скачать книгу бесплатно
– Bilirsinizmi, professor, mən nə böyüklükdə bir heyvanla qarşı-qarşıya durduğumu bilmirəm. Tanımadığın, bilmədiyin bir şeyə necə hücum edəsən axı? Bəlkə, səhərədək gözləsək, rollarımız dəyişər.
– Şübhəsiz, bu, nəhəng bir narvaldır. Özü də elektrikli narval.
– Ola bilər. Bu saat ona yaxınlaşmaq üzən minaya yaxınlaşmaq qədər təhlükəlidir.
Bütün gecəni heç kəs gözünü yummadı. Narval freqatı təqib etməkdə idi. Lakin gecəyarısı o, böyük bir atəşböcəyi kimi söndü. Bir saatdan sonra qüvvətli bir təzyiqlə ensiz deşikdən çıxan su səsinə bənzər qulaqbatırıcı bir fışıltı eşidildi. Ned Lenddən soruşdum:
– Bu, balinanın burun deşiklərindən püskürən suya bənzəyir, elə deyilmi?
– Bənzəsə də, bu, müqayisəyəgəlməz dərəcədə güclüdür. Bu heyvan, şübhəsiz, balina növündəndir. Sizin icazənizlə, hava işıqlaşanda ona ikicə kəlmə söz deyəcəyəm.
– Əgər o sizi dinləməyi münasib bilərsə, Ned Lend. Mən buna o qədər də arxayın deyiləm.
– Əgər dörd çəngəlin uzunluğu qədər ona yaxınlaşa bilsəm, məni dinləməli olacaq.
Gecə saat ikiyə yaxın elektrik parıltısı gəmidən beş millik məsafədə yenidən göründü.
“Lənət sənə, kor şeytan! Bu, qeyri-adi balina olmalıdır”, – deyə mən düşünürdüm.
Gecə döyüşə hazırlıqla keçdi. Balina ovu üçün nəzərdə tutulmuş silahlar göyərtəyə düzüldü. Kapitanın birinci müavini çəngəli bir mil məsafəyə atan çəngəl toplarının və partlayıcı güllə atan silahların doldurulmasını əmr etdi. Ned isə öz çəngəlini itiləyirdi.
Dan yeri qızardı. Narvalın elektrik parıltısı yox idi. Saat səkkizdə dənizi yüngülcə bürümüş duman dağıldı. İndi ətrafı görmək mümkün idi.
Yenə Nedin qışqırtısı eşidildi:
– Narval arxada, yeldöyən tərəfdədir.
Freqatdan milyarımlıq məsafədə qara və uzun bir gövdə sudan bir metrə qədər bayıra çıxmışdı. Ağ köpüklərdən əmələ gələn enli və əyri-üyrü iz onun yolunu göstərirdi. Mən onun uzunluğunu iki yüz əlli fut təyin etdim.
Freqat ona sarı yönəldi. Mən onu diqqətlə müşahidə edərkən birdən burun dəliklərindən qırx metr yuxarı qalxan su sütunu püskürdü. Bu onun tənəffüsü barədə müəyyən bir təsəvvür yaratdı. Öz əvvəlki mülahizəmin üstündə duraraq bu nəhəngin balinayabənzər bir heyvan olduğunu düşünürdüm.
Komanda böyük bir səbirsizliklə əmr gözləyirdi. Kapitan heyvana diqqətlə baxaraq ona yaxınlaşmaq əmri verdi. Savaş zamanı çatmışdı. Nəhəng heyvan bizə yarım kabeltov məsafəyədək yaxınlaşmağa imkan verdi. Sonra hərəkətə gələrək aradakı məsafəni saxlamaqla üzməyə başladı.
Bu təqib qırx beş dəqiqə davam etdi. Freqat aradakı məsafəni azalda bilmədi. Heyvanın hərəkət sürəti aradakı məsafəni azaltmağa imkan vermirdi. Qəribə bir qaçdı-qovdu idi. Bu, günortayadək davam etdi. Hiddət və qəzəb gəmini başına götürmüşdü. Biz bu hadisəyə heç bir izah tapa bilmirdik.
Kapitan Faraqut başqa vasitələri işə salmağa qərar verdi.
– Deməli, bu heyvan “Abraham Linkoln”dan iti üzür. Heç eybi yoxdur. Görək bombanı da keçə biləcəkmi? Bosman! Topçunu burundakı topa!
Beş dəqiqə sonra top atəş açmaq üçün hazır vəziyyətə gətirilmişdi. Nişan alındı. Atəş açıldı. Lakin mərmi narvalın üstündən ötüb keçdi.
– Başqa, daha mahir bir nişançı! Kim vura bilsə, mükafat alacaq! – deyərək Faraqut nəhəngi topla vurmaq fikrindən geri çəkilmədiyini nümayiş etdirdi.
Çalsaqqal qoca topçu topa yaxınlaşdı və diqqətlə nişan aldı. Mərminin uğultusu “ura” səslərinə qarışdı. Mərmi hədəfə dəydi, lakin heyvanın yuvarlaq gövdəsi ilə sürüşüb suya düşdü.
– Ah, şeytan! Bunun dərisi altı düymə zirehdəndir, nədir? – topçu qəzəblə bağırdı.
– Lənətə gələsən! – kapitan Faraqut da bağırdı.
…Təqib yenə davam edirdi. Ümid etmək olardı ki, heyvan buxar maşını ilə bacara bilməyəcək, yorulacaq. Lakin saatlar keçir, bu dəniz heyvanı isə yorulmaq bilmirdi. Yenidən axşam düşdü və zülmət gecə fırtınalı suları sardı.
Gecə saat on birə on dəqiqə qalmış freqatdan üç mil aralıda parıltı yenidən göründü. Narval sanki hərəkətsiz olaraq qalmışdı. Dalğaların üstündə yırğalanaraq yatırdı. Kapitan bəxtini sınamağı qərara aldı.
“Abraham Linkoln” heyvanı oyatmamaq üçün yavaş sürətlə irəliləməyə başladı. Kanadalı gəminin burun hissəsində yenidən öz yerini tutdu. Ned dəfələrlə yatmış balinaları çəngəllədiyi üçün bunu indi də etməyə hazır idi.
Mühərriklərin səsi nəhəngi oyatmasın deyə Faraqut onları söndürməyi əmr etdi. Əmrə o dəqiqə əməl olundu. İndi gəmi ətalət sürəti ilə irəliləməkdə idi. Hamı nəfəsini içinə qısmışdı. Biz bu yumurtaşəkilli heyvandan təxminən yüz addım aralı idik. Onun işığı gözlərimizi qamaşdırırdı.
Ned öz dəhşətli silahını irəli uzatdı. Freqat bu hərəkətsiz heyvana bir az da yaxınlaşdı. Arada iyirmi addımlıq bir məsafə qalmışdı.
Birdən Nedin əli qüvvətlə havada yarımdairə cızdı və çəngəl uçdu. Mən sanki bərk metala dəyməkdən qopan cingilti səsi eşitdim.
Elektrik işığı birdən-birə söndü və qəflətən freqatın göyərtəsinə iki sütundan su fışqırdı. Qüvvətli su axını adamları yerə yıxır, önündəki hər şeyi parçalayıb dağıdırdı.
Mən məhəccərdən tutmağa fürsət tapmayaraq suya yıxıldım.
Naməlum balina
Əvvəlcə mən suya batdım. Yaxşı üzə bildiyim üçün özümü itirmədim. Suyun üzərinə çıxaraq, ilk növbədə, freqatı aramağa başladım. Görəsən, gəmidəkilər mənim suya yıxıldığımı gördülərmi? Kapitan Faraqut dənizə qayıq saldımı? Qaranlıqda getdikcə uzaqