banner banner banner
Beş həftə hava şarında
Beş həftə hava şarında
Оценить:
Рейтинг: 0

Полная версия:

Beş həftə hava şarında

скачать книгу бесплатно

Beş həftə hava şarında
Jül Vern

Dünya ədəbiyyatından seçmələr
Doktor Ferqüson əksəriyyətin haqqında çox şey bilmədiyi Afrikanı başdan-ayağa dolaşmaq fikrinə düşür, özü də hava şarı ilə! Beləcə, o və iki sadiq yoldaşı qeyri-adi hadisələrin iştirakçısına çevrilirlər.

Jül Vern

Beş həftə hava şarında

© ALTUN KİTAB MMC – 2022

1

London Coğrafiya Cəmiyyətinin 1862-ci il yanvarın 14-də keçirilən iclasına xeyli adam yığışmışdı. Cəmiyyətin prezidenti ser Frensis öz hörmətli həmkarlarına mühüm xəbər verdi və onun çıxışı tez-tez alqışlarla kəsildi. Ser Frensis nitqini belə yekunlaşdırdı:

– İngiltərə öz cəsur səyyahları sayəsində coğrafi kəşflər baxımından digər xalqlardan həmişə öndə olub. Şübhə yoxdur ki, doktor Samuel Fergüson da vətəninin başını ucaldacaq. Əgər onun cəhdi baş tutsa, Afrika coğrafiyası haqqında təsəvvürümüz daha da genişlənər. Yox, əgər uğursuz olsa, bir o qədər də təəssüflənməyə dəyməz. Çünki doktor Fergüsonun cəhdi, hər bir halda, insan dühasının cəsur ideyası kimi tarixə düşəcək…

İclas zalı alqışlardan, qışqırıqlardan lərzəyə gəlmişdi. Doktor Fergüsonun adı dillərdən düşmürdü. Elə həmin iclasda onun öz planını həyata keçirməsi üçün pul ayrıldı.

Bəs doktor Fergüson kim idi və özünü hansı işə həsr etməyə hazırlaşırdı? Gənc Fergüsonun atası ingilis donanmasının kapitanı idi. O, oğluna lap kiçik yaşlarından öz sənətini sevdirmiş, uşaq elmi işə, həmçinin dəniz ekspedisiyalarından bəhs edən əsərlərə maraq göstərmişdi. Atası ona hidroqrafiya, fizika və mexanikanı sevdirməyi yaddan çıxarmamış, eləcə də Fergüsonu botanika, tibb və astronomiya ilə tanış etmişdi.

Kapitan Fergüson öləndə Samuelin iyirmi iki yaşı var idi. O artıq gəmi ilə dünya səyahətinə çıxmağa macal tapmışdı. Atasının ölümündən sonra donanmanın mühəndis korpusunda xidmət eləyib, hətta bir neçə döyüşə qatılmış və fərqlənmişdi. Ancaq əsgər həyatı gənc Fergüsonun ürəyincə olmamışdı: əmr etməyi xoşlamadığı kimi, əmrə tabe olmağı da sevmirdi. Odur ki istefaya çıxıb gah ovçuluqla, gah da herbari[1 - Herbari – qurudulmuş bitkilər kolleksiyası] toplamaqla günlərini keçirirdi. Bir dəfə isə səyahətə çıxmaq həvəsinə düşdü və gedib İndoneziyanın şimal hissəsinə çıxdı. Oradan Avstraliyaya yola düşdü və Yeni Hollandiyanın mərkəzi hissəsində yerləşdiyi ehtimal edilən iri bir gölü tapmaq üçün 1845-ci ildə kapitan Stüartın ekspedisiyasına qoşuldu. Samuel Fergüson 1850-ci ildə İngiltərəyə qayıtdı. Onun coğrafi kəşflərə həvəsi daha da alovlanmışdı. Bu səbəbdən kapitan Mak-Klyuru üç il boyunca ekspedisiyalarda müşayiət etdi. Berinq boğazından Farvel burnuna qədər Amerika qitəsini dolanan Samuel qarşılaşdığı çətinliklərin, məhrumiyyətlərin öhdəsindən məharətlə gəldi[2 - Berinq boğazı Şimal Buzlu okeanında yerləşən Çukot dənizi ilə Sakit okeanın şimalındakı Berinq dənizini bir-birinə bağlayır, Farvel burnu isə Qrenlandiyanın ucqar nöqtəsində yerləşib, eyni zamanda, hündürlüyü 800 metrə çatan zirvədir (red.).].

Bizim yorulmaz səyyahımız 1855-ci ildən 1857-ci ilə qədər Şlaqintveyt qardaşları ilə Mərkəzi Asiyada yerləşən Tibetin qərb hissəsini tədqiq elədi və evə maraqlı etnoqrafik məlumatlarla qayıtdı. Doktor Fergüson bu ekspedisiyalarda iştirak etməklə yanaşı, həm də İngiltərədə nəşr olunan nüfuzlu “Deyli Teleqraf” qəzetinin müxbiri idi. Heç bir elmi müəssisənin, heç bir coğrafi cəmiyyətin üzvü olmasa da, müxbirliyi sayəsində kifayət qədər tanınırdı.

Doktor bir qədər fatalist idi. O, taleyə inanır və hesab edirdi ki, hansısa gizli qüvvə onu dayanmadan səyahətə çıxmağa təhrik eləyir…

* * *

London Coğrafiya Cəmiyyətindəki iclasın səhəri günü “Deyli Teleqraf”da çap olunan məqalədə yazılmışdı: “Nəhayət, Afrika öz hüdudsuz səhralarının sirrini açacaq. Keçmiş zamanlarda Nilin mənbəyini axtarmaq əlçatmaz bir arzu sayılırdı. Doktor Bart, doktor Livinqston, kapitanlar Riçard Burton[3 - Riçard Burton (1821–1890) – ingilis səyyah, yazıçı, etnoqraf] və Spik[4 - Con Henninq Spik (1827–1864) – ingilis səyyah, tədqiqatçı. 1858-ci ildə Viktoriya gölünü və Nilin mənbəyini tapıb.] – bütün bu səyyahlar müasir sivilizasiyadan ötrü üç yeni yol açmışlar. Bu yollar Afrikanın ürəyində kəsişir. İndiyə qədər ora heç bir səyyahın ayağı dəyməyib. Coğrafi tədqiqatları oxucularımız tərəfindən yüksək qiymətləndirilən doktor Samuel Fergüson elm cəfakeşlərinin çoxillik fəaliyyətini davam etdirmək niyyətindədir. Özü də, qeyri-adi üsulla! Belə ki, bu qorxmaz tədqiqatçı hava şarında Afrikanı şərqdən qərbə keçmək fikrinə düşüb. Əgər yanılmırıqsa, onun səyahətinin çıxış nöqtəsi Afrikanın şərq sahilində yerləşən Zənzibar[5 - Zənzibar – Afrikanın şərq sahilləri ilə uzanan Hind okeanında 75 adadan ibarət arxipelaq] adasıdır. Səyahətin son nöqtəsinin hara olacağı isə yalnız qəzavü qədərdən asılıdır…”

Təbii ki, məqalə böyük hay-küyə səbəb oldu. Bəzi insanlar bu səyahətə şübhə ilə yanaşır, bəziləri isə bütün çətinliklərə baxmayaraq, səyyaha uğurlar diləyirdilər.

Səyahətə hazırlıq Londonda aparılırdı. Çox keçmədən məlum oldu ki, fabriklərin birində hətta hava şarı üçün ipək parça da sifariş edilib! Britaniya hökuməti isə kapitan Pennetin komandası altında “Mətin” adlı gəmini doktor Fergüsonun ixtiyarına vermişdi.

Beləliklə, ölkədə hamının diqqəti doktor Fergüsona yönəlmişdi. Bir çox ixtiraçı hava şarında istifadə etmək üçün öz cihazlarını ona təklif eləyirdi. Ancaq doktor bu cihazların heç birini istəmədi. Özünün nəsə ixtira edib-etmədiyi ilə bağlı sualları isə cavabsız qoydu…

2

Xarakterləri fərqli olsa da, doktor Fergüsonla Dik Kennedi arasında möhkəm dostluq yaranmışdı. Dik sözün əsl mənasında şotlandiyalı idi: səmimi, qətiyyətli və tərs! O, Edinburq yaxınlığındakı Leyte qəsəbəsində yaşayırdı. Balıq tutmağı xoşlayır, lakin ovçuluğa daha çox maraq göstərirdi. Kennedi əsasən də karabindən sərrast atəş açmaqla tanınırdı. O da Fergüson kimi qırx yaşlarında idi. Görkəmi ilk baxışdan adamı özünə çəkirdi: hündürboylu idi, gündən yanmış sifəti, qara gözləri vardı, baxışlarından səmimiyyət, mehribanlıq oxunurdu…

Dikin Fergüsonla tanışlığı Hindistana gedib çıxırdı; eyni alayda qulluq etmişdilər. Samuel şir, fil ovladığı vaxt Kennedi kolleksiyası üçün bitki və həşərat toplayırdı. Tale onları hərdən ayırır, ancaq qarşılıqlı rəğbət yenə birləşdirirdi. Doktor uzaq ekspedisiyalardan qayıdanda hökmən bir neçə həftə dostunun yanında qalırdı. Dik keçmişi xatırlayır, Samuel isə gələcək üçün planlar qururdu. Fergüson narahat adam idi, Kennedi isə sakitlik mücəssəməsi sayıla bilərdi. Daim təmkinli davranır, nadir hallarda özündən çıxırdı.

Tibet səyahətindən qayıdandan sonra doktor Fergüson iki il boyunca yeni ekspedisiyalardan kənarda qaldı. Dik düşünürdü ki, dostunun sərgüzəştlərə olan həvəsi sönməyə başlayıb. O buna görə hətta sevinirdi də! Çünki gec-tez bu sərgüzəştlərin axırı pis qurtaracaqdı. Nə qədər təcrübəli olsan da, həyatın boyu adamyeyənlərin, yırtıcı heyvanların arasında salamat qala bilməzsən. Dik dostunu yola gətirməyə çalışırdı ki, səyahətlərin daşını atsın, elm üçün onsuz da çox iş görüb, elə bundan ötrü tarixdə qalması kifayətdir. Fergüson isə onun nəsihətlərinə, demək olar, cavab vermirdi. Nəsə müəmmalı hesablamalarla məşğul olur, heç kimə məlum olmayan qeyri-adi cihazlarla təcrübələr keçirirdi. Hiss olunurdu ki, böyük bir plan üzərində düşünür.

“O nə fikirləşir?” – Kennedi baş sındırırdı. Nəhayət, “Deyli Teleqraf”dakı məqalə hər şeyi aydınlaşdırdı.

– İlahi! – Dik qışqırdı. – Dostum ağlını tamam itirib! Afrikanın üzərindən hava şarı ilə keçmək! Bircə bu çatmırdı! Demək, iki ildir bunu düşünürmüş!

Kennedi həmin axşam qatara oturub səhər Londona çatdı. Bir neçə saatdan sonra artıq doktor Fergüsonun evinin qarşısında idi.

– Dik! – Fergüson onun gəlişinə elə də təəc-cüblənmədi. – Ovun bu qızğın çağı xeyir ola Londonda?

– Gəlmişəm ki, ağlını başına yığasan. Qəzetdə yazılanlar doğrudur? Bu səyahətə çıxmaq fikrindəsən?

– Sakit ol, əzizim Dik, – doktor dedi. – Başa düşürəm ki, öz layihələrimlə səni tanış etmədiyimə görə məndən inciyibsən…

– Hələ bunu layihə adlandırır!

– Bilirsən, neçə vaxtdır həddən artıq məşğul idim. Lakin getməzdən əvvəl mütləq sənə məktub yazacaqdım…

– Sənin məktubun mənə çox lazımdır! – Kennedi onun sözünü kəsdi.

– Məsələ orasındadır ki, səni də özümlə aparmaq istəyirəm.

Şotlandiyalı əlini yellədi.

– Qulaq as, Samuel, istəyirsən, ikimizi də dəlixanaya salsınlar?

– Əgər on dəqiqə mənə qulaq assan, – Fergüson sakitcə sözünə davam etdi, – mənə minnətdar olacaqsan.

Diklə Samuel sanki rollarını dəyişmişdilər: Kennedi acıqlı, doktor isə təmkinli görünürdü.

– Ciddi deyirsən? – Dik heyrətlə soruşdu.

– Həm də çox ciddi deyirəm, – doktor tövrünü pozmadan cavab verdi.

– Bəs səninlə getmək istəməsəm?

– Onda tək gedəcəyəm.

– Yaxşı, oturub sakitcə danışaq. Əgər zarafat etmirsənsə, bu iş müzakirə olunmağa dəyər.

– Əzizim Dik, etirazın yoxdursa, söhbətimizi süfrə arxasında davam etdirərik.

Dostlar buterbrod qalaqlanmış, böyük çaydan qoyulmuş süfrənin arxasında oturdular.

– Dostum Samuel, – ovçu sözə başladı, – əgər heç nəyə baxmayaraq, Afrikanın üstündən uçmaq istəyirsənsə və bu səyahət sənin xoşbəxtliyin üçün belə vacibdirsə, niyə həmişəki yollardan istifadə etməyəsən?

– Çünki indiyə qədər bu cəhdlər uğursuzluqla nəticələnib. Biz Afrikada çox qurbanlar vermişik. Görünür, aclıq və susuzluqla, yırtıcı heyvanlar və yerli vəhşi qəbilələrlə, üstəlik, qızdırma kimi qorxunc xəstəliklə mübarizə aparmaq mümkün deyil. Əgər nəyisə bir yolla etmək mümkün deyilsə, onda başqa yol fikirləşib tapmaq lazımdır. Ortadan keçə bilmirsənsə, onu yandan, ya da üstdən keçmək kimi!

– Dəhşətli olan da məhz budur, – Dik dedi.

– Nədən qorxursan? – doktor soyuqqanlılıqla etiraz etdi. – Hava şarının qəzaya uğramaması üçün hər bir ehtiyat tədbiri gördüyümə, yəqin ki, şübhən yoxdur. Nəsə baş verəndə də başqa səyyahlar kimi ayağımı torpağa basacağam. Təkrar edirəm, şar məni pis vəziyyətdə qoymaz. Ümumiyyətlə isə, hər hansı qəza barədə düşünməyə dəyməz. Mən özümə inanıram!

– Əksinə, elə qəza haqda düşünmək lazımdır. Çünki sənin əminliyin heç nəyi dəyişmir. Bu təhlükəlidir, vəssalam!

– Yox, əzizim Dik, Afrikanın qərb sahilinə çatmamış öz hava şarımdan ayrılmağı ağlımdan belə keçirmirəm. Şarda bürkü, sel, tufan, ziyanlı iqlim, vəhşi heyvan, hətta insan da mənim üçün qorxulu deyil! Həddindən artıq istidirsə – yuxarı qalxaram, soyuqdursa – aşağı enərəm; yolumu dağ kəssə, üstündən keçərəm; qarşıma uçurum, ya da çay çıxsa, quş kimi üzərindən uçaram…Fergüsonun sözləri Kennedini həyəcanlandırdı. O, indi Samuelə heyranlıq və qorxu ilə baxırdı.

– Bir dayan, əziz dostum, məgər hava şarını idarə etməyin yolunu tapmısan? – Dik soruşdu.

– Yox, bu hələ xəyaldır.

– Bəs onda necə uçacaqsan?

– İstiqaməti həmişə eyni olan passat[6 - Passat – tropiklər arasında bütün il ərzində əsən külək. Passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-şərqə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır.] küləklərinin köməyinə bel bağlayıram.

– Belə… – Kennedi fikirli-fikirli mızıldadı. – Passatlar… əlbəttə… ola bilər…

– Ola bilər yox, olar! Bütün məsələ də bundadır, – Fergüson dostunun sözünü kəsdi. – İngiltərə hökuməti mənim ixtiyarıma nəqliyyat gəmisi verib. Razılaşdırılıb ki, Afrikanın qərb sahilinə çatanda orada üç-dörd gəmi olacaq. Üç ay sonra mən Zənzibara çatacağam. Biz orada şara qaz doldurub yola düşəcəyik…

– Biz?! – Dik yenidən heyrətlə səsləndi.

– Hə. Doğrudanmı hələ də nəyəsə iradın var? De, danış, dostum, sözünü ürəyində saxlama.

– İradım çoxdur. Ondan başlayaq ki, daim harasa baxmaq istəyəcəksən, deməli, tez-tez enib-qalxmaq lazım gələcək və kifayət qədər çox qaz işlətməli olacaqsan. Bu da uzun müddət hava ilə səyahət etməyə həmişə maneçilik törədib.

– Əzizim Dik, iradının cavabında onu deyim ki, qa-zın bir atomunu, bir malekulunu da itirməyəcəyəm…

– İstəyəndə aşağı enə biləcəksən?

– Enə biləcəyəm.

– Bunu necə edəcəksən?

– Bu artıq mənim sirrimdir. Mənə güvən, dostum.

– Qoy sən deyən olsun, – ovçu onunla candərdi razılaşdı. Ürəyində isə belə qərara gəldi ki, hələlik bir tamaşaçı kimi kənarda dayansın və bundan sonra işlərin necə gedəcəyini izləməklə kifayətlənsin.

3

Doktor Fergüson səfərə ciddi cəhdlə hazırlaşırdı. Hava şarının inşasına şəxsən özü rəhbərlik edir, hərdən bəzi şeylərə təzədən əl gəzdirirdi. Üstəlik, ərəb dilini, həmçinin zəncilərin müxtəlif ləhcələrini öyrənmişdi.

Bu arada ovçu dostu ondan bir addım da olsun aralanmır, yeri gəldikcə onu fikrindən daşındırmağa çalışırdı. Zavallı şotlandiyalı indi mavi göy qübbəsinə belə, qorxusuz baxa bilmirdi. Hətta yuxuda başı fırlanır, ona elə gəlirdi ki, çox böyük yüksəklikdən aşağı uçur. Bir neçə dəfə çarpayıdan yıxılmış, dərhal da əzilən başını Fergüsona göstərmişdi.

– Vur-tut çarpayıdan düşmüşəm, ancaq şişə bax! İndi özün düşün.

Ancaq bu eyham doktoru təşvişə salmamışdı.

– Biz yıxılmarıq, – Fergüson demişdi.

– Birdən yıxıldıq?

– Deyirəm ki, yıxılmarıq!

Dik dostunu əsəbiləşdirmək istəmir, ona görə də dərinə getmirdi. Əlavə etmək lazımdır ki, o, Edinburqdan xəlvətcə bəzi paltarlarını və ən yaxşı ov tüfənglərini gətizdirmişdi.

Günlərin bir günü Dik özünü elə göstərdi ki, guya dostunun təkidi ilə güzəştə gedib və onunla birlikdə səfərə çıxmağı qərara alıb. Ancaq o saat da səfəri təxirə salmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı.

– Nilin mənbəyini kəşf etmək bəşəriyyət üçün o qədər vacibdir? – Dik soruşdu. – Afrika qəbilələri bundan xoşbəxt olacaq? Axı nə vaxtsa kimsə daha az risklə Afrikanın üstündən keçib gedəcək…

Ancaq bu sözlər Fergüsonu özündən çıxardı:

– Sən nə istəyirsən, zavallı Dik? İstəyirsən, şan-şöhrət başqasına qismət olsun? Səncə, özümüzə xəyanət etməliyik, xırda maneələrin qarşısından geri çəkilməliyik? İngilis hökumətinin və London Coğrafiya Cəmiyyətinin mənim üçün elədiklərinin əvəzində onlara bu cür təşəkkür etməliyəm? Sən, yəqin, bilmirsən ki, başqa ölkələrdən olan yeni tədqiqatçılar hazırda Afrikanın mərkəzinə yaxınlaşırlar. Məlumun olsun: London Coğrafiya Cəmiyyəti leytenant Spikin kəşf etdiyi gölü tədqiq etməyi qərara alıb. Spik bu cəmiyyətin himayəsi altında əvvəllər Hindistanda xidmət eləyən kapitan Qrantla birləşərək ekspedisiya yaradıb. Onlara Ukereve[7 - Ukereve gölü – Şərqi Afrikada göl, indiki Viktoriya gölü] gölünü tədqiq eləyib Qondokoroya[8 - Qondokoro – İsmaliyə adı ilə də tanınır. Nilin qolu olan Ağ Nilin şərq sahilində ticarət məntəqəsi olub. Sudanın paytaxtı Xartum şəhərindən 1200 km cənubda yerləşir.] çatmaq tapşırılıb. Dik, başa düşürsən, bu ekspedisiyada iştirak etmək istəyiriksə, tələsmək lazımdır. Bu hələ hamısı deyil: bəzi tədqiqatçılar Nilin mənbəyini kəşf etməyə nə qədər yaxındırlarsa, başqaları da eyni cəsarətlə Afrikanın mərkəzinə can atırlar. Nəhayət, – Fergüson boğazını arıtlayıb sözünə davam etdi, – Avstriyanın Xartumdakı vitse-konsulu doktor Heyqlin bu günlərdə yaxşı bir ekspedisiya hazırlayıb. Onlar 1853-cü ildə Sudana göndərilən səyyah Fogeli axtarmağa gedirlər. Fogel Çad gölü ilə Darfur arasındakı naməlum ölkəni tədqiq etmək üçün yollanmışdı. Həmin vaxtdan isə yazıq səyyahdan xəbər-ətər yoxdur. Deyilənə görə, kimlərinsə əmri ilə qətlə yetirilib. Doktor Heyqlin artıq iyunda yola düşüb. Fogeli axtarmaqla yanaşı, həm də Nillə Çad gölünün arasındakı ərazini tədqiq etməlidir. Görürsən, Afrika şərqdən qərbə hamı tərəfindən keçilməyə başlanır. Biz niyə geri qalmalıyıq?

– Lap gözəl! – şotlandiyalı səsləndi. – Əgər onların işləri yolunda gedirsə, bizim orada nə işimiz var?

Doktor Fergüson heç nə deməyib yalnız çiyinlərini çəkdi.

4

Fergüsonun Co adlı nökəri vardı. Co sahibinin dediyi hər şeyə qeydsiz-şərtsiz inanırdı və doktora çox sadiq idi. Bu adam Samuelin bütün tapşırıqlarını bacarıqla yerinə yetirmək bir yana, hətta onun nə tapşırıq verəcəyini belə əvvəlcədən bilirdi. Həmişə yüksək əhvali-ruhiyyəli, daim mehriban biri idi, bir sözlə, ondan yaxşı nökər təsəvvür etmək olmazdı.

Fergüsonun Afrikanın üstündən uçmaq ideyası fikrinə düşəndə Co artıq səfər hazırlığına başlamışdı. Əgər doktor getməyi qərarlaşdırıbsa, deməli, öz məqsədinə sadiq Co ilə çatacaqdı. Buna şübhə yox idi! Ağası Coya səfərə getmək barədə heç nə deməsə də, təbii ki, səfər onsuz baş tuta bilməzdi.

Co öz ağasını bir çox səyahətlərdə müşayiət eləmişdi, bunun sayəsində müəyyən elmi biliklərə də yiyələnmişdi. Onun öz fəlsəfəsi var idi, bu fəlsəfənin təməlində isə iki prinsip dayanırdı – sakitlik və nikbinlik! Co heç vaxt heç nədən şikayətlənmir, heç nədən çəkinmirdi. Bu adamın məziyyətlərindən biri də yaxşı görmə qabiliyyətinin olması idi. Böyüdücü şüşədən istifadə etməyərək belə, Yupiterin peyklərini görə bilirdi. Co bununla öyünmürdü, ancaq yeri gələndə həmin nadir bacarığından gözəl istifadə eləyirdi. O öz ağasına çox inandığı üçün ekspedisiyaya hazırlıq zamanı bu səfərə şübhə ilə yanaşan Kennedi ilə aralarında mübahisə yaranırdı.

– Hə, mister Kennedi, artıq hər şey hazırdır, tezliklə yola düşürük, – Co bir dəfə böyük həvəslə dedi.

– Əzizim Co, səni məyus etmək istəmirəm, ancaq doktorun təşəbbüsü ağılsızlıqdır. O heç yerə uçmayacaq.

– Uçmayacaq? Siz onun hava şarını görmüsünüz? Əla şardır! Səbətin içində necə rahat oturacağımızı təsəvvür edirəm!

– Belə çıxır ki, öz doktorunla, doğrudan da, səfərə getmək niyyətindəsən.

– Doktorla dünyanın o biri başına da gedərəm, – Co qətiyyətlə dedi. – Onu heç tək buraxaram?! Yorulanda ona kim yardım edəcək? Uçurumdan keçmək lazım olanda kim ona öz qüvvətli əlini uzadacaq? Xəstələnsə, kim ona qulluq eləyəcək? Yox, mister Dik, Co həmişə doktor Fergüsonun yanında olacaq.

– Sən yaxşı insansan, Co.

– Axı siz də bizimlə gedirsiniz…

– Əlbəttə. Daha doğrusu, Samueli bu ağılsız təşəbbüsündən daşındırmaq üçün sizi Zənzibara qədər müşayiət edəcəyəm.

– Mister Kennedi, siz onu fikrindən daşındıra bilməzsiniz! Doktor bir işə başlamazdan əvvəl onu yüz dəfə ölçüb-biçir. Qərar qəbul olunandan sonra isə hətta şeytan da onu yolundan döndərə bilməz.

– Buna hələ baxarıq, – şotlandiyalı mızıldadı.

– Boş yerə özünüzə ümid verməyin. Lakin ən vacibi sizin getməyinizdir. Sizin kimi ovçu üçün Afrika möcüzələr diyarıdır. Ora getməyinizə peşman olmayacaqsınız. Yeri gəlmişkən, bilirsiniz, bu gün tərəzidə çəkiləcəyik.

– Nə tərəzi?

– Xəbəriniz yoxdur? Sizinlə birlikdə tərəzidə çəkilməliyik. Ancaq narahat olmayın, nə qədər ağır olsanız da, sizi arıqlamağa məcbur eləməyəcəklər. Necə varsınızsa, elə də aparacaqlar.

– Mən çəkilməyəcəyəm… – Kennedi inamla dedi.

– Bax bu olmadı! Axı dəqiq hesablama aparılmasa, şar havaya qalxmaya bilər.

– Lənət şeytana! Mənə də elə bu lazımdır.