banner banner banner
Gizli laborotoriya
Gizli laborotoriya
Оценить:
Рейтинг: 0

Полная версия:

Gizli laborotoriya

скачать книгу бесплатно

Gizli laborotoriya
Enid Blayton

Möhtəşəm beşlik
“Möhtəşəm beşlik” seriyasından bu kitabda elmi araşdırmalarla məşğul olan Kventin əminin həyatına yaranan təhlükədən danışılır. Lakin dörd uşaq və onların sevimli köpəyi naməlum şəxslərin bütün planlarını pozurlar…

Enid Blayton

GİZLİ LABORATORİYA

Corca məktub gəlir

Enn, adəti üzrə, otağın bir guşəsinə çəkilib dərslərini hazırlayırdı. Birdən əmisi qızı Corc güllə kimi içəri girdi. Əslində, bu qızın adı Corc yox, Corcina idi, lakin qız olmaqdan xoşu gəlmədiyi üçün həmin adla çağıranda cavab vermirdi.

Hə, harada qalmışdıq? Corc qaçaraq otağa gəldi. Onun qısa, oğlansayağı vurulmuş saçları üzünə dağılmışdı, parlaq mavi gözlərindən qəzəb yağırdı.

– Enn, mən elə indicə evimizdən məktub almışam, – Corc həyəcanla dilləndi. – Təsəvvür eləyirsən, atam bizim adaya yollanmaq fikrinə düşüb! Onun nəsə vacib işi var, adada bir neçə ay qalacaq! Hələ, üstəlik, qəsrimizin həyətində qüllə də tikdirmək istəyir…

Enn gözlərini oxuduğu kitabdan çəkib təəccüblə Corca baxdı və əlini əmisi qızının burnunun ucunda yellədiyi məktuba tərəf uzatdı. O, söhbətin Kirrin körfəzindəki balaca adadan getdiyini dərhal başa düşmüşdü. Corc həmin adanın sahibi idi, daha doğrusu, ada qızın anası Fanni xalaya babalarından miras qalmışdı. Ana da onu qızına bağışlamışdı. Bu kiçik adanın ortasında qədim, yarıuçuq bir qəsr ucalırdı. Qəsrdə heç kim yaşamırdı, onun xaraba divarlarının üstündə dolaşalar, qağayılar məskən salmışdı. Qəsrin altında isə əsl labirinti[1 - Labirint – yol və keçidləri dolaşıq, tapılması çətin olan ünvan] xatırladan yeraltı yollar və otaqlar var idi. Daha doğrusu, bunlar iri qayaların içində oyulmuş mağaralar idi. Keçən yay tətillərinin birində həmin «labirint»də Corcla dostlarının başına qəribə macəralar gəlmişdi.

Corc atasının ona məxsus adaya gedəcəyini eşidəndə bərk qəzəblənmişdi. Axı bu ada onun idi! Qızın icazəsi olmadan heç kimin nəinki adada yaşamağa, onun sahilinə belə ayaq basmağa ixtiyarı çatmırdı. Ancaq indi belə məlum olurdu ki, atası orada qüllə tikmək fikrinə düşüb.

Qızın üzü hirsindən qıpqırmızı olmuşdu.

– Böyüklər həmişə belə eləyirlər! Əvvəl sənə nəsə bağışlayır, sonra isə özlərini elə aparırlar ki, guya bu, hələ də onlara məxsusdur. Atamın mənə məxsus adada yaşamasını istəmirəm!

– Corc, axı bir fikirləş! Sənin atan alimdir, işləmək üçün ona sakit yer lazımdır, – Enn bunu deyib məktubu qızın əlindən aldı. – Kventin əmi orada bir müddət qalsa, qiyamət qopmayacaq ki!

– İşləmək üçün özünə başqa yer tapa bilmirdi? Enn, bilirsən, tətildə adaya gedəcəyimiz üçün necə həyəcanlanmışdım?! Qayığa ərzaq doldurub yola düşərdik. Əvvəllər olduğu kimi… Yadından çıxıb məgər? Lakin indi atamın ucbatından planımız baş tutmayacaq!

Enn məktubu açıb oxumağa başlamışdı. Qız Corcun anasının xəttini dərhal tanıdı. Fanni xala yazırdı:

«Əzizim Corc! Sənə xəbər verməliyəm ki, atan mühüm elmi təcrübələrini tamamlamaq üçün Kirrin adasına yollanmaq fikrinə düşüb. Deyəsən, orada nəsə tikmək istəyir, qüllə, ya da qala… Bilirsən, ona təklikdə və tam sakit şəraitdə işləmək üçün bir yer lazımdır. Bundan başqa, təcrübə apara bilməsi üçün ətrafda su da olmalıdır. Əzizim, buna görə kədərlənmə, atana da hirslənmə. Bilirəm ki, sən Kirrin adasına heç kimin ayaq basmasını istəmirsən, amma başa düşməlisən ki, biz də atana elmi işlərində əlimizdən gələn köməyi eləməliyik. Atan əmindir ki, sən onun adada yaşamağına sevinclə razılıq verəcəksən, ancaq mən bilirəm ki, sənin bu barədə başqa planların var idi. Ona görə də qərara aldım ki, evə gəlməmiş sənə bu haqda yazım…»

Enn məktubun davamını oxumadı, artıq məsələ aydın idi. O, başını qaldırıb tənə dolu baxışlarla əmisi qızına baxdı.

– Corc, sən nahaq yerə belə özündən çıxırsan, əlbəttə ki, atanın bir müddət adada qalmasına razılıq verməlisən! Mən sənin yerində olsaydım, belə də edərdim.

– Sənin atan, yəqin ki, əvvəlcədən bu barədə sənə xəbər verərdi! – Corc dodaqlarını bir-birinə sıxıb qəzəblə dilləndi. – Mənim atamın isə bu heç ağlına da gəlməyib! O, həmişə istədiyi kimi hərəkət eləyir, başqalarını fikirləşmir. Ən azından bu barədə özü mənə yaza bilərdi. Ona qarşı çox qəzəbliyəm!

– Bu onu göstərir ki, sən tez özündən çıxırsan.

– Necə çıxmayım?! Yay tətili planımız puç oldu, – Corc dərindən ah çəkdi. – Axı sən özün də yaxşı bilirsən ki, yayda Kirrin adası lap qiyamətdir. Rəngbərəng çiçəklər, məzəli adadovşanları, mavi dəniz… Sən, mən, Dik, Culian bir vaxtlar adada nə qədər əylənmişdik! Lakin indi bu, mümkün deyil…

– Hə, bilirəm, – Enn dilləndi. – Atan bütün planlarımızı alt-üst etdi. Mən də tətildə adaya getməyi çox istəyirdim. Bəlkə, biz ora getsək, Kventin əmiyə çox da mane olmarıq, hə? Özümüzü mümkün qədər sakit aparmağa çalışarıq.

– Bu heç nəyi dəyişmir. Hər halda, biz adada tək olmayacağıq! – Corc dilxor halda dedi. – Belədə adanın heç bir ləzzəti qalmır.

Yay tətilini Corcun atası, yəni Kventin əmi ilə birgə keçirmək Ennin də ürəyincə deyildi. Əslində, Corcun atası pis adam deyildi, lakin başı öz elmi təcrübələrinə qarışanda heç kimlə dinib-danışmır, həmişə qaşqabaqlı olur, uşaqlar azacıq səs-küy edəndə isə dərhal özündən çıxırdı.

– Bilirsən, – Enn qəfildən gülümsünüb dedi, – bəlkə, Kirrin adası sənin atana o qədər də sakit yer təsiri bağışlamadı? Axı orda çoxlu quşlar məskən salıb. Onların çığırtısı, yəqin ki, Kventin əmini özündən çıxaracaq.

Corc inamsızlıqla başını buladı.

– Yaxşı, Corc, – Enn dedi, – kefini pozma. Yaxşısı budur, Timmini çağır, gəlsin. O, yəqin, sənin əhvalını düzəldər.

Timoti, ya da qısaca Timmi – Corcun itini belə çağırırdılar. Bu, iri, qəhvəyi tüklü köpək idi, itin üzündə elə bir ifadə var idi, sanki həmişə gülümsəyirdi. Bütün uşaqlar Timmini çox istəyirdilər. Bəs necə! Axı o çox istiqanlı və məzəli heyvan idi! Üstəlik, çox sədaqətli idi, ən ağır vaxtlarında belə uşaqların yanından ayrılmazdı.

Beləliklə, Corc Timmini gətirməyə getdi. Qızların oxuduğu internat məktəbində şagirdlərə it, pişik saxlamağa icazə verirdilər. Yoxsa Corc qətiyyən bu məktəbdə oxumağa razı olmazdı. Çünki o, sevimli itindən bir gün belə ayrı yaşaya bilmirdi.

Timmi Corcu görən kimi sevinclə hürməyə başladı. Qızın dərhal qaşqabağı açıldı, itinə baxıb gülümsədi. O bu köpəyi özünə dünyada hamıdan yaxın bilirdi.

Qız itini yanına salıb məktəbin həyətindən çıxdı. Onlar bir az gəzib-dolaşandan sonra geri qayıtdılar. Corcun əhvalı lap düzəlmişdi. Qız gizlincə Timmini yan qapıdan keçirib məktəbin yataqxanasına apardı. Əslində, Timminin yataqxanaya girməsi qadağan idi, çünki itləri ancaq həyətdə saxlamağa icazə verirdilər, heyvanlar üçün burada ayrıca dam da tikmişdilər. Ancaq Corc hərdən qadağaları pozurdu.

Qız Timmi ilə birgə cəld addımlarla yuxarı, öz otağına çıxdı. Otağa yenicə ayaq basmışdılar ki, Timmi dərhal çarpayının altına girdi. Yalnız arabir quyruğunu yavaşca döşəməyə vurmasından onun çarpayının altında olduğunu başa düşmək olardı. İt yaxşı bilirdi ki, Corc bu gecə tək qalmaq istəmir, deməli, hamı yuxuya gedəndən sonra çarpayının üstünə çıxıb qızın ayaqlarının üstündə yata bilərdi. Corc itinə sakitcə uzanmağı və səs salmamağı əmr edəndən sonra otaqdan çıxdı. O öz rəfiqələrinə baş çəkmək istəyirdi. Birinci mərtəbədə Enni gördü. Enn qardaşları Culianla Dikə məktub yazırdı.

– Bilirsən, Corc, – Enn əmisi qızına dedi, – mən onlara hər şeyi yazdım, ada haqqında, Kventin əminin yayı orada keçirmək istəməsi barədə… Bura bax, bəlkə, tətildə bizə gedək, hə?

– Yox, çox sağ ol, – Corc cavab verdi. – Mən sizə getsəm, bəs atama kim göz-qulaq olacaq? Bircə o qalıb ki, öz təcrübələri ilə adanı partladıb göyə sovursun! Məgər bilmirsən ki, o, təcrübə aparanda necə səs-küy qopur?!

– Nə danışırsan! – Enn təəccüblə dilləndi. – Yoxsa, Kventin əmi atom bombası, ya da buna bənzər bir şey kəşf eləmək istəyir?

– Heç mən özüm də dəqiq bilmirəm ki, o nə işlə məşğul olur. Lakin, hər bir halda, yay tətilində evə getməliyəm. Axı anamı da Kirrin-kottecdə tək qoya bilmərəm. Yəqin ki, atam bütün gününü adada keçirəcək, belədə anam evdə tək qalıb darıxacaq.

Corcgilin yaşadığı dəniz kənarında yerləşən qədim ev «Kirrin-kottec» adlanırdı. Kirrin adası kimi bu ev də qızın anasına ulu babalarından qalmışdı.

– Lap yaxşı! Deməli, həmişə olduğu kimi evdə barmaqlarımızın ucunda gəzməli, pıçıltı ilə danışmalı olmayacağıq. Azacıq səs gələn kimi Kventin əmi üstümüzə acıqlanırdı. Qoy atan adada istədiyi qədər qalsın. Biz də Kirrin-kottecdə ağlımıza gələni eləyərik! Bu ki çox yaxşıdır, Corc!

***

Sonuncu rüb başa çatmaq üzrə idi, yay tətili yaxınlaşırdı. Enn səbirsizliklə Kirrin körfəzinə gedəcəkləri günü gözləyirdi. Yenə körfəzin qumlu sahilində gəzəcək, dumduru sularında çiməcək, sıldırım qayalara dırmaşacaqdılar. Qızın qardaşları Culianla Dik də artıq bir aydan çox idi ki, bu xəyallarla yaşayırdılar. Onların dərs ili də qızlarla eyni vaxtda başa çatırdı. Tətil başlayan kimi Londonda görüşüb oradan da Kirrin körfəzinə yola düşəcəkdilər.

Nəhayət, uşaqların çoxdan gözlədikləri gün gəlib çatdı. Onlar əşyalarını bel çantalarına yığıb məktəbin böyük zalında gözləyirdilər. Xeyli valideyn övladlarını internat məktəbindən evə aparmaq üçün şəxsən gəlmişdi. Odur ki məktəbin həyətində maşın əlindən tərpənmək olmurdu. Uşaqların bir hissəsini isə məktəbin avtobusu dəmiryolu stansiyasına aparacaqdı. Ətrafda möhkəm hay-küy var idi. Müəllimlər uşaqları sakitləşdirib onlara son tövsiyələrini verməyə çalışırdılar.

– Gör mənə qulaq asan var?! – müəllimlərdən biri bu hay-küydə səsi eşidilsin deyə az qala qışqıraraq dedi.

– Yaxşı ki, bu gün çıxıb gedirlər, – başqa bir müəllim dilləndi. – Corc, hara gedirsən? Dayan görüm! Belə qaçmaq olmaz axı! Özü də itlə!

– Artıq tətil başlayıb, ona görə də olar! – Corc bunu deyib yenidən qaçmağa başladı.

Avtobus bir göz qırpımında uşaqları dəmiryolu stansiyasına çatdırdı. Onlar hay-küylə vaqonlara doluşdular.

Hər ağızdan bir avaz gəlirdi: «Bu mənim yerimdir! Qızlar, bel çantamı görməmisiniz ki? Qatar fit verdi! Ura! Yola düşürük!»

Teplovoz ağır-ağır platformadan tərpəndi, içi məktəblilərlə dolu vaqonları da çəkib özü ilə apardı. Stansiyaları, tarlaları, qəsəbələri geridə qoyub, nəhayət, dumanlı Londona yaxınlaşdı.

– Oğlanların qatarı bizimkindən iki dəqiqə əvvəl gəlməli idi, – London vağzalının platformasına yaxınlaşanda pəncərədən baxan Enn dilləndi. – Əgər gecikməyibsə, onlar bizi platformada gözləməlidirlər. Bax, Corc, ordadırlar!

Corc da pəncərədən çölə boylandı.

– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!

Kirrin-kottecdə

Culian, Dik, Enn, Corc və Timmi platformanı tərk edib vağzalın yaxınlığındakı kafeyə yollandılar ki, limonad və kişmişli bulka ilə toqqanın altını bərkitsinlər. Nəhayət, onlar yenə bir yerdə idilər! Bu ki qiyamətdir! Timmi oğlanları görəndə elə sevinmişdi ki, kafedə oturduqları müddətdə elə hey onların dizinin üstünə çıxmağa çalışırdı.

– Bura bax, dostum, mən də səni çox istəyirəm, yenidən görüşdüyümüzə görə də çox şadam, – nəhayət, Dik dözməyib dedi, – amma bir az sakit olsan, yaxşıdır. Artıq ikinci dəfədir ki, stəkanımı aşırıb limonadı üstümə tökürsən! Belə olmaz axı! Corc, o, yataqxanada da özünü belə aparırdı?

– Timmi cəmi bircə dəfə anbardan ət oğurlayıb, – Corc gülümsəyərək dedi. – Ayaqqabılarımızı da əvvəlki kimi çeynəyib pis günə qoymurdu. Düzdür, hərdənbir olurdu, lakin kimsə öz çəkmələrini otağın ortasına atıb gedirsə, məgər buna görə Timmi günahkardır? Yazıq it, sadəcə, bir az oynamaq istəyir, vəssalam!

Corc da pəncərədən colə boylandı.

– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!

– Hə, Timmi çəkmələrlə oynayandan sonra onların nə günə düşdüyünü təsəvvür eləyirəm, – bu dəfə Culian dilləndi. – Yəqin ki, lap it ağzından çıxmış kimi olurlar! – oğlan bunu deyib qəhqəhə çəkdi. Sonra üzünü Timmiyə tutub dedi:

– Dostum, deyəsən, bu rüb davranışdan qiymətlərin yaxşı deyil, hə? Kventin əmi bunu eşitsə, səni yaxşıca cəzalandırar!

Bayaqdan bəri üzündən təbəssüm əskik olmayan Corc atasının adını eşidən kimi qaşqabağını tökdü. Bunu görən Dik cəld dilləndi:

– Görürəm, əziz əmiqızımız yenə mısmırığını salladı. Deyəsən, o heç dəyişməyib!

Əmisi uşaqlarından uzaqda böyüyən Corc yeni tanış olduqları vaxt onlarla ünsiyyət qurmaqda çətinlik çəkmişdi. Ailənin tək övladı olan Corc əmisi uşaqları ilk dəfə Londondan Kirrin-kottecə gələrkən onları kobud qarşılamış, onlarla oynamaq istəməmişdi. Lakin sonradan uşaqlar bir-birinə isinişib dostlaşmışdılar. Dik də elə bunu nəzərdə tuturdu.

– Heç də elə deyil! – Enn əmisi qızını müdafiə elədi. Sonra oğlanlara Corcun anasının yazdığı məktub barədə hər şeyi yerli-yataqlı danışdı.

– Bura bax, Corc, – Culian bacısının söylədiklərinə qulaq asandan sonra dilləndi, – atan bir müddət adada yaşasa, dünya dağılmayacaq ki! Bundan ötrü bu qədər narahat olmağa dəyməz. Başa düş, axı sənin atan çox yaxşı alimdir, həddən artıq ağıllı və istedadlı adamdır! Məncə, belə insanlara işləmək üçün hər bir şərait yaradılmalıdır. Əgər Kventin əmi hansısa səbəbdən Kirrin adasında işləmək istəyirsə, buna ancaq sevinmək lazımdır! Sən ona elə bu cür də cavab verməli idin: «Əlbəttə, atacan, mən buna görə çox şad olaram!»

Corc əmisi oğlunun bu sözləri ilə qəti razı deyildi, bununla belə, onun fikrinə hörmətlə yanaşdı. Culian yaşca onların hamısından böyük idi. Həm də çox ağıllı və cəsur oğlan idi. Odur ki Corc sakitcə dedi:

– Əgər sən belə hesab eləyirsənsə… Yaxşı, Culian, mən atama hirslənməyəcəyəm. Ancaq nə gizlədim, kefim tamam pozulub. Adada bizdən başqa kiminsə olmasını istəmirdim!

– Hamımız buna görə bir az məyus olmuşuq, – Culian dedi. – Ancaq nə etmək olar?! Yaxşı, bulkanı tez ye qurtar, hələ bundan sonra Londonun ta o biri başına gedib çıxmalıyıq. Yoxsa Kirrinə gedən qatara gecikə bilərik.

Uşaqlar kafedən çıxandan sonra Culian cəld bir taksi saxladı. Çox keçmədən onlar artıq Kirrin qatarında yerlərini tutmuşdular. Enn pəncərənin kənarında oturmuşdu, lakin çölə baxmaq əvəzinə qürurla böyük qardaşına tamaşa eləyirdi. Culian onları vaxtında qatara çatdırmaqla qalmamış, həm də qızlara pəncərə kənarında iki yer təşkil eləyə bilmişdi. Bəli, onun qardaşı heç bir vəziyyətdə özünü itirmirdi!

– Culian, görüşmədiyimiz müddətdə mən bir az boy atmışam, elə deyil? – Enn qardaşından soruşdu. – İstəyirəm ki, boyum tezliklə Corcun boyuna çatsın! Di gəl o da xeyli boy atıb.

– Hə, məncə, boyun təxminən bir santimetr uzanıb, – Culian cavab verdi. – Amma hələ bizə çatmağına çox var.

Qatar Kirrinə gəlib çatdı. Corcun anası Fanni xala uşaqları platformada gözləyirdi. Uşaqlar onun xətrini çox istəyirdilər. Odur ki özlərini sevinclə Fanni xalanın üstünə atdılar. Corcun anası çox xeyirxah qadın idi, tündxasiyyət əri nəyə görəsə uşaqlara hirslənəndə belə həmişə onları müdafiə eləyirdi.

– Kventin əmi necədir? – Culian nəzakətlə soruşdu.

– Yaxşıdır, – Fanni xala cavab verdi, – lakin axır vaxtlar çox narahat görünür. Mən heç vaxt onu bu qədər həyəcanlı görməmişdim. Buna baxmayaraq, deyəsən, elmi işi uğurla davam edir.

– Bəs son təcrübələri nə yerdədir?

– Düzünü desəm, bu barədə heç nə bilmirəm. Axı Kventin öz işləri barədə mənə heç vaxt danışmır. Lakin mənə elə gəlir ki, indi o çox mühüm elmi təcrübə aparır. Hə, bir də, deyəsən, bu təcrübənin son mərhələsi dənizin ortasında, adada keçirilməlidir. Bu barədə başqa heç nə bilmirəm.

– Baxın, bu da Kirrin adası! – Enn birdən qışqırdı.

Onlar küçəni burulub evə yaxınlaşmışdılar ki, gözləri qarşısında möhtəşəm mənzərə açıldı – Kirrin körfəzi göründü. Uzaqda, körfəzin ağzına yaxın yerdə isə bapbalaca torpaq parçası – Kirrin adası gözə dəyirdi. Adadakı qədim qəsrin dağıntıları günəşin şüaları altında çox ecazkar təsir bağışlayırdı.

Corc diqqətlə adaya tərəf baxırdı, bilmək istəyirdi ki, atası orada yeni bir qüllə tikib, ya yox? Uşaqlar da gözlərini adaya zilləmişdilər. Həqiqətən də, qəsrin lap yaxınlığında, çox güman ki, düz onun həyətində ensiz, uzun bir qüllə ucalırdı. Bu tikili qüllədən çox dəniz mayakına[2 - Mayak – gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə] oxşayırdı. Qüllənin lap təpəsindəki otağın pəncərələri günəşin şüaları altında bərq vururdu.

– Ana, bir ora bax! Necə çirkin görünür! – Corc üz-gözünü əyişdirərək əlini adaya tərəf uzadıb dedi. – Bu mayak bütün mənzərəni korlayır!

– Əzizim, atan söz verib ki, təcrübəsini başa vuran kimi mayakı sökəcək. Yeri gəlmişkən, atan sizin hamınızı bu mayak-qülləyə tamaşa etməyə çağırıb. Əlbəttə, əgər istəyirsinizsə… Məncə, sizin üçün maraqlı olar.

– Əlbəttə! – Enn həyəcanla dilləndi. – Qüllə çox əsrarəngiz görünür. Kventin əmi indi orada təkdir?

– Hə, balaca, təkdir, – Fanni xala dedi. – Düzünü desəm, onun uzun müddət adada qalması mənim heç xoşuma gəlmir. Ən azından ona görə ki Kventin düz-əməlli yemək bişirməyi bacarmır, yəqin, bütün gün ac-acına gəzib-dolaşır. Bir də, orada başına bir iş gələcəyindən qorxuram. Belə olsa, Kventinə necə kömək eləyə bilərəm? O, adada, mən isə burada…

– Gərək Kventin əmiyə tapşırardınız ki, hər gün adadan sizə siqnal göndərsin. Onda əmin olardınız ki, hər şey qaydasındadır, – Culian dedi. – Qüllənin başından siqnal göndərmək çətin iş deyil. Gündüzlər bunu güzgüyə gün işığı salmaqla eləmək olar, gecələr isə fənərlə.

– Düz deyirsən, mən artıq ona bunu təklif etmişəm, lakin bir söz deməyib. Sabah biz hamılıqla adaya yollanarıq. Culian, onda sən bu siqnal məsələsini bir də əminin yadına salarsan. Məncə, o sənin sözünə qulaq asar.

– Necə, atam bizi öz gizli laboratoriyasına dəvət edib?! – Corcun eşitdiklərinə inanmağı gəlmirdi. – Hətta bizi apardığı təcrübələrlə də tanış edəcək?! Amma nahaq zəhmət çəkib. Şəxsən mən heç yerə gedən deyiləm! Çünki bu mənim adamdır! Başqasının orada öz evindəki kimi əmr yağdırmasını görmək istəmirəm!

– Corc, xahiş eləyirəm, yenə özündən çıxma! – Enn ah çəkdi. – Hamımız bilirik ki, ada sənindir. Atan bir müddət orada qalsa, dünya dağılmayacaq ki! Ah, Fanni xala! Corcu sizin məktubunuzu alanda görsəydiniz! Necə qəzəblənmişdi! Çox qorxmuşdum!

Fanni xala köks ötürdü. O, qızının xasiyyətinə yaxşı bələd idi. Corc nəinki başqaları, heç atası ilə də yola getmirdi. Əslində, qız xasiyyətcə atasına çəkmişdi. Bir şey olmamış eynilə atası kimi qaşqabağını töküb çiyinlərini dartırdı. «Ah, kaş Corc da əmisi uşaqları kimi sakit, mülayim, üzüyola olaydı!» – deyə Fanni xala bir anlıq qəlbindən keçirdi. Corc isə anasının üzündəki məyus ifadəni görüb öz hərəkətindən utandı. Əlini anasının çiyninə qoyub dedi:

– Yaxşı, anacan, atama heç nə deməyəcəyəm, özümü ələ almağa çalışacağam. Bəlkə, doğrudan da, o çox mühüm işlə məşğuldur… Mən də sabah sizinlə adaya gedəcəyəm.

– Ən doğrusu elə budur, – Culian dilləndi. – Görürsünüz, o artıq başqalarına güzəştə getməyi öyrənir. Corc, sən belə edəndə əsl oğlana bənzəyirsən!

Qız bu sözləri eşidib qızardı. Culianın onu oğlanlarla müqayisə etməsi çox xoşuna gəlirdi. Axı o, ömrü boyu qız deyil, oğlan olmaq istəmişdi.

Lakin Enn onlarla eyni fikirdə deyildi.

– Bilirsən nə var, – o, üzünü qardaşına tutub dedi, – təkcə oğlanlar yox, qızlar da güzəştə getməyi bacarırlar. Özü də bu işdə sizdən qətiyyən geri qalmırıq. Məsələn, mən…

– Aman Allah! – Fanni xala araya girib qızın sözünü kəsdi. – Gör bir nəyin üstündə mübahisə eləyirlər! Xəbəriniz var ki, Kirrin-kottecə gəlib çatmışıq?

Corcgilin yaşadığı, həyətində rəngbərəng gül-çiçəklərin bitdiyi bu qədim evin pəncərələri düz Kirrin körfəzinə açılırdı. Uşaqların dördü də sevinclə çığırıb özlərini qapıdan içəri saldı. Evə girəndə çox təəccübləndilər. Coanna da burada, Kirrin-kottecdə idi. Bu yaşlı qadın onların Londondakı evlərində həm təsərrüfat işlərinə baxır, həm də yemək bişirirdi. O, təzəlikcə Londondan gəlmişdi ki, yay tətilində Fanni xalaya ev işlərində kömək eləsin. Coanna qollarını geniş açıb uşaqları sevinclə qucaqladı. Timmi də qadının ətrafında sevinclə dövrə vurmağa başladı.

– Axır ki, gəlib çıxdınız! Gör nə vaxtdır sizi görmürəm! Necə böyümüsünüz! Culian, sən lap yekə oğlan olmusan, boyun da məni ötüb. Enn, sən də bir az boy atmısan.

Enn Coannanı çox istəyirdi. O, qadını qucaqlayıb üzündən öpdü. Culian bel çantalarını içəri daşıyan Fanni xalaya kömək etdi. Çamadanlarını Londondan daha sonra yollayacaqdılar. Oğlanlar köməkləşib bütün əşyaları evə daşıdılar.

Enn isə pilləkənlərlə yuxarı qalxdı ki, yataq otağına baş çəksin. Yay tətillərində o, Corcla birlikdə bu otaqda qalırdı. «Yenidən Kirrin-kottecdə olmaq çox gözəldir!» – qız öz-özünə dedi. Sonra sevinclə zümzümə eləməyə başladı.

Bu vaxt Dik onunla Corcun bel çantalarını otağa gətirdi.

– Bilirsən, Dik, – Enn üzünü qardaşına tərəf tutub dedi, – mən Kventin əminin adaya getməsinə sevinirəm. Axı o, evdə olanda biz rahat oynaya bilmirdik.

– Hə, düz deyirsən, – Dik gülümsəyib dilləndi. – O, evdə olanda cınqırımızı da çıxara bilmirdik. Elə yaxşı ki, çıxıb adaya gedib.