Читать книгу Şah Abbas (Cahid Aydoğmuşoğlu) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Şah Abbas
Şah Abbas
Оценить:

4

Полная версия:

Şah Abbas

Şübhəsiz ki, qızılbaş əmirləri içində ən böyük nüfuza sahib Şah I Abbası Səfəvi taxtına çıxaran, bu məqsədlə Xudabəndə və ətrafı ilə mübarizədə ona kömək edən Mürşidqulu xan idi. Bir sözlə, I Abbas hökmdarlığını xaraktercə hədsiz dərəcədə acgöz, lakin bir o qədər də ağıllı olan Mürşidqulu xana borclu idi. Xan, həqiqətən də, böyük zəhmət və fədakarlıq hesabına Abbas Mirzənin hakimiyyətə gəlməsini təmin eləmişdi. Lakin bununla onun özü dövlət idarəçiliyində müstəsna səlahiyyət sahibinə çevrilmişdi. Həmzə Mirzənin qətlində əli olan qızılbaş əmirlərinin edam olunmasından sonra Mürşidqulu xanın səlahiyyətləri daha da genişləndi. O, şahdan icazə almadan fərmanlar imzalayır, əmrlər verirdi. Bu fərmanları, əmrləri boynundan asdığı dövlət möhürü ilə təsdiqləyən Mürşidqulu xan hətta xəzinənin açarlarını da özü ilə gəzdirirdi. Baş vəzir bununla kifayətlənməyib əsas vəzifələrə öz qohum-əqrəbalarını və yaxın adamlarını gətirirdi. İş o yerə çatmışdı ki, hətta İsfahandakı şahlıq mülklərini də öz əlinə keçirmişdi.

Mürşidqulu xan Şah I Abbasın tay-tuşları ilə ova çıxmasına, oturub-durmasına belə imkan vermirdi. Çünki hökmdarın başqalarının təsiri altına düşəcəyindən qorxurdu.

Bütün bunlar, təbii ki, 18 yaşlı hökmdarı ciddi narahat edirdi. I Abbas anlayırdı ki, baş vəziri aradan götürmədən dövləti müstəqil şəkildə, öz iradəsinə uyğun idarə eləyə bilməyəcək. Odur ki Mürşidqulu xandan xilas olmaq üçün əlverişli zamanın yetişməsini gözləməyə başladı. Mürşidqulu xan isə bundan xəbərsiz halda səltənət sahibi kimi davranmağa davam edirdi. Nəticədə ilk olaraq ordudakı qızılbaş əmirləri arasında baş vəzirdən narazılıqlar meydana çıxdı. Həmin əmirlər şahın da Mürşidqulu xana yaxşı münasibət bəsləmədiyindən xəbərdar idilər. Onların narazılığı o həddə çatdı ki, Abbasın taxta çıxdığı birinci ildə Qəzvində aralığı qarışdırdılar. Şah sarayını mühasirəyə aldılar. İşi belə görən I Abbas şahsevənlərə29 səslənərək onlardan kömək istədi. Şahsevənlər bu çağırışa cavab olaraq saraya axın etdilər və gənc hökmdarın ətrafında cəmləşdilər. Şahın yanından ayrılmayaraq sarayda keşik çəkməyə başladılar. Beləliklə, qiyam uğursuzluqla nəticələndi. I Abbas ordudakı üsyançı qızılbaş rəislərini edam etdirdi. Qaçıb qurtula bilənlər isə ya Gilan hökmdarı Xan Əhmədin, ya da Osmanlı dövlətinin himayəsinə sığındılar. Qətlə yetirilənlər arasında 10-12 nəfər olduqca bacarıqlı, təcrübəli qızılbaş əmiri də var idi.

Şah I Abbas bununla da kifayətlənməyib qızılbaş əmirlərini qiyama təhrik edən saray əyanlarından tacik əsilli Mirzə Abdulla ilə Mirzə Nizamülmülkə ağır pul cəzası kəsdi.

Təcrübəli qızılbaş əmirlərinin qətlindən sonra onların yerinə çoxu şahın uşaqlıq dostu olan, gənc və etibarlı qızılbaş bəyləri sərdar30 təyin edildi. Bu, qızılbaş əşirətləri üzərində şahın nüfuzunun və təsir gücünün artmasına səbəb oldu. Baş verənlər eyni zamanda hökmdarın Mürşidqulu xandan üzülüşməsini təxirə saldı.

Hadisələrin sonrakı gedişi isə şahla baş vəzir arasında münasibətləri kəskinləşdirdi. Belə ki, Mürşidqulu xan bir tərəfdən 18 yaşlı hökmdarla uşaq kimi rəftar eləməyə davam edir, onu tam nəzarətdə saxlayırdı, digər tərəfdən isə öz bildiyi kimi davranaraq dövləti çətin vəziyyətdə qoyurdu. Belə ki, onun Osmanlı imperiyası ilə sülh anlaşmasını gecikdirməsi ucbatından Səfəvi torpaqlarının bir hissəsi əldən çıxdı. Bu da azmış kimi, özbəklərin hücumu zamanı Herata yardım göndərməyi gecikdirdi, nəticədə şahın çox sevdiyi, böyük hörmət bəslədiyi şəhər valisinin – Əliqulu xanın ölümünə səbəb oldu. Hətta Səfəvi xanədanından Həmzə Mirzənin qızı ilə evlənmək fikrinə düşdü. Bu, Şah I Abbası hiddətləndirdi. Gənc hökmdar Heratı özbəklərdən geri almaq üçün çıxdığı hərbi səfər zamanı münasib vaxtın yetişdiyini hiss etdi. Dörd nəfər gənc qızılbaş döyüşçüsünə naibüs-səltənəti öldürməyi əmr elədi. Mürşidqulu xandan zəndeyi-zəhləsi gedən əmirlər şahın buyruğunu can-başla yerinə yetirdilər. Beləliklə, 1588-ci il avqustun 3-də, cümə axşamı gecəsi baş vəzir öldürüldü. Şah I Abbasın başqa bir əmri ilə xanın bütün mal-mülkü Məşhəd hakimi təyin edilən Ümmət bəyə bağışlandı. Mürşidqulu xanın qətlində iştirak edən Ümmət bəyə həmçinin «xan» titulu verildi. Qətlin digər icraçılarından Həsən «xan» ünvanı almaqla bərabər qaravulu-hassi (şahın ox və yayını gəzdirən), Məhəmməd bəy Saruqçi İsfahan hakimi, Allahverdi bəy isə əmir təyin olundu. Beləliklə, Mürşidqulu xanın yorucu himayəsindən qurtulan gənc şah bütün hakimiyyəti öz əlinə aldı və Səfəvi dövlətini müstəqil şəkildə idarə etməyə başladı. Eyni zamanda ustaclıların Səfəvi tarixində oynadığı əhəmiyyətli rol zəifləmiş oldu.

Bəzi tarixi qaynaqların yazdığına görə, əslində, şahın ustaclılardan xoşu gəlmirdi, hətta onlara nifrətlə yanaşırdı. Yəqin, elə buna görə Şah I Abbasın ömrünün sonlarında vur-tut üç əyalətin rəhbəri ustaclı əmiri idi. Onun zamanında sarsıdıcı zərbə alan və dövlət idarəetməsində rolunu itirən başqa bir boy isə təkəlilər oldu. Belə ki, 1596–1597-ci illərdə təkəlilərin çoxu Həmədan bəylərbəyi Kürd Çəkəni Həsənəli bəy tərəfindən öldürüldü.

Beləliklə, Şah I İsmayılın zamanında Səfəvi hökmdarına sidq ürəkdən bağlı olan qızılbaş tayfalarını Şah I Abbasa bağlayan qorxu hissi idi.

Ustaclı və türkmənlərə qarşı həyata keçirilən sərt tədbirlərin əksinə, gənc hökmdar şamlı boyundan çıxan bəylərə etibar edirdi, bu səbəbdən də aparıcı əyalətlərin idarəçiliyini onlara tapşırmışdı.

Onu da deyək ki, I Abbas taxta çıxandan qısa müddət sonra Kirman, Şiraz, Yəzd, İsfahan və Həmədan hakimləri də üsyan qaldırmışdılar. Həmin üsyanlar özbək hücumlarının artdığı, qızılbaş əmirlərinin isə aranı qızışdırmağa çalışdığı vaxta təsadüf eləyirdi. Gənc hökmdar bu qiyamları yatırmaq üçün ya şəxsən özü gedir, ya da aparıcı sərkərdələrindən Qaramanlı Fərhad xanı göndərirdi. Müxalif qüvvələrlə mübarizə bəzi hallarda uğursuzluğa düçar olsa da, sonda I Abbas istəyinə çatdı. Ölkədə asayiş tamamilə bərqərar edildi.

Bir sözlə, Səfəvi dövlətinin gənc şahı hakimiyyətinin ilk illərində bir yandan özbək hücumlarının qarşısını almaqla, o biri tərəfdən isə müxalif qızılbaş əmirlərini zərərsizləşdirməklə keçdi. O, istər daxili, istərsə də xarici qüvvələrlə mübarizədə ciddi uğur qazandı.

Gilan məsələsi

Gilan əyaləti Xəzər dənizinin cənubunda, Elbrus dağlarının şimalında yerləşirdi. Mərkəzi şəhəri isə Rəşt idi. Bu əyalətin hakimi Xan Əhməd idi. O, Şah Abbasın zamanında Osmanlı dövlətinin himayəsinə sığınmışdı.

Bu barədə danışmamışdan öncə qeyd edək ki, Gilan əyaləti hələ xeyli əvvəldən iki hissəyə ayrılmışdı. Bunlardan biri mərkəzi şəhəri vaxtilə Şah I İsmayılın gizləndiyi Lahican olan Biyə Piş, digəri isə mərkəzi şəhəri Rey olan Biyə Pes idi. Biyə Piş Gilanın şərqini, Biyə Pes isə qərbini əhatə edirdi.

1537-ci ildə Biyə Pişin idarəçiliyi o zaman cəmi bir yaşı olan Xan Əhmədə keçmişdi. Şah I Təhmasibin hakimiyyəti dövründə Biyə Pesin hakimi Müzəffər sultan Təbrizdə öldürüldü. Bundan sonra Gilanın qərbi də Xan Əhmədə tapşırıldı. Beləcə, çox kiçik yaşlarında Xan Əhməd bütövlükdə Gilanın hakimi oldu.

Lakin sonradan Səfəvi sarayı ilə problem yaşayan Xan Əhməd zindana atıldı. 1568-ci ildən etibarən o, 10 il boyunca Qəhqəhə və İstəxr qalalarında saxlanıldı. Bu isə onunla Səfəvi dövləti arasında düşmənçilik yaratdı. Xan Əhməd şaha qarşı özbəklərlə gizli müttəfiqliyə can atmağa başladı.

Şah Məhəmməd Xudabəndənin tacqoyma mərasimi zamanı Xan Əhməd zindandan azad edildi. Bunda şahın xatunu həlledici rol oynadı. O, qohumu olan Xan Əhmədə zamin durmuşdu. Azadlığa çıxdıqdan sonra, 1578-ci ildə Xan Əhməd yenidən Gilan hakimi oldu. Hətta Xudabəndə bacısı Məryəm sultanı ona ərə verdi. Beləcə, Xan Əhməd həm Səfəvi xanədanının kürəkəni, həm də təkrarən Gilanın hakimi oldu.

Gilan strateji cəhətdən olduqca əhəmiyyətli bölgədə yerləşirdi. Osmanlı ticarət karvanlarının keçib getdiyi bir bölgə, eyni zamanda ipəkçilik mərkəzi sayılırdı. Əhalisinin xeyli hissəsi sünni olduğundan osmanlıların Gilanla yaxşı münasibəti var idi. Üstəlik, Osmanlı – Səfəvi müharibələri zamanı gilanlılar məhz məzhəb təəssübkeşliyindən çıxış edərək osmanlıların tərəfini tuturdular. İş o yerə çatmışdı ki, Gilan hakimliyində möhkəmləndikdən sonra Xan Əhməd həddini aşaraq I Abbasa məktub yollamış və Osmanlı ilə sülh anlaşması əldə etmək üçün ona məsləhətlər vermişdi. Şah bundan qeyzləndi və Gilan hakiminin məktubunu cavabsız buraxdı. 1590-cı ildə Osmanlı ilə İran arasında sülh müqaviləsi imzalandı. Beləcə, Xan Əhməd ortalıqda qaldı. O, faktiki olaraq Osmanlı sarayının dəstəyindən məhrum qalmışdı. Bununla belə, Gilan hakimi yumşalmaq bilmir, şahın müxaliflərinə sığınacaq verir, saraydan həmin müxaliflərin mərkəzi hakimiyyətə təslim edilməsi barədə gələn tələbləri isə rədd edirdi. Bir sözlə, Xan Əhməd I Abbasa açıq-aşkar meydan oxumaqda idi.

Gilan hakiminin hələ 1589-cu ildə vəzirlikdən azad etdiyi Xoca Məsih Qəzvinə gəldi və Gilanı ələ keçirmək üçün şahı dilə tutmağa başladı. Əslində, I Abbasın da fikri bu idi. O, qiyamçı qızılbaş əmirlərinin iradəsini qırdıqdan sonra indi də müəyyən əyalətlərdə müstəqil hərəkət etməyə çalışan hakimləri yerində oturtmaq barədə düşünürdü. Bu, ona məmləkətdə yeganə nüfuz sahibinin məhz özü olduğunu göstərmək üçün vacib idi. Hadisələrin belə istiqamətdə cərəyan edəcəyini lap əvvəldən təxmin edən Xan Əhməd əl-ayağa düşdü. Osmanlı ilə bağladığı sülh müqaviləsindən sonra I Abbasın Gilan üzərinə yeriyəcəyini yaxşı bildiyi üçün İstanbula elçi göndərdi.

Xan Əhməd həmin elçi vasitəsilə Osmanlı padşahına göndərdiyi məktubunda yazırdı: «Əgər siz Xəzər dənizindən gəmilərlə Gilana gəlsəniz, buranı çox asanlıqla ələ keçirə bilərsiniz. Mən Lahicanı sizə verməyə hazıram. Lahicandan Qəzvinə isə az bir yol qalır. Bu minvalla nəinki İraqı, hətta, bəlkə də, bütün Səfəvini fəth edə bilərsiniz».

Şah I Abbas İstanbula göndərilən elçi barədə xəbər tutanda çox qəzəbləndi. Xan Əhmədin belə bir addım atmasının səbəbini və məqsədini öyrənmək üçün onun yanına adam yolladı. Gilan hakimi isə elçini Həcc icazəsi almaq üçün göndərdiyini, başqa heç bir niyyətinin olmadığını söylədi. Şah onun sözlərinə inanmadı. İstanbuldakı casusları vasitəsilə elçinin nə məqsədlə göndərildiyini öyrəndi. Osmanlı dövlətinin Gilanı tutacağı təqdirdə bunun Qəzvin üçün böyük bir təhdidə çevriləcəyini bilən və qorxuya düşən I Abbas diplomatiya yolu seçdi, Osmanlı sarayı ilə yazışmalara başladı. Həmin əsnada Xan Əhməd İstanbula ikinci elçini yolladı. O, Gilanı Osmanlı dövlətinə bağlamaq niyyətində qəti idi. Bunda məqsədi isə, şübhəsiz ki, ilk növbədə öz iqtidarını qoruyub-saxlamaq idi.

1591-ci ilin sentyabrında Xan Əhmədin ikinci elçisi İstanbula yetişdi. Elçi Gilan hakiminin öz əli ilə yazdığı məktubu Osmanlı sarayına çatdırdı. Həmin məktubda Xan Əhməd hakimi olduğu əyalətin torpaqlarının yarısını Osmanlı sultanına hədiyyə etdiyini bildirir, bunun əvəzində isə digər torpaqların özünə və övladlarına qalması üçün zəmanət istəyirdi. Lakin osmanlılar bu təklifə isti yanaşmadılar. Onlar sülh anlaşmasını pozmaq və Səfəvi dövləti ilə yeni ixtilaf yaşamaq fikrindən uzaq idilər. Odur ki Xan Əhmədin elçisini Divana31 qəbul etmədən geri, Gilana göndərdilər.

Tezliklə Səfəvi şah ilə Xan Əhməd arasında münasibətlər daha da gərginləşdi. Buna isə baş verən bir hadisə səbəb oldu. Şah I Abbas oğlu Səfi Mirzəni Gilan hakiminin kiçik qızı ilə nişanlamaq, bununla da Xan Əhmədi cilovlamaq fikrinə düşdü. Əvvəl buna razı olmayan Xan Əhməd Osmanlı sarayından müsbət cavab ala bilməyincə qızını Qəzvinə göndərmək məcburiyyətində qaldı. Gilan hakiminin şahla qohumluğa könülsüz razılaşması I Abbasın qüruruna toxundu. Bunun ardınca isə bəzi müxalif əmirlər şahın təqibindən qaçaraq Xan Əhmədin yanına getdilər və onun himayəsinə sığındılar. Onlar Şah Məhəmməd Xudabəndəyə yaxınlığı ilə tanınırdılar. I Abbas məsələdən hali olunca Xan Əhməddən həmin əmirləri, eləcə də bəzi müxalif qızılbaş rəislərini Qəzvinə qaytarmağı tələb etdi. Buna cavab olaraq isə Gilan hakimi Səfəvi hökmdarından asi əmirlərin bağışlanmasını xahiş edə-rək onları Qəzvinə göndərdi. Lakin əmirlər Qəzvinə daxil olmadan qətlə yetirildi, cəsədləri isə təhqir edildi. Xan Əhməd bundan çox məyus oldu, eyni zamanda şaha nifrəti daha da artdı. Əli Osmanlı sultanından üzüldüyü üçün bu dəfə Rus çarına elçi yollayaraq I Abbasa qarşı ondan kömək istədi. Bütün bu baş verənlər isə sonda, təbii ki, qanlı qarşıdurmaya gətirib çıxardı.

Beləliklə, I Abbas İstanbula elçi göndərərək Gilanın Səfəvi mülkü olduğunu və Xan Əhmədin bu əyaləti idarə eləməyə haqqı çatmadığını bəyan elədi. 1592-ci ilin yazında isə Xan Əhmədə həddini bildirmək və Gilanı tamamilə hakimiyyəti altına almaq üçün hərəkətə keçdi. Bu məqsədlə şah özünün təcrübəli sərkərdələrindən olan, eyni zamanda vəkili-səltənət (şahın vəkili) vəzifəsini tutan Qaramanlı Fərhad xan və qardaşı Zülfüqar xanın başçılığı altında Gilana ordu göndərdi. Xan Əhməd baş sərkərdəsinin xəyanəti nəticəsində ordusunun dağıldığını öyrənincə gəmi ilə Osmanlı hakimiyyəti altında olan Şirvana qaçdı. Beləliklə, I Abbas Gilanı mərkəzi hakimiyyətə tabe etdi. O, xanın əsir alınan şahzadələrini bağışladı, əyalətin idarəçiliyini isə Mehdi xan Şamlıya tapşırdı.

Gilanda işləri yoluna qoyan Səfəvi ordusu özbəkləri geri oturtmaq üçün Xorasana doğru hərəkətə keçdi. Lakin bir müddətdən sonra xəbər çıxdı ki, Gilanda Şah Mələk adlı bir nəfər üsyan qaldırıb. I Abbas üsyanı yatırmaq üçün orduya geri dönmək əmri yolladı. Qısa vaxtda Şah Mələk öldürüldü, üsyan isə yatırıldı.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

1

Mürşid – dini-fəlsəfi, ictimai-siyasi cərəyanın, birliyin və ya cəmiyyətin rəhbəri, müridin müəllimi (red.)

2

Mürid – bir müsəlman təriqət şeyxinə və ya mürşidinə tabe olaraq ondan təriqətin üsul və mərasimlərini öyrənən adam; şagird (red.)

3

Təkkə – təriqət mənsublarının bir araya yığışdığı, təlimat aldığı, ilahi hikməti və Allah sеvgisini öyrənib anladığı məkan (red.)

4

Elxanilər (və ya Hülakülər dövləti) – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258 – 1265) tərəfindən yaradılmış dövlət. 1357-ci ildə süquta uğramışdır. (red.)

5

Rafizə – şiələrdə təriqət adı (red.)

6

Uzun Həsən (1423 – 1478) – Ağqoyunlular sülaləsinin IX hökmdarı. 1453-cü ildən 1478-ci ilə qədər hakimiyyətdə olmuş, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur (red.).

7

Qızılbaşlar – XV–XVI əsrlərdə Azərbaycan, Anadolu və İran ərazisində məskunlaşmış türk tayfaları ittifaqı. Öncə şamlu, rumlu, ustaclı, əfşar, təkəli, qacar və zülqədər tayfalarından ibarət olan qızılbaşların tərkibinə sonralar bayat, baharlı, alpaut və b. tayfalar da qatılıb. Bu tərkibdə yeganə irandilli tayfa talışlar olub. Qızılbaşlar 12 şiə imamının şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma bağladıqları üçün belə adlandırılıblar (red.).

8

Dəspinə xatun (1438 – 1507) – Trabzon imperatoru olan IV İohannın qızı idi. Atası onu Ağqoyunlularla ittifaq bağlamaq məqsədi ilə 1458-ci ildə Uzun Həsənlə evləndirmiş, lakin bu, Trabzon imperiyasının 1461-ci ildə Osmanlı dövlətinə birləşdirilməsini əngəlləyə bilməmişdi (red.).

9

1478-ci ildə taxta çıxan Sultan Yaqubun hakimiyyəti 12 il sürmüşdür (red.).

10

Məsələ burasındadır ki, Şeyx Cüneyd öz təsir dairəsini genişləndirmək məqsədi ilə Şirvanı zəbt etmək fikrinə düşmüş və 10 min tərəfdarı ilə hərbi yürüşə başlamışdı. İşi belə görən Şirvanşah Xəlilüllah böyük ordu ilə onun qarşısına çıxmış, 1460-cı ildə baş verən döyüşdə Cüneyd öldürülmüş, tərəfdarları ağır məğlubiyyətə uğradılmışdır. Bəzi mənbələrə görə isə o, öncə əsir alınmış, daha sonra Şirvanşahın əmri ilə edam edilmişdir (red.).

11

Sultan I Süleyman (1494 – 1566) – Osmanlı imperiyasının 10-cu padşahı. Qərb dünyasında «Möhtəşəm Süleyman», Şərqdə isə ədalətli idarəçiliyinə görə «Qanuni Sultan Süleyman» olaraq da tanınır. 1520-ci ildən ölümünə qədərki müddətdə, təqribən 46 il sultanlıq etmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan və ən çox hərbi səfərə çıxan sultanıdır (red.).

12

Vəzir-i əzəm (və ya sədr-əzəm) – Osmanlı dövləti dönəmində padşahın adına dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi ünvan. Bugünkü baş nazir vəzifəsi ilə eynidir (red.).

13

Tavat – gürcü zadəganı, knyaz (red.)

14

1571-ci il oktyabrın 7-də Osmanlı imperiyası ilə xaçlı donanması arasında dəniz döyüşü baş vermişdir. Osmanlı padşahı Sultan II Səlimin hakimiyyəti dövrünə təsadüf edən həmin döyüşdə türklər məğlubiyyətə uğradılar, onların donanmasına ağır zərbə dəydi. Yeri gəlmişkən, məşhur ispan yazıçısı Servantes də həmin döyüşdə iştirak eləmiş, əlindən və sinəsindən yaralanmışdır (red.).

15

Dukat – İtaliyada orta əsrlərdə dövriyyədə olmuş gümüş, sonralar isə qızıl sikkə. İlk dəfə 1140-cı ildə Venesiyada kəsilən gümüş. Dukat 1284-cü ildən 3,4 q ağırlığında qızıl sikkəyə çevrilib (red.).

16

Qarovluq – bəzi adamların gecələr və alaqaranlıqda zəif görməsindən, ya da heç görməməsindən ibarət görmə nöqsanı (red.)

17

Qəhqəhə qalası – indiki İranın Meşkinşəhr (Xiyav) ilə Qaradağ vilayəti arasında tarixi qala (red.)

18

Şafiilik – İslamda sünniliyin 4 əsas məzhəbindən biri. Əsası VIII–IX əsrlərin qovuşuğunda imam Məhəmməd əş-Şafii (820-ci ildə vəfat edib) tərəfindən qoyulub, ona görə belə adlanır. Hazırda Suriya, Livan, Fələstin və İordaniyanın sünni müsəlmanları arasında aparıcı məzhəb sayılan şafiiliyin İraq, Pakistan, Hindistan, İndoneziya və Malayziyada da çoxsaylı ardıcılları var (red.).

19

Maraşilər – indiki İran ərazisində, Mazandaranın da daxil olduğu Təbəsristan bölgəsində məskunlaşmış ərəb əsilli şiə sülaləsi. Maraşi seyidlərinin şiələrin dördüncü imamı Zeynalabdinin soyundan gəldiyi bildirilir (red.).

20

Lələ – Səfəvi dövlətində azyaşlı hakimlərin himayədarları belə adlanırdı (red.).

21

Heratda doğulan Əlişir Nəvai Əmir Teymurun nəvəsi Hüseyn Bayqara ilə bir yerdə böyümüş və təhsil almışdır. Hüseyn Bayqara 1469-cu ildə Teymurilər dövlətinin hökmdarı olduqdan sonra uşaqlıq dostunu özünün vəziri təyin etmişdir (red.).

22

Şah I Abbasın taxta çıxdığı tarixlə bağlı fərqli ehtimallar mövcuddur. Bəzi qaynaqlarda onun 1587-ci ilin iyununda, bəzi qaynaqlarda isə həmin il oktyabrın 16-da hökmdar elan edildiyi bildirilir. Lakin əksər tarixçilər, eləcə də bu kitabın müəllifi etibarlı mənbələrin məlumatları əsasında aparılan təhlillər nəticəsində belə qənaətə gəlib ki, Şah I Abbas məhz 1587-ci il oktyabrın 3-də taxta çıxmışdır (red.).

23

Babur imperiyası – 1526-cı ildən 1857-ci ilədək hökm sürmüş və əsası Teymurilər sülaləsindən olan Babur (1483 – 1530) tərəfindən qoyulmuş türk dövləti (red.)

24

Sultan Əkbər (və ya Əkbər şah) – Babur imperiyasının üçüncü hökmdarı və Baburun nəvəsi. Müsəlman ölkələr arasında çadranı qadağan edən ilk padşahdır. Babur dövlətinin ən parlaq dövrü «Böyük Əkbər» kimi də tanınan Əkbər şahın hakimiyyət illəri sayılır. 1542 – 1605-ci illərdə yaşayıb, 14 yaşında taxta çıxıb və ömrünün sonunadək hakimiyyətdə qalıb (red.).

25

Qarğaşa – qarışıqlıq, hərc-mərclik, çaxnaşma, araqarışma (red.)

26

Məqam – burada: vəzifə, rütbə, mənsəb, mərtəbə

27

Ələmut qalası – indiki İran ərazisində, Talış dağları ilə Elbrus dağ silsiləsinin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. IX yüzillikdə inşa edildiyi deyilir (red.).

28

Əşirət – bir əsildən törəyib birlikdə yaşayan və köçəri, bədəvi həyat sürən ailələr toplusu; qəbilə, oymaq (red.)

29

Şahsevənlər – Azərbaycan və İranda yaşayan oğuz əsilli türk boyu

30

Sərdar – burada: qoşun başçısı

31

Divan – burada: Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və b. vəkillərdən ibarət dövlət şurası (red.)

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner