Читать книгу Avropa. Türklər. Böyük Çöl (Murad Acı) онлайн бесплатно на Bookz (7-ая страница книги)
bannerbanner
Avropa. Türklər. Böyük Çöl
Avropa. Türklər. Böyük Çöl
Оценить:
Avropa. Türklər. Böyük Çöl

5

Полная версия:

Avropa. Türklər. Böyük Çöl


Bax budur türk ornamentinin əsas vəzifəsi: o özündə “özününkünü” “yad”dan fərqləndirə bilmək üçün işarələr daşıyır.

Türk mədəniyyəti haqqında yerli-yataqlı məlumat əldə etdikdən sonra görmək olur ki, Kiyev salnamələri miniatürlərində türklər daha çox təsvir ediliblər. Slavyan və ruslar orada, demək olar, yoxdurlar. Onları çox asan fərqləndirmək olar. Pletnyova, Rudenko və digər alimlər, düzü, türkləri türk adlandırmasalar da, sübut etdilər ki, ruslarda silah, geyim, ümumiyyətlə, hər şey başqa cür idi!

Arxeoloqlar slavyanların yaşadıqları məskənlərdə türklərdə olduğu kimi dəmirçilik sənəti mərkəzlərinə rast gəlmədilər. Hərçənd akademik Rıbakov öz kitablarında rus ustasının düzəltdiyi qılınc haqqında fəxrlə danışırdı. O guya Svyatoslava məxsus idi. Düzdür, onun üzərində bir tanış detal var: qılıncın tiyəsi üzərində run yazısı… Ola bilər ki, slavyanlar haradasa qılınc düzəldirdilər[42], lakin Kiril və Mefodi tərəfindən artıq maarifləndirilmiş slavyanlar aydındır ki, run ilə yazmırdılar.

Üzərində run yazısı yaxşı qalmış digər bir qılıncı araşdıran akademik Rıbakov özünü biabır elədi. O, mətni “yenidən işləyib”, necə deyərlər, ora sadəcə öz ağlınca çatışmayan hissəni “əlavə edib” yazını belə oxudu: «Людота коваль», yəni “Lüdota döyüb hazırlayıb”. Bu ona qılıncın guya rus tərəfindən hazırlandığını söyləməyə imkan yaratdı… Axı kim sənətkara icazə verərdi ki, öz adı ilə silahı murdarlasın? Əşya üzərinə öz səxsi işarəsini, damğasını vurmaq haqqı ancaq məşhur sənətkarlara tanınırdı. Qılıncın tiyəsinə babalarımız yalnız Allah kəlamları qeyd edirdilər!

Əgər sözügedən qılıncın üzərində Rıbakov kimi “düzəliş” etməsək, onda həmin cümlələr qədim türk run yazısında belə oxunur: “Məkrli planı qırıb-çat! Pis niyyətləri məhv et!” (“Aү uj sÏgu ur. Al je”).

…Silahın tarixi, onun ornamenti – uydurmaçılığı xoşlamayan maraqlı mövzudur və öz tədqiqatçısını gözləyir. Hansı ki o həm də türk ordusu olan süvari qoşunun tarixi ilə məşğul olmalıdır.

Bax, məsələn, yunan tarixçisi Lev Diakon 971-ci ildə rusların Bizansa hücumunu təsvir etdiyi zaman necə möcüzə-bahadırlar gördüyünü yazıb: “Svyatoslavın döyüşçüləri ilk dəfə idi ki, at üstündə görünürdülər (mənim tərəfimdən fərqləndirilmişdir – M.A.), lakin onları idarə edə bilmirdilər”.

Bu сür müşahidə adamı çıxılmaz vəziyyətdə qoyur. Bəs 965-ci ildə ruslar, özü də atlarsız Xəzər dövlətinə necə qalib gəlmişdilər? Belə çıxır ki, eləcə gəliblər və məğlub ediblər. Yəqin ki, at sürməyin əlifbasını bilmədən onlar anadangəlmə süvarilər olan xəzərlərə qalib gəlmək üçün xeyli əziyyət çəkməli olublar.

Əgər istehzasız danışsaq, xəzərlərlə vuruşan Svyatoslav idi, yoxsa Svyatoslav ilə Bulqar xaqanlığının ittifaqı?.. Açıq-açığına Rusiya tarixində nəsə düz yazılmayıb. Ola bilər ki, bu sualın cavabı çox sadədir: Xəzərin paytaxtı Səməndər şəhərini özününkülər – türklər darmadağın ediblər, ruslar isə özgənin qələbəsini öz adlarına çıxıblar… Təəssüf ki, Rusiya tarixində belə hadisələrə tez-tez rast gəlmək olur: həqiqətə oxşamayan bəzi bu cür qələbələr nəsə çox asanlıqla əldə edilib.


Guya Svyatoslavın həlak olduğu yerdən tapılmış və X əsrə aid edilən bir qılınc. Lakin tiyənin üzərindəki run yazısı diqqəti özünə cəlb edir. Yazı qılınc sahibinin kim olduğu barədə dəqiq xəbər verir.


Lakin hadisələrin başqa cür inkişafı da istisna deyil. Ümumiyyətlə, heç bir müharibə olmayıb! Xəzər dövləti, çox güman ki, təbii fəlakət nəticəsində məhv olmuşdur: o vaxt böyük bəla baş vermiş, İtil (Volqa) çayı məcrasını dəyişmiş, mənsəbi xeyli şimala çəkilmişdir. Varlı Xəzər ölkəsində susuzluq, aclıq xaqanlığın taleyini həll etmişdir… Lakin istənilən halda Svyatoslavla heç bir əlaqəsi yoxdur.

Kiyevin atlı qoşunlarında slavyanlar yox, Ukrayna xaqanlığının əhalisi, ukraynalı-qıpçaqlar vuruşurdular. Ruslar türkləri bir-birinə qarşı qaldırdılar və qardaş qırğını başlandı. Qardaş qardaşa qarşı getdi, biri rus bayrağı, digəri isə öz bayrağı altında. Salnamə miniatürlərində məhz bu hadisə əbədi olaraq əks olunub. Məhz buna görə rus və türk döyüşçüləri eyni libasda təsvir edilmişlər.


Lüdota Kovalın «məşhur» qılıncı. Onun üzərindəki run yazısı məlum «bərpadan» sonra slavyan dilində oxunmuşdur, oxumaq üçünsə mətni tərsinə çevirmiş və çatışmayan yeri əlavə etmişlər.


Bu qardaş qırğınından sonra rusların idarəetməsi, bununla da Kiyev Rusunun tarixi başlandı… Salnamə miniatürləri, doğrudan da, “itmiş dünyaya pəncərədir”. Əgər bu pəncərəni çirkabdan təmizləsən, onların arasından çox şey görünə bilər.

Şəkillərdən biri o birilərdən kəskin surətdə fərqlənir: burada türklər başqa cür təsvir olunmuşlar – başlarında dəbilqə əvəzinə kənarları geniş sahəli papaq var. Bu nədir? Kimdir bunlar?

Papaq qırğız və qazaxlarda indiyə qədər yaddan çıxmayan baş geyiminə çox oxşayır. Deməli, şəkildə Dəşt-i Qıpçağın şərq xaqanlıqlarından olan adamlar təsvir olunmuşdur. Onları peçeneqlər adlandırırdılar. Onlar papaq geymirdilər. Baş geyimi türklərdə sahibi haqqında qiymətli məlumat daşıyıcısı idi. Baş geyiminin forması, materialı onun hansı nəslə və təbəqəyə mənsub olduğunu bildirirdi.

Salnamə şəkillərində çox şeylər var idi. Orada bütöv bir xalqın həyatı əks olunurdu.

Qədim yazının hərfləri kimi miniatürlər köçüb getmiş nəsillərdən danışır. Kiməsə o, ibtidai və çox sadə görünə bilər… Amma yox, hər bir detal çox səylə işlənib: o, mahiyyəti özündə daşıyır, müəllifin hissini bizə çatdırır…

İncə zövqlə çəkilmiş qədim şəkillər sanki işıqlanır və adamları fikirləşməyə dəvət edir. Onlarda artıq heç nə yoxdur. Bu cür incəsənət növü Çin və yapon mədəniyyətlərində də saxlanılıb. Orada da rəssamlar tamaşaçıların təxəyyülü üçün mütləq ağ yer saxlayırdılar ki, tamaşaçı həmmüəllif, onun “şəkli” isə dünyada ən ifadəli və yaddaqalan olsun. Lakin “şəkli” ancaq özü görə bilərdi! Müasir, fərsiz nəsillərin qabalaşmasında əcdadların heç bir günahı yoxdur.



Xalqların Böyük köçünü başlamış süvarilər. Təsvirlərin iki min il yaşı var.


Böyük Çölü fərqləndirən cəhətlərdən biri də onun özünəməxsus məişət əşyaları idi… Bu evin “xırda əşyaları” da qıpçaq mədəniyyəti haqqında mühüm məlumat daşıyırdı. Bu mədəniyyət necə adlandırılmağından (poloves, peçeneq, bulqar, andreyev və s.) asılı olmayaraq onun kökü birdir: türk kökü…

…Kiyev salnamələrinin şəkillərində məhz qıpçaqların məişət əşyaları təsvir olunub. Mübahisəlidir? Lakin akademik V.L.Yaninin aşkarladığı Novqorod tapıntılarına görə fikir yürütsək, slavyanların məişəti də tamamilə başqa olmuşdur.

Məsələn, knyaz Vsevolodla bağladığı sülh sazişi ilə əlaqədar olaraq knyaz Yaropolka təqdim edilən fincana baxaq (eynilə buna oxşar fincanlar Kiyevdən min kilometrlərlə uzaqlarda yerləşən kurqanlardan da tapılmışdır). Onlar “çaron” adlanır və indi də məişətdə işlədilir. Onlarda sülh rəmzi olan içki – ayran və ya kumıs süfrəyə verilir.

Kiyev knyazının oturduğu kreslo “tver”[43] adlanırdı. Slavyanlar Avropada hələ sərgərdan dolaşdıqları vaxt, V əsrdə Attila məhz belə bir kresloda otururdu. Elə indi də türklər “yüksək qonaqlar” üçün “tver” adlanan “yüksək yer” saxlayırlar.

İndi gəlin Kiyev knyazlarının baş geyimlərinə diqqət yetirək: bu, türk milli geyiminin fərqləndirici parlaq cizgisidir. Onu qıpçaq əyanları geyirdilər… Bununla əlaqədar Monomaxın papağının tarixi çox maraqlıdır, Bizansa onun heç bir aidiyyəti yoxdur. Onun “Bizans mənşəli” olması ideyası Vladimir Monomaxın ölümündən çox sonra meydana çıxıb…

Geyim şəkillərdə təsvir olunur. Yəni alimlərdən heç biri onu tədqiq etməmişdir? Həqiqətən heç kim təəccüblənməyib ki, niyə rus kişiləri türk kaftanına bürünüb? Qıpçaqlar kaftanı klobukla birlikdə təntənəli dini ayinlər zamanı geyinirdilər.

Kaftanı nazik keçədən ikiqat tikirdilər. Paltarlar müxtəlif olurdu. Arxeoloqlara hətta bezdən hazırlanmış qolsuz geyimlər də məlumdur. Onları hələ iki min il yarım bundan əvvəl Altayda geyinirdilər. Xan kaftanının qolunun ağzına samur xəzi tikir, sincab dərisindən bəzək vururdular. Xəzin üstündən paltara xüsusi görünüş verən bəzək əşyaları və düymələr tikilirdi.

