banner banner banner
Tanrı nə vaxt gülür
Tanrı nə vaxt gülür
Оценить:
Рейтинг: 0

Полная версия:

Tanrı nə vaxt gülür

скачать книгу бесплатно

Tanrı nə vaxt gülür
Entoni de Mello

Hikmət
Bu kitaba dünya xalqlarının pritçalarını, müxtəlif dini təlimləri, eləcə də lətifələri, Molla Nəsrəddin haqqında rəvayətləri sintez etməsi ilə məşhurlaşan yazıçı Entoni de Mellonun topladığı müdrik hekayətlər toplanıb.

Entoni de Mello

Tanrı nə vaxt gülür

MÜƏLLİFDƏN OXUCUYA BƏZİ MƏSLƏHƏTLƏR

(ixtisarla)

Nə qədər qəribə də olsa, Həqiqətin insanlarda doğurduğu ilk hislər etiraz və qorxudur. Əsrlərboyu peyğəmbərlər və filosofların söylədikləri bir çox həqiqətlər kütlələr tərəfindən bu hislərlə qarşılanmışdır. Məhz buna görə də xələfləri onların fikirlərini yaymaq üçün çox asan bir üsul tapmışlar: onlar rəvayət, əfsanə və nağıldan istifadə etmişlər. Mənəvi ustadlar hesab edirdilər ki, “Biri var idi, biri yox idi” hər bir dildə ən tilsimli sözlərdir. Onlar bilirdilər ki, insanlar, adətən, həqiqətə müqavimət göstərirlər, nağıla müqavimət göstərmək isə, sadəcə, absurddur. Hər bir müdrik hekayət insanı azacıq da olsa dəyişdirir və İlahiyə doğru gedən yolda maneələri yox edir.

Hekayətləri yadınızda saxlayın ki, sonra dostlarınıza danışa biləsiniz. Hər dəfə hansısa bir vəziyyətə aydınlıq gətirmək istərkən rəvayət gözünüz önündə canlanacaq. Başqa sözlə, bu hekayətləri oxumaqla dünyanı və özünüzü dərk etməyin yollarını öyrənəcəksiniz və sizə özünüzdən başqa heç bir quru[1 - quru – hinduizm və buddizmdə mənəvi rəhbər, müəllim.] lazım olmayacaq.

Hekayələri ardıcıllıqla oxumaq yaxşı olardı. Əgər siz onlardan sadəcə kef almaq yox, daha çox şey gözləyirsinizsə, onda birdəfəyə yalnız bir-iki hekayə oxumaq lazımdır. Kitabı oxuyarkən “görəsən, burada təsvir edilmiş əlamətlər məndə də varmı?” sualına cavab tapmağa çalışın.

Kitabdakı hekayələr bir çox xalqların mədəniyyət və dinlərini əhatə edir. Onlar bəşəriyyətin mənəvi irsinə məxsusdur. Müəllifin xidməti isə təkcə onları müəyyən ideya ətrafında birləşdirməkdən ibarətdir. O, sadəcə, toxucu və boyaqçının işini yerinə yetirib. Pambıq və sapın şöhrətinə şərik olmaq fikrindən uzaqdır.

TƏHSİL

Təhsil həyata hazırlıq olmamalıdır, o, həyatın özü olmalıdır

ELƏ BİLİR, MƏN HƏQİQİYƏM

Bir ailə restorana nahara gəlir. Ofisiant qız böyüklərdən sifarişi qəbul etdikdən sonra üzünü onların yeddiyaşlı oğluna tutur:

– Siz nə sifariş edəcəksiniz?

Oğlan cəsarətsiz şəkildə valideynlərinə baxıb deyir:

– Mən hot-doq istəyirəm.

Ofisiant sifarişi yazmağa macal tapmamış uşağın anası dillənir:

– Heç bir hot-doq yoxdur! Ona kartof püresi və köklə bifşteks gətirin.

Ofisiant onun sözlərinə məhəl qoymur:

– Hot-doqu xardalla istəyirsiniz, ya ketçupla? – deyə uşaqdan soruşur.

– Ketçupla.

– Bir dəqiqəyə hazır olacaq, – deyərək ofisiant mətbəxə yollanır.

Stol arxasında dərin sükut yaranır. Nəhayət, uşaq günahkarcasına valideynlərinə baxaraq deyir:

– Bilirsiniz, o elə bildi ki, mən həqiqiyəm!

– Sənin balaların necədi?

– Hər ikisi yaxşıdır, çox sağ ol.

– Yaşları nə qədərdir?

– Həkimin üç, hüquqşünasın isə yeddi yaşı var.

NEVROZLU UŞAQ

Balaca Meri anası ilə dəniz sahilinə gəldi.

– Ana, olar qumluqda oynayım?

– Yox, əzizim. Təmiz paltarın çirklənər.

– Ana, suda bir az qaça bilərəm?

– Yox. İslanıb xəstələnərsən.

– Ana, sahildəki uşaqlarla oynaya bilərəm?

– Yox. Uşaqlara qarışıb gözdən itərsən.

– Ana, mənə dondurma al.

– Yox. Boğazına soyuq dəyər.

Balaca Meri ağlamağa başladı. Ana yaxınlıqda duran qadına tərəf dönüb dedi:

– Aman Allahım! Siz nə vaxtsa belə nevrozlu uşaq görmüsünüz?

İT ÜÇÜN BALIQ YAĞI

Bir nəfər öz dobermanına balıq yağı vermək qərarına gəlir. O bunun itlər üçün çox faydalı olduğunu eşitmişdi. Hər gün itin başını dizləri arasında sıxaraq ağzını açır və yağı zorla boğazına tökürdü.

Bir dəfə it dartınaraq onun əlindən çıxdı və bu vaxt yağı döşəməyə dağıtdı. Sonra isə, sahibinin böyük təəccübünə rəğmən, qayıdaraq yerdəki yağı yalamağa başladı. Məlum oldu ki, heyvan balıq yağının özünə deyil, sadəcə, bu yağın ona necə yedirdildiyinə qarşı müqavimət göstərirmiş.

ƏL ÇALAN MƏLƏK

Qədim bir əfsanəyə görə, Allah dünyanı yaradarkən ona dörd mələk yaxınlaşır. Birinci soruşur: “Sən bunu necə edirsən?” İkinci soruşur: “Sən bunu niyə edirsən?” Üçüncü soruşur: “Kömək edə bilərəm?” Dördüncü soruşur: “Bunu etməyə dəyərmi?”

Birinci mələk alim idi, ikinci – filosof, üçüncü – altruist, dördüncü isə əmlak üzrə agent.

Beşinci mələk bütün bu baş verənləri kənardan böyük həzlə izləyir və əl çalırdı. O, sufi idi.

CONNİ MƏKTƏB TAMAŞASINDA ROL ALDI

Balaca Connini məktəb tamaşasında oynamaq üçün yoxlayırdılar. Anası bilirdi ki, oğlu həmin tamaşada rol almağı çox istəyir, amma onun seçilməsinə ümidi az idi. Nəhayət, şagirdlərə rolların paylanacağı gün gəlib çatdı. Evə qayıdan Conni anasının qucağına atıldı; o, böyük fərəh və həyəcan içində idi.

– Ana! – deyə o qışqırdı. – Məni seçdilər! Mənə alqışlamağı və “Ura!” qışqırmağı həvalə etdilər.

Şagirdin gündəliyindən yazı: “Samuel xora diqqətlə qulaq asmaqla ona kömək edir”.

ASTRONAVTIN HEYRANLIĞI

Ayda olmuş azsaylı astronavtlardan biri danışırdı ki, ora düşərkən heyranlıq hislərini boğmağa məcbur olmuşdu.

Xatırlayırdı ki, bir dəfə Yeri görəndə heyranlıqdan donub-qalmışdı. Yerində dayanıb düşünürdü: “Allahım! Necə də gözəldir!”

Amma sonra sentimental hisləri kənara atıb özünə demişdi: “Vaxtı boş yerə itirmə, get süxurdan nümunələr yığ”.

Təhsilin iki növü var: biri necə qazanmaq lazım olduğunu öyrədir, digəri necə yaşamağı.

BUNUN NECƏ EDİLDİYİNİ UNUTMUŞAM

Dünyanın ən varlı insanlarından biri olan Endrü Karnegidən bir dəfə soruşurlar: “Siz istənilən vaxt dayana bilərdiniz, elə deyilmi? Axı sizin kapitalınız hər zaman kifayət qədər olub”.

Karnegi cavab verir: “Bəli, tamamilə doğrudur. Amma mən dayana bilmirdim. Mən, sadəcə, bunu necə etməyi unutmuşdum”.

Çoxları qorxur ki, düşünməyə və maraqlanmağa ara versələr, sonra artıq yenidən başlaya bilməyəcəklər.

OKEANDA GÖZƏL ADA

Qoca kişi həyatının böyük hissəsini dünyanın ən gözəl adalarından birində yaşamışdı. Artıq ahıl yaşlarında şəhərə köçəndə kimsə ona demişdi: “Yəqin, dünya möcüzələrindən biri sayılan bir adada bu qədər uzun müddət yaşamaq çox fərəhli bir haldır!”

Qoca bir qədər düşünüb cavab vermişdi: “Bilirsiniz, düzünü desəm, əgər adanın bu qədər məşhur olduğunu bilsəydim, heç olmasa, ona bir nəzər yetirərdim”.

İnsanlara baxmağı öyrətmək lazım deyil. Onları yalnız kor edən məktəbdən xilas etmək lazımdır.

UİSTLERİN UŞAQLARI

XIX əsrin ortalarında amerikalı rəssam Ceyms Mak-Neyl Uistler Vest-Pointdə, ABŞ Hərbi Akademiyasında qısa və akademik təhsil baxımından uğursuz sayılan bir təlim dönəmi keçirtmişdi. Deyilənə görə, bir dəfə ona körpü çəkmək tapşırığı veriləndə o, yaşıllıqla örtülmüş çay sahillərini birləşdirən çox füsunkar bir daş körpü və onun üstündə dayanıb balıq tutan iki azyaşlı uşaq şəkli çəkmişdi.

– Uşaqları körpüdən götürün! Bu, xalis mühəndislik tapşırığıdır! – deyə təlimatçı ondan xahiş edir.

Uistler uşaqları körpüdən götürür, balıq tutmaq üçün sahildə yerləşdirir və yenidən rəsmini göstərir. Qəzəblənmiş təlimatçı bağırır:

– Mən axı sizə dedim uşaqları yığışdırın. Tamamilə! Şəkildə uşaq qalmasın!

Ancaq Uistler öz yaradıcılıq alovunu söndürə bilmir. Növbəti variantda şəkildə uşaqlar, doğrudan da, yox idi. Onlar çayın sahilində iki kiçik qəbirdaşı altında basdırılmışdılar.

LUİS SİNKLERİN MƏSLƏHƏTİ

Bir dəfə bir qrup tələbə böyük romançı Luis Sinklerdən onlara mühazirə oxumasını xahiş edir və bildirirlər ki, gələcəkdə yazıçı olmaq fikrindədirlər. Luis mühazirəni bu sözlərlə başlayır:

– Sizlərdən kim, həqiqətən, yazıçı olmaq fikrindədir?

Hamı əlini qaldırır.

– Belə olan halda hər hansı bir şeydən danışmaq tamamilə mənasızdır. Sizə belə məsləhət verəcəyəm: gedin evə və yazın, yazın, yazın…

Bunu deyərək qeydlərini cibinə qoyur və auditoriyanı tərk edir.

BEYİN NƏYƏ LAZIMDIR

Bir qadın yenicə aldığı çox mürəkkəb bir mətbəx cihazını “İstifadəçi üçün təlimat”ın köməyi ilə yığmağa çalışırdı. Lakin az sonra bunu bacarmayacağını anlayan qadın təslim oldu və bütün detalları elə stolun üstündə səpələnmiş vəziyyətdə qoyaraq çıxıb getdi.

Bir neçə saatdan sonra evə qayıdaraq cihazın qulluqçu tərəfindən yığıldığını və əla işlədiyini görən qadının təəccübünü təsəvvür etmək çətin deyil.

– Axı sən bunu necə bacardın?! – deyə o, heyrətlə soruşdu.

– Bilirsiniz, xanım, oxumağı bacarmayanda beynini işlətməyə məcbur olursan.

ÖYRƏTMƏK, YA ÖYRƏNMƏK?

Qırx yeddi il müxbir və ədəbi redaktor işləmiş bir nəfər bir gün yerli Təhsil Komitəsinə zəng vurur və özünün qəzet biznesindəki çoxillik təcrübəsindən danışaraq savadsızlığın aradan götürülməsinə yönəldilmiş yerli proqramda iştirak etmək arzusunda olduğunu bildirir.

Uzun bir fasilə. Sonra xəttin o biri başından kimsə soruşur:

– Çox gözəl. Siz öyrətmək, yoxsa öyrənmək istəyirdiniz?

QARPIZ İŞİ

Üç oğlanı qarpız oğurluğunda təqsirləndirirdilər. Məhkəmə zalında onlar böyük həyəcanla hakimin qərarını gözləyirdilər və özlərini ən pis hökmə hazırlayırdılar, çünki hakim ətrafda sərt bir adam kimi tanınırdı.

Ancaq hakim həm də müdrik müəllim idi. O, çəkici ilə stola vuraraq zalda olanlara üzünü tutdu:

– Zəhmət olmasa, uşaqlıqda heç vaxt qarpız oğurlamayanlar əllərini qaldırsınlar.

Bir qədər gözlədi. Məhkəmə icraçıları, polislər, tamaşaçılar – elə hakimin özü də – hamı əllərini qarşılarında, stolun üstündə saxlamışdı.

Məhkəmə zalında heç kimin əlini qaldırmadığına tam əmin olduqdan sonra hakim hökm verdi:

– İddia rədd edilir!

HƏR ŞEY MAŞINLARA GÖRƏDİR

Bir mömin qadın müasir gənclərin həyat tərzindən gileylənərək deyirdi:

– Bunun hamısı maşınlara görədir! Gör rəqs etmək və bir yerdə vaxt keçirmək üçün onlar necə uzaqlara getməli olurlar. Yəqin, sənin vaxtında başqa cür idi, elə deyilmi, nənə?

Səksənyaşlı qadın cavab verir:

– Bilirsən, biz bacardığımız qədər uzağa getməyə çalışırdıq!

ALLAH MƏTBƏXDƏ İDİ