
Полная версия:
Bomba
– Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
– Nə var?
Dedi:
– Heç, bir az başım ağrıyır.
Arvad abgüşt87 bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdur” deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecəyarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.

– Vot Patap, bomba rabatay!
– Qde88?
– Dom Feyzulla bomba pirnesom.
Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, soldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
– Kimsən?
Dedilər:
– Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki: “Bəs niyə buyurubsunuz?”
Dedilər:
– Danışma, gərək sənin evin axtarılsın!
Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
– Barin, vot, vot bomba!89
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:
– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin, qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.
MOZALANBƏYİN SƏYAHƏTNAMƏSİ
Bizim möhtərəm mühərririmiz90 Mozalan91 bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy”92 kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir93 edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin donoslarından94, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, İrəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın… nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çeşömarəm be to mən nam be nam,95 bunların hamısını, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.
Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?
Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib.
Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu 12-ci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq.
(İdarədən)Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat 11-də faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə”96 və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı:
bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların biri məni müsəlman görüb ucadan çağırdı:
− Ay müsəlman qardaş, sən Allah, bir gəl bizim yanımıza.
Mən yavuğa gedib salam verdim. Məni çağıran 50, ya 55 yaşında bir qoca kişi idi. Qalan üç nəfər molla da bu sinnə yavuq idilər. Məni çağıran, əlində papiros, məndən soruşdu:
− Bakıya maşın nə vaxt yola düşür?
Mən cavab verdim:
− Gərək indilərdə gedə.
Bu hində bir zəng səsi gəldi və adamlar başladılar qaçışmağa. Məlum oldu ki, bilet almaq vaxtıdır. Camaat hücum çəkdi kassanın qabağına. Mollalar da Bakıya getmək istəyirdilər və xahiş elədilər ki, barı Gəncəyə kimi bir yerdə oturub yoldaş olaq. Mən xoşhallıqla razı oldum. Bunların biri yoldaşlarının tərəfindən və mən özüm üçün yavuqlaşdıq kassaya tərəf ki, bilet alaq. Hələ növbət bizə çatmamışdı. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi:
− Allah xatiri üçün bizi məəttəl eləməyin, yoxsa maşın çıxıb gedər.
Mən buna yavaşca dedim:
− Ağa, səbir eylə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər.
Jandarma molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir: “Çığırma”.
Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla rus arvadının şlyapasının üstündən 2 dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir:
− Tez ol, Bakıya 4 bilet ver.
Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi:
− Dvadsat rubley çetır bilet Baku nelzya.
Elə qandım ki, deyir: “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi, acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim, mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq.
Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmiryol qatarının ikiminci97 klaslarının birində özümə bir yer tapdım.
Bir balaca daxmaya 9, bəlkə də, 10 adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum.
Bizim daxmamızda danışan yox idi. Amma dalanda iki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan98 danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim.
Hələ, deyəsən, “tatar” sözü də qulağıma dəydi, amma heyif ki, qana bilmirdim.
Dalandan bir adam keçirdi, mən buna diqqət eləmədim, amma mənim yanımdan keçəndə guya öz-özünə dedi ki: “Burada da yer yoxdur”. Bunun yoldaşı da var imiş. Çox yuxum gəlirdi və bir az başladım mürgüləməyə. Birdən daxmamız işıqlandı və “bilet” sözü eşitdim. Biletləri qayçılayıb keçdilər və mən genə başladım mürgüləməyə. Maşın dayandı və yenə uzaqdan üşkürükləyib yola düşdü. Vaqonumuzun o başında bir körpə uşaq hərdənbir ağlayırdı. Rusca danışanlar dəxi dinməyirdilər. Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı. Bəlkə, bunlar heç xəyal eyləməyirdilər ki, burada müsəlman olar. Bunların belə danışığı hərdənbir qulağıma çatırdı: “Meyitini görüm”, “sən öləsən”, “amma köpək qızı maldır ha”.
İstəyirdim, yenə mürgüləyəm, bir kişi, əlində fənər, gəldi otağı dolana-dolana xəbər verdi: “Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş. Şeylərimi nasilşikə verib özüm də onun dalınca daxil oldum əvvəlinci klasın zalına. Zalda çox adam var idi: övrət, uşaq, kişi, çinovnik. Biri öz şeylərinin üstündə əyləşib mürgüləyirdi, biri çay içirdi, biri uşaq yatırdırdı. İki çinovnik kənarda əyləşib qabaqlarında bir şüşə pivə xəlvət söhbət edirdilər, amma heç kəsdə mən Tiflisdə gördüyüm iztirabı görməyirdim, heç kəsin kassa ilə, biletlə işi yox idi. Təəccüb elədim, dedim, məgər bir belə camaat hamısı Tiflisə gedir? Necə ola bilər ki, heç bir-iki nəfər də Bakıya gedən olmasın? Ətrafa göz gəzdirdim ki, görüm bir nəfər müsəlman tapa bilərəmmi ki, ondan camaatın burada belə xatircəm oturmağını biləm. Gördüm, bir nəfər qəzet şkafının yanında durub əlində bir qəzet vərəqləyir və qəzetdə çılpaq-çılpaq övrətlər şəkli çəkilib! Qəzetəni vərəqləyincə “pəh-pəh”, “afərin, nə lətifdir” sözlərini deyir və ağzının iki yanından su axır. Yaxınlaşıb soruşdum:
− Qardaş oğlu, bu camaat buraya nə üçün yığışıb, Tiflisə gedəcəklər, ya Bakıya?
Dedi:
− Gəncəyə gedəcəklər.
Dedim:
− Bəs bura haradır?
Cavab verdi:
− Görünür, sən xamsan, vağzalla şəhərin arası üç verstdir. İndi də ki, saat 4-dür, hələ işıqlanmayıb, ona görə camaat gözləyir ki, gün çıxsın, sonra faytona minib şəhərə getsin; yoxsa kim bilir dünyanın işini, adam buradan şəhərə gedincə başına iki min oyun gələ bilər.
Dedim:
− Bəs onda siz, yəqin, mənə də məsləhət görməyəcəksiniz ki, gün çıxanadək şəhərə gedim.
Dedi:
− Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ya çay istə, ya qəhvə istə, ya belə-belə qəzetlərdən al, vərəqlə.
Dedim:
− Axı rusca savadım yoxdur.
Dedi:
− Neyləyirsən savadı, məgər mənim savadım var? Budur, bu qəzetəyə məndən 2 şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb “şutyonok”, indi Allah bilsin, nə sözdür, ancaq kimdir, qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, indi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “Dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən?
Gördüm, rəfiqim buxaq məsələsində çox uzun müşərrəf eləyəcək, onun sözünü kəsib sual etdim:
− Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı?
Dedi:
− Çox gözəl müsəlman “qəsdin”lər99 var: “İstanbul”, “Tehran”, “Parij”, yaxşı, əla nömrələr, əla xörəklər, çox rahat olarsınız.
Mehmanxanaların adını bilib, çəkilib, kənarda bir stəkan çay istəyib əyləşdim. Təzə aşnam da aldığı qəzetəni qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Bunun belə xorultusundan yəqin etdim ki, qoynundakı çılpaq xanımlar hamısı onun vaqiəsinə giriblər.
Xülasə, sübh açıldı, nasilşiki oyadıb dedim:
− Şeyləri götür, apar faytona.
Genə nasilşik şeyləri götürüb qabağa düşdü. Mən də onun dalınca. İçdiyim çayın pulunu verib, çıxdım çölə və mənimlə də bərabər bir neçə nəfər çıxdı. Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Faytonçuların bir hissəsi müsəlman idi, bir hissəsi erməni. Ermənilər müsəlman faytonuna əyləşmirdilər, müsəlmanlar da erməni faytonlarına, mənim də nasilşikim “fayton” deyib qışqıranda bir erməni faytonu yerindən tərpənmədi. Bir qoca qırmızısaqqal müsəlman faytonu sürüb, gəlib mənim qabağımda durdu. Nasilşik şeyləri faytona qoyub 6 şahı məndən zəhmət haqqı alıb “spasibo ”, yəni “çox razıyam”, ya “çox sağ ol” deyib papağını başından çıxarıb, yenə təzədən başına qoyub getdi. Mən də əyləşdim faytona. Qoca kişi atların cilovunu üç dəfə bərk dartıb sonra qamçı ilə iki dəfə atlara, bir dəfə də mənim başıma vurub yola düşdü.
Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Yolun bir tərəfində müsəlmanlar səbziyyat əkirdilər. O biri tərəfində üzüm ağaclarına qarğı düzürdülər. Yolun qırağı ilə xırdaca arx axırdı və arxın qırağında da bir nəfər qoca kişi çömbəlib saqqalının xınasını yuyurdu. Hərdənbir ovcu ilə suyu götürüb üzünə vururdu və çox əziyyətlə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı. Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Meydanın ortası dolu idi eşşəkçi ilə, qatırçı ilə, arabaçı ilə. Kimi odun satır, kimi qatır satır, kimi saman satır, kimi süd satır, kimi kömür satır. Meydanın üç tərəfi dükanlardı və bu dükanlarda əyləşənlərin 100-dən 80-i başmaqçı, lapçınçı100, papaqçı, lavaşçı, səngəkçi101, kömür satandır. Yerdə qalan baqqal, əttar və parçaçıdır.
Dükanların qabağında Şah Abbas vaxtından qalma böyük-böyük çinarlar var, hər çinarın üstündə 200 qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm, çox adam bir yerə cəm olub, ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir, bunları araşdıra bilməyir. Faytonçuya dedim:
− Dayanma, tez ol, sür.
Faytonçu soruşdu:
− Bəs haraya düşəcəksən?
Dedim:
− Sür müsəlman qəsdinlərinin birinə.
Beş dəqiqədən sonra faytonçu Zərrabi102 küçəsinə çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi.
Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur103. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar, mövlud oxuyurlar. Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir.
Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri-elmlər çox oxuyan məktəblər haramdır, xilafi-şərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər…”
Oradan çıxdım meydana. Gördüm, bir hambal car çağırır ki, üç gündür, Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin 6-cı qapısının açarını ona bağışlayacaqdır. Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar104 hamısı yığılıb bir qaraçı arvadın başına, talelərinə növbətlə baxdırırlar. Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm, dükanın dalında bir yaxşıca uşaq oturubdur.
Dedim:
− Ağa, bu kimdir?
Dedi:
− Elə-belə, sənin nə işin var, balam?!
Qərəz, getdim kluba. Gördüm, bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Bu barədə ətraflı məlumat üçün TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr etdiyi Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” kitabını oxuya bilərsiniz.
2
Xudanəkərdə – Allah eləməsin! Uzaq olsun!
3
Məriz – burada: xəstə
4
Abru – abır, həya, şərəf
5
Şevro – keçi dərisindən hazırlanan yumşaq, zərif dəri növü
6
Xəmidə – əyri, əyilmiş
7
Pür – dolu, çoxlu
8
Kəsrət – çoxluq
9
Nəsim – xəfif külək, yel, meh
10
Mövclənmək – dalğalanmaq, ləpələnmək
11
Ərər – ardıc ağacı
12
Övza – vəziyyətlər
13
Əqdəm – daha əvvəl, lap qabaq
14
Müsəlləh – silahlı, silahlanmış
15
Binəva – yazıq
16
Çərçi – keçmişdə gəzərək xırda alver edən adam, gəzərgi alverçi
17
Qaziyülhacat – hər kəsin ehtiyaclarını yerinə yetirən, yəni Allah
18
Pərəstar – kömək
19
Müntəzir – gözləyən; ümid bəsləyən
20
İmdi – indi
21
İrəşt – atın başına bağlanan nazik ip
22
Bəni – burada: nəsil, tayfa, sülalə
23
Xüləfa – xəlifələr
24
Əshab – burada: müsahiblər, həmsöhbətlər
25
Təng etmək – dar etmək
26
Mübin – burada: Quranın adlarından biri
27
Ənvari-qüdsiyyə – müqəddəs nurlar, müqəddəs işıqlar
28
İttixaz – götürmə, əxz etmə; qəbul etmək, dərk etmə
29
Əqvam – millət
30
Məğrib – qərb
31
Müsinn – qoca, qocalmış
32
Tilavət – Quranı avazla oxuma
33
Ahi-sərd – soyuq ah
34
Abi-nisan (abi-neysan) – aprel ayında yağan yağış, baharın ilk yağışı
35
Böht – heyrət, təəccüb
36
Çərəkə – keçmişdə mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı
37
Dəstpərvərdə – burada: yetişdirmə
38
Xüşkbarfüruş – quru meyvə satan
39
Dövlətmənd – dövlətli, varlı
40
Xüşkəbər (xüşkbər) – quru meyvə
41
Abbası – dördşahılıq (iyirmiqəpiklik) metal pul
42
İxlas – burada: sədaqət
43
Rizaməndlik – razılıq
44
Kəlləpəz – kəlləpaça bişirən
45
Nəf – mənfəət, qazanc
46
Zürriyyət – nəsil, soy
47
Müləqqəb – adlandırılmaq
48
Axirüləmr – nəticədə, nəhayət
49
Ziyad – artıq
50
Qovzamaq – qaldırmaq
51
Rus dilindəki “шkoла” sözünün təhrif olunmuş forması, “məktəb” mənasındadır.
52
Tul – uzun
53
Ruyi-səfidlik – üzüağlıq
54
Nəft – neft
55
Bülənd (olmaq) – yüksəlmək, ucalmaq
56
Rehlət – ölüm, vəfat
57
Xiş – qohum-əqrəba
58
Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: Yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.
59
Təziyə – yas
60
Məsnəd – məqam, mövqe, böyük mənsəb
61
Kafeşantan – adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana
62
Şəhbaz – qızıl quş
63
Şəhd – bal
64
Zindəgan – burada: həyat, yaşayış
65
Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.
66
Eşitmək hara, görmək hara!
67
Yaranal – keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması
68
Bəzzaziyyə – parça, arşınmalı
69
Qərz – borc
70
Rəxti-xab (rəxtxab) – yorğan-döşək, yataq
71
Faxir – gözəl, parlaq
72
Dəqqülbab – qapını vurma, döymə, tıqqıldatma
73
Tiri-şəhab – meteor; yəni iti sürətlə gedən
74
Həlviyyat – şirniyyat
75
Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol.
76
Bu acı piyaləni şirin əldən al.
77
Şürbi – şərab düşkünü, əyyaş
78
Dilgir – qəmli
79
Tərəddüd – get-gəl
80
Mütəğəyyir – əsəbi
81
Mövqif – duracaq, stansiya
82
Məhbut – heyrətlənmiş
83
Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.
84
Qorodovoy – Çar Rusiyasında: aşağı rütbəli polis xidmətçisi, polis nəfəri
85
Şaşka – tiyəsi uzun, azca əyri, ucu şiş, kəsici soyuq silah; qılınc
86
Pristav – Çar Rusiyasında: yerli polis rəisi
87
Abgüşt – bozbaş, piti
88
Varvarizm, “harada” mənasındadır.
89
Tərcüməsi: Ağa, budur, budur bomba!
90
Mühərrir – redaktor
91
Mozalan – heyvanları sancan və qansoran iri milçəkdir. Burada məcazi mənada işlədilmişdir.
92
“Səyahətnameyi-İbrahimbəy” – Marağalı Zeynalabdin Məşədi Əli oğlunun (1837-1910) əsəridir. Üç cilddən ibarət olan həmin əsər İstanbulda, Qahirədə, Kəlkətədə və Tiflisdə (“Qeyrət” mətbəəsində) çap olunmuş və Yaxın Şərqdə geniş şöhrət qazanmışdır. Əsərin bir hissəsi inqilabdan əvvəl Azərbaycan dilinə tərcümə edilmişdir. Səyahətnamədə İran dövlət quruluşundakı yaramazlıqlar, törənən cinayətlər və özbaşınalıq qüvvətli vətənpərvərlik duyğusu ilə kəskin tənqid atəşinə tutulmuşdur.
93
Təkfir – kafir adlandırma, dinsizlikdə təqsirləndirmə
94
Donos – birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə gizli olaraq verilən məlumat, xəbər
95
Mən sənə adbaad nə sayım?
96
Varvarizm, “yükdaşıyan”, “hambal” mənasındadır.
97
İkinci
98
Rus dilindəki “пoлитиkа” sözünün təhrif olunmuş forması, “siyasət” mənasındadır.
99
Rus dilindəki “гoстиница” sözünün təhrif olunmuş forması, “mehmanxana”, “hotel” mənasındadır.
100
Lapçınçı – uzunboğaz ayaqqabı növü tikən
101
Səngə – səngək çörək çeşidi, səngəkçi – səngək bişirib satan
102
Zərrab – metal pula sikkə vuran. Görünür, bu küçədə zərrablar varmış.
103
Məhəmməd peyğəmbərin təvəllüd günü
104
Əllaf – taxıl, un, yaxud yem, ot və s. alverçisi
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов