
Полная версия:
Devid Koperfild
O gülürdü. Ürəklənib ondan kağız, qələm istədim və Peqottiyə məktub yazdım. O mənə poçt kağızının pullu olduğunu dedi, burada süfrələrin qır-qırıntısı ilə qarnını doyurduğunu, kömür kisələrinin üstündə yatdığını, ailəsində hamının xəstə olduğunu deyib ağlamağa başladı.
Üç şillinqimdən birini kağıza görə ona uzatdım. O, pulu farağat vəziyyəti alaraq ehtiramla götürdü.
Mən karetin damında arxa oturacağa əyləşəndə hamı mənə təəccüblə baxırdı. Qulluqçu arvadlardan biri başını pəncərədən çıxarıb konduktora dedi:
– Bu uşağa diqqət et, Corc. Birdən köpüb partlayar.
Nökər də hamı kimi mənə baxıb pıqqıldayırdı. Balaca boyum və bu qədər qarınqulu olmağım onları bərk heyrətə salmışdı. Mən isə oradan ac yola düşürdüm. Yolda karet nahar üçün dayananda utandığımdan heç nə yemədim.
Gecə yol gedəndə məni iki centlmenin arasında oturtmuşdular ki, birdən yıxılaram. Onlardan gah biri, gah digəri mürgüləyib məni sıxırdı. Odur ki onları tez-tez oyatmalı olurdum.
Səhər açılanda uzaqdan London göründü. Oxuduğum kitablardakı gənc qəhrəmanlarımın başlarına bu şəhərdə nə qədər işlər gəlmişdi. Məni adı ya "Göy buğa", ya da "Göy qaban" olan bir mehmanxananın yanında düşürdülər. Konduktor qapıya baxıb səsləndi:
– Blanderstondan olan Merdston soyadlı uşağın dalınca kim gəlib?
Səs çıxmadı. Karet getdi. Mən Robinzon Kruzo kimi tək qalmışdım.
Növbətçi məni içəri çağırdı. Oturub gözləməyə başladım. Çaşıb-qalmışdım. Ağlıma min fikir gəlirdi. Bu vaxt bir cənab gəldi.
Baqajları tərəzidə çəkən adamla pıçıltı ilə nəsə danışdı. O, çox pis geyinmişdi.
– Sən yeni şagirdsən? – dönüb məndən soruşdu.
– Bəli, ser.
– Mən Səlem-Hausdan gəlmiş müəlliməm.
Mən təzim etdim və rahat nəfəs aldım. Müəllimin adı mister Mell idi. Dedi ki, biz poçt karetində daha altı mil getməliyik. Mən özümdə cəsarət tapıb dedim ki, dünəndən bəri heç nə yeməmişəm. Bir dükan göstərdi, mən üç pensə5 bir bulka aldım.
…Səlem-Haus hündür kərpic hasarı olan tutqun bir bina idi. Qapını öküz boyunlu, enlikürək və taxtaayaq bir adam açdı.
– Yeni şagirddir, – müəllim dilləndi.
Taxtaayaq məni başdan-ayağa süzərək içəri buraxdı və qapını açarla bağladı.
Bina boş və adamsız idi. Pansion sahibi mister Krikl arvadı və qızı ilə tətildə idi. Mister Mell məni son dərəcə cansıxıcı bir sinif otağına gətirdi. Partanın üstündə karton plakat gördüm. Üstündə yazılmışdı: "Ehtiyatlı ol! Qapır!"
– Bağışlayın, ser, … bəs it hanı?
– İt? Nə it?
– Ehtiyatlı olmaq lazım gələn. Adamları qapan…
– Yox, Kopperfild, itdən söhbət getmir. Mən göstəriş almışam ki, bu plakatı kürəyindən asım. Təəssüf edirəm, səninlə ilk gündən belə rəftar olunmalıdır. Mən bu işi görməliyəm.
Sonrakı günlərdə bu plakat üzündən nə əzablar çəkdiyimi təsvir edə bilmirəm. Görməsinlər deyə mən arxam divara, yaxud iri ağaca sarı dayananda həmin taxtaayaq aralıdan var səsi ilə bağırırdı:
– Ey, sən, Kopperfild! Bu yarlığı elə gəzdir ki, hamı görsün!
Dərslər başlanana qədər mister Mell mənimlə məşğul olmalı idi. Lakin mən dərslərimin öhdəsindən gəlirdim. Çünki ikimiz idik. Nə mister Merdston vardı, nə də bacısı.

VI fəsil
Tanışlar dairəsini genişlədirəm
Mister Krikl qayıdan axşam məni onun yanına apardılar. Kresloda vüqarla əyləşmişdi. Masada şüşə və yanında qədəh vardı.
– Aha! Bu, dişlərini mişarlamaq lazım gələn gəncdir? Bir onu döndər görüm!
Taxtaayaq məni döndərib kürəyimdəki plakatı göstərdi. Sonra yenə üzümü ona sarı çevirdi. Səsi alçaqdan gəlir, sanki fısıldayırdı. Danışanda onun qəzəbli sifəti boğuq rəng alırdı. Soruşdu:
– Bu uşaq barədə nə deyə bilərsən?
– Hələlik heç nə deyə bilmərik, elə bir hal olmayıb, – taxtaayaq cavab verdi.
Deyəsən, mister Kriklin bu cavabdan qanı qaraldı.
– Bir yaxın gəl, ser! – məni barmağı ilə yaxına çağırdı.
– Bura yaxınlaş! – taxtaayaq təkrarladı.
– Sənin atalığınla tanışam. Ləyaqətli və möhkəm xarakterli adamdır, – mister Krikl qulağımdan yapışaraq fısıldadı. – O məni tanıyır, mən də onu. Bəs sən məni tanıyırsan?
Əllərini amansız şəkildə oynadaraq qulağımı bururdu.
– Hələ yox, ser! – mən ağrıdan qıvrılaraq cavab verdim.
– Hələ yox? Hə? Çox tezliklə tanıyarsan!
Mən çox qorxdum və dedim ki, buna ümidvaram.
– Mən sənə deyərəm, mən kiməm! – qulağımı buraxıb fısıldadı. – Mən vəhşiyəm!
– Vəhşidir! – taxtaayaq təkrarladı.
– Mən qətiyyətli adamam! Nə dedim, o da olmalıdır! Apar onu!
Lakin mənim çox mühüm bir ricam vardı. Cəsarətə gəlib:
– Ser, əgər izin versəydiniz… Əgər mümkünsə, şagirdlər gəlməmiş bu yazını kürəyimdən götürün…
– Nə?! – mister Krikl kreslodan elə qalxdı ki, götürülməyə üstünlük verdim. Yatdığım otağa qədər qaçdım. İki saat titrətməm getmədi.
…Tətildən sonra məktəbə şagirdlərdən birinci Tommi Tredls gəlmişdi. Mənim plakatım onun xoşuna gəldi:
– Bir bax a! Yamanca gülməlidir!
Lakin şagirdlərin çoxu mənim plakatıma gülmədi. Bəzi şagirdlər ətrafımda rəqs edib məni cırnatmağa çalışırdı: "Qıs! Qıs!" Digərləri adımı "Qapı iti" qoymuşdu. Az qalırdı ağlayam.
Məktəbin ən nüfuzlu şagirdi olan Ceyms Stirfort gələndə mən formal olaraq bu mühitə qəbul edildim. Onun dərin bilikli şagird olduğu deyilirdi. Məndən altı yaş böyük idi. Məni onun yanına dustağı hakim yanına aparırmış kimi aparırdılar. Plakatıma baxıb bu cəzanın səbəbi ilə maraqlandı və təəssüf etdi. Onunla yanaşı gedəndə soruşdu:
– Nə qədər pulun var, Kopperfild?
– Yeddi şillinq.
– Yaxşısı budur, ver mən saxlayım. İstəmirsən, vermə.
Mən bu dostcasına təklifi qəbul etməyə tələsdim və pulları onun ovcuna boşaltdım.
– Bunları xərcləmək istəmirsən?
– Yox, ser.
– İstəsən, bu, çox asandır. Bircə kəlmə de…
Mən razılıq verdikdən sonra axşam bu yeddi şillinqə xeyli şey alıb gətirmişdi. Əsl kral ziyafəti düzəltdik. Təklif etdim ki, qonaqlığa Stirfort başçılıq etsin. Biz pəncərədən düşən ay işığında çarpayılarımızda və döşə- mədə oturub pıçıltı ilə danışır, qarağat şirəsi içir, şirniy- yat yeyirdik.
Uşaqlardan pansion və onun sakinləri haqqında çox şey öyrəndim…
Mister Krikl, doğrudan da, vəhşidir. Hər gün əlində qamçı süvari döyüşçü kimi sağını-solunu çırpır, qarşısına çıxanı ağına-bozuna baxmadan döyür. Bu işdən başqa, əlindən heç nə gəlmir. Əvvəllər alverçi imiş, işi alt-üst olandan sonra bu məktəbi açıb. Taxtaayaq Tangey alverdə ona kömək edirmiş. Onun yanında xidmət edəndə ayağını sındırıb. Öyrəndim ki, mister Kriklin bir oğlu var. Atasına şagirdləri və evdə anasını döydüyünə görə etiraz edirmiş. Bunun üstündə evdən qovulub…
VII fəsil
Səlem-Hausda ilk "yarımil"
Ertəsi gün mister Krikl qapıda görünəndə sinfə dərin sükut çökdü. O, nağıllardakı nəhənglər kimi dayanmışdı. Tangey yanında idi. Mister Krikl dedi:
– Hə, uşaqlar, yeni yarımil başlanır. Heç kəsin başı sığallanmayacaq. Kürəyinizi qaşımağa ehtiyac yoxdur, onsuz da şallağımın yerini silə bilməzsiniz. İndisə, haydı!
Bu qorxulu çıxışı bitirib mənə yaxınlaşdı. Qamçını göstərdi və havada silkələyərək dedi ki, bu barədə nə düşünürəm? Suallarını davam etdirərək qamçını təpəmə-gözümə çırpırdı. Mən hər dəfə ağrıdan qıvrılırdım.
Təkcə mən döyülmədim. Sinifdə gəzişərək şagirdlərin çoxunu qamçı ilə döydü. Uşaqlar yerlərində qıvrılır, gözlərindən yaş axırdı.
Yazıq Tredls! Ən xoşxasiyyət və ən bədbəxt şagird idi. Onu yarım il ərzində hər gün qamçıladı. Onun bir adəti vardı: gözündə yaş olsa da, lövhədə həmişə skelet rəsmi çəkərdi. Anlaya bilmirdim ki, bu skelet çəkməkdə nə görüb?
Çox nəcib uşaq idi Tredls. Deyirdi ki, gərək şagirdlər bir-birinə qahmar çıxsın. Bunun üstündə nə qədər döyülmüşdü…
Stirfort çox faydalı dost çıxdı. Bircə məni mister Krikldən müdafiə edə bilmirdi. Bunu bacarmazdı da. Bir dəfə söhbət edəndə bildi ki, mən evdə çoxlu kitab oxumuşam. Soruşdu:
– Onlar yadında qalıb?
– Əlbəttə, yaddaşım əladır.
– Belədirsə, onları mənə nağıl edəcəksən.
Bundan sonra gecələr Ceyms Stirfortun çarpayısının yanında əyləşib bir vaxt oxumuş olduğum kitabları ona nağıl edirdim. Dərslər başlanandan bir həftə sonra Peqottidən sovqat gəldi. Uşaqlara yeni bir qonaqlıq verdim.
Müəllim mister Mell mənə çox kömək edirdi. Onu minnətdarlıqla xatırlayıram.
Həmin yarımildə daha bir hadisə baş verdi və onu indi də unuda bilmirəm. Tangey elan etdi ki, mister Kopperfildi görməyə gəliblər. Mister Peqotti və Hem məni görmək üçün məktəbə gəlmişdilər. Onları görəndə məni nə üçün ağlamaq tutduğunu bilmirəm.
– Gülərüz, şən Devi! Əməlli-başlı böyümüsən!
– Böyümüşəm?
– Özü də necə! – Hem mənə ürək-dirək verirdi.
Biz söhbət edəndə qəfildən Stirfort göründü. Mən onu qonaqlarımla tanış etdim.
Günlər keçir, uzaqlarda görünən tətil yavaş-yavaş yaxınlaşırdı. Budur, son məşğələ! Budur, poçt kareti ilə evə gedirəm.
VIII fəsil
Ən gözəl bir günüm
Həmin mehmanxana idi. Məni aldatmış nökər isti çay gətirdi. Yuxudan qalxıb həyətə düşəndə mister Barkis məni elə qarşıladı ki, sanki beş dəqiqə əvvəl ayrılmışdıq. Mən arabaya minən kimi onun tənbəl atı yerin- dən tərpəndi.
– Gözəl gündür, hə, mister Barkis? Mən tapşırığını yerinə yetirdim. Peqottiyə məktub yazıb sənin sözünü çatdırdım.
– Hə? – qaşqabağını tökdü. – Bir nəticəsi olmadı. Bəlkə, ona deyəsən, mister Barkis cavab gözləyir, hə? Onun adı nəydi?
– Peqotti.
– Bu onun adıdır, yoxsa soyadı?
– Soyadıdır. Adı Klaradır.
Mister Barkis nə düşündüsə, cibindən tabaşir çıxardı və arabanın iç tərəfindən divara "Klara Peqotti" yazdı.
Doğma evə qayıtmaq nə qəribə duyğu imiş. Mister və miss Merdstonun sifəti görünmürdü. Qapını döymədən içəri girdim. Qulağıma alçaqdan layla səsi gəlirdi. Anam buxarının önündə oturub çağa əmizdirirdi. Məni görüb "Əzizim Devi! Mənim balam!" dedi. Üzümdən öpdü. Mənim başımı körpənin yanına qoyub özünə sıxdı.
– Bu sənin qardaşındır! – dedi. – Devi, mənim balam! – anam mənə nəvaziş göstərir, öpür, qucaqlayırdı. Bu əsnada Peqotti qaçaraq içəri girdi.
…Anam Peqottini məcbur etdi ki, bizimlə birlikdə nahar eləsin. Nahar vaxtı mən fürsətdən istifadə edib mister Barkisin sözlərini Peqottiyə çatdırdım. O, qəhqəhə çəkib gülürdü. Anam dedi:
– Niyə gülürsən, ağılsız qız? O sənə bab adamdır.
– Məni bağışlayın. Mən heç kəsə getmərəm…
– Deməli, indilərdə ərə getmək istəmirsən? Onda, əziz Peqotti, hələlik məni tərk etmə. Sənsiz mən nə edərəm? – anam nəyə görəsə düşüncəli halda belə dedi.
Çay içəndən sonra mən Səlem-Hausdan, dərslərimdən danışırdım. Bu, gözəl bir axşam idi. Həmin gün yaddaşıma həkk olunub qaldı.
Səhər yeməyinə düşəndə mister Merdston arxası buxarıya dayanmışdı. Mənə diqqətlə baxdı, bir söz demədi.
– Aman Tanrım! – miss Merdston dərindən nəfəs aldı və soruşdu: – Tətil çoxmu çəkər?
– Bir ay, xanım.
…Miss Merdston təqvimə oxşar bir şey düzəltmişdi və oradan hər səhər bir günün üstündən xətt çəkirdi.
Elə birinci gün mən onu təsvirəgəlməz bir dəhşətə gətirdim. Körpə uşaq anamın dizi üstündə idi. Onu çox ehtiyatla qucağıma aldım. Miss Merdston elə baxdı ki, az qaldı körpəni əlimdən salım.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Mil – 1609 metrə bərabər uzunluq vahidi
2
Şillinq – funt-sterlinqin ½-nə bərabər ingilis pulu
3
Yarımkron – 2,5 şillinqə bərabər mis-nikel ingilis moneti
4
Pinta – 0,568 litrə bərabər ənənəvi ingilis həcm ölçüsü
5
Pens – 1/12 şillinqə bərabər xırda ingilis moneti
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов