banner banner banner
Ovod
Ovod
Оценить:
Рейтинг: 0

Полная версия:

Ovod

скачать книгу бесплатно

Ovod
Etel Lilian Voyniç

Dünya ədəbiyyatından seçmələr
Romantik ruhda yazılan “Ovod” romanı baş qəhrəmanın – Artur Bertonun (Ovod) İtaliyanın azadlığı uğrunda mübarizəyə qoşulmasından və öz əqidəsinə sadiqliyindən bəhs edir.

ETEL LİLİAN VOYNİÇ

OVOD

BİRİNCİ HİSSƏ

Birinci fəsil

Artur ruhani seminariyasının kitabxanasında rektor Montanellinin əlyazmasını axtarırdı. Montanelli qələmi yerə qoyub Artura məhəbbətlə baxdı:

– Əzizim, tapa bilmirsən? Qoy qalsın. O hissəni təzədən yazaram.

Hər dəfə Artura müraciət edərkən Montanellinin səsində sonsuz nəvaziş duyulurdu.

– Taparam, padre[1 - padre – xristian dinində kilsə xadimi, müqəddəs ata]. Bilirəm ki, o, buradadır. Budur, tapdım!

Artur səssizcə Montanelliyə yaxınlaşdı. Bu balacaboy, zərif görünüşlü gəncin uzun qaşları, əsəbilik ifadə edən titrək dodaqları vardı. Onu ilk baxışdan kişi paltarı geymiş qəşəng bir qıza oxşatmaq olardı; çevik hərəkətləri ilə isə bəbiri xatırladırdı.

– Tapdın? Artur, heç bilmirəm sənsiz neylərdim?! Hələlik bəsdir, daha yazmayacağam. Gedək bağa, bayaq soruşduğun, sənə aydın olmayan şeyləri izah edim.

Onlar sakit və kölgəli monastır bağına getdilər. Montanelli maqnoliya ağacı altındakı skamyada oturdu.

Artur universitetdə fəlsəfə öyrənirdi. Çətinliyə düşəndə, adətən, Montanelliyə müraciət edərdi.

Montanelli Artura qaranlıq qalan yerləri izah etdikdən sonra oğlan soruşdu:

– Sizə lazım deyiləmsə, gedə bilərəm, padre?

– Bir az qala bilsən, yaxşı olar. Vaxtın varmı?

– Əlbəttə, var!

Artur ağacın gövdəsinə söykəndi. Onun qara kirpikləri arasından xəyali dalğınlıqla baxan, sirr dolu mavi gözləri anasının gözlərinə oxşayırdı. Montanelli bu gözlərə baxa bilmirdi.

– Əzizim, çox yorğun görünürsən! Məncə, işini təzədən başlamağa tələsmə. Ananın xəstəliyi, yuxusuz gecələr səni əldən salmaya bilməzdi. Hələ uzun zaman dincəlməlisən.

– Ah, padre, bunun nə əhəmiyyəti var? Anamın ölümündən sonra evdə qalmağa daha taqətim yoxdur. Yuliya axırda məni dəli eləyəcək.

Yuliya onun böyük ögey qardaşının arvadı idi: Arturun həyatını zəhərləmək üçün hər şeydən istifadə edirdi.

Montanelli nəvazişlə dedi:

– Qohumlarının yanında nahaq yerə qalırsan. Həkim dostunun yanında bir ay qala bilərsən, sonra yenə də işləməyə gücün olar.

– Yox, padre, doğrusu, gedə bilmərəm! Uorrenlər yaxşı, səmimi adamlardır, ancaq məni başa düşmürlər. Başlayacaqlar təsəlli verməyə – anamdan danışacaqlar… Bir də ki, elə ancaq bu deyil…

– Daha nə var ki?

Artur əyilmiş üskükotu budağından bir neçə çiçək qoparıb, əsəbi halda didməyə başladı.

Bir az susduqdan sonra dedi:

– Mən o şəhərdə yaşaya bilmərəm. Orada mağazalar var, – bu mağazalardan anam həmişə mənə oyuncaq alardı; orada sahil küçəsi var, – xəstələnməmişdən qabaq onunla bu sahildə gəzərdim. Hara getsəm, hər yer elə… Sonra da o qəbiristanlıq… yox, ora gedə bilmərəm…

Artur dalğın halda əlindəki üskükotu çiçəyini xırda-xırda qoparıb tökürdü. Onlar xeyli susdular. Hava qaralmağa başlasa da, Montanellinin qar kimi ağarmış üzünü görmək mümkün idi. Onun başqasının dərdinə bu cür ürəkdən yana bilməsi Arturu heyran etmişdi.

Nəhayət, Montanelli başını qaldırıb mehribanlıqla dedi:

– Yaxşı, mən təkid etməyəcəyəm. Ancaq mənə söz ver ki, yaxşı dincələcəksən. Məncə, evdən uzaqda olsan daha yaxşı olar.

– Padre, siz tətildə hara gedəcəksiniz?

– Mən, həmişəki kimi, tələbələri dağlara aparıb yerbəyer etməliyəm. Avqustun ortalarında bir qədər Alp dağlarını gəzəcəyəm. Bəlkə, sən də mənimlə gedəsən? Əlinə Alp mamırı ilə məşğul olmaq üçün çox gözəl fürsət düşərdi. Ancaq qorxuram ki, mənimlə darıxasan.

– Sizinlə getmək üçün nəyim varsa, hamısını verərdim. – Artur həyəcanla dedi. – Ancaq… əmin deyiləm…

– Demək istəyirsən ki, böyük qardaşın icazə verməz?

– Əlbəttə, o, etiraz edər, lakin bunun mənim üçün əhəmiyyəti yoxdur. İndi mənim on səkkiz yaşım var, istədiyim kimi hərəkət edə bilərəm.

– Ciddi etiraz edərsə, yaxşı olar ki, sözündən çıxmayasan. Evdə vəziyyətin daha da pisləşər…

– Qətiyyən! – Artur coşqunluqla onun sözünü kəsdi. – Onsuz da onlar məni heç vaxt sevməyiblər, nə etsəm, yenə də sevməyəcəklər.

– Hər halda bu barədə ona məktub yazmaq lazımdır. Görək nə deyir. Bizi sevirlərmi, ya bizə nifrətmi edirlər – öz hərəkətlərimizdə gərək bunu əsas tutmayaq.

Artur azca qızardı və ah çəkərək dedi:

– Bəli, bilirəm. Amma bu, çox çətindir.

Montanelli söhbətin mövzusunu dəyişdi.

– Bilirsənmi, çərşənbə axşamı yanıma gələ bilmədiyinə görə çox təəssüf etdim.

– O gün bir tələbənin mənzilində yığıncaq vardı, məni gözləyirdilər.

– Nə yığıncaq?

Artur bir az karıxdı.

– Bu… Cenevrədən gələn bir tələbə nitq söyləyəcəkdi.

– Nə barədə?

Artur özünü itirdi:

– Padre, siz o tələbənin adını soruşmayacaqsınız ki? Söz vermişəm ki…

– Mən heç nə soruşmuram. Amma güman edirəm ki, mənə inana bilərsən.

– Əlbəttə, padre! O, bizdən… xalq qarşısındakı borcumuzdan danışdı. Ondan da danışdı ki, biz necə kömək edə bilərik…

– Kömək? Kimə?

– Xalqa… bir də… İtaliyaya…

Onlar xeyli susdular.

Montanelli ciddi tərzdə soruşdu:

– Artur, bu barədə çoxdan düşünməyə başlamısan?

Artur başını aşağı əyib dedi:

– Padre, məsələ belə olub. Keçən payız giriş imtahanlarına hazırlaşarkən tanış olduğum tələbələrdən bir-ikisi mənə bu məsələ haqqında danışdı… Oxumaq üçün kitab da verdilər. Ancaq bu, məni çox da maraqlandırmadı. Daha çox anamın yanına qayıtmaq haqda düşünürdüm. Onda anam evdə, Yuliyanın, qardaşlarımın yanında dustaq kimi tənha idi. Qışda o xəstələnəndə həmin tələbələri də, kitabları da unutdum… Sonra məlum oldu ki, anam son günlərini yaşayır. Son nəfəsinə qədər onun yanından ayrılmadım. Bu uzun gecələrdə o kitabları, söhbətləri düşünməyə başladım.

– Mənə isə heç nə deməmisən, Artur. Amma mən həmişə elə güman edirdim ki, sən mənə inanırsan.

– Padre, siz axı bilirsiniz ki, mən sizə inanıram!

– Yaxşı, bəs sonra?

– Sonra?.. Anam öldü…

Artur susdu. Montanelli tərpənmirdi.

– Onun dəfnindən qabaq, iki gün heç nə düşünə bilmədim. Dəfndən sonra xəstələndim. Bütün bunlar keçib getdikdən sonra isə bu məsələlərlə bağlı qəti qərara gəldim…

Onlar qaranlıqda bir qədər sükut içində oturdular. Sonra Montanelli əlini Arturun çiyninə qoyub dedi:

– Oğlum! Ürəyin səni hara çağırır?

Artur ayağa qalxdı:

– Həyatımı İtaliyaya fəda etməyə, onu köləlikdən və dilənçilikdən xilas etməyə, avstraliyalıları qovmağa və Allahdan başqa ağa tanımayan azad respublika yaratmağa!

– Artur, sən axı heç italyan da deyilsən.

– Bunun əhəmiyyəti yoxdur.

Montanelli ağaca söykənərək əli ilə gözlərini örtdü və nəhayət dedi:

– Bir dəqiqəliyə otur, oğlum.

Artur oturdu; Montanelli onun əllərini əllərinin içinə alıb bərk-bərk sıxdı.

– Bu, çox gözlənilmədən oldu… Bunu aydınlaşdırmaq üçün mənə vaxt lazımdır. İndi bircə şeyi unutmamağını xahiş edirəm: əgər sənə bir şey olsa, mən ölərəm.

– Padre!

– Dayan, qoy sözümü bitirim. Artur! Sən mənim üçün öz oğlum kimisən. Mən sənə baxmaqdan doymuram, sən mənim gözümün işığısan. Sənin həyatını qorumaq üçün ölməyə də hazıram. Ancaq indi mən acizəm… Səndən xahiş edirəm, ehtiyatlı ol. Bunu mənim üçün, həm də ölən ananın xatiri üçün et…

– Yaxşı, padre, siz də mənim üçün, həm də İtaliya üçün dua edin.

Artur diz çökdü, Montanelli əlini onun aşağı əyilmiş başına qoydu. Bir neçə dəqiqə keçdi. Artur qalxıb yavaş-yavaş uzaqlaşdı. Montanelli tək qaldı…

İkinci fəsil

Arturun Montanelli ilə bərabər İsveçrəyə səyahətə çıxması ögey qardaşı Cems Bertonun xoşuna gəlməsə də, etiraz etmək üçün əsas tapa bilmədiyindən razılıq verməli oldu.

London gəmi sahibləri olan “Berton və oğulları” yüz ildən çox idi ki, İtaliyada ticarət müəssisəsi yaratmışdılar. Ailə başçısı arvadını itirdikdən sonra kiçik uşaqlarının tərbiyəçisi olan Qledis adlı qəşəng bir qadınla evlənmişdi. Qadın onun böyük oğulları ilə, az qala, həmyaşıd idi. Ögey ananın varlığına dözmək Cems və Tomasa çox ağır gəlirdi. Bir müddət sonra isə Qledisin oğlu – Artur doğuldu. Qardaşları Arturu sevməsə də, ona qarşı olan borclarını öz bildikləri kimi yerinə yetirməyə çalışırdılar.

Artur məktubuna cavab olaraq pul çeki və soyuq icazə məktubu aldı; pulun yarısını botanika kitablarına, qovluqlara sərf etdi və ilk dəfə olaraq, Alp dağlarını səyahətə yollandı.

İndi Montanellinin kefi əvvəlkindən çox yaxşı idi. Bağçadakı söhbətə daha sakit baxırdı. Öz-özünə deyirdi: “Artur hələ cavandır. Onu qədəm qoyduğu yoldan öyüd-nəsihətlə qaytarmağa vaxt var”.

Onlar bir neçə gün Cenevrədə qalmağı qərara almışdılar. Lakin açıq-aşkar sezilirdi ki, Artur tozlu sahilləri, turistləri gördükdən sonra darıxmağa başlayır. Montanelli onu təbəssümlə müşahidə edirdi.

– Əzizim, bura xoşuna gəlmir?

– Göl çox gözəldir. Təpələrin mənzərəsi də yaxşıdır. Amma şəhər… o qədər təmizdir ki, elə bil onu yalayıblar. Ona baxanda qardaşım arvadı Yuliya yadıma düşür.

Montanelli güldü.

– Zavallı!… İstəsən, burada çox qalmarıq. Bu gün yelkənli qayıq tutub göldə gəzərik, sabah səhər isə dağlara qalxarıq.

Onlar axşama kimi yelkənli qayıqla göldə gəzib ertəsi gün səhər dağlara yola düşdülər; dərə ilə yuxarı qalxır, gecələmək üçün kiçik dağ kəndlərində qalır, sonra yenə yola düşürdülər.

Bir səhər otlaqdan keçərkən Artur soruşdu:

– Padre, bilirsiniz, nə fikirləşirəm?

– Nə?

– Mən demək istəyirəm ki… Məncə, kilsənin ruhanilərə evlənməyi qadağan etməsinə təəssüf etmək lazımdır. Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o qədər çox layiqdir. Padre, əminəm ki, siz evlənsəydiniz, uşaqlarınız çox…

– Sus! – Montanelli bu sözü tələsik və pıçıltı ilə dedi.

Montanellinin tutulduğunu görən Artur pərt olsa da, yenidən sözə başladı:

– Padre, mənim dediyim doğru deyil? Əlbəttə, yanıla bilərəm, mən, sadəcə olaraq, düşündüyümü dedim.

Montanelli mülayim bir ifadə ilə dedi: