banner banner banner
Arı balası Maya
Arı balası Maya
Оценить:
Рейтинг: 0

Полная версия:

Arı balası Maya

скачать книгу бесплатно

– Neynək, – Pepi filosofcasına dedi, – hər kəsin öz görkəmi var! Sizin isə cazibədar gözləriniz var. Özünüz də başdan-başa qızılı rəngdəsiniz.

Maya utandığından qızardı. Ömründə ilk dəfə idi ki, onu tərifləyirdilər. Sevinclə baldan bir az da yedi.

– Çox dadlı baldır!

– Buyurun, qonaq olun. Bu, çəhrayı baldır. Bu ilin ilk balıdır. Amma ehtiyatlı olun, mədəniz xarab ola bilər! Məndə şeh də var. Bəlkə, içmək istəyirsiniz?

– Təşəkkür edirəm, mənim getmək vaxtımdır!

– Elə hey uçursunuz! – böcək gülümsündü. – Düzdür, buna sağlam həyat tərzi demək olmaz. Bir yerdə məskən salmaq yaxşı olmazdımı?

– Mən uçmağı çox sevirəm!

Böcək nəzakətlə çəhrayı pərdəni araladı:

– Gəlin sizi bir az ötürüm. Burada bir yarpaq var, oradan uzaqlar görünür. Hara istəsəniz, uça bilərsiniz.

– Təşəkkür edirəm! Mən elə istədiyim yerə uçuram!

– Sizin işiniz yaxşıdır, mənimsə alt qanadlarım çətinliklə açılır!

O, qonağı ilə əl tutuşub sonuncu pərdəni çəkdi.

– Ah, səma! – Maya ucadan dedi. – Xudahafiz!

– Xudahafiz! – Pepi yarpağa çıxdı və qonağının arxasınca baxdı.

O, düz göyə yönəldi və tezliklə səhərin təmiz havasında günəşin qızılı şüalarına qarışıb yox oldu. Pepi astadan köksünü ötürüb fikirli-fikirli öz çəhrayı evciyinə girdi. Bu qəribə arıcığaz, deyəsən, özü ilə hərarət gətirmişdi. Pepi gülümsəyib səhər nəğməsini oxumağa başladı. Səsi çəhrayı ləçəklərdən çıxıb oyanan günün gözəlliklərinə qarışdı.

İsinir göy çəmənlər,
Günəş boylanır yenə.
Doğmadır yazda-yayda
Qəşəng evciyim mənə.
Özüm bilmirəm kiməm,
Mən necə yaranmışam.
Al-qırmızı günəşi
Bir möcüzə sanmışam.
Bu ecazkar aləmdə
Min cür rəng göz oxşayır.
Bənövşə çiçək açır,
Qızılgül ətir yayır!

MEŞƏ GÖLÜ VƏ SAKİNLƏRİ

– Oy! – birdən Maya nəyisə xatırladı. – Pepidən adamlar haqqında soruşmaq tamam yadımdan çıxdı! Yəqin, o mənə maraqlı şeylər danışa bilərdi, axı çox bilir. Ola bilsin ki, mən özüm də tezliklə insanlara rast gəldim.

O, qarşısında gözəl bir xalı kimi uzanıb gedən geniş, ala-bəzək torpağı sevinclə gözdən keçirtdi.

Maya böyük bir bağın üzəri ilə uçurdu. Bağ əlvan rənglərə qərq olmuşdu. Qarşısına çoxlu həşərat çıxırdı. Hamısı onu salamlayır, uğurlu yol arzu edirdi. Gözünə arılar da dəyirdi, bu zaman ürəyi həyəcanla döyünür, özünü günahkar hiss edirdi, çünki onlar işləyir, o isə gəzib-dolaşırdı! Bir yandan da qorxurdu ki, arıların hansısa onu tanıyar. Amma tezliklə başa düşdü ki, arılar ona əhəmiyyət vermirlər.

Birdən Maya gördü ki, aşağıda da başı üzərində olduğu kimi mavi, dərin səma parıldayır! Əvvəlcə qorxdu, elə bildi ki, göyün lap yuxarılarına qalxıb. Ancaq sonra ağacların əksini görüb başa düşdü ki, qarşısındakı səhər işığına qərq olmuş sakit meşə gölüdür. Maya heyranlıqla suyun səthinə yaxın uçdu və özünü gördü! Budur o! Qanadları şüşətək parıldayır, ayaqlarını Kassandranın öyrətdiyi kimi bədəninə sıxıb. Özü də başdan-başa par-par yanır!

– Suyun üzəri ilə uçmaq nə gözəldir!

Şəffaf suda irili-xırdalı çoxlu balıq vardı, bəziləri üzür, bəziləri sakit-sakit yırğalanırdı. Maya onlara yaxınlaşmağa qorxdu, bilirdi ki, bu, təhlükəlidir.

Qamış da, ağ suzanbağılar da, suyun üzərində boşqab kimi üzən böyük, yaşıl yarpaqlar da xoşuna gəldi. Bu yarpaqlardan birinə qondu. Onun üzərində qamış gövdələri yırğalanırdı. Yarpağa kölgə düşmüşdü, yalnız bir neçə yerdə sarı ləkə parıldayırdı.

– Oxqay! Nə sərindir! – Maya ləzzət aldı.

O özünü səliqəyə salmağa başladı. Əlləri ilə başını tutub dartdı, elə bil qopartmaq istəyirdi! Amma, əslində, başını qopartmaq fikrində deyildi, sadəcə onun tozunu təmizləyirdi! Sonra ayaqları ilə qanadlarını sildi, qanadları yenə də par-par parıldadı.

Birdən gördü ki, göy bir böcək təəccüblə ona baxır.

– Siz mənim yarpağımda neyləyirsiniz? – o soruşdu.

Maya bir qədər qorxdu:

– Olar mən burada azacıq nəfəsimi dərim?

Kassandra demişdi ki, bütün həşəratlar arılara hörmət edir. Maya çox istəyirdi ki, ona hörmət bəsləsinlər. Maraqlıdır, görəsən, alınacaqmı… Ürəyi narahatlıqla döyündü. Deyəsən, bu böcəklə çox ucadan, həm də kobud danışmışdı.

Əlbəttə, Mayanın böcəyin yarpağından belə tez uçub getmək istəməməsi ona qəribə göründü. O, dilxor halda vızıldadı, qamışın gövdəsinə qondu və günəş işığında yırğalanıb bir az nəzakətlə dedi:

– Arıların vəzifəsi, ümumiyyətlə, işləməkdir. Ancaq sizin istirahətə ehtiyacınız varsa, mən gözləyə bilərəm!

– Ətraf yarpaqla doludur axı!

– Hamısı tutulub! İndi belə yaşayış yeri hamıya qismət olmur! Əgər iki gün bundan əvvəl qurbağa burada məndən qabaq yaşayan böcəyi yeməsəydi, mən indiyədək özümə sığınacaq tapmayacaqdım. Allah bilir, haralarda gecələyəcəkdim! İcazə verin, özümü təqdim edim: mənim adım Hans Kristofdur!

Maya susdu, qurbağanın pəncəsinə keçməyin necə xoşagəlməz olduğunu dəhşət içində fikirləşdi.

– Gölünüzdə qurbağa çoxdur? – ehtiyatla soruşdu və yarpağın düz ortasına qaçdı ki, sudan baxanda görünməsin.

Böcək qəhqəhə çəkdi.

– Boş yerə zəhmət çəkməyin! – səsində istehza duyuldu. – Suzanbağı yarpağı şəffafdır, parlaq günəş işığında qurbağa sizi aşağıdan asanlıqla görə bilər.

Maya domba gözlərini acgözlüklə ona zilləmiş böyük qurbağa təsəvvür etdi. Bu çox qorxulu idi və arıcığaz qərara aldı ki, tez uçub getsin. Amma bu zaman görün nə oldu… O, əvvəlcə başı üzərində incə bir səs eşitdi. Bu, küləyin quru yarpaqları xışıldatmasına bənzəyirdi. Səs getdikcə sürəkli vızıltıya çevrildi. Yarpağın üstünə şəffaf kölgə düşdü. Balaca arının ürəyi qorxudan az qaldı ki, partlasın! O, böyük, çəhrayı bir iynəcənin zavallı Hansı tutduğunu və bıçaq kimi iti çənəsi ilə onu parçaladığını gördü! Böcək ümidsiz halda çığırdı. İynəcə öz qənimətini əldən buraxmadan qamışın gövdəsinə qonub onu aşağı əydi. Maya suyun səthində ovçunun və ovun əksini gördü! Hansın çığırtıları ürəyini ağrıtdı. Çox düşünmədən qərara aldı ki, məsələyə özü qarışsın.

– Ey! Bu saat böcəyi buraxın! Sizin başqasının həyatına qəsd eləməyə haqqınız yoxdur!

İynəcə çənəsini açdı və güclü əli ilə böcəkdən bərk-bərk yapışaraq Mayaya tərəf çevrildi. Onun iri, ciddi gözləri Mayanı bir az qorxutdu, amma qanadlarının parıltısı balaca arını heyran etdi. Bu böyük qanadlar daş-qaş kimi parıldayırdı. Maya özü də başa düşmədi ki, belə bir məxluqun üstünə qışqırmağa necə cəsarət edib və yavaşca titrədi.

Amma iynəcə mülayimliklə soruşdu:

– Sənə nə olub, mənim balam?

– Onu buraxın! – arıcığazın gözləri yaşla doldu. – Onun adı Hans Kristofdur!

– Mən onu niyə buraxmalıyam ki? – iynəcə lovğa-lovğa gülümsündü.

– O!.. – Maya köməksiz halda pəncələrini yellədi. – O çox sevimlidir! Həm də sizə pisliyi dəyməyib, eləmi?

İynəcə fikirli-fikirli zavallı böcəyə baxdı.

– Hə, qəşəng gəncdir! – nəvazişlə dedi və yazığın başını qopartdı.

Mayaya elə gəldi ki, ağlını itirir, baş verənlər ona möhkəm təsir eləmişdi. Vahimə içində dinməz-söyləməz iynəcənin Hansın bədənini xırçaxırçla yeməsinə baxdı.

– Xahiş edirəm, yalandan canıyananlıq etməyin! – iynəcə ovunu çeynəyib udandan sonra dedi. – Məgər siz arılar nümunəvi davranırsınız? Siz hələ çox cavansınız, xalqınızın adət-ənənələrinə yaxşı bələd deyilsiniz. Yay qurtaranda erkək arıları öldürməyiniz heç kəsi heyifsiləndirmir, düzdür?

– Yeyib qurtardınız? – Maya soruşdu. O qərara gəlmişdi ki, Hans Kristofu yeyən iynəcənin üzünə baxmasın.

– Hələ bir ayaq qalıb!

– Xahiş edirəm, onu da yeyin, sonra sizə cavab verərəm! – Maya erkək arıların yayın sonunda niyə öldürüldüyünü yaxşı bilirdi, belə axmaq sual verdiyi üçün iynəcəyə acığı tutmuşdu. – Özünüz də mənə yaxınlaşmağa cürət etməyin! Yoxsa sancaram sizi!

Maya yaman hirslənmişdi. Həyatında ilk dəfə idi ki, başqa məxluqu hədələyir və silahı olduğuna sevinirdi.

İynəcə də ona hirslə baxırdı. O, naharını yemişdi, indi azacıq əyilmiş halda oturub balaca arını hər an öz qurbanının üstünə atılmağa hazır olan quldur kimi süzürdü. Ancaq Maya daha qorxmurdu. Özü də anlamırdı ki, bu cəsarət onda haradandır. Ucadan vızıldadı. Bir dəfə pətəyə eşşəkarısı yaxınlaşan vaxt keşikçi arının bu cür vızıldadığını eşitmişdi.

– İynəcələr arı xalqı ilə həmişə sülh şəraitində yaşayıblar! – iynəcə yavaş-yavaş və hədələyici tərzdə danışmağa başladı.

– Düz də eləyiblər! – Maya tez cavab verdi.

– Sizə elə gəlir ki, mən sizdən qorxuram? Mən – sizdən!

Qamış gövdəsi bərk silkələndi və iynəcə qanadlarını bir neçə dəfə sürətlə çalıb suyun üzəri ilə alçaqdan uçmağa başladı. Elə bil iki iynəcə uçurdu: biri suyun üstü ilə, o biri altı ilə. Hər ikisinin şüşə qanadları bir gümüşü işıqda birləşirdi. Bu elə gözəl oldu ki, Maya hətta Hansın yeyildiyini də unudub heyrətlə qışqırdı:

– Gözəldir! Gözəldir!

– Məni deyirsiniz? – İynəcə bir az təəccübləndi, amma o dəqiqə də əlavə etdi: – Bəli, məndə təəccüblənməli çox şey var! Siz hələ axşamlar çay kənarında dincələn insanların mənim haqqımda nələr dediklərini eşidəydiniz!

– İnsanlar! Siz insanları görmüsünüz?

– Əlbəttə, bəs necə! Siz hələ mənim kim olduğumu bilmirsiniz! Mənim adım Şnukdur, mən sərtqanadlılar fəsiləsindənəm, iynəcəyəm!

– Ah, mənə insanlardan danışın! – Maya da özünü təqdim edib xahiş elədi.

Daha bir-birinə acıqları tutmurdu. İynəcə arının yaxınlığına qondu. Maya etiraz etmədi, bilirdi ki, Şnuk ona hücum etməyəcək.

– İnsanların iynəsi var? – arı soruşdu.

– O qədər qorxulu silahları ola-ola iynə onların nəyinə lazımdır! İnsanlardan hamı qorxur! Xüsusən də oğlan uşağı adlanan balacalardan. Bu oğlanlar iki ayaqları üstə çox sürətlə qaçırlar!

– Onlar sizin ardınızca düşürlər? – Maya həyəcanlandı.

– Bəs necə! – Şnuk öz gözəl qanadlarına baxdı. – Çox az oğlan uşağı tapılar ki, iynəcə tutmaq istəməsin!

– Niyə? – Maya çəkinə-çəkinə soruşdu.

– Bizdə cəlbedici nəsə var! – Şnuk gülümsəyib təvazökarlıqla gözlərini yerə dikdi. – Bəzən insanlar tutduqları iynəcələri öldürməzdən əvvəl onlara dəhşətli əzab verirlər…

– Adamlar iynəcələri yeyirlər?

– Yox, yox! – Şnuk onu sakitləşdirdi. – Adamlar iynəcələri yemirlər. Ancaq bəzən insanlarda şiddətli öldürmək arzusu baş qaldırır, səbəbini başa düşə bilmirəm! Bəlkə də, siz inanmayacaqsınız, elə hallar olur ki, oğlan uşaqları iynəcəni tutanda qanadlarını qoparırlar. Sadəcə, həzz almaq üçün! Görürəm mənə inanmırsınız?

– Əlbəttə, inanmıram! – Maya özündən çıxdı.

Şnuk çiyinlərini çəkib başını aşağı saldı, sanki yadına nə vaxtsa çəkdiyi əziyyətlər düşmüşdü.

– Bu barədə danışmaq mənim üçün ağırdır! – iynəcənin üzündə əzab duyuldu. – Amma qulaq asın: mənim bir qardaşım vardı. Ona böyük ümidlər bəsləyirdim. Ancaq, təəssüf ki, bir az yüngülxasiyyət və hər şeylə maraqlanan idi. Bir dəfə o, bir oğlanın qurduğu tələyə düşdü. Bu, ağaca bərkidilmiş tor idi. Oğlanlar ona əl toru deyirlər. Deyin görüm, belə dəhşətli silah düzəltmək bizim hansımızın ağlına gələr?

– Mənim heç zaman ağlıma gəlməz!

– Oğlan mənim qardaşımın əl-əyağını nazik qara sapla bağladı, odur ki zavallı qardaşım qaçıb canını qurtara bilməzdi. Hər dəfə ona elə gələndə ki uça biləcək, sap dartılır, qardaşım təzədən insanın əlinə keçirdi!

– İnanılmazdır! – Maya kədərlə pıçıldadı.

– Mən qardaşımın dəhşətli ölümünü heç vaxt unutmayacağam! – Şnuk ağır-ağır köksünü ötürdü. Hər gün onu fikirləşir, gecələr yuxumda görürəm. Yazıq qardaşımın canı çıxana kimi insan onu özü ilə gəzdirdi!

– Bəs o nədən öldü? – arı canıyananlıqla soruşdu.

Şnuk dərhal cavab verməyib acı-acı ağladı.

– Oğlan onu cibinə qoydu! Buna kim dözə bilərdi?!

– Cib? Bu nə deməkdir? – Maya məyus olmuşdu. Elə təzə və dəhşətli şeylər öyrənmişdi ki, həyəcandan az qalırdı nəfəsi kəsilə.

Şnuk izah elədi:

– Cib insanın xarici qabığına bərkidilmiş anbar kimi şeydir. Bircə biləydiniz bu cibdə nələr yerləşir! Qardaşım ömrünün son dəqiqələrini bu dəhşətli yerdə keçirib! Yox, siz cibin nə olduğunu başa düşməzsiniz…

– Başa düşmərəm! – Maya razılaşdı. – Bir cibdə nə olur? Bəlkə, bal olur, hə?

– Yox, – Şnuk kədərlə dedi. – Cibdə bal nadir hallarda olur. Həmin vaxt oğlanın cibində görün nələr varmış: qurbağa, cib bıçağı, bir də kök!

– Dəhşət! – Maya pıçıldadı. – Bəs cib bıçağı nədir?

– Bu, süni iynə növlərindən biridir. Təbiət insana əsl iynə verməyib, buna görə də o, süni iynə düzəldir! Qurbağa ölüm ayağında idi: bir gözü çıxardılmış, pəncəsinin biri sındırılmış, çənəsi qırılmışdı. Amma qardaşım oraya atılan kimi oyanıb quruldamışdı:

– Qoyun bir özümə gəlim, bu iynəcəni ləzzətlə yeyərəm!

O, bircə gözünü bədbəxtə zilləyib baxır. Bu qorxunc baxışlar yarımqaranlıqda qardaşımı lap qorxudur. O özündən gedir, huşu qayıdanda isə cibin silkələndiyini hiss edir, görür ki, qanadının biri qurbağanın soyuq bədəninə yapışıb. Heç sözlə təsvir ediləsi deyil!

– Bəs… siz bunları necə öyrəndiniz?

– Elə ki oğlan acıb kökü cibindən çıxarır, qardaşımı da qurbağa ilə birlikdə yerə atır. Mən yaxınlıqdaydım, qardaşımın köməyə çağırdığını eşidəndə o səmtə uçub onları otluqda tapdım. Vaxtında gəlmişdim. Qardaşım mənə hər şeyi söylədi, son dəfə qucaqlaşıb-öpüşdük. O, ölümü şikayətsiz-filansız, əsl qəhrəman kimi mərdliklə qarşıladı. Mən onun gözlərini bağladım, palıd yarpaqları ilə üstünü örtdüm və qəbri peyğəmbərçiçəyi ilə bəzədim. «Rahat yat» – dedim və sakit yay axşamına doğru uçdum. Məni iki qürub günəşi müşayiət edirdi, biri səmada, biri də suda. Bəlkə də, o axşam yer üzünün ən kədərli və vüqarlı məxluqu mən idim! Siz heç belə hisslər yaşamısınız? Ümidvaram ki, mənə söyləyəcəksiniz…