banner banner banner
Meymun qəbiləsindən Tarzan 1
Meymun qəbiləsindən Tarzan 1
Оценить:
Рейтинг: 0

Полная версия:

Meymun qəbiləsindən Tarzan 1

скачать книгу бесплатно

Tublatın isə Kalanı ondan tamamilə soyutmuş bu yad uşağa nifrəti getdikcə artırdı. Əslində, Tarzanın da qoca meymundan zəhləsi gedirdi, atalığının kefinə soğan doğramaq üçün heç bir fürsəti əldən vermirdi.

Hələ lap balaca vaxtı Tarzan nazik, uzun otlardan kəndir hörməyi öyrənmişdi, onunla oynamağı xoşlayırdı. Bir dəfə Tarzan kəndirini qovaladığı dəcəl meymunun dalınca atdı. Yoğun ipin ucu təsadüfən meymunun boğazına dolandı və dartıb onu ağacdan yerə saldı. Bu, Tarzanın xoşuna gəldi. O başa düşdü ki, hördüyü kəndirdən silah kimi istifadə edə bilər. Bir az da əlləşib kəndirin ucuna ilgək vurmağı öyrəndi. Beləliklə, əsl kəmənd düzəltdi.

Həmin gündən Tublatın günü qara oldu. Ağaca söykənib gözünü yuman kimi Tarzan onun boğazına kəmənd keçirib boğmağa başlayırdı. Kalanın tənbehləri, Tublatın hədələri vecinə deyildi. Başqa meymunlara isə Tarzanın bu əməlləri ləzzət edirdi. Həmişə qaşqabaqlı, deyingən Tublatdan heç kimin xoşu gəlmirdi.

Axırda Tarzanın əl-ayağını yığışdırmaq üçün Kerçak özü işə qarışası oldu.

Bundan sonra Tarzan yeni həvəsə düşdü: əgər o, təzə oyuncağının köməyi ilə özündən qat-qat güclü meymunları ram edə bilirsə, nədən Saboru əsir götürməyə cəhd göstərməsin?

VI fəsil

Cəngəllikdə döyüş

Hərdən meymunların yolu dəniz sahilindəki daxmanın yanından düşürdü, amma alovsaçan qara dəyənəyi unutmadıqları üçün onlar evdən aralı keçirdilər. Tarzan isə Kaladan və dostlarından gizlin tez-tez bura gəlirdi. Daxmanın başına dolanır, dama çıxır, əlini pəncərə qəfəsinin taxta milləri arasından soxub pərdəni aralamağa çalışır, içəri girmək üçün yer axtarırdı. Bu ağzıbağlı böyük qutu Tarzan üçün sonsuz maraq mənbəyi idi. Uşaq onun içində nə gizlədildiyini bilmək istəyir, xəyalında ən fastastik səhnələr cızırdı. Əlbəttə, Tarzan məhz bu yerdə anadan olduğundan xəbərsizdi. Kala demişdi ki, onun atası qəribə ağ meymun olub, amma başqa qadından, hansı şəraitdə doğulduğunu uşaq bilmirdi.

Bir gün Tarzan qapının dördkünc çərçivəsinə diqqət yetirdi və başa düşdü ki, o, divardan ayrıdır. Xeyli qapının dəstəyini, qıfıl yerini əlləşdirdi, axır ki, onu açmağın yolunu tapdı.

Tarzan sehrlənmiş kimi uzun müddət yerindən tərpənmədi, nəhayət, gözləri otağın qaranlığına alışdı və o, qorxa-qorxa içəri girib heyrətlə ətrafına baxdı.

Yerdə, çarpayının üstündə və beşiyin içində üç skelet var idi. Tarzan onlara əhəmiyyət vermədi. Cəngəllikdə belə sür-sümüklərdən çox görmüşdü. Əvvəl daxmadakı qəribə əşyaları, kitabları, silahları, paltarları gözdən keçirdi. Bəzi şeylər zamanın təsirindən və nəmişlikdən çürümüşdü, əl vuran kimi ovxalanıb tökülürdü. Sonra Tarzan dolabın siyirmələrini açdı, içini eşələdi. Buradakı əşyalar daha yaxşı vəziyyətdə qalmışdı. Əlinə bir ov bıçağı keçdi. Parıltısından xoşu gəldi. Bıçağın iti ucu ilə barmağını yaraladı, bir az onunla oynayandan sonra kənara qoydu və axtarışı davam etdirdi. Rəfdən şəkilli bir kitab götürdü. Bu, tanımadığı atasının İngiltərədən gələcək övladı üçün gətirdiyi əlifba idi.

Tarzan kitabdakı işarələrə, rəsmlərə baxır, heç nə başa düşmürdü. Gəmilər, qatarlar, atlar, inəklər ona maraqlı gəlmirdi – bunların nə olduğunu bilmirdi. Səhifələrin çoxunda özü kimi ağ meymunların şəkilləri vardı. “M” hərfi yazılan səhifədə isə dostlarının rəsmini görüb sevindi. Əlini atıb onlara toxunmaq istədi, amma gerçək olmadıqlarını başa düşdü. Başqa bir səhifədə Tarzan köhnə düşməni Saboru tapdı.

Necə də maraqlı idi! Onyaşlı Tarzan ömründə belə şey görməmişdi. Başı kitaba elə qarışmışdı ki, havanın necə qaraldığına fikir verməmişdi.

Daha qaranlıqda şəkilləri aydın görmək olmurdu. Tarzan kitabı yerinə qoydu. Bıçağı dostlarına göstərmək üçün özü ilə götürüb otağın qapısını örtdü. İstəmirdi ki, kimsə daxmanın sirrini bilib bu xəzinəni talan etsin. Meşəyə tərəf qaçdı.

Tarzan cəngəlliyə girən kimi kolluqda tərpəniş hiss etdi. Oradan nəhəng bir heyvan çıxıb ağ meymunun yolunu kəsdi. Bu, qorilla Bolqani idi. Səhərdən meşədə özünə yemək axtaran, amma gün ərzində əlinə bir şey keçməyən ac Bolqani qəzəblə Tarzana baxırdı. Qaçmağa imkan yox idi. Tarzan başa düşdü ki, həyatını xilas etmək üçün vuruşmalı olacaq. Odur ki Bolqani nərildəyə-nərildəyə onun üstünə cumub qollarının arasına salanda Tarzan da özünü müdafiə etmək üçün xırda yumruqları ilə qorillanın sinəsini döyəcləməyə başladı. Əlindəki bıçağın ucu Bolqaninin tüklü sinəsini deşdi. Qorillanın tükürpədici fəryadı cəngəlliyi başına götürdü.

Əgər Bolqaninin qarşısına Tarzan deyil, insanabənzər meymunlar qəbiləsinin onyaşlı başqa üzvü çıxsaydı, onlar bir-birinə layiqli rəqib olardılar. İngilis lordunun balaca oğlu isə öz yaşına görə nə qədər güclü olsa da, Bolqaninin yanında sısqa görünürdü. Ona görə də Tarzanın cəsarəti qorillanı lap özündən çıxardı. Bolqani iri yumruqları ilə uşağın başına ağır zərbələr endirir, caynaqları ilə onun bədənindən parça-parça ət qoparırdı. Bıçağın sirrini öyrənmiş Tarzan isə dalbadal qorillanın qollarından, qarnından vururdu. Bir neçə dəfə bıçaq dəstəyinə qədər Bolqaninin sinəsinə girdi. Amma Tarzan get-gedə yorulur, haldan düşürdü. Nəhayət, ağ meymun huşunu itirib otların üstünə diyirləndi…

Bolqaninin fəryadı meşəni bir-birinə vurmuşdu. Kerçak dərhal qəbiləni başına yığdı. Bu, hücum deyil, müdafiə tədbiri idi. Qorilla tək olmaya bilərdi.

Balasını dəstədə tapmayan və heç kimin onun köməyinə getməyə hazırlaşmadığını görən Kala özü təkcə səs gələn tərəfə qaçdı. O, budaqdan-budağa atıla-atıla ağacların arası ilə uçurdu. Kala cəngəlliyi çox yaxşı tanıyırdı, zəngin təcrübə və ana ürəyi isə ona səsin gəldiyi yeri dəqiq nişan verirdi. Çox keçməmiş Kala döyüş yerinə çatdı və ay işığında otluqda uzanmış Tarzanı gördü. Tarzan qan içində idi, nəfəs alıb-almadığı bilinmirdi. Yanında nəhəng qorillanın cəsədi sərilib qalmışdı.

Onun balaca Tarzanı bu yekəpər vəhşinin öhdəsindən necə gələ bilərdi? Heç nə başa düşməyən Kala Tarzanı ehmalca qaldırıb bağrına basdı, onun ürəyinin zəif döyüntüsünü hiss etdi. Balasının əzablarını artırmasın deyə gəldiyi yolla yavaş-yavaş geri qayıtdı.

Gecə-gündüz Kala oğlunun yanından aralanmırdı. İlk vaxtlar Tarzan heç nə yemirdi, yalnız su istəyirdi. Kala ağzında balasına su gətirir, milçəklərini qovur, yaralarının çirk verməməsi üçün onları yalayırdı.

Tarzanın sinəsi parçalanmış, üç qabırğası sınmış, bir qolunun əti sümüyə qədər qoparılmışdı. Boynunda elə dəhşətli yara var idi ki, damarı görünürdü. Ölümlə həyat arasında bu çətin mübarizədən ana qalib çıxdı. Bir neçə həftədən sonra Tarzanın qızdırması düşdü, yaraları qartmaq bağladı, yavaş-yavaş sağalmağa başladı.

Tarzan ağrılara böyük mərdliklə dözürdü. Bu müddət ərzində heç kim bir dəfə də onun iniltisini, ya şikayətini eşitmədi.

Kala harada yemək tapsa, Tarzana gətirirdi, özü isə əriyib çöpə dönmüşdü.

VII fəsil

Elmin nuru

Nəhayət, Tarzana sonsuzluq kimi görünən bir neçə çətin ay keçdi və o, yataqdan qalxıb yeriməyə başladı.

Tezliklə Tarzan əvvəlki sağlamlığını tamamilə bərpa etdi və ilk növbədə bıçağını axtarmağa getdi. Bu balaca dəmir parçasındakı sehrli qüvvə Tarzanı özündən qat-qat güclü düşməndən xilas etmişdi. Tarzan silahını qorillanın cəngəllik heyvanları tərəfindən tər-təmiz gəmirilmiş sümüklərinin yanında, saralmış yarpaqların altında tapdı. Bıçaq daha parıldamırdı, nəm torpaqda çox qaldığından paslanmışdı. Bu, Tarzanı məyus etdi.

Sonra o, çoxdan bəri həsrətində olduğu daxmaya baş çəkdi. Əvvəlcə cəftənin və qıfılın mexanizmi ilə maraqlandı. Qapını dəfələrlə açıb-örtdü. Gördü ki, onu içəridən də bağlamaq olur. Belə də etdi. Rəfdən əlifba kitabını tapıb açdı. Tarzanın diqqətini şəkillər daha çox cəlb edirdi, amma yazılara da baxıb düşünürdü ki, görəsən, bu cücüyə bənzəyən qara şeylər nədir?

Səhifələrdən birində yenə özünə oxşayan ağ meymuna rast gəldi. Əllərindən və üzündən savayı, bu meymunun bütün bədəni rəngli tüklərlə örtülmüşdü. Tarzan geyimi dərini örtmüş tükə oxşadırdı. Rəsmin altında beş cücü şəkli də çəkilmişdi: “O-Ğ-L-A-N”.

Başqa səhifədə Tarzan yenə həmin meymunu, yanında da dördayaqlı qəribə heyvan gördü. Bu dəfə cücülərin sayı çox idi: “O-Ğ-L-A-N V-Ə İ-T”.

Bü cücülərin mənası nədir? Niyə onlar eyni şəkillərin altında eyni ardıcıllıqla təkrar olunur? Bəs niyə bəzi cücülər bir-birinə bənzəyir, digərləri fərqlənir? Suallar Tarzana çox qəliz görünürdü.

Rəsmləri və altındakı yazıları tutuşdura-tutuşdura cücülərin mənasını dərk etmək üçün ona illər lazım oldu. On beş yaşına çatanda Tarzan artıq hərfləri tanıyırdı, onların kombinasiyalarını, kitablardakı sözlərin nə ifadə etdiyini bilirdi.

On iki yaşı olanda Tarzan daxmadakı yeşiklərdən birində rəngli qələmlər tapmışdı. Qələmlərin ucları hara toxunurdusa, izi qalırdı. Bu, Tarzana yeni ideya verdi. Amma qələmi düzgün tutmağa alışmaq, kitaba baxıb hərfləri yazmağı öyrənmək də çox vaxt apardı. Cücülərin şəklini çəkə-çəkə onların sayını da bildi.

Beləliklə, Tarzan yavaş-yavaş əlifbanı əzbərlədi, oxuduğu sözlərin mənasını başa düşməyə başladı, yazmağı öyrəndi, meymun dostlarından fərqli irqə mənsub olduğunu anladı və daha tüksüzlüyündən, dərisinin rəngingən utanmadı.

On yeddi yaşında Tarzan artıq bilirdi: o – “OĞLAN”, dostları – “MEYMUN”, Sabor – “ŞİR”, Hista – “İLAN”, Tantor isə “FİL”dir. Aradakı fərqi dərk etdikdən sonra Tarzanın təhsil sahəsində uğurları xeyli sürətləndi. Əlifbanı bitirib lüğətlərə keçdi. Uzun müddət daxmaya gələ bilməyəndə də o, “dərsindən” qalmırdı: ağac qabıqlarının, daşların, qumun üstündə bıçağı ilə hərflər, sözlər cızırdı.

Tarzanın təkcə əqli deyil, fiziki inkişafı da sürətlə gedirdi. Artıq o, iricüssəli, möhkəm əzələli yetkin gəncə çevrilmişdi. Qaçan hədəfləri uzaqdan kəməndinə salmağa, bıçaqla vurmağa öyrəşmişdi. Bu bacarıqlar dəfələrlə meşədə vəhşi heyvanlarla üzləşəndə, hətta bəzi qəbilə üzvləri ilə mübahisələrində onun dadına çatmışdı. Tarzan fərqli irqə mənsub olduğunu daha dərindən anladıqca keçmiş dostları ilə arası soyuyurdu. İndi o, Kaladan savayı, Kerçakın qəbiləsində heç kimlə yaxınlıq etmirdi. Tublatın Tarzana nifrəti isə son həddə çatmışdı. Tublat yaxşı başa düşürdü ki, bir az da keçsə, artıq Tarzana gücü çatmayacaq. Ona görə də ağ meymunu məhv etməyə girəvə axtarırdı.

Axır ki, Tublatın əlinə belə bir imkan düşdü.

Meymunlar Dum-Dum törəni qurmuşdular. Belə mərasimlər nadir hallarda, məsələn, qəbiləyə yeni başçı seçiləndə keçirilirdi. Bu dəfə antropoidlər onları uzun müddət qorxu altında saxlayan qorilla qəbiləsinin başçısı üzərində Kerçakın möhtəşəm qələbəsini qeyd etməyə yığışmışdılar.

Meymunlar təpələrin arasındakı amfiteatra bənzər açıq sahəyə toplaşmışdılar. Amfiteatr iri, çoxəsrlik ağacların əhatəsində idi, ortada gildən düzəldilmiş böyük təbil vardı. Qonşu qəbilənin başçısının cəsədi təbilin yanında uzadılmışdı. İki erkək meymun ölü durub qaçacaqmış kimi onun keşiyini çəkirdi, qalanlar otluqda uzanıb mürgü vurur, ayın çıxmasını gözləyirdilər.

Hava qaralanda meymunlar hərəkətə gəldilər, təbilin ətrafında düzüldülər. Öndə erkək antropoidlər, arxada dişilər və uşaqlar əyləşdilər. Üç qoca meymun yoğun ağac götürüb təbilə yaxınlaşdı. Ay göydə görünən kimi onlar təbili yavaş-yavaş döyəcləməyə başladılar. Ay qalxdıqca təbil səsləri güclənirdi. Nəhayət, gurultudan qulaq tutulanda Kerçak ortaya atıldı, üzünü aya tutub nərildədi, iri yumruqları ilə tüklü sinəsini döyəclədi. Sonra oğrun-oğrun, gizlincə ovuna yaxınlaşırmış kimi, qəzəbdən qızarmış gözlərini ölü qorilladan ayırmadan onun ətrafında bir neçə dəfə dövrə vurdu.

Erkək meymunlar bir-bir ortaya çıxıb Kerçakın hərəkətlərini təkrar edirdilər. Onların qışqırıqları amfiteatrı başına götürmüşdü. Antropoidlər sanki düşməni döyüşə çağırırdılar.

Birdən Kerçak sıçrayıb yerdə qalaqlanmış dəyənəklərdən ən irisini qapdı və cəsədin başına güclü zərbə endirdi. Təbillər yenidən guruldadı. Digər erkək meymunlar da hərəsi bir dəyənək götürüb cəsədi vurmağa başladılar. Artıq qorillanın bədənində salamat sümük qalmamışdı: o, bir kisə ətə dönmüşdü.

Ölüm rəqsi yarım saat davam etdi. Nəhayət, Kerçak işarə verdi, təbillər susdu, rəqs dayandı. Qəbilə başçısı məğlub meymunun ətli yerindən iti dişləri ilə yekə bir tikə qopardı. Ardınca bütün meymunlar cəsədin üstünə tökülüşdülər, onu parçalamağa başladılar. Təzə ov əti hələm-hələm ələ düşmürdü.

Antropoidlər ət üstündə az qala dalaşırdılar. Kim güclü idisə, qabağa soxulub daha yaxşı tikə seçirdi. Zəiflər əllərinə nə keçsə onunla kifayətlənməli olurdular.

Tarzan əti meymunlardan heç də az xoşlamırdı. O, dirsəkləri ilə dəstəni yara-yara özünü cəsədə çatdırdı, belindən asdığı bıçağını çıxarıb qorillanın çiyin hissəsindən böyük bir parça kəsib götürdü və yana sıçradı. Tikə çox iri idi, amma Kerçakın başı yeməyə o qədər qarışmışdı ki, buna diqqət vermədi.

Tublat artıq öz tikəsini yeyib qurtarmışdı. İndi ikinci dəfə cəsədə yaxınlaşmağa fürsət axtarırdı. Birdən o, qoltuğunda iri ət parçası dəstədən aralanan Tarzanı gördü. Tublatın qırmızı gözləri acgözlüklə parıldadı. Yox, o belə gözəl tikənin nifrət bəslədiyi oğulluğuna qismət olmasına yol verə bilməzdi!

Tarzan Tublatın niyyətini başa düşdü, dişi meymunların və uşaqların arasından sivişib cəld ən yaxın ağaca dırmaşdı. Tublat əl çəkmədi, onun dalınca cumdu. Tarzan ağacın zirvəsinə qalxdı, nazik bir budağın üstündə oturub oradan qocanı cırnatmağa, ələ salmağa başladı. Ağır meymun buraya çıxa bilməzdi. Qəzəbindən Tublatın ağzından köpük gəldi, ağlını tamam itirdi. O, yerə sıçradı, qabağına keçən balaca və dişi meymunları iri pəncəsi ilə vurub yerə sərir, bədənlərindən ətlə bərabər çəngə-çəngə tük qoparırdı. Meymunlar pərən-pərən düşdülər. Tublatın gözü gizlənməyə yer axtaran Kalaya sataşdı. Tarzana əli yetmirdi, amma onun heyfini anasından mütləq almalıydı!

Kala Tublatın fikrini anladı, Tarzanın çıxdığı ağaca tərəf qaçdı.

Tarzan oturduğu budaqdan aşağıda baş verənləri izləyirdi. Tublatın Kalaya yetişməkdə olduğunu görəndə o özünü ağacın başından yerə atdı, anasının köməyinə tələsdi.

Kala ağaca yetişən kimi Tublatdan can qurtarmaq üçün tullanıb birinci budaqdan yapışdı. Budaq ağırlığa tab gətirməyib qırıldı. Kala Tublatın üstünə yumbalandı. Hər ikisinin yıxılmağı ilə sıçrayıb ayağa qalxmağı bir oldu. Amma artıq aralarında Tarzan dayanmışdı.

Tublat belə xoşbəxt məqamı illərlə gözləmişdi. O, bir an tərəddüd etmədən Tarzanın üstünə atıldı və dişlərini onun boğazına keçirmək istədi. Tarzan yana əyildi və özü Tublatın tüklü boğazından yapışdı. O biri əlindəki bıçaqla qoca meymunun sinəsinə dalbadal zərbələr endirməyə başladı. Yalnız düşməninin əzələlərinin tamamilə boşaldığını hiss edəndən sonra Tarzan onun boğazını buraxdı. Tublat səssizcə yerə sərildi.

Ağacların arxasında gizlənmiş meymunlar bir-bir sığınacaqlarından çıxdılar. Tarzan ayağını antropoidin sinəsinə qoydu, başını göyə qaldırıb qıyya çəkdi. Sonra üzünü meymunlara tutdu:

– Mən Tarzanam, mahir döyüşçüyəm! Hamınız Tarzana və anası Kalaya hörmət edəcəksiniz! Aranızda Tarzandan güclüsü yoxdur, qoy düşmənləri bunu bilsinlər, özlərini ondan qorusunlar!

Tarzan Kerçakın qan sızmış qırmızı gözlərinin içinə baxaraq itaətsizlik ifadə edən hayqırtı ilə yumruqlarını sinəsinə döydü.

VIII fəsil

Ağac başında ov

Dum-Dum törəninin səhəri meymunlar amfiteatrı tərk etdilər. Tublatın cəsədi elə orada da qaldı. Antropoidlər öz qəbilə üzvlərini yemirdilər.

Yolda onlar qarınlarını doydurdular. Kələm palması, boz gavalı, vəhşi ananas, xırda məməlilər, həşəratlar, onların yumurtaları – hamısı kara gəlirdi. Qozları dişlərinə salıb sındıra bilməyəndə daşla qırırdılar.

Gözlənilmədən yolları Saborla kəsişdi. Meymunlar dərhal ağaclara dırmaşdılar. Əslində, qoca şir heç onlara hücum etməyə hazırlaşmırdı. Tək-tək hər birinin öhdəsindən gələrdi, amma antropoidlər dəstə şəklində olanda bəxtini sınamaq istəmirdi.

Hündür bir budaqda oturmuş Tarzan cəngəlliyi yara-yara uzaqlaşan şirə baxdı. Saborla onun öz haqq-hesabı var idi. Şiri hirsləndirmək üçün əlindəki ananası köhnə düşməninin dalınca tolazladı.

Sabor geri dönüb başını yuxarı qaldırdı, sarı, qorxunc dişlərini göstərdi.

Uzun müddət şirlə insan dinməzcə bir-birinə baxdılar. Hər ikisinin gözündən nifrət yağırdı. Sonra Sabor qalın kolluğa girdi.

Tarzanın beynindən bir fikir keçdi: “Mən Tublata qalib gəlmişəm, deməli, mahir döyüşçü olduğumu qəbiləmə sübut etmişəm. Bütün meşədə ən mahir döyüşçü olduğumu göstərmək üçünsə Saboru öldürməliyəm!”

Saboru öldürmək Tarzana təkcə gücünü nümayiş etdirmək üçün yox, həm də onun parıldayan dərisini ələ keçirmək üçün lazım idi. O bu dəridən özünə geyim düzəldəcəkdi. Kitablarda gördüyü adamların hamısının əynində paltar var idi. Tarzan əmin idi ki, məhz paltar onları bütün heyvanlardan, o cümlədən meymunlardan fərqləndirir, üstün olduqlarını göstərir. Yoxsa paltar kimin nəyinə gərəkdi?

Bir dəfə günün günortaçağı cəngəllikdə tufan qopdu. Əvvəl hava tutuldu, hər yana qəribə sakitlik çökdü. Sonra uzaqdan iniltiyəbənzər zəif səs eşidildi. Səs yaxınlaşdıqca güclənir, uğultuya çevrilirdi. Qəflətən güclü külək qalxdı, göydə şimşəklər oynamağa başladı, yağış yağdı. Külək nəhəng ağacların qol-budaqlarını əyir, sındırır, hər ildırım çaxanda isə heyvanlar qorxudan bir-birinə qısılırdılar. Amma meymunlar üşümürdülər. Leysan yağışın altında təpədən-dırnağa islanmış Tarzan isə soyuqdan tir-tir əsirdi. O, indi başa düşdü ki, kitabda gördüyü oğlanların geydikləri paltar, əslində, nə üçün imiş. Saborun dərisi əynində olsaydı, Tarzan, əlbəttə, soyuğu bu qədər hiss etməzdi.

Şiri kəməndlə tutmaq elə də asan məsələ deyildi. Liflərdən və otlardan təzə, daha möhkəm kəndir toxumaq Tarzanın xeyli vaxtını apardı. Kəmənd hazır olanda onu qoluna dolayıb gölə aparan cığırın üstündə bir ağaca çıxdı. Yarpaqların arasında gizlənib pusqu qurdu. Saborun əvvəl-axır bu cığırla su içməyə gedəcəyini bilirdi.

Nəhayət, şir cığırda göründü. Onun möhtəşəm görünüşü var idi. Sabor yeridikcə çiyin və bel əzələləri parıltılı dərisinin altında oynayırdı. Tarzan nəfəsini dərmədən onun ağacın altından keçəcəyi anı gözləyirdi, kəməndini də əlində hazır tutmuşdu. Məğrur şir yaxşı bələd olduğu bu cığırda özü üçün heç bir təhlükə hiss etmirdi. Odur ki ağacın budaqları arasında tərpəniş duyanda tənbəl-bənbəl ayaq saxlayıb başını yuxarı qaldırdı. Elə həmin an ilgək şirin boynuna keçdi. Sabor yana sıçrayıb dartındı. Kəndir boğazını sıxdı. Tarzan onun bir ucunu əvvəlcədən bərk-bərk ağacın gövdəsinə bağlamışdı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)