banner banner banner
Sur üfürülənə qədər Sarı Saltuk Baba
Sur üfürülənə qədər Sarı Saltuk Baba
Оценить:
Рейтинг: 0

Полная версия:

Sur üfürülənə qədər Sarı Saltuk Baba

скачать книгу бесплатно

Sur üfürülənə qədər Sarı Saltuk Baba
Çinar Ata

Türk tarixi və mədəniyyətinin öndə gələn simaları yüz illər keçsə də millətimizin qəlbində yaşamağa davam edirlər. Bu şəxsiyyətlərdən biri də Sarı Saltukdur. Vəfatından əsrlər keçməsinə baxmayaraq Sarı Saltuk Baba hələ də Anadolun, rumeli və Balkan Türklərinin xatirində əziz şəxsiyyət kimi yaşayır. Sarı Saltuk Anadolu və Rumelinin fəthi zamanı böyük qəhrəmanlıq göstərmiş igiddir. Əhməd Yasəvi, Hacı Bektaş Vəlidən sonra Sarı Saltuku Xorasan igidlərindən yeddi yüz nəfərlə birgə Makedoniya və Dobrucaya kömək göndərir. Getdiyi diyarlarda Sarı Saltuk və dostlarının əxlaq və igidliyini görən yerli əhali onların nümunəvi yaşayışını görüb müsəlman oldu. Çinar Atanın ikinci romanı olan “Sur üfürülənə qədər Sarı Saltuk Baba” türklərin mədəniyyət və inanc tarixi baxımından dolğun əsərdir.

Çinar Ata

Sur üfürülənə qədər

Sarı Saltuk baba

Məhəmməd Bozqurda…

İçindəkilər

Piri-Türküstan Əhməd Yəsəvi Babanın Ocağı



Əhli-Beytin əmanəti



İman və Nəsib



Ər meydanı “Nam salma, ad alma”



Hünkar Hacı Bektaş Vəli və Qul Sarı Saltuk



Mərhaba Monastır, GünaydınFlorina



“Bəldətu'l-İkbal”da gözləyən



Tanrının itləri



Bizans, Desise, Ahval



Qırmızı çarıqlı Sultan



Dəşt-i Təbil



Zümrüdü Ankanın zühuru



Keyumərs kimdir? Barak Baba kimdir?



Erlikin kölgəsi



Qurdlar İttifaqı



Hülakunun əfəndisi



Taxta qılınc və könüllərin fəthi



İrqlərin fövqündə

Müqəddəs cihad idealı



Hələlik, Üsküp

Haqqını halal et, Sarayevo

Cezb-i hâlet peydâ kılgan Hakk’nı tapar,

Şemşîr-i din kolga alıb, nefsni çapar,

Kayda barsa, sırlar körüb, büküb yapar,

Ehlin tabsa, şerhin kılur, dostlarım-â.

Hakk’a âşık bolgan kullar tabtı murad,

Hızr, İlyâs dâim berur âb-ı hayat,

Tâ kıyâmet körmegeyler hergiz memât,

Gor içinde agâh ybabar, dostlarım-â.

Allahın adıyla!

Dünya bir dənizdi: nə göy vardı, nə torpaq – hər yer ucsuz-bucaqsız, sonsuz su içindəydi.

Cəbrayıl çox vaxt dəryada uçdu, Haqq bir ovuc torpaq, dəryaya saçdı, dərya süzülüb yer olmadımı?

Pəri qızları su üzərində cadulu rəqslərinə hələ başlamamış, qara çadır yıxılmamışdı. Uca dağların başından duman dağılmamış, ağ qızlar adəm oğlunu hələ aldadıb qaçırmamışdı. Ağsaqqallar, ağbirçəklər səccadələrini qara torpağa sərməmişdi. Günəş Turana üzünü göstərməmişdi. Gecə qaradan qara, şeytan bəxtsizlərin ən bəxtsiziydi. Biz Ötükənin, Ötükən bizimdi. Sevr Dağı bizim üçün, biz Sevr Dağı üçün darıxırdıq. Urum elində, cənubda, şimalda, məğribdə, məşriqdə…

Piri Türkistan Əhməd Yəsəvinin xəlifəsi, Seyid Battal Qazinin nəvəsi Seyid, Şərif, Xıdır, Saltuk bəy, Məhəmməd Buxari, Sarı Saltuk və təbdili-qiyafətdəkilər – Stevi Nikola, Sveti Naum, Əziz Spiridion, Əziz Söyti Nikola, Aya Dimitri, Kiliğra Sultan, Sytzigan, Baba Syrgiannes, Baba Saruca, Saltuk ət-Türkü…

Kəşflər sahibi, Nizami-aləm iddiasının qazi övliyası, uluğ qoca Sarı Saltuk babamızın Hünkar Hacı Bektaş Vəlinin icazəsiylə çıxdığı müqəddəs səfərdə “himmətlərini” “tələb edənlərə”, “nəsibi qədər” təqdim etmək məqsədilə – Kitabi-Sarı Saltuk baba Cemaziyelahirin iyirmi birində, hicri min dörd yüz otuz yeddidə yazılıb tamam oldu.

Görklü Tanrı, çətin işimizi asan et, dilimiz topuq vurmasın, fərasətimizi ali et! Ağ sözümüzə qara salıb hikmətini kəsmə! Səni xatırlamağa həvəslənən könlümüzü soyutma! Rəqiblərimizi üstümüzə güldürmə! Müqəddəs Məhəmmədin ərlərini və Onun ən nadirləri əziz Türkləri əzəl və əbədi yolunun davamçıları qıl!

“Kitab-i Sarı Saltukbaba”nı oxuyanları üçlər, yeddilər, qırxlar məclisində İmam Zeynalabidin ilə cəm et!

“… and olsun, biz sizə açıqlayıcı ayələr, sizdən əvvəl gəlib keçənlərdən bir misal və Allaha qarşı gəlməkdən çəkinənlər üçün bir öyüd endirdik.”

Gün ağardı, sis dağıldı, quru torpağa nəm düşdü. Qönçə gülə döndü. Şəfəq işıqlarıyla qapımızı döyən “Ünsüz Qoca” ata babam, “Reyhan-i Pir Vəkili” “Hazırlan, gedirik!” – dedi. Getdik səndən, ondan, bizdən – bildiyimiz hər şeydən uzaqlara getdik. Heybətin adını qoyana, “dayan” deyənə qədər getdik. Vardıq Anatolia deyilən Urum elinə…

Piri Türkistan Əhməd Yəsəvi babanın ocağı

Ravilər rəvayət edir ki, yer üzünə əzəmətlə oturmuş sinəsi uca dağlar Uluğ Tanrının qüdrət nişanıydı. Çalab müqəddəs torpaqları yaqut və almazlarla boyamışdı. Torpaqdan fışqıran abi-həyat nazlı nəğmələr söyləyərək ayaqlarının arasında dolaşırdı. Kimsə bu cür parıltını nə görmüş, nə də haqqında eşitmişdi. Yer üzü yaradıldığı gündən bu yana belə ehtişam yaşanmamışdı. Rəngarəng quşlar səmada uçuşanda göy qurşağını qısqandırırdı. İrəm bağları qədər gözəl, Pompey düzənlikləri qədər bərəkətli bu torpaqlarda xain-xain gəzən qara ölüm nə etsə də, üstünə axın-axın gələn Oğuz övladlarının qarşısını kəsə bilməmişdi.

Qoca dünya hər məharətini göstərmiş, Firdevsi hazırlamışdı. Adəmə cənnətdə təqdim edilən nemətlər əziz diyarda bu yurdun varislərinə həvalə edilmişdi. Cənnət və göz yaşı, qan və aclıq… Bu torpağın sakinləri – İsanın və Musanın davamçıları uzun zamandır yalnız hüzn mövsümü yaşayırdı. Qəhqəhə nədir? Heç uşaqlar da gülməyi bilmirdi. Doğulandan bəri ətraflarında gülümsəyən bir kimsə, insan görməmişdilər.

Papa Urbanın adamları, Hülakülər cəhənnəmi gətirib, cənnətin üzərinə tökmüş, Cəhənnəmi söndürəcək nə bir damla su, nə bir nəfəslik hava qoymuşdular. Hər dindən minlərlə, on minlərlə insan – xristian, yəhudi cəhənnəmin talan etdiyi bu bənzərsiz cənnət üçün başlarını göyə qaldırıb bir səda gözləyirdi. Səlibçilər və Tanrının itləri iki istiqamətdən irəliləyir, zülm yüksəlirdi. “Göylərin və yerin hökmdarlığının Allaha aid olduğunu bilməzsinizmi? Allahdan başqa dost və köməkçiniz yoxdur”

səsiylə gözlərini bu səfər şərqə çevirdilər. Allahın dostları, Tanrının yer üzündəki kölgələri Rum diyarına irəliləyirdi.

Məğribdən peydahlanan Romanın zülmünə məşriqdən zühur edən Xorasanın mərhəməti cavab verəcəkdi. “Üzləri dəridən qalxan kimi yumru, geniş, gözləri sanki nəzər muncuğu kimi olan uzun saçlı atlıların”

onlara su gətirməsini gözləyirdilər. Üfüqə qıyqacı baxmaqdan gözləri qıyılmış zakirlər Rum diyarına çay kimi axmağa başladılar.

Nəhayət, səmadan cavab gəldi: “Yalan, hiylə, kin, nəfs və küfr mütləq diz çökdürüləcək”. Malazgirt düzənliyində doğan günəşlə birgə gəldilər. Cənnətin üzərinə tökülən cəhənnəmi təmizləməyə gələnlər, yaraları sarımaq üçün heybələrindən çıxardıqları Məhəmmədi şəfqət ilə məzlumları salamladılar. Hər aman diləyənə, “köməyə yetiş!” deyənə mədəniyyət və hikmətlə dərman oldular. Günəşin doğulduğu yerdən gələnlər özlərini sovuran qovurucu səmum yelləri qarşısında dəmir barmaqlarını dağların zirvəsinə batırdılar. Tutuna bilməyib sovrulanları sinələrinə sıxıb yurdsuzlara yurd, aşsızlara aş tapdılar. Buxaradan gətirdikləri eşq mayasını Rum diyarında dəryalara bəxş etdilər.

İlahi əmrlə yüz minlərlə fərsəx kənardan məzlumların himayəçisi olmaq üçün yola çıxanlar qarşısına keçən fitnəni şəfqət və salamla aşaraq Şəhəri-Haynupun

qabağına qədər gəldilər. Qan, gözyaşıyla sulanan bu diyara iki dünyanın ilahi müjdəsini gətirdilər.

Böyük babaları Kırvandan

tərəkəmə tayfalarıyla köçmüş, Qaradəniz yaylalarını yurd tutmuşdular. Ədalətli bəylərdən – bəyin oğlu, soyu müqəddəs Şərif də müjdəçilərin öndə gedənlərindəndi. Cemaziyələvvəl ayının ikisində, hicri altı yüz iyirmi dördüncü ildə səhərə yaxın bahar yağışlarıyla “Bektaşiliyin sarışın dərvişi”

bu aləmə təşrif etdi.

Yaşıdlarından daha görkəmli, qüvvətli olan Türkmən balası

hər uşaq kimi atasını çox sevərdi. Atası Həsən Qaziylə onun arasında bir dastanlıq mənəvi bağ vardı. Atası döyüşdə olmadığı zamanlar evdə, bazarda, yaylada həmişə Şəriflə əl-ələ gəzərdi. Bir an olsun, Şərifi çiynindən yerə qoymazdı. Şərif və Seyid bir soydan gəldiyinə, nəslin davamçısı olduğuna görə ayrı diqqətlə böyüdülürdü. Göstərilən bu vasvasılıq heç vaxt imtiyaz mənasını vermirdi. Qədər yoldaşları; obalarındakı, qəsəbələrindəki hər müsəlman nə qədər rahatsa, onlar da o qədər rahat, yoldaşları nə qədər qəmlilərsə, o qədər qəmliydi. Rum diyarına gələn hüzn onların da xanasına süfrə açmışdı. Seyid Həsənin mahdumu olması sarışın, qumral, güclü və ulu babaları Həzrəti Həsən və Həzrəti Hüseyn kimi gözəl olması hər kəsin diqqətini çəkmişdi. Gedərkən davamlı göylərə baxardı.

Bunu görən, izləyən əhali ona “Göygöz” dedilər. Uşaq yaşlarından ağıllı, hər hərəkətinin yerini biləndi. Çox az danışardı. Saatlarla eyni otaqda yanlarında dayandığı insanlardan heç nə istəməz, “acmısan?” deyə soruşulmadıqca “yemək verin” deməzdi.

O gün pis nəsə olmuşdu. Anasının “bu gün-sabah gələcək” dediyi atası hələ gəlməmişdi. Atı bağçanın qarşısına bağlanmışdı, amma özü yoxdu. Balaca Xıdır ətrafda qaçışanların təlaşından, anasının ona yaxınlaşmamasından pis nəsə olduğunu hiss etmişdi. Qumral oğlancığını qucağından endirməyən, həmişə yanında saxlayan anası hıçqırıqla ondan qaçır, uzaqlaşırdı. Evin içində, bağçada, küçədə, anasıyla hər qarşılaşmasında eyni şey olurdu. Bu qarşılaşmalarda Xıdırı qucaqlayıb anasından uzaqlaşdırırdılar. Nə olduğunu bilmədən səhər oyandığından bəri belə gün keçirmişdi. Qaranlıq bir hüzn gəlib obalarına, evlərinə, bağçalarına çökmüşdü.

İri daşlardan hörülən divarın ortasındakı kiçik pəncərə, önünə yağan qarla örtülmüşdü. Yığılan qar altından sızan işıq otağı işıqlandırmağa kifayət etmirdi. Yerdəki kilimlər həmişə çox təmiz olardı. Anası o qədər işin arasında mütləq hər yeri silər süpürər, səliqəsizliyi heç sevməzdi. Bu gün tanımadığı çox insan gəlmiş; çəkmələrindən, çarıqlarından, məstlərindən qopan qar hər yeri islatmış, palçıq etmişdi.

Başqa vaxt olsa, otağının ucundakı ocaq mütləq yandırılardı. Üstündə, şübhəsiz, yemək olar, yemək yoxsa, mütləq bir su qazanı ocağın üzərində pıqqıldayardı. Gün içindəki yuxu fasilələrində qara ocaq ona saatlarla laylay çalardı. Gecə yatdıqları zaman xaric yanan ocaqları sönmüşdü. Təəssüf ki, kimsə bunun fərqində deyildi. Bu ocaq işi anasının vəzifəsi idi. Gənc anası Rəbi

bir az əvvəl ağlamaqdan huşunu itirmişdi.

Künclərdə və otaqlarda ayrı-ayrı toplaşanlar gəlib ona baxır, daha yüksək səslə ağlayaraq uzaqlaşırdılar. Qaş qaralanda soyuq dözülməyəcək hal almışdı. Kiçik əlləri soyuqdan göyərmişdi. Oyanandan bir şey yeməmişdi. Ac və donmuş halda nə edəcəyini düşünərkən axıra qədər açıq qapıdan çölə çıxdı. Qar üzərində ayaqyalın qaçaraq yaxınlıqdakı axırın qapısına söykəndi. Elə böyük qapı deyildi; ağac budaqlarından düzəlmiş, üzəri keçə ilə örtülmüşdü, qapı cırıldayaraq aralandı. Qapının açılmasıyla içəridəki sərt, isti hava özünü bürüdü. Axırdakı bir neçə keçi, qoyun, toyuq və yaşlı döyüş atı içərini isindirmişdi. Kiçik axırın pəncərəsi olmadığı üçün üzərlərinə bağlanan qapıyla birlikdə içərisi zindan kimi qaranlıqdı. Əlhavasına heyvanların arasından keçdi, samanın üzərində yatan bir keçiyə sarılıb yuxuya getdi.

Qara bəxtlərinə yanmaqdan Şərifi unudanlar birdən onun yoxluğunu fərq etdilər. Gecənin irəliləyən saatlarında ortalarda görə bilmədikləri kiçik Şərifi axtarışa çıxıdılar. Qoca Seravil Lələ yavaşca taxta qapını itələdi. Əlindəki yağ lampası üzünün yarısını işıqlandırırdı, üzünün digər yarısı görünmürdü. Yad adam olsa, gördüyünə salavat gətirərdi. Yaşlılığın verdiyi yorğunluqla çox xəstə görkəmdəydi, beli bükülmüşdü. Kürəyindəki donqarı başından yüksəkdə dayanırdı. Qəddini dikəldəcək halı yoxdu. Gözləri də o qədər yaxşı görmürdü. Tez-tez xırıltılı nəfəs alıb-verdiyi eşidilirdi. Şamın işığına bütün heyvanlar oyanıb hərəkət etməyə, səs çıxarmağa başladı. Səssizliyin pozulub ətrafın işıqlanmasıyla Şərifin qucaqladığı keçi yerindən qalxanda uşaq da oyandı. Qapıdan baxan yaşlı adam görməsə də, kiçik Xıdır gələnin kim olduğunu seçə bilmişdi.

– Lələ, sənsən?

– Xızır-r-r, ordasan, bala?

– Seravil Lələ, sənsən?

– Mənəm, quzum, gəl bura. Niyə bura girmisən? Saatlardır səni axtarırıq. Nəsə olub, yaralanmısan? Niyə orada yatırsan? Yanında kimsə var? Yanıma gələ biləcəksən?

– Acam, donuram.

– Vay, vay, vay! Ay Allah, sən bizə kömək ol!

Çöldəki izdiham daha da artmış, addım basacaq yer qalmamışdı. İndi səhərdən toplanan kəndlilərdən daha çox atlı və piyada əsgər gəlmişdi. Qruplaşmalar azalmış, kiçik kəndə dərin səssizlik çökmüşdü. Evin önünə gətirilən taxtın üzərində övrət yerləri örtülmüş nəhəng bir adam lüm-lüt yatırdı. Keçələrlə ətrafı çevrilmiş, yanında hazırlanan böyük qazanlarla su isidilirdi.

Seravilin qucağındakı Xıdırı görənlər rahatlayıb Allaha şükür edirdilər. Qaçırıldığını, oğurlandığını düşündükləri Sərdarın balasını qarşılarında görüb rahatlaşmışdılar. Qarışıqlıq keçəndən sonra aralarında ciddi müzakirə başladı. Bəziləri “son dəfə göstərək”, bəziləri də “uşağı üzməyin, atasını ən son gördüyü şəkildə xatırlasın, etməyin, göstərməyin”, – deyirdi. Qaranlıqda kütlənin içindən çıxıb gələn Rəbi kimsədən soruşmadan, kimsəyə izah etmədən Seravilin qucağındakı Xıdırı götürüb evin qarşısındakı atasının yanına apardı.

Böyük qazi ölməmiş, bir az əvvəl yuxuya getmiş kimi gülümsər vəziyyətdə uzanmışdı. Qaranlıqda seçə, məşəllərin işığında görə bilsin deyə Rəbi Xıdırın üzünü atasının yüzünə yaxınlaşdırdı. Kiçik uşaq atasının üzünə yağan qarı kiçik əlləriylə təmizləyir, üzünü öpür, gözlərini açmağa çalışır, saqqalını çəkişdirirdi. Bunu oyun zənn etmişdi. Atasına sarılmaq üçün əyiləndə anası təkrar huşunu itirib yerə yıxıldı.

Yerə diyirlənən Rəbinin saçları açıldı, başındakı yaylığı palçığa bulandı. Ətrafda o qədər çox yad adam vardı ki, bir tanış, qohum olmadığı üçün bu yad adamlar uzanıb qadını yerdən qaldırmağa cəsarət edə bilmədi. Əli-üzü palçığa bulanmış Xıdır ayağa qalxdı. Kürəyi üstə yıxılan anasının palçıqlı örtüyünü götürüb üzünün, saçlarının üzərinə atdı. Kiçik uşaq ağlamırdı, amma çox qorxmuşdu. Ətrafında gəzən silahlı adamları tanımadığı üçün kimsəni yanlarına yaxınlaşmağına imkan vermirdi. Hərdənbir hıçqırır, ağlamsınır, sonra təkrar ətrafına hücum edirdi. Anasına kürəyini vermiş, ona yaxınlaşmaq istəyənlərə təpik və yumruq atırdı. Zorla qucağına götürməyi bacaranların üzünü cırmaqlayır, var gücüylə havalanmış kimi qışqırırdı. Yerdən tapdığı böyük çubuqla yaxınlaşanları vurur, mənasız səslər çıxarır, qışqırırdı. Ətrafı açılınca arxasına dönüb anasının üzünü silir, onu öpür, saçlarını tumarlayırdı. Bu əzizləmə çox qısa sürür, dərhal arxasını dönüb əlindəki çubuqla onu və anasını yerdən qaldırmaq istəyənlərə təkrar hücum edirdi.

İlk andan bəri yaşananları kənardan seyr edən Sivaslı qazilərdən ulu Sərdar Əbdüləziz işin hara çatacağını, uşağın nələr edə biləcəyini görmək üçün həm özü müdaxilə etmir, həm də ailə yaxınlarının müdaxilə etməsinə icazə vermirdi. Kimsə bu qara gündə bu işin nə olduğunu anlaya bilmədi. Şərifin yaxınları başına toplanmış, Rəbini və özünü yerdən qaldırmaq üçün əsgərlərdən icazə istəyir, qışqırıb çağırırdı. Əbdüləziz “kimsə yaxına getməsin, mən icazə verənə qədər kimsə yaxınlaşmasın” deyə nərə çəkdi.

Şərifin qonşularından fərqli paltarlar geyən bu adamların hamısı atası kimi geyinmişdi. Hər kəsin qorxduğu, çəkindiyi bu qışqıran adam da atası kimiydi. Onun da belində böyük qılınc, kürəyində kaman, sadaq, sinəsində zireh, üzündə dərin yara izləri vardı. Ondan qorxsa da, ürəyində ona qarşı izaholunmaz güvən meydana gəlmişdi. Çevrənin ortasında yerdə yatan qadının ətrafında, əlində çubuğuyla vurnuxan uşağın yanına çömən gənc qazi, onu sakitləşdirməyə çalışıb danışmağa başladı.

– Dayan görüm, yalmansız sarı aslanım, nə oldu sizə, maşallah, bu nə hikkədir! Kim nə etdi sənə, əmilərə niyə vurursan?

– …