banner banner banner
Özsüzlük
Özsüzlük
Оценить:
Рейтинг: 0

Полная версия:

Özsüzlük

скачать книгу бесплатно


Sevdiyini xatırlatdı, ondakı yerim dəyişməyibmiş, bu daha ülvi bir hisdi, nə yaşadıqlarımız, nə cür yaşadıqlarımız mənim ondakı yerimi dəyişmirmiş… istədiyim zaman, istədiyim məsələylə də onu narahat edə bilərəmmiş… hər şəkildə ayrılıq istəmədiyini bildirirdi…

***

Ruhumuzun bəlli bir şəkli olmalıdır, bizdən xoşbəxt olmaq, şükür etmək, ətrafa pozitiv enerji saçmaq tələb olunur. Əgər içində olduğu mühit insanı yorursa, enerjisini tükədirsə, sevmədiyi adamlarla nəzakətli davranıb, sevmədiyi işləri gündəlik görməkdən yorulursa emosional əzginlik bir müddətdən sonra bədəninə yansıyır, bronxlar, bağırsaqlar, ürək, dəri belə narahat olaraq bir şeylər dəyişməlidir deyə mesaj verir. Mühiti və başqalarını dəyişmək kimi şansımız olmadıqda araya psixoloqlar, psixoterapevtlər girir, hadisələrə baxışı dəyişmək, ya da verdiyin reaksiyanı ləngitmək üçün.

Bizdəki ruh həkimləri baxdığım filmlərdəki kimi adamı divana uzandırıb uşaqlığına səyahət etmirmiş, bunu psixoterapevtə gedəndə anladım. Heç otaqları da adi xəstəxana otaqlarından fərqlənmirmiş. Ağ divarlar, qara, dəri üzlüklü balaca divan, eyni üzlüklü bir neçə stul, içi kağız-kuğuzla dolu ofis şkafı, ofis masası… Belə mühitdə dərdimi danışmağım gəlmirdi. Dərdim də yoxdu əslində. Bir neçə nəfərin məsləhəti ilə seçdiyim psixoterapevt xoşuma gəlməmişdi, bəlkə gözləyirdim ki, danışmadan məni anlasın. Bir də yuxugətirici dərman yazıb, maşın sürərkən ehtiyatlı olmaqla bağlı xəbərdarlıq etməmişdi. Sonra da maşını beton dirəyə sürtdüm, dərmanlardan olmaz ki soruşanda, olmaz demişdi.

Bu, psixoterapevtə üçüncü gəlişim idi, əvvəlki görüşlərin hər ikisində ağlamışdım, söhbət də qısa çəkmişdi. Müayinəmə bir qədər gecikmişdim. Foyedəki rəngli divanda oturub, içəridəki adamın çıxmağını gözləyirdim. Sükutu arada qeydiyyatçı qızın telefon danışıqları pozurdu, deyəsən qızı ilə danışırdı, ya da oğlu, məktəbdə infeksiya aşkarlandığı üçün qızını – mənə elə gəldi qızdı – dərsə getməməsi üçün razı salmağa çalışırdı. Yanımda oturan qadın üzünü qarşı divara dikib ağlayırdı, hıçqırmadan, səssizcə, arada da kağız salfetlə burnunu silirdi. Bir az keçmiş iki oğlan bir yaşlı kişiyə qollarının altından dəstək verərək içəri daxil oldular. Divanda oturanlar adama yer verdilər ayaq üstə dura bilmirdi. Məni çağırdılar. Niyəsə həkimi gözləyən adamların fonunda özümü enerjili hiss elədim.

Həkimin üzünün yarısı tibbi maskanın altında gizlənsə də yorğun gözlərindən gülümsədiyi bəlli olurdu.

– Necəsiz, Lalə?

– Kimyəvi xoşbəxt. Özümü yaxşı hiss edirəm, amma başa düşə bilmirəm bu hiss etdiklərim mənə aiddir, ya dərmanlara görədi?

– Hiss etdiklərin sənə aiddir. Dərmanlar səni xoşbəxt edə bilməz. Depressiya ruhunun rəngini dəyişmişdi, necə ki qrip olsan burnun axır və bədənin bacardığı şəkildə virusu xaric etməyə çalışır. Amma burnunun normal halı axmaq deyil, düzdü?

– Yəni, bura gələndəki mənim xəstə halım idi?

– Bəli, dərmanlar ruh düşkünlüyünü, emosional enişləri aradan qaldırdıqca sənin kimyəvi dediyin hal meydana çıxır ki, bu da sənin özünsən.

– Deməli, dərmanlar sadəcə beynimin bədənimə ziyan vurmasının qarşısını alır.

– Tamamilə doğrudur. Boğulmaların olur?

– Yox, olmayıb.

– Bəs iybilmən, dadbilmən necə, dəyişiklik var?

– Onların itməsi də depressiya simptomudur ki?!

– Bəli, sinir uclarının həssaslığı azalır. Orqanik səbəb yoxdursa zamanla onlar da bərpa olunacaq. Bəs intihar necə, ağlına gəlməyib ki?

– Doktor, siz hər dəfə israrla soruşursuz, intihar etməyə bir yerim çatmaz demişdim e, amma heç vaxt cəhd eləməmişəm axı. Mən sadəcə ölümü arzulamışam, ölmək istəmişəm, çünki yaşaya bilmirdim.

– Bəs indi necə?

– Ölümə münasibətim dəyişməyib, ölsəm nə olacaq, yaşasam nə. Hər şey hələ də mənasızdır. Vecsizləşmişəm. Kimsə ölsə belə o qədər də üzülmürəm, o bu gün öldü, mən də sabah öləcəm, neyləyim axı. Kütləşmişəm, hissizləşmişəm.

– Hə, dərmanlar şairanəliyi öldürür.

– Amma cəsarətim artıb, əhvalım yüksəlib, yaşamaq istədiyim o qədər şey var ki.

Həkim yenə mehribanca gülümsədi, mənə elə gəldi ki, məndən əvvəlki xəstə çox yorub onu, istədim mənlə yorulmasın.

– Doktor, mənə aidiyyatı olmayan sual versəm olar?

– Buyur, əlbəttə olar.

– Biri özü haqda absurd sayılacaq qədər yüksək fikirdədirsə, məsələn, özünü Tanrı hesab edirsə, bu xəstəlik əlamətidir, ya necə?

– Ola da bilər, olmaya da. Adamı görmədən tanımadan qərar vermək olmaz.

– Özünə Tanrı deyən biri həyatıma daxil olub, inanmıram təbii, amma maraqlı adamdır.

– Peşman olacağın addımlar atma yetər.

– Çalışıram.

– Hə, bir də, dərmanlar çəki almana səbəb ola bilər. Çəkinə diqqət et, kiloların depressiyasından çıxarmaq daha çətindi.

– Dərmanları hələ çox atacağam?

– Sən xoşbəxt olmağı alışqanlıq halına gətirənə qədər.

***

Üçümüz yataqdayıq, o qızı sevir, sərt və hissiz. Mənsə adama tərəf baxmağa utanıram, bütün diqqətim qızın üzündədir, onu sığallayıram, dodağını öpürəm, özünü yaxşı hiss etsin istəyirəm. Sonra yataqda ikimiz qaldıq, əlimlə özümü məmnun etməyə çalışıram, yardım istədim adamdan. O qədər çarəsizəm ki, özümə nifrət elədim. Yanağıma soyuq bir öpüş buraxıb yataqdan qalxdı, geyinməyə başladı, özüm bacarmalı idim həmişəki kimi. İndi isə mətbəxdəyəm qabları yuyuram, hər yanda uşaqlar qaçışır, deyəsən beşdi sayları. O, əlində diplomatı, əynində bədəninə mükəmməl oturan kostyumu işə getmək adıyla qapıdan çıxır. Dodağımın altında məni niyə tək qoydun, nə olar azacıq yardım etsən, ay əclaf, axı boğuluram deyib deyinirəm, amma bunu elə edirəm ki, səsim havada buxarlansın, kimsə bilməsin. Hönkürüb ağlamağa başladım. Suyun şırıltısı, boşqabların cingiltisi, səsimi gizlətmə cəhdlərim… Ağlamağımın şiddəti artır, o gedib. Yuxudan ayılanda hələ bir müddət xəyalla gerçək arasında ilişib qaldım, ayıldığımı dərk etməyə başlamışdım, amma hıçqırıqlarımı kəsə bilmirdim, evdəki sübh sükutunda səsimin əks-sədası beynimə çırpılırdı. Sakitləşəndə həmin adamın Cəlal olduğundan əmin idim, hərçənd üzünü görməmişdim. Özümə gələndə anladım ki, hər gün yaşadığım rutin yuxuma girəndə kabusa çevrilirmiş. İçində gülərək yaşadığım kabus.

***

– Aman, tanrım!

– Buyur.

– Quşlardan qorxursanmış…

– Qorxuram, hə.

– Niyə? Uçurlar, azaddırlar, yoxsa kontrol etmək olmaz deyə xoşlamırsan onları?

– Sistem xətasıdır quşlar, xaotik hərəkət edirlər, hardan gələcəkləri bəlli deyil, hələ üstəlik dimdikləri də var. Onları ləğv edəcəm, yaddaşlardan siləcəm, quşların varlığından belə xəbəriniz olmayacaq.

– Gözəldirlər axı. Anı yaşasana, olsun da xəta.

– Lalə, atma o simitləri, başımıza yığılırlar.

– Bəs axı deyirdin qorxuların üzərinə yerimək, qorxularla üzləşmək lazımdı. Di üzləş, baxıram.

– Əl çək, ya sən simitini qağayılara yedirib bitirənə qədər mən bax o təhlükəsiz yerdə səni gözləyəcəm, ya da dur, uzaqlaşaq burdan.

– Tamam, gəl belə edək, al telefonumu, o təhlükəsiz yerdən qağayıları yemlədiyim yerdə şəklimi çək.

Ən gözəl şəkillərimdən biri alındı: havada asılı qağayı dəstəsi, ləpəli dəniz, buludlu səma, sahildəki beton skamyada o sevincək mən. Bomboz şəkildə təkcə təbəssümüm rənglidir. Simitim bitdi. Qağayılar dağılışdı. İsgəndərdən telefonumu aldım. Quşlardan qorxduğu halda orda durub məni gözləməyi xoşuma gəlmişdi. İlk görüşdə əllərinin titrəməsi kimi, belə xırdalıqlar niyə xoşuma gəlirdi bilmirəm.

– Mən son bir neçə ildi kitab yazmaq haqda düşünürdüm, indi hardan başlayacağımı bilirəm. Səndən. Sənlə başlayacam kitabıma. Əslində gündəlik kimi bir şey, hadisələr, xatirələr, düşüncələr haqda yazmağı düşünürdüm.

– Özüm haqdadırsa oxuyaram, mənim haqda yaz, mən maraqlıyam. Sənin həyatını kimsə niyə oxusun ki.

– Mən kiməsə maraqlı olmaq istəmirəm ki, ya da kimsə oxusun deyə yazmaram ki. Ümumiyyətlə, məncə yaradıcılıq özünü sübut deyil, özünü ifadə üsuludu. Məşhurluq dalınca qaçanları, kütlənin rəğbəti üçün çalışanları mənən kamilləşmiş hesab edə bilmirəm. Adi olmaq yanlış bir şey deyil e, adi olduğunla barışmamaq, olmadığın kimi görünmək, ömrünü başqaları səni təsdiqləsin deyə israf etmək yanlışdı məncə. Adam gördüyü işdən özü zövq almalıdı ilk öncə. Əvvəllər düşünürdüm uğur hekayəmdən bəhs edən motivasiya kitabı yazacağam, sonra uğura olan münasibətim dəyişdi. Cəmiyyətin uğur meyarları ilə mənimkilər eyni deyil artıq.

– Adımı Vi qoyarsan.

– Vi? Amma o hərf bizim dildə "ve" tələffüs olunur.

– Vi, v, i. Kitab sənin qələmindən doğulur, amma mənim haqda hissələr də yazırsan. O zaman adımı seçmək haqqım var.

– Oldu, Vi.

***

Telefondakı mərhəmət dilənən səs burnunu çəkə-çəkə qulağıma pıçıldayır:

– Lalə, Cəlala haqsızlıq edirsən, bağışla onu.

– Nə haqsızlığı, ay ana?! Mən ondan heç küsməmişəm, nəyi bağışlayım axı? Bir də onun yerinə sən niyə üzr istəyirsən, bəlkə o heç bağışlanmaq istəmir.

– O, yaxşı adamdır, onun bizə elədiyi yaxşılıqları əzizlərimdən görməmişəm heç!

– Bilirəm, ay ana, qurbanın olum, axı nə vaxt Cəlal haqda pis söz eşitmisən məndən?!

– Bəs niyə bağışlamırsan? Onun acığına edirsən hər şeyi.

– Məsələn, nəyi? Nəyi onun acığına edirəm?

– Bağışla…

– Ana, nə olar, mənə dəymə. Bir dəfə də məni başqalarına qurban vermə, bircə dəfə mənə, qərarıma, hislərimə güvən. Mən ağılsız deyiləm. İzin ver lap səhv edim, öz səhvlərimdən öyrənim. Mənim qırx yaşım olacaq, bu yaşdan sonra kim məni hansı yola çəkə bilər axı?! Əgər bir yola düşmüşəmsə belə, bu mənim öz qərarım olacaq, hətta seçimim sənin çox qorxduğun "pis yol" olsa belə bil ki, bilərək gedirəm o yolu.

Səssizlik…

– Deməli sənin niyyətin budur da, Lalə?!

Bayaqkı ağlamsınan səsdən əsər-əlamət qalmamışdı artıq. Dərisinin pörtdüyünü onu görmədən də anlaya bilirdim. Sözüm qalmamışdı, dəstəyi asdım.

***

Cəlalla tanış olanda mənim iyirmi, onun on doqquz yaşı vardı. Tibb universitetinin üçüncü kursunda oxuyurdum. Hər evdə internet yox idi, olanlar da bəzən yarım saat çəkən bir neçə uğursuz cəhddən sonra qoşulurdu. Virtual bir forum vardı, ikimiz də onun üzvü idik, təxminən eyni yaşda gənclərdən ibarət, güclü senzurası olan bir forum. Yüngül xasiyyətli adamlara burda yer yoxmuş kimi təəssürat vardı, çünki adminin xoşuna gəlməyən, əxlaqdan kənar hesab etdiyi postlar silinirdi, müəllifi forumdan kənarlaşdırılma xəbərdarlığı alırdı. Forumçularla görüşə getmək üçün iki gün ac qalmışdım. Evdən icazə vermirdilər deyə küsmüşdüm, iştahım qaçmışdı. Axırda anamın rəhmi gəlmişdi.

Ali təhsil almaq üçün Lənkərandan Bakıya gəlmişdi Cəlal, universitetə qəbul olana qədər də şagirdləri ancaq oğlanlardan, müəllimləri ancaq kişilərdən ibarət bir litsey bitirmişdi. Avazımış dərisi, bataqlıq rəngdə iri gözləri, palıdı, qısa, gur saçları olan arıq, hündür oğlan idi. Görən kimi diqqətimi çəkmişdi, mənə hamıdan fərqli görünmüşdü. Mənsə görüşə qədər onun diqqətini çəkirəmmiş, forumdakı yazılarımla. Sonradan bir dəfə də Səbinə ilə – forumçu idi o da – bizim universitetə gəlmişdi, ilk dəfə baxışımız onda toqquşmuşdu, təsirlənmişdim. Tanımadığım insanların gözünə baxmağa çəkinən qız idim. Qısa zaman içində evlənmək istədiyini bildirmişdi. Düzdü həmişə sevdiyim adama ərə veriləcəyimi deyirdilər, amma deməsələr də bildiyim başqa bir “həqiqət” də var idi, sevəcəyim adamın niyyəti sevmək yox, evlənmək olmalı idi. Yəni sonda məni evlənmək üçün seçən kimsəyə aşiq olacaqdım. Oldum da. Səni sevirəmə quru mən də ilə cavab verən birinə.

Yeniyetməlik xəyallarımda hər zaman təklik arzulamışam, evim, itim olacaqdı, ürəyim istəyəndə avtostopla səyahətə çıxacaq – niyəsə xəyalımda qırmızı pikapın arxasında günəşin, küləyin altında yol gedirdim – tanımadığım yerlərdə tanımadığım adamlarla vaxtımı keçirəcək, ürəyim istərsə, gücüm yetərsə qarşılıq və minnətdarlıq gözləmədən fayda verəcək, sonra məkan dəyişdirəcəkdim, öyrənəcək, düşünəcək, yaşayacaqdım. İndi mənə aydındır ki, mən evdən qaçmaq üçün evlənmək istəmişəm. Qız doğulmağın bəxş etdiyi qadağalardan yorulmuşdum, nə intihar etməyə, nə də evdən ayrılmağa cəsarətim çatırdı. Hər iki halda anam çox üzüləcək bəhanəsiylə fikrimdən daşınırdım.

Günün birində isə fərqinə vardım ki, anamın arzuladığı həyatı yaşayıram, hər şey bal kimidi, bəs mən niyə sıxılıram? Ailəm, maşınım, ev işlərinə yardım edən xanım, dostlarım, qohumlarım, işim, işdə kollektivim, inancım belə var. Bəs mən niyə sıxılıram? Bəs mən niyə yox olmaq istəyirəm? Bəs niyə zövq ala bilmirəm? Bəlkə bunların heç biri mənə lazım deyilmiş, bəlkə hamısı yarımçıq imiş, bəlkə mən yarımçıq imişəm? Axı niyə hər kəs bəxtəvərsən dediyi halda mən eyni hissi keçirmirdim? Bəlkə artıq özümü aldatmaq istəmirdim? Mənim üçün cızılmış yolla getməliydim: həkim ya müəllim olmaq üçün oxumaq, ərə getmək, uşaq doğmaq, hər gün geyinib-keçinib evdən çıxmaq üçün işə getmək, böyüklərə hörmət etmək, kiçiklərin nazını çəkmək, uşaqların toyunu görmək, nəvə oynatmaq, ölümün rahatını arzulamaq…

Seks tabu idi böyüdüyüm mühitdə, bu haqda kimsə danışmırdı, mən bilmirəm valideynlərimin cinsi həyatı vardı, ya yox, olmalıydı, ya yox. Mən yaşamağın qaydasını ətrafımdakı qadınların dediqodularından öyrənmişəm. Bu söhbətlərdə digər qadınlar ikiyə ayrılırdı, ana-bacılar və pozğunlara. Sevgisini ərinə və onun nəslinə qulluqla göstərməli idi qadın, təmizkar olmalı, əlinin duzu olmalı, qarşısındakı od olanda su olmalı, lazım gələndə susmalı, eyni zamanda da fərasətli də olub ərini istədiyinə razı salmağı bacarmalı idi, uşaqları təmiz, tox, sakit, uyumlu olmalıydı, ən başlıcası isə fədakarlıq idi analardan tələb olunan. Bəli, analardan. Qadın varlığını ancaq doğaraq sübut edə bilərdi. Ən pisi odur ki, varlığını göstərən kimi yenə yox olmalı idi, çünki indi də övladlarına qurban olmalı idi. Kişilər isə hamısı eyniymiş. Gəzib evə qayıdanı yaxşı kişi imiş, hansısa qəhbəyə görə ailəsini atanlar da oğraş idilər. Qəhbəylə yaşayıb ailəsinə maddi korluq verməyənləri də yaxşı saymaq olardı. Oğlanlar sevdikləri ilə sevişməzlər, sevişdiklərini isə sevməzlər. Evlilik üçün qadından ən başda bakirəlik tələb olunurdu. Ona görə ikiəlli qorumalıydı qadınlar qızlıq pərdəsini.

Evlənənə qədər dörd il sevgili olmuşduq Cəlalla, hətta nişanlananda dini kəbin kəsdirmişdi atası, bizim iştirakımız olmadan. Bu səbəbdən yengə vacib idi, hər kəs bilmək istəyirdi o qədər zaman içində namusumu qoruya bilmişdim, ya təslim olmuşdum. Toy gecəmi qonşu otaqdakı üç ağırçəkili qadının iştirakı ilə keçirmişəm. Həm də həkim olduğumçün hər şeyi özüm bilməli idim, amma nəyi, hardan? Bir neçə saat içində cinsi əlaqənin alınmadığını görən qadınlar fasiləmizdən istifadə edib məni danladılar.

Mənim nəslimi təmsil edən qadın, toy boyu Cəlalı gözlərinlə yeyirdin, bəs indi niyə alınmır ki deyib tənbeh etdi. Cəlalın nümayəndəsi qadınsa bu yaxında on səkkiz yaşlı bir qızın yengəsi imiş, özünü elə rahat aparıbmış ki həmin qız, mən niyə uşaq kimi aparıram bəs özümü deyib qınadı. Qaynanam isə susurdu. Sevdiyim adama qovuşmanın ləzzətini yaşamaq yerinə, qız olduğumu sübut edə bilməmək qorxusu ilə büzüşürdüm. Vaginizm olduğumu illər sonra öyrəndim, sandığım kimi hansısa yetərsizliyi olan qadın deyiləmmiş, hər şeyin həlli varmış, çox sonralar bildim, artıq gec olanda.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)