banner banner banner
Tarzan və onun heyvanları 3
Tarzan və onun heyvanları 3
Оценить:
Рейтинг: 0

Полная версия:

Tarzan və onun heyvanları 3

скачать книгу бесплатно

Tarzan və onun heyvanları 3
E.R. Berrouz

Dünya ədəbiyyatından seçmələr
XX əsrdə fantastika janrının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısı Edqar Rays Berrouzun yaradıcılığının zirvəsi Tarzan haqqında silsilə hesab olunur. Bu kitab da həmin silsiləyə daxildir.

Edqar Rays Berrouz

Tarzan və onun heyvanları. 3-cü kitab

I fəsil

Oğurlanmış uşaq

– Çox müəmmalı əhvalatdır. Dəqiq bilirəm ki, nə polisin, nə də baş qərargah zabitlərinin bunun necə baş verdiyindən xəbərləri var. Hamıya bircə şey məlumdur: Nikolas Rokoff yoxa çıxıb, – deyə d`Arno dilləndi.

Əvvəllər meymun qəbiləsindən Tarzan kimi tanınan Con Kleyton – lord Qreystok Parisdə, dostu leytenant Pol d`Arnonun evində oturub məyus-məyus gözlərini parıldayan çəkməsinin ucuna dikmişdi.

Lord dərin düşüncələr içindəydi. Nikolas Rokoff Tarzanın verdiyi şahid ifadələri əsasında ömürlük həbsə məhkum edilmişdi. İndi isə, budur, ona deyirlər ki, qatı düşməni naməlum şəraitdə Fransanın ordu həbsxanasından qaçmağa müvəffəq olub.

Rokoff dəfələrlə Tarzanın həyatına qəsd etmişdi. Bunu lord Qreystok unutmamışdı və tamamilə əmin idi ki, təhlükəli cani azadlığa çıxan kimi, ilk növbədə, həbsinə bais olmuş adamdan qisas almağa çalışacaq, məqsədinə yetişməyincə sakitləşməyəcək.

Tarzan arvadı ilə oğlunu Uziridən, Afrikada Vaziri məmləkətindəki malikanəsindən Londona yenicə gətirmişdi. Orada yağışlar mövsümü başlanmışdı. Yüksək nəmişlik uşağın səhhətinə ziyan idi.

Ailəsini Londondakı malikanəsində yerbəyer edən kimi lord Qreystok Parisə, köhnə dostu d'Arno ilə görüşməyə getmişdi. Dostundan aldığı ilk xəbər uzun ayrılıqdan sonra görüş sevincini alt-üst etmişdi. Artıq o, Londona qayıtmaq barədə düşünürdü.

– Mən özümə görə qorxmuram, Pol! – nəhayət, Kleyton sükutu pozdu. – Rokoffla döyüşlərdən həmişə qalib çıxmışam. Amma əvvəl öz əlim, öz başım idi. İndi isə ailəmin təhlükəsizliyinin qayğısına qalmalıyam. Mən bu adamı yaxşı tanıyıram, bilirəm ki, arvadıma və balaca Cekə zərər yetirməyə çalışacaq. O, yaxşı başa düşür ki, məndən ancaq bu cür intiqam ala bilər. Yox, Pol, yubanmadan Londona qayıtmalıyam. Rokoff tutulana, ya da birdəfəlik zərərsizləşdirilənədək yanlarında qalmalıyam…

Dostlar Parisdə ikilikdə söhbət edən vaxt başqa iki şübhəli şəxs Londonun kənarındakı gecəqonduların birində qabaq-qabağa əyləşib məkrli planlar cızırdı. Görkəmlərindən onların əcnəbi olduqları bilinirdi. Həbsxanadan qaçmış, arıq və yorğun sifətli kişi qarabuğdayı, topasaqqal həmsöhbətinə deyirdi:

– Mütləq saqqalını qırxmalısan, Aleksis. Yoxsa tanıyacaqlar. Biz indi ayrılacağıq. Amma çox ümid edirəm ki, «Kinkayd»ın göyərtəsində görüşəndə yanımızda iki «fəxri qonağımız» da olacaq. Doğrudur, tezliklə uzaq səfərə çıxacaqları barədə onların özlərinin hələlik xəbərləri yoxdur. Bu gecə mən qonaqlarımızdan biri ilə Duvr limanında olacağam. Sabah axşam isə, əlbəttə, əgər mənim dediklərimə dəqiq əməl etsən, digər qonağı sən gətirəcəksən. Əminəm ki, səylərimiz uğurla nəticələnəcək, böyük gəliri əldən verməyəcəyik. Fransız hökuməti axmaqlıq edərək mənim həbsxanadan qaçmağım barədə məlumatı bir müddət gizlədib, odur ki planımızı incəliklərinə qədər düşünüb-daşınmaq, əməliyyatı hazırlamaq üçün kifayət qədər vaxtımız olub, işimizdə heç bir maneə yaranmamalıdır. Hə, xudahafizləşmək vaxtıdır, Aleksis. Uğurlar olsun!..

Üç saatdan sonra Parisdə poçtalyon leytenant d'Arnonun evinin qapısını döyürdü.

– Lord Qreystoka teleqram var, – deyə poçt xidmətçisi qapını açan qulluqçuya məlumat verdi. – O, buradadır?

Qulluqçu sənədə qol çəkib teleqramı götürdü və yubanmadan onu yola çıxmağa hazırlıq görən Tarzana çatdırdı.

Tarzan kağızın qatını açan kimi rəngi ağardı, teleqramı dostuna uzatdı:

– Oxuyun, Pol. Başlandı.

Teleqram iki qısa cümlədən ibarət idi:

«Ceki təzə qulluqçumuzun köməyi ilə oğurlayıblar. Təcili geri qayıt.

Ceyn».

* * *

Tarzan Londondakı malikanəsinin pilləkənlərini qaça-qaça qalxdı. Qapıda onu arvadı gözləyirdi. Ceyn özünü mərdanə aparırdı: lord ledinin gözlərində bir damcı da yaş görmədi, qadının balaca yumruqları qəzəbindən düyünlənmişdi.

Ceyn hadisənin necə baş verdiyini qısaca Tarzana danışdı.

Səhər tezdən dayə Ceki uşaq arabasına qoyub həyətin gün dəyən tərəfində gəzdirməyə çıxarmışdı. Bu vaxt bir taksi evə yaxınlaşmış və binanın küncündə dayanmışdı. Maşından heç kim çıxmamışdı, amma sürücü avtomobilin mühərrikini söndürməmişdi, sanki o, kiminsə evdən çıxmasını gözləyirmiş. Dayə bunlara diqqət yetirsə də, ciddi əhəmiyyət verməmişdi.

Qreystokların təzəcə işə götürdükləri Karl adında qulluqçu həmin an qaça-qaça pilləkənləri düşmüşdü, xanımın əlimyandıda dayəni axtardığını, uşağı Karlın yanında qoyub dərhal yuxarı qalxmağı tələb etdiyini demişdi. Bu da dayədə heç bir şübhə oyatmamışdı. Amma o, qapının ağzına çatanda ayaq saxlamışdı ki, Karla uşağı gəzdirəndə arabanı döndərməməyi, körpənin gözünə gün salmamağı tapşırsın. Geri dönəndə görmüşdü ki, qulluqçu iti addımlarla arabanı maşına doğru aparır. Taksinin qapısı açılmış və oradan qarabuğdayı bir kişinin başı görsənmişdi. Dayə təhlükə hiss etmiş və özünü taksiyə tərəf atmışdı. Karl isə uşağı da götürüb tez taksiyə oturmuş və qapını çırpmışdı. Amma sürücü maşını yerindən tərpədənədək dayə özünü yetirmiş və avtomobilin ayaq yerinə sıçramışdı. Nə qədər çalışsa da, qapını aça bilməmişdi. Taksi evdən aralanıb yola çıxanda Karl pəncərənin şüşəsini endirmiş və bir yumruqla dayəni avtomobilin ayaq yerindən aşağı salmışdı. Yazıq qızın əl-ayağı əzilmişdi.

Dayənin qışqırıqları yoldan keçənlərin diqqətini cəlb etmişdi. Hətta Ceyn də səsə evdən bayıra çıxmış və dayənin uşağı qaytarmaq üçün necə fədakarlıqla mübarizə apardığını öz gözləri ilə görmüşdü.

Ledi Qreystok baş vermiş əhvalat barədə ərinə bundan artıq bir şey danışa bilmədi. Onun hər hansı fərziyyəsi, kimdənsə şübhələnmək üçün əsası yox idi. Axı Qreystoklar Londonda heç kimlə düşmənçilik etmirdilər. Körpə uşağı oğurlamaq kimin ağlına gələ, işinə yaraya bilərdi? Yalnız Tarzan Rokoffun həbsxanadan qaçdığını söyləyəndən sonra Ceyn zərbənin haradan gəldiyini dərk etməyə başladı.

Kabinetdə telefon zəng çalanda Tarzan ledi Qreystokla məhz bu barədə danışır, oğlunu xilas etməyin yollarını arayırdı. Dəstəkdə tanış olmayan kobud kişi səsi eşidildi:

– Lord Qreystok?

– Bəli.

– Sizin oğlunuz oğurlanıb, mən onu qaytarmağa kömək edə bilərəm. Oğruların planları barədə dəqiq məlumatım var, çünki bu cinayətin hazırlanmasında və həyata keçirilməsində şəxsən iştirak etmişəm. Boynuma alıram. Mənə pul mükafatı söz vermişdilər, amma görürəm ki, aldatmaq istəyirlər. Mən də hərif deyiləm, heyfimi heç kimdə qoymaram. Qulaq asın, lord, oğlunuzu geri qaytarmaqda sizə yardım göstərməyə hazıram. Bircə şərtim var: söz verməlisiniz ki, sonradan bu işdə əlim olduğuna görə məni təqib etməyəcəksiniz. Razılaşdıq?

– Söz verirəm, əgər məni oğlumun gizlədildiyi yerə aparsanız, sizi heç vaxt təqib etməyəcəyəm, – deyə Tarzan cavab verdi. – Əksinə, yaxşıca mükafatlandıracağam.

– Danışdıq, – naməlum kişi sevindi. – Mən dediyim yerə gələcəksiniz. Amma tək olacaqsınız. Sizin quru vədinizə inanmağımın özü bir riskdir. Yanınızdakı ikinci adama etibar edə bilmərəm…

– Nə vaxt və harada görüşək? – Tarzanın kişini sonadək dinləməyə səbri çatmadı.

– Duvr limanında bir yeməkxana var, matrosların sevimli görüş yeridir. Bu axşam saat onda ora gəlin. Tələsməyə ehtiyac görmürəm, hələlik oğlunuza heç bir təhlükə yoxdur. Biz görüşəndən sonra mən sizi onun gizlədildiyi yerə aparacağam. Amma bir daha xəbərdarlıq edirəm: tək gəlməlisiniz, polisi bu işə qatmağa cəhd göstərməməlisiniz. Sizi üzdən tanıyıram, hər addımınızı izləyəcəyəm. Tək olmadığınızı, yaxınlıqda polislərin, yaxud onların xəfiyyələrinin hərləndiyini sezsəm, hərəkətlərinizdən şübhələnsəm, oğlunuzu bir daha görmək ümidindən həmişəlik əl çəkə bilərsiniz.

Naməlum kişi cavab gözləmədən dəstəyi asdı.

Tarzan söhbətin məzmununu arvadına danışdı. Ceynin limana birgə getmək təklifi onun qəti etirazına səbəb oldu. Tarzan qorxurdu ki, yanındakı adam qadın olsa belə, zəng vuran kişi dərhal dediyi kimi edər: hədəsini həyata keçirər.

Axşam Tarzan arvadını evdə qoyub təyin olunmuş vaxtdan da xeyli qabaq Duvra yola düşdü. Ceyn həyəcandan özünə yer tapmırdı. Səfərin nə ilə nəticələnəcəyini düşünür, gözlərinin önündə bir-birindən ağır səhnələr canlanırdı. Amma gənc ledinin ağlına da gəlmirdi ki, əri ilə yenidən görüşmək üçün hansı məşəqqətlərdən keçməli olacaq.

On dəqiqə idi ki, Ceyn Kleyton kitabxanada yerə döşənmiş yumşaq xalçaların üstündə var-gəl edirdi. Ana ürəyi dözmür, bir an belə rahatlaşmırdı. Ceyn özünü inandırmağa çalışırdı ki, hər şey yaxşı qurtaracaq, amma qəlbini sarmış şübhələrdən, beyninə dolmuş qara fikirlərdən heç cür xilas ola bilmirdi.

Fikirləşdikcə də şübhələri artırdı. Bəlkə, bu telefon söhbətinin özü oğruların növbəti fırıldağı idi? Uşağın valideynlərini müvəqqəti sakitləşdirmək, ciddi tədbirlər görməkdən çəkindirmək və bununla körpəni ölkədən çıxarmağa vaxt qazanmaq üçün onlar belə bir bicliyə əl ata bilməzlərmi? Bəlkə, Duvr limanında görüş hiyləgər Rokoffun Tarzanı əsir götürmək üçün qurduğu tələdir?..

Ceyni sanki ildırım vurdu. O var-gəl etməyi dayandırdı.

– Əlbəttə! Əlbəttə, belədir! Tarzana tələ qurublar! İlahi, necə olub ki, bu, dərhal ağlımıza gəlməyib, gözlərimiz yumulub?

Ceyn kitabxananın böyük divar saatına baxdı. Artıq gec idi. Tarzanın minmək istədiyi qatar bir neçə dəqiqə əvvəl stansiyadan ayrılmışdı. Duvra növbəti qatarsa bir saatdan sonra yola düşəcəkdi. Amma hələ heç nə itirilməmişdi. Saat ona qədər Ceyn ikinci qatarla da özünü naməlum kişinin görüş təyin etdiyi yeməkxanaya çatdıra bilərdi.

Ledi Qreystok qulluqçunu və sürücünü çağırıb lazımi göstərişlərini verdi. On dəqiqədən sonra Qreystokların avtomobili səs-küylü London küçələri ilə vağzala tərəf şütüyürdü.

* * *

Saat ona on beş dəqiqə qalmış Tarzan Duvr limanı yaxınlığındakı çirkli yeməkxanaya çatdı. Bir qədər bayırda gözlədikdən sonra o, üfunət saçan salona daxil oldu. Plaşa bürünmüş bir adam dərhal yerindən qalxıb çıxışa doğru getdi, Tarzanla bərabərləşəndə qulağına pıçıldadı:

– Arxamca gəlin, lord!

Tarzan dinmədən geri döndü və yeməkxanadan çıxdı. Bələdçisi onu qaranlıq küçələrlə sahilə doğru aparırdı. Ağır torbalar, iri yeşiklər, çəlləklər qalaqlanmış limana çatanda plaşlı adam qəflətən dayandı.

– Mənim oğlum haradadır? – deyə hövsələsi daralmış Tarzan soruşdu.

Naməlum kişi halını pozmadan cavab verdi:

– Odur, işıqları görünən o gəmidə.

Tarzan zəif işıqda bələdçisinin sifət cizgilərini ayırd etməyə çalışdı, amma qarşısındakı adamı tanımadı. Əgər lord Qreystok həmin şəxsin Aleksis Paulviç adı altında gizlənən, saqqalını qırxmış xəfiyyə Aleksey Pavlov olduğunu bilsəydi, oğlunu xilas etməyə gəldiyi halda, özünü necə böyük təhlükə gözlədiyini başa düşər, xəyanətin qarşısını alardı.

– Uşağı heç kim mühafizə etmir. Oğrular əmindirlər ki, onu tapa bilməzlər. Hazırda «Kinkayd»ın göyərtəsində iki matrosdan savayı kimsə yoxdur. Mən onları möhkəmcə içirtmişəm ki, yuxuya getsinlər, əl-ayağımıza dolaşmasınlar. Biz sakitcə göyərtəyə qalxacağıq, müqavimətə rast gəlmədən oğlunuzu götürüb sahilə qayıdacağıq.

Tarzan başı ilə razılıq işarəsi verdi.

Bələdçi sahil dirəyinə bağlanmış kəndiri açdı və onlar kiçik qayığa mindilər. Plaşlı adam avar çəkirdi, qayıq sürətlə gəmiyə yaxınlaşırdı. Buxar gəmisinin yoğun borusundan göyə qatı tüstü qalxırdı. Deməli, mühərriklər işə salınmışdı. Amma Tarzan buna da diqqət yetirmədi, onun bütün fikri balaca Cekin yanında qalmışdı.

Gəminin məhəccərindən aşağı kəndir nərdivan sallanmışdı. Hər ikisi bu pilləkənlə göyərtəyə qalxdı. Bələdçi ətrafa boylandı və göyərtənin ortasındakı lükü Tarzana göstərdi.

– Uşaq bu ağzıaçıq anbardadır. Siz onun dalınca düşün. Mən düşsəm, görüb qorxar, ağlayar, matrosları oyadar, işlərimiz korlanar. Burada qalıb keşik çəksəm yaxşıdır.

Tarzanı nə mühərriklərin ahəngdar səsi, nə də yola çıxmağa hazır vəziyyətdə dayanmış gəminin göyərtəsindəki kimsəsizlik şübhəyə saldı. O sanki heç nə sezmir, heç nə eşitmir, yalnız oğlunu görmək istəyirdi. Anbarın pilləkənlərini düşə-düşə balaca Cekini bağrına basacağı an barədə düşünürdü…

Qəflətən yuxarıda lük zərblə çırpıldı. Ətrafa zülmət qaranlıq çökdü.

Yalnız indi Tarzan aldadıldığını, satqınlığın qurbanı olduğunu başa düşdü. Oğlunu xilas edə bilməməyi bir yana, özü qatı düşməninin əlinə keçmişdi.

Lord geri qayıdıb çiyinlərini anbarın qapısına dirədi. Nə qədər güc versə də, dəmir lük yerindən tərpənmədi. O, kibrit yandırdı. Bapbalaca anbardan ikinci çıxış yolu yox idi. Açıq-aşkar görünürdü ki, bu yeri məhz onun üçün hazırlayıblar. Bəlkə də, Cek, həqiqətən, gəmidə gizlədilmişdi, amma onun bu anbarda olmadığının sübuta ehtiyacı qalmırdı…

Bütün uşaqlığını və yeniyetməlik çağını, anadan olduğu gündən 20 yaşınadək Tarzan Afrika cəngəlliklərində yaşamışdı. İnsan olduğunu bilməmişdi, çünki o vaxtadək insan görməmişdi, meymunların arasında böyümüşdü. Tarzan vəhşi heyvanların xasiyyətini, onların bir çox adətini götürmüşdü. Daim təhlükələr içində keçən meşə həyatı onu güclü, dözümlü və çevik olmağa öyrətmişdi. Elə buna görə də insanlar ona «meymun-adam» adı vermişdilər.

Ən kiçik, həssas vaxtlarından Tarzan sevincini tək yaşamış, dərdini içində çəkməyə alışmışdı. Cəngəllikdə bütün vəhşi heyvanlar belə edirlər.

İndi də çətinliyə düşəndə ağlayıb-sıtqamadı, özünü ora-bura vurmadı, səbirlə nə baş verəcəyini gözləməyə başladı. Amma ümidsizliyə də qapılmadı. Tarzan düşünür, bu qaranlıq zindandan çıxmaq üçün xilas yolu axtarırdı. O, addımları ilə anbarın enini-uzununu ölçdü, divarların möhkəmliyini yoxladı.

Gəminin pərləri işə düşdü. «Kinkayd» yola çıxırdı. Görəsən, uzaqmı gedirdilər, onu hara aparırdılar?

Birdən Tarzanın qulağına qadın səsi dəydi. Göyərtədən eşidilən bu dəhşətli qışqırıqdan meymun-adamın damarlarında qanı dondu…

II fəsil

Kimsəsiz adaya atılmış adam

Tarzanla bələdçisi liman yeməkxanasından çıxıb tini burulan kimi yarıqaranlıq dar küçədə bir qadın görsəndi. Şlyapasının tündrəngli qalın duvağı bu yaraşıqlı və bahalı paltar geyinmiş qadının sifətini gizlədirdi. O, sürətlə yeriyir, az qala qaçırdı. Yeməkxananın qarşısında qadın ayaq saxladı, bir anlığa tərəddüd keçirdi, sonra qətiyyətlə qapının dəstəyini dartdı.

Yeməkxanadakı iyirmiyədək sərxoş matros və şübhəli görkəmli digər şəxslərin hamısı birdən qapıya tərəf döndü. Onların ağızları açılı qalmışdı: bu çirkli, üfunətli salona indiyədək belə nəcib və gözəl məxluq ayaq basmamışdı.

Qadın iti addımlarla piştaxtanın arxasında dayanmış bufet işçisinə yaxınlaşdı. Bufetçi qız onu yarı qibtə, yarı ikrah dolu nəzərlərlə başdan-ayağa süzdü.

– Zəhmət olmasa, deyin, məndən əvvəl bura ucaboylu cənab gəlməmişdi? – qadın nəzakətlə soruşdu. – O, burada bir nəfərlə görüşüb harasa getməli idi.

Bufetçi qız ledini maraqlandıran cənabı gördüyünü, onun yeməkxanaya girən kimi kiminləsə bayıra çıxdığını dedi. Amma bu iki nəfərin hara getdiyini bilmirdi.

Piştaxtanın yanında dayanmış matros söhbətə qarışdı:

– Mən bilirəm. Bura gələndə qabağımdan keçdilər; limana gedirdilər.

– Əgər məni ora aparsanız, xidmətinizi yüksək qiymətləndirərəm, – deyə qadın matrosun ovcuna qızıl pul basdı.

Kefi kökəlmiş dənizçini dilə tutmaq lazım gəlmədi. Qızıl sikkəni görən kimi o qalxıb qadının qabağına düşdü.

Onlar limana çatanda Tarzanla plaşlı adamın mindiyi qayıq artıq sahildən xeyli aralanmışdı. Matros reyddə dayanmış gəmiyə tərəf üzən qayıqdakı iki silueti qadına göstərdi:

– Odur, siz axtardığınız adamlardır.

– Qayıq tapıb məni həmin gəmiyə çatdırsanız, sizə on funt-sterlinq verərəm!

Söz matrosa kifayət idi.

– Onda tələsməliyik. Bu gəminin mühərrikləri üç saatdır ki, fasiləsiz işləyir. İstənilən vaxt yerindən tərpənə bilər.

Dənizçi qayıqların dayanacağına tərəf qaçdı. Qadın var qüvvəsi ilə ondan geri qalmamağa çalışırdı. Bəxtlərindən dayanacaqda suda həzin-həzin yellənən boş bir qayıq tapdılar.

Durduğu yerdə böyük gəlir əldə etmək imkanı matrosun qollarına qüvvət vermişdi. Onlar sürətlə gəmiyə yaxınlaşırdılar. Nəhayət, qayığın burnu «Kinkayd»ın böyrünə dirənəndə dənizçi haqqını tələb etdi. Qadın əlində hazır tutduğu kağız pulları saymadan matrosun ovcuna basdı. Təcrübəli dənizçi ötəri bir baxışla ovcunda vəd edildiyindən də artıq pul tutduğunu müəyyənləşdirdi və qadına gəmidən sallanan kəndir nərdivanla yuxarı dırmaşmağa kömək etdi. Amma sahilə qayıtmağa tələsmədi. Kim bilir, bəlkə, bir azdan səxavətli xanıma sahilə dönmək üçün də qayıq lazım olacaqdı?

Elə bu an pərlər hərəkətə gəldi, zəncir səsi eşidildi: «Kinkayd»ın lövbəri qaldırılırdı. Gəminin ətrafında su qaynadı və o, yavaş-yavaş dönməyə başladı.

Matros gəmidən aralanmaq və sahilə tərəf üzməkdən ötrü avara yatdı. Birdən göyərtədən qadın qışqırığı eşidildi.

– Lənətə gələsən! – matros qəzəblə donquldandı. – Bütün kefimə soğan doğradılar. Zəhmətim zay oldu. Qoymazlar ki, xoşluqla pulunu qazanasan!..

Ceyn göyərtəyə qalxanda özünü itirdi. Ətrafda kimsə yox idi. İndi nə etsin, hansı tərəfə getsin, əri ilə oğlunu harada axtarsın?

O, göyərtənin ortasına yaxın böyük bir qapı gördü. Ehmalca qapını açıb pilləkənlə aşağı endi. Uzun dəhlizin sağında və solunda bir-birinə bənzəyən başqa qapılar sıralanmışdı. Ceyn qulağını növbə ilə bu qapılara dirəyir, içəridən səs gəlib-gəlmədiyini eşitməyə çalışırdı. Səs-səmir yox idi. Axırda qadının başı gicəlləndi. Dəhlizin sonuna çatanda ona elə gəlirdi ki, get-gedə güclənən ürək döyüntüləri indicə bu gəmini parça-parça edəcək, sulara göməcəkdi.

Ceyn çılğınlıqla geri atıldı. Qapıları bir-bir açır, hər dəfə boş kayut gördükcə daha çox vahimələnirdi. Pərlərin işə düşdüyünü və gəminin dönməyə başladığını hiss etmirdi. Nəhayət, sonuncu kayutun qapısını açanda o qışqırdı. Qabağına çıxmış saqqallı kişi Ceyni içəri çəkdi və qaba əli ilə qadının ağzını yumdu:

– Biz sahildən uzaqlaşanda nə qədər istəsəniz, qışqıra bilərsiniz, əzizim, indisə…

Ledi Qreystok ilan vurmuş kimi geri sıçradı, bədəni əsdi.

– Nikolas Rokoff?! Müsyö Türan?!

– Bəli, xanım, hüzurunuzdayam, – Rokoff nəzakətlə təzim etdi.

– Mənim oğlum… Mənim balacam hanı? – Ceyn inildədi. – Yalvarıram, onu özümə qaytarın, Rokoff. Axı siz insansınız, yəni heç mənə yazığınız gəlmir? Tanrı xatirinə, deyin, oğlum haradadır? Əgər sinənizdəki daş yox, ürəkdirsə, məni balamın yanına aparın!

– Mənim göstərişlərimə qeyd-şərtsiz əməl etsəniz, oğlunuza heç bir xətər yetirilməyəcək, – Rokoffun səsində qəddarlıq duyulurdu. – Nəzərə almalısınız ki, ledi, sizi bu gəmiyə heç kim zorla dartıb gətirməyib, ona görə də bundan sonra baş verənlərə özünüz cavabdehsiniz.