скачать книгу бесплатно
Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi Kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib, mehmanxanada mənzil verdi. Və başladı evin övzaını[36 - Övza – 1) biçim, tərz; 2) vəziyyət] dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir karet və dörd rəs[37 - Rəs – baş] Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi.
Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam[38 - Müdam – daim, həmişəlik] onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.
Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.
Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur, iki aydır ona pul çatmır və peşkəş gəlmir. Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir.
Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.
Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.
Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü, bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar. Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.
İki ildən sonra mövqiflərin[39 - Mövqif – duracaq, stansiya] birinə varid olub gördüm, qoca Kərbəlayı Qulaməli mövqifin qabağında dalını divara söykəmiş əyləşib. Soruşdum:
– Kərbəlayı, sən hara, bu yerlər hara?
Dedi:
– Qurbanım olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar.
Dedim:
– Kərbəlayı, başa düşə bilmirəm, yaman gün nədir, çörək nədir?
Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib gördüm, ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu:
– Gördün?
Dedim:
– Gördüm, Kərbəlayı, bunu haraya aparırlar?
Dedi:
– Kəsiblər, İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.
Dedim:
– Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?
Dedi:
– Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm, qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.
Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı. Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:
– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.
Qatar yola düşdü və mən də məhbut[40 - Məhbut – heyrətlənmiş, şaşırdılmış] onun gözdən itənədək dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:
“Bu bədan yar gəşt həmsəri-Lut
Xanəndani-nübüvvətəş güm şüd”[41 - Lutun (İbrahim peyğəmbərin qardaşı oğlu) arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.].
AYIN ŞAHİDLİYİ
Ey gahi qədim kimi xəmidə,
Gahi pür olan misali-didə.
Füzuli
Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.
Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub, bir tərəfində mən və bir tərəfində imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət, nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri – hamısı bir-birinə qarışıb ruha sükunət verən qərib bir ahəngi-təbii əmələ gətirmişdi. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında oyan-buyana yatıb dəryatək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb qətlinə fərman verilmiş müqəssirlərtək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər, onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ər-ərləri[42 - Ər-ər – ardıc ağacı] guya sünbüllər üstündə qarovul qoymuşdular.
Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvanlardan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin, sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!
Bədirlənmiş ay qalxıb, göyün bir qatında durub bu övzaya[43 - Övza – vəziyyət] tamaşa edirdi.
Qoca əmim birdən dizi üstə qalxıb papağını gözlərinin üstünə endirdi. O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:
– Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb. Nə olardı, bunun dili olsaydı! Axı nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver, nağıl edim.
Qırx il, ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu, atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: “İndi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, dalımca gəlib məni tutarlar”.
Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən, mən səni tanımıram, amma görürəm, müsəlmansan, müsəlmanda, nə qədər olsa, bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin[44 - Çərçi – köhn. gəzərək xırda alver edən adam, gəzərgi alverçi, xırdavatçı] taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşağın atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdır. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm insan ürəyində gözəl sifətdir. Sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndi-aləm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”.
Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!” Səlman dedi: “Belə olan surətdə izin ver, iki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki, namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm.
Səlman iki rükət namaz qılıb, sonra əllərini qaziyəlhacat[45 - Qaziyülhacat – hər kəsin ehtiyaclarını yerinə yetirən (Allah nəzərdə tutulur)] dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar[46 - Pərəstar – xidmətçi, nökər, qulluqçu] ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin, küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb onun yeddi balasını yetim qoydular”.
Sonra kəlmeyi-şəhadətini deyib, üzün quldura tutub dedi: “Qardaş, imdi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı Allah yerdə qoymayacaq”.
Quldur heç bir söz deməyib, tüfəngini düzəldib, Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü.
Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balanın halətini təsəvvürünə gətirə bilər.
Səlmanın ölümündən beş-altı ay keçmiş onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib, divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvayə neçə il katorqa kəsildi.
Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.
İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İndi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm.
Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: “Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”.
Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəştini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib, onu kürəyinin ortasından vurub öz qardaşının qanını aldı…
Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.
Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı, bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.
Gecə röyada gördüm, Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin, mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən Yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi: “Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb dini-mübini yox edəcəklər. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə, o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı sübhədək ənvari-qüdsiyyə içində din yolunda şəhadətə hazırlanırdı… İslamın yolunda mən neçə davalar, neçə cihadlar görmüşəm, odur ki müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz[47 - İttixaz – qəbul etmə, götürmə] etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”
Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm, sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır.
Yuxudan ayılmağıma artıq heyif edib dedim: “Nə olardı, bir həftə yuxu yatıb, Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim.
Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..”
BOMBA
Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
– A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayı Zal cavab verərdi:
– Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan. Bir də mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
– Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayı Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
– Kərbəlayı Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayı Zalın bu tərəfindən dəyib o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
– Nə var?
Dedi:
– Heç, bir az başım ağrıyır.
Arvad abgüşt[48 - Abgüşt – köhn. bozbaş, piti] bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb: "İştahım yoxdu", – deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayı Zal Qanlı küçəsi ilə Zavallı küçəsinin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecəyarısından bir xeyli keçmiş Kərbəlayı Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayı Zal bu keyfiyyəti görüb öz-özünə dedi: "Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola". O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
– Vot Patap, bomba rabatay!
– Qde?
– Dom Feyzulla bomba pirnesom.
Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini kazak, soldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
– Kimsən?
Dedilər:
– Aç qapını.
Qapını açantək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, bəs niyə buyurubsunuz?
Dedilər:
– Danışma, gərək sənin evin axtarılsın!
Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayı Zal çuvalları görəntək qışqırdı:
– Barin, vot, vot bomba!
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzullanı da qolları bağlı bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:
– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib, çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayı Zalı qulluqdan xaric etdilər.
MİRZƏ SƏFƏR
Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşiq idi. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.
Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb şeir öz-özünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar.
Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübalı sifət verib aynaya baxdı və dedi:
– Afərin, Səfər, indi xalis şairsən!
Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri də qızarıb, daha şairliyinə şəkk ola bilməzdi.
Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, dörd-beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Hərçi fikir etdisə, şeiri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib, qələmi alıb gözəl xətlə yazdı:
Darvazamızı fələk vurubdu!