
Полная версия:
Sur üfürülənə qədər Sarı Saltuk Baba
Namaz bitənədək heç kəslə danışmadı. İmamdan sonra məscidə ilk o gəlmişdi. Arxasınca gəlib ətrafa çökən kəndlilər başıyla salam verir, o da “xoş gördük” mənasında əlini sinəsinə qoyurdu. Təsbihatdan sonra imam da daxil olmaqla bütün camaat sırayla gəlib hal-xətir etdilər, başsağlığı dilədilər, qucaqlaşdılar. Ayaqüstü edilən xoşbeş sonrası kəndlilər ocağın isidə bilmədiyi soyuq məsciddən evlərinə tələsdilər.
Məscidin içindəki ağacdan düzəldilməyən yeganə yer kiçik, daş ocaq idi. Odu sönmüş, hər kəs kimi ocaq da yuxuya getmişdi. Ocağın önünə sıçrayan közləri əlinə aldığı kiçik budaqla ocağın içinə doğru itələdi, özünə yer təmizlədi. Evi bomboş və soyuq idi. Onu gözləyən kimsə də yox idi, ayaqları evə geri aparmadı. “Yolda Ayqız ilə, uşaqlarla, ya da başqa şəhid xanımı ilə qarşılaşmayım” keçirdi içindən. Bəlkə, istilənər deyə, isti kül önündə, oradaca uzandı.
Bu bahar aylarında, günlərdir at belində yağışlar altında düşmən qovub, sıxışdırıb baş götürmək, baş vermək asan iş deyildi. Çox yorğun idi, yerə uzanar-uzanmaz gözləri yumuldu dərin yuxuya getdi.
Bir nəfəs aralığı qədər olmamışdı ki, heç kəsin qalmadığı kiçik, ağac məscid bir anda çöllər qədər dolub daşmışdı. Heç tanımadığı yüzlərlə, minlərlə ulu, minlərlə pir nə vaxt gəlib bu qədər nizamlı şəkildə düzülmüşdü? Yaralarına görə yenə mühakiməsini itirdiyini, xəyal gördüyünü düşündü. “Bu məscid nə qədər də böyükmüş, bura məhşər yeridirmi, ay Allah?!” – düşündü. Bu qədər çox qul olsun, bir nəfəs də eşidilməsin. Hər kəs ədəblə gözləyirdi. Mehraba kürəyini vermiş aypara formasında camaata tərəf oturan ağsaqqalların içində ən hörmətlisi Şərif Xıdıra baxmağa başladı. Mavi gözlərindən Xıdırın üzərinə çaylar daşırdı, boğulmamaq üçün mədət istəyirdi. Xacə Qul Əhmədin gözlərinə baxmaq mümkün deyildi. Döyüş meydanlarında aslan olan bu igidə pir hümmət etdikcə əriyib yox olurdu. O insan dəryası içində, bir quş uçuşu üçün yer tapsa yox olub, qaçıb gedəcəkdi.
Məna məclisində pirin sağında-solunda bardaş qurub oturan Sadr Baba, Sufi Danişmend Baba, Süleyman hakim Baba, Mənsur Baba, Əbdülməlik Baba, Tac Baba, Zengi Baba14 səs çıxarmadan burada təcəlli etmələrinin hikmətlərinin zühur etməsini gözləyirdilər.
Piri Türkistan tam qarşısında, dizləri dizlərinə dəyəcəyi nöqtədə bir nəfərlik yer saxlatdırmışdı. Heç danışmadan Şəriflə göz-gözə gəlincə “qalx burada otur” işarəsini verdi. Nə vaxt qalxdı, nə vaxt gedib Sultanın qarşısında dizlərini ona söykədi, anlaya bilmədi. Şərifin sağ əlini iki əlinin arasına alıb asta-asta danışmağa başladı ulu çinar:
– “Ey oğul, “Bismillah” deyib bəyan edərək hikmət söyləməyə gəldim sənə, tələb etsən, inci, cövhər saçarıq sənə. Bu incilər üçün çox möhkəm riyazətlər etdik. Riyazəti möhkəm çəkib qanlar udduq. “İkinci dəftər” sözlərini açdıq. Söz söyləməyə gəldik. Sözü söylədik. Hər kim olsa, camala talib, canı cana bağlayıb, damarı əlavə edib, qəribə, yetim, kasıbların könlünü oxşayıb könlü qırıq olmayan kəslərdən qaçdıq gəldik. Sən də bu Rum elində bu gündən sonra bunu edəcəksən. Harada görsən, könlüqırıq məlhəm olacaqsan, məzlum yolda qalsa, yoldaşı olacaqsan, məhşər günü dərgahına yaxın olacaqsan, mənəm-mənəmlik güdən kəslərdən qaçacaqsan.
Qərib, kasıb, yetimləri Rəsul soruşdu o gecə, Meraca çıxıb Haqq camalını gördü o gecə. Geri qayıdıb yerə endiyində kasıbların halını soruşdu o gecə. Sən də qəribləri axtarıb tapacaqsan bu Rum ellərində. Ümmət olsan, qəriblərə uyacaqsan; ayə və hədisi hər kim desə, duyar olacaqsan; ruzi, nəsib hər nə versə, tox gözlü olacaqsan; tox gözlü olub şövq şərabını içəcəksən.
Mədinəyə Rəsul çatıb oldu qərib, qəriblikdə çətinlik çəkib oldu həbib, cəfa çəkib Yaradana oldu yaxın, qərib olub mənzillərdən keçəcəksən sən də. Ağıllısansa, qəriblərin könlünü al, Mustafa kimi eli gəzib yetim axtar, dünyaya tapınan soysuzlardan üzünü çevir, üz çevirərək dərya olub daşacaqsan.”15
Ulu pir əyilib kürəyinə əl çəkdi. Nəfəs verdi:
– Bundan belə bizim aramızda sənin adın Məhəmməd Buxari16 olsun, səni çağıracağımız zaman bu şəkildə səslənək, ey oğul.
Qalx görüm ayağa, indi belinə bağlayacağım bu qurşağın içində qırx ayrı toxumu dörd ayrı boxçaya bükdük. Hər boxçada sənə lazım olan on ayrı toxum tapacaqsan. Getdiyin yerlərdə bunları yaşıllaşdırıb böyüdəcəksən, həyat verəcəksən. Biz də həmişə yanında olacağıq, yoldaşlar göndərəcəyik.
Bu belindəki qılıncı da olduğun yerə qoy. Bundan sonra başqa silahlara ehtiyacın olmayacaq. Sənin də, mənim də babamız Həzrəti Məhəmməd Əfəndimizdən qalan bu qılıncı bağlayacağam belinə. Gördüyün kimi, bu qılınc illərdir qurumayan xurma budağıdır, adı da Urcundur17, bunun hikmətlərini döyüş meydanlarında görəcəksən. Küffar elində müsəlmanlara yurd yeri açarkən önünə Stevi Nikola adında qara cadugər, əjdaha çıxacaq onları da bu qılıncınla yox edəcəksən.
Sənə gətirdiyimiz hədiyyələr bu qədər deyil, bir azdan, biz gedəndən sonra dəniz kənarına en. Orada yaşayacaqların sənin üçün çətin olacaq. Allah indidən səbir versin. Səni orada qədim bir dostumuz gözləyir. Səfərə çıxmazdan o da sənə bəzi hədiyyələr verəcək. Bəlkə də, ilk toxum orada cücərər, bilmək olmaz”.
Yaşadığı, eşitdiyi, gördüyü hallar Şərifi qan-tərə batırmışdı. “Bu gördüklərim və yaşadıqlarım xəyaldır.” İçində “Mən kiməm ki, bu halları yaşaya bilim, mənə nə olur əstəğfürillah,” – dedi. Əhməd Yəsəvi, dönüb gedərkən Xıdır təkrar ocağın önünə qoyulduğunu fərq etdi. Arxasındakı öləzimiş ocaq az qala paltarlarını yandıracaqdı. Külləri belə soyuyan ocaq alovlanırdı. “Nə vaxt, kim bu qədər odunu gətirib ocağı yandırdı” düşünərkən özünü təkrar ocağın qarşısında uzanmış şəkildə gördü. Ədəblə dərhal yığışıb pir tərəfə, mehraba doğru atılıb ayağa qalxdı. Qalxdı, amma heç kəs qalmamışdı. Yüzlərlə adam, xacə, xəlifələri Allahın bir əziz qulu yox idi.
