скачать книгу бесплатно
Lənətə gələnlər
Rövşən Yerfi
Lənətə gələnlər… Kimdir lənətə gələnlər..? Onlar niyə, nədən lənətlənmişlər..? Bu insanların bizdən fərqi çoxmu..?
HİV qasırğası – bir cümlə ilə ifadə edilə bilməyəcək faciədir ki, tanrı heç kəsin başına gətirməsin.
"Üzdəniraq ada", "Residivist","Qadın düşərgəsi", "Sel", "Günahsız qatil", "Həbsxana bənövşəsi" adlı əsərlərin müəllifidir.
Rövşən Yerfi
Lənətə gələnlər
LƏNƏTƏ GƏLƏNLƏR…
Neçə vaxtdı Çəməngül ananın gözləri yol çəkirdi. Qış qurtaran kimi otların, güllərin torpağın bağrını yarıb çıxması, bağçada tut ağacının neçə illərdən bəri yenidən çiçəkləməsi onun da ürəyində çoxdankı arzula-rını oyatmışdı. Yaz başlayandan məktubla, gəlib-gedənlə Paşa xəbər göndərmişdi ki, darıxmasın, gəlir. Özü də bu dəfə daha elə belə yox, birdəfəlik vətənə qayıdır. Çəməngül ana əvvəlcə nə eşidən qulağına, nə də məktubu oxuyan gözlərinə inanmağı gəlməmişdi. Gün hayandan çıxmışdı ki, Paşa belə qəti fikrə gəlmişdi? Olmaya neçə illərdən sonra anası üçün, vətəni üçün qəribsəmişdi? Yoxsa yaşlaşdıqca torpaq onu çəkirdi? Nə səbəbdən olur-olsun, fərqi yoxdur, xəbəri eşidən kimi qəlbinə dolan sevincdən ananın gözləri yaşar-mışdı…
On beş ildən çox idi ki, kənddən çıxmışdı. Paşa Çəməngülün gözünün ağı-qarası, yeganə oğlu idi. Onu peşə məktəbini qurtaran ili əsgərliyə apardılar. Əsgərliyini başa vurmağa xeyli qalmış, div kimi dövlət – Sovet İttifaqı dağıldı. Kimin ağlına gələrdi? Getsin o günlər, gəlməsin… Ağır illər idi. Həyat yoldaşının erkən vəfat etməsi, cavan yaşlarından dul qalması Çəməngülü həyatın hər üzünü görməyə vadar etmişdi. Ataları rəhmətə gedəndə Paşanın doqquz, Aynanın altı yaşı vardı. Min bir sədəqə və qurbanla övlad arzusuna qovuşmuş Çəməngül ailə həyatının şirin günlərini do-yunca dadmamış, qırx yaşında taleyinə tək ömür sürüb əzab çəkmək yazıldı. Uşaqları pis-yaxşı böyüdüb ərsəyə çatdırmışdı. Gəl ki, övladları nə qədər böyüsələr də qayğıları bitmək bilmirdi. Dolanışıq, təhsil, iş tap-maq kimi çətinliklər rahat nəfəs almağa, göz açmağa aman vermirdi.
Əvvəlki bolluqdan, firavanlıqdan əsər-əlamət belə qalmamışdı. Müstəqilliyə qovuşması ilə ölkəni qıtlıq bürümüşdü. Qiymətlərin «kəllə-çarxa» qalxması mizan-tərəzinin itməsinə, bal ilə şorun dəyərinin bərabərləş-məsinə, dərəbəyliyin baş alıb getməsinə səbəb olmuşdu. Hakimiyyətdə oturanlar ölkəni yetərincə idarə edə bilmirdilər. Bir yandan da nankor qonşu “forpost” dövlətin havadarlarının köməyi ilə torpaqlarımıza hü-cum çəkib rayonları işğal etməsi qara camaatın gününü lap qara etmişdi. Müdafiəsiz qalan əhali əsir düşməmək üçün doğma yurd-yuvasından qaçqın düşmüşdü. Tele-vizorda verilən xəbərlərdən bilmək olmurdu, bu müha-ribədir, yoxsa oyun? Bir gün bizimkilər hücum çəkib işğal edilmiş bir neçə kəndi xeyli itkilər bahasına azad edirdilər, on gün sonra əmr olunurdu ki, geri çəkilin. Geri çəkilən kimi düşmən yenidən irəliləyib həmin kəndləri tuturdu. Daha soruşan yox idi ki, geri çəkilə-cəkdiksə, o «xalxın tifillərini» niyə qırğına qurban edirsiz? Başdıbaşınalıq idi. Cəbhədə olansayaq, höku-mətdə də bir-birini eşidən yox idi, hərənin ağzından bir avaz gəlirdi. Müharbə adlanan bu oyundan hərə öz xeyrinə çalışırdı. Xalqa, torpağa görə narahat olmaq əvəzinə, iqtidarla müxalifət vəzifə, qazanc uğrunda bir-birilərinə kələk gəlməklə məşğul idilər. Cavanları harda gəldi – küçədə, yolda tutub təlimsiz, hazırlıqsız birbaşa cəbhəyə göndərirdilər. Onların arasında təcrübəsizlik-dən bir təsadüfi güllənin güdazına gedənlər də az deyildi. Bu günahsız qurbanları «şəhid» adlandırıb el arasında xatirəsini əziz tutsalar da, əslində biçarələrin qismətinə adi, ucuz ölüm nəsib olurdu. Qəhrəmanlıqla vuruşub, heç olmasa bir qarış torpağı düşmən tapdağından azad edərək ölmək üçün də gərək bəxtin olaydı. O bəxtin olub-olmayacağına heç kim zəmanət vermirdi. Odur ki, oğlunu könüllü müharibəyə göndər-mək istəyən az idi. Az-çox imkanı olanlar hərə bir yolla övladını səfərbərlikdən yayındırırdı. Gücü çatan oxu-durdu, xaricə göndərirdi. Həmkəndlisi dəllək İqbal üç oğlunun üçünə də həkimdən ruhi xəstə kağızı almışdı. Ölənlərin, vuruşanların içərisində bir varlı, yaxud dövlət vəzifələrində işləyən məmur balasını tapa bilməzdin. Çanaq həmişə olduğu kimi, kasıbın başında çatlayırdı. Cəbhəyə könüllü gedib canından keçənlərin ailələrinə olan biganəlik də bir yandan adamı yandı-rırdı. Ön xəttdə döyüşlər getsə də cəbhədən kənarda al-qırmızıya bürünmüş şəhid məzarlarından başqa heç yerdə müharibə hiss olunmurdu. Kim necə bacarırdı, elə də yaşayırdı. «Xalqımız səbirli, qəhrəman xalqdır», – deyib toy-bayram edənlər də öz işlərində idi, müha-ribə şəraitindən yararlanıb pul qazanan, varlananlar da…
İnanırdı ki, kasıb balalarının qanı hesabına mənsəb, vəzifə, varidat qazanan nanəciblərdən, xalqına xəyanət edənlərdən gec-tez bir gün torpaq öz qisasını alacaqdı. Axı Çəməngül arvad hələ altı yaşında – İkinci Dünya müharibəsi zamanı insanların çəkdiyi acılı günləri, müharibənin necəliyini özünə görə anlamışdı. O zaman kimin ixtiyarı olub yaxasını müharibədən kənara çəksin, ya da müharibədən xeyir güdsün? İndi belə özbaşınalıqda, vətəndən çox hərə öz başının qey-dinə qalan vaxtda heç vaxt razı olmazdı ki, ciyərparası, min cür əzabla böyüdüb ərsəyə gətirdiyi tək oğlu cəbhəyə, gedər-gəlməzə getsin. Vətən, torpaq incisə belə… Vətən elə onun oğlu üçünmü idi? Yenə çox oğlu olsaydı, ya da əsl ordu yaradılıb müharibə aparılsaydı, dərd yarı idi. İstəmirdi, Allah eləməsin, gözlənilməyən qəfil güllənin gətirdiyi ucuz ölümdən oğluna da qismət olsun. Bəs sonra o, necə yaşayardı? Yazıq, bədbəxt olmazdımı? Ona görə də dəfələrlə məktub yazıb, Paşaya əsgərlikdən sonra qayıtmamasını, ara sakitləşə-nədək bir müddət yad ölkədə qalmasını yalvarmışdı. Kənd cavanlarından xaricə çörək dalınca gedənlər az deyildi. Aralarında ölüm qazancı ilə tabutda qayıdanlar da vardı. Bu ağır illərdə cəbhədən dörd şəhid cənazəsi gəlmişdi. Rusiyadan gələn tabutların sayı isə altını ötmüşdü. Hamısı rəhmətlik sayılsa da fərq cəbhədə şəhid olanların ölümünün şərəfli hesab edilməsində idi. Güzəran üçün gedib ölənlər tez unudulurdu. Lakin torpaq uğrunda ölənləri unutmamaqdan ötrü onları bir yerdə dəfn etmiş, məktəbin qarşısında büstləri qoyul-muşdu. Şəhidlərin yaxınları o büstlərin qarşısından keçəndə kədərlənməkdən çox fəxr edirdilər.
Hər dəfə cavanlardan kiminsə şəhid olduğunu və ya Rusiyadan meyid gətirildiyini eşidəndə dünya ana-nın gözündə qaralırdı. Çəməngül oğluna heç birini – nə şərəfli, nə də şərəfsiz ölüm istəmirdi…
Niyə axı onun oğlu da başqaları kimi rahat yaşamasın? Bu torpaq kef içində yaşayan vəzifəlilərin, varlıların balalarının vətəni deyildimi? Döyüşmək, şəhid olmaq ancaq kasıblarınmı “alnına yazılıb”? Vətə-nin onun oğlundan qeyri kimsəsi yoxdumu məgər?.. Gecə-gündüz Allahdan oğlunun öz evinə qayıdanadək sağ qalmasını diləyirdi.
Heç demə, anasının «gəlmə» deməsi oğlunun da ürəyindən imiş. Hərbi qulluq etdiyi şəhərdə qalan Paşa çox çəkmədi ki, bir yerdə işlədiyi qızlardan biri ilə evləndi. İllər keçdi, Çəməngül ana nəvələrinin dünyaya gəlməsi xəbərini aldı. Paşa ona hər ay olmasa da, üç-dörd aydan bir kömək məqsədiylə müəyyən miqdarda poçtla, ya da gəlib-gedənlə pul göndərirdi. Paşanın gön-dərdiyi pulun dolanışığa az da olsa xeyri dəyirdi. Çörək qazanmağın, işin qəhətə çıxdığı bir dövrdə təqaüd yaşı çatmış qadına kim idi qazanclı iş verən? Ömürboyu sağıcı işlədiyi kolxozu dağıdıb özəlləşdirmişdilər. Kolxozun bərəkətli, gözəgəlimli torpaqlarını atalarından qalan miras hesab edib mənimsəyənlər, tövləsinin dam-daşınacan bölüşənlər, ağaclarını kökündən baltala-yanlar, torpağın altından su borularınacan çıxardan goreşənlər ona əmlak payı kimi bir arıq inək vermişdilər. Vaxtlı-vaxtında otunu, yemini əldə eləmək çətin olduğundan onu da dəyər-dəyməzinə satıb pulunu dolanışığa, Aynanın və özünün əyin-başına sərf etdi. Təkcə təqaüd ilə dolanmaq mümkün idimi? Yenə Allah bərəkət versin bağa-bağçaya, toyuq-cücəyə. Onların hesabına ac qalmırdılar.
Ayna orta məktəbi qurtaran ili qızının bir sənət alması üçün harda, necə oxutmaq fikri dərdə çevril-mişdi. Allah tərəfi, ananın çox sıxıntı keçirməsinə ehtiyac qalmadı. Həmin ilin payızında qonşu məhəl-lədən Aynaya elçi gəldi. Zəmanə elə pisləşmişdi ki, indi elçi qaytarmaq vaxtı deyildi. Kənddə cavan qalmadı-ğından yaşı ötmüş qızların sayı il-ildən artırdı. «Yox» deyib qızını saxlasaydı, kim bilir, bir də qızına nə vaxt elçi gələcəkdi. Qızı ki, erkən vermədin, qaldıqca qalır, yalan sözdü qızıla dönməyi. İş tapmayan cavanlar baş götürüb yad ellərə, şəhərlərə səpələnmişdilər. Bir qə-dərini harada rast düşdü tutub cəbhəyə göndərmişdilər. Könüllü gedənlərdən başqa Bakıya gedən avtobus-lardan tutulub göndərilənlərdən ikisi şəhid olmuşdu. Birinin cəsədi gətirilib kəndin qəbiristanlığında dəfn edilmiş, ikincisi isə minaya düşdüyündən tikəsi də ələ gəlməmişdi. Çəməngül ana şəhidlərin anaları ilə hər dəfə rastlaşanda, onların dərdli gözlərinə baxmağa utanırdı. Oğlunu yad ölkədə saxlatdırıb cəbhədən yayındırmasına görə bir anlığa qəlbinin dərinliyində vicdan əzabı çəkirdi. Sonra yenə Paşanın tək oğul olmasına görə ürəyinə toxdaqlıq verib, özünə haqq qazandırırdı.
Həyat ki, belə çətinləşmişdi, bu gündən sabaha ümid qalmamışdı. Çəməngül tərəddüd etmədən qızına xoşbəxtlik arzulayıb, razılığını vermişdi. Cavanların uzun müddət nişanlı qalmalarını istəməyən təzə qohum üç ay keçmiş, verilən az cehizlə kifayətlənib gəlnini evinə aparmışdı. Gələrsə oğlunun incidiləcəyindən qorxan ana, Paşanı bacısının toyuna dəvət edilməsinə də lüzum görməmişdi.
Paşa ürəyində müharibədən qorxsa da ömrüboyu yad ölkədə yaşamaq istəmirdi. Anasının təkid, yalvarış dolu məktubları, sonra da xidmət etdiyi qəsəbədə işləmək üçün yaradılan şərait ona bir neçə il qalmağa əsas verdi. Burda ilin əksər vaxtı soyuq keçməsinə baxmayaraq, insanların bir-birinə münasibəti isti idi. Altı ay gündüz, altı ay gecə şəraitində hər millətin nümayəndəsindən yaşayan bu böyük olmayan qəsəbədə həyat maraqlı idi. Həftənin beş gününü işləyib, iki gününü yeyib-içən, rəqs edən insanların elə bil ayrı qayğıları yox idi. Fərqli düşüncə, fərqli həyat tərzi bəzən Paşaya elə xoş gəlirdi ki, heç özü də geri qayıtmaq istəmirdi.
İşləməyə başladığı ilk günlərdə Olyayla tanışlığı az vaxtda sevgiyə çevrildi. Tezliklə Olya onu evlərinə dəvət edib anası ilə tanış etdi. Bu arada Olyanın hərtərəfli qayğısı nəticəsində həyatının ehtiras dolu ən gözəl, xoş anlarını yaşadı. Üç ay keçmişdi, Olya ondan hamilə qaldığını bildirdi. Təcili evlənməyi qərara aldılar. Yaxın dost-tanışı yığıb balaca məclis düzəltdilər. Qaynanası Valentinanın tələbi ilə Paşa yataqxanadan çıxıb tamamilə onların evinə köçdü. Daha uzaq şimalda tənha deyildi. Ailəsi, yaşamağa evi vardı. Ancaq, nə qədər xoş gün keçirsə də, bəzən özündən asılı olmayaraq qəmginləşir, vətəni, anası, həyətlərindəki tut ağacı üçün darıxırdı. Belə olanda fikrini dağıtmağa ona yalnız şərab kömək edirdi. Onsuz da burda böyük də, kiçik də, kişi də, qadın da – hamı içirdi. Yarım il sonra Ruslan dünyaya gəldi. Oğlunun olması onu xeyli sevindirdi, qəmini azaltdı. Ruslanın üç yaşına az qalmış Rustəmin anadan olması Paşaya qol-qanad verdi. İmkan düşəndən-düşənə anasına pul, məktub göndərən Paşa illər ötdükcə qəribliyə alışıb şimala bağlanırdı.
Nəhayət, ölkədə müəyyən qayda-qanun yaran-mağa başlayandan, dərəbəylik yığışdırıldığından sonra günlərin bir günü, dörd illik ayrılığa dözməyib anası üçün darıxan Paşa, dəvətsiz-filansız qəfildən bir-neçə günlüyə onu görməyə gəldi. Sevinməkdən çox təşvişə düşən ananın qorxudan ürəyi yerindən çıxırdı. Hər an qapının döyüləcəyini, oğlunun əlindən alınıb qaçaraq ön cəbhəyə, gülləqabağına göndəriləcəyini güman edirdi. Paşa onun haldan-hala düşməsinə gülürdü:
– Ay ana, qorxma, sənin heç dünyadan xəbərin yoxmuş. Eşitməmisən? Neçə aydır atəşkəs elan olunub, səfərbərlik dayandırılıb. Daha müharibə çətin ki, olsun…
– Yox ay bala, göz gördüyündən qorxar, nə bilim. Sən gələndən gözüm qapıdadı, indi budu ha, gəlib qabaqlarına qatıb aparacaqlar. Şükür Allaha! Ay oğul, əgər belədirsə, müharibə olmayacaqsa bəsdir özgələr içində yaşadın. Qayıt gəl evimizə. Gör neçə ildi mən də təkəm.
– Ana, dildə demək asandı. Oranı necə buraxıb gəlim? Öyrəşdiyim dostlarımı, ailəmi, uşaqlarımı necə atım?
– Ay Paşa, sən nə birinci deyilsən, nə də axırıncı. Sənin kimi bu kənddən o qədər oğlanın evi, ailəsi olub ki…Lazım gələndə hər şeyi atıb, gəlib təzədən öz millətinin qızı ilə evlənib ailə qurublar. Sən, maşallah, qocalmamısan ki, cavan oğlansan. Sənin tayların heç evlənməyiblər. Gəl, ürəyin kimi istəyir al. Nə çoxdur qız. Qalıblar evlərdə. Yaşıdlarından istəsən var, lap elə təzə əmələ gələni də var. Neynirsən kafirin qızını? Bir müddət yaşamısan, boşa getsin. Geci-tezi ondan sənə ailə olmayacaq. Bu sözümü yadında saxla. Mən də tək yaşamaqdan bezmişəm. İndi qabağımda gəlin aylanan vaxtımdır. Gəl, evinə, həyətinə sahiblik elə. Bu ev-eşik sənindi.Yavaş-yavaş sökülür. Əl gəzdirsən, atanın da ruhu şad olar. Bir gün eşidəcəksən anan da ölüb, dəfnimə də özünü çatdıra bilməyəcəksən…
– Ana, yenə başladın ağlaşma qurmağa? Bəsdi sən Allah, maşallah, top kimisən, hara ölürsən. Qayıtmaq məsələsinə baxaram, fikirləşib ölçüb-biçərəm. Qaldı ki, təzədən evlənməyimə, bu qəliz söhbətdir. Olyanı hələ ki, boşamaq istəmirəm. Onu boşasam, gərək oğlanla-rımı da unudam. Uşaqlarımı isə lap çox istəyirəm.
– Neynək, onda gətir arvad-uşağını da özünlə. Nə olacaq ki, qaynayıb qarışacağıq bir-birimizə. Hə, necə fikirdir?
– Anam, fikrləşərəm. Mənə bir az möhlət ver, düzələr…
Paşanın fikirləşməyi ilə birdəfəlik kəndə qayıt-ması doqquz il çəkdi. Ötən illər ərzində bir neçə dəfə anasına baş çəkən Paşa həmişə ailəsini götürüb doğma kəndinə qayıdacağına söz verir, vaxt istəyirdi. Şükür ki, bu bahar şeytanın qıçını sındırıb, deyəsən son qərara gəlmişdi. Anasına göndərdiyi məktubda yaxın günlərdə ailəliklə doğma yurduna qayıdacağını yazmışdı. Mək-tubu alan gündən ananın gözləri həsrətlə yol çəkirdi.
Bəzən ürəyində Paşanın vədinə əməl edəcəyinə inanmağı gəlmirdi. Yəni o arvadını, uşaqlarını yaşa-dıqları torpağı tərk etməyə razı sala biləcək? Verdiyi sözü yerinə yetirməyə gücü çatacaqmı? İllər keçdikcə Paşanın saçlarına dən düşür, çallaşırdı. Sonuncu dəfə iki il əvvəl gələrkən heç ayıq günü olmadı. Gələn gündən o ev sənin, bu ev mənim, gah o dostda, gah bu dostda içdi, gedən günədək. Həmişə qonaq olduğu üçün xətrinə dəyməyən ana bu dəfə dözmədi:
– Ay bala, belə olmaz. Sən nə qədər içirsən? Ana-bala kimi diz-dizə oturub dərdləşməyə bir vaxtımız olmadı ki! Axı sən belə deyildin. Yaşlaşdıqca deyəsən kələfin ucunu itirirsən. Niyə bu qədər içirsən?
– Ana, məndə günah var? Neyləyim, dostdu, tanışdı dəvət edirlər, içməsən yaxşı çıxmaz axı, hör-mətsizlik olar…
– Elə deyil, içməsən səni kim güclə içirdər? Görürlər içirsən, ona görə də o zəhrimarı əsirgəmirlər. Əvvəllər niyə bəs belə qonaqlıqlar olmurdu? Sənə qur-ban olum, hər şeyin qədəri olduğu kimi, bunun da qədəri var. Bu zəhərdən kim xeyir görüb, sən də görəsən…
– Ana, sən bunu içmək hesab edirsən? Eh, sən nə görmüsən? Mənim yaşadığım yerdə olsaydın, bilərdin ki, içmək necə olur. Hamı içir, cavan, qoca. Orda içməmək mümkün deyil. Nə qədər istəməsən də xeyri yoxdur, alışacaqsan. İçməsən soyuqdan donacaqsan. İlin altı ayı gecə olur, altı ayı gündüz, təsəvvür edirsən?
– Can bala, sən nə çətin yerdə yaşayırsan? Qalma daha o xarabada. Gül kimi ömrünü puç eləmə. Təcili qayıt gəl öz torpağımıza.
– Gələcəyəm, ana, gələcəyəm. Sən elə bilirsən mən sənin üçün, torpağımız üçün heç darıxmıram? Qəriblik ayrı dərddir. Adam cavan olanda anlamır. Amma, yaşa dolduqca, bilmirəm, nədənsə birdən yadıma sən düşürsən, bax, bu evimiz düşür. Hə, onda başlayıram bala-bala gillətməyə…
Bu zaman gözləri yaşarmış Çəməngül ana həyəcanından Paşanın sözünü kəsmişdi:
– Eşidirsən, necə var çıx gəl evimizə. Qəriblikdən də canın qurtarar, yavaş-yavaş içməyi də tərgidərsən. Yoxsa belə ömür sürməklə nə qazanacaqsan? Mən də heç olmasa ölən vaxtımda bir gün görərəm, gözü yolda ölmərəm…
***
Havalar istiləşib yay yaxınlaşan günlərin birində, günorta vaxtı həyətin qapısı qarşısında siqnalı ara verməyən «taksi» maşını dayandı. Qabaq qapısını açıb maşından düşən çalsaçlı, çox da hündür olmayan orta yaşlı kişi ətrafa göz gəzdirib, kimsəni görməyəndə əlini sürücüyə sarı yellədi:
– Ə, bəsdi, saxla siqnalını. Sənə də bir söz gərək imiş. Özüm çağıracağam.
Arxa oturacaqda oturmuş, düşməyə tələsməyən bir qadın və iki uşaq maraqla çay daşından tikilmiş hasarlara, onların üstü ilə cərgə ilə düzülmüş təzək cər-gələrinə baxır, intizarla taxta darvazanın açılmasını gözləyirdilər.
– Ana, ay ana, hey…Aç qapını, hardasan? – Bir neçə addım irəliləyib rəngi solmuş balaca alaqapını tərpətdi, qapı açıldı, – qapı açıqmış, – həyətə girdi. Heç nə dəyişməmişdi. Son dəfə həyəti necə görmüşdü, elə də qalmışdı. Elə bil iki il yox, iki gün keçmişdi.
Şüşəbəndin qapısı açıq idi. O narahat oldu: qapı-ları açıq qoyub anası hara getmişdi? Evdə idisə, niyə cavab vermirdi? Üzünü evə tərəf tutub yenidən çağırdı:
– Ay ana, hardasan? Gözün aydın, gəlib çıxmışam.
Burnuna təzə bişən təndir çörəyinin iyi gəldi. Çoxdan tamarzı qaldığı təndir çörəyinin ətrini ciyər-lərinə çəkdikcə, bir anın içində yaşadığı keçmiş günlər kino lenti kimi gözlərinin önündən keçdi. Anası haqlı imiş, dünyada ona burdan əziz yer vardımı?
Evin arxasındakı bağçaya gedən yolda yerləşən təndirxana deyilən tərəfə baxdı. Deyəsən anasının başı tüstüsü çıxan təndirə qarışmışdı.
– Kimsən, ay bala?
Üstüörtülü təndirxanadan çıxıb ona tərəf gələn, təndirin istisindən qorunmaq üçün başındakı şalla üzünü bağlayan anasını görəndə tanımadı. Anası cansız həyət-bacadan fərqli olaraq axır iki ildə nə qədər qocalmışdı?! Saçları tamam ağarmışdı, istidən qızarmış yanaqlarına qırışlar iz salmışdı.
– Ana, mənəm, gəlmişəm.
– Paşa.., ana sənə qurban, – sevincdən Çəməngülün gözləri yaşardı, yüyürərək qollarını açıb oğlunu bərk-bərk qucaqladı, alnından öpdü, – xoş gəlmisən, həmişə sən gələsən. Qurban olaram sənə. Yenə təkmi gəlmisən?
– Yox, ay ana, ötən dəfə sənə söz vemişdim axı. Demişdim uşaqları da gətirəcəyəm.
– Bəs hanı uşaqlar, hanı mənim gül nəvələrim?
– Burdadırlar, darıxma. Küçədə maşındadırlar, indi çağıraram. Sən gəlmə, əziyyət çəkmə.
– Nə danışırsan, uşaqları küçədə saxlamağı azdı, bir mənim qayğıma da qalır.
Ana, neçə illərdir həsrətində olduğu nəvələrini, gəlinini görmək üçün ürəyi çırpına-çırpına cəld addım-larla özünü həyətin alaqapısına çatdırdı. Küçədəki maşının arxa pəncərəsindən onu donuq baxışlarla başdan-ayağa süzən orta yaşlı sarışın qadını, mavi gözlü iki uşağı görəndə bir anlığa özünü itirdi. Nə edəcəyini bilmədi. Sevincdən oğlunun üstünə çımxırdı: – Ay bala, uşaqları niyə saxlamısan bağlı maşında. Düşüb gəlsinlər də evə, nəyi gözləyirlər?
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: