скачать книгу бесплатно
Lemi bu qadından qorxmur, ehtiyat eləmirdi, onun xeyirxah niyyətli olduğuna əmin idi. Odur ki hara gedəcəklərini, nə edəcəklərini bilməsə də, onun əlindən tutaraq sakitcə addımlayırdı.
Günəş batmaq üzrə idi, üfüq qırmızı rəngə boyanmışdı. Səssizlik, nəhayətsizlik, sola-sağa burularaq uzanıb üfüqə qovuşan yol… Zibilliyi çıxmaq şərti ilə Yer planetindən və burada rast gəldiyi ilk insandan aldığı təəssüratdan məmnun qalan Lemi gülümsəyirdi…
Onlar xarabalıqda, çoxdan tərk edilmiş uçuq evlərdən birində qadının özü üçün düzəltdiyi daxmaya girdilər. Otağın üç pəncərəsindən ikisinə taxta vurulduğundan alaqaranlıq idi. Bir tərəfdə dəmir çarpayı, stol və bir neçə kətil görünürdü. Çarpayının üstündə bir neçə mütəkkə, cırıq döşək və köhnə pal-paltar vardı. Otağın o biri tərəfində küncdə ocaq yeri nəzərə çarpırdı. Qadın zibilxanadan yığdığı boş şüşə qablarla dolu çantanı yerə qoyub eşələdi, kibrit çıxarıb ocağı yandırdı. Sonra onlar ocağın yanındakı dəmir qabdan dolça ilə su götürüb həyətdə əl-üzlərini yudular. Bu gözlənilməz qonağı üçün əldən-ayaqdan gedən qadın çaydana bir dolça su töküb qaynamağa qoydu, taxçadan quru çörək, pendir, qənd və cem çıxarıb stolun üstünə düzdü, stəkan-nəlbəki də gətirdi. Çörək ləzzətli olsun deyə onu ocaqda dəmirin üstündə qızdırdı.
Lemi qadının hər bir hərəkətini maraqla izləyirdi. Stolun üstünə düzülənlər onun indiyədək yediyi yeməklərə qətiyyən bənzəmir, vitamin və yağlarla zəngin rəngbərəng həbləri də xatırlatmırdı. İsti çörəklə pendiri ləzzətlə yedi. Sonra ev yiyəsinə baxaraq qəndlə çay içdi, cemi qaşıqladı. Səhərdən bəri ona əziyyət verən aclıq hissinin keçib-getdiyini görüncə çox sevindi. Şam yeməyindən sonra qadınla uzun-uzadı söhbət etdilər. Qadın ona uşaqlığından, ata-anasını erkən itirdiyindən, uzun müddət tək qaldığından, iş tapa bilmədiyindən danışdı. Lemi diqqətlə qulaq asır, tez-tez suallar verir, hər şeyi yerli-yataqlı soruşub öyrənməyə çalışırdı. Qadın onun ən adi şeyləri belə bilmədiyinə təəccüb eləsə də, sonda ağıldankəm uşaq üçün bunun normal olduğunu qəbul etdi.
Gecə Lemi Ema xalanın boğçaları və pal-paltarı yerə tökərək səylə səliqəyə saldığı çarpayıda uzanan kimi dərin yuxuya getdi. Qadın özü isə yerdə düzəltdiyi yataqda uzun müddət yata bilməyərək fikirləşdi: uşağı aparıb xəstəxanalardan birinə təhvil versinmi, yoxsa yanında saxlasınmı? Axı o da təklikdən bezmişdi, özünə hayan axtarırdı. Bir neçə dəfə durub qızın üstünü örtdü. Səhərə yaxın bir də durdu, uzun-uzadı qızın üzünə baxıb saçlarını sığallayaraq alnından öpdü:
– Səni göydən mələklər mənim üçün göndəriblər, sən məni bəxtəvər edəcəksən, – deyə pıçıldadı.
3. Parkda
Səhər tezdən Lemi maşın mühərrikinin gurultusuna yuxudan oyanıb pəncərədən baxdı. Ema xala həyətdə dayanmış iri zibil maşınının yanında yaşlı bir kişi ilə nəsə danışırdı. Qadın içəri keçib Lemini tələsdirdi:
– Tez ol, qızım, maşın bizi şəhərə aparacaq. Bir az yemək götürüm, yolda yeyərsən.
Lemi həyətə çıxanda sürücü əyilib maşının kabinəsində nəyisə düzəldirdi. Başını qaldırıb Lemini görəndə heyrətdən bir neçə dəqiqə danışmaq qabiliyyətini itirdi. Sonra cəld əllərini silib əsgini maşının içinə tullayaraq Ema xalanın qarşısına keçdi:
– Ay arvad, sən məni işə salmaq istəyirsən? «Ay, bacım qızıdır, ay, qohumumdur»… Məni səfeh hesab edirsən?
– Allah eləməsin! Bu nə sözdür, ay Nəsib?
– Aydın məsələdir ki, bu qız bir yaxşı ailənin uşağıdır. Düzünü de görüm, haradan oğurlamısan onu?!
Qadının dili topuq çaldı:
– Nə, nə oğurlamaq?! Özün danışdırsan, görərsən ki, ağıldankəmdir, ona görə də atılıb. Vallah, özü mənimlə qalmaq istəyir, bir-birimizə hayan olarıq.
– Ay arvad, sabah ailəsi tapılıb başıma oyun açar. Mən onu maşınıma mindirə bilmərəm.
– Yaxşı, özündən soruşaq. Qızım, bura gəl, – deyə o, üzünü Lemiyə tutdu. – Sənin adın nədir?
– Lemi!
– Xəstəxanadan necə qaçmısan?
– Mən düyməni bir az tez basdım… – deyə Lemi bütün başına gələnləri birnəfəsə danışdı. O, sözləri özünəməxsus şəkildə vurğulayır, bəzi səsləri düzgün tələffüz etmirdi. Bütün bunlardan bir şey başa düşməyən sürücü səbirsizliklə soruşdu:
– Ata-anan haradadır?
– Çox uzaqlarda, başqa Qalaktikada.
– Lənət şeytana, heyif bu uşaqdan, – deyə sürücü başını buladı, – di minin, tez olun! Onsuz da gecikmişəm.
Bütün yolu o heç nə danışmadı, hərdənbir dönüb ürək yanğısı ilə Lemiyə baxırdı. Qızcığaz isə hər dəfə ona gülümsəyib başını tərpədirdi…
Maşın gurultu sala-sala şəhərə girəndə Leminin gözü dörd oldu. O, adamlara, maşınlara, tikililərə diqqətlə baxır, adi şeylərə valeh olduğunu gizlətmir, sadəlövh suallar verirdi: «Maşın hərəkət edəndə niyə gurultu salır?», «Sükan nə üçündür?», «Bu oğlan nə satır?», «Dondurma turşdur, yoxsa şirin?» və s.
– Bu uşaq danışmasa, daha yaxşı olar, – deyə sürücü acıqlı-acıqlı mızıldandı.
Ema xala onu daha artıq hirsləndirməməkdən ötrü maşından tez düşməyi qərara aldı. Onlar şəhərin mərkəzi hissəsinə doğru xeyli piyada getdilər. Qadın qızın əlindən bərk-bərk tutmuşdu, sanki itəcəyindən qorxurdu. Parkın girəcəyində, gediş-gəliş çox olan yerdə Ema xala qızı kənara çəkib yerə saldığı döşəkçənin üstündə oturtdu, özü də ondan bir az aralıda oturdu.
Lemi ağzını ayırıb maraqla gəlib-gedənə baxır, parka gəzməyə gələn adamlardan, əllərində top, şar və başqa oyuncaqlar olan qəşəng geyinmiş uşaqlardan gözünü çəkə bilmirdi. Səs-küy, qələbəlik onun ürəyincə idi: daha çox şey görmək, eşitmək istəyirdi.
Lemi burada nə üçün oturduqlarını, ötüb- keçənlərin hamısının diqqətini nə üçün cəlb etdiyini başa düşmürdü. Bəziləri ona təəccüblə, bəziləri heyrətlə, bəziləri isə ürək ağrısı ilə baxırdı. Bir az aralıda oturmuş Ema xala: «Ağlı çatışmayan bu gözəl uşağa rəhm eləyin», «Xəstə qızcığaza kömək eləyin», – deyə tez-tez təkrarlayırdı. Yoldan ötənlər qızın yanına qoyulmuş qaba pul atırdılar. Qab sürətlə dolur, qadın sevincək onu meşin çantasına boşaldıb təzədən yerinə qoyurdu. Leminin «Bunlar nə üçündür?» sualına o belə cavab verdi: «Bunlar həyatdır, bunlar hər şeydir!»
Bir uşaq Lemiyə şar bağışladı, o biri onun yanında çöməlib oturaraq adını soruşdu. Lemi cavab verməyə macal tapmamış uşağın anası peyda oldu və onun əlindən tutub darta-darta apardı. Uşaq bir neçə dəfə çevrilib baxandan sonra əli ilə «sağ ol» elədi.
Gün qalxdıqca hava istiləşirdi. Lemi üzünü günəşin ilıq şüalarına tutub başını sola-sağa tərpətdi. İntuisiyası onu hər dəfə fürsət düşdükcə orqanizmi üçün lazım olan enerjini toplamağa sövq edirdi. Parkda əylənən, yelləncəklərin birindən düşüb o birinə minən uşaqların səsi, gülüşü eşidilirdi. Lemi yerindən qalxıb parkın içinə keçmək, uşaqlarla birlikdə yellənmək, əylənmək istədi. Ema xala narahat halda cəld yerindən qalxıb onu çiyinlərindən basaraq geri oturtdu:
– Hələ ora getmək olmaz, bizi buraxmazlar. Əvvəl işləyib pul yığaq, axşam səni aparıb bütün yelləncəklərə mindirərəm.
Lemi ürəyində onunla razılaşmasa da, sözündən çıxmadı, oturub axşamı gözləməyə başladı, çünki nə qədər sərbəst böyümüş olsa da, özündən yaşca böyük olan daha təcrübəli adamların sözünü saymağa vərdiş eləmişdi. Buna görə də axşamı gözləyərək xəyallar qurarkən haradansa peyda olan bir qadın onu fikirlərindən ayırdı. Üst-başından, geyimindən elə Ema xalaya oxşayan bu qadın bir əlini belinə qoyub onun qarşısında dayanmışdı.
– Bura bax, sən haradan çıxmısan? – deyə o, rişxəndlə soruşdu.
Ema xala tez yerindən müdaxilə elədi:
– Ey, ey, uşaqla işin olmasın! Nə sözün var, mənə de!
– Ema, indi də bu kələyə əl atmısan?! Bu uşağı haradan tapmısan?
– Heç yerdən! Dost-doğmaca bacım qızıdır, yanıma gəlib!
– Məni dolamısan?! Sənin nə vaxt bacın oldu ki, qızı da olsun?!
– Bacım olmasın, xalam qızı olsun! Sənə nə var?
– Necə yəni?! Camaat cibini burda boşaldıb bizim yanımıza əliboş gəlir, – deyə qadın özündən çıxıb pulla dolu qaba bir təpik vurdu, – bu qızı durğuz, rədd elə burdan, yoxsa mən onu…
Ema xala yerindən sıçrayıb qadının qarşısını kəsdi. Onlar qışqırışmağa başladılar.
Lemi bu qalmaqaldan heç nə başa düşmürdü. Bu qadın nə istəyir, niyə ona hücum edir, niyə Ema xalaya qışqırır, – bunları heç cür anlamırdı. Ancaq onu dəqiq bilirdi ki, bu qadın onun üçün təhlükəlidir, ondan ehtiyatlanmaq, qorunmaq, özünü müdafiə etmək lazımdır. O, fikrini bir yerə cəmləyib bu təhlükə mənbəyinə diqqətlə baxdı, instinktiv olaraq özünü qorumaq üçün bütün ehtiyat enerjisini toplayıb ona yönəltdi. Ema xalanın qarşısında dik-dik dayanıb əllərini ölçə-ölçə danışan qadının gözü birdən Lemiyə sataşanda sözü ağzında qaldı, sifəti dəyişib üzü əyildi. Qızın gözlərindən çıxan qırmızı qığılcımlar qadının beyninə işlədi, onu fikirləşmək və danışmaq qabiliyyətindən məhrum elədi. Ema xala təəccüblə ayaqları bir-birinə dolaşa-dolaşa qaçıb gedən qadının ardınca baxdı, sonra Leminin yanına gəlib başını sığalladı:
– Qorxmadın ki?
– Yox!
– Sən ona nə elədin?
– Heç bir şey!
Qadın dağılmış pulları bir yerə toplayıb yerində oturandan sonra uzun-uzadı bir nöqtəyə baxıb fikrə getdi…
Günortadan sonra Ema xala Lemini kiçik bir yeməkxanaya apardı. Qadının kefi kök idi: adətən, bir həftəyə yığdığı pulu bu gün bir neçə saatın içində yığmışdı. Gülə-gülə içəri keçmək istəyəndə cavan bir oğlan onların qarşısını kəsərək kobudcasına: «Olmaz! Biz burada ehsan vermirik!» – dedi. Yalvarmağa vərdiş eləmiş Ema xala yazıq görkəm alıb: «Vallah, pulumuz var, yediklərimizin pulunu ödəyəcəyik», – deyə and-aman eləməyə başladı, lakin oğlanın ona yox, əlindən tutduğu Lemiyə fikir verdiyini görüb: «Bu uşaq da acdır, özü də qonaqdır. Belə gözəl qızcığazı içəri qoymayacaqsan?» – deyə vəziyyətdən istifadə etməyə çalışdı. Oğlan bir qədər tərəddüddən sonra kənara çəkildi. Onlar yeməkxananın küncündə qoyulmuş masanın arxasında oturdular. Ema xala qızardılmış toyuq, qutab və dovğa sifariş verdi, sonra da bir ovuc xırda pul sayıb hesabı əvvəlcədən ödədi. O, ömründə belə ürəklə pul xərcləməmişdi və heç vaxt belə iştahla yeməmişdi. Qadın Lemiyə qulluq eləyir, onu daha çox yedizdirməyə çalışır, onun bütün suallarına səbirlə, gülə-gülə cavab verirdi. Arada o, söhbəti hərləyib bayaqkı qalmaqalın üstünə gətirdi:
– Bu parkda həmişə adam çox olur. Varlılar uşaqlarını buraya gəzməyə, əylənməyə gətirirlər. Burada işləyib pul yığanlar bir neçə nəfərdir. Biz parkı sahələrə bölmüşük, hərə öz sahəsində çalışır. O həyasızın gəlib bizim işimizə qarışmağa haqqı yox idi.
Lemi sakitcə qulaq asaraq bir söz demədi. Ema xala əyilib pıçıldadı:
– O səndən niyə qorxdu? Nə dedin ona?
– Heç bir şey.
Ema xala həmin hadisə vaxtı arxası Lemiyə tərəf olduğundan heç nə görmədiyinə təəssüfləndi. O, hiss eləyirdi ki, bu qızda onun görmədiyi, başa düşmədiyi nəsə var ki, o biri qadın bunu görmüş və qorxmuşdu. Amma nə? O, Lemini bir də başdan-ayağa süzüb öz-özünə gülümsədi: «Eybi yoxdur, onsuz da gec-tez biləcəyəm». Masanı tərk edəndə Ema xala nahardan qalan hər şeyi – qutabı, pendiri, çörəyi, hətta çörək qırıntılarını yığıb kağıza bükərək çantasına qoydu.
Parkın girəcəyində iki polis nəfərinin onları gözlədiyini görəndə Ema xala çaşıb-qaldı.
– Sizdən şikayət var, – deyə polislərdən biri donquldandı.
Ema xalanın dili topuq çaldı:
– Necə? Nə şikayət?
– Ay arvad, başını aşağı salıb pulunu yığmaq əvəzinə hoqqa çıxarırsan!
Ema xalanın dil-dodağı əsdi:
– Siz ki məni çoxdan tanıyırsız, nə vaxt hoqqa…
– Uzun sözün qısası, bu qızı haradan tapmısan?
– Bacım qızıdır, – o, səsini alçaltdı, – ağıldankəmdir, yanımda hərləyirəm.
– Bizə nağıl danışma, düzünü de görək!
– Vallah, düzünü deyirəm, özündən soruşun.
Polislərin nə istədiyini anlamayan Lemi mat-mat onların üzünə baxır, arabir gülümsəyirdi.
– Polis məntəqəsində hər şeyi aydınlaşdırarıq!
Polislər Ema xala ilə Lemini qabaqlarına salıb yola düzəldilər. Rəngi qaçmış Ema xala hey yalvarırdı:
– Qurban olum, buraxın bizi, kimə neyləmişik ki? Allah mərdimazarın evini yıxsın!
Polislərdən biri Ema xalanın, o biri Leminin qolundan yapışmışdı. Özünə qarşı zorakılıq və təhlükə hiss edən qızcığazın bütün bədəni gərildi. Hansısa bir hiss ona deyirdi ki, bu adamlardan qaçmaq lazımdır. O özünü qorumaq üçün bütün fikrini özü üçün təhlükə hesab elədiyi obyektə – ondan yapışan polis nəfərinə yönəltdi. Qızın gözlərindən çıxan qırmızı qığılcımlardan dəhşətə gələn polis bağıraraq onun qolunu buraxdı. Lemi adamların arası ilə qaçmağa başladı. «Uşaq qaçdı, qoymayın!» – deyə hay-küy salan Ema xala və digər polis onun dalınca düşdülər. Lemi bircə dəfə geri çevrilib qışqıraraq başına döyən Ema xalaya baxdı və sonra elə bir sürət aldı ki, ona daha heç kəs çata bilməzdi. Yoldan ötənlər ona yol verir, sonra isə heyrətlə ardınca baxırdılar…
4. Nənədən də qaçmışam, babadan da qaçmışam…
Lemi dairəvi meydanda ağacların arasındakı skamyalardan birində oturaraq fikrə getmişdi. O, Yer kürəsinə düşəndən bəri ilk dəfə idi ki, öz vəziyyəti haqqında ciddi fikirləşirdi. Yaşadığı planet üçün darıxmağa başlamışdı. Görəsən, orada indi nələr baş verir, Kaan nə edir, onun ardınca gəlmək üçün hazırlıqlar görürmü? Bu proses nə vaxta çəkər? Bəs anası və atası? Yəqin, qızları sarıdan çox narahatdırlar. Görəsən, onlar Lemiyə acıqlanmırlar ki? Onu bir də Kainatın səyahətinə buraxacaqlarmı? Axı Lemi onların tapşırıqlarını dəqiq yerinə yetirə bilməmişdi. O, qolundakı iri saata baxdı. Yalnız vaxtı göstərən əqrəblər hərəkət edirdi, başqa göstəricilər donmuş, susmuş, işıqları sönmüşdü.
Axşam düşdüyündən əl-ayaq yığışmış, küçədə oyan-buyana gedən adamlar seyrəlmişdi. Hər kəs harasa tələsir, dönüb dalanlarda yox olurdu. Bir azdan gecə işləyən bir neçə müəssisə və mağazadan başqa, hər yer bağlandı. Budur, yolun o biri üzündəki iri marketin də işıqları söndü. Lemi başını skamyanın söykənəcəyinə qoyub göyə baxdı, baxdı, yavaş-yavaş gözlərinin yumulduğunu heç hiss eləmədi. Kimsə onun əlindən tutub silkələməsəydi, yəqin ki, qızcığaz səhərə kimi buradaca yatacaqdı. Lemi gözlərini açanda yaşlı bir kişinin skamyada yanında oturduğunu gördü. Kişinin əynində qolsuz kürk, başında papaq vardı.
– A qızım, gecə vaxtı burda tək neyləyirsən? Sənin evin-eşiyin, atan-anan yoxdurmu?
Lemi dikəlib oturaraq nə deyəcəyini götür-qoy etdi. O artıq başa düşmüşdü ki, Yerdəki adamların düşüncə tərzi fərqlidir. Onlarla başqa cür, onların başa düşəcəyi şəkildə danışmaq lazımdır.
– Mənim burda heç kəsim yoxdur, – deyə o, ağır-ağır dilləndi, fikir verdi ki, getdikcə daha yaxşı danışır, sözlərdən daha sərbəst istifadə edir. – Yatmağa yerim də yoxdur.
– Ay yazıq uşaq! – kişi əlini dizinə çırpdı, – bəs indiyə qədər sənə yiyə duran çıxmayıb? Cəmiyyət hara baxır? Elə yalandan bar-bar bağırırlar: insanpərvərlik belə gəldi, uşaq hüquqları belə getdi.
Lemi yavaş-yavaş yuxudan tamam ayıldı. Haradansa musiqi səsi gəlirdi.
– Sizin də mənim kimi eviniz yoxdur? Gecə vaxtı burda neyləyirsiniz?
– O şüşəli marketi görürsən? – yaşlı kişi yolun o biri üzündəki iri mağazanı göstərdi, – mən onun gözətçisiyəm.
– Gözətçi nə deməkdir?
– Yəni nəzarət edirəm ki, pis adamlar mağazaya bir zərər yetirməsin, şüşəni sındırıb içəri girməsin, ərzaq oğurlamasınlar.
Lemi yenə sual vermək istədi, amma fikrini dəyişdi. O istəmirdi ki, yenicə tanış olduğu bu yaşlı kişi də onu «ağıldankəm» hesab eləsin.
– Sənə burada soyuq olar, gedək, baban içəridə sənin üçün yatmağa yer düzəltsin. Sabah səni aparıb uşaq evinə təhvil verərəm.
Lemi sevindi: artıq bu adama necə müraciət edəcəyini bilirdi:
– Çox sağ ol, baba!
Lemi marketin içində gözətçinin yumşaq stulları birləşdirərək onun üçün düzəltdiyi yerdə çox rahat yatdı. Səhər tezdən gözlərini açanda əhvalı daha yaxşı idi. Sıçrayıb yerindən durdu, marketi başdan-başa gəzdi. Taxçalar müxtəlif ərzaq məhsulları – konfet, keks, meyvə quruları, şirələr və s. ilə dolu idi. O, xoşuna gələn şeylərdən götürüb yedi, bəzilərini dişləyib atdı, bir neçə şirəni açıb içdi və bütün bunlar üçün icazə almaq heç onun ağlına da gəlmədi: əgər insan acdırsa, yeməlidir, bunun üçün icazə almaq nəyə lazımdır ki? Sonra o, stullardan birində oturaraq gecə gözətçinin dediklərini yadına saldı. «Uşaq evi… Görəsən, bu, necə yerdir? Mən hələlik orada qala bilərəmmi?»
Qapını zərblə açan gözətçi qızın oyaq olduğunu görüb sevindi:
– Sabahın xeyir, qızım, vaxtında durmusan. Mağazanı təhvil vermək vaxtı çatıb.
– Baba, bəs sən yatmadın?
– Yox, mən iş başında idim.
Gözətçi gün işığında Lemini birinci dəfə görürmüş kimi diqqətlə baxdı. Uşağın əyin-başı, saçları, üzü, xüsusilə gözləri ona qeyri-adi göründü, o, qətiyyən yurdsuz-yuvasız, yiyəsiz uşağa – dilənçiyə oxşamırdı. Mağazanı xadimə qadına təhvil verəndən sonra onlar yola düzəldilər.
– Baba, hara gedirik?
Kişi fikirli görünürdü:
– Deyirəm, əvvəl yaxınlıqdakı polis məntəqəsinə gedək, görək onlar nə deyəcəklər.
Lemi dayandı:
– Yox, ora istəmirəm. Polis məntəqəsinə getməyək.
Qızın bu tərsliyini başa düşməyən kişi onu dilə tutmağa çalışsa da, bir şey çıxmadı.
– Yaxşı, bir halda ki ora istəmirsən, onda birbaşa uşaq evinə gedək.
Lemi uşaq evi haqqında sual verməyə başladı. Kişi izah etdi: