banner banner banner
Tarzan və onun heyvanları 3
Tarzan və onun heyvanları 3
Оценить:
Рейтинг: 0

Полная версия:

Tarzan və onun heyvanları 3

скачать книгу бесплатно

Bir azdan deşikdən tüstü qalxdı, ardınca alovun nazik dilləri görsəndi. Tarzan quru budaqlardan yığıb ocaq qaladı. Daş bıçağını yarıya qədər oda soxdu və su dalınca sahilə getdi.

O geri qayıdanda bıçağın ocağın içindəki hissəsi qıpqırmızı qızarmışdı. Tarzan onu oddan çıxarıb bir tərəfinə su tökdü. Su dəyən yerdən balaca qəlpələr qopdu.

Meymun-adam bu əməliyyatı bir neçə dəfə təkrar etdi. Nəhayət, itiağızlı ov bıçağı hazır oldu.

Tarzan özündən çox razı idi. Bundan sonra iş sürətlə getdi. O, bıçağa ağacdan dəstək düzəltdi, dəyənək hazırladı, xeyli ox yondu və yay üçün yaş, asan əyilən budaq kəsdi.

Axşam düşürdü. Tarzan silahlarını kiçik çayın qırağındakı ağacın koğuşunda gizlətdi və elə həmin ağacın başında da özünə balaca koma qurdu. Komanın üstünü enli palma yarpaqları ilə örtdü.

Başı işdən ayılanda o, möhkəm aclıq hiss etdi. Artıq hava qaralmışdı.

Tarzan ağacdan-ağaca atıla-atıla heyvanların çaya su içməyə getdiyi cığırı axtarırdı. O, meymunların da həsəd aparacağı bir cəldliklə bir budaqdan başqasına tullanır, uşaqlığını xatırlayır, qəlbi hüdudsuz azadlıq hissi ilə dolurdu. Əgər «Kinkayd»dakı son hadisələr yada düşəndə üzülməsəydi, Tarzan özünü xoşbəxt hiss edərdi.

Tarzanın keçmiş adətləri və vərdişləri sürətlə bərpa olunurdu. Bu vərdişlər ona sivil həyat qaydalarından doğma və gözəl görünürdü. Kaş lordlar palatasının ağır-ağır yeriyən zabitəli üzvləri Tarzanın ağacların başında necə atılıb-düşdüyünü görəydilər!

O axtardığını tapdı, cığırın düz üstündə yoğun bir budaq seçib aşırtma oturdu və marığa yatdı.

Çox gözləyəsi olmadı. Bir azdan cığırda Bara görsəndi. Ceyran naz-qəmzəli yerişlə Tarzana tərəf gəlirdi.

Meymun-adam onun tək olmadığını hiss etdi. Ceyranı kimsə izləyirdi. Rəqibinin şir Numa, yoxsa bəbir Şita olduğunu Tarzan qaranlıqda görmürdü, ancaq başa düşürdü ki, ac qalmamaq üçün çox cəld tərpənməlidir.

Baranı izləyən vəhşi ehtiyatsızlıq etdi. Kolluqdan gələn səs ceyranı duyuq saldı, o, bir anlığa yerində dondu, sonra güllə kimi irəli atıldı. Artıq gizlənməyə ehtiyac qalmadığını görən Numa kolluqdan çıxdı və ceyranın dalınca cumdu.

İndi Tarzan onların ikisini də aydın görürdü. Ceyranla şirin arasında yüz addım məsafə olardı. Amma ara sürətlə azalırdı. Bara meymun-adamın oturduğu ağacın altına çatırdı. Bu dəfə Tarzan ovu şirin əlindən ala biləcəkdimi? O düşünməyə vaxt sərf etmədən budaqdan ceyranın belinə atıldı, cəld hərəkətlə Baranın buynuzlarından tutub boynunu qanırdı, dərhal da cəmdəyi çiyninə aldı və tez ağaca dırmaşdı.

Numa cəmi bir neçə saniyəliyə gecikdi.

Acıqlı şir özünü ağacın gövdəsinə çırpır, quyruğunu hirslə yanlarına döyəcləyirdi. Tarzan tam təhlükəsizlikdə olduğunu bilir, üz-gözünü əyərək Numaya acıq verirdi.

Meymun-adam qəzəbindən çatlayan şirin gözləri qarşısında daş bıçağı ilə ceyranın budundan iri tikə kəsdi, buxarlanan təzə ətdən çiy-çiy ləzzətlə yedi. İndiyədək London restoranlarında heç bir yemək ona bu ləzzəti verməmişdi!

Doyandan sonra Tarzan əllərinin qanını sildi. Ətin qalanını qırıq budaqlardan birinin iti ucuna keçirdi, ağacların başı ilə komasına qayıtdı. İntiqam hissi ilə alışıb-yanan Numa onu xeyli izlədi, axırda bezib yolunu dəyişdi.

Son həftələrdə ilk dəfə Tarzan dərin yuxuya getdi. O oyananda artıq günəş göyün ortasında idi.

IV fəsil

Şita

Bir neçə gün Tarzan ona tanış olmayan cəngəlliyi gəzib-öyrənməklə və silahlarını təkmilləşdirməklə məşğul oldu. Ceyranın damarını qurudub yaya kiriş düzəltdi. Əlbəttə, Şitanın damarından daha möhkəm kiriş alınardı, amma kim bilir, Şita Tarzanın qabağına nə vaxt çıxacaqdı?

Meymun-adam quru otlardan uzun kəmənd hördü. Uşaqlıqda belə kəməndlə o, Tublatı cırnadardı, böyüyəndə isə ova çıxardı. Baranın dərisindən bel sarğısı, oxqabı, bıçaq üçün qın da hazırladı.

Sahili tədqiq edəndən sonra Tarzan müəyyənləşdirdi ki, bura Afrikanın ona məlum olan qərb sahili deyil. Qərbdə günəş dənizdən çıxmırdı, əksinə, dənizdə batırdı.

Lakin Tarzan əmin idi ki, Afrikanın şərqinə yox, harasa başqa yerə düşüb. Çünki «Kinkayd»a Aralıq dənizindən, Süveyş kanalından və Qırmızı dənizdən keçib Ümid burnunun başına fırlanmaq üçün xeyli artıq vaxt gərək olardı. Bəs onda tale onu bu dəfə hansı yerlərə gətirib çıxarmışdı? Bəlkə, gəmi Atlantik okeanını yararaq Cənubi Amerikanın vəhşi sahillərinə çatmışdı? Yox, oxşamır, çünki Cənubi Amerikada şirlər yaşamır.

Cəngəllikdə, boş sahildə dolaşa-dolaşa Tarzan təklikdən darıxırdı, antropoidlərin qəbiləsində qalmadığına təəssüflənirdi. Molakla və Akutla döyüşdən sonra o, insanabənzər meymunlara rast gəlməmişdi. Tarzan başa düşürdü ki, onlardan çox fərqlənir, amma tək qalmaqdansa, antropoidlərə qoşulmaq yaxşı idi.

Bir dəfə Tarzan əlinə keçən meyvələrdən, çürük kötüklərdə yuva qurmuş həşəratlardan yeyə-yeyə meşə ilə gedirdi. Burnuna bəbirin iyi dəydi. Şita haradasa yaxınlıqda idi. Tarzan çoxdandı onu axtarırdı: həm kiriş üçün möhkəm damar, həm də özünə təzə paltar tikməyə gözəl dəri əldə etmək istəyirdi.

Tarzan aşağı əyildi, hər xırdaca səsə fikir verə-verə yerlə sürünməyə başladı. İndi o, vəhşi təbiətin bir hissəsinə çevrilmiş, gözəgörünməz olmuşdu.

Səslər və iylər yolu Tarzana dəqiq nişan verirdi. Şita onun yaxınlaşdığını duymurdu: başı ova qarışmışdı. Ac bəbir insanabənzər meymunları izləyirdi.

Antropoidlər balaca talada dinclərini alırdılar. Meymunların əksəriyyəti otluqda uzanıb mürgüləyirdi. Bir neçəsi çürümüş kötükləri tənbəl-tənbəl eşələyir, qabıqların altında gizlənmiş cücüləri çıxarıb yeyirdi. Akut da onların arasında idi.

Şita talanın kənarında qalınyarpaqlı ağacın yoğun budağının üstündə uzanmışdı, meymunlardan birinin yaxın gəlməsini gözləyirdi. Tarzan ilan kimi sürünə-sürünə həmin ağacın daha hündür başqa budağına qalxdı, ov bıçağını çıxarıb hazır vəziyyətdə dayandı. Heyif ki, kəməndi işə yaramırdı: sıx yarpaqlar onu atmağa mane olurdu.

Akut düz bəbirin pusqu qurduğu budağın altında dayandı. Şita fürsəti əldən vermədi: nərə çəkib antropoidin üstünə atıldı. Elə havada ikən kiminsə belinə mindiyini və qolunu boğazına doladığını hiss etdi.

Səsə Akut başını qaldırdı. Üstünə şığıyan bəbiri və onun boynundan tutub geri qanıran ağ meymunu gördü. Bu, bir neçə gün əvvəl sahildə Akutu məğlub etmiş Tarzan idi.

Antropoid göydə savaşanların altında qalmamaq üçün qeyri-adi cəldliklə yana sıçradı. Şita zərblə yerə dəydi. Tarzan bəbirin boynunu buraxmadan əlindəki bıçağı vəhşi pişiyin sol çiyninin altından onun ürəyinə soxdu. Şita yaralı böyrü üstə döndü, nərəsi zarıltıya çevrildi. Bəbir pəncələrini qabağa uzadıb dartındı, bütün bədəni titrədi və gözləri şüşə kimi dondu.

Meymun-adam sıçrayıb ayağını Şitanın kürəyinə qoydu. Tarzanın qələbə qiyyəsi cəngəlliyi başına götürdü.

Akut və ətrafına toplaşmış antropoidlər təəccüblə bu səhnəyə baxır, cınqırlarını da çıxarmırdılar.

Birinci Tarzan özü dilləndi. O, vəziyyəti dərhal qiymətləndirmişdi, ağlına gəlmiş fikri dardüşüncəli antropoidlərə izah etməyə çalışırdı:

– Mən – meymun qəbiləsindən Tarzanam. Tarzan mahir ovçudur, döyüş ustasıdır. O, Akuta qalib gəlmişdi, istəsəydi, onu öldürər, özü qəbilə başçısı olardı. Amma istəmədi. İndi isə Akutun həyatını ikinci dəfə xilas etdi, onu qaniçən Şitanın əlindən aldı. Tarzan – Akut qəbiləsinin dostudur. Bu qəbilədən kimin həyatı təhlükəyə düşsə, qoy mənim kimi qışqırıb köməyə çağırsın. Tarzan dərhal köməyə gələcək.

Meymun-adam Kerçak qəbiləsinin həyəcan bildirən qışqırığını səsləndirdi və əlavə etdi:

– Tarzan da belə qışqıranda siz köməyə gələrsiniz. Onun yaxşılığını unutmayın, dərhal yanına qaçın. Tarzanın sözlərinə əməl edəcəksinizmi?

Əvvəlcə Akut cavab verdi:

– Huh!

Qalanlar təkrar etdilər:

– Huh!

Sonra, heç nə olmayıbmış kimi, antropoidlərin hərəsi öz yerinə qayıtdı. Con Kleyton – lord Qreystok onlara qoşuldu.

Akut Tarzanın yanından çəkilmirdi, sanki onu izləyirdi. Hər Tarzana baxanda kobud və yöndəmsiz vəhşinin balaca gözlərində qəribə yumşaq ifadə yaranırdı. Akut Tarzanı indiyədək meymunlardan görmədiyi və gözləmədiyi bir hərəkətlə heyrətləndirdi: tapdığı yağlı həşəratı özü yemədi, təzə dostuna uzatdı.

Axşam ova çıxanda da ağ meymun hara gedirdisə, Akut onun dalınca düşürdü. Antropoidlər Tarzana çox tez öyrəşdilər; artıq ertəsi gün onu başqa qəbilə üzvlərindən fərqləndirmirdilər. Tarzan yeni ailəsində özünü təhlükəsizlikdə hiss edirdi. Sanki bütün ömrünü burada yaşamış, heç vaxt cəngəlliyi tərk edərək insanlara qaynayıb-qarışmamışdı.

O, beş-altı gün qəbilədə qaldı. İstəyirdi ki, antropoidlər ona tam alışsınlar, yadlarında saxlaya bilsinlər. Çünki meymunların yaddaşı, adətən, qısa olur.

Növbəti həftə o, dəstədən ayrıldı. Sahilboyu şimala doğru üz tutdu. Məqsədi meşənin axırınadək getmək, hara düşdüyünü dəqiq müəyyənləşdirmək idi.

Səhər yuxudan oyananda Tarzan günəşin qarşıdan deyil, sağ tərəfdən qalxdığına diqqət yetirdi. Deməli, sahil xətti qərbə tərəf əyilmişdi. O, axşamadək ağacların başı ilə yol getdi. İndi əvvəlki günlərdən fərqli olaraq günəş dənizdə batırdı. Hər şey Tarzana aydın oldu: o, materikdə deyil, adadadır və bu yerdə insan yaşadığına dəlalət edən heç nə yoxdur.

Niyə Tarzan bunu ilk gündən başa düşməmişdi? Qəddar düşmən ondan intiqam aldığını yazmışdı. Tarzanı ətraf aləmdən həmişəlik təcrid etmək üçün onu insan ayağı dəyməyən bir adaya atıb getmişdi. Rokoff özü isə, yəqin ki, Afrika sahillərinə yan almışdı. Çünki məktubda göstərdiyi kimi, məqsədi balaca Ceki adamyeyənlər qəbiləsinə təhvil vermək idi…

Oğlunu gözləyən məşəqqətləri təsəvvürünə gətirəndə dünya Tarzanın gözlərində qaraldı. Cek adamyeyənlərin arasında nisbətən ürəyiyumşaq birisinin əlinə düşsə və həmin adamyeyən ağ uşağa ürəkdən bağlansa belə, onun taleyi çox acınacaqlı olacaqdı. Tarzan Afrika cəngəlliklərində yaşayan tayfaların həyat tərzinə bələd idi. Bu əzablı həyat məhrumiyyətlər və təhlükələrlə dolu idi. Yaşayış uğrunda ağır mübarizədə ən çox əzilənlər də məhz ürəyiyumşaqlar, insani hislər keçirənlər, təkcə özünü yox, başqalarını da fikirləşənlər olurdular.

Bəs sağ qalsa, böyüyəndə Cekdən nə çıxacaq? Dəhşət! Kanniballar arasında aldığı tərbiyə və qazandığı vərdişlər onun mədəniyyətə yolunu birdəfəlik kəsəcək!

Adamyeyən! Onun balaca Ceki insan əti yeyəcək! Bu iyrənc fikir burğu kimi Tarzanın beynini deşirdi.

Ucu yonulmuş dişlər, dəmir halqa taxılmış burun, döymələrlə eybəcər hala salınmış sifət! Oğlunun bu gələcək görkəmini gözləri önünə gətirən Tarzan gah çarəsizlikdən süstləşir, gah da nifrətdən coşurdu. Of-f-f! Kaş Rokoffun boğazı bircə dəfə də onun əlinə keçəydi!

Bəs Ceyn? O yazıq həyəcandan və qeyri-müəyyənlikdən bu saat az qala dəli olur. Xeyli vaxtdır nə uşağından, nə də ərindən xəbər tuta bilir. Tarzana elə gəlirdi ki, Ceyn ondan da pis vəziyyətdədir. Tarzan, heç olmasa, bilir ki, sevimli arvadı Londonda öz evində, təhlükəsizlikdədir. Ledi Qreystok isə Tarzanın və balaca Cekin harada olduqlarını təsəvvürünə belə gətirmir.

Yaxşı ki, Rokoffun ledi Qreystoku da əsir saxladığı Tarzana bəlli deyildi, yoxsa bu dərd onun iradəsini tamamilə əlindən alardı.

Tarzan kədərli-kədərli cəngəlliyi dolaşırdı. Bu dəm qulağına qəribə səs dəydi, sanki kimsə ağacı cırmaqlayırdı. Nə ola bilərdi?

O, ehtiyatla səs gələn tərəfə getdi. Parlaq dəriyə malik bəbir qırılıb yerə düşmüş ağacı gəmirir, özünü onun gövdəsinə sürtürdü. Vəhşi pişik Tarzanın addımlarını eşidib başını döndərdi və dişlərini qıcartdı.

Şita tərpənə bilmirdi. Qabaq pəncələri ağacın altında qalmışdı.

Meymun-adam özünü müdafiə edə bilməyən heyvanın qarşısında dayandı. Tələyə düşmüş bəbir onsuz da ya başqa vəhşilərə yem olacaq, ya da əvvəl-axır acından gəbərəcəkdi. Amma Tarzan Şitanı öldürsə, damarlarından və dərisindən istifadə edə bilərdi.

Tarzan oxu yaya qoyub dartdı. Son anda nə fikirləşdisə, əl saxladı.

Bu gənc həyata son qoymaq, təbiətin yaratdığı gözəlliyi məhv etmək necə də asandır!.. Amma düzgündürmü? Dara düşmüş canlının köməyinə yetmək əvəzinə onun çətin vəziyyətindən öz xeyrinə istifadə etmək yalnız qəddar və dardüşüncəli insanların adəti deyilmi?

Tarzan bəbiri azadlığa çıxarmağa qərar verdi. O, Şita ilə arasında təhlükəsiz məsafə saxlamaqla ağacın ətrafına fırlandı. Vəhşinin onurğası sağlam idi, bədənində hər hansı ağır xəsarət əlaməti yox idi, təkcə pəncələri əzilmişdi. Bəlkə də, heç sınmamışdı.

Meymun-adam oxu qabına qoydu, yayı çiyninə keçirdi və vəhşi pişik miyovultusuna bənzəyən səs çıxara-çıxara bəbirə yaxınlaşmağa başladı. Şita bu səsi eşidəndə mırıldamağı dayandırdı. Onun yaşıl gözlərindəki qəzəbi maraq ifadəsi əvəz etdi.

Ağacı qaldırmaq üçün bəbirlə yanaşı dayanmaq lazım idi. Meymun qəbiləsindən Tarzan bundan çəkinmədi: qorxu hissi ona yad idi. Şita yenə hərdən səssizcə dişlərini qıcayırdı. Amma Tarzan başa düşürdü ki, bu, hədə yox, sadəcə, xəbərdarlıqdır.

O, çiynini ağacın gövdəsinə söykədi və güc verdi. Qollu-budaqlı ağac azacıq yerdən aralandı. Şita pəncələrinin üstünə düşən təzyiqin azaldığını hiss edib geri süründü.

Tarzan ağacı buraxıb ayağa sıçradı və dərhal bıçağına əl atdı.

Bəbirlə insan üz-üzə dayanıb bir-birinə baxırdılar. Tarzan Şitanın, Şita isə Tarzanın hərəkətlərini güdürdü.

İnsan anlayırdı ki, çox böyük riskə gedib: azadlığa çıxmış bəbir istənilən an xilaskarının üstünə atıla bilər. Axı o, yəqin ki, acdır. Bununla belə, meymun-adam qaçmağa hazırlaşmırdı. Əksinə, o, Şitaya doğru bir addım atdı. Bəbir geri çəkildi. Tarzan dayanmadı. Bu dəfə Şita yerindən tərpənmədi. Tarzan onun lap yanından keçdi, hətta əli vəhşinin yaş ağzına toxundu. Bəbir başını döndərib uzaqlaşan Tarzanın dalınca baxdı, bir müddət tərəddüd içində qaldı, sonra sədaqətli köpək kimi insanın arxasınca düşdü.

Tarzan Şitanın onun dalınca gəldiyini hiss edirdi, amma niyyətini bilmirdi. Buna görə də ehtiyatı əldən vermirdi.

Axşam düşdü. Tarzan acmışdı. O, çaya gedən cığırın üstündə bir ağacın başına çıxıb budaqların arasında gizləndi. Kəməndini əlində hazır tutdu. Şita heç yanda görsənmirdi. Yəqin, ya kolluqda gizlənmiş, ya da çıxıb getmişdi.

Yarım saatdan sonra Tarzanın kəməndinə cavan bir ceyran keçdi. Meymun-adam daş bıçaqla ceyranın dərisini təmiz soydu, amma buxar qalxan isti əti dişinə çəkməyə tələsmədi. O, gündüz bəbirə rast gələndə etdiyi kimi, miyovultuya bənzəyən səslər çıxarmağa başladı.

Tarzan dəfələrlə görmüşdü ki, bəbirlər cütlükdə ov edəndə belə səslər çıxarır.

Yaxınlıqdakı kol silkələndi, oradan Şitanın parıldayan xəzli başı görsəndi. Təzə qan iyi bayaqdan bəbirin burnunu qıcıqlandırırdı, ağzının suyu axırdı. Şita Tarzanın çağırışına cavab verdi və ona tərəf qaçdı. Vəhşi pişiklə insan yanaşı durub qarınları doyunca ceyran əti yedilər.

Bundan sonra Şita daha Tarzandan çəkinmir, açıq-aşkar dalınca gəzirdi. Meymun-adam da bəbirdən ehtiyat etmirdi. Bir neçə gün cütlükdə meşəni dolaşdılar. Tutduqları ovu birgə yeyirdilər.

Bir dəfə əllərinə vəhşi öküz keçmişdi. Heç nədən çəkinmədən qol-budaqlı ağacın kölgəsində məclis qurmuşdular. İndiyədək qan iyinə hansı heyvan gəlsəydi, ikilikdə asanlıqla cavabını verib qovardılar. Amma bu axşam nərə çəkib kolluğu yaran ac şiri görəndə Şita yoxa çıxdı. Tarzan yanına qoyduğu kəməndi götürüb ağaca dırmaşmağa güclə imkan tapdı.

Numa öküzün ətini caynağı və dişləri ilə didir, parça-parça udurdu. O özü üçün heç bir təhlükə hiss etmirdi. Zəiflərin payını əlindən alıb yemək cəngəllik şahının təbii hüququ idi. Tarzansa ağacın başından Numanı izləyir, kəməndini onun boynuna keçirmək üçün məqam gözləyirdi.

Nəhayət, belə məqam ələ düşdü. Şir iri tikəni udmaq üçün başını yuxarı tutanda Tarzan kəməndi atdı. Yoğun kəndir Numanın boynuna keçib onu havaya qaldırdı. Tikəsi boğazında qalmış şirin səsi də çıxmadı. Tarzan kəndirin ucunu ağaca doladı və Şitanı çağıra-çağıra yerə tullandı. Bir tərəfdən bəbirin sivri dişləri, digər tərəfdən meymun-adamın iti bıçağı Numanın bədənini deşik-deşik etdi. Şir göydə çapaladı, çapaladı, sonda quru ağac budağı kimi donub-qaldı.

Meymun-adamın zəfər qiyyəsi bəbirin qələbə hayqırtısına qarışdı və cəngəllikdə əks-səda verdi.

Bu hay-küyü təkcə meşə heyvanları deyil, qayıqlarda adaya yaxınlaşan iyirmiyədək zənci də eşidirdi.

V fəsil

Muqambi

Tarzan adanı eninə-uzununa başdan-başa keçmişdi və burada ondan savayı insan yaşamadığına əmin olmuşdu. Amma demək olmazdı ki, indiyədək, ümumiyyətlə, adaya insan ayağı dəyməyib. Çünki gur meşələr bütün izləri çox tez gizlədir, ləpirlərin üstünü örtür.

Numaya rast gəldiyi günün ertəsi Tarzan Şitanın müşayiəti ilə meşədə gəzəndə Akutun qəbiləsi qarşılarına çıxdı. Bəbiri görən antropoidlər pərən-pərən düşdülər. Meymunları sakitləşdirmək və təzədən bir yerə yığmaq üçün onları xeyli dilə tutmaq lazım oldu.

Tarzan bu əzəli düşmənləri barışdırmaq fikrinə düşmüşdü. Nə üçün belə etdiyini özü də bilmirdi, sadəcə, ağır düşüncələrdən ayrılmaq üçün başını qatırdı.

Antropoidləri Şita ilə sülh şəraitində yaşamağın üstünlüyünə inandırmaq elə də çətin deyildi. Amma bəbir meymunlarla dostlaşmaq istəmirdi. O heç cür dərk edə bilmirdi ki, niyə daha meymun ovlamamalıdır, əksinə, onlarla birlikdə ova çıxmalıdır!

Tarzanın yoğun dəyənəyi var idi. O, bəbirin boynunu kəməndə keçirib həmin dəyənəklə vəhşi pişiyin burnunu döyəcləyir, birdəfəlik beyninə yeritmək istəyirdi ki, bundan sonra meymunları yemək olmaz. Şita narazı-narazı mırıldanırdı, amma Tarzana toxunmurdu.

Antropoidlər Tarzanın bu hərəkətlərinə Şitanın necə dözdüyünü anlamırdılar. Onlar vəhşi pişiyi insanın iradəsinə tabe olmağa məcbur edən səbəbləri qavraya bilməzdilər. Bunun sirrinin sehrli dəyənəkdə olduğunu düşünürdülər. Bəbirin itaətkarlığı meymunları cəsarətə gətirirdi. Onlar yavaş-yavaş Şitaya yaxınlaşır, Tarzanın arxasında dayanıb maraq və təəccüblə heç vaxt belə yaxından görmədikləri keçmiş düşmənlərinə baxırdılar.

Nəhayət, Tarzanın səyləri öz nəticəsini verdi. İnsan, bəbir və meymunlar cəngəllikdə birgə gəzir, bir yerdə ov edir, ələ keçirdikləri qənimətləri bölürdülər.

Bəzən Tarzan kollektiv həyatdan bezirdi, təkliyə çəkilib öz düşüncələrinə dalırdı. Bir dəfə o, yenə sahildə uzanıb fikrə getmişdi. Günəşin ilıq şüaları dərisinə sığal çəkir, ləpələrin pıçıltısı layla deyirdi. Tarzan mürgüləyirdi və buna görə oğrun-oğrun meşədən çıxan qaradərili döyüşçünü görmədi. Zənci sahildə yatmış adamı oyatmamaq üçün əli ilə yoldaşlarına işarə verdi. Birdən-birə kolların arasından iyirmiyədək kişinin başı görsəndi.

Onların hamısının uca boyu, acıqlı baxışları, uzun nizələri var idi. Sifətləri rəngli zolaqlarla, bədənləri cürbəcür döymələrlə bəzədilmişdi, burunlarına halqa, əllərinə və ayaqlarına dəmir bilərziklər keçirilmişdi.

Tarzan mürgüləyirdi və buna görə oğrun-oğrun meşədən çıxan qaradərili döyüşçünü görmədi. Zənci sahildə yatmış adamı oyatmamaq üçün əli ilə yoldaşlarına işarə verdi.

Qaradərili döyüşçülər aşağı sinib addım-addım Tarzana yaxınlaşırdılar. Nə qədər ehtiyatlı davranmağa çalışsalar da, meymun-adam yad iyi hiss etdi və gözlərini açdı. Artıq gizlənməyin mənasız olduğunu görən düşmənlər dikəldilər, nizələrini başlarının üstünə qaldırıb hücuma keçdilər.

Tarzan dərhal ayıldı. Ayağa sıçramağı ilə dəyənəyi əlinə götürməyi bir oldu. Elə ilk zərbədən bir neçə nəfəri yerə sərdi. Tarzan dəyənəyini sağa-sola fırlayır, düşmənə yaxınlaşmağa imkan vermirdi.

Qaradərili döyüşçülər ciddi itki verib geri çəkildilər. Qısa müşavirədən sonra onlar yarımdairə şəklində düzüldülər və yeni hücuma keçdilər.

Tarzan hücumu dəf etməyin bu dəfə çətin olacağını gördü. Əvvəla, düşmən eyni zamanda üç istiqamətdən üstünə gəlirdi. İkincisi, yoldaşlarını itirmiş qaradərililər lap hirslənmişdilər, qəzəblərini rəqslə və qışqırıqlarla ifadə edirdilər.

Tarzana kömək lazım idi. O, dəyənəyini fırlaya-fırlaya başını yuxarı qaldırdı və dəhşətli qiyyə çəkdi. Qaradərililərin qulaqları cingildədi, onlar səslərini kəsib ayaq saxladılar və qorxa-qorxa baxışdılar. Bu, insan səsi deyildi, onun sahibinə üzbəüz döyüşdə qalib gəlmək qeyri-mümkün idi!

Qaradərililər Tarzanı aralıdan vurmaq üçün nizələrini başlarının üstünə qaldırdılar, amma cəngəllikdə qopmuş hay-küy bir anlığa onların diqqətini yayındırdı.

Hay-küyə başlarını döndərən zəncilər gördüklərindən dəhşətə gəldilər: meşədən bəbir, bir dəstə nəhəng meymun çıxıb sürətlə onlara yaxınlaşırdı. Bəbir havaya sıçrayanda dərisi günəş şüaları altında bərq vururdu, meymunlar iri yumruqlarını sinələrinə döyür, nərildəyirdilər.

Tarzanın heyvanları onun çağırışına tələsirdilər.