скачать книгу бесплатно
Özsüzlük
Zümrüd Anka
Zümrüd Anka yeni nəsil Azərbaycan yazarları içərisində ən parlaq simalardan biridir.
Onun “Özsüzlük” romanı yeni ailə quran gənc insanların mənəvi-psixoloji sarsıntılarını əks elətdirir.Romanı oxuduqca kəskin emosiyalar türbülansına düşdüyünüzü hiss edəcəksiniz. Fəlsəfi ümumiləşdirmələr və qadın azadlığı siyasi çalarlarıyla zəngin olan bu kitab dözrün nəbzini tutmaqda oxuyanlara yardım edəcək.
Zümrüd Anka
Özsüzlük
– Mən Tanrıyam – dedi beton skamyada oturub, yaxınlıqdakı marketdən aldığı göbələkli dürümü kağızından çıxartmağa çalışan adam.
– Məmnun oldum. Mən də Laləyəm, sevgili Tanrı – gülümsəyərək cavab verdim, – Nə zamandan Tanrı olduğunuzun fərqinə vardınız?
– 16 yaşımdan. Bir gecə özümü kənardan izlədiyi-mi hiss elədim, bədənim hərəkətsiz idi, onun üzərindəki kontrolu itirmişdim, sanki ruhum vücudumu tərk etmişdi. Və Tanrını gördüm, İsgəndər olaraq yer üzündə yaşayacaqdı Tanrı artıq. Ölmüşdüm.
– Həə, aydındı, yuxu imiş.
– Deyildi, bütün güclərindən imtina edib insan kimi yaşamağı yoxlamaq istəmişdi Tanrı. Bax, mən həmin o Tanrıyam. İnsan olmağın necə bir şey olduğunu öz dərimdə hiss etmək istədim sadəcə, izləməkdən yorulmuşdum.
Qağayıları seyr edərkən əlimdəki pendirli dürümdən bir dişlək də alıb, eşitdiklərimin ciddi olub-olmadığını aydınlaşdırmaq üçün İsgəndərə tərəf döndüm. Gülümsəyən iri gözləri həyəcanla gözümün içinə dikilmişdi. Güldüm:
– Bilirsən də, bu dediklərinə inanırsansa şizofreniya olma ehtimalın Tanrı olma ehtimalından yüksəkdi. Və mən arxama baxmadan buradan qaçmalıyam, sənsə Tanrı deyilsən. Mən heç Tanrıya inanmıram da… hərçənd inandığım zamanlar da olub.
O da güldü:
– Dürümlər dadlıymış, mən də acammış. Tanrı görmüsən indiyə qədər? Necə olduğunu bilmirsənsə, mənim Tanrı olmadığımı necə isbatlaya bilərsən.
Gülümsədim, inandırıcı deyil əlbəttə. Eyni zamanda qərar verməyə çalışırdım: adam dediklərinə doğrudan inanır, yoxsa mənə maraqlı görünmək üçün hekayə uydurur?
– Niyə məhz İsgəndər? Tanrı niyə İsgəndəri seçdi ki? – soruşdum.
– Kim olsaydı eyni sual olmayacaqdımı, bu sadəcə təsadüfdür. Qərarım qətiləşdikdən sonra, ilk ölən insanı seçəcəkdim.
– Ou, Tanrı və təsadüf… Hm, aydındı. Mənim həyatımda niyə varsan bəs… normal adamın sənin həyatında nə işi var ki, ay Lalə… Tanrıymış! Bu nə dünya-dı yaratmısan, sənallah, məmnunsan əsərindən?
– Səncə dünyanın bu hala gəlməsi mənim əməyimin məhsuludu?
– Hadisələrin hara varacağını bilmirdin ki? İnsanların nəfsindən xəbərin yoxmuş kimi…
– Bilmirdim. Axı dinlərin təsvir etdiyi Tanrı mən deyiləm.
– Hə, dinlər. Onsuz da dinləri, insan beyninin məhsulu hesab edirəm. Amma Tanrı haqqında bir fikrim yoxdur, varmı, yoxmu? Varsa, onun məni anlayacağından əminəm, yoxdursa da, canı sağ olsun. Sən də Tanrısan ya yox, bu da önəmli deyil, mənə sənlə maraqlıdı hazırda. Amma əgər Tanrı varsa, zənnimcə o, eqoist və sadistdi…
– Eləyəm.
– Tanrıya bilirsən nə qədər deyiləcək sözüm, veriləcək sualım var idi?
– Hamısını cavablandıra bilərəm…
Hava xoş idi, sükut içində dənizi izlədik. Həqiqətən də Tanrıyla aydınlaşdırmaq istədiyim o qədər mövzu vardı ki… Amma bu Tanrı indiyə qədər tanıdığım Tanrıdan deyilmiş, bəs kim idi qarşımdakı adam? Fırıldaqçı, gopçu, qadın ovçusu, ya beyninin uydurduğu aləmdə özünü Tanrı hesab edən psixoloji xəstəmi?
– Bəs sən təksən?
– Bu qalaktika üçün hə. Çünki sizin qalaktika, içindəkilərlə birlikdə yaradıcılığımın bəhrəsidir. Kainatda başqa nələr var bilmirəm. Siz insanlar Tanrını ilahiləşdirirsiz, amma mən də sizin kimi təkamül nəticəsiyəm, inkişafın elə həddinə çatmışdıq, elə güclər qazanmışdıq ki, sən indi onu təsəvvür edə bilməzsən. Mənim irqimdən 16 nəfər idik əvvəl.
– Dünyanızda seks də vardı?
– Həzz ala biləcəyimiz o qədər çeşidli vasitələr vardı ki. Biz ölümsüzlüyə çatmışdıq, Lalə, törəməyə gərək qalmamışdı.
– Ecaskarmış… bəs sonra? Sonra nə oldu ki, bu boyda p.x qaynatdın?
– Sonra bizə məlum olmayan hansısa bir enerji hər şeyi məhv etdi. Bir tək mən sağ qaldım. Boşluqda, sükutda… Bir müddət yalnız qaldım, darıxdım və… və dünyanı yaratdım.
– Hə, yəni bu hamısı sadəcə bir eksperimentdi? Gedişatı və sonu sənə belə bəlli olmayan sınaq nəticəsiyik eləmi?
– Elədir…
– Bəs sizin Tanrınız? Sizi hansı qüvvə yaratmışdı?
– Şəxsən mənə bu maraqlı deyildi. Məncə heç birimizə maraqlı deyil.
– Səni Orxana danışacağam, peyğəmbərliyini elan etmək üçün qırx yaşını gözləyən dünyadan qopmuş dostumdu.
Gəzişməyə başladıq. Heyif deyil kiçik zənn edilən pulsuz zövqlər? Fevral günəşi də o nəsnələrdəndir. Beynimdə paralel olaraq bir-birinə zidd fikirlər qaynaşırdı. Hansına üstünlük verəcəyimi bilmirdim. Axışına buraxmaq ən yaxşısı idi.
– Sən mənə pis təsir edirsən. Mən mən olmuram sənlə, dəyərlərim alt-üst olur.
– Hə, ilk görüşdə sevişməmək kimi bir dəyərin məsələn, – deyəndə, duraqsayıb, əsəb dolu pərt baxışlarla gözünün içinə baxdım, o isə gülümsəyib – adiləşincəyə qədər bunu sənə xatırladacağam – dedi.
– Kimsənin cinsi həyatına dair seçimləri məni narahat eləmir, ortada şiddət yoxdursa, tərəflər məmnundursa kimə nə, mənə nə. Amma mənim öz dəyərlərim var axı – dedim.
– Bu bilirsən nəyə bənzəyir? Elə bil mən deyirəm ki, bakirə olmayan qızla heç vaxt evlənmərəm, əziz insanlarımı da belə bir evlilikdən çəkindirərəm, amma kimsə evlənəcəyi qızın bakirəliyi ilə maraqlanmırsa, mənə nə, öz işidir. Bax sənə dəyər adı ilə sırınan şeylər bəzən bu qədər saxtadır. Biz səninlə tanış olurduq, həm də bədənlərimiz bir-birini tanıdı. Yaxşı tərəfdən bax, indi əminsən ki, mənim sənə marağım səni yatağa salmaqdan ibarət deyil.
***
Artıq üçüncü il idi ki 8 martda fəvvarələr meydanı feministlərin izinsiz aksiyasına şahidlik edirdi, bu gün də günorta saat üçə yürüş planlanmışdı. Hər keçən il aksiya iştirakçıları sayca artır, yürüş daha mütəşəkkil şəkil alırdı. Keçən il aksiya dağıdılana qədər mahnı oxuyaraq xeyli məsafədə yürüş edə bilmişdilər. Ancaq oxuduqları mahnının sözlərinin türkcə olması, plakatlardan birindəki vagina mənimdir, kimə istəsəm verərəm yazısı daha çox müzakirə səbəbi olmuşdu. Bu il öz bəstələri vardı. Polislərin də öncəki illərdən daha canfəsanlıqla hazırlaşdıqları say-larından bəlli olurdu.
Günorta hər zaman oturduğum kafedə İsgəndərlə görüşəcəkdik. Öncədən xəbər almışdım yürüşə qatılacaqsa görüşü təxirə salacaqdım. İkimiz də qatılmayacaqdıq, mən çəkinirdim, onun səbəblərini isə sorğulamadım. Kafeyə daxil olanda sosial şəbəkələrdən tanıdığım ictimai fəalları gördüm, içəridə bir qaynaşma var idi ki gəl görəsən, əsl bayram abhavası. Plakat hazırlayan kim, maskaların üzərinə yazılar yazan kim, yer yox idi oturmağa. Bir az içəridəki masalardan birində Muradın qara maska üzərinə ağardıcı ilə “FOR EQUALİTY” yazmağa çalışdığını gördüm, qucaqlaşdıq, oturmaq üçün izin istədim. İsgəndər də az sonra bizə qoşuldu. Bir neçə maskanın üzərini yazdım, Muradın maskası ilə şəkil də çəkdirdim. Nurlanla Əsli körpələri ilə gəldilər, Nurlan jurnalist kimi izləyəcəkdi yəqin, Əsli isə balaca Uğuru ilə iştirak edəcəkdi hər halda. Yanımdakılara uğurlar dilədim, bapbalaca mənəvi dəstəyimin sevinci ilə kafedən çıxdıq. Həyəcan keçirirdim onlar üçün.
Biz kafedən çıxanda qapıdan bir qədər aralıda bir qız “burax qolumu, Nurlanı çağırın, məni aparırlar!” deyə qışqırırdı. Yekəpər kişi qolundan tutub nəsə deyirdi ona. Bir neçə dəqiqə sonra isə başqa bir yekəpər içəridən başqa bir qızı darta-darta çıxardı, ikisi də qızların qolundan yapışıb küçə ilə üzüyuxarı irəlilədilər. Nurlan hadisəni telefonla çəkib canlı yayımla paylaşırdı artıq. Ona da bir kişi yaxınlaşdı, “jurnalistəm!” deyib qışqırdı, adam uzaqlaşdı.
Bir az irəlilədik, sahildə gəzməyi planlamışdıq, İsgəndərsə aksiyanı izləməyi təklif elədi. Mənim rahat olacağım məsafədən izləyəcəkdik. Bir az aralıda skamyada oturub gözlədik. On dəqiqə qalmışdı üçə. Meydanda polis əlindən tərpənməyə yer yox idi. Qorxu aşılayırdılar mənə.
– Gəl qatılaq – İsgəndər təklif elədi.
– Yox.
– Gedək Uğuru oynadaq onda.
– Görmürəm onları.
Az sonra çaxnaşma başladı, polis kütləsi mərkəzləşməyə başladı, biz izlədiyimiz məsafədən nə bir səs eşidildi, nə də bir plakat göründü. Bircə bənövşəyi tüstü havalandı, etirazın rəngi bənövşəyi idi. Yarım saat içində meydan polislərin oldu. Sonradan sosial şəbəkələrdən izlədiyim qədərilə, aksiya təşkilatçıları yürüşə qədər saxlanılmışdı, iştirakçılar da yerindəcə patrul maşınlarına basılıb, ayrı-ayrı istiqamətlərə aparılmışdı.
– Gəl biz də qoşulaq. Uzağı ikimizi də tutacaqlar da. Nədən qorxursan?
– Məsələ o deyil. Heç bir idealogiyanın içində olmaq istəmirəm. Öz həyat prinsiplərim var. Arxasınca gedəcəyim adamların səmimiliyinə inanmıram, güvənmirəm heç kimə.
– Güvənmə də. Orda insan hüquqları pozulur və sən sadəcə izləyirsən. Qorxursan.
– Qorxuram, yaxşı. Onların mübarizəsini dəstəkləyirəm, amma qoşula bilmirəm.
– Elə olmur amma, güclülər zəiflərlə dilədikləri kimi davrana bilirlər. Həyat belə qurulub. Pulu verən mahnını sifariş edir. Əzilənlər haqlarını sökə-sökə almalıdır, buna layiq olduqlarını göstərməlidirlər.
Üzülmüşdüm, aksiya başlamadan bitmişdi, şüarlar səslənmədən, qətnamə oxunmadan.
Sahilə doğru yeridik. Vitrindəki manikeni göstərib soruşdu:
– Bu manikenin yerində olmaq istərdin?
– Yox əlbəttə, niyə əşya olmaq istəyim ki?
– Bəs ağac? Ağac olmaq istəyərdin?
– Yox, canlıdırlar, amma onlar da hərəkətsizdilər. Adamın bağrı çatlayar…
Sahildəki iri ticarət mərkəzinin yanından keçəndə vitrinlərdəki əksimizə işarə edib dedi:
– Bax, gör nə gözəlik yan-yana – vitrinlərdə özümüzə baxmaq, vərdiş halını almışdı.
– Eləyik… Bilirsən, əvvəllər o qədər başqalarının məni görmək istədiyi kimi mövcud olmuşam ki, özümə gəlməyə çalışanda kim olduğumu, nələri sevdiyimi bilmirdim, mənə aid arzularım belə yox idi, təsəvvür edirsən? Sonralar özümə bir söz verdim ki, yanımda hər kim olursa olsun, ya içindən gəldiyi kimi olsun, ya da heç olmasın. Mən də özümə xəyanət etməyəcəkdim artıq, içimdən necə olmaq gəlirsə, elə də olacaqdım. Yəni, yanımdaykən Tanrı ola bilərsən. Tanrısan, ya insan – maraqlı deyil mənə, amma məncə tənhasan, özünü həqiqətən də yalnız hiss edirsən.
– Özü də necə… O boşluğu təsəvvür edə bilməzsən.
Beton skamyamızda oturduq.
– Dünya sadəcə bir simulyasiyadır. Düşünsənə, oyun kimi.
– Elə olsaydı qırmızı donlu sarışın olmaq istərdim görəsən? Məncə yox. Diqqət çəkməkdənsə, sakit, amma ürəyimcə yaşamağa üstünlük verərdim.
Gülümsədi:
– Gördüyün hər şey ilğımdır, təsəvvür edirsən, hər şey. Heç rənglər belə yoxdur, onlar belə sənin beynindədir.
– Olsun da, rənglər məni sevindirirsə, nə fərqi var bu yansımadır, ya həqiqət. Görə bilmənin sevincini də çox görməsənə adama.
– Heç nə gördüyün kimi deyil. Bax sən bu şam ağacını yaşıl görürsən. Bəlkə əvvəl bütün şam ağacları bənövşəyi idi, sonra yaşıl olsunlar istədim və hər şey yeniləndi sistemdə, faktlar, yaddaşlar belə. Kimsə şamları bənövşəyi xatırlamır indi.
– Onda insanı hermofrodit yaradardın da, kişilərin qadınlara, qadınların kişilərə ehtiyacı olmazdı törəmək üçün.
– Hardan bilirsən, bəlkə elə yaratmışdım, sonra dəyişmişəm? Onda ruhlar yenilənməzdilər… Hər şey saxtadır, Lalə, bildiyin hər şey. Gerçək olan bir mənəm, bir də ruhlar.
– Ruhlar?
– Aha, mən onları enerji adlandırıram, dünyanı o ruhlar üçün inkubator kimi yaratmışam. Ruhlar gerçəkdi, qalan hər şey boşdur. Enerji miqdarı sabitdir, dörd min dörd yüz qırx dörd enerji var, ya da sənin dilində desək ruh, bir şəkildən başqa şəklə keçirlər və hər yaşadıqları cisimdə yenilənirlər, bir üst səviyyəyə qalxırlar. Hər ruh fərqli yenilənmə mərhələsindədir.
– Reinkarnasiya kimi? Bəs ruhlar şəkil dəyişəndə bütün canlılara çevrilə bilirlər?
– Hə, həm də cansızlara, əşya kimi də yaşaya bilərlər, bitki, heyvan, insan kimi də. Hər dəfə ruhlar yerini dəyişəndə onun üçün ayrı reallıq yaranır. Necə ki sən kompyuterdə oyun oynayan zaman mövcud xarakterlərdən birini seçirsən, oynayırsan və onun davranışlarını artıq sən təyin edirsən, botlarla ruhlar da belədir. Yenilənməyi bacarırsa botda yaşayır, mövcud olduğu botda dəyişim potensialı bitdikdə ruh botu tərk edir, bu zaman hadisələr, kimlik, xatirələr silinir, öz dəyişim mərhələsinə uyğun başqa bir bot seçir və yeni seçdiyi bota görə xatirələri yaranır.
– Demək hər şeyin, əşyaların belə bir ömrü, öz zamanı var. Mən nəyəm bəs, bot, ya ruh?
– Cavabı eşitməyə hazır deyilsən.
– Olsun, mənə onsuz bunun da fərqi yoxdur, ruha da inanmıram, Tanrı kimi. Mənə görə biz sadəcə minerallardan, üzvi maddələrdən ibarətik. Yaşamı sonlandırıb təbiətə qarışacağıq, sonra həmin hissəciklərimizdən yeni canlılar və cansızlar yaranacaq. Təsəvvür elə indi mənim içimdə bir qaya parçasından atom ola bilər, ya hansısa ölmüş qurbağanın zülal hissəciyi, ya da məsələn feodolizm dövründə ömür sürmüş hansısa insanın mineralı, hər mövcud nəsnə özündə nə qədər başqa nəsnələrin zərrəsini daşıyır… Yaxşı, tutaq ki, ruhlar yenilənib tanrısal səviyyəyə çatdılar, bəs sonra nə olacaq?
– Sonra ruhları da götürüb dünyanı tərk edəcəyəm.
– Niyə ki?
– İrqimi məhv edən enerjini araşdırmaq üçün bir yola çıxacağam.
– Deməli sənə əvvəlin maraqlı deyil, necə yaradıldığın. Sənə sonun maraqlıdı, ölməkdən qorxursanmış…
– Bəlkə də. Bilmirəm…
– Mənə elə gəlir ki, insanlar ölməkdən qorxur deyə ölümsüzlük əfsanələrinə inanırlar, Tanrı da əfsanədir, bəşəriyyət var olduqca ölməyəcək əfsanə… Həyatında çox qadın olub?
– Olub da.
– Ən uzun münasibətin nə qədər davam edib?
– Təxminən bir ay, daha çox bir günlük münasibətlər.
– Nə qədər fərqliyik sənlə. Mənimsə sonuncu münasibətim bir il çəkdi.
– Day denən evlilik yaşamışam da.
***
Tərlanla görüşəcəkdim, görüş bitənə qədər əslində vidalaşdığımızın fərqində deyildik. Ayrılmağına ayrılmışdıq, amma əvvəllər də o qədər ayrılmışdıq ki, bu dəfə də öncəki ayrılıqlardan olacağını fərz edirdik məncə. Hər dəfə bir-birimizdən uzaqlaşanda daha dəyərli olurduq deyəsən. Daha yaxın, daha aydın münasibətə keçid alırdıq, amma aydınlanıb qurtara bilmədik. Havadan, sudan səbəblər tapırdı, o deyilsən, o deyilik, bəzən qısqanırdı, bəzən özünü münasibətə layiq görmürdü, bəzən də məni, bəzən isə mənə aidiyyatı olmayan səbəblərdən – maddi sıxıntıları, ailəsiylə münasibəti, ruh düşkünlüyü – sadəcə tək qalmaq istəyirdi. Ona yetəri qədər zaman ayırmadığımı, amma bunu anlayışla qarşıladığını hiss elətdirirdi. Haqlıydı əslində, mənim sevgiliyə ehtiyacım vardı, ayıracaq zamanım isə yox idi. Bəzən də mən uzaqlaşmaq istəyirdim, soyuq, məsafəli davranırdım. O qədər qarışıq hislər keçirirdik ki, məsələn eyni anda həm yaşlılığımızı birlikdə xəyal edirdik, həm də bəlkə başqası səni daha xoşbəxt edər deyirdik bir-birimizə. Hərdən özümü yamaq hiss edirdim onun ömründə. Adamın ömrünü zəbt edə bilmərəm, yaşlanınca ona ailəni əvəz edə bilmərəm firki məni rahat buraxmırdı. Verəcəyim heç nə yox idi, heç nə də istəmirdim. İmkan varkən doya-doya sevmək, sevişmək…
Hər dəfə itirirdim Tərlanı, hər dəfə həyatdan qopacaq qədər üzülürdüm ayrılığa. Düzdü sonralar bu üzülmələrimin şiddəti azaldı, məsələn səbəbsiz süzülən sükut göz yaşlarım, dalğınlığım azalırdı. Bilirdim ki, bir neçə gün sonra yenə heç nə olmamış kimi qaldığımız yerdən daha coşğulu davam edəcəyik. Amma çox qorxduğum tərk edilmək hissini yaşayırdım hər dəfə. Bir il sonra tükəndiyimi hiss edincə bitsin istədim. Bilirdim ki, Tərlanla yaşadıqlarımı bir də yaşamayacağam çox güman, mən qadın olmağın nə olduğunu Tərlanla dərk etmişdim, utanc hissimi onla yenmişdim. İzlədiyim filmlərdən, oxuduğum romanlardan, baxdığım pornolardan belə daha əlvan gəlirdi mənə öz yaşadıqlarım, hərçənd ikimiz də sevişməkdə naşı idik. Elə ona görə də çirkinləşmədən bitsin istədim. Hər şey ən gözəl şəkildə yadımda qalsın. Bir ömür bu xatirələrimlə ovuna bilərəm sandım. Doymamışdım sevgiyə də, sevişməyə də, amma gözüm, könlüm tox idi.
Görüşdük. Saçlarını dibindən kəsmişdi, həmişəki kimi çəkingən təbəssümü ilə gizlətməyə çalışırdı gözlərindəki hüznü. Ən xoşbəxt sandığım anlarında belə qəribə həzinlik vardı Tərlanda və bu məni rahatladırdı, bilmirəm niyə. Sakit, kədərli, sevgi dolu idi. Birlikdə susa bilirdik, gözəl idi.
Gələndə ən sevdiyim iki şeyi almışdı: ağardılmış fındıq, tünd şokoladlı kəpəkli peçenyələr. Qucaqlaşdıq. Çay aldıq. Danışdıqlarımızın çoxunu xatırlamıram, gözlərinin ifadəsi yadımdadı sadəcə. Yəqin o da mənimkiləri zehnində bərkitdi, bitdiyini gözlərimdən oxuyurdu, görürdüm.
Deyəsən dedi ki, əvvəlki Tərlan deyil, indi hər şeyi daha yaxşı başa düşür. Münasibətimiz təzə başlayanda ən sevdiyim kitabı oxumağa başlamış-dıq. Biz hər görüşəndə kitabı növbə ilə səsli oxuyurduq, həm də müzakirə edirdik. Sonra bezdik, Tərlan mənim qədər sevmədi kitabı, zamanla oxumağı dayandırdıq. İndi kitabı bitiribmiş, həm də sevibmiş. Hətta əvvəllər birlikdə izləyib sonda mübahisə etdiyimiz filmlərə bir də baxacaq, deyəsən hamısında yanılıbmış kimi hiss edirdi.