banner banner banner
Tale ilə təkbətək
Tale ilə təkbətək
Оценить:
Рейтинг: 0

Полная версия:

Tale ilə təkbətək

скачать книгу бесплатно


Oğlan bir dəqiqə atasının axırıncı sözləri üzərində düşünüb sonra qısaca güldü:

– Mənə bir şarmanka da verin!

– Nə şarmanka?

– Bu yaxınlarda məktəbimizin yanına bir şarmankaçalan gəlmişdi. O, zəncirdə mənim kimi geyindirilmiş balaca bir meymun saxlamışdı. O çaldiqca, meymun rəqs edirdi.

– Lüdviq!– deyə anası xəbərdarlıq etdi. Atası hiddətləndi:

– Soyun və bu saatca keç royalın arxasına!

Oğlan bir anlığa fikrə getdi. Frakının bir çiyni çıxarılmış vəziyyətdə, kədərli halda beləcə donub qaldı.

Pəncərədən baxanda evlərin işıqlanan damları, Reynin gözqamaşdırıcı hamar səthi, o biri sahildə isə yaşıl təpələr – Semiqorye görünürdü.

– Ata, mən küçəyə getmək istəyirdim, – deyə o, xahiş bildirən səslə dilləndi.

– Heç olmazsa bir dəqiqəliyə burax onu, – deyə anası yalvardı. – Elə gözəl axşamdır ki!

– Bəs konsert?

Oğlan susurdu. Anası davam etdi:

– O çox səylə məşğul olub. Onda hər şey gözəlcə alınır, bundan yaxşısı mümkün deyil, günəş isə tezliklə batacaq.

– Get bir az da işlə,– deyə ailə başçısı lütfkarlıqla səsləndi, – şam yeməyindən sonra gəlib sənə qulaq asacam. Əgər səhvsiz çalsan, qoy sən deyən olsun, buraxacam səni. Yoxsa – yox.

Lüdviq atlas jileti ildırım sürəti ilə əynindən çıxartdı.

– Yaxşı, yaxşı… – İohann Bethoven donquldandı. – Əgər, sən demişkən, bu kostyum lap meymuna yaraşırsa da, o saat onun bütün düymələrini qırmaq lazım deyil.

Tenorist özü oğlunun konsert paltarını səliqəylə qatlayıb arvadına göstəriş verdi ki, bunların hamısını yığışdırıb şkafa qoysun. Sonra o, mətbəx stolunun arxasında oturub böyük məmnuniyyətlə soyuq balıq və bir iri qədəh şərabla şam etdi.

Birdən onun çənəsi dayandı. Bu nədir, Lüdviq nə çalır? Bu ana qədər eşitdiyi şirin melodiya bir zaman Motsartın çaldığı prelüddən idi. İohann Bethoven bu əsəri konsert üçün qəsdən seçmişdi. O, çətin əsərdir və konsertdəki adamlar əlbəttə başa düşəcəklər ki, yeni möcüzəli uşaq öz sələfindən əsla geri qalmır.

Lakin indicə qonşu otaqdan eşidilən şübhəsiz, başqa musiqi idi. O adi, kədərli, şikayətli, kənd mahnısını xatırladırdı. İohann Bethoven qaşqabağını tökdü. Melodiya yüksəlir, güclənir, sonra qəflətən qırılırdı. Melodiya, sanki qapısı bağlı qonaq otağına salınmış quşcuğaz kimi özünü pəncərə şüşəsinə çırpır, yerə düşür, geriyə doğru uçur və öz ümidsiz sıçrayışını bir də təkrar edirdi…

Onun bu məşğələlərindən atasının zəhləsi gedirdi. Boş yerə vaxt sərf etməkdir. O, bir az fikirləşəndən sonra ağzı yeməklə dolu halda otağa daxil olub bağırdı:

– Bu nə cəfəngiyatdır, dınqıldadırsan? Not üzrə çal, bunun faydası daha çox olar!

Melodiya dərhal qırıldı.

– Bunu mən özüm fikirləşmişəm, – deyə oğlan sadəlövhlüklə boynuna aldı. – Heç olmazsa bir az xoşuna gəlirmi?

Atası lovğa-lovğa donquldandı:

– Elə bilirsən, sənin başın nə isə yaxşı bir şey fikirləşib tapmağa qabildir? Bu şeylər üçün sənin vaxtın hələ çox olacaq, indi isə konsert üçün lazım olan şeyləri bacarmağın qeydinə qal! Sən hər şeyi yaxşı yadda saxlamısanmı?

– Bəli. Ata, qoyun gəzməyə gedim!– deyə oğlan xahiş etdi.

– Mən sənə demişəm, – deyə atası balıq tikəsini çeynəyə-çeynəyə mızıldandı, – yeyib qurtaran kimi, səni yoxlayacağam. Və əgər hər şey yağ kimi olmasa, gəzməyi heç xəyalına da gətirmə!

Atası qapını yarıaçıq qoyub mətbəxə qayıtdı. Diqqətlə qulaq asmağa başladı. İndi otaqdan yalnız ilk açıq konsert üçün hazırlanmış əsərin səsi gəlirdi.

Nəhayət, İohann Bethoven yerindən qalxdı, şərabın qalanını içdi, ovcunun arxa tərəfi ilə ağzını silib oğluna tərəf yönəldi.

Anası, əlində tikmə, pəncərənin yanında oturub nigarançılıqla onları izləyirdi. Təzə virtuozun sənətinə bu cür baxışlar çox vaxt şapalaq və ağlaşma ilə qurtarırdı.

– Belə! İndi isə başla, – atası bunu deyib öz stulunu royala yaxın çəkdi.

Lüdviqin qarayanız sifəti qorxudan və həyəcandan qızardı. Əlləri klavişlərin üstündə ara vermədən qaçışdı, lakin o, bir dəfə də nota baxmadı. Lakin yenə də bir yerdə, ən çətin yerdə atası bir səhv tutdu.

– Dayan!– deyə o, qışqırdı. – Bax, buradan başla – barmağı ilə notları göstərdi. O özü yaxşı pianoçu deyildi, lakin dəqiqlik hissi onun canında uşaqlıqdan var idi.

Lüdviq çətin passajı yenidən çaldı. Ona elə gəldi ki, səhvsiz çaldı.

– Ortada niyə sürəti artırdın? – atası sərt halda soruşdu.

– Mən sürətləndirmədim.

– Sürətləndirmədin? Onda təzədən çal.

Çətin taktlarda çaşacağından qorxan oğlan doğrudan da tempi bir qədər aşdı. O yaman istəyirdi ki, tezliklə həyətə qaçsın.

– Lənətə gələsən, sən niyə tempi gözləmirsən? Sənin barmaqlarını qırmaq lazımdır!

Oğlan daha da qızardı, həyəcandan elə bil əl-qolu bağlanmışdı, musiqinin tonu artıq tamam yanlış səsləndi. Atası yerindən sıçradı:

– Deməli, yaxşı öyrənmək buna deyirsən! Yaxşı, mən sənə öyrədərəm vicdanla məşğul olmağı!

Oğlan zərbə gözləyərək, başını çiyinlərinin arasına qısdı. Lakin İohann Bethoven ayrı cür hərəkət etdi. O, açarı cingildədərək qapıya tərəf yönəldi.

– Onu bil ki, gecənin yarısınacan buradan çıxmayacaqsan. Bircə dənə də səhv olmayana qədər məşğul olacaqsan! Özü də hünərin var, hamısını doğrudan da öyrənməmiş mənə yalan de ki, hazırsan.

O, qapını çırpdı, açar qıfılın içində fırlandı və oğlan tək qaldı. Bir anlığa Lüdviq qorxudan donub qaldı. Sonra dodaqları qüssəylə səyridi. Ağlamaqdan bədəni titrədi. Gözlərindən yaş sel kimi axdı. O çalışırdı ki, göz yaşlarını saxlasın; axı, atası hər dəqiqə qayıdıb gələ bilərdi! O, ağlaya-ağlaya çalırdı. Var qüvvəsiylə və inadkarcasına çalırdı. Axı, onu buradan yalnız qüsursuz ifası xilas edə bilərdi.

Bu dəmdə atası evdən çıxıb getdi. O nə vaxt qayıdacağını heç kimə demədi. Lüdviqin oturduğu otağın açarını o, jiletinin cibinə qoydu.

İyul axşamlarından birində, qaranlıq qatılaşan vaxt o, Reynin kənarında durmuşdu, «Möcüzəli uşaq» həmişə uşaq olaraq qalmır. İstər royalda çalsın, istər top ilə əylənsin. Tezliklə Lüdviqin on iki yaşı tamam olacaq. Düzdür, onun boyu böyük deyil, lakin o, enlikürək və möhkəm bədənlidir.

Qədim qala səddinin bu ətəkləri firavan yerlərdir. Səhərlər burada kurfürst əsgərləri marş keçir, axşama yaxın isə şəhər sakinləri həvəslə buraya yığışır, çünki burada həmişə baxmalı şey tapılır. Səddin ot basmış ətəklərində, irili-xırdalı çoxlu gəmilərlə dolu əzəmətli çayın dalğaları yayılır. Suyun oynaq hamar səthinə baxmaqdan doyanlar baxışlarını başqa tərəfə yönəldə bilər. Bu zaman o, silueti möhtəşəm tikililərin damlarından yaranan ucsuz-bucaqsız şəhəri görəcək. Bu damların üzərində isə saysız-hesabsız kostyol qüllələri ucalır. Kostyollardan ən qədiminin beş qülləsi var idi, demək olar ki, doxsan beş metr yüksəkliyində olan ortadakı qüllə köyə baş çəkirdi.

Gənc Bethoven qəribə görkəmli bir adamın söhbətinə tam aludə olub, nə şəhərin gözəlliyini, nə də Reynin əzəmətini hiss edirdi. Həmin adamın simasını qeyri-adi edən onun geyimi deyildi – şəhərdə yaşayan kişilərin çoxu onunku kimi qara sürtuk geyir və başına üçkünc şlyapa qoyurdu. Onun görkəminə qeyri-adilik verən silueti idi. Uzaqdan baxanda adama elə gələrdi ki, bu, beli bükülmüş bir qocadır. Yaxınlaşdıqda isə görünürdü ki, onun heç qırx yaşı da yoxdur. Bədəninin yöndəmsizliyinə baxmayaraq, başı heyrətamiz dərəcədə qəşəng və nəcabətli idi. Uca, təmiz alnı, sifətinin təravətli rəngi, ağıllı bir tərzdə işıq saçan qara gözlər,– bunların hamısını da şabalıdı rəngli dalğavarı saçları haşiyəyə almışdı. Qara tellər Bonnda nadir, demək olar ki, müstəsna bir haldır: axı saray orqançalanı və saray teatrının kapelmeysteri pariksiz gəzməli deyil. Lakin Bonn sakinləri artıq adət ediblər ki, Kristian Hotlib Nefenin kefi necə istəsə, özünü elə aparır. O, həm də çox ağıllıdır, yoxsa o, Lüdviqi belə əsir edə bilərdimi? Axı bu oğlan öz ürəyini hər yetənə açan deyil.

O, təqribən üç il bundan əvvəl Bonna gəlib çıxmış knyaz orqançalanına elə bağlanıb ki, əgər İohann Bethoven özü oğlunu özündən uzaqlaşdırmasa, o ancaq atasına bu cür mehr sala bilərdi.

Artıq neçənci dəfə idi ki, oğlan, fikrə dalmış Nefedən soruşurdu:

– Yaxşı, bu gün siz bizə gələcəksinizmi, maestro?

– Məgər bu çox lazımdır? – orqançalan inamsız halda imtina edir.

– Biz çox şad olardıq! Anamın ad günüdür, bu gün Milad axşamından da yaxşı gündür. Mənə belə gəlir ki, bu, ilin yeganə günüdür ki, həmin gün o, xoşbəxt olur. Siz gəlməsəniz, çox təəssüf…

Oğlan cavab gözləyirdi, orqançalanın fikri isə tamam başqa yerdə idi. Lakin axırda o qət etdi ki, bu cür səmimi dəvəti rədd etmək insafsızlıq olardı.

– Gələrəm, gələrəm, cavan oğlan, – deyə o, fikirli halda cavab verdi və bir qədər canlanmış halda əlavə etdi: – Kaş bircə atan həddən artıq… olmayaydı. Mən belə şeyləri heç xoşlamıram… – O, sözünü axıracan demədi, ancaq sifətində dərhal qırışlar yaranmasından görünürdü ki, o, sərxoşluğa nifrət edir.

– Yox, yox, – deyə oğlan, tələsik bildirdi. – Anamın ad günündə! Heç vaxt! Bu gün bizim evdə sülh və lütfkarlıq günüdür! Heç buna onun vaxtı da olmur, bütün axşamı o, musiqi çalır.

– Musiqi çalır… Hə, hə, – deyə orqançalan fikirli halda oğlanın nə barədə danışdığını yaxşı başa düşmədən təkrar etdi. Sonra birdən ucadan dedi: – Musiqi! Bəli! Onda bir gözəllik, ucalıq, səadət var. Lakin, Lüdviq, əgər mən incəsənətin adamlara çörək qədər lazım olduğuna inanmasaydım, sənə bəzi şeylər deyərdim!

– Nə deyərdiniz, maestro?

– Mən deyərdim: oğlan, royaldan uzaq qaç, mu siqini at və get, bulkasatan ol. Allahdan qorxa-qorxa yaşasan, yavaş-yavaş yoğunlaşardın, Reynin sahilində torpaq sahən və üzümlüyün olar, öz evində yaşayardın. Ya da bərbər ol, çəkməçi ol – bunlar hamısı kurfürst həzrətlərinin musiqiçisi olmaqdan yaxşıdır.

– Maestro, deyin görək, belə isə bəs siz nə üçün sənətlə məşğul olmadınız? – Oğlanın gözlərində bir hiylə parladı.

– Məsələn dərzilik sənəti ilə, eləmi? Əlbəttə qayçı, iynə və ütü ilə necə davranmağı atam mənə öyrədə bilərdi. Ancaq incəsənət – musiqi, teatr, poeziya məni cəlb etdi. Mən öz istəyimə qarşı getmədim.

O, köksünü ötürüb bir qədər susdu və yenidən danışmağa başladı:

– Deyirlər bataqlıq yerlərdə bir cür işıldayan böcəklər yaşayır ki, onlar adamları bataqlığa doğru çəkməyə qabildir. Mən bu əfsanələrə inanmıram. Ancaq bunu bilirəm ki, incəsənət – insanı təsvirəgəlməz yüksəkliyə ucaldan böyük bir atəşdir. Kim bir dəfə taleyini incəsənətlə bağlayıbsa daha heç vaxt onsuz yaşaya bilməz.

– Mən notları əlifbadan əvvəl öyrənmişəm,– deyə oğlan dalğın halda cavab verdi.

Onun qozbel müsahibi dedi:

– Bu mənə məlumdur. Mən hələ musiqiyə bu qədər aludə adama rast gəlməmişəm. Doğrudan, səninlə kim məşğul olub?

– Maestro, mənim müəllimim çox olub, heç biri də əsl müəllim olmayıb. Birincisi və ən bacarıqsızı atam olub. O nəyi ciddi bacarır axı? O royal çalanda fikirləşirsən ki, axı bu adam skripkaçıdır; amma elə ki, skripka kamanını əlinə alır, o saat heyfsilənirsən ki, gərək o özünü tamamilə fortepiano çalmağa həsr edəydi.

– Mənə elə gəlir ki, Lüdviq Bethovenin müəllimi Lüdviq Bethovenin özü olub.

– Bəli, siz Bonna gələnə qədər belə olub.

Nefe yalnız əlini yellədi.

– İnsan özü özünün müəllimi ola bilər. Xeyri də bu olur ki, o, müəlliminə pul verməli deyil.

– Siz də mənə pulsuz öyrədirsiniz!

– Bu tamam belə deyil. Məgər sən kilsədə orqan çalmırsanmı, bir də ki, əgər mən hər hansı bir knyaz oğlunu öyrətməli olsam, o, həm öz əvəzinə pul verməli olacaq, həm də sənin əvəzinə.

– Bu, ədalətsizlik olardı, maestro.

– O yalnız öz borcunu ödəmiş olardı. Bütün knyazlar öz təbəələrinə borcludurlar. Əslinə baxsan, kurfürst qəzanın demək olar ki, hər bir sakininə borcludur.

– O, sizdən də borc alıb? Mən heç bilmirdim!

Nefe güldü.

– Əlbəttə. Sənin atandan da borc alıb.

– Yox, maestro, bizim atamızdan bir quruş da borc almaq mümkün deyil. Onun cibi həmişə boşdur.

– Ona görə ki, əlahəzrət sizin atanızdan oğurlayır.

Heyrətlənmiş oğlan susdu. Görəsən, onun müəllimi xəstələnməyib ki?

– Siz tapmacalarla danışırsınız, maestro!

Nefe ayaq saxladı, onun sifətində qəribə bir təbəssüm oynayırdı.

– Əgər biz buradan bir neçə mil qərbdə yaşasaydıq, sən təkcə tapmacanı yox, həm də onun cavabını bilərdin.

Lüdviq sualedici nəzərlərini alçaq təpələrin arxasında günəşin yavaş-yavaş batdığı tərəfə yönəltdi. O, heç bir şey anlamayıb, çiyinlərini çəkdi.

– Fransada artıq, nə isə hərəkətə gəlib, daha bizdəki kimi yox. Tezliklə onlar üçün günəş doğacaq,orqançalan sözünə davam etdi.

– Qərbdənmi, maestro? – Oğlanın ağıllı gözlərində heyrət əks olundu.

Qozbel musiqiçi onun qoluna girdi və onlar Reyn boyunca uzanan cığırla getməyə başladılar.

– Mən sənə musiqidən başqa bir çox ayrı şeyləri də öyrətməliyəm ki, sən öz klavişlərindən bir az uzağı da görəsən.

– Mən nəyi görməliyəm ki?

– Hə, məsələn, knyazın musiqiçisi həmin cənabın ov itindən nə ilə fərqlənir?

– Musiqiçi itdən nəylə fərqlənir?

– Fərq bundan ibarətdir: it çox canfəşanlıq eləməsə də həmişə yaxşı yedizdirilmiş olur, axı ağalar ova tez-tez getmirlər. Knyaz musiqiçisi isə əksinə: nadir hal larda yaxşı yedizdirilmiş olur, əvəzində isə ara vermədən çalır. Axı knyaz hər gün musiqiyə qulaq asmaq istəyir. Biz də səhər liturgiyası vaxtı çalırıq ki, knyaz və yaxın adamları yatıb yuxuya qalmasın, nahar vaxtı çalırıq ki, onlar qidalarını yaxşı çeynəsinlər, axşam musiqi çalırıq ki, yatmazdan əvvəl onları əyləndirək.

– Hər bir adam zəhmət çəkməlidir!

– Bəs sən həmin lütfkar cənabı nə vaxtsa üzümlükdə işləyən görmüsənmi?

– O ki, varlı adamdır, işləmək onun nəyinə gərəkdir?

– O elə ona görə varlıdır ki, özgələrindən oğurlayır. Knyazlarla oğrular arasında böyük təfavüt yoxdur.

Lüdviq Nefenin sözlərindən sarsılmışdı, ancaq hiss edirdi ki, müəllimi düzgün mühakimə yürüdür. Lüdviqə bu da aydın idi ki, müəllimi knyazlarla quldurları bir tərəziyə qoyur. Doğrudan da, məgər knyazlar əkinçinin əlindən məhsulu, peşə sahiblərinin əlindən onların əməyinin bəhrəsini və sənətkarın əlindən alınası hər nə varsa hamısını almırmı?

– Biz kölələrik, – orqançalanın səsi kədər və qəzəblə eşidildi. – Sahibkarın kefi istəsə onun qarşısında lap sürünəcəyik!

– Mən sürünməyəcəm,– deyə oğlan onun sözünü kəsdi, alnında inadkarlıq bildirən qırışlar yarandı.