
Полная версия:
Tarzan və onun heyvanları 3
Paulviçin hirsindən sifəti əyildi:
– Sizin vəziyyətinizdə belə təhqiramiz ifadələr işlətmək ağılsızlıqdır. – O, səsini bir az da qaldırdı: – Mən sizə quru sözdən başqa heç bir zəmanət verməyəcəyəm, amma tam əmin olun ki, tələbimizə müsbət cavab almasaq, dediyimizi edəcəyik. Ağlınızı sonadək itirməmisinizsə, başa düşməlisiniz ki, böyük məmnuniyyətlə matroslara alnınıza bir güllə sıxmaq əmri verərdik. Bunu yalnız ona görə etmirik ki, sizin üçün başqa cəza fikirləşmişik, sizi öldürmək hələlik planlarımıza daxil deyil.
– Bir sualıma cavab verin: oğlum bu gəmidədir, ya yox?
– O, burada yoxdur. Oğlunuz başqa bir təhlükəsiz yerdədir. Əgər bizim ədalətli tələbimizə tabe olsanız, ona zərər yetirməyəcəyik. Əksinə, inad göstərsəniz, sizi öldürəsi olsaq, onu da aradan götürəcəyik, çünki uşağa da gərək qalmayacaq. Görürsünüz? Oğlunuzun sağ qalması üçün əvvəlcə öz həyatınızı xilas etməlisiniz. Bunun bircə yolu var: çeki indi imzalamalısınız.
– Yaxşı, razıyam, – qısa tərəddüddən sonra Tarzan cavab verdi.
O anlayırdı ki, bu yaramazlar heç bir vicdan əzabı çəkmədən köprəni məhv edə bilərlər. Amma tələblərini yerinə yetirsə, bəlkə, Cekə toxunmazlar.
Digər tərəfdənsə Tarzan inanmırdı ki, istədiklərini alandan sonra onu həqiqətən azadlığa buraxacaqlar.
Meymun-adam qərar qəbul etdi. İndi onun beyni təmiz, fikri qəti idi: axıradək mübarizə aparacaq, ləyaqətlə öləcəkdi! Son nəfəsində düşmənlərinə elə bir dərs verəcəkdi ki, qalan ömürləri boyu Tarzanı unutmasınlar. İlk qurbanını da seçmişdi: Paulviç. Heyif ki, Rokoffun özü göyərtədə deyildi.
Tarzan tələsmədən çek kitabçasını, qələmini döş cibindən çıxardı və sakit tərzdə soruşdu:
– Nə qədər?
Paulviç rəqəmi dedi. Tarzan gülümsədi: bu adamların acgözlüyünün həddi-hüdudu yox idi. Rəqəm lordun bank hesabındakı pulun məbləğindən də böyük idi, odur ki çekin heç bir hüquqi qüvvəsi olmayacaqdı. Amma Tarzan özünü elə göstərdi ki, tərəddüddədir; alverə girişdi. Paulviç bir addım da geri çəkilmədi. Nəhayət, Tarzan çeki imzaladı.
Bu əhəmiyyətsiz kağız parçasını kitabçadan qoparıb Paulviçə uzadanda Tarzan bir də diqqətlə ətrafa boylandı. Gəminin gur yaşıllıqla örtülü sahilə yan aldığını görəndə təəccübləndi. Cəngəlliyin arxasından meşəli dağlar ucalırdı.
– Baxın, baxın, – Paulviç çeki götürdü. – Bu yerdə sahilə çıxmalı olacaqsınız.
Tarzan qulaqlarına inanmadı, şübhə ilə özündənrazı halda gülümsəyən Pualviçə baxdı. Doğrudanmı, düşmənləri onu sağ buraxacaqdılar? Amma niyə yalan danışmalıdırlar ki?
Tarzanın gərilmiş əzələləri boşaldı. O əmin idi ki, qarşısındakı Afrika cəngəllikləridir; bu yerdə sahilə çıxsa, itib-batmaz, hətta sivil dünyaya qayıtmağın da yolunu tapar.
– Zəhmət çəkib paltarınızı soyunun. Cəngəllikdə gərəyiniz olmayacaq.
Tarzan tələsmirdi. Paulviç yanındakı silahlı matroslara işarə etdi. Meymun-adamın paltarını çıxarmaqdan başqa əlacı qalmadı.
Gəmi dayandı. Matroslar suya qayıq salladılar, güclü mühafizə altında Tarzanı sahilə çıxarıb yarım saata geri qayıtdılar. Pərlər dərhal işə düşdü.
Tarzan matroslardan birinin qayıqda ona verdiyi kağız parçasını ovcunda bərk-bərk sıxıb sahildə dayanmışdı. Kağızı açıb oxumaq istədi. Birdən uzaqlaşan gəmidən qışqırıq səsləri eşidildi. Meymun-adam başını qaldırdı. Göyərtədə kimsə dayanıb onu çağırırdı.
Bu, Nikolas Rokoff idi. Rokoff şaqqanaq çəkib gülür, başının üstündə tutduğu uşağı Tarzana göstərirdi.

Tarzan gəminin gur yaşıllıqla örtülü sahilə yan aldığını görəndə təəccübləndi. Cəngəlliyin arxasından meşəli dağlar ucalırdı
Meymun-adamın gözləri qaraldı. O, gəminin arxasınca üzmək üçün irəli atıldı, amma cəhdinin mənasız olduğunu dərhal anladı.
Gəmi tüstü buraxa-buraxa üfüqdə yox olanadək Tarzan gözlərini ondan çəkmədi.
Arxada – meşəlikdən vəhşi heyvanların səsləri gəlirdi. Amma Con Kleyton – lord Qreystok bu səsləri eşitmirdi, ağır dərd onu tamamilə keyləşdirmişdi.
Cəngəllikdən eybəcər, tüklü bir baş çıxdı. Qan sızmış gözlər sahildə dayanıb okeana baxan meymunabənzər ikiayaqlı canlını görəndə qəzəblə parıldadı.
Tarzan səhvini özünə bağışlaya bilmirdi. Necə olmuşdu ki, o belə asanlıqla düşmənin hiyləsinə uymuşdu, oğlunu xilas etmək imkanını əldən vermişdi?
«Yaxşı ki, heç olmasa, Ceyn Londonda təhlükəsizlikdədir», – deyə o öz-özünə təsəlli verdi.
Tüklü vəhşi arxadan yavaş-yavaş meymun-adama yaxınlaşırdı. Tarzan nə onun iyini hiss edir, nə addımlarını duyurdu. O, ovcunda tutduğu kağızı açıb oxumağa başladı.
III fəsil
Vəhşi heyvanların güclü rəqibi

Məktubu oxuduqca Tarzanın beyninin dumanı çəkilirdi. Düşmənin məkrli planı ona aydın olur, korşalmış hisləri oyanırdı.
«Burada mən niyyətimi, sizin və oğlunuz üçün hazırladığım gələcəyi ətraflı təsvir edəcəyəm.
Siz meymun doğulmusunuz. Görünür, cəngəllikdə lüt gəzməyi həmişə xoşlamısınız. Sizi doğma mühitinizə qaytarırıq, çünki məhz belə həyat üçün yaranmısınız. Xələfinizə gəldikdə isə, fikrimizcə, o, təkamül nəzəriyyəsinə əsasən atasından bir addım qabağa getməlidir.
Onun atası insanabənzər heyvan olub. Oğlu isə bir pillə yuxarı qalxacaq. Lüt gəzməyəcək, cəngəllikdə ağacların başında yaşamayacaq. Torpağın üstündə iki ayağı üstə duracaq, bel sarğısı, bürünc bilərziyi olacaq. Bəlkə, burnuna halqa da taxacaq. Biz onu yarıminsana çevirəcəyik, adamyeyənlər qəbiləsinə verəcəyik, qoy orada böyüsün. Bizə elə gəlir ki, lord-meymun ata öz oğlunun belə inkişaf yolu keçməsindən məmnun qalmalıdır…
İstəsəm, sizi öldürə bilərdim, lord, amma hesab edirəm ki, mənim qatı düşmənim daha ağır cəzaya layiqdir. Çünki öləndən sonra övladınızın taleyi üçün narahatlıq keçirməyəcək, əzab çəkməyəcəkdiniz. Yox, mən sizə həyat bəxş edirəm və düşünmək qabiliyyətinizi özünüzdə saxlayıram. Sevimli oğlunuzun bundan sonrakı taleyi barışmaz düşməninizin əlində olacaq! Ümidvaram ki, bu düşüncə tənha və boz həyatınıza həmişə rəng qatacaq, ölüm sizə dünyanın ən şirin neməti kimi görünəcək…
Mən sizdən belə qisas alıram, lord Qreystok, mənə əl qaldırmağa cəsarət etdiyinizə görə belə cəzalandırıram!
N.R.
P.S. Mənim qisas proqramıma sevimli xanımınız üçün hazırladığım başqa sürprizlər də daxildir. Amma onların nədən ibarət olduğunu deməyəcəyəm, özünüz təsəvvürünüzə gətirsəniz yaxşıdır».
Tarzan arxadan səs eşidib cəld geri döndü. Qarşısında nəhəng, qıllı bir meymun dayanmışdı. Erkək antropoid sıçrayışa hazır vəziyyət almışdı. Cəngəlliklər oğlunun özünümüdafiə instinktinin baş qaldırması üçün bircə saniyə kifayət etdi.
İki il idi ki, Tarzan hakimi olduğu cəngəllikləri tərk etmişdi. Amma meymun-adamın nə əzələləri boşalmış, nə də cəldliyi itmişdi. O, məşqlərindən qalmır, öz malikanəsində ağır fiziki işlə məşğul olmağı sevirdi.
Tarzanın əzələləri gərildi. Bu qıllı vəhşinin qabağında əliyalın duruş gətirmək çox çətin olacaqdı, amma qeyri-bərabər döyüşə girişməkdən başqa çıxış yolu qalmırdı. Tanrı Tarzana güclü qollar və iti dişlər kimi silah vermişdi.
O, gözucu meşəyə tərəf baxdı. Orada on-on iki antropoid toplaşmışdı. Dəstə halında bu meymunların çox dəhşətli görkəmi var idi, amma Tarzan bilirdi ki, onlardan təhlükə yoxdur. Antropoidlər heç vaxt sürü ilə hücuma keçmirlər, buna ağılları çatmır. Belə olsaydı, cəngəllikdə, ümumiyyətlə, onların qabağına çıxan tapılmazdı.
Vəhşi, boğuq səslə antropoid insanın üstünə atıldı. İnsan özünü itirmədi. O təkcə qolunun zoruna deyil, həm də ağlına güvənirdi. Tarzan tez kənara çəkildi, meymun özünü saxlaya bilməyib onun yanından düz keçdi. Tarzan antropoidin böyründən güclü yumruq zərbəsi vurdu. Meymun ağrıdan zarıyıb yerə yıxıldı və dərhal ayağa qalxmağa cəhd göstərdi. Amma insan vəhşini qabaqladı. İldırım sürəti ilə tullanıb onun belinə mindi, iti dişlərini boynuna keçirdi, təpəsinə ardıcıl zərbələr endirməyə başladı.
Antropoid qəbiləsinin meymunları döyüşü maraqla izləyirdilər. Onlar öz dillərində bir-birinə nə isə deyir, qan görəndə sevinclə qışqırışırdılar. Birdən hamısının səsi kəsildi. Meymunlar Tarzanın altında xırıldayan qəbilə başçılarına heyrətlə baxırdılar. Tarzan antropoidi fəndə salmışdı, əllərini onun qoltuqlarının altından keçirib dəhşətli qüvvə ilə boynunun dalından basırdı. Meymunun boyun fəqərələri xırçıldadı və nəhəng vəhşi müqəvva kimi yerdə qaldı; boynu yana sallandı.
Bu fəndi ilk dəfə Tarzan öz qəbiləsində Terkozla döyüşəndə işlətmişdi, sonradan isə məşqlər zamanı təkmilləşdirmişdi.
Tamaşaçıların balaca gözləri ayağını dağ boyda antropoidin üstünə qoyub başını yuxarı qaldırmış ağ meymuna dikilmişdi. Nə baş verdiyini onlar hələ də anlaya bilmirdilər. Yalnız Tarzanın tükürpədici qələbə qiyyəsini eşidəndə başçılarının öldürüldüyünü dərk etdilər.
Səsdən meşə lərzəyə gəldi. Ağaclarda civildəşən quşlar susdular. Meşəyə sükut çökdü. Yalnız uzaqdan vahiməyə düşmüş bəbirin şivəni və şirin nəriltisi eşidilirdi.
Bu, əvvəlki Tarzan idi. O, sınayıcı nəzərlərlə ətrafına yığışmış antropoidləri süzdü və köhnə adəti üzrə, üzünə düşən saçlarını arxaya vermək üçün başını silkələdi.
Meymun-adam anlayırdı ki, qəbilənin ən güclü üzvü ölmüş başçının yerini tutmağa layiq olduğunu göstərmək məqsədilə istənilən an ona hücum edə bilər. Eyni zamanda Tarzan unutmamışdı ki, hətta yad meymunun da qəbiləyə rəhbərlik etmək hüququ var: bunun üçün onun keçmiş başçını öldürməsi kifayətdir.
Amma lord Qreystok nə daha bir antropoid öldürmək, nə də bu vəhşi qəbiləyə başçılıq etmək istəyirdi. Tarzanın yenidən meymunları idarə etmək, onların gündəlik qayğıları ilə məşğul olmaq, öz azadlığını məhdudlaşdırmaq fikri yox idi. Cəngəllikdə yaşadığı vaxt bir dəfə o bu yükün altına girmişdi, axırda bezib qəbilədən getmişdi.
Tarzan düşüncələr içində ikən dəstədən iri bir meymun aralanıb ona tərəf gəldi. Antropoid mırıldayır, sivri köpək dişlərini düşmənə nümayiş etdirirdi.
Tarzan diqqətlə növbəti rəqibinin hərəkətlərini izləyirdi. Meymun başına dolandıqca o da gözünü düşməninin gözlərindən çəkmədən yerində fırlanırdı. Amma nə geri addım atır, nə də hücuma keçirdi; antropoiddə əlavə qıcıq yaratmamaq üçün sakitliyini qoruyurdu.
Bu meymunun boyu iki metrdən artıq olardı, qısa ayaqları dizdən azca qabağa qatlanmışdı. Ayaq üstə duranda əlləri yerə çatırdı. Köpək dişləri çox böyük və iti idi. Tarzan onun yoldaşlarından fərqləndiyinə, Kerçak qəbiləsinin meymunlarına daha çox oxşadığına diqqət yetirdi. Çünki özü də bu qəbilədə böyümüşdü.
Tarzan fərziyyəsini yoxlamaq üçün rəqibinə uşaqlıqda danışdığı dildə müraciət etdi:
– Sən kimsən? Nə cürətlə meymun qəbiləsindən Tarzanın qarşısına çıxırsan?
Antropoid dayandı. Təəccüb və maraqla qarşısındakı ağ meymuna baxdı.
– Mən Akutam! Molak daha yoxdur. Molak ölüb. Onun yerini Akut tutacaq. Çıx get, yoxsa səni öldürəcəm!
– Tarzanın Molakı necə məhv etdiyini gördün, – deyə meymun-adam cavab verdi. – Əgər o, qəbilə başçısı olmaq istəsəydi, səni də öldürərdi. Amma Tarzan Akutun meymunlarının şahı olmağa can atmır. Tarzan sülh istəyir. Onun sizə xeyri dəyə bilər, siz də ona lazım gələndə arxa durarsınız.
– Sən Akutu öldürə bilməzsən! Akut hamıdan güclüdür. Sən Molakı öldürməsəydin, Akut özü onun axırına çıxacaqdı. Akut meymunların şahıdır!
Tarzan cavab vermədən Akutun üstünə tullandı. Nəhəng antropoid bunu gözləmirdi, özünü müdafiə etmək üçün əlini qabağa uzadanda Tarzan onun biləyindən yapışıb dartdı və enli kürəyinə sıçradı.
Hər ikisi yerə yıxıldı. Amma Tarzan hər şeyi dəqiq hesablamışdı. Onun güclü əlləri meymunun qoltuqlarından keçib boynunun arxasında kilidlənmişdi və başından basırdı. Bir vaxtlar Tarzan Terkozu bu vəziyyətə salıb təslim olmağa məcbur etmişdi. O, Akuta da ölümlə həyat arasında seçim imkanı verməyi qərara aldı, altında çapalayan rəqibinin qulağına pıçıldadı:
– Ka qoda?
İllər öncə Tarzan Terkoza da eyni sualı vermişdi.
Molakın boyun fəqərələrinin xırçıltısı və bunun nə ilə nəticələndiyi Akutun yadında idi. Amma o, qəbiləyə rəhbərlik etmək iddiasından əl çəkmək istəmirdi. Antropoid düşmənin çəngindən çıxmaq üçün daha bir cəhd göstərdi. Tarzan meymunun boynunu bir az da bərk sıxdı. Akutun ağrıdan gözləri qaraldı və o zarıldadı:
– Ka qoda.
Kerçak qəbiləsinin dilində bu, «təslim oluram» demək idi.
Tarzan qollarını azacıq boşaltdı və hamının eşitməsi üçün bərkdən dedi:
– Sən qəbilə başçısı ola bilərsən, Akut. Tarzan meymunların şahı olmaq istəmir. Əgər qəbilədə kimsə Akutun əleyhinə getsə, Tarzan Akuta kömək etməyə hazırdır.
Yalnız bundan sonra meymun-adam antropoidin boynunu buraxdı. Akut qalxıb silkələndi və ağır-ağır qəbilə üzvlərinə tərəf getdi. O, sınayıcı nəzərlərlə bir-bir erkək meymunların sifətinə baxır, kimin onun birincilik haqqına qarşı çıxa bələcəyini müəyyənləşdirmək istəyirdi. Erkək meymunlar ürkək baxışlarını yerə dikir, geri çəkilirdilər.
Nəhayət, bu qaradinməz oyunu bitdi. Qəbilə Tarzanı sahildə tək qoyub cəngəlliyə girdi.
Molakla döyüşdə aldığı yaralar Tarzanı incidirdi. Amma o, ağrıya dözməyi bacarırdı. Cəngəllik həyatında fiziki əzab adi şeyə çevrilir.
Tarzana, ilk növbədə, silah əldə etmək lazım idi. Antropoidlərlə ilk təmas, meşədən eşidilən nərə səsləri buna dəlalət edirdi. Meymun-adam köhnə həyatına qayıtmışdı. Burada onu hələ çox təhlükələr gözləyirdi. Tarzan vaxt itirmədən silah axtarışına çıxdı.
Dəniz sahilində o, vulkanik mənşəli iri daş parçası tapdı. Böyük səy nəticəsində daşdan nazik təbəqə qopara bildi. İndi bu təbəqəni bıçaq əvəzinə işlətmək olardı.
Sonra Tarzan meşədə kökündən qopub qurumuş ağacdan kiçik bir budaq qırdı, budağın ucunu həmin bıçaqla yondu. Ağacın gövdəsində oyuq eşdi və onu ovxalanmış qabıqlarla doldurdu, ucunu itilədiyi budaq parçasını oyuğa saldı, sürətlə ovucları arasında fırlatmağa başladı.
Bir azdan deşikdən tüstü qalxdı, ardınca alovun nazik dilləri görsəndi. Tarzan quru budaqlardan yığıb ocaq qaladı. Daş bıçağını yarıya qədər oda soxdu və su dalınca sahilə getdi.
O geri qayıdanda bıçağın ocağın içindəki hissəsi qıpqırmızı qızarmışdı. Tarzan onu oddan çıxarıb bir tərəfinə su tökdü. Su dəyən yerdən balaca qəlpələr qopdu.
Meymun-adam bu əməliyyatı bir neçə dəfə təkrar etdi. Nəhayət, itiağızlı ov bıçağı hazır oldu.
Tarzan özündən çox razı idi. Bundan sonra iş sürətlə getdi. O, bıçağa ağacdan dəstək düzəltdi, dəyənək hazırladı, xeyli ox yondu və yay üçün yaş, asan əyilən budaq kəsdi.
Axşam düşürdü. Tarzan silahlarını kiçik çayın qırağındakı ağacın koğuşunda gizlətdi və elə həmin ağacın başında da özünə balaca koma qurdu. Komanın üstünü enli palma yarpaqları ilə örtdü.
Başı işdən ayılanda o, möhkəm aclıq hiss etdi. Artıq hava qaralmışdı.
Tarzan ağacdan-ağaca atıla-atıla heyvanların çaya su içməyə getdiyi cığırı axtarırdı. O, meymunların da həsəd aparacağı bir cəldliklə bir budaqdan başqasına tullanır, uşaqlığını xatırlayır, qəlbi hüdudsuz azadlıq hissi ilə dolurdu. Əgər «Kinkayd»dakı son hadisələr yada düşəndə üzülməsəydi, Tarzan özünü xoşbəxt hiss edərdi.
Tarzanın keçmiş adətləri və vərdişləri sürətlə bərpa olunurdu. Bu vərdişlər ona sivil həyat qaydalarından doğma və gözəl görünürdü. Kaş lordlar palatasının ağır-ağır yeriyən zabitəli üzvləri Tarzanın ağacların başında necə atılıb-düşdüyünü görəydilər!
O axtardığını tapdı, cığırın düz üstündə yoğun bir budaq seçib aşırtma oturdu və marığa yatdı.
Çox gözləyəsi olmadı. Bir azdan cığırda Bara görsəndi. Ceyran naz-qəmzəli yerişlə Tarzana tərəf gəlirdi.
Meymun-adam onun tək olmadığını hiss etdi. Ceyranı kimsə izləyirdi. Rəqibinin şir Numa, yoxsa bəbir Şita olduğunu Tarzan qaranlıqda görmürdü, ancaq başa düşürdü ki, ac qalmamaq üçün çox cəld tərpənməlidir.
Baranı izləyən vəhşi ehtiyatsızlıq etdi. Kolluqdan gələn səs ceyranı duyuq saldı, o, bir anlığa yerində dondu, sonra güllə kimi irəli atıldı. Artıq gizlənməyə ehtiyac qalmadığını görən Numa kolluqdan çıxdı və ceyranın dalınca cumdu.
İndi Tarzan onların ikisini də aydın görürdü. Ceyranla şirin arasında yüz addım məsafə olardı. Amma ara sürətlə azalırdı. Bara meymun-adamın oturduğu ağacın altına çatırdı. Bu dəfə Tarzan ovu şirin əlindən ala biləcəkdimi? O düşünməyə vaxt sərf etmədən budaqdan ceyranın belinə atıldı, cəld hərəkətlə Baranın buynuzlarından tutub boynunu qanırdı, dərhal da cəmdəyi çiyninə aldı və tez ağaca dırmaşdı.
Numa cəmi bir neçə saniyəliyə gecikdi.
Acıqlı şir özünü ağacın gövdəsinə çırpır, quyruğunu hirslə yanlarına döyəcləyirdi. Tarzan tam təhlükəsizlikdə olduğunu bilir, üz-gözünü əyərək Numaya acıq verirdi.
Meymun-adam qəzəbindən çatlayan şirin gözləri qarşısında daş bıçağı ilə ceyranın budundan iri tikə kəsdi, buxarlanan təzə ətdən çiy-çiy ləzzətlə yedi. İndiyədək London restoranlarında heç bir yemək ona bu ləzzəti verməmişdi!
Doyandan sonra Tarzan əllərinin qanını sildi. Ətin qalanını qırıq budaqlardan birinin iti ucuna keçirdi, ağacların başı ilə komasına qayıtdı. İntiqam hissi ilə alışıb-yanan Numa onu xeyli izlədi, axırda bezib yolunu dəyişdi.
Son həftələrdə ilk dəfə Tarzan dərin yuxuya getdi. O oyananda artıq günəş göyün ortasında idi.
IV fəsil
Şita

Bir neçə gün Tarzan ona tanış olmayan cəngəlliyi gəzib-öyrənməklə və silahlarını təkmilləşdirməklə məşğul oldu. Ceyranın damarını qurudub yaya kiriş düzəltdi. Əlbəttə, Şitanın damarından daha möhkəm kiriş alınardı, amma kim bilir, Şita Tarzanın qabağına nə vaxt çıxacaqdı?
Meymun-adam quru otlardan uzun kəmənd hördü. Uşaqlıqda belə kəməndlə o, Tublatı cırnadardı, böyüyəndə isə ova çıxardı. Baranın dərisindən bel sarğısı, oxqabı, bıçaq üçün qın da hazırladı.
Sahili tədqiq edəndən sonra Tarzan müəyyənləşdirdi ki, bura Afrikanın ona məlum olan qərb sahili deyil. Qərbdə günəş dənizdən çıxmırdı, əksinə, dənizdə batırdı.
Lakin Tarzan əmin idi ki, Afrikanın şərqinə yox, harasa başqa yerə düşüb. Çünki «Kinkayd»a Aralıq dənizindən, Süveyş kanalından və Qırmızı dənizdən keçib Ümid burnunun başına fırlanmaq üçün xeyli artıq vaxt gərək olardı. Bəs onda tale onu bu dəfə hansı yerlərə gətirib çıxarmışdı? Bəlkə, gəmi Atlantik okeanını yararaq Cənubi Amerikanın vəhşi sahillərinə çatmışdı? Yox, oxşamır, çünki Cənubi Amerikada şirlər yaşamır.
Cəngəllikdə, boş sahildə dolaşa-dolaşa Tarzan təklikdən darıxırdı, antropoidlərin qəbiləsində qalmadığına təəssüflənirdi. Molakla və Akutla döyüşdən sonra o, insanabənzər meymunlara rast gəlməmişdi. Tarzan başa düşürdü ki, onlardan çox fərqlənir, amma tək qalmaqdansa, antropoidlərə qoşulmaq yaxşı idi.
Bir dəfə Tarzan əlinə keçən meyvələrdən, çürük kötüklərdə yuva qurmuş həşəratlardan yeyə-yeyə meşə ilə gedirdi. Burnuna bəbirin iyi dəydi. Şita haradasa yaxınlıqda idi. Tarzan çoxdandı onu axtarırdı: həm kiriş üçün möhkəm damar, həm də özünə təzə paltar tikməyə gözəl dəri əldə etmək istəyirdi.
Tarzan aşağı əyildi, hər xırdaca səsə fikir verə-verə yerlə sürünməyə başladı. İndi o, vəhşi təbiətin bir hissəsinə çevrilmiş, gözəgörünməz olmuşdu.
Səslər və iylər yolu Tarzana dəqiq nişan verirdi. Şita onun yaxınlaşdığını duymurdu: başı ova qarışmışdı. Ac bəbir insanabənzər meymunları izləyirdi.
Antropoidlər balaca talada dinclərini alırdılar. Meymunların əksəriyyəti otluqda uzanıb mürgüləyirdi. Bir neçəsi çürümüş kötükləri tənbəl-tənbəl eşələyir, qabıqların altında gizlənmiş cücüləri çıxarıb yeyirdi. Akut da onların arasında idi.
Şita talanın kənarında qalınyarpaqlı ağacın yoğun budağının üstündə uzanmışdı, meymunlardan birinin yaxın gəlməsini gözləyirdi. Tarzan ilan kimi sürünə-sürünə həmin ağacın daha hündür başqa budağına qalxdı, ov bıçağını çıxarıb hazır vəziyyətdə dayandı. Heyif ki, kəməndi işə yaramırdı: sıx yarpaqlar onu atmağa mane olurdu.
Akut düz bəbirin pusqu qurduğu budağın altında dayandı. Şita fürsəti əldən vermədi: nərə çəkib antropoidin üstünə atıldı. Elə havada ikən kiminsə belinə mindiyini və qolunu boğazına doladığını hiss etdi.
Səsə Akut başını qaldırdı. Üstünə şığıyan bəbiri və onun boynundan tutub geri qanıran ağ meymunu gördü. Bu, bir neçə gün əvvəl sahildə Akutu məğlub etmiş Tarzan idi.
Antropoid göydə savaşanların altında qalmamaq üçün qeyri-adi cəldliklə yana sıçradı. Şita zərblə yerə dəydi. Tarzan bəbirin boynunu buraxmadan əlindəki bıçağı vəhşi pişiyin sol çiyninin altından onun ürəyinə soxdu. Şita yaralı böyrü üstə döndü, nərəsi zarıltıya çevrildi. Bəbir pəncələrini qabağa uzadıb dartındı, bütün bədəni titrədi və gözləri şüşə kimi dondu.
Meymun-adam sıçrayıb ayağını Şitanın kürəyinə qoydu. Tarzanın qələbə qiyyəsi cəngəlliyi başına götürdü.
Akut və ətrafına toplaşmış antropoidlər təəccüblə bu səhnəyə baxır, cınqırlarını da çıxarmırdılar.
Birinci Tarzan özü dilləndi. O, vəziyyəti dərhal qiymətləndirmişdi, ağlına gəlmiş fikri dardüşüncəli antropoidlərə izah etməyə çalışırdı:
– Mən – meymun qəbiləsindən Tarzanam. Tarzan mahir ovçudur, döyüş ustasıdır. O, Akuta qalib gəlmişdi, istəsəydi, onu öldürər, özü qəbilə başçısı olardı. Amma istəmədi. İndi isə Akutun həyatını ikinci dəfə xilas etdi, onu qaniçən Şitanın əlindən aldı. Tarzan – Akut qəbiləsinin dostudur. Bu qəbilədən kimin həyatı təhlükəyə düşsə, qoy mənim kimi qışqırıb köməyə çağırsın. Tarzan dərhal köməyə gələcək.
Meymun-adam Kerçak qəbiləsinin həyəcan bildirən qışqırığını səsləndirdi və əlavə etdi:
– Tarzan da belə qışqıranda siz köməyə gələrsiniz. Onun yaxşılığını unutmayın, dərhal yanına qaçın. Tarzanın sözlərinə əməl edəcəksinizmi?
Əvvəlcə Akut cavab verdi:
– Huh!
Qalanlar təkrar etdilər:
– Huh!
Sonra, heç nə olmayıbmış kimi, antropoidlərin hərəsi öz yerinə qayıtdı. Con Kleyton – lord Qreystok onlara qoşuldu.
Akut Tarzanın yanından çəkilmirdi, sanki onu izləyirdi. Hər Tarzana baxanda kobud və yöndəmsiz vəhşinin balaca gözlərində qəribə yumşaq ifadə yaranırdı. Akut Tarzanı indiyədək meymunlardan görmədiyi və gözləmədiyi bir hərəkətlə heyrətləndirdi: tapdığı yağlı həşəratı özü yemədi, təzə dostuna uzatdı.
Axşam ova çıxanda da ağ meymun hara gedirdisə, Akut onun dalınca düşürdü. Antropoidlər Tarzana çox tez öyrəşdilər; artıq ertəsi gün onu başqa qəbilə üzvlərindən fərqləndirmirdilər. Tarzan yeni ailəsində özünü təhlükəsizlikdə hiss edirdi. Sanki bütün ömrünü burada yaşamış, heç vaxt cəngəlliyi tərk edərək insanlara qaynayıb-qarışmamışdı.
O, beş-altı gün qəbilədə qaldı. İstəyirdi ki, antropoidlər ona tam alışsınlar, yadlarında saxlaya bilsinlər. Çünki meymunların yaddaşı, adətən, qısa olur.
Növbəti həftə o, dəstədən ayrıldı. Sahilboyu şimala doğru üz tutdu. Məqsədi meşənin axırınadək getmək, hara düşdüyünü dəqiq müəyyənləşdirmək idi.

Səhər yuxudan oyananda Tarzan günəşin qarşıdan deyil, sağ tərəfdən qalxdığına diqqət yetirdi. Deməli, sahil xətti qərbə tərəf əyilmişdi. O, axşamadək ağacların başı ilə yol getdi. İndi əvvəlki günlərdən fərqli olaraq günəş dənizdə batırdı. Hər şey Tarzana aydın oldu: o, materikdə deyil, adadadır və bu yerdə insan yaşadığına dəlalət edən heç nə yoxdur.
Niyə Tarzan bunu ilk gündən başa düşməmişdi? Qəddar düşmən ondan intiqam aldığını yazmışdı. Tarzanı ətraf aləmdən həmişəlik təcrid etmək üçün onu insan ayağı dəyməyən bir adaya atıb getmişdi. Rokoff özü isə, yəqin ki, Afrika sahillərinə yan almışdı. Çünki məktubda göstərdiyi kimi, məqsədi balaca Ceki adamyeyənlər qəbiləsinə təhvil vermək idi…
Oğlunu gözləyən məşəqqətləri təsəvvürünə gətirəndə dünya Tarzanın gözlərində qaraldı. Cek adamyeyənlərin arasında nisbətən ürəyiyumşaq birisinin əlinə düşsə və həmin adamyeyən ağ uşağa ürəkdən bağlansa belə, onun taleyi çox acınacaqlı olacaqdı. Tarzan Afrika cəngəlliklərində yaşayan tayfaların həyat tərzinə bələd idi. Bu əzablı həyat məhrumiyyətlər və təhlükələrlə dolu idi. Yaşayış uğrunda ağır mübarizədə ən çox əzilənlər də məhz ürəyiyumşaqlar, insani hislər keçirənlər, təkcə özünü yox, başqalarını da fikirləşənlər olurdular.
Bəs sağ qalsa, böyüyəndə Cekdən nə çıxacaq? Dəhşət! Kanniballar arasında aldığı tərbiyə və qazandığı vərdişlər onun mədəniyyətə yolunu birdəfəlik kəsəcək!
Adamyeyən! Onun balaca Ceki insan əti yeyəcək! Bu iyrənc fikir burğu kimi Tarzanın beynini deşirdi.
Ucu yonulmuş dişlər, dəmir halqa taxılmış burun, döymələrlə eybəcər hala salınmış sifət! Oğlunun bu gələcək görkəmini gözləri önünə gətirən Tarzan gah çarəsizlikdən süstləşir, gah da nifrətdən coşurdu. Of-f-f! Kaş Rokoffun boğazı bircə dəfə də onun əlinə keçəydi!
Bəs Ceyn? O yazıq həyəcandan və qeyri-müəyyənlikdən bu saat az qala dəli olur. Xeyli vaxtdır nə uşağından, nə də ərindən xəbər tuta bilir. Tarzana elə gəlirdi ki, Ceyn ondan da pis vəziyyətdədir. Tarzan, heç olmasa, bilir ki, sevimli arvadı Londonda öz evində, təhlükəsizlikdədir. Ledi Qreystok isə Tarzanın və balaca Cekin harada olduqlarını təsəvvürünə belə gətirmir.