Ağlını itirməmək üçün salavat gətirməyə başladı. Gördükləri, yaşadıqları, ona izah edilənlər, bu gözəl nemətlər yuxu idimi, deyə qəhr olarkən ocaqda hərarətlə yanan atəşə baxdı. Ocaq yanırdı. Yatmadan əvvəl sönən ocaq, Pir Həzrətlərinin az əvvəlki halda alovlandırdığı alov düz yanında idi. Yuxu deyildi bunlar, birdən əlini belinə atdı. Toxumların sarılı olduğu qurşaq üzərində idi. Xurma budağından Urcun da belində asılı idi. Həyəcanla, yüksək imanla qibləyə dönüb səcdəyə düşdü.
Saatlar keçmiş, günəş xeyli yüksəlmişdi, amma Şərif qapandığı səcdədə ağlayaraq dua edirdi. İllərdir içinə yığılan bütün ağrısını orada tökdü, Rəbbinə sonsuz şükürlərini bildirdi. Qapandığı səcdədə dua edərkən birdən ağılına Xacənin əmri gəldi: Dəniz kənarındakı qoca. Ayağa qalxıb üz-gözünü sildi. Üst-başını düzəldərkən saatlar əvvəl qeybdən alovlandırılan atəşin şiddətlə yanmağa davam etdiyini fərq etdi. Kimsə gəlməmiş, odun da atan olmamışdı. Türkistandan, Yəsidən, bəxş edilən bu ocağın atəşi nəsib və hümmət olduğu üçün “uluların nəzərləri üzərimizdə olduğu müddətcə sönməz, inşallah” deyə dua etdi. Məscid qapısından çıxarkən heybətli cavanın belində asılı xurma budağının nə olduğu ilə maraqlanan kəndlilər maraqlarını gizləməyə çalışırdılar.
“Şerif dahi ağzın açdı.
Ağzına Hazreti Hızır ağzı yarın virdi,
Eytdi:
Korkma şimden girü, yüri, didi.
Şerif bir ol kadar dahi kuvvet dutup
Velayet ve keramete kadem basdı.”18
Əhli Beytin əmanəti
Günəş zenitə yaxınlaşsa da, növbaharda yaylalar çox sərt küləkləri qonaq etməkdəydi. Dənizdən yuxarı, dağın yamacına doğru əsən qüvvətli fırtına az qala ayaqlarını yerdən kəsəcək nöqtəyə gəlincə böyük bir çinarın altında dincini aldı. Əraziyə görə atı da əldən düşmüşdü. Haynupun19 bu dağ döşləri o qədər dikdi ki, heç keçi də rahatca gəzə bilməzdi. Monqolların qorxusundan qalalarda gizlənən yerli əhali, rumlar və ermənilər həmişə müdafiə halında yaşayırdı. Bu torpaqlar üzərində qanun və nizam qalmamışdı. Hər kəs kölgəsindən qorxurdu. Tekfurlar20 də özlərinə açıq müdaxilə sahəsi tapsa, əhalinin dinini, millətini ayırd etmədən soyub yağmalayırdı. Türklərin bu yalçın dağın başını özlərinə yurd etmələrinin səbəbi də bu idi.
Dəniz kənarındakı torpaqlar, nə qədər gözəl olsa da, həm çox tənha, həm də bütün hücumlara açıq idi. Aylar əvvəl, döyüşə getməzdən qabaq sahilə uğramışdı. Burada sahildə yurd salan türkmən və Çepni əhalisinin təzə vətənlərini nə qədər böyük həyəcanla, imanla qucaqladığını görmüşdü. Onlara dağlar göstərilsə də, bu qorxusuz köçərilər inci kimi sahilləri buraxıb yaylaqlara çıxmamışdı. Dənizlə Zindan dağlarının arasındakı bu düzənlikdə üç yüz-beş yüz çadırlıq köçərilərin halıyla maraqlanmağa başlamışdı. “Başlarına bir şey gəldimi, görəsən?” – deyə, içi-içini yeyirdi.
Düzənliyə enməsinə az qalmışdı ki, önünə ağac evlərdən qurulmuş kiçik meşə kəndi çıxdı. Uşaqlığından bəri bu kəndi tanıyırdı, yaxınından keçərkən kilsənin zəng səslərini eşidərdi. Yuxarıdan aşağıya enərkən ilk fərq edilən öz kəndlərindəki kimi burada da qayın, palıd ağacından evlər və məscidlərinin yerinə böyük kilsənin varlığı idi. Bu dik yamac üzərində qurulmuş kəndin kiçik-kiçik səkilər üzərindəki bağçaları o qədər gözəl təmizlənmişdi ki, elə bil meyvə ağaclarının altındakı otlar bir-bir yolunmuşdu.
Hələ kəndə girmədən nələrinsə yolunda getmədiyini hiss etdi. Bu qədər insanın yaşadığı yerdə bu cür səssizlik çox da xeyrə əlamət deyildi. Nə səs, nə hərəkət vardı. Evlərin arasında irəliləməyə başlayanda əvvəlcə burnuna kəsif qoxu gəldi. Bir az da irəliləyəndə həm meyit, həm də yanıq qoxusu hər yeri bürüdü. Küçələrdə uzanan cəsədləri görəndə qorxuyla atını saxladı. Günlərdir elə ağrılar yaşamış, ruhu o qədər sarsılmışdı ki, bunun xəyal olub-olmadığını anlaya bilmədi.
Buranın xristian kəndi olması narahatlığını daha da coşdurdu. Nə olmuşdusa, olmuşdu, amma bu qədər murdar işin üstündə qalacağı qorxusunu lap artırdı. Atının başını çevirib kənddən tələsik çıxmağa qərar verdi. Qəfil üstü-başı cırılmış rum qızı özünü atın önünə atdı. Onu tapdamamaq üçün atını son anda necə çevirdisə, cığırdan çıxıb atqarışıq ağacların arasında diyirləndi.
Allahdan Şərif atdan yıxılanda ağaca dəymədi, yoxsa bu sürətlə mütləq harasısa qırılardı. Dəliyə dönən at da diyirlənib özündən bir neçə arşın kənarda atılıb ayağa qalxdı. Axınçı instinktiylə tez qaçıb atının biləklərini, boynunu və gözlərini yoxladı, – “çox şükür, bir şey olmayıb,” – dedi. Əlində və üzündə bir neçə kiçik sıyrıq vardı. Döyüşdə aldığı yaralarını yoxladı. Yerdəki cəsədlər, bir anda önünə çıxan gənc qız… Bütün bunların günahkarı Şərif ola bilərdi. Bir an heç arxasına baxmadan aşağıya doğru qaçmağı düşündü. “Nə olubsa, olub mənim günahım nədir? Onsuz da, xristian kəndidir, bundan mənə nə?!” – deyə bilməzdi. O, Səlcuqlu axınçısı idi. Atın cilovundan yapışıb yuxarı dırmandı. Gözəl rum qızı ona baxırdı. Əvvəl özü tullanıb yola çıxdı, sonra qızın da köməyilə atını cığıra çıxardı. Ömründə ilk dəfə gördüyü qız əlindən tutub onu harasa aparmağa çalışır, ağlayaraq nə isə izah edirdi.
Xıdır bir çox duyğunu eyni anda yaşamağa başladı. Əvvəlcə bunun tələ olduğunu düşündü, onu pusquya çəkmiş ola bilərdilər. İkincisi, bu qədər böyük müşkülatın içinə xilaskar kimi girə biləcək vəziyyətdə deyildi. Aydındı ki, kənd hücuma məruz qalmışdı, yanındakı qız da xilaskar axtarırdı. Daha əvvəl gözəl, ya da çirkin heç bir qızı belə saçları, üstü-başı açıq görməmişdi. İçində olduğu vəziyyətdən çıxmaq üçün doğru-dürüst düşünə bilmirdi. Yalnız əllərindən tutub məchula sürüyən gözəl qızın arxasınca yellənə-yellənə gedirdi. Bir qismi yanmış kilsənin önünə çatanda lap narahat oldu.
İçəridən inanılmaz fəryad səsləri gəlirdi. Bilmədiyi, anlamadığı dildə insanlar ağlayır, yalvarır, çırpınırdılar. Böyük ehtimalla bir monqol dəstəsi buradan keçərkən evləri, bağ-bağçaları yandırmış, tuta bildiyi gənc oğlan və qızları götürüb getmişdi. Yaralıları kilsəyə yığmışdılar, nə edəcəklərini bilmədən ağlaşırdılar. Uzun müddət ona nə isə izah etməyə çalışdılar. Xıdırdan nə isə istədilər, amma o heç birini anlamırdı. Gözləməklə nəyinsə həll edilməyəcəyini anlayıb yanındakı qızıl və çörəklərdən bir qismini onlara verib qaçaraq uzaqlaşdı. Adını belə bilmədiyi gözəl gözlü, gözəl saçlı rum qızı nə qədər yalvarsa da, orada dayanmasının mənası qalmamışdı. Heç bir zaman rumların dilini öyrənmək üçün çalışmamışdı. Dikdirdəki meşənin içində yıxılmadan irəliləməyə çalışarkən “Kaş, kaş bir neçə söz də olsa, dediklərini anlaya bilsəydim. Bəlkə, qızdan adını soruşar, öz adımı söyləyərdim. Onunla danışıb nə istədiklərini anlar, yardımçı olardım. Bu qara günlərində onlara kömək edərək kəndləriylə aramızda dostluq qurardıq”, – içindən keçirdi.
Bütün bu duyğulara dalmışkən atının yüyənini möhkəm tutub yıxılmamağa çalışır, sıx meşələrin içindən aşağıya doğru qaçaraq addımlarla enirdi. Uzun əlləş-vuruşdan sonra düzənliyə ayaq basdı. Uzaqdan görünən köçərilərin çadırları haradasa üç-beş qatına çıxmışdı, amma hərəkət yoxdu. Uğursuz səssizlik hər yeri bürümüşdü. Bütün düzənliyi sərt, murdar cəsəd qoxusu örtmüşdü. Bu qorxunc mənzərəni görəndə dəhşətlə atını dördnala çapır, uçurmuş kimi düzənlikdə irəliləyirdi. Yuxarıda bir neçə saat əvvəl yaşadıqlarını indi təkrar yaşamağa başlamışdı. Çadırların az qala hamısı sökülmüş, yanmış, tərs çevrilmişdi. Heç yanda insan görünmürdü. Obanın sərhədinə çatanda atdan yerə atladı. Qaçaraq çadırlar arasında gəzməyə başladı.
Vəhşi monqol dəstəsi burada bir neçə gün əvvəl olmuşdu. Bütün obaya səpələnmiş cəsədlər çürüməyə başlamışdı. Hücum əsnasında qaçıb dağlara sığınan at, qoyun, keçi günlər sonra hər şeydən xəbərsiz obalarına geri dönmüşdü. Çadırların ətrafında gəzir, obadan ayrılmırdılar. Şərif Xıdırın varlığından xəbərdar olan başqaları da vardı, amma onlar açıqda gəzmirdi. Yıxılmamış, yandırılmamış çadırların altından gizləndikləri yerlərdən Şərifi müşahidə edənlər vardı. Necə olmuşdusa, monqol quldurlarının tapa bilmədiyi uşaqlar günlərdir bu viranə içində gizlənib yaşamağa cəhd göstərirdilər.
İlk fərq etdiyi uşağın qorxuyla çadırın altına qaçması Şərifi çox narahat etdi. O anda qəhrindən ürəyinin partlayacağını düşündü. Onları daha çox incitməmək üçün yanlarına getmədi. Özü kimi yetim olan uşaqları sakitləşdirmək üçün heç olmasa, özün Türk olduğunu, yad olmadığını bilmələri lazım idi. Uşaqkən anası Rəbinin söylədiyi laylalardan qışqıra-qışqıra söyləyərək yıxılmış obanın çadırları arasında gəzməyə başladı. Bir uşaq yaddan çıxmasın, unudulmasın deyə, bütün çadırların ətrafında dəfələrlə təvaf edir, layla deyirdi. Gizləndikləri yerdən çıxan körpələr yerdə yumalanır, ağlaşaraq ona yetişməyə çalışırdılar. Analarının, nənələrinin söylədiyi bu ilahi sözlər və mahnılar onları tək-tək gizləndikləri yerlərdən çəkib çıxarmışdı. Ona yaxşıca alışsınlar, qorxuları sakitləşsin deyə uzun müddət körpələrlə düzənlikdə gəzişdilər.
Biri digərini görüb ondan cəsarət alır, hamısı bu karvana daxil olurdu. Obanın ortasındakı meydana çatanda onları gözləyən birinin də olduğunu gördü. Deyəsən, saçları çiyinlərindən aşağıya tökülən ağsaqqal da gizlənib canını qurtaranlardandı.
– Salam-əleyküm, baba, başımız sağ olsun, Allah səbir versin.
– Amin, Məhəmməd Bahadır. Cümlə müsəlmanlara səbri-cəlil lütfkarlıq etsin Həzrəti Allah…
– Bismillah, Sübhənallah.
– Qorxma övladım. Bəli, mən Yəsəvi Həzrətlərinin bəhs etdiyi dənizin kənarındakı qocayam.
– Lap yaxşı.
– Bu günahsızlar günlərdir acdırlar, donublar; hamısı xəstə və könülləri qırıqdır. İşimizi tez tamam edək ki, sən də bu balalara xidmət edəsən.
– Əmr edin, əfəndim, nə etməyim lazımdırsa, yalnız əmr edin!
– Yaxınlaş görüm, gəl önümdə diz çök! Ağızını aç!
– …
– Bu sənə hədiyyə etdiyimiz ağız yardımı ilə inşaallah irşadın tamam olacaq. Bu andan etibarən insanların, cinlərin və məlaikənin danışdığı bütün dilləri danışıb yaza biləcəksən. Allah icazə versə, çətinə düşdüyün vaxtlarda yanında olacağıq. Növbəti görüşümüzə qədər Rəhman köməkçin olsun. Piri Türküstanın sənə əmanət etdiyi ilk toxum bu xaraba olmuş obada canlanacaq. Haydı görək, işin asan olsun.
Arxasına toplaşan uşaqlara baxmaq üçün dönmüşdü ki, Xıdır bir anda yox oldu. Şərif Xıdır Əleyhissalamın bağışladığı ağız yardımından sonra təkrar piriyə səcdə edib ürəyinə yağan himmətləri təkrar etdi:
Eşqim daşdı, ruhum qaçdı haradan tapım
Arxasından eşq atını minib qaçım
Kimi görsəm Xıdır bilib əlin tutum
Xıdır və İlyas kömək edib tutsam mən.21
Yaralı uşaqların yaralarını bir-bir təmizləyib ətrafdan tapa bildiyi təmiz geyimlərlə üstlərini geyindirib yaralarını sarıdı. Tutduğu qoyunlardan iri bir qazanda hamıya çatacaq qədər şorba bişirdi. Ətrafda ağlaşan onlarla uşaq susmaq bilmir, amma yanından uzaqlaşmaq da istəmirdilər. Heç cür bişmək bilməyən yeməyin qoxusu yayıldıqca “qonaqlar” artırdı. Uzaqlarda künc-bucaqda gizlənən, Şərifin gəlişini eşitməyən, heç bir şeydən xəbərdar olmayan yetimlər yeməyin qoxusuna doğru qaçmağa başlamış, yüzə yaxın yetim-yesir ətrafını bürümüşdü. Qazanın başında ətləri qarışdırarkən dayanmadan bu düzənlikdə cücərəcək toxumu düşünürdü.
Obanın bəyinin olduğunu düşündüyü yıxılmış nəhəng çadırı neçə saat əlləşəndən sonra dikəltdi. Günlərdir yemək yeməyən uşaqların ilk dəfə qarınları doymuş, çadırın ortasında qurulan ocağın ətrafında bir-birlərinə sarılıb yatmışdılar. Səhər namazından bəri bir dəqiqədə də oturmayan Şərif Xıdır, çadırın qapısını bağlayıb qapının iç qismində yerə sərdiyi keçə üzərində yuxuya getdi. Ağlaşan o qədər uşağa baxmayaraq, yorğunluq üstün gəldi. Heç yaşamadığı hallar zühur etməyə başlamışdı. Yuxarıda kənd məscidində başına gələn yuxu ilə oyanıqlıq arasındakı o hal yenə canlandı. Uşaqların ətrafında yatdığı ocağın kənarında dayanan nəhəng Alp qucağına yığdığı odunlarla ocağı qalayırdı. Şərifin onu gördüyünü hiss edib salam verdi. Özünü nişan verdi. Gələn Seyidin böyük babalarından Seyid Battal Qazi Həzrətləri idi.
– Soyu təmiz, qanı qanımdan, xasiyyəti xasiyyətimdən mənim pak övladım. Əziz türk oğlu, igid dərvişim, haydı qalx, məni dinlə. Söyləyəcəklərimə qulaq as, haydı bismillah, bu gün çox yorulmusan.
– Çox sağ ol!
– Ciyərimin içi! Qalx, səfərə çıx. Qarşında heç kəs dayana bilməz. Yuxarıdakı dağ yolunda, cığırın sonunda mağara var. Atım Aşkarı orada tapacaqsan. Yaraq-əsləhən, paltarların da oradadı. “Tıği Dahhakı” belinə tax. Keyyusun süngüsünü və digər silahları da götür. Güştape qalxanı və Həzrəti Həmzənin bütün silahları oradadır. Haydı qalx, oyan.22
“Səhərdən bəri Pir Həzrətlərinin verdiyi ilk toxum nədir düşünürsən, mən söyləyim, bərəkət olsun sənə, övladım. Hədisi-şərifdə Əfəndimiz buyurur ki: “Sevdirin, nifrət etdirməyin; asanlaşdırın, çətinləşdirməyin”. Bax, bu küffar torpaqlarını vətən edə bilmək üçün ilk əkəcəyimiz toxum yumşaqxasiyyətlilikdir. Mərhəmət və şəfqətimizlə bu haramı yurdunu cənnət vətən edəcəyik, haydı qalx, bu övladları onları götürməyə gələnlərə təslim et. Bu balalarımızı şəfqətlə qorusunlar. Sonra da mağaraya gedib əmanətlərini götür, savaşa başlaya bilərsən. Bundan sonra sən də fərqinə varmadan bütün toxumlar bir-bir ətrafında cücərəcək” – deyib yox oldu.
Səhər açılırdı. Gün doğmağa başlamışdı. Oyanan uşaqlar yenə ara vermədən ağlayır, çarəsizcə gəzişirdilər. Kiçik olanlar ətrafı və özlərini batırmışdılar. Hər ağlayan, qışqıran körpə digər uşağı ağladırdı. “Yalnız mərhəmətlə bu dərdin, yaranın içindən çıxa bilərəm”, – dedi. Tələsik qalxıb namazını qıldı. Heç birinə kömək edə bilmədi. Qucağına aldığı uşağın yanındakı balaca ayaqlarına sarılır, qucağına çıxmağa çalışırdı. Gecə yatmazdan qabaq möhkəmcə bağladığı çadır qapısındakı kəndiri açdı, özünü çölə atdı.
Cəsəd qoxusu daha da artmışdı. Uşaqlar, yemək, çadır başını o qədər qatmışdı ki, cəsədləri unutmuşdu. Hər yer, obanın hər qarışı meyitlə dolu idi. Böyüklərinin, qohumlarının, tanışlarının cəsədlərini görən uşaqlar çarəsizcə ağlayırdılar.
Arxasına düşən uşaqlarla ətrafa nəzər salarkən “bu işin içindən çıxa bilməyəcəm”, – düşündü. Dünən fərq etmədiyi bir şey diqqətini çəkdi. Barbar monqol dəstəsi buradakı qırğından sonra demək olar ki, heç nəyə toxunmamışdı. Tuta bildikləri heyvanları yanlarında aparsalar da, qiymətli nəyəsə əl vurmamışdılar, yandıra bildiklərini yandırmış, qalanlarını atıb getmişdilər. Soyğunçuluqla irəliləyirdilər. Ağlaşma səsi ərşə qalxmağa başlayanda dünənki yemək qazanının yanına qaçdı. Sönən ocağı təkrar yandırdı. Qazanın içində qalan yeməklə bütün uşaqları doyurdu.
Bu qədər uşağı yuxarı kəndə apara bilməzdi, aparsa da, kim sahib çıxacaqdı ki? Ətrafdan yığdığı sürü: at, inək, inanılmayacaq qədər çox qiymətli əşya və bu qədər uşaqla düzənliyin ortasında gözləməyə başladı. Nə uşaqlardan ayrıla bilir, nə də onlarla birlikdə bir şey edə bilirdi.
Uşaqların ağlaması vaxt keçdikcə Şərifi özündən çıxarırdı. Heç bir şey edə bilməmək və aciz şəkildə oturub gözləmək, ağılını başından etmək üzrə idi. Olduğu yerdə çarəsizcə, hıçqıra-hıçqıra ağlamağa başladı. Özü də yetim idi. Əbdüləzizin dizinin dibində “Quran” xətm edərkən həmişə o ayə gəlib gözünün qarşısında dayanırdı. Bu an yaşadığı bütün halların tək izahı, ürəyində yanan böyük dağlara su səpəcək yeganə xilas o ayələr idi. Allaha sığınmaq və Onda sakitliyə çatmaq qədər gözəl nə ola bilərdi ki? Uşaqkən çətinliyə düşdüyü; anasını, babasını, qəribəliyini düşündüyü zamanlarda tək çarəsi olan ayələri oxumağa başladı:
“… Rəbbin səni tərk etmədi, səndən küsmədi də. Şübhəsiz, sənin üçün son olan, ilkdən xeyirlidir. Və əlbəttə, Rəbbin sənə yaxında verəcək; sən də razı olacaqsan. Səni yetim tapıb böyütmədimi? Və səni çaşmış bir halda tapıb da, doğru yola çatdırmadımı? Səni kasıb tapıb da zəngin etmədimi? Elə isə əsla yetimi əzmə! Və əsla istəyəni danlama! Və Rəbbinin nemətinə gəlincə; ondan danış.23
Təkrar-təkrar ayələri oxuyub mənalarını düşünərkən qarşısında dayandığı dənizlər, ardındakı dağlar qədər böyük sakitlik ürəyinə axdı. Heç bir qorxu əlaməti qalmadı, “bu uşaqların sahibi kimdirsə, gəlib o sahib çıxar”, – dedi. Səssizcə gözləyərkən nə edəcəyinə dair nəsə ağılına gəlmir, bu barədə düşünmürdü də.
Günortaüstü üfüqdə nəhəng toz buludu göyə yüksəlməyə başladı. Ağılına ilk gələn yeni soyğunçu monqol birliyinin yaxınlaşdığı oldu. Alnından, kürəyindən buz kimi tər axdı. Uşaqları gizləyəcəyi, daldalanacaq yer yox idi. Bir an “heç olmasa, atın tərkinə ala bildiyim qədərini götürüb qaçım”, – düşündü, amma “hansını götürəcəyəm, hansını burada qoyacağam” dilemmasına təslim olub mərhəmətsiz, qəddar ölümün gəlib üzərlərini örtməsini gözləməyə başladı.
Düzənlikdən ucu-bucağı olmayan uçqun kimi minlərlə atlı üzərlərinə gəlirdi. Nizami, təpədən-dırnağa silahlı bu ordunun qarşısından, sağından, solundan qaçıb xilas olmaq mümkün deyildi. Ən qabaqda at sürən bayraqdarı seçəndə Şərifin üzərinə sonsuz rahatlıq çökdü. Bayraqdarın əlindəki qara cüt başlı qartal bu igidlərin səlcuq aslanları olduqlarını göstərirdi. Heç bir bəyə, obaya, ya da Anadolu Səlcuqlar Dövlətinə bağlı olmayan bu nəhəng ordu könüllülərdən ibarət qazilər birliyi idi. Yeganə işləri, gecə-gündüz demədən rum elində gəzib ümmət üçün təhdid meydana gətirəcək haramıları yox etmək idi. Müsəlmanların karvanlarını bir yerdən digərinə gedərkən quldurlardan qoruyurdular.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов