banner banner banner
Amfibiya adam
Amfibiya adam
Оценить:
Рейтинг: 0

Полная версия:

Amfibiya adam

скачать книгу бесплатно

Qəflətən zınqırovlar cingildədi. Hamı dik atıldı, kəndirlərə tərəf cumub toru qaldırmağa başladılar. Tor ağır idi. Kəndirlər titrəyirdi. Torda kimsə çapalayırdı.

Budur, tor okeanın səthinə qalxdı, ayın zəif işığında görünürdü ki, torda yarıadam, yarıheyvan bədənli məxluq çapalayır. İri gözləri və gümüşü pulları ay işığında parıldayırdı. İblis tora ilişmiş qolunu azad etmək üçün çox böyük səy göstərirdi. O buna nail ola bildi. Belindəki ensiz qayışdan asılmış bıçağını çıxararaq toru kəsməyə başladı.

– Ay kəsdin ha! – Baltazar pıçıldadı.

Lakin bıçaq məftil toru kəsdi. İblis deşiyi cəld hərəkətlərlə genişləndirir, ovçular isə toru sahilə tez çıxarmağa tələsirdilər.

– Var gücünüzlə dartın! Hə-hə! – deyə Baltazar qışqırırdı.

Lakin ov onların az qala əllərində olduğu anda iblis açdığı deşikdən çıxıb suya düşdü, bir andaca dərinlikdə gözdən itdi.

Ovçular toru ümidsizliklə buraxdılar. Baltazar heyran qalaraq:

– Yaxşı bıçaqdır! Məftili kəsir! – dedi —Sualtı dəmirçilər bizimkilərdən yaxşıdır.

Başını aşağı salan Zurita suya elə baxırdı ki, sanki bütün var-dövləti orada batmışdı. Sonra başını qaldırdı, pırpız bığlarını dartışdıraraq təpiyini yerə vurdu.

– Səndən əl çəkən deyiləm. Pul əsirgəməyəcəyəm, ən təcrübəli dalğıcları çağıracağam, bütün körfəzi torlara bürüyəcəyəm, sən mənim əlimdən qurtarmayacaqsan!

Pedro Zuritanın damarlarında İspaniya qəsbkarlarının qanı axırdı. O, cəsarətli və inadkar adam idi. Həm də mübarizə aparmağa dəyərdi.

DOKTOR SALVATOR

Zurita körfəzin dibində xeyli məftil hasar çəkdi, bütün istiqamətlərdə tor qurdu. Lakin tora yalnız balıq düşürdü. Dəniz iblisi isə elə bil yoxa çıxmışdı. Zurita saatlarla sahildə dayanıb sıra ilə gələn ləpələrə baxırdı. Nəhayət, o, Baltazara müraciət edərək dedi:

– Yox, bunun faydası yoxdur. Başqa bir şey fikirləşib tapmaq lazımdır. İblis öz yuvasından çıxmaq istəmir. Deməli, ovu ələ keçirmək üçün onun yanına getmək lazımdır. Dərhal Buenos-Ayresə gedib oradan oksigen balışlı iki dalğıc paltarı gətir. Sualtı səyahətə çıxmalı olacağıq. Özünlə elektrik fənəri götürməyi də unutma.

– Siz iblisin yanına qonaq getmək istəyirsiniz? – deyə Baltazar soruşdu.

– Əlbəttə, səninlə birlikdə, qoca dostum.

Baltazar şəhərə gedib özü ilə nəinki yalnız dalğıc paltarları və fənər, həm də bir cüt uzun bürünc bıçaq gətirdi. Dedi:

– Bu, araukalıların qədim bıçağıdır. Xətrinizə dəyməsin, mənim ulu babalarım vaxtilə ağ adamların qarınlarını bu cür bıçaqlarla yırtırdılar.

Bu tarixi məlumat Zuritanın xoşuna gəlmədi, bıçaqları isə bəyəndi.

– Sən çox tədbirli adamsan, Baltazar.

Ertəsi gün sübhçağı Zurita və Baltazar dalğıc paltarlarını geyinib dənizin dibinə endilər. Yeraltı mağaranın girəcəyində dar keçidə girdilər. Hər tərəf zülmət qaranlıq idi. Onlar fənərlə işıq saldılar. Bu, hündürlüyü azı dörd metr, eni beş-altı metr olan böyük mağara idi.

Zurita və Baltazar ehtiyatla addımlaya-addımlaya irəli getdilər. Mağara getdikcə daralırdı. Qəflətən Zurita heyrətindən donub-qaldı. Fənər yolun qabağını kəsən qalın dəmir çərçivəni işıqlandırırdı. Dəmir qapını açmağa çalışdı. Lakin qapı açılmırdı. Fənərlə işıq saldıqdan sonra gördü ki, çərçivə mağaranın divarlarına möhkəm geydirilmişdir, qapının içəridən qıfılı var idi.

Bütün bunlar ağlabatan şey deyildi! «Dəniz iblisi» suyun altında bütün bunları düzəldə bilməzdi. Deməli, o lazım gəldikdə uzun müddətə sudan quruya çıxır.

Zurita Baltazara işarə verdi. Onlar sualtı mağaradan çıxdılar, sahilə qalxdılar. Başlığını çıxarıb nəfəsini dərdikdən sonra Zurita dedi:

– Hə, nə deyə bilərsən, Baltazar?

– Onu deyə bilərəm ki, iblisi burada çox gözləməli olacağıq. Görünür, iblis balıqla qidalanır, orada isə nə qədər istəsən balıq var. Onu ac saxlamaqla mağaradan çıxara bilməyəcəyik. Ancaq bu qalır ki, qapını dinamitlə partladaq.

– Baltazar, sənin ağlına gəlmir ki, mağaranın iki yolu ola bilər? Biri körfəzdən, o biri – sahildən. Ətraf yerlərə baxmaq lazımdır.

İndi də sahili öyrənməyə başladılar.

Zurita sahildə böyük torpaq sahəsini əhatə edən ağ daşdan hörülmüş uca hasar gördü. Hasarın həndəvərini gəzdi. Bütün divarboyu yalnız bir dəmir qapı tapdı. Qapı içəridən bağlanmışdı.

«Əsl həbsxanadır, – deyə Zurita fikirləşdi. – Qəribədir. Fermerlər bu cür qalın və uca divar tikmirlər. İçəri baxmaq üçün divarda bir dənə də olsun deşik yoxdur».

Buralar kimsəsiz yer idi: bitkisiz boz qayalar, orda-burda görünən tikanlı kollar, aşağıda da körfəz.

Zurita bir neçə gün divarın ətrafına dolandı, dəmir qapıya xeyli göz qoydu. Lakin nə içəri girən vardı, nə də bayıra çıxan; divar arxasından səs-səmir gəlmirdi.

Axşam «Meduza»nın göyərtəsinə qayıdan Zurita Baltazarı çağırıb soruşdu:

– Sən körfəzin üzərindəki qalada kimin yaşadığını bilirsənmi?

– Orada Salvator yaşayır.

– Salvator kimdir?

– Allah, – deyə Baltazar cavab verdi.

Zurita heyrətdən sıx və qara qaşlarını dartdı:

– Zarafat edirsən, Baltazar?

– Mən eşitdiyimi deyirəm, hinduların çoxu Salvatoru allah, xilaskar adlandırır. Onlar deyirlər ki, Salvator hər şeyə qadirdir, o, möcüzələr yaradır. Çolaqlara təzə, canlı ayaq qayırır, korlara qartal gözü kimi iti göz verir, hətta ölüləri dirildir.

– Lənət şeytana! Körfəzdə dəniz iblisi, körfəzdən yuxarıda «allah», Baltazar, «allah»la iblisin bir-birinə kömək etdiyi ağlına gəlmirmi?

– Ağlıma gələn odur ki, biz buradan mümkün qədər tez rədd olub getməliyik.

Zurita Buenos-Ayresə gedib öyrəndi ki, Salvator istedadlı, hətta dahi cərrahdır. Amerikada cəsarətli cərrahiyyə əməliyyatları apardığına görə şöhrət qazanmışdı. Xəstələrin vəziyyəti ümidsiz hesab olunanda həkimlər Salvatoru çağırardılar. Minlərlə adam sağaldığına görə ona borcludur. Həkimlik sənəti və əlverişli torpaq alveri ona böyük sərvət qazandırmışdır. Buenos-Ayresin yaxınlığında iri torpaq sahəsi almış, həmin sahəni nəhəng divarla əhatə etmişdir. İndi daha xəstə qəbul etmir, öz laboratoriyasında elmi işlə məşğul olur. Yalnız hinduları yanına buraxır və müalicə edir.

Bütün bunları öyrənəndən sonra Zurita qərara aldı: «Əgər Salvator həkimdirsə, xəstəni qəbul etməməyə ixtiyarı yoxdur. Nə üçün mən xəstələnməyim?»

O, Salvatorun malikanəsinə gəlib dəmir qapını döyməyə başladı. Lakin qapını açan olmadı. Özündən çıxan Zurita daş götürüb qapıya vurmağa başladı. Divarın arxasından xeyli uzaqda itlər hürüşdülər, nəhayət, qapının deşiyi açıldı.

– Nə istəyirsiniz? – kimsə sınıq-salxaq ispan dilində soruşdu.

– Xəstəyəm, qapını tez açın, – Zurita cavab verdi.

Həmin səs təmkinlə etiraz etdi:

– Xəstələr qapını bu cür döyməzlər. Doktor qəbul eləmir.

– Xəstəyə kömək etməməyə onun ixtiyarı yoxdur, – deyə Zurita özündən çıxdı.

Qapının deşiyi bağlandı, ayaq səsləri uzaqlaşdı.

Zurita qəzəbindən əsirdi. Salvatordan şikayət etsin? Bunun heç bir faydası olmaz. O, yavaş-yavaş sakitləşib gələcək tədbirləri barəsində götür-qoy etməyə başladı.

XƏSTƏ NƏVƏ

Günəşin amansız şüaları altında tozlu yolla qoca bir hindu gedirdi. Onun paltarı cırıq-cırıq idi. Qucağında köhnə adyala bürünmüş xəstə uşaq var idi. Qoca arabir büdrəyirdi, uşaq xırıldaya-xırıldaya inildəyir və göz qapaqlarını güclə qaldırırdı. Qoca ayaq saxlayır, uşağı sərinlətmək üçün onun üzünü qayğıkeşliklə üfləyirdi.

– Bircə ölməmiş ora çatdıra biləydim! – deyə qoca addımlarını sürətləndirərək pıçıldayırdı.

Hindu dəmir qapıya çatıb uşağı sol qolu üstünə ötürdü və sağ əli ilə dəmir qapını taqqıldatdı.

Kiçik qapının deşiyi açıldı, orada kiminsə gözü göründü. Cəftələr cırıldadı və qapı açıldı. Hindu qorxa-qorxa kandarı keçdi. Onun qarşısında qıvrım saçı tamamilə ağarmış ağ xalatlı qoca zənci dayanmışdı.

Hindu dedi:

– Doktorun yanına gəlmişəm, uşaq xəstədir.

Zənci bir kəlmə danışmadan başını tərpətdi, qapını bağlayıb ardınca gəlməyi işarə etdi.

Hindu ətrafına baxdı. Həyətin küncündə böyük və geniş pəncərələri olan ev vardı. Qarşı tərəfə hündür divar çəkilmişdi. Görünür, Salvatorun ərazisinin qalan hissəsi bu divarın arxasında idi.

Evin yanında hindu qadın və kişilər əyləşmişdilər. Çoxları uşaqlı idi. Qoca hindu da evin kölgəsində yerə oturdu. Onun yanında ayağı şişmiş hindu qadın əyləşmişdi. O, qocanın qucağındakı uşağa baxıb soruşdu:

– Qızındır?

– Nəvəmdir, – deyə hindu cavab verdi.

Qarı başını tərpədərək dedi:

– Nəvənin bədəninə bataqlıq ruhu girib. Amma o, – qadın əli ilə evə tərəf işarə etdi, – bəd ruhlardan güclüdür. Bataqlıq ruhunu qovacaq, nəvən sağalacaq.

Ağ xalatlı zənci hindunun uşağına baxdı və evin qapısını göstərdi. Hindu evə girib daş döşəməli böyük otağa daxil oldu. Otağın ortasında üzərinə ağ döşəkağı örtülmüş ensiz, uzun stol vardı. Tutqun şüşəli ikinci qapı açıldı və ağ xalat geymiş ucaboy, enlikürək, qarabəniz doktor Salvator otağa daxil oldu. Qara qaşlarından və kirpiklərindən başqa, başında bir dənə də tük yox idi. Bir qədər irəli çıxan iri, iti çənəsi, donqar burnu və möhkəm sıxılmış dodaqları sifətinə qəddarlıq, hətta vəhşi görkəm verirdi. Soyuq, qonur gözləri vardı.

Hindu təzim edib uşağı uzatdı. Salvator uşağı onun əlindən aldı, onun cır-cındırını açıb otağın küncündəki yeşiyə atdı. Sonra qızı stolun üstünə qoyub onun üzərinə əyildi. Uşağın boğazındakı şişi barmaqları ilə yoxladı. Bu barmaqlar da hindunu heyrətə saldı. Uzun, qeyri-adi dərəcədə cəld barmaqlar idi.

Müayinəni qurtardıqdan sonra doktor üzünü hinduya döndərib dedi:

– Bir aydan sonra gəlib qızını apararsan.

O, uşağı şüşə qapının arxasına apardı; orada vanna, cərrahiyyə otaqları və xəstələr üçün palatalar vardı.

Hindu Salvatorun arxasınca bağlanmış şüşə qapıya dərindən təzim edib bayıra çıxdı.

Düz iyirmi səkkiz gündən sonra həmin şüşə qapı bir də açıldı.

Qapıda təzə paltar geymiş, sağlam, qırmızıyanaq qız dayanmışdı. Onun arxasınca Salvator içəri girdi, qızın başını sığallayıb dedi:

– Hə, al öz qızını.

Qoca hindunun sifətini qırışlar bürüdü, dodaqları əsdi, gözlərindən yaş axdı. Salvatorun qarşısında diz çökdü və hıçqıra-hıçqıra danışmağa başladı:

– Mənim nəvəmin həyatını xilas etdiniz. Yoxsul hindu öz həyatından başqa sizə nə təklif edə bilər? Mən qocalsam da, hələ gücüm vardır. Nəvəmi anasının – qızımın yanına aparıb buraya qayıdacağam. Ömrümün qalan hissəsini sizə həsr etmək istəyirəm. Yalvarıram, məni rədd eləməyin.

Salvator fikrə getdi. Fikirləşdi ki, bu hindu həyət-bacada onun karına gələ bilər.

– Sən deyən olsun. Adın nədir?

– Kristo – Xristofor.

– Get, Kristo. Gözləyəcəyəm.

Kristo nəvəsinə tərəf çevrilib onu qucağına götürdü və tez bayıra çıxdı.

GÖZƏL BAĞ

Bir həftədən sonra Kristo qayıdanda Salvator onun gözlərinin içinə diqqətlə baxıb dedi:

– Sözlərimə yaxşı qulaq as, Kristo. Mən səni işə götürürəm. Yemək və yaxşı maaş alacaqsan…

Kristo əllərini yellədi:

– Heç nə istəmirəm, təki sizə qulluq edim.

– Sus və qulaq as, – Salvator sözünə davam etdi. – Hər şeyin olacaq. Lakin yadında saxla: burada gördüklərin barədə bircə kəlmə də danışmamalısan.

– Ağzımdan bircə söz qaçırsam, dilimi kəsib itlərə ataram.

– Bax ha, elə et ki, dilini kəsməli olmayasan, – deyə Salvator bir də xəbərdarlıq etdi. Sonra ağ xalatlı zəncini çağıraraq əmr etdi: – Onu bağa ötürüb Cimə təhvil ver.

Zənci səssiz-səmirsiz təzim etdi, hindunu ağ evdən bayıra çıxarıb həyətdən keçirtdi və içəri divarın dəmir qapısını döydü.

Divarın arxasından itlərin hürüşməsi eşidildi, qapı cırıldayıb asta-asta açıldı, zənci Kristonu qapı arxasında dayanmış başqa zənciyə təhvil verib getdi.

Kristo qapıdan içəri keçən kimi dəhşətlə divara sıxıldı; qırmızımtıl-sarı rəngli, tünd xallı əcaib heyvanlar bağırtıya oxşar hürüşlə ona tərəf qaçırdılar. Kristo onları yaquar zənn etdi. Lakin bu heyvanlar it kimi hürüşürdülər. O, yaxınlıqdakı ağaca tərəf cumub sürətlə yuxarı dırmaşmağa başladı. Zənci ilan kimi itlərin üstünə fışıldadı. Bu, itləri dərhal sakitləşdirdi. Onlar yerə uzanıb başlarını pəncələrinin üstünə qoyaraq zənciyə altdan-altdan baxdılar.

Cim deyilən zənci Kristoya ağacdan enməyə işarə etdi.

Kristo aşağı düşmədən soruşdu:

– Nə ilan kimi fışıldayırsan? Dilini udmamısan ki?

Zənci yalnız hirslə böyürdü.

«Yəqin ki, laldır, – Kristo fikirləşdi və Salvatorun xəbərdarlığını xatırladı. – Doğrudanmı, Salvator onun sirlərini yayan nökərlərinin dillərini kəsir?» Ağacdan yerə tullanaraq bacardığı qədər ehtiramla zənciyə gülümsündü, əlini irəli uzadıb dostcasına soruşdu:

– Cim?

Zənci başı ilə təsdiqlədi. Kristo zəncinin əlini bərk-bərk sıxdı. «Bir halda ki cəhənnəmə düşmüsən, deməli, iblislərlə dostluq etməlisən», – deyə fikirləşdi.