banner banner banner
Qaçaqmalçı zirvəsinin sirri
Qaçaqmalçı zirvəsinin sirri
Оценить:
Рейтинг: 0

Полная версия:

Qaçaqmalçı zirvəsinin sirri

скачать книгу бесплатно

Qaçaqmalçı zirvəsinin sirri
Enid Blayton

Möhtəşəm beşlik
“Möhtəşəm beşlik” seriyasnın növbəti kitabı olan «Qaçaqmalçı zirvəsinin sirri» romanında dörd uşaq və onların sevimli köpəyi bu dəfə qaçaqmalçıların izinə düşürlər. Beləcə, həyəcanlı anlar başlayır…

Enid Blayton

QAÇAQMALÇI ZİRVƏSİNİN SİRRİ

Yenə Kirrin-kottecdə

Pasxa tətilləri yeni başlamışdı, hava xoş idi. Kirrin qəsəbəsinə gedən qatardakı vaqonların birində dörd nəfərlə yanaşı bir it də var idi.

Üz cizgiləri qətiyyətli xarakterindən xəbər verən hündür, cüssəli oğlan – Culian dilləndi:

– Lap az qaldı!

– Hav! – oğlanın sözlərini başa düşübmüşcəsinə həyəcanlanan Timoti adlı it onun səsinə səs verdi, sonra da pəncərədən çölə boylanmağa çalışdı.

Culian əmr elədi:

– Otur, Tim! İmkan ver, Enn baxsın.

Enn – Culianın kiçik bacısı başını pəncərədən çıxarıb çığırdı:

– Kirrin stansiyasına yaxınlaşırıq! Ümid edirəm, Fanni xala bizi orada qarşılayacaq.

– Əlbəttə, qarşılayacaq! – onun oğlana oxşayan qısa saçlı əmisi qızı Corcina əminliklə dilləndi. Sonra isə pəncərədən boylanmaq üçün Enni bir az kənara itələdi. – Evə qayıtmaq necə gözəl hissdir! Kirrin-kottecdə bizi o qədər maraqlı hadisələr gözləyir ki! Bəlkə, adaya da səyahət elədik, qəsri də gəzdik. Axı keçən ildən bəri orada olmamışıq.

Culian kiçik qardaşına, əlində kitab küncdə oturan yaraşıqlı oğlana tərəf dönüb dedi:

– Dik, pəncərədən baxmaq növbəsi indi sənindir. Demək olar, Kirrinə çatmışıq. Bir saniyə əlindəki kitabı yerə qoyub pəncərədən boylan.

– Elə maraqlı kitabdır ki! – Dik kitabı bağlayıb dilləndi. – Ömrüm boyu belə əyləncəli macəra oxumamışam!

Enn onun bu sözlərindən qızışdı:

– Mərc gələrəm ki, bizim yaşayacağımız macəralar sənin kitabından daha əyləncəli olacaq!

Doğrudan da, onlar – sadiq yol yoldaşları, Timmi də daxil olmaqla bu beş dost indiyədək çoxlu qeyri-adi macəra yaşamışdılar.

Culian dedi:

– Məktəb xoşuma gəlir. Ancaq sonuncu rübdə lap yorulub əldən düşdüm. Odur ki tətil mənə çox yaxşı təsir edəcək!

– Arıqlamısan, – Corcina qeyd elədi.

Culian gülümsündü.

– Narahat olmayın, Kirrin-kottecdə tezliklə əməlli-başlı kökələcəyəm! Fanni xalanın dadlı yeməklərindən doymaq olur ki!

– Hə. Ümid edirəm, atam tətil boyunca yaxşı əhvalda olacaq, – Corcina dedi. – Anam mənə yazmışdı axı, bu yaxınlarda o hansısa yeni təcrübəsini uğurla başa çatdırıb.

Corcun atası alim idi, başı daim hansısa yeni ideyaları gerçəkləşdirməyə qarışırdı. O, sakitliyi sevirdi, buna görə də bəzən evdə səs-küy olanda, ya işlər istədiyi kimi getməyəndə çox əsəbiləşirdi. Hərdən uşaqlara elə gəlirdi ki, xasiyyətindəki çılğınlıq Corca elə atasından keçib. Nəsə ürəyincə olmayanda Corc da güllə kimi açılırdı.

Fanni xala uşaqları platformada qarşıladı. Vaqondan sıçrayıb düşən kimi onların dördü də qadının qucağına atıldı. Lakin Corcina hamını qabaqladı. O, anasını çox sevirdi, bu mehriban qadın həmişə qızını atasının qəzəbindən qoruyurdu.

Timmi də sevinclə hürür, onların ətrafında atılıb-düşürdü. Heyvancığaz da Corcinanın anasına ürəkdən bağlıydı.

Fanni xala Timminin başını sığalladı və it dərhal dal ayaqları üstə qalxaraq qadının üzünü yalamağa başladı.

– Timmi, elə bil sən bir az da böyümüsən! – Fanni xala güldü. – Sakit ol, əzizim. Yoxsa məni yerə yıxacaqsan.

Timmi, həqiqətən də, böyümüşdü. Kirrin-kottecə qayıtdığı üçün o da uşaqlar kimi çox həyəcanlı idi; yeri gəlmişkən, uşaqların əhvalı həmişə Timmiyə də sirayət edirdi.

Timmi dünyada hamıdan çox sahibəsi Corcinanı sevirdi. Yaxşısı budur, biz də onu hamı kimi «Corc» deyə çağıraq. Axı bu qız oğlana oxşayır, elə oğlanlar kimi geyinir, hətta saçı da oğlanlarda olduğu kimi qısa vurulub. O öz adını qətiyyən bəyənmir. İstəyir ki, ona oğlan adı ilə – Corc deyə müraciət etsinlər.

Corc Timmini himayəsinə götürəndə heyvancığaz lap körpə idi. Corc arabir iti özüylə məktəbə aparırdı. Xoşbəxtlikdən Ennlə onun oxuduğu internat məktəbində şagirdlərin ev heyvanları ilə birgə dərsdə iştirak etmələrinə icazə verirdilər. Belə olmasa, yəqin ki, bu şıltaq qız oxumaqdan yerli-dibli imtina edərdi!

Dəmiryol vağzalından çıxıb evə gedərkən Corc Fanni xaladan soruşdu:

– Ana, atamın işləri çox olur?

– Lap çox… – Fanni xala cavab verdi. – Lakin, ola bilsin, dincəlmək üçün arabir sizə qoşulub çimməyə, ya da gəzməyə getsin.

Uşaqlar bu sözləri eşidincə bir-birinə baxdılar. Onların Kventin əmidən o qədər də xoşları gəlmirdi. Çünki o ən adi səs-küydən əsəbiləşir, çox vaxt qaşqabağı yer süpürürdü. Üstəlik, qətiyyən yumor hissi yox idi: heç cür başa düşmürdü ki, uşaqlar niyə bəzən bir gündə iyirmi dəfə qarınlarını tutub gülürlər.

Dik əyilib Culianın qulağına pıçıldadı:

– Kventin əmi boş vaxtını bizimlə keçirəcəksə, vay halımıza!

– Tss! – Culian pıçıldadı. O qorxurdu ki, Fanni xala bu sözləri eşidib inciyər.

Corc qaşqabağını tökdü.

– Eh, ana! Bu heç yaxşı xəbər olmadı. Bizimlə gəzmək atama maraqlı olmayacaq, elə biz də darıxmaqdan öləcəyik.

Corcun xasiyyəti belədir: həmişə sözünü açıq deyir, riyakarlıq etməyi əsla bacarmırdı.

– Belə demə, əzizim, – anası bunu deyib köksünü ötürdü. – Atan da sizinlə gəzməyə gedəcək. Onun yanında deyib-gülən, şən uşaqların olmasının nəyi pisdir ki?

– Budur, axır ki, gəlib çatdıq! – araba köhnə evin qarşısında dayananda Culian çığırdı. – Kirrin-kottec! İlahi, evin ətrafında külək necə də vıyıldayır, Fanni xala!

– Hə, haqlısan, bütün gecəni külək bax beləcə tüğyan edib, – Fanni xala cavab verdi. – Biz yükləri boşaldandan sonra arabanı arxa həyətə apararsan, Culian. Budur, əmin də bizi qarşılamağa çıxıb!

Cod qaşlarını çatmış Kventin əmi onlara tərəf gəldi. Uşaqlara gülümsəyib Corcu və Enni öpdü.

– Kirrin-kottecə xoş gəlmisiniz! – dedi. – Çox sevinirəm ki, hamınız yenə bizim yanımızdasınız!

Az sonra onlar artıq çay süfrəsi arxasında oturmuşdular. Fanni xala həmişəki kimi dadlı şeylər bişirmişdi.

Nahar başa çatdı, külək isə hələ də evin ətrafında vıyıldayırdı. Pəncərələr titrəyir, qapı cırıldayır, yel döşəmədəki həsirləri qaldırıb tərpədirdi.

– Sanki həsirin altında ilanlar oynaşır, – Enn dedi.

Bunu eşitcək Timmi döşəməyə baxıb zingildədi. O çox ağıllı it olsa da, həsirin nə üçün belə qəribə şəkildə tərpəndiyini anlamırdı.

– Ümid edirəm, külək bu gün yatar, – Fanni xala dedi. – Səsindən bütün gecəni yatmamışam. Culian, sən necə də arıqlamısan! Yəqin, dərslərin ağır olub, hə? Tətil boyunca səni yaxşıca yedirməliyəm.

Uşaqlar gülüşdülər.

– Bilirdik ki, belə deyəcəksən, ana! – Corc dedi, ardınca isə qəfildən bağırdı: – İlahi, bu nədir belə?

Damdan eşidilən güclü zərbə hamını diksindirdi. Timmi qulaqlarını şəklədi və qəzəblə hürməyə başladı.

– Damdan kirəmit düşdü, – Kventin əmi izah etdi. – Lap boğaza yığılmışıq! Fanni, külək yatanda biz bütün kirəmit parçalarını yerinə qoymalıyıq, yoxsa yağış yağanda evə damacaq.

Uşaqlar çox ümid edirdilər ki, çay mərasimindən sonra Kventin əmi, adəti üzrə, öz otağına çəkiləcək, lakin bu dəfə belə olmadı. O, cibindən bir məktub çıxarıb soruşdu:

– Siz Pyer Lenuar adlı oğlan tanımırsınız? Eşitmişəm ki, Diklə Culian onunla eyni məktəbdə oxuyurlar.

– Pyer Lenuar… Siz, yəqin ki, dostumuz Kömürcüyü nəzərdə tutursunuz, – Culian azca fikirləşdikdən sonra söhbətin kimdən getdiyini başa düşdü. – Bəli, o, Diklə eyni sinifdə oxuyur, ser. Çox dəcəl uşaqdır.

– Kömürcük! Onu niyə belə çağırırsınız? – Kventin əmi soruşdu. – Fikrimcə, oğlan uşağı üçün çox pis ləqəbdir.

– Onu görsəniz, belə deməzdiniz, – Dik güldü. – O, qapqaradır! Saçları qatran rəngindədir, gözləri elə bil kömür parçasıdır, qaşlarını isə sanki sürmə ilə çəkiblər. Elə adı da «qara» mənasını verir, düzdür? «Lenuar» fransızca «qara» deməkdir.

– Elədir. Bununla belə, Kömürcük yaxşı ləqəb deyil! – Kventin əmi dedi. – Nə isə, mövzumuz bu deyil. Mən Pyerin atası ilə tez-tez yazışıram. Bizi ümumi elmi maraqlar birləşdirir. Düzünü desəm, mən bir dəfə maraqlandım ki, o bura gəlmək, oğlu Pyerlə bir neçə günü bizim yanımızda qalmaq istəyərmi?

– Əla! – Dik bu xəbərə çox sevindi. – Dostumuz Kömürcüyün gəlməsi pis olmazdı. Lakin o çox dəcəl uşaqdır. Heç kəsə qulaq asmır, burnunu hara gəldi soxur, meymun kimi hər yerə dırmaşır… Bilmirəm, ondan xoşunuz gələcək, ya yox.

Bu sözləri eşidən kimi Kventin əminin üzündə məyusluq ifadəsi yarandı: görünür, o, Pyeri dəvət etdiyi üçün peşman olmağa başlamışdı. Axı Kventin əminin ədəbsiz və dəcəl uşaqlardan xoşu gəlmir.

– Artıq iş işdən keçib, – o, yüngülcə öskürdü. – Çalışaram ki, onların gəlişini birtəhər təxirə salım.

– Yox, ata, lazım deyil, – Corc xahiş etdi. Görünür, Kömürcük haqqında danışılanlar qızın xoşuna gəlmişdi. – Qoy gəlsin, bəlkə, bizimlə dostlaşdı, belə olsa, tətil hamımız üçün daha əyləncəli keçər!

– Mən oğlanın atası ilə danışacağam. Görək o, Kömürcük haqqında nə deyəcək. Ancaq bunu bilin ki, mən artıq qərar vermişəm: əgər o, həqiqətən də, dəcəlin, ədəbsizin biridirsə, Kirrin-kottecə ayağı dəyməyəcək. Onsuz da Corcun şıltaqlıqlarından təngə gəlirəm. Bircə o yaramaz çatmır ki, qızımla baş-başa verib aləmi qarışdırsın.

Dəhşətli gecə

Nəhayət, yatmaq vaxtı gəlib çatdı. Uşaqlar bir ağızdan əsnəyirdilər: qatarla uzun səyahət onları yorub əldən salmışdı. Odur ki yataqlarına getdilər. Enn və Corc eyni otaqda, oğlanlar isə başqa otaqda yatacaqdılar.

– Bircə bu axmaq külək də kəssəydi! – Enn pərdəni kənara çəkib pəncərədən çölə baxdı. – Bu nə uğultudur gəlir, yoxsa dalğaların səsidir?

Corc ona cavab vermək əvəzinə üşümüş ayaqlarını qatlayaraq sevimli itinə əmr etdi:

– Timmi, tez yanıma, çarpayıya qalx… Bilirsən, Enn, soyuq havalarda məni ən çox sevindirən şey budur: Timmini daim çarpayıma çağıra bilərəm! O, adamı sobadan daha yaxşı isidir. Bax belə, əziz Timmi. Ayaqlarımı qızdır. Burnun hanı, ver onu sığallayım. Gecən xeyrə, Timmi! Yuxun şirin olsun, Enn!

Birdən qızların ikisi də qulaqbatırıcı zərbədən dik atıldı.

– Bu, hamamın qapısıdır! – Corc inildədi. – Yəqin, oğlanlardan kimsə qapını örtməyi unudub! Atam eşidib cin atına minəcək.

– Qoy Culian, ya Dik gedib qapını bağlasınlar, – yenicə qızınmağa başlayan Enn cavab verdi.

Culianla Dik isə həmin vaxt fikirləşirdilər ki, qapını Corc, ya da Enn bağlaya bilər. Beləliklə, o məşum qapını bağlamaq üçün heç kəs isti yatağından çıxmaq istəmədi.

Tezliklə aşağıdan Kventin əminin qəzəbli səsi gəldi:

– Ey, biriniz ordan qapını bağlayın! Belə səs-küydə işləmək olmur!

Uşaqların dördü də birdən sanki oxdan çıxmış yay kimi yataqlarından atılıb otaqlarından çıxdı. Timmi də Corcun çarpayısından yerə sıçradı və hamıdan qabağa düşdü. Uşaqlar qaçarkən ona ilişib yerə yıxıldılar, bir anda hamısı hamamın qapısında üst-üstə qalaqlandı. Bu vaxt pilləkənlərdə Kventin əminin ayaq səsləri eşidildi və onların beşi də səssiz-səmirsiz öz otaqlarına keçdi.

Fırtına isə dayanmaq bilmirdi. Kventin əmi və Fanni xala yatmağa gedərkən yataq otağının qapısı elə möhkəm çırpıldı ki, yaxınlıqdakı rəfə qoyulmuş güldan yerə düşüb sındı.

Kventin əmi qorxu içində, bir az da qəzəblə dilləndi:

– Görüm səni lənətə gələsən! Burada yaşayandan bəri belə fırtına görməmişəm. Bir az da güclənsə, bütün balıqçı qayıqları sınacaq, hərçənd onları sahilə, mümkün qədər hündürə çıxarıblar.

– Külək tezliklə yatacaq, əzizim, – Fanni xala onu sakitləşdirməyə çalışdı. – Bəlkə də, səhərə qədər hər şey tamamilə qaydasına düşəcək.

Lakin o yanılırdı. Tufan bütün gecəni kəsmədi. Əksinə, külək getdikcə daha qəzəblə cövlan eləyir, sanki yaralanmış nəhəng bir heyvan kimi uğuldayırdı. Heç kəsin gözünə yuxu getmirdi. Hətta Timmi də gecə boyu elə hey zingildəyirdi: aydın görünürdü ki, bütün bu səs-küy, uğultu onun qətiyyən xoşuna gəlmir.

Dan yerinin ağarmasına az qalmış külək bir az da azğınlaşdı. Enn fikirləşdi ki, onun uğultusunda qəzəb və amansızlıq duyulur, sanki külək adamlara pislik eləmək, onları qorxutmaq istəyir. Qızcığaz büzüşdü və qorxudan əsməyə başladı.

Birdən əzablı iniltini xatırladan qəribə bir səs eşidildi, elə bil kimsə dəhşətli ağrı çəkirdi. Qızlar qor- xudan dikəlib çarpayılarındaca oturdular. Bu nə səs idi, görəsən?

Səsi oğlanlar da eşitdilər. Culian yataqdan atılıb pəncərəyə yaxınlaşdı. Pəncərənin altında, Ayın zəif işığında qaralan qocaman üvəz[1 - Üvəz – xırda, cır armud; quşarmudu] ağacı yavaşca yerə tərəf əyilməyə başlamışdı.

– Bu, üvəz ağacıdır! Qırılır! – Culianın çığırtısından Dik möhkəm diksindi. – Deyirəm sizə, ağac yıxılır! Özü də düz evimizin üstünə! Tez ol, qızları xəbərdar elə!

Dik var gücü ilə çığıra-çığıra otaqdan çıxdı.

– Əmi! Fanni xala! Corc! Enn! Tez aşağı düşün! Üvəz ağacı qırılıb!

Corc yatağından sıçradı, əl atıb xalatını götürdü, «ardımca gəl» deyərək Ennə səsləndi, sonra da qapıya tərəf yüyürdü. Enn ona yetişdi. Timmi qabaqda qaçırdı.

Yataq otağının qapısında Kventin əminin xalata bürünmüş hündür qaməti göründü, üzündə dəhşətli təəccüb ifadəsi vardı.

– Bu nə səs-küydür, Culian? Nə olub?

– Kventin əmi! Fanni xala! Tez aşağı düşün! Üvəz ağacı qırılır! Bu qorxunc naləni, titrəyişi eşitmirsiniz?! – Culian var gücü ilə çığırır, onları gözlənilən təhlükədən xəbərdar edirdi. – İndi ağac yataq otağındakı damın üstünə düşüb onu qıracaq! Eşidirsiniz, budur, o yıxılmaq üzrədir!

Hamı aşağı qaçdı, elə bu an nəhəng üvəz ağacı dəhşətli uğultuyla yerindən tərpəndi, köküylə birgə torpaqdan çıxıb bütün ağırlığını evin üstünə saldı. Əvvəlcə dəhşətli bir şaqqıltı səsi eşidildi, sonra kirəmit gurultuyla yerə səpələndi.

Dik var gücü ilə çığıra-çığıra otaqdan çıxdı.

– Əmi! Fanni xala! Corc! Enn! Tez aşağı düşün! Üvəz ağacı qırılıb!