banner banner banner
Amfibiya adam
Amfibiya adam
Оценить:
Рейтинг: 0

Полная версия:

Amfibiya adam

скачать книгу бесплатно

Amfibiya adam
Aleksandr Belyayev

Dünya ədəbiyyatından seçmələr
Həm quruda, həm də suda yaşamağı bacaran amfibiya adamın – İxtiandr adlı gəncin həyatından bəhs edən bu roman bir-birindən fərqli, təzadlı, elə bir o qədər də maraqlı, düşündürücü obrazlı zəngindir.

Aleksandr Belyayev

Amfibiya adam

BİRİNCİ HİSSƏ

«DƏNİZ İBLİSİ»

Argentinanın bürkülü yanvar gecəsi idi. Qara səmada ulduzlar sayrışırdı. «Meduza» gəmisi lövbər atıb sakit dayanmışdı. Gəminin göyərtəsində yarıçılpaq mirvariaxtaranlar uzanmışdılar. Gərgin işdən sonra əldən düşmüş bu adamlar yuxuda ahıldayır, qışqırırdılar, bəlkə də, onlara tez-tez hücum edən köpəkbalıqları yuxularına girirdi.

Gecə növbəsində hindu Baltazar dayanmışdı. O, «Meduza» gəmisinin sahibi kapitan Pedro Zuritanın köməkçisi idi.

Baltazar cavanlığında məşhur molyusk ovçusu olmuşdu; suyun altında doxsan, hətta yüz saniyə qala bilirdi. Qocaldıqdan sonra mirvari axtarmaq peşəsindən əl çəkmişdi. Köpəkbalığının dişi Baltazarın sol ayağını eybəcər hala salmışdı. Buenos-Ayresdə balaca dükanı olan Baltazar mirvari, mərcan, balıqqulağı və dənizdə tapılan nadir şeylər alveri edirdi. Lakin sahildə darıxırdı. Buna görə də tez-tez molyusk ovuna gedirdi. Gəmi sahibləri onu yüksək qiymətləndirirdilər. La-Plata körfəzini, mirvari balıqqulaqları olan yerləri bu qoca hindudan yaxşı tanıyan yox idi.

Baltazar balaca çəlləyin üstündə əyləşib tələsmədən siqar çəkirdi. Onun göz qapaqları ağır-ağır enib-qalxırdı. O mürgüləyirdi. Lakin gözləri qapansa da, qulaqları səsdə idi.

Qəflətən okeanın uzaqlarından bir səs gəldi. Səs yaxınlıqda təkrar eşidildi. Baltazar gözlərini açdı. Sanki kimsə şeypur çalırdı, sonra gənc adam səsi gəldi: «A-a-a…» Bu nə paroxod fitinə, nə də boğulan adamın fəryadına oxşayırdı. Nə isə qeyri-adi, naməlum səs idi.

Baltazar ayağa qalxdı, göyərtənin qırağına gələrək okeanın səthinə diqqətlə baxdı. Heç nə görünmürdü. Sakitlik idi. Baltazar göyərtədə uzanmış hindunu ayağı ilə itələdi, o çömələrək qalxanda pıçıltı ilə dedi:

– Qışqırır. Deyəsən, odur.

Hindu diz üstə çöküb dinlədi:

– Eşitmirəm, – deyə pıçıltı ilə cavab verdi.

Birdən şeypur səsi və «A-a!..» qışqırığı yenə də sakitliyi pozdu.

Bu səsi eşidən hindu qamçı dəymiş pişik kimi əyildi:

– Hə, deyəsən, odur, – dedi.

Başqa ovçular da oyandılar. Onlar bir-birinə sıxılaraq gərgin halda qulaq asırdılar. Şeypur səsi və qışqırıq bir də eşidildi, sonra sakitlik çökdü.

– Odur…

– Dəniz iblisidir, – deyə balıqçılar pıçıldaşırdılar.

– Biz daha burada qala bilmərik!

– O, köpəkbalığından da qorxuludur!

– Xozeyini buraya çağırın.

Yalın ayaqların şappıltısı eşidildi. Xozeyin Pedro Zurita əsnəyə-əsnəyə, tüklü sinəsini qaşıya-qaşıya göyərtəyə çıxdı. Əynində yalnız kətan şalvar vardı; enli dəri kəmərindən revolver koburu asılmışdı. Zurita adamlara yaxınlaşdı. Fənər onun bürünc sifətini, alnına tökülən gur, qıvrım saçlarını, ucları yuxarı burulmuş qalın bığlarını və qısa çal saqqalını işıqlandırdı.

– Nə olub?

Hindular ağız-ağıza verib danışmağa başladılar.

– Biz onun… dəniz iblisinin səsini eşitdik.

– «A-a!» və şeypur səsi eşitdik! Yalnız dəniz iblisi bu cür səs çıxarır. Buradan tez çıxıb getmək lazımdır.

– Nağıl danışırsınız, – Pedro Zurita yenə də laqeydliklə çavab verdi.

Lakin hinduları yola gətirmək mümkün olmadı. Onlar həyəcanlanır və qışqıraraq hədələyirdilər ki, əgər Zurita lövbəri qaldırmasa, günü sabah sahilə çıxıb Buenos-Ayresə piyada yola düşəcəklər.

– Bu dəniz iblisini görüm sizinlə birlikdə lənətə gəlsin. Yaxşı, sübh tezdən lövbəri qaldırarıq, – kapitan deyinə-deyinə öz kayutuna getdi.

***

Dəniz iblisi barəsində əfsanələr gəzirdi. Dənizçilər onun haqqında pıçıltı ilə danışanda da qorxa-qorxa ətrafa baxırdılar. Qoca hindular deyirdilər ki, o, dəniz allahıdır, min ildə bir dəfə okeanın dərinliklərindən yuxarı qalxır ki, yer üzərində ədaləti bərpa eləsin. Katolik ruhanilər isə inandırmağa çalışırdılar ki, bu, dəniz iblisidir, əhali müqəddəs katolik kilsəsini yaddan çıxardığı üçün iblis adamların yanına gəlməyə başlamışdır.

Ağızdan-ağıza keçən şayiələr Buenos-Ayresə çatmışdı. Dəniz iblisi bir neçə həftə bulvar qəzetlərinin sevimli mövzusu olmuşdu. Əgər gəmilər, balıqçı qayıqları naməlum şəraitdə suda batırdısa, yaxud balıqçı torları cırılırdısa və ya yoxa çıxırdısa, dəniz iblisini təqsirləndirirdilər. Bir başqaları danışırdılar ki, iblis bəzən balıqçıların qayığına iri balıq atır və bir dəfə hətta suda boğulanı xilas etmişdir.

Hər şeydən təəccüblüsü bu idi ki, iblisin özünü görən olmamışdı, bu məxluqun görkəmini heç kəs təsvir edə bilmirdi. Bəziləri deyirdilər ki, iblisin buynuzu, keçi saqqalı, şir pəncələri və balıq quyruğu vardır. Bəziləri isə onu insan ayaqlı, nəhəng buynuzlu qurbağa şəklində təsvir edirdilər.

Balıqçıların çoxu dənizə çıxmaqdan qorxurdu. Ov azaldığına görə əhali balıqdan korluq çəkirdi. Belə olduqda yerli hökumət orqanları bu məsələni təhqiq etməyi qərara aldı. Polis nəfərləri motorlu qayıqlarla iki həftə La-Plata körfəzində dolaşdılar, lakin iblis ələ keçmədi. Polis idarəsi rəisi elan etdi ki, heç bir iblis yoxdur, bütün bunlar avam adamların uydurmasıdır, həmin adamlar həbs edilmişlər və lazımi cəza alacaqlar.

Bu, bir müddət kömək elədi. Lakin iblisin zarafatları davam edirdi.

Nəhayət, şübhələri yox etmək üçün okeanın içərilərinə elmi ekspedisiya göndərdilər. Qəzetlərdə dərc olunmuş hesabatda ekspedisiya üzvləri yazırdılar:

«Sahil qumsallığının bəzi yerlərində biz insan ayaqlarının ensiz, dar pəncələrinin ləpirini gördük. Ləpirlər dəniz tərəfdən gəlir və geri, dənizə tərəf qayıdırdı. Lakin sahilə qayıqla gələn adam da bu cür ləpir qoya bilər.

Kəsilmiş torlara baxdıq. Bu torlar iti kəsici alətlə kəsilmişdir. Ola bilər ki, torlar su altındakı iti qayalara, yaxud batmış gəmilərin dəmir parçalarına ilişib parçalanmışdır.

Şahidlərin dediklərinə görə, tufanın sahilə, sudan xeyli uzağa atdığı delfini gecə kimsə suya salmışdır. Məlumdur ki, delfinlər balıq ovlayarkən onları sahilə tərəf qovmaqla balıqçılara kömək edirlər. Balıqçılar da tez-tez delfinləri fəlakətdən qurtarırlar. Görünür, bu dəfə də balıqçılardan biri delfini sürüyüb dənizə salmışdır».

Lakin alimlərin susub danışmadıqları bir məsələ bu idi ki, sözügedən məxluq öz qəribə hərəkətlərini qısa vaxt ərzində, bir-birindən uzaq olan müxtəlif yerlərdə icra etmişdir. O ya misli görünməmiş sürətlə üzməyi bacarır, ya da onun üzmək üçün xüsusi mexanizmi vardır. Belə bir fərziyyə də irəli sürmək olardı ki, iblis tək deyil.

DELFİNİN ÜSTÜNDƏ

«Meduza»nın Buenos-Ayresə çatmasına iyirmi kilometr qalmışdı. Baltazarın məsləhətinə əməl edərək kiçik körfəzdə, qayalı sahil yanında lövbər saldılar.

Qayıqlar körfəzə dağılışdı. Adət üzrə hər qayıqda iki adam var idi; biri suya enir, digəri isə onu qaldırırdı. Sonra onlar bir-birini əvəz edirdilər.

Qayıqlardan biri sahilə lap yaxınlaşdı. Suya baş vuran hindu dənizin dibinə endi. Su çox ilıq və şəffaf idi, onun dibindəki hər daş aydın görünürdü. Sahilə yaxın yerdə dənizin dibindən mərcan kolları ucalırdı. Qızılı və gümüşü rəngə çalan kiçik balıqlar bu kollar arasında şütüyürdü.

Hindu balıqqulaqlarını belindəki qayışa bağlanmış kisəyə yığmağa başladı. O biri ovçu ipin digər ucundan yapışıb qayığın qırağından əyilərək suya baxırdı. Birdən suyun dibindəki yoldaşı ipdən yapışıb elə bərk dartdı ki, az qaldı onu suya salsın. Qayıq ləngər vurdu. Hindu yoldaşını tələsik qaldırdı və qayığa çıxmasına kömək etdi. Sudan çıxan ağzını geniş açaraq ağır-ağır nəfəs alırdı, gözləri bərəlmişdi. Rəngi elə qaçmışdı ki, tünd-bürüncü sifəti bozarmışdı.

– Köpəkbalığı? – deyə qayıqda qalan hindu soruşdu.

Lakin suya düşən heç nə deyə bilmədi, huşunu itirib qayığın dibinə yıxıldı.

Onu bu cür qorxudan nə ola bilərdi? Hindu əyilib suya baxmağa başladı. Bəli, orada, doğrudan da, nə isə baş vermişdi. Balaca balıqlar sualtı mərcan meşələrinin sıx kolluqları arasında gizlənməyə tələsirdi.

Qəflətən sualtı qayanın arxasından tünd-qırmızı tüstüyə oxşar bir şey görünməyə başladı. «Tüstü» yavaş-yavaş ətrafa dağılaraq suyu çəhrayı rəngə boyadı. Elə bu zaman nə isə tündrəngli bir şey göründü. Bu, köpəkbalığının cəsədi idi. Cəsəd yavaş-yavaş çevrildi və qaya arxasında gözdən itdi.

Hindu avarlardan yapışıb cəld «Meduza»ya sarı istiqamət götürdü.

Gəmidəki ovçular səbirsizliklə suya düşən hindunun izahatını gözləyirdilər. O özünə gəlib boğuq səslə dedi:

– Dəniz iblisini gördüm…

– Onu?.. Danış, tez ol, danış! – deyə ovçular səbirsizliklə qışqırdılar.

– Gördüm, köpəkbalığı yaxınlaşır. Düz mənə tərəf üzürdü. Ağzını açmışdı, az qalmışdı məni qapa. Gördüm ki, biri də üzür…

– Başqa köpəkbalığı?

– İblis!

– Necə idi? Başı vardımı?

– Başı? Hə, deyəsən, vardı, gözləri stəkan boyda idi.

– Pəncələri necə, vardı, ya yox?

– Qurbağa pəncələri kimi. Uzun, yaşıl, caynaqlı barmaqları, onların arasında isə pərdə vardı. Özü balıq pulu kimi parıldayırdı. Köpəkbalığına yaxınlaşıb pəncəsi ilə zərbə endirdi. Balığın qarnından qan fəvvarə vurdu…

– Ayaqları necədir? – ovçulardan biri soruşdu.

Hindu yadına salmağa çalışdı:

– Ayaqları? Ayaqları yerli-dibli yoxdur. Uzun quyruğu var. Quyruğunun axırında iki ilan gördüm.

Pedro Zurita ayaqqabılarını şappıldada-şappıldada göyərtədə gəzişir, söhbətə qulaq asırdı. Danışan adam qızışdıqca Pedro yəqin edirdi ki, bütün bunlar köpəkbalığından qorxuya düşən ovçunun uydurmasıdır.

«Bəlkə də, hamısı uydurma deyildir. Köpəkbalığının qarnını kimsə yırtmışdır: axı körfəzdə su çəhrayı olmuşdur. Lənət şeytana, qəribə əhvalatdır!»

Qəflətən qaya arxasından gələn şeypur səsi Zuritanı düşüncədən ayırdı. Bu səsi eşidən «Meduza»nın heyətini sanki ildırım vurdu. Bütün danışıqlar o saat kəsildi, sifətlər ağardı. Ovçular şeypur səsi gələn qayaya dəhşətlə baxırdılar.

Qayanın yaxınlığında, okeanın səthində delfin sürüsü oynaşırdı. Delfinlərdən biri sürüdən ayrıldı, şeypurun çağırış səsinə cavab verirmiş kimi bərkdən fınxırdı, qayaya tərəf sürətlə üzüb onun arxasında gözdən itdi. Gərgin intizarla dolu olan bir neçə an da keçdi. Birdən ovçular qayanın arxasından çıxan delfini gördülər. İblis onun kürəyində oturmuşdu. Bədheybətin bədəni insan bədəni idi, gözləri isə günəş şüaları altında avtomobil fənəri kimi parıldayırdı. Dərisi zərif mavi-gümüşü rəngə çalırdı, əlləri qurbağa əllərinə oxşayırdı, tünd-yaşıl idi. O, əlində burulmuş uzun balıqqulağı tutmuşdu. Balıqqulağını bir da çaldı, şən qəhqəhə ilə güldü və qəflətən təmiz ispan dilində qışqırdı:

– Tez ol, Lidinq, irəli! – deyə «iblis» əli ilə delfinin kürəyini şappıldatdı və böyürlərini ayaqları ilə mahmızladı. Delfin yaxşı at kimi sürətini artırdı.

Ovçular ixtiyarsız qışqırdılar.

Naməlum məxluq döndü, adamları görüb kərtənkələ cəldliyi ilə delfinin kürəyindən sürüşərək suyun təkinə endi.

Bütün bu qeyri-adi səhnə bir dəqiqədən artıq davam etmədi. Onu izləyən tamaşaçılar heyrətdən uzun zaman özlərinə gələ bilmədilər. Hindular diz üstə çökərək dəniz ilahından aman diləyirdilər. Zəncilər anbara enib küncə sıxılmışdılar.

Ov barədə düşünmək də olmazdı. Pedro və Baltazar çətinliklə heyəti sakitləşdirdilər. «Meduza» lövbərini qaldırıb şimala yönəldi.

ZURİTANIN UĞURSUZLUĞU

«Meduza»nın kapitanı olub-keçənləri götür-qoy etmək üçün öz kayutuna endi.

– Adam lap dəli olar! – Zurita başına kuzədən su tökə-tökə deyinirdi. – Dəniz iblisi təmiz Kastiliya ləhcəsində danışır! Onu hamımız gördük. Buna şəkk-şübhə yoxdur. Deməli, o mövcuddur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. İspanca danışa bilir, deməli, onunla dil tapmaq mümkündür. Əgər birdən… Əgər həmin bədheybəti tutub əhliləşdirmək və mirvari yığmağa məcbur etmək mümkün olsaydı! O, iyirmi-otuz molyusk ovçusunu əvəz edə bilər. Onun vasitəsilə Argentinanın, hətta bütün Amerikanın ən varlı adamına çevrilmək olar!

Zurita göyərtəyə qalxdı və bütün heyəti toplayıb dedi:

– Polis idarəsi dəniz iblisi haqqında şayiə yayanları həbs etmişdir. Xəbərdarlıq etməliyəm ki, əgər gördükləriniz barədə ağzınızdan bircə kəlmə qaçırsanız, sizin də aqibətiniz belə olacaq. Sizi həbsxanada çürüdəcəklər. Buna görə də məsləhət görürəm ki, iblis haqqında heç kəsə bircə kəlmə də deməyin.

«Əslində, onlara inanmazlar da, – deyə fikirləşirdi, – çünki gördüklərimiz nağıla daha çox oxşayır».

Zurita Baltazarı öz kayutuna çağırıb planını yalnız ona danışdı. Baltazar ağasına diqqətlə qulaq asdı, bir qədər susduqdan sonra cavab verdi:

– Hə, yaxşı fikirdir. Dəniz iblisi yüz ovçuya dəyər. O bizim üçün işləsəydi, əla olardı! Yaxşı, bəs onu necə tutaq?

– Torla, – deyə Zurita cavab verdi.

– O, köpəkbalığının qarnını yırtdığı kimi toru da kəsər.

– Biz metal tor sifariş verə bilərik.

– Bəs kim tutacaq? Ovçuların yanında iblis adını çəkəndə dizləri əsir. Mən də indiyədək dəniz iblisi ovuna çıxmamışam. Əgər bədəni sümük və ətdəndirsə, onu öldürmək çətin deyil. Lakin sizə diri iblis lazımdır.

– Səni qızıla tutaram. Bu işin nə qədər az iştirakçısı olsa, o qədər yaxşıdır. Beş adam seç, çox olmasın. Özümüzünkülər razılaşmasalar, kənardan tap. İblis sahilə yaxın yerlərdə üzür. Hər şeydən əvvəl onun yuvasını tapmaq lazımdır.

Zurita ilə Baltazar dərhal işə başladılar. Pedronun sifarişi ilə məftil tor hazırlandı. Baltazar «Meduza»nın heyətindən arauka qəbiləsindən olan yalnız iki hindunu iblis ovunda iştirak etməyə razı sala bildi. Difər üç nəfəri isə Buenos-Ayresdən tapdı. Qalan ovçuların haqq-hesabını verib yola saldılar.

İblisdə şübhə doğurmamaq üçün gəmi kiçik körfəzin bir neçə kilometrliyində lövbər saldı. «Meduza» gözdən pərdə asmaq üçün balıq ovu ilə məşğul olub iki həftə burada qaldı. İki həftə Zurita, Baltazar və muzdlu hindular gözlərini qırpmadan okeanın səthinə baxdılar, amma dəniz iblisi görünmürdü. Zurita iblisi birinci görən adama mükafat verəcəyini bildirdi və dedi:

– Biz sahilə yaxın yerdə, qayaların yanında körfəzin dibini yoxlamalıyıq. «İblis»in yuvası oralarda olmalıdır. Bu işi kim boynuna götürür?

Baltazardan başqa heç kim bu işə razı olmadı.

Onlar sahilə çıxıb dik qayanın yanına getdilər. Baltazar belinə kəndir bağladı ki, yaralanıb eləsə, onu çıxara bilsinlər, sonra bıçaq götürdü, ayaqları arasında daş tutaraq okeanın dibinə endi.

Araukalılar Baltazarın qayıtmasını səbirsizliklə gözləyirdilər. Qırx, əlli saniyə, bir dəqiqə keçdi. Baltazar qayıtmırdı. Nəhayət, ipi dartdı, onu yuxarı qaldırdılar. Özünə gələndən sonra Baltazar dedi:

– Orada dar keçid var, yeraltı mağaraya aparır. «Dəniz iblisi» yalnız orada gizlənə bilər. Mağara zil qaranlıqdır.

– Lap yaxşı, – Zurita səsləndi. – Nə qədər qaranlıq olsa, o qədər yaxşıdır. Biz torlarımızı onun girəcəyində qurarıq.

Günəş batan kimi hindular möhkəm kəndir bağlanmış məftil torları mağaranın girişinə buraxdılar. Kəndirlərin ucunu sahilə bağladılar. Baltazar kəndirlərdən zınqırov asdı. Tor azacıq tərpənən kimi həmin zınqırovlar səs salacaqdı.

Zurita, Baltazar və beş nəfər araukalı sahildə əyləşib səssiz-səmirsiz gözləməyə başladılar.

Ay çıxdı. Onun işığı okeanın səthində əks olunurdu. Sakitlik idi. Hamını qeyri-adi həyəcan bürümüşdü. Bir azdan adamlar mürgüləməyə başladılar.