banner banner banner
Sevginin səsi
Sevginin səsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Sevginin səsi

скачать книгу бесплатно


Artıq qəbistanlığa getməməyi qərara almaq bildirməsə də Leylanı məyus etmişdi. Yolda daha az danışır, heç gülmürdü. Qəbirstanlıqdan çıxdıqdan sonra bir xeyli yol getmişdilər. Artıq insanların arasına qarışmışdılar. Leylanın danışmadığını görən Nihad da susmuşdu. Susmaq insanların ən böyük ehtiyaclarındandır. Çoxları bilməz.

Ətraflarından – bəzi halda içlərindən- keçən insanların söhbətlərinə qulaq asaraq yeriyirdilər. Onlarda isə fərqli söhbətlər yox idi. Hamısı günəşli, amma soyuq havadan şikayətlənirdilər. “Qalın geyinirsən isti olur, nazik geyinirsən soyuq olur” və sairə, və sairə. Əsrlərin köhnəlməyən bəşəri dərdləri. İnsanların illərdir fikirləşdikləri, amma hələ də həllini tapa bilmədikləri, bütün insanlar üçün fəlakət sayıla biləcək “fəlakət”lər.

Nihadın bu mövzudakı zarafatı Leylanı güldürdü. Nihad bu mövzuda ardı-arası kəsilməyən zarafatlar etməyə başladı. Bu zarafatların bəziləri gülməli, bəziləri isə deyildi. Amma iki həftənin yorğunluğu onlarda əsəb pozğunluğu yaratmışdı. Demək olar ağızdan çıxan hər sözə qışqıraraq gülürdülər. Əgər onları görən və eşidən olsaydı üzərlərinə qəribə baxışlar zilləyər, bu qədər rahat olduqları üçün qınayardılar. Yolda gedərkən bir oğlan və qızın ucadan güldüklərini düşünsə-nizə. Nə fikirləşərsiniz? Axı küçənin ortasında bu tərzdə gülünəcək nə ola bilər. Yəqin ki, əxlaqlarında problem var. Xüsusən də qızın.

Amma bu artıq onların vecinə deyildi. İnsan öldükdən sonra daha yaxşı anlayır. Hər insan bir dəfə ölüb dirilməlidi, həyatda bir dəfə ölümün üzünü görməlidir. Bəlkə o zaman həyatın mənasını anlayar, özünü lazımsız sərhədlərlə çevrələməz, həyatlarını hədəflərlə müəyyənləşdirilmiş dar yollara salmazdılar. Daha çılğın olar, daha geniş maraq dairəsinə sahib, daha rahat dostluqlar quran biriləri, qısacası daha azad insanlar olardılar.

Gülmək istədikdə gülər, ağlamaq istədiklərində ağlayardılar. Yaşarkən insan bunları düşünmür, nəyə lazım olduğunu bilmədiyi qəliblərə salır özünü, çox vaxt onlarda tapır. Onların düşüncələri ilə müstəqil idarə olunurlar. Daha sərbəst olan, dostluq qurmaqda problem yaşamayan qızlar mütləq ki, fahişədirlər. Yaxşı, bu bir az ağır oldu. Amma mütləq ki, o çox yaxın olub, uzaqdan dost görünümü yaratmaq istədiyi oğlanla yatmışdır. Yəni, başqa bir şey mümkündürmü? Bir qızın oğlanla bu qədər yaxınlıq qurmağına başqa nə səbəb ola bilər?

Ya da saçını uzadıb, sırğa taxan oğlan, qızlarla daha yaxın olan biri. Bunları etməsə də olar. Hansısa ictimai yerdə özünü saxlaya bilməyib ağlayan oğlan. O, oğlan deyildir. Utancdır kişilik adına. Mavidir o. Başqa hansı oğlan qulağına sırğa taxar, bütüb gün qızların əhatəsində olar ki? Onlar daşlanmalı və cəmiyyətdən qovulmalıdırlar. Amma içlərinə girsək, dərinliklərinə baxmaq imkanımız olsa bir dəfə axşam 8-də evdə olan hər kəsin bu rahatlığın arzusunda olduğunu görərik. Yoxsa niyə hər gecə seriallara baxıb ordakı personajlara bu qədər bağlansınlar ki? Özlərini onların yerinə qoyduqları üçün hər halda. Onların yerinə qoyub xəyallarda yaşadıqları üçün. Bu sizə birini xatırlatdımı? Dediyim siz deyilsiniz, Nihaddır. Axı sizə onun düşüncələrlə xoşbəxt olan birisi olduğunu söyləmişdim.

Fərqlilərdə var, təbii ki, bu qəliblərdən çıxan və ya ona heç girməyən insanlar. Öz həyatlarını yaşamaq üçün əxlaqsız və ya mavi damğasını yeyənlər. Amma onsuzda çox zaman başqalarının sözləri onların vecinə olmur. Leyla ilə Nihad uzun müddət bu haqda müzakirə apardılar. Söhbətin zarafatlardan bu yerə necə çatdığından isə soruşsanız heç birinin xəbəri yox idi. Keçən günlər ərzində bir-birilərinə daha yaxın olmuşdular. Leylanın gülərüzlülüyü, səmimiliyi Nihada da təsir etmişdi. Artıq hər hansı bir mövzu haqqında danışmaq kimi problemləri olmur, eyni bir şey haqqında saatlarla danışa bilirdilər.

Nihad artıq özünü dostlarının yanında olduğu kimi hiss eləyirdi. Bəlkə, daha da yaxşı. Çünki çox vaxt söhbətin dərinliklərinə qədər getmirdilər (Nihad bunu fərqli düşüncələrə sahib olmaları ilə izah edirdi, belə fərqliliklərlə necə dost qala bildikləri isə maraqlıydı. Ara-larından birini çıxmaq şərtilə söhbətləri çox vaxt qızlar və futbol kimi ucuz mövzularda qalır, vaxtlarının çoxunu oyuna sərf edirdilər).Ya da bu qədər yaxşı hiss etməsinin səbəbi artıq yalnızca Leyla ilə söhbət etmə imkanına sahib olması və Leylanın ona özünü yaxşı hiss etdirməsi idi. Amma hər şeyə – hətta ölümündən sonra onları cəmi bir dəfə ziyarət etməsinə- rəğmən onları çox sevirdi. Həyatdakı ən xoş anları onlarla bağlı idi, hər zaman onun yanında olan dostları. Bir dəfə getməyinin səbəbi də var idi, təbii ki. Ölümündən bir həftə sonra hər zaman oturduqları, saatlarla danışıb güldükləri, oyun oynadıqları çay evinə getmişdi. Və o gün uzun müddət buraya gəlməməyi qərara almışdı. Dostları onun yasını saxlayır, onun xatirələrindən danışır və bəzən də göz yaşlarına sahib çıxa bilmirdilər. Dostlarının onu bu qədər çox sevmələri onun sevgisinin də boş olmamasını göstərsə də onları belə görmək sadəcə dayanılmaz idi. “Təsəvvür et, dostun sənə görə ağlayır, sən isə onun çiyinlərini qucaqlayıb, gözyaşlarını silə bilmirsən” demişdi bir qədər kövrək səslə.

Bu kövrəkliyin arxasında bir az təəssüf də var idi, peşmanlıq da. Necə keçdiyini bilmədiyi son illərdə onlara kifayət qədər vaxt ayırmamışdı. Dostları ona kömək etmək, yanında olmaq istəyirdilər. Amma Nihadın ehtiyac duyduğu yeganə şey tək qalmaq idi. Heç kim onu başa düşməzdi, düşə bilməzdi.

–Nihad, bəlkə, Günəşin batmasını seyr edək- Leylanın səsi onu düşüncələrindən ayırdı. Bu zaman göydələnin qarşısında dayanmışdılar. Leylanın təklifinə təbəssümlə cavab verdi:

–Niyə də yox? Bunu heç zaman etməmişəm.

–Təxmin etmişdim.

–Necə?

Leyla cavab əvəzinə Nihadın əlindən tutub ardınca apardı. Ruh olmanın üstünlüklərindən yenə də faydalanmağa başladılar. Onları heç kim görmədiyi üçün istədikləri yerə gedə bilirdilər. Binanın damına çıxdılar və qərbə tərəf ayaqlarını binadan aşağı sallayaraq oturdular. Hava buludsuz, şəffaf idi. Mavi səma üfüqdə dağlarla kəsişərək uzanır və arxasında kölgə kimi görünən yerlərdə neçə-neçə sirləri saxlayırdı. Günəş yavaş-yavaş əyilir, sanki, səma və dağların kəsişdiyi yerə çatmaq üçün can atırdı. Hava getdikcə rəngini dəyişir, səmada çəhrayı tonlar yaranmağa başlayırdı. Nihad bu mənzərəni ilk dəfə seyr edən hər insan kimi (Sözsüz ki, hər biriniz Günəş batdığı zaman səmanın rəngini dəyişməsini görmüsünüz. Amma neçəniz qürubu tam anlamıyla seyr etmisinizki?) hüzurla dolmuş, bütün dərdlərini unutmuş kimiydi. Bu hündürlükdən küçədə gəzən insan topluluğunu izləmək də əyləncəli idi. Onların sayı getydikcə artırdı. Yəqin ki, iş saatı bitmişdi.

–Leyla, sən nə işləyirsən? Yəni işləyirdin?

–Uşaq evində tərbiyəçi idim.

– Heç yerdə oxumamısan?

– Oxumuşam.

–Yəqin ki, pedaqogika üzrə oxumusan hə?

–Yox, Xəzər universitetində Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm. Qırmızı diplomla.

– Beynəlxalq Münasibətlər fakültəsini qırmızı diplomla bitirmək və uşaq evində tərbiyəçi işləmək? – Nihad təəccübünü gizlətməyərək soruşdu- Axı niyə? Bu işi görə biləcək yüzlərlə insan var. Amma o ixtisası qırmızı diplom ala biləcək səviyyədə bitirən adamlar isə elə də çox deyil.

–Uşaqları çox sevirdim.

–Onları başqa cür də sevə bilərdin. Bunun üçün təhsili zay edib tərbiyəçi işləmək lazım deyildi.

–Hər halda bu, mənim seçimim idi: Xəzər universitetində oxumaq da, uşaq bağçasında tərbiyəçi işləmək də. İncimək lazım deyil, amma sadəcə bunu müzakirə etmək istəmirəm. Sənə danışmağa hazır olmadığım şeylər var, ya da özümə xatırlatmaqdan qorxduğum. İnsanların həyatında bəzi dönüş nöqtələri olur. Məndə də oldu və karyera mənim üçün mənasını itirdi.

– Yox, incimirəm. Sadəcə anlamıram.

–Bəs sən? Sən nə işləyirdin?

–Mən bankda. Kreditlərin verilməsi şöbəsində işləyirdim.

–Yəni?

–Yəni, müraciət edən insanları araşdırır, onların aldığı kreditləri ödəyib-ödəyə bilməyəcəkləri haqqında nəticə çıxarırdım.

–Sıxıcı işə oxşayır.

–Elə idi.

–Necə? Məgər, işini sevmirdin?

–Elə də yox.

–Bəs onda niyə işləyirdin.

–Sevmirdim, amma məcbur idim.

–Nihad, insan həyatda heç nəyə məcbur deyil. İşini sevmirdinsə başqa bir şey yoxlaya bilərdin, yenidən təhsil ala bilərdin.

–Yenidən dörd il oxumaq?

–Sevmədiyin bir işdə işləyib bir ömür itirməkdənsə dörd il oxumaq daha yaxşı deyilmi, səncə?

–Əslində belə bir fikrim var idi. Psixologiya üzrə ikinci təhsilimi almaq.

– Psixologiya? Maraqlıdı. Bəs nəyə görə psixologiya?

–Çünki psixologiya arzularıma körpü olacaqdı. Dörd il oxuyacaqdım sonra isə sevdiyim işlə məşğul olacaqdım. Müxtəlif insanlar tanıyacaq, müxtəlif hekayələr eşidəcəkdim.

–Körpü. Bəs körpünü keçəndə?

–Körpünü keçəndə kitablar yazacaqdım, romanlar, hekayələr. Yazdığım əsərlər hər yerdə oxunacaq, aşiqlər bir-birilərinə eşqlərini mənim sözlərimlə elan edəcəkdilər, atalar oğullarına mənim sözlərimlə yol göstərəcəkdilər. Sözlərim onlar üçün qaranlıqda işıq, bir sığınacaq olacaq, onlara yoldaş olacaqdı. Sonra mən yenə körpülər keçəcək yenə yazacaqdım. Evim belə olmayacaqdı. Karavanda yaşayacaq, heç yerdə iki-üç ildən artıq qalmayacaqdım, bəlkə, heç o qədər də yox.

–Niyə? Axı bir yerdə yaşamağın nəyi pisdir? Həm karavanda nə qədər yaşaya bilərdinki?

–Pisdir. Çünki insanlar bağlandıqca bağlanır, kök salırlar. Vərdişləri yaranır, qalmaq üçün getdikcə daha çox səbəbləri olur. Dostluqlar, şərait qururlar özlərinə və sonra onlardan ayrılmaq daha çətin gəlir. Monotonlaşırlar. Bu kimin üçünsə yaxşı ola bilər. Bir yerə bağlı olub gələcəyini sığortalamaq. Amma mənim arzularım üçün əngəl idi. Daha çox yerə getməliydim, daha çox görməli, kitablarımı oxuyan-oxumayan daha çox insanla söhbət etməli idim. Yalnız bu zaman yazdıqlarım onlara doğma gələr, məni özlərindən biri kimi görərlərdi. Və bir gün, bir gün hər hansı bir kafedə, ya da kitab evində insanların əlində kitablarımı, onların həvəslə oxunmalarını görmək. Bu, yəqin ki, mənim həyatımın ən gözəl anı olardı, – bu sözləri deyərkən gözləri həsrətlə uzaqlara baxırdı. Əlçatmaz uzaqlara.

–Axı burda qalmağın yazmamağın üçün bəhanə deyildi. Onsuzda niyə getmədiyini başa düşə bilmirəm.

–Qorxdum.

–Axı nədən?

–İtirməkdən. Bu qədər ili, qurduğum həyatı itirməkdən. Ailəm, dostlarım, demək olar ki, hər kəs bu istəyimə soyuq yanaşdılar. Çünki bu digər işlərdən daha çətin görünürdü onlara. Kitab yazmaq sadəcə yazıb bitirməkdən ibarət deyil. Hamısı arzuma yalnız iqtisadi cəhətdən yanaşırdılar. “Tutaq ki, kitab yazdın bəs necə satacaqsan?”, “Pul qazanmaq istəyirsənsə daha ciddi işlərlə məşğul olmalısan”. Heç kim bunun puldan daha önəmli olduğunu düşünmürdü.

Oxuduğum fakültənin prestiji oranı qurtardıqdan sonra psixologiya oxuma istəyimi gülünc hala salırdı başqalarının nəzərində. Belə yeri qurtarıb rahat iş tapmaq olardı, yaxşı maaşlı bir iş. Altmış yaşına kimi xoşbəxt olmadığım bir işdə işləyəcək olmağım isə heç birinin vecinə deyildi. Çünki mənim yaxşı evim, maşınım olacaqdı (bu Leylaya ilk görüşdə söylədiklərini xatırlatdı). Amma işləməkdən axşam evə yorğun qayıdacağım, vaxtım olmadığından maşınımı doya-doya sürməyəcəyim heç kimin vecinə deyildi. Və bəzi seçimlər etməli idim. Mən sevgini seçdim. Onun verəcəyi xoşbəxtliyi yaşamaq üçün çox gözləmək istəmədik.

– Sevmək gözləmək deyilmi? Yəni sevən insan üçün zamanın bu qədərmi önəmi var? Hələ onunla birlikdə kəşf edəcəyin yeni dünyalar varsa önündə.

–Bunu o zaman düşünmürsən. İnsan sevərkən başqa heç nə düşünmür. Digər bütün insanları, arzularını, həyatını, hər şeyi, amma hər şeyi onun uğrunda heç düşünmədən fəda eləyə biləcəyini düşünür sadəcə.

–Bu saydıqlarının heç biri sevgidən önəmli deyil, əslində.

– Bilirəm. Mən qaldım, magistratura oxudum, işə girdim, yüksəldim. İşləməkdən yazmağı da, xəyallarımı da, karavanda gəzəcəyim şəhərlərin adlarını belə unuttum. Bu hala nə vaxt gəldiyimi hiss etmədim belə.

– O? Xoşbəxtliyi birlikdə gözlədiyin qadın?

– O getdi. Sadəcə getdi. Bəlkə bir gün danışaram.

– Peşmansanmı?

– Deyiləm. Verdiyim qərarlara, yaşadığım hisslərə görə peşman deyiləm. Hər dəfəsində bir şey öyrəndim. Sevginin mənasının dəyişəbildiyini öyrəndim, məsələn. İnsanın hədəflərini, arzularını sevgiyə görə tərk etməməli olduğunu öyrəndim. Əgər hər birimizin həyatda müxtəlif yeri, rolu varsa bunu müəyyən edən arzularımızdır. Əgər yaşadığın hisslər səni yolundan döndərməyə, bir yerə bağlı saxlamağa çalışırsa bu sevgi deyil. Bağlılıqdır, birgə yaşama istəyidir. Amma sevgi deyil.

– Davam elə, xahiş edirəm. Səni dinləmək istəyirəm, – Leylanın gözlərində həyatında uzun müddət olmayan bir parıltı vardı. Nihadı tanımağın gətirdiyi parıltı. Artıq neçə gündür ki, Nihadla birlikdə yaşayırdı, amma bu günlər ərzində onun belə dərin ola biləcəyi ağlına gəlməmişdi. Nihad da hamı kimi sadə, başqalarında biraz daha utancaq adi bir insan idi. Amma indi Nihad danışdıqca Leyla onun dünyasına girməyə başladığı üçün özünü xoşbəxt hiss edirdi.

– Nə deməyimi istəyirsənki?

– Arzular və sevginin arasındakı bağlılıqdan danışmanı.

– Dediyim kimi bu həyatda yerimizi müəyyənləşdirən sevgi və arzulardır. Arzular tablo, sevgi isə onun rəngidir. Sevgi üçün bütün arzularını tərk etdiyini düşün. Bir ton rəngin var, amma rəngləyəcək, demək olar ki, heç nəyin yoxdu. Bütün həyatın boyu özünə tapa bildiyin kiçik bir yeri rəngləyirsən ancaq. Boya qopur, ətrafa səpələnir. Səni hərəkət etməyə qoymur və bu sənə əzab verməyə başlayır. Sevgin azalmır, amma dəyərini artıq əvvəlki kimi anlaya bilmirsən. Sevirsən, amma nə qədər çox sevsən də sevginlə yaşaya bilmirsən. Çünki o səni boğur və qurtulmalı olduğunu düşünürsən. Qarışıq və nizamsız sevgindən.

Ya da çox gözəl bir bağ tablon olduğunu düşün, amma ağ-qara. Sevgisiz arzuların kimi ağ-qara. Çiçəkləri bir-birindən ayırd edə bilmirsən, bağdan axan arxın hər tərəfi bürüyən xırda otların rəngilə yaşıla büründüyünü görmürsən, çünki orda suyun olub-olmadığı belə şübhəlidir sənə. Günün hansı çağını yaşadığını belə bilmirsən. İndi orda olsan çəmənlikdə səhər şehində gəzəcəyinimi, yoxsa günün istisindən ağacın kölgəsinə sığınıb dincələcəyini bilmirsən. İndi özümə baxıram da məndə vəziyyət daha pisdir, deyəsən. Çünki artıq nə xəyallarım, nə də onları rənləmək üçün sevgim var.

– Onu unutdunmu?

– Bilmirəm. Keçən illər ərzində bir daha sevmədim, bu illərin necə keçdiyini hiss etmədim əslində. Ətrafımda sevdiyim insanlar, dostlarım var idi. Amma bunlar xoşbəxt olmaq üçün kifayət idimi? Deyilmiş. Çünki karavan ağlımın bir tərəfində qaldı həmişə, mən onu unutsam da, ya da unutmağa çalışsam da o özünü, orada yaşaya biləcəyim illəri xatırlatdı mənə. Xəyallarımı unutduğumu dedim. Əslində, sadəcə unutmaq istədim. Bəlkə də, peşmanam bunları yaşama imkanını əlimdən verdiyim üçün. Amma indi bunun elə bir önəmi yoxdu.

– Mənsə bütün bunları eşitmək istəyərəm. Bütün hekayələrini, həyatını.

– Mən də. Mən də sənin. Amma başqa vaxt. Sabah havanın necə olacağını bilmirik. Bəlkə də, belə gözəl bir mənzərəni bir daha izləmək üçün uzun müddət gözləməli olacağıq. Bu söhbəti açaraq mənzərənin kefini daha da qaçırmayaq. Susaq.

Günəş artıq səmayla dağların qovuşduğu yerə çatmışdı. Səmanı çəhrayı rəngə boyamış, özü isə qızarmağa başlamışdı utandığından. Sevgilisinin yanına qaçıb da ona görəndə dili tutulub danışa bilməyən aşiqlər kimiydi Günəş qürub zamanı. Utancını gizləmək, ya da sevgisini tənha yaşamaq üçün Günəş yavaş-yavaş dağların arxasında gizlənməyə başladı. Səma da qapıldı içinə, qaraldıqca qaraldı. Üzünü yalnız Günəşin görə biləcəyi tərəfə çevirdi. Bu zaman uzaqdan onların sevgisinə gizlincə tamaşa edib ilham alan ulduzlar parlamağa başladılar.

Düzlər və səyyahlar

Nihad o gündən sonra hər şeyin fərqli olmağa başladığını deyirdi (əslində, eyni şeyi bizim münasibətlərimiz haqqında da demək olardı. Mənə bu qədər yaxın davranmasının, bu qədər tez isinməsinin səbəbini indi daha tez anlayırdım. Öz arzularının əksinə mənimkilərin yarım qalmamasını, həyata keçməsini istəyirdi). Leyla parıltını görmüşdü. Nihad onun üçün artıq dağdakı adi bir oyuq deyil də, dərin, sirli bir mağara idi. O qədər maraqlıdır ki, içəridə nələrin olduğu, qaranlıq qorxumuzu unutsaydıq kaş. Bir-birilərini nə qədər tanımaq istəsələr də, sirlərini açmağa bir o qədər çəkinir, ruhlarını tükətməkdən qorxurdular.

Sevgi hekayələrindən qaçaraq keçirirdilər günlərini. Pis də keçmirdi. Uzun-uzun danışırdılar, müxtəlif yerlərə: kinolara, teatrlara (Nihad üçün bu bir ilk idi), konsertlərə gedir, hərdən Bakıdan kənara da çıxırılar. Müxtəlif oyunlar oynayır, sıxıldıqca yenilərini tapırdılar. Məsələn, bir dəqiqəyə kim daha çox insanın içindən keçər və s. Ölüm insanları sarsıdır.

Amma zaman. Zaman onlar üçün məna kəsb etməyən insanların həyatında belə mühüm rol oynayır. Zaman uzaqlaşdırır, ayırır, zaman yaxınlaşdırır, birləşdirir. Zaman bəzi sevgiləri tarixə yazır, bəzilərini heç olmamış kimi gömür içinə. Bəzi insanlar zamana qarşı çıxırlar geridə qalan bir şey üçün, qədrini bilmədikləri bir şey üçün daima ona qarşı üzməyə çalışırlar, bəziləri daima zamanı qabaqlamaq istəyirlər. Onun axınına qoşulub daha da irəli gedərək uzaqlarda gördüyü zirvələrə çatmaq istəyirlər. Amma mən heç vaxt yuxarı axan bir çay görmədim.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)