
Полная версия:
Tomris Xan
Artıq həqiqətlər ortaya çıxmışdı. Üstəlik, baş verənlərdən xəbər tutmuş Mandana da yaşadığını öyrəndiyi oğluna sahib çıxmaq üçün hökmdarın yanına gəlmişdi.
Tanrı Kirin yaşamasını istəmişdi. Çünki qarşıda onu daha böyük amallar uğrunda mübarizə gözləyirdi. İnancı sağlam olan hökmdar: – “Deməli belə olmalıydı. Bu mənim alın yazım, qismətimdir, dəyişdirilə bilməz. Hər nə qədər də inandığım, sadiq bildiyim insanlara bu yazının dəyişdirilməsi üçün əmr versəm də, heç biri yerinə yetirilməmiş qaldı” – düşündü.
Hökmdar baş verən hadisələr qarşısında başqa cür davranıb fərqli əmrlər versəydi, bəlkə də, Tanrı onu bağışlamazdı.
Bütün bunlara baxmayaraq hökmdarı daxildə narahat edən hiss var idi. Artıq yox etmək istədiyi nəvəsi Kir deyildi.
– Madam ki, işlər bu həddə gəldi, artıq ediləcək bircə şey qalır, o da öz soyumdan olan nəvəm Kirin böyüklüyünü qəbul etmək. Onu yetişdirsəm, taxtımı ona bağışlasam, onu tərbiyə etsəm, hər şey nəzarətimdə olacaq.
Daxildə belə düşüncəyə qapılsa da, ən yaxın dostu, sirdaşı olan Harpaqosa qarşı nifrəti azalmırdı. Çünki onu narahat edən bu məsələ çoxdan açılmalı və həll edilməliydi. Astiaq indi bir məsələ haqqında düşünürdü: əmrini dinləməyən, hər dəfə həqiqəti soruşduğu halda, yalan söyləyən Harpaqosu necə cəzalandırmalıdır?
– Harpaqos, sənin bir oğlun var, elə deyilmi?
– Bəli, əfəndim!
– O halda, onu saraya gətir. Nəvəm artıq sarayda yaşayacaq. Oğlun onunla dost olsun. Birlikdə böyüsünlər! Bundan sonra onların birlikdə təlim alıb böyüyəcəkləri yer saraydır.
Harpaqos çox sevinmişdi hökmdarın ona cəza vermədiyinə. Ona görə də oğlunu saraya gətirməyə tərəddüd etmədi. Halbuki, hökmdar ona layiqli cəza verməyi artıq qərarlaşdırmışdı.
Astiaq Harpaqosun oğlunu tikə-tikə doğratdırdı.
Harpaqos nə qədər yalvarsa da, kral onu bağışlamadı.
Sonra hökmdar maqları yenidən hüzuruna çağırdı. Onların fala baxmalarını, qarşıda onu gözləyən hadisələr haqda xəbər vermələrini əmr etdi. Bundan başqa, nəvəsi Kiri gözləyən hadisələr haqqında da danışmalarını istədi:
– Onun üçün yazılan Tanrı yazısını dəyişdirmək mümkündürmü?
Maqlar fal açıb bir müddət öz aralarında müzakirə apardıqdan sonra bu fikirə gəldilər:
– Əgər Kir hələ yaşayırsa və özlüyündə hökmdarlığını elan edibsə, bu adi uşaq oyunudur, burda narahat olmalı heç nə yoxdur. Hökmdar üçün yazılan yazı dəyişdirilib. Kirin oyunda hökmdar olması artıq bütün pis fikirləri yox edib. Yuxularda gördükləriniz həyata keçdi və hökmdarlığınız davam edir. Deməli, Kirdən qorxmaq, çəkinmək üçün heç bir əsas qalmayıb.
Bununla belə, onlar yenə də Kirin fars köləsinin qanını daşımasını təhlükə hesab edirdilər. Halbuki, o zamanlar çox zəif olan farsların hakimiyyəti ələ keçirmələri imkansız görünürdü. Belə olduqda, ən düzgün yol uşağın saraydan uzaq yerdə saxlanılması idi.
Kral Kiri hüzuruna çağırdı. O, maqların sözlərindən yenə də təsirlənmişdi. Kirin saray yaxınlığında olması hökmdar üçün təhlükə ola bilərdi.
– Sən mənim nəvəmsən. Gördüyüm yuxunun yozumuna görə, sənə ədalətsizlik etdim. Ancaq gördüm ki, Tanrının yazısına qarşı gəlmək olmaz. Bunu sənin burada – hüzurumda olmağınla gördüm. Nə etsəm də, sən yaşadın və bu yaşa gəlib çatdın. Uşaqlığının keçdiyi yerə – farsların yanına qayıtmağını istəyirəm. Saray mühiti sənə uyğun deyil. Çünki midiyalı deyilsən. Atanın mənsub olduğu insanların içərisində böyüməlisən!
Kirin yaşı kiçik olsa da, baş verən hadisələrdən çox təsirlənmişdi. Onu böyüdən, tərbiyə edən atası bir vaxtlar onu öldürmək üçün alan kölə imiş. Yeni tanıdığı anasından yenidən ayrılmaq, eşitdiklərin ürəyində hökmdara qarşı nifrət oyadırdı.
Bu yaşda bu qədər mürəkkəb hadisələrin ağırlığını daşımaq çətin idi. Ancaq o, doğma anasının yanında yaşamaq, atasının qisasını almaq, haqqı olanı əldə etmək üçün and içdi.
Bunu bacardı da.
Oğlunun itirən Harpaqos nə edəcəyini bilmirdi. Hökmdardan ona verdiyi bu cəzaya görə qisas almaq üçün məqam gözləyirdi. Məhz buna görə Kirdən əl çəkmədi. Uzaqdan da olsa, yüksək səviyyədə yetişməyi və öyrənməsi üçün əlindən gələn köməyi göstərdi. Bütün ehtiyaclarını qarşıladı, ona çoxlu qızıl göndərdi. Xüsusi müəllimlər tutdu, onu yetişdirdi və gələcəyə hazırladı.
– Bir vaxtlar hökmdarın gördüyü yuxunu yozan maqların dediklərinin gerçəkləşməməsi üçün çalışırdım, indi isə bunların tezliklə həyata keçməsi üçün əlimdəki bütün imkanları səfərbər etmişəm!
Kir nifrətlə böyüyür, çox zalım şəxs kimi yetişirdi. Uşaqlıqdan aldığı tərbiyə və daha sonra baş verənlər onun qanı sevən insan kimi yetişməsinə səbəb olmuşdu. Artıq atasını öldürən, anasına olmazın əziyyətlər verən hökmdarın düşməni idi. Özünün fars olduğunu bilirdi, Midiya hökmranlığının sona çatması haqda düşünürdü.
Harpaqos bunu bacarmışdı, istəyinə yetmişdi.
Kirin artıq bir məqsədi var idi: hökmdar Astiaqa layiq olduğu cəzanı vermək!
Bu işlər üçün gizli fəaliyyət göstərir, özünə sadiq adamlar seçirdi. Onu qızıl və qiymətli hədiyyələrlə Harpaqos təmin edirdi. Farslar artıq qoşun şəklində formalaşmağa başlamışdılar. Uzun zamandır arzusunda olduqları rəhbəri tapmışdılar. Artıq köləliklərinin sona çatacağı günün yaxın olduğunu bilirdilər.
Zamanı gələndə farslar üsyan qaldırıb öz hakimiyyətlərini quracaqdılar. Artıq özlərini midiyalıların asılılığından xilas edəcək hərəkata başlamışdılar. Midiyalılarla farslar arasında bir neçə qanlı döyüş oldu. Farslardan sayca çox və silah-sursat cəhətdən qat-qat üstün olan bu qeyri-bərabər döyüşlərdə midiyalılar məğlub oldular. Bu müharibədə hamının yenilməz, qüdrətli hesab etdiyi güclü Midiya ordusu döyüş meydanlarında biabırçı məğlubiyyət yaşadı. Bu onları alçaldıcı vəziyyətə saldı. Artıq gözünü qan tutmuş Kirin içindəki nifrət vulkanı coşmuşdu. Qarşısını heç cür almaq mümkün deyildi. Kir kütləvi qətllər törətdi. Midiya ordusunu bir neçə dəfə ard-arda məğlubiyyətə uğratdıqdan sonra artıq heç kim onun qarşısına çıxmağa cürət etmirdi. Kirin törətdiyi qətllər zamanı hökmdarı farslara qarşı həmişə qızışdıran, sarayda böyük söz, nüfuz sahibi olan falçı maqlar da öz cəzalarını aldılar. Hökmdarın gələcəklə bağlı yuxularını yozan, onu müəyyən işləri görməyə yönləndirən bütün kahinlər çarmıxa çəkildilər. Hamının gözlədiyinin əksinə olaraq Kir babası hökmdar Astiaqı öldürmədi. Onu öz yanında əsir kimi saxladı və hər kəsin gözü qarşısında alçaltdı.
Dünyanı lərzəyə salan böyük hökmdar Kirin qəhrəmanlıq hekayəsi budur.
O, hökmdar olduqdan sonra dünyanın hər yerinə ordu yeritmiş, çoxlu sayda xalqları öz əsarəti altına salmış, böyük ərazilər işğal edib öz imperiyasını qurmuşdu. Kir çox böyük və güclü ordu yaratmışdı. Məhz bu ordunun qüdrəti hesabına qurduğu imperiyanın şanı bütün dünyaya yayıldı. Artıq Kir və ordusu haqda qəhrəmanlıq dastanları söylənilirdi. Girdiyi bütün meydan müharibələrindən qalib çıxması ona qarşı vuruşmaq istəyən qüvvələri də qorxuya salmışdı. Ümumilikdə, ordunun böyük və qüdrətli olması, həmçinin bu dəstələrin, əsasən, uzun müddət midiyalıların boyunduruğu altında yaşayan farslardan ibarət olması, fars döyüşçülərinin meydandakı şücaəti onları daha da məğlubedilməz edirdi. Kir elə ordu yaratmışdı ki, qabağına çıxmağa heç bir dövlət cürət etmirdi. Bu, çəyirtkə sürüsü kimi işğal etdiyi hər yerdə hər şeyi məhv edən, qabağına çıxan nə varsa, hamısını dağıdan ordu idi. Əstgərlər nizamlı şəkildə hərəkət edir, intizamın qorunmasına birbaşa hökmdar Kir nəzarət edirdi.
Bundan başqa, Kir özünə sadiq əsgərlərdən qoşun dəstəsi yaratmışdı. Bu dəstə ordunun əsas hərəkətverici qüvvəsi idi. Eyni zamanda bu dəstə düşmən ordusunu qorxuya salan, lərzəyə gətirən əsas qüvvə idi.
Qəddar döyüşçülərdən ibarət bu qoşuna Kirin ən sadiq əsgərləri başçılıq edirdi. Onlara “Ölümsüzlər” dəstəsi deyirdilər.
Əsası farsəsilli döyüşçülərdən ibarət on minlik bu ordu döyüşlərdə qəddar davranışları, meydanda qansız hərəkətləri ilə qarşı tərəfi dəhşətə salmaq, onlara vahimə yaşatmaq üçün qurulmuşdu. Geyimləri, davranışları düşmən ordusuna qorxu və çaşqınlıq yaşatmaq üçün əsas silahları idi.
Bütün dünyaya hökmdar Kirin ruhunu göstərirdilər.
Əbəs yerə hökmdar Kir onlara “Ölümsüzlər!” demirdi.
Bəli, onlar ölümsüz idilər, çünki sayları heç dəyişmirdi. Hər dəfə on min əsgərdən ibarət olurdular.
Bu sayın dəyişməsinin hökmdar Kirə uğursuzluq gətirəcəyini söyləmişdi falçı kahinlər. Məhz bu səbəblə, ölən, xəstələnən, yaralanıb döyüşlərdə iştirak edə bilməyən hər əsgərin yerini başqası tuturdu.
Say qorunduğundan adlarını “Ölümsüzlər” qoymuşdular.
“Ölümsüzlər” Kiri mühafizə edirdilər. Döyüşlərdə onun ətrafında mövqe tutur, birbaşa döyüş meydanına atılmaları və döyüş tapşırıqlarını yerinə yetirmələri üçün hökmdarın əmrini gözləyirdilər. Onun əmri olmadan heç nə etmirlər, düşmən bir addımlıqlarında olsa belə.
Onlar üçün bağışlamaq, rəhm etmək anlayışı yoxdur. Qəddarlıqları, rəhmsiz davranışları sadiq olduqları hökmdarları Kirin ruhunu əks etdirirdi. Hər biri meydanda rəhmsiz, qəddar Kir idi. Döyüş vərdişlərinə yiyələnmələrinə də, döyüş təlimlərinə də Kir nəzarət edirdi. Dünyanı lərzəyə salmaq, dəhşət yaşatmaq üçün bütün qorxunc cəza tədbirlərini tətbiq edirdilər. Bəzi tarixçilərin yazdıqlarına görə, o zamana qədər heç bir orduda bu qədər qəddar, vəhşicəsinə cəza tədbirləri görülməmişdi. Bu cəzalardan istifadə işğal ediləcək növbəti ordunun əsgərləri arasında qorxu salmağa hesablanmışdı. Bu üsulla neçə-neçə döyüşdə çox asanlıqla qələbə qazanırdılar.
Hökmdar Kir onları digər döyüşçülər arasından xüsusi olaraq seçirdi. Bu dəstəyə seçilmək üçün ordu içərisindəki əsgərlər arasında rəqabət gedirdi. Ordudakı ən hündürboylu, cüssəli, ən qüvvətli olanlar seçilir, xüsusi döyüş təlimləri keçirdilər. Hətta əsir götürülən əsgərlər üzərində qəddarlıq və işgəncə vermək bacarıqları da nəzərə alınırdı.
Seçilmişlər xüsusi döyüş hazırlığı keçirdilər. Onların hər şeyi xüsusi idi.
Zirehləri, qorxulu, şeytan təsvirli maskaları, dəbilqələri, silahları vardı. Geyimlərinin üzərinə qızıl ulduz şəkilləri çəkilmişdi. Geyindikləri geyimlər günəşin altında parlayırdı. Bu da onların daha vahiməli görünməsinə səbəb olurdu.
Bu vəhşi və qəddar əsgərlərin adları qısa zaman ərzində hər yerə yayıldı. Adlarından çox qəddarlıq və vəhşilikləri haqqında xəbər yayılmışdı. Keçdikləri yerlərdə bir canlını da sağ buraxmırdılar. Hər kəs ölsün, onlar isə ölümsüz qalsınlar.
Farslar çox fərqli ənənəyə sahibdilər. İnandıqları və sitayiş etdikləri çoxlu tanrıları vardı. Demək olar ki, hər evin öz tanrısı olurdu. Ancaq onlar başqa millətlər kimi inandıqları tanrıların heykəllərini hazırlamır, adlarına sitayiş etmirdilər. Günəşə, aya, torpağa, oda, suya və küləyə inanır, onlara qurbanlar kəsirdilər.
Farsların çox fərqli qurban kəsmək ayinləri vardı.
Tanrılarına qurban deyən insan bu istəyini həyata keçirmək üçün qurbanını alır və təmiz yerə aparır, başına ağac budağından tac qoyurdu. Bu tac qurbana olan sayğıdan irəli gəlirdi. Qurban hansı Tanrıya kəsilirsə, o tanrının da adı söylənilirdi. Bu zaman bütün fars xalqı və kral üçün dua edilirdi. Çünki heç kimin qurban qarşılığında qazanılacaq yaxşılıqları yalnız özü və tayfası üçün istəməyə haqqı yoxdu.
Qurban kəsilib Tanrıya təqdim edildikdən sonra ayrı-ayrı parçalara ayrılır, bişirilirdi. Yerə xüsusi otlar sərilir, bundan başqa, yerə təmiz parça salınaraq ətlər onun üzərinə düzülürdü. Əgər yaxınlıqda kahin və ya falçı maq varsa, dualar oxunur, tanrının şəninə təriflər söylənilirdi. Qurban kəsən adamın tayfası, ailə üzvləri və fars xalqı üçün yaxşı arzular edilirdi. Qurban kəsildikdən sonra ət kəsilməsi mərasimi çox davam etmirdi. Falçı maqın müəyyən etdiyi zamanda yerə sərilmiş parçanın içərisindəki ətlər qalmaq şərtilə qalanlar yığılıb aparılırdı. Bundan sonra qurban ətindən hansı şəkildə istifadə etmək istəyirlərsə, bu artıq onların öz qərarları olurdu. Beləliklə, qurban mərasimi tamamlanırdı. Qurban kəsənlər bu ətləri istəsələr, özləri yeyər, ailə üzvlərinə və tayfalarına paylayar, istəsələr, tamamilə kənar insanlara paylaya bilərlərdi. Bu, onların iradəsinə bağlıydı.
Fars xalqında şəxsin dəyəri xalq içərisindəki mövqeyi, döyüş meydanlarında göstərdiyi igidliklərə, övladlarının sayına görə müəyyən edilir. Bir şəxsin nə qədər çox övladı varsa, ona bir o qədər çox hörmət göstərilir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов