XIX əsrin sonlarında – XX əsrin əvvəllərində yaşayıb-yaratmış və ədəbiyyatımızı «Xortdanın cəhənnəm məktubları», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Pəri cadu» kimi dərin məzmunlu əsərlərlə zənginləşdirən Əbdürrəhim bəy Haqverdiyevin ustalıqla qələmə aldığı bədii sənət nümunələrindən biri də «Mirzə Səfər» hekayəsidir. Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir.
все жанры