvin indi o qədər böyüyüb ki, ailəsi ilə harasa çıxmaq zorunda qalanda dəliyə dönür. İndi həm də mənə tez-tez dediyi “ sən necə eybəcərsən, ərə gedə bilməyəcəksən” kimi atmacalarını da tərgidib, az edir. Bu çox xüsusi bir axşamdır, çünki işçilər üçün çıxış etdikdən sonra Stauning Vesterbronun bütün işçilərinin hər biri üçün hədiyyə təqdim edəcək və onların arasında mənim atam da var. Hər bazar bizim evin yaxınlığındakı pilləkənləri tapdalaya-tapdalaya qalxıb düşür siyasi klubu üçün yeni üzvlər əldə etməyə çalışır. Anam isə hər dəfə 50 öre olan üzvlük haqqı ödəmək lazım olanda klub üzvlüyündən çıxır və bununla da atamı dəli edir. Sonra atam köhnə söyüşləri dodaqaltı söyür, şlyapasını götürür və yenidən imza toplamaq üçün kişilərin arcasınca yüyürür. Onun içində Stauninqə qarşı ağlasığmaz nifrət məskən salıb. Və tez-tez atamın bir zamanlar komunist olmasını fikrini xatırlayır. Heç nəyi ucadan demir, buna cəsarəti çatmır, amma mən bəzən onun mənim erkən uşaqlıq yaşlarımda oxuduğu qadağan olmuş kitabı xatırlayıram. Xoşbəxt fəhlə ailəsi əlində qırmızı bayraq dayanıb harasa baxır. Ola bilər bu şəkil onun bütün düşüncələrini təcəssüm etdirirdi.

Stauninq səhnəyə qalxdığında ürəyim sürətlə döyünməyə başlayır və əminəm ki, eyni hal atamla da baş verir. Stauninq adətən necə danışırsa, indi də elə danışırdı və ən yaxşı halda mən onun danışdıqlarının yarısını başa düşürdüm. Amma mən onun ürəyimə sərinlik səpən sakit, qaranlıq səsindən həzz alırdım. Onun səsi məni əmin edirdi ki, stauninq var olduğu sürədə heç bir pis şey baş verə bilməz bizimlə. O, səkkiz saatlıq iş saatlarının təqdim edilməsi ilə bağlı danışırdı. Hərçənd bu uzun müddət öncə baş verib. O, heç bir iş yerində dözməli olmadığımız həmkarlar ittifaqları, cinayətkar dairələr haqqında. Mən tez özümə, Allaha və Stauninqə söz verirəm ki, onun haqqında danışdığı cinayətkar ünsürlərdən olmayacam. O, yalnız partiyanı dağıdan, parçalayan komunistlər haqqında danışdığında səsi şimşək kimi çaxır, amma tez də sakitləşir və sakit, incə tonla işsizliyin- bu məsələdə onu təkcə anam günahlandırmır- izahına başlayır. Amma o deyir ki, bu bəlaya səbəb sadəcə ümumdünya fəlakətidir və mənə görə bu izah xoş və inandırıcıdır. Hər kəsin yıxıldığı, kölgələrini çəkdiyi, işıqları söndürdüyü dərin matəm içində olan bir dünya təsəvvür edirəm. Eyni zamanda bir ulduz da olmayan boz, təsəlliedilməz səmadan yağış sırhaşırla yağır. İndi isə, Stauninq nəhayət ki deyir, mən istərdim bizim möhtəşəm işimizə dəstək verən zəhmetkeş, yorulmaz sənaye işçilərimizə mükafatlar təqdim edim. Mükafatçılar sırasında atamın da olmasına görə qızarıram və onun oturduğu yerə çəpəki bir nəzər salıram. Əsəbi şəkildə bığlarını çeynəyib sanki onun sevincini bölüşdüyümü bilirmiş kimi mənə sarı baxır. İş yeri məsələsi ilə bağlı dava hələ də onunla Edvin arasında soyuqluq yaratmaqdadır. Edvinin elə görkəmi var sanki yuxusu gəlir, bu dəqiqə yatacaq. Sonra Stauninq hər bir adı ucadan və aydın şəkildə çəkir, hər bir kişinin əlini möhkəm sıxıb onlara kitab təqdim edir. Növbə atama çatanda hər şey göz önümdə üzməyə başlayır. Ona verilən kitabın adı “ Şeriyyat və vasitələr” adlanır və Stauninq ilk səhifədə onun adını bir də bir neçə kəlmə yazıb. Evə döndüyümüzdə laiq görüldüyü şərəfə görə hələ də sevinc içində olan atam deyir: Sən böyüyəndə icazə verəcəm oxuyarsan, bilirəm şer xoşla-yansan. Anam və Edvin bizimlə deyil. Onlar daha sonra rəqs partisinə gedəcəklər, bu isə atamı elə də maraqlandırmır və mən sadəcə hələ uşağam. Sonra anam o kitabı rəfin ən hündür gözündə elə bir yerə qoydu ki, şüşə qapı bağlı olduğunda onu görmək mümkün deyildi. “Hər mübarək bazar günü ayağını yorduğun üçün sənə verilən gözəl bir hədiyyə” Anam üz-gözünü turşudaraq dedi. Sonra o, yenə də iş yerindəki pis şəraitdən və az məvacib almaqdan danışmağa başladı. Aman Allahım! Anama heç xoşbəxtliyini də hüzur içində yaşamağa imkan vermirlər.

XII BÖLÜM

Zaman keçdikcə mənim uşaqlığım da bibərə oxşamağa başlayırdı, uzunsovlaşır, yastılaşırdı. Bağlı və yivsiz idi, ehtimal yox idi ki, mən böyüyənə kimi o orada qalacaq. Başqa insanlar da onu görə bilirdi. Aqnete xala hər dəfə bizi ziyarət etdiyində deyərdi: – “Aman Allahım! Sən necə də böyüyürsən!” – “Hə”, – anam cavab verər və yazıqlıq dolu baxışlarla mənə baxardı. – “Bircə bir az kökəlsəydi.” Haqlı idi, kağız oyuncaq kimi yastı idim və bütün paltarlar çiyinlərimdən asılqandan asılan kimi asılırdılar. Mənim uşaqlıq dövrüm 14 yaşım olana kimi davam etməli idi əslində, amma birdən onu daha tez yekunlaşdırsam, onda nə olar? Heç zaman bu önəmli suallardan hansınasa cavab almaq mümkün olmur. Rutun tam, çatlarsız, aramla gedən uşaqlıq dövrünə paxıllıqla baxırdım. Onun uşaqlıq dövrü sanki onu ötüb keçəcək, sanki ondan sonra kiməsə miras qala bilər və ondan sonra da onun uşaqlığından kimsə istifadə edə bilər. Rutun özünün bundan xəbəri yox idi. Oğlanlar küçədə onun üstümə qışqıranda ki, “bacı orada hava necədir?” yazıqların üstünə elə qışqırıb-bozarıb söyürdü ki, qorxu içində əkilirdilər. Mən zərif idim, utancaq idim və o, hər zaman məni müdafiə edirdi. Amma artıq tək Rut mənə kifayət etmirdi. Xanım Mollerup da həmçinin, çünki onun qayğısına qalmalı olduğu çoxlu uşağı vardı və mən onlardan yalnız biri idim. Mən bir nəfərin, yalnız bir nəfərin xəyallarını qururdum ki, şeirlərimi ona göstərə bilərdim, o da oxuyub onları tərifləyərdi. Ölüm haqqında çox düşünməyə başlamışam və onun haqqında dost olaraq düşünürəm. Öz-özümə ölmək istədiyimi deyirəm və anam şəhərə gedən kimi çörək bıçağını götürüb aortamı tapmaq ümidi ilə qoluma çəkdim. Bütün bu zaman ərzində yalnız bir səhnəni düşünürdüm: ümidsiz anam gəlir, bağıra-bağıra çökür mənim meyidim üzərinə və hönkürtü ilə ağlayır. Nəticədə qolumda bir neçə kəsik əmələ gəldi, hələ həmin kəsiklərin bəzi zəif izləri qalıb. Bu qeyri-müəyyən əsən dünyamda yeganə təsəllim aşağıdakı yazdığım şeirlərim idi:

Bir zamanlar cavan idim, par-par yanardım,
Gülüş, əyləncə həyatım idi.
Mən bərq vuran qızılgül kimi idim.
İndi isə mən yaşlıyam və unudulmuşam.

Onda 12 yaşım vardı. Bundan başqa yazdığım şerlərin hamısı Edvinin dediyi kimi “yalanla dolu idi”. Onların əksəri sevgi haqqında idi və əgər onlara inansaydın, mən maraqlı fəthlərlə dolu olan axmaq bir həyat sürürdüm. Əmin idim ki, valideynlərim nə zamansa belə bir şer parçasını görsəydi, məni birbaşa uşaqlar üçün islah əmək koloniyasına göndərərdi.

Mənim dostum, hiss etdiyim sevinc idi,
Bizim dodaqlarımız qovuşanda,
Mən bilirdim biz məhz bu an üçün doğulmuşuq.
Amma yenə də…
Mənim dumanlı, gənc xəyallarım yox oldu.
Həyata qapım hələ də açıq qalıb.
Həyat gözəldir, mənim dostum,
Sən məni ehtirasla xristiana çevirdin.

Mən sevgi şeirlərimi aydakı kişiyə, Ruta, ya da ümumiyyətlə heç kimə yazırdım. Mənə elə gəlirdi ki, mənim şeirlərim uşaqlıq dövrümün çılpaq qalan hissələrini sürtülmüş dəriyə vurulan yamaq kimi yamayırdı. Böyüklüyüm şeirlərim vasitəsilə formalaşacaq? Bu mənə maraqlı idi. Həmin dövr ərzində mən demək olar ki, həmişə depressiyada olurdum. Küçənin küləyi dünyanın hörmətsiz nəzərlərlə baxdığı hündür, arıq bədənimdən elə əsib keçirdi ki… Məktəbdə həmişə oturub heyran nəzərlərlə müəllimlərimə tamaşa edərdim – bütün böyük insanlara belə edərdim. Bir gün əvəz edən musiqi müəllimi sakitcə mən oturduğum yerə yaxınlaşdı, sakit amma aydın səslə dedi: – “Mənə sənin üzün xoş gəlmir.” Evə gedib dolabdakı güzgüdə diqqətlə özümə baxdım: girdə yanaqlar, avazımış sima və qorxmuş gözlər gördüm. Ön dişlərim boyunca bir neçə yerdə kiçik cürüklər vardı. Səbəb uşaqlıqda keçirtdiyim raxit xəstəliyi idi. Bunu məktəbdə müəllimimdən eşitmişdim, o, demişdi ki, xəstəliyə pis qidalanma səbəb ola bilər. Əlbəttə ki, bunu yalnız içimdə saxladım, çünki evdə müzakirə ediləsi bir mövzu deyildi. Getdikcə artmaqda olan melanxoliyamı özümə izah edə bilmədiyimdə düşündüm ki, bütün dünyanı bürüyən depressiya axır ki, məni də haqladı. Mən eyni zamanda erkən uşaqlığım haqqında da çox düşünürdüm. Həmin dövr heç zaman geri dönməyəcəkdi və mən həmin dövrün daha yaxşı olduğu düşüncəsində idim. Axşamlar pəncərə kənarında oturub şeir albomuma yazırdım:

Qırılan nazik iplər,