Yan-yörəmizdə görün nə qədər tədqiq olunmamış əşya var!

Hər şeyin səbəbi isə yalnız ondadır ki, türklərin milli geyimini ruslar “mənimsəyib”. Bu arada onu da deyək ki, armyak, yepança, kaftan, başlık, şuba, şuşun (sarafana oxşayan uzun qadın paltarı), klobuk, sapoq və bir çox digər geyim əşyalarının adları türk köklü sözlərdir və onların öz tarixi sahibləri var. Gəlin kazak milli geyimini (əlbəttə ki, çar gimnastyorkalarını yox, həqiqi, qədim geyimi!) və qumuq geyimini müqayisə edək: tamamilə oxşar, hətta xırdalığına qədər eynidir. Ona görə ki eyni xalqa mənsubdur.



Radzivil salnaməsindən şəkil. Sülh əlaməti kimi təqdim olunan fincan görürük. Fin-can o zaman da türklərdə «çaron» adlanırdı. Belə fincanlara qədim Altayın qaya rəsmlərində tez-tez rast gəlinir.


Bu gün kazaklar rus adlandırılır; onlar öz əcdadlarından üz döndərib, lakin bu onların tarixlərini və geyimlərini də “rus” adlandırmağa ixtiyar verirmi?

Qədim Kiyevin şəkilləri həm də onunla maraqlıdır ki, orada ruslar da təsvir olunub. Bu ən maraqlısıdır! Şəklə əlavə edilmiş adamların paltarı Avropa geyimidir. Onların xarici görünüşü bambaşqadır. Ruslar həyatda bax belə idilər!

Salnamə səhifələrinə sonradan çəkilmiş adamın əlində təsvir olunmuş şeypur da qıpçaq şeypuru deyil. Qıpçaqlar öz nəfəsli alətlərini əymir, düz hazırlayırdılar. Qıpçaq şeypurundan biri 1153-cü ilin şəklinə düşüb. Həmin qədim şeypurlar indi də Altayda, Xakasiyada, Qırğızıstanda, Karpatda (qutsullarda), bir sözlə, Çöl xalqının nəsilləri qaldığı hər yerdə səslənir.

Hətta miniatürlədən birində ustalıqla təsvir edilmiş dəfn səhnəsi sual doğurur: doğrudanmı, rus və slavyanlar ölünü tabutda, türbələrdə basdırırdılar? Bunlar ki qıpçaq adətidir. Qəbrin dibinə isə türklərin müqəddəs ağacı olan küknar yarpaqları döşəyirdilər.

Dəfn adət-ənənələri çox mühafizəkardır, onlar nadir hallarda dəyişir. Nə vaxtsa qıpçaqlar öz həmtayfalarının nəşini qədim Şərq adəti üzrə odda yandırırdılar. Sonra ondan imtina etdilər, taxta türbələr tikməyə başladılar. Çin mənbələrində deyilir ki, Avropa ərazisində ilk dəfə tabutdan xəzərlər istifadə etməyə başlayıblar. Lakin köhnə adəti saxlamaq xatirinə onlar qəbrə, tabutun altına kül və ya ağ əhəng tökürdülər…

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Примечания

1

* Müəllif burada F.İ.Tyutçevin “Умом Россию не понять…” (Ağılla Rusiyanı anlamaq olmaz) misrasından söz oyunu kimi istifadə edir (red.).

2

Maykov – Apollon Nikolayeviç Maykov (1821–1897) – rus şairi, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü

3

Səhifələrin yuxarı hissələrində verilən portretlərin altındakı yazılarda N.A.Baskakovun “Türk mənşəli rus soyadları” əsərindən (M., 1993.) sitat gətirilir.

4

Əhməd ibn Fədlan – X əsrin birinci yarısında yaşamış ərəb səyyahı və yazıçısı. 921–923-cü illərdə xəlifə əl-Müqtədir (908–932) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdaddan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək məsafə qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. Bu qeydlərdə səfirin Volqa – Xəzər və Şimal xalqları ilə bağlı xeyli məlumatına rast gəlmək olar. Əhməd ibn Fədlan 922-ci ildə Vоlqanın sоl sahilində yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də, Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir.

5

Bu, Kiçik Asiyanın və Konstantinopolun qaytarılmasını istəyən yunanların böyük ustalıqla Rusiyanı Türkiyə ilə münasibətləri gərginləşdirməyə sövq etdiyi və rus-türk müharibəsinin qızğın dövrü idi. Rusların əli ilə onlar türklərə qarşı vuruşurdular. Bu, yunanların parlaq qələbəsi, Rusiyanın isə tam məğlubiyyəti idi.

6

494-cü il I Roma Məclisindən başlayaraq Qərb kilsəsi türklərə qarşı gizli müharibə aparmağa başladı. İdeoloji təcavüz VII əsrdə papa Böyük Qriqorinin dövründə formalaşdı və papanın proqramına daxil edildi və sonrakı üç əsr ərzində həyata keçirildi. Orta əsrlərdə, yəni inkvizisiya zamanı onda keyfiyyət dəyişikliyi baş verdi, bu vaxt türk mədəniyyəti izlərinin kütləvi surətdə məhv edılməsi başa çatdı: kitablar yandırıldı, məbədlər məhv edildi, kütləvi qırğınlar baş verdi. Rusiyada bu dövr Romanovlar sülaləsi ilə bağlıdır.

7

İndikindən fərqli olaraq babalarımız “Altay” deyəndə başqa ərazini nəzərdə tuturdular. Bu, demək olar ki, şərqdə Baykal və Baykalın arxa tərəfi, qərbdə Pamirə qədər ərazidir. Öz kitabımda mən bunu qədim Altay adlandıracağam.

8

Məhz türk arxeologiyasının! Baxmayaraq ki tapdıqlarının müəyyən hissəsini irandilli skiflərə aid edib, bu heç nəyi dəyişmir. Tədqiqatçının taktikasını başa düşmək olar. Pantürkizmlə mübarizə dövründə Altayda tədqiqatı davam etdirmək üçün alimin başqa yolu yox idi.s

9

Kürə – dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı

10

Çesuça – kətan kimi toxunan sıx ipək parça

11

Armyak – qalın mahuddan tikilmiş kəndli paltarı

12

Şuşun – koftaya, gödəkçəyə, yaxud sarafana oxşayan uzun qadın paltarı

13

Klobuk – ucuşiş papaq

14

Şambkale – Şambkalaya (türk dilində “işıqlanan qala”) bəzən Şambala da deyirlər, Himalay dağları ilə əlaqələndirirlər. Bu, sual doğurur, ona görə ki əfsanələrdə Hindistanda yaxşı tanınan Himalay haqqında söz deyilmir, uzaq şimalda yerləşən ölkədən bəhs edilir. Altay isə Hindistandan uzaq şimalda yerləşir, o, qədim dövrdən Himalayla yanaşı, Şərqin mədəni mərkəzi olmuşdur. Bundan savayı, Altayda dəmir əridir və ondan xaç düzəldirdilər, Tibetdə isə qara metalişləmənin qədim izlərinə rast gəlinməmişdir.

15

Rusiya akademik elmi isə inadkarcasına, tarixdən heç bir yazılı sübut gətirmədən skifləri İran xalqlarına aid edir. Bütün arxeoloji tapıntıların bu fikrin əleyhinə olmasına məhəl qoymadan yalnız Herodota istinad edirlər. Lakin skif abidələrinin öyrənilməsi göstərir ki, “naməlum yazılar” adlandırılan yazıların üstündəki dolaşıq işarələri ornament kimi qəbul etsələr də, o başqa bir şey yox, türklərin run yazılarıdır. Ayrı-ayrı söz və ifadələr çox dəqiq oxunur. Bu (eyni zamanda Herodot tərəfindən təsvir edilən çöl xalqslarının adət və ənənələri) deməyə imkan verir ki, skiflər başqa yazıya və başqa mədəniyyətə malik iranlılar deyil, məhz türklərdir.

16

Görünür, burada dəqiqləşdirici izahata ehtiyac var. XII əsrdə sərhəd indiki kimi ciddi xətt təşkil etmirdi. Bu, qonşuların da eyni qədər marağı olduğu, kifayət qədər geniş bir ərazi idi (münasibət, mübadilə və sülh zonası). Moskva, Oka çayları və onlara bitişik sahələr slavyanlar buraya gəlməmişdən əvvəl belə ərazilər idi, ona görə də türk abidələri fin-uqor abidələri ilə qonşuluqda yerləşirdi. Bu, təbiidir; məsələn, Nijni Novqorod əvvəllər türkcə Bulqar adlanırdı və qədimdən öz yarmarkaları ilə məşhur idi. Bulqar yarmarkasına Avropadan, İrandan tacirlər gəlirdilər.

17

Kala” – türk dilində “qala” deməkdir, lakin daşdan hörülən qala yox, torpaq qala

18

Qədim slavyan dili – cənubi və şərqi slavyanların dini kitablarının dili

19

Origen – Origen Adamant [185 (İsgəndəriyyə)–254 (Tir)] – yunan xristian ilahiyyatçısı, filosofu və alimi

20

Qeysəriyyəli Yevsevi – Yevsevi Pamfil [263 (Fələstin)–339 (Qeysəriyyə)] – romalı tarixçi, ilk dövr xristian ilahiyyatçılarından biri; kilsə tarixinin atası sayılır.

21

Skifiya” – yunanlarda: özündə tarixi və ya etnoqrafık cizgidən çox, coğrafi əlamət daşıyan ümumiləşdirilmiş sözdür. Onlar Qara dənizdən şimalda yerləşən ərazini və bu ərazidə məskunlaşan xalqları belə adlandırırdılar. Yunanlar öz “cəhalətləri ucbatından” (N.M.Karamzinin ifadəsi) eyni kökdən olan (!) tayfaları yox, yerdə qalan bütün Avropanın (Qərbi və Şərqi) əhalisini skif və keltlər adlandırırdılar.

22

Nestor – XI–XII əsr rus tarixçisi və publisisti. Kiyev-Peçora lavrasının rahibi olduğu güman edilir. Bəzi tədqiqatçıların fikrincə, “Ötən illərin dastanı”nın birinci redaksiyasının müəllifidir.

23

Vladimir Vsevolodoviç Monomax (1053–1125) – böyük Kiyev knyazı, sərkərdə, yazıçı

24

İqumen – kişi monastırının başçısı

25

Xolmqard və Novqorodun eyni şəhər olduğu rus elmi tərəfindən qəbul edilmir. Görünür, onun öz izahı var. Lakin inad edərək heç kəs özünə zəhmət verib demir ki, bəs Xolmqard hara yoxa çıxdı? Yuxarı Dneprin ərazisinin ələ keçirilməsi üçün varyaqlara meydan rolunu oynayan şəhər necə yox oldu? Heç bir şəhərsalma bacarığı olmayan slavyanlar Novqorodu necə tikdilər?

26

Rəsmi Rusiya elmi iddia edir ki, məhz bu yetmiş ildə rus xalqı formalaşıb (?!). Qəribədir və ağlasığmazdır.

27

Getman – keçmişdə Ukraynada kazak qoşunları başçısı, hakim

28

Əlbəttə, cəmiyyəti daxildən parçalanmış Ukraynanın çıxılmaz vəziyyətdə olduğunu göstərən digər tarixi dəlillər də var. Lakin bu, ayrıca bir kitabın mövzusudur.

29

Malorossiya – Ukraynanın keçmiş adı

30

Velikorossiya – Rusiya

31

Xəlvətcə dinlənilən söhbətdən: “Sən bilirsən, moskallar “pıvo” sözünü necə tələffüz edirlər?” ‒ “Necə?” – “Pi-i-vo!” – “Nifrət edirəm”.

32

Opriçnina – İvan Qroznının padşahlığı dövründə: dövlətin, bilavasitə padşahın idarəsində olan və güclü mərkəzi hakimiyyət yaratmaq uğrunda mübarizədə onun üçün dayaq təşkil edən hissəsi

33

Lakin istisna deyildir ki, şəhərin adı “kıya” və yaxud da “kiya” sözündən götürülmüşdür. Türk dilində, görürsünüz, yenə də türk dilində, bu söz “məhdudlaşdıran”, “sərhəddə yerləşən” mənasını daşıyır. Yəqin ki, bu söz şəhərin dəqiq adını göstərirdi; V əsrdə o, çay üzərində yerləşir, sərhəd və gömrük funksiyasını daşıyırdı. O, türk ölkəsi olan Dəşti Qıpçağın şimal qapısı idi və ölkənin xaqanlığından biri də “kənarda” və ya “kənarında yerləşən” mənasını ifadə edən Ukrayna xaqanlığı idi. Maraqlıdır, “Kiy” toponiminə tez-tez rast gəlinir; məsələn, Xəzər dövləti ilə Böyük Bulqariyanın arasında yerləşən şəhər də belə adlanır, o da sərhəd funksiyasını daşıyır və indi orada Kiyevskaya stanitsası yerləşir. Bəs Ağ dənizdə, Solovets monastırı yaxınlığında yerləşən ad? O da Kiy adlanır. Onun da sərhəd funksiyası vardır. Monastırı, məlumdur ki, türklər tikmişlər.

34

Sanskrit – hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri

35

Step – qədim türk sözü, “isitep”, yəni “qızdıran”, “sığınacaq verən”

36

Radzivil salnaməsini Köniqsberq salnaməsi də adlandırırlar. Ən qədim şəkilli salnamələrdən sayılır. Günümüzə iki nüsxəsi gəlib çatıb. Adı XVII əsrdə onun ilk nüsxəsinin sahibi voyevoda Yanuş Radzivilin və XVIII əsrə qədər bu nüsxənin saxlanıldığı Köniqsberq şəhərindən götürülüb.

37

Skriptorium – orta əsrlərdə əl ilə yazılan kitabların çap olunduğu və üzü çıxarıldığı emalatxana

38

Torklar – türk tafyası

39

Berendeylər – Peçeneq və Qarabörk tayfa ittifaqına daxil olan qədim türk tayfası

40

Ezop dili – fikrin örtülü, eyham şəkildə ifadəsi

41

Əsassız danışmayaq deyə xatırladaq ki, “kniqa” (yəni kitab) sözü türk sözüdür, qıpçaqlara çinlilərdən keçmişdir, hərfi mənası “kağız bükülüsü” və ya “əlyazmada” deməkdir.

42

Slavyanların tapılmış metallurgiya mərkəzlərı narazılıqdan savayı heç nə törədə bilmir. Onlar Dəşt-i Qıpçaq ərazisindədir! Dnepryanıda. Özü də kürələr – dəmirçi ocaqları eynilə Altay türklərində olduğu kimidir. Türk metallurgiyası slavyan metallurgiyası adlandırılıb?! Çox güman, başqa bir şey olmuşdur ki, onunla razılaşmaq mümkündür, yəni slavyan ərazilərində bataqlıq metallurgiyası geniş yayılmışdır, bu, filizlə zəngin bataqlıq lilindən metal almağa imkan verən texnologiya idi.

43

Yeri gəlmişkən, “tron” sözü də türk mənşəlidir və mənası “fəxri yerə qalx” deməkdir.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

1...567
bannerbanner