banner banner banner
Arı balası Maya
Arı balası Maya
Оценить:
Рейтинг: 0

Полная версия:

Arı balası Maya

скачать книгу бесплатно

Arı balası Maya
Valdemar Bonzels

Dünya ədəbiyyatından seçmələr
Maya adlı balaca bir arı öz pətəyini tərk edərək ətraf aləmi öyrənməyə başlayır, xeyirlə şərin nə demək olduğunu anlayır, düşmənlərlə mübarizədə daha da mətinləşir, həyatın mənasını anlayır.

Valdemar Bonzels

ARI BALASI MAYA

MAYA DOĞMA ŞƏHƏRİNDƏN QAÇIR

Balaca Maya dünyaya arı yumurtacığında gəldi. Yumurtacıq kiçik bir xanaya qoyulmuşdu. Bir-birinin yanında sıx yerləşmiş bu cür xanalar arı pətəyini əmələ gətirir.

Qoca arı Kassandra Mayanın yumurtadan çıxmasına kömək etdi: arıcığazın zərif qanadlarını ehtiyatla açdı. Körpə iri, işıqlı gözlərini geniş açıb ətrafı dinlədi. Pətəkdə aləm bir-birinə qarışmışdı: arı xalqı qiyam qaldırmışdı, arılar kraliçası öz təbəələrini sakitləşdirə bilmirdi.

– Mənə istidir! – Maya dedi.

Kassandra təəccübləndi: “Buna bax ha! Yumurtadan təzəcə çıxıb, indidən şikayətlənməyə başlayır!” Amma, doğrudan da, yaman isti idi. Arılar ora-bura qaçışır, itələşir, bir-birinin üstündən tullanır, bir yerə yığılır, şanların içi ilə diyirlənirdilər. Birdən yanlarından kraliçanın özü uçub-keçdi. Kassandra və Maya az qaldılar ki, yıxılsınlar. Xoşbəxtlikdən yaraşıqlı və yaxşı tərbiyə görmüş bir erkək arı onlara kömək etdi. O, Mayaya nəzakətlə baş əydi və arılarda əli əvəz edən qabaq pəncəsi ilə sinəsindəki parlaq tükcükləri sığalladı.

– İşlər pisdir! – deyə üzünü qoca Kassandraya tutdu. – Qiyamçılar şəhəri tərk edirlər, bizə təzə kraliça başçılıq edəcək!

Kassandra ona gözucu baxıb heç «sağ ol» da demədi. Maya onun xeyirxah gənclə niyə belə davrandığını başa düşmədi, amma soruşmağa da cürət etmədi. Hamının narahatlığı bala arıya da keçdi: o, astadan vızıldamağa başladı.

– Bu həngamədə bircə sənin vızıldamağın çatışmırdı! – Kassandra hirsləndi.

Maya dərhal susdu və gözlərini dinməzcə öz tərbiyəçisinə zillədi.

– Bura gəl görüm! – Kassandra Mayanın şəffaf və kövrək qanadından dartdı.

Qaranlıq guşədə bir qoca, bir də balaca bir arı oturmuşdu. Maya şirin balla dolu xanaları gördü, dərhal da baldan içməyə başladı.

– Nə dadlıdır!

– Sən nə səbirsizsən! – Kassandra yenə əsəbiləşdi. – Mən neçə-neçə bala arılara qulluq edib onları ilk uçuşa hazırlamışam, amma birinci dəfədir ki, belə özbaşına arı görürəm! Yəqin, sənin xasiyyətin o birilərinkindən fərqli olacaq!

Maya qızardı və iki barmağını ağzına soxdu.

– Bəs «fərqli xasiyyət» nə deməkdir? – deyə soruşdu.

– Bu lap ədəbsizlik oldu! – Kassandra ucadan dedi. Bununla qoca arı Mayanın barmaqlarını ağzına soxduğunu nəzərdə tutmuş, onun verdiyi suala isə, demək olar ki, məhəl qoymamışdı. – Mənə diqqətlə qulaq as, – Kassandra sözə başladı, – mənim elə də çox vaxtım yoxdur. Tezliklə o biri körpələr də yumurtadan çıxacaq, yeganə köməkçim Turka isə bərk yorulub, qulaqlarında uğultu var. Odur ki sakit dur və qulaq as!

Maya sözə əməl etdi və gözlərini geniş açıb Kassandraya baxmağa başladı.

– Beləliklə, bala arının davranış qaydaları… – tərbiyəçi nəfəsini dərdi. – Yadında saxla: hər bir arı hər şeydə başqa arılara oxşamalıdır! Bütün arıların fikir və işləri isə hamının rifahına xidmət edir. Dünyada ən yaxşı dövlət quruluşu arılara məxsusdur. Biz arılar ta qədim zamanlardan indiyədək mövcuduq, çünki dostluq etməyi bacarırıq.

Sabah sən öz ilk uçuşunu edəcəksən. Təcrübəli arılardan biri səni müşayiət eləyəcək. Əvvəlcə yaxın məsafəyə uçacaq, evə qayıtmaq üçün ətrafdakı nişanları yadda saxlayacaqsan. Yoldaşın isə sənə çiçək açmış ağacları və gülləri göstərəcək. Onların şirəsindən bal alınır. Yadında yaxşı saxla! Hər şeydən əvvəl cökə ağacının rəngini yadda saxlamağın vacibdir. Hə, indi sənə izah etdiklərimi təkrar elə!

– Bacarmıram! Çox çətindir! Onsuz da qoca arı sabah mənə hamısını danışacaq!

– Səni tərbiyə etmək asan olmayacaq! – Kassandra başını buladı.

– Mən bütün günü bal toplamalıyam? – arı balası soruşdu.

Kassandra köksünü ötürüb Mayaya kədər və ciddiyyətlə baxdı. Əzab-əziyyət, zəhmətlə dolu həyatı yadına düşdü.

– Maya, balaca Maya, – Kassandra mehribanlıqla danışmağa başladı, – sən günəş işığını, hündür, yaşıl ağacları, çiçəkli çəmənlikləri, gümüşü gölləri, şəffaf suları, mavi səmanı, bəlkə, insanın özünü də görəcəksən. Bunlar hamısı sənin əməyini fərəhli edəcək! Bütün həyatın qabaqdadır, mənim ürəyim! Sən xoşbəxt ola bilərsən!

– Yaxşı! Mən xoşbəxt olmaq istəyirəm!

Kassandra nəvazişlə gülümsədi. Özü də bilmirdi ki, bu balacaya niyə belə qanı qaynayır. Başqa balaca arılara danışmadıqlarını Mayaya danışdı, ona çoxlu faydalı məsləhətlər verdi. Onu böyük dünyada gözləyən təhlükələrdən xəbərdar etdi, arı xalqının ən qorxulu düşmənlərinin adını dedi. Kassandra adamlar haqqında elə bir həvəslə danışdı ki, Mayanın ürəyində bu qəribə məxluqlara qarşı sevgi yarandı, çox istədi ki, onları yaxından görsün.

– Qarşına çıxan bütün həşəratlarla nəzakət və hörmətlə rəftar et, – Kassandra ona dedi. – Onlardan çox şey öyrənə bilərsən! Amma eşşəkarılarından özünü gözlə! Onlar bizim ən qüdrətli düşmənlərimiz, iyrənc quldurlardır, nə vətənləri var, nə də inamları! Biz onlardan güclüyük, ancaq onlar bizi xaincəsinə qarət edir və öldürürlər. Öz iynəni yada sal! Bu silah səni istənilən həşəratdan qoruyacaq. Ancaq insanı, yaxud heyvanı sancsan, öləcəksən. Çünki iynən sınıb onların dərisində qalacaq. Onları yalnız əlacsız qalanda sancmaq lazımdır. Qoçaq ol, ölümdən qorxma! Biz arılar yalnız öz igidliyimiz və ağlımızla hamının hörmətini qazanırıq! İndisə dincəl, mənim balaca Mayam. Xoşbəxt ol, öz xalqına və kraliçana sədaqət göstər!

Balaca qoca arını qucaqlayıb öpdü. Amma çətinliklə yuxuya getdi, çünki böyük dünyanı, günəşi, səmanı və çiçəkləri görmək üçün yaman tələsirdi!

Ertəsi gün pətək sakitləşdi. Gənc arıların böyük hissəsi yeni arı dövlətinin əsasını qoymaq üçün uçub getdi. Cavan beçələrin vızıltısı hələ xeyli müddət uzaqdan eşidildi. Bu arılar pətəyi ona görə tərk etmədilər ki, təkəbbürlü idilər və əvvəlki kraliça xoşlarına gəlmirdi. Sadəcə olaraq pətək arı ilə dolduğuna görə bal ehtiyatı üçün yer çatmırdı. Axı arılar balı yalnız özləri üçün yox, həm də insanlar üçün hazırlayırlar. Bunun əvəzində insanlar onlara göz-qulaq olur, qışda soyuqdan qoruyurlar.

Mayanı sevinc dolu bir səs oyatdı:

– Günəş çıxdı!

Bala arı yerindən sıçrayıb işçi arılardan birinə tərəf qaçdı.

– Mənimlə uça bilərsən! – işçi arı dostyana təklif etdi.

Arılar artıq qapıların ağzına yığılmışdılar. Gözətçi Mayanı və yoldaşını saxladı. Balaca arıya xüsusi gizli söz pıçıldadılar. Əgər evə qayıdan arı bu sözü deyə bilmirdisə, onu pətəyə buraxmırdılar.

– Sözü yadında saxla! Yolun uğurlu olsun!

Balaca Maya uçub pətəkdən çıxaraq gözlərini qıydı. Ətrafdakı qızılı-yaşıl gözəlliyi görcək özünü itirdi.

– Möcüzəyə bax! Uçuruq!

– Uçuruq! – təcrübəli işçi arı təsdiqlədi.

Maya başını qaldırdı və öz gözəl qanadlarını tərpətməyə başladı. Yer aşağıda qaldı, o, yaşıl ağaclara tərəf uçdu. Ürəyi atlanır, gözləri parıldayırdı.

– Mən uçuram! Bu, uçuşdur! Bu, möcüzədir!

– Bəli, sən uçursan! – işçi arı Mayaya güclə çatdı. – İndi biz qəsrin bağındakı o cökə ağaclarına sarı uçacağıq… Sən onları yadda saxlamalısan. Onlar bizim pətəyə ən yaxın olan ağaclardır. Amma sən çox sürətlə uçursan ha!

– Mən daha sürətlə uçmaq istəyirəm! Gün işığı necə gözəl, necə ətirlidir!

– Ətirli olan gün işığı deyil, çiçək açan ağaclardır. Sən çalış bir az yavaş uç, yoxsa mən geridə qalsam, evə gedən yolu tapmayacaqsan!

Balaca Maya qulaq asmadı. Sevincindən aşıb-daşır, özünü xoşbəxt sayırdı! Ona elə gəlirdi ki, bu qızılı-yaşıl dənizin içi ilə ox kimi süzür, qarşıda onu daha əsrarəngiz gözəlliklər gözləyir. Balaca arını qarşılayan ala-bəzək çiçəklər ləçəklərini açır, mavi yaz səması par-par yanırdı!

– Mən bir də heç vaxt özümü indiki kimi xoşbəxt hiss etməyəcəyəm! Ancaq günəşi, sevimli, möcüzəli, qızılı günəşi düşünürəm!

Bağ isə yasəməni və albalı rənginə qərq olmuşdu. Elə bu zaman Maya ömründə ilk dəfə yorğunluq hiss etdi. Tələsik aşağı, qırmızı zanbaq ləklərinə sarı uçdu. Böyük, qəşəng bir çiçəyin üstündə oturub ləzzətlə nəfəsini dərdi.

– Bura nə yaxşıdır! Qaranlıq arı şəhəri bu yerlərə tay ola bilməz. Mən daha ora qayıtmayacağam! Bütün ömrümü balın, mumun arasında keçirmək istəmirəm. Bu çiçəkli aləmdə yaşayacağam. Mən başqa arılar kimi deyiləm, şən yaşamaq istəyirəm, macəraları sevirəm. Heç nədən də qorxmuram, çünki güclüyəm və iynəm var!

O, sevinc və qürurla gülümsəyib şirin zanbaq şirəsi içdi.

– Həyat gözəldir!

Maya yan-yörəsinə baxdı. Yoldaşı görünmürdü. Arıcığaz tək-tənha qalmışdı. Amma heç nədən qorxmurdu. Ah, əgər balaca Maya bilsəydi ki, onu necə təhlükələr gözləyir, yəqin, bir az fikirləşərdi! Ancaq heç nədən şübhələnmədi və qəti qərara gəldi ki, pətəyə qayıtmasın. Çox yorğun olduğu üçün tezliklə yuxuya getdi.

Oyananda gördü ki, günəş batıb, hər yan alatoranlığa qərq olub. Ürəyi həyəcanla döyündü. Gülün içindən çıxaraq uçub ağacın başına qondu və bir yarpağın altında yerini rahatladı. Yuxuya gedə-gedə özünə ürək-dirək verdi:

– Qorxmaq lazım deyil! Günəş qayıdacaq! Həmişə belə olur, Kassandra mənə demişdi. İndi ancaq yatmaq lazımdır, sabah isə günəş yenə çıxacaq!

PEPİNİN ÇƏHRAYI EVCİYİ

Balaca Maya gözlərini açanda hava tamam işıqlanmışdı. Yuxulu olduğu üçün yavaş-yavaş, süst hərəkət edirdi. Qanadlarını təmizləyib tərpətməyə başladı ki, əvvəlki kimi qıvraq olsun. Sonra açıq saçlarını sığallayıb iri gözlərini sildi. Gözləri yenə də bu geniş dünyanın günəşli gözəlliyini gördü və sevinclə parıldadı. Aşağıda hava, yəqin ki, isinmişdi, yuxarıda isə hələ də sərin idi.

– Ah, mənim gözəl dünyam!

Maya dünən gördüklərinin hamısını xatırladı. Yox, o, bir də pətəyə qayıtmayacaq! Düzdür, qoca Kassandraya görə bir az təəssüf edirdi, o öz şagirdi üçün darıxa bilərdi. Amma Maya bütün ömrünü balın, mumun arasında keçirmək istəmirsə, neyləmək olar! O, xoşbəxt və azad olmaq, həyatdan zövq almaq istəyir. Qoy nə olursa olsun! O heç nədən qorxmur!

Mayaya hər şey asan gəlirdi, çünki ağlına da gətirmirdi ki, onu nələr gözləyir!

Aşağıda çəhrayı bir şey parıldayırdı. Aclıq bala arının səbir kasasını daşdırmışdı. O, cəsarətlə, şən vızıltıyla aşağı enirdi. Hər yan isti günəş şüalarında çimirdi. Çəhrayı, qəşəng çiçək balaca arını özünə cəlb edirdi. Çiçəyə yaxınlaşanda elə gözəl ətir gəldi ki, az qaldı huşunu itirsin. O, əyilmiş ləçəyin üstünə endi və birdən parıldayan böyük gümüşü kürə gördü. Şəffaf kürə günəş işığında müxtəlif rənglərə çalırdı. Bu elə gözəl idi ki, Maya hətta bir az qorxdu da! Kürə ləçəyin hamar səthi ilə diyirlənib bir anlıq asılı qaldı və… otların arasına düşdü!

Maya bu qəşəng kürənin çoxlu balaca kürəciklərə çevrildiyini görcək qorxub çığırdı. Kürəciklər titrəşir, günəş işığında parıldayırdı. Maya Kassandranın bu kürəciklər haqqında dediklərini yada saldı. Onlar rütubətli gecələrdə çiçəklərin kasacığına yığılır. Bu damcılara «şeh» deyilir.

Maya geri dönüb qəhvəyi qanadları və sinəsində qara ləkə olan böcək gördü. O, çəhrayı çiçəyin kasacığının düz girişində dayanmışdı. Boyca Mayadan azca kiçik idi, gözlənilməz qonağı ciddi-ciddi süzürdü, amma bu baxışlarda düşmənçilik hiss olunmurdu.

Maya onunla nəzakətlə salamlaşdı.

– Bu sizin şeh damcınız idi? – deyə soruşdu. – Deyəsən, o mənim ucbatımdan diyirləndi. Mən çox təəssüf edirəm!

– Narahat olmayın! – böcək bir az lovğalıqla cavab verdi. – Mən bu gün su içmişəm, arvadım isə böyrəkləri xəstə olduğu üçün, ümumiyyətlə, sudan istifadə etmir! Bəs siz burada neyləyirsiniz?

– Sizin nə gözəl çiçəyiniz var! – Maya suala cavab vermədi. – Zəhmət olmasa, deyə bilərsinizmi, onun adı nədir?

O, Kassandranın məsləhətlərini yadında yaxşı saxlamışdı, buna görə də son dərəcə nəzakətli olmağa çalışırdı.

Böcək hamar başını tərpətdi.

– Siz haradan gəlmisiniz belə? – Deyəsən, o, bala arının savadsızlığına gülürdü.

Maya hiss etdi ki, o, bir qədər kobuddur. Arılar özlərini daha yaxşı aparırlar. Buna baxmayaraq böcək xeyirxah görünürdü, utandığından Mayanın yanaqlarının qızardığını görəndə isə iltifat göstərməyə başladı.

– Bu, qızılgüldür! Onu tanımaq lazımdır. Biz bu qızılgülün içinə dörd gündür ki, köçmüşük. Ona göstərdiyimiz qayğının sayəsində görün nə qəşəng açıb. Bir yaxına gəlin!

Maya utana-utana qabağa gəldi. Böcək çəhrayı ləçək pərdəsini araladı və onlar yaxşı işıqlandırılmış dar otaqları olan evə girdilər. Açıq-çəhrayı rəngli otaqların divarlarından ətir gəlirdi.

– Nə qəşəng eviniz var! – Maya heyrətləndi. – Nə gözəl ətri var!

Böcək çox razı qalmışdı.

– Gərək özünə şərait yarada biləsən! – lovğa-lovğa dedi. – Bizdə belə bir köhnə məsəl var: harada yaşadığını mənə de, deyim kimsən. Bal istəyirsiniz?

– Ax! – Maya şad oldu. – Çox istəyirəm!

Böcək başını tərpədib çəhrayı divarın arxasında yox oldu. Xoşbəxt Maya ətrafına boylandı. Üzünü və ovuclarını zərif, çəhrayı ləçəklərə qoyub onların ətrini içinə çəkdi və belə gözəl evciyə düşdüyü üçün sevindi.

– Yaşamaq necə gözəldir! Bu çəhrayı evcik hara, arıların boğanaq, ağzınacan dolu otaqları hara! Hələ buradakı sakitliyi demirəm!

Bu zaman acıqlı səslər eşitdi. Böcək qızğınlıqla nəsə mızıldanırdı. Mayaya elə gəldi ki, o kimisə itələyib bayıra çıxarmaq istəyir. Bu kimsə narazılıqla və qorxa-qorxa vızıldayırdı:

– Əlbəttə, məni qovmaq sizinçün asandır, çünki mən təkəm! Görək dostlarımı gətirəndə nə deyəcəksiniz! Siz kobudun birisiniz! Yaxşı, yaxşı, gedirəm! Amma siz kobudsunuz, kobudsunuz, bir də kobudsunuz, vəssalam!

Səs xoşagəlməz tərzdə danışırdı. Uzaqlaşan addım səsləri eşidildi.

Acıqlanmış böcək bir az balla qayıtdı.

– Rüsvayçılıqdır! Qoymurlar dinc oturaq!

Maya artıq bərk acmışdı, hətta qonaqlığa görə təşəkkür eləməyi belə unutdu. O, acgözlüklə yeyirdi, bu müddətdə böcək alnının tərini silib paltarının üst düyməsini açdı ki, rahat nəfəs alsın.

– Bu kim idi? – Maya yeyə-yeyə soruşdu.

– Əvvəlcə yaxşı-yaxşı çeynəyib udun! Sonra soruşarsınız! – çəhrayı evciyin sahibi hirslə dedi.

Maya deyilənə əməl etdi, böcək isə sözünə davam elədi:

– Lənətə gəlmiş qarışqalar! Elə bilirlər ki, mən işimi-gücümü buraxıb onlara baş qoşacağam! Qəribə işdir! Anbara düşdüm, gördüm ki, orada qarışqa var! Oğurluq eləməsələr, dayana bilməzlər!

Birdən yadına nəsə düşdü:

– Bağışlayın, özümü təqdim etməyi unutdum! Adım Pepidir!

– Mən də Mayayam! Tanış olmağıma şadam.

Böcək əyildi, bığları iki balaca yelpik kimi yırğalandı. Bu, arının çox xoşuna gəldi.

– Sizin nə qəşəng bığlarınız var!

– Elədir! – məmnun qalmış Pepi dedi. – Biz beləyik! İç tərəfinə baxmaq istəyirsiniz?

Böcək başını çevirdi, günəş işığı bığlarına başqa tərəfdən düşdü.

– Pis deyil, hə?

– Mən bilmirdim ki, bığlar belə qəşəng ola bilər; məsələn, mənim bığlarım güclə gözə çarpır…