скачать книгу бесплатно
Şəban burada dayanıb bir qədər fikir edib dedi:
– Heç sən qızın atasına söz demə, canı çıxsın. Danışarsan, o da artıq-əskik söylər, mən də, bilirsən ki, dilimin, ağzımın sahibi deyiləm. Axırda görərsən, bir biabırçılıq çıxdı. Sən qızın özü ilə danış. Elə ki razı oldu, gəl mənə xəbər gətir. Daha sənin işin yoxdur… Xərclik də istəyirsənmi?
Mələk nənə bir üçlük alıb cibinə qoyub dedi:
– Qızın nə sözü olacaqdır? Şəhərdə qız yoxdur ki, sənə bənd olmaya. Hələ çox sevinsin ki, sənin kimi oğlan onu istəyir, qızın heç sözü olmaz.
– İndi ki sözü olmaz, iş də düzələr. Sən dayanma, get.
Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb, əziyyətlə qalxıb yola düşdü.
***
Baharın axır ayının gözəl gecələrinin biri idi. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamət bərpa etmiş idi. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş ay bunların arasında ahəstə-ahəstə məbhut[63 - Məbhut – sakit] gəzib dünyaya tamaşa edirdi. Bülbüllər yanıqlı nəğmələr ilə ürək dərdlərini güllərə söyləyirdilər. Şəhər yatmışdı. Tək bir şəhər pasibanlığı[64 - Pasibanlıq – köhn. qarovulçuluq] edən xoruzlar bir-birlərinə oyaq olduqlarını xəbər verirdilər.
Bu gecə iki nəfərin yuxusu gəlmirdi. Bunların biri başmaqçı Məşədi Məmmədvəlinin cavan qızı Gülsüm idi. O birisinin də kim olduğunu mən deməsəm də, qarelər[65 - Qare – köhn. oxucu] anlarlar. Gündüzdən Şəban ona xəbər göndərmişdi ki, gecə hazır olsun ki, gəlib onu aparacağam. Ona görə Gülsümün rəxtxabına guya od dolmuşdu. İlan vurmuştək qıvrılır-açılırdı və vəd olunmuş fitə müntəzir idi.
Qarelər soruşarlar ki, axı Gülsümü Şəban harada görmüşdü ki, ona belə təəşşüq[66 - Təəşşüq – aşiq olma] etmişdi?
Yuxarıda söhbət olundu ki, Şəbanın atası başmaqçı idi. Gülsümün atası ilə şərik olduğundan oğlu Şəban uşaqlıqda tez-tez Məşədi Məmmədvəlinin evinə gedərdi. Gülsüm də uşaq olmağına binaən[67 - Binaən – köhn. görə, əsasən] qaçmazdı. Məşədi Məmmədvəli həmişə Şəbana deyərdi:
– Yaxşı başmaqçı ol, mən də qızımı sənə verim!
Şəban qızarıb, başını aşağı dikib bir söz deməzdi. Uşaqlıqdan bir məhəbbət toxumu bunların qəlbinə düşüb, gəldikcə kök atıb göyərməkdə idi. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. O gündən Şəban onu görmürdü, amma bir an – gecə, gündüz yadından çıxarda bilmirdi. Gülsümün atasının onu Şəbana vermək fikri var idi, amma o gündən ki Şəban başmaqçılığı unudub oğurluğa, qumara və sair bəd əməllərə qurşandı, Məşədi Məmmədvəli fikrini dəyişib deyirdi: "Qızımı parça-parça edib itlərə ataram, amma Şəbana vermərəm".
Gülsümə atasının bu qərarı belə təsir etmişdi ki, yazıq qız gündən-günə mum kimi əriməkdə idi. Məşədi Məmmədvəli də qızının naxoşluğunu səhl[68 - Səhl – yüngül, qolay] bilib ona əlindən gələn müalicəni edirdi. Şəban ağıçı Mələk nənəni Gülsümün yanına göndərəndən qabaq özünə söz vermişdi ki, əgər Gülsüm bunun evində arvad olsa, o da bəd əməldən əl çəkib ticarətə yapışacaq.
Gecə yarıdan addamışdı. Vəd olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa. Bir atası yatan tərəfə qulaq verdi, ondan gəldi anasına qulaq verdi, gördü hər ikisi dərin yuxuya qərqdir. Gülsüm anasının üstündən ahəstə yorğanı qalxızıb onun sinəsindən öpdü. Gülsümün gözlərindən iki qətrə yaş anasının sinəsinə düşdüsə də, oyanmadı. Yenə anasının üstünü örtüb çarşabını götürdü (libasını axşamdan soyunmamışdı). Qapıya tərəf getdi. Qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Dörd ətrafına göz gəzdirib əvvəl bir ayrıldığı evlərinə baxdı. Sonra gözlərini həyətə döndərib öz əli ilə əkib-becərdiyi qızılgüllərə qəlbən vida etdi. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən: "Get, Allah səni xoşbəxt eləsin!" – deyirdilər. Gülsüm darvazanı açıb, darvazanın dalında durmuş Şəbanla qucaqlaşıb, uzun öpüşdən sonra aşiq və məşuq əl-ələ verib yola düşdülər.
Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Qonşulardan neçə adam bir yanda əyləşmişdi. Məşədi Məmmədvəli əlində bir yekə ağac qapıda durub deyirdi: "Gərək bu saat məni binamus edən qızı parçalayam". İki nəfər şəxs onu güclə saxlayırdı. Gülsüm bir küncdə üzüörtülü, başında çarşab əyləşmişdi. Onunla üz-üzə qazı və polis naziri əyləşib sual verirdilər. Qazı deyirdi:
– Qızım, sən heç kəsdən ehtiyat etmə. Heç kəsin cürəti yoxdur sənə bir çırtma vursun. Əgər Şəban səni güclə gətirib, deginən, ta ona divan lazımınca tənbeh eləsin və səni də bu saat verək, atan aparsın evinə!
Polis naziri həmçinin qazının sözünü təsdiq edib deyirdi:
– Həqiqət belədir. Zorla qız aparmağın, zakona görə, böyük cəzası var.
Gülsümü nə qədər danışdırmaq istəyirdilərsə də, cavab verməyə həya edib dinmirdi. Axırda polis naziri dedi:
– Görünür, bu qız atası ilə getmək istəyir və güclə gətirilməyini iqrar etməyə qorxur.
Gülsüm bu sözü eşidəntək səsini çıxardıb dedi:
– Heç kəs məni güclə gətirməyib. Mən özüm öz xahişimlə gəlmişəm.
Bu sözü üç dəfə Gülsüm təkrar edəndən sonra qazının və polis nazirinin çıxıb getməkdən savayı bir çarələri qalmadı. Məşədi Məmmədvəlini də güclə öz evinə apardılar. Haman gün kəbin kəsib Gülsümü aparıb Şəbanın evində qoydular. Şəban necə ki özünə söz vermişdi, Gülsüm onun evinə gələndən sonra hər bir bəd əməldən əl çəkib, bir dükan açıb başmaq dərisi alış-verişinə başladı və bir-iki aydan sonra qayınatası ilə barışmaq fikrinə düşdü. Çünki Gülsümün də könlü anasını çox istəyirdi. Amma görüşmək mümkün olmurdu. Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Qazı isə cümə axşamına söz verdi. Çaharşənbə günü qazı qəsdən Məşədi Məmmədvəlinin dükanına gedib qabaqca özü üçün bir cüt başmaq tapşırdı və əsnayi-söhbətdə dedi:
– Sabah axşam azanına iki saat qalmış gələcəyəm. Amma özümlə də bir neçə qonaq gətirəcəyəm.
– Cəmi şəhəri gətirsən, cənab qazı, gözüm üstə yer elərəm.
Söz yox ki, Məşədi Məmmədvəli qazının xahişini anladı və artıq da fəxr etdi ki, qazıtək vücud Şəbanı onun ayağına gətirəcək. Öz ürəyində deyirdi: “Əlbəttə, beş gün tez, beş gün gec, iş olacaq idi. Bir qız bir oğlana qismətdir. Nə düşübdür, qazıtək şəxsi özümdən rəncidəxatir edim?”
Qazı məşədi ilə xudahafiz edib dedi:
– Məşədi, lumu, mürəbbə, əlbəttə, yadından çıxmasın. Gərək sabah çay hər barədə şirin olsun.
– Gözüm üstə, canım üstündə, istəyirsən, xanəndə də gətirim.
Qazı bu sözə gülüb dedi:
– Bəd olmaz! Xanəndə məhz qazılar üçün yaranıb. Xülasə, sabah axşam sənə qonağıq, xudahafiz!
– Müşərrəf, göz üstə gəldin.
Cümə axşamı müəyyən vaxtda Məşədi Məmmədvəli samovarı ağacın altında dəmləyib, göy ot üstündə sərilmiş süfrədə mürəbbə və doğranmış lumu hazır edib, özü də samovarın yanında dizi üstündə əyləşib stəkanları təmizləməyə məşğul idi.
Bu əsnada qazı, iki nəfər molla və neçə nəfər ağsaqqal təşrif gətirdilər. Gələn qonaqların arasında Şəban da görünürdü. Qonaqlar bir-bir salam verib əyləşdilər. Amma Şəban hamıdan dalda başını aşağı salmış dayandı. Qazı üzünü Məşədi Məmmədvəliyə tutub bir növ nitq söylədi:
– Məşədi, müsəlman taifəsinin gözəl bir adəti var. Bir şəxs, görürsən, gedib bir ayrı şəxsi öldürür. Sonra haman qatil gəlib məqtulun[69 - Məqtul – köhn. öldürülmüş, qətl olunmuş] evinə girəndə onun təqsirindən keçirlər. Sən belə güman et ki, bu oğlan sənə çox əziz olan bir vücudun qatilidir. İndi biz onu sənin qulluğuna gətirmişik. Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu, çox qəbih[70 - Qəbih – köhn. pis, yaramaz] əməl tutub. Sənin namına toxunub, amma sən özün də cavan olubsan və yaxşı bilirsən ki, cavan naqisül-əql olar. Bundan əlavə, gərək bunun cavanlığını mülahizə edib təqsirindən keçəsən. Ta bu, bu gündən sənə oğul olsun. Sənin qızın da bunun evindədir. Sənin və anasının həmişə korluğunu çəkir. Gərək ona da rəhm eləyəsən. Məsəldir: "İnsan, övladının ətini yesə də, sümüklərini çölə atmaz".
Qalan qonaqlar da həmçinin Məşədi Məmmədvəlini səsə, küyə basıb Şəbanı çəkdilər ortaya. Şəban isə irəli gəlib qayınatasının əlindən öpdü, qonaqlar da Məşədi Məmmədvəlini Şəbanın üzündən öpməyə vadar etdilər.
Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər[71 - Şüru etmək – başlamaq] çay içməyə. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Azan deyiləndə qonaqlar qalxıb, bir-bir Məşədi Məmmədvəliyə əl verib: “Allah sizin qohumluğunuzu başadək eləsin”, – deyib getdilər.
O biri cümə axşamı Məşədi Məmmədvəlinin evində böyük ziyafət idi. Məşədi öz qızını və kürəkənini bir cəmi-kəsir ilə axşam çörəyinə ayaq açmağa çağırmışdı. Şəban kişilər məclisinə daxil olub, salam verib qapı ağzında əyləşdi. Gülsüm arvadlar otağına keçib qapıda anası ilə uzun öpüşdü. Həm ana, həm bala şadlıqlarından ağladılar. Cavan qızlar Gülsümün ətrafını alıb hər biri bir növ suallar verirdilər. Binəva bilmirdi hansının sualına cavab versin. Axşamdan neçə saat keçincə bir podnosda bir dənə qızıl saat gətirib Şəbanın qabağına qoydular. Qonaqlar durub dağıldılar. Neçə gündən sonra rəsmə görə bir qonaqlıq da Şəban edib, qayınatasını və qayınanasını qonaq çağırıb əlli manatadək xərc etdi.
Bu gündən qohumlar bilaməmaniət[72 - Bilaməmaniət – köhn. arada heç bir maneə olmadan; maneəsiz,] bir-birinin evinə gedib-gəlməyə başladılar. Şəbanın alış-verişi yaxşı getməkdə idi. Onun keçmişdə igid sayılmağına görə başmaqçılar hamısı gönü ondan alırdılar. Bu səbəbdən də sair gön satanların bazarı kasad düşmüşdü. Şəbanın ticarətinin tərəqqisi hamıdan artıq gön satan Səlmana təsir edirdi. Gecə-gündüz Səlmanın fikri Şəbanı yıxmaq idi. Amma qorxudan bir iş görə bilmirdi. Axır davam edə bilməyib, camaat bazardan evinə çəkiləndən sonra dükanı bağlayıb birbaş polis nazirinin evinə getdi. Polis naziri bir neçə qonağı ilə əyləşib qumara məşğul idi. Nökər daxil olub xəbər verdi ki, bir nəfər qapıda durub deyir: “Gərək bu saat naziri görüm, vacib ərzim var”. Elə bil nazirin başından bir qab qaynar su tökdülər.
– Məgər bu nainsaflar bir dəqiqə adama rahatlıq verməzlər? Məgər polis qulluqçusu da insantək dincələ bilməz? Hər kimdir, çağır, gəlsin içəri!
Nökər çıxdı, bir dəqiqədən sonra qapı açılıb uzunboylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Nazir yerindən durmayıb üzünü Səlmana tutub hirslə soruşdu:
– Nə var, nə istəyirsən?
– Ağa, ərzim tək sizə məxsusdur. Təvəqqe edirəm ki, məni xəlvət danışdırasınız.
Nazir bir ayrı otağa keçib Səlmanı da oraya çağırdı:
– De görüm, nə var?
– İstəyirsinizmi, ağa, baron Arakelin dükanından gedən malı bu gecə tutasınız?
– Bu nə sözdür? Məgər Arakelin dükanını yaran sənə məlumdur?
– Bəli, məlumdur, təvəqqe edirəm ki, bu gecə gedib başmaqçı oğlu Şəbanın evini axtarasınız. Əgər Arakelin şeylərindən onun evində tapılmasa, cavabdehində mənəm. İstəyirsiniz, siz qayıdınca mən buradan getməyim. Əgər ərzim yalan çıxsa, mənim özümü dustaqxanaya göndərə bilərsiniz.
Şəban yatmışdı. Gecənin yarısı darvazanın döyülmək səsi onu oyatdı. Durub, çiyninə bir yapıncı salıb qapıya çıxdı.
– Darvaza döyən, kimsən?
– Pristavdır, gəl, aç qapını!
Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Qazaqlar Şəbanı əhatə etdilər. Pristav məlum etdi ki, gərək onun evi axtarıla. Gülsüm qorxusundan nanə yarpağıtək əsirdi. Bir növ özünə cürət verdi. Gedib pristavın ətəyindən yapışdı, istədi ondan ərinin buraxılmasını təvəqqe etsin. Şəban onun üstünə qışqırdı:
– Get, yerində otur! Sənin işin yoxdur, qoy nə bilirlər, eləsinlər!
Şəbanın evini alt-üst etdilər. Həqiqət, Arakelin dükanından getmiş şeylərdən iki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı.
Pristav Şəbana məlum etdi ki, gərək onunla getsin polis idarəsinə. Şəban itaət edib, paltarını geyib pristav ilə bir yerdə getdi. Gülsüm ərə gedəndən bəri, əvvəlinci dəfə idi ki, tək qaldı. Bu təklik ona əl verib o qədər ağladı ki, axırda bihal olub ürəyi getdi, yıxıldı.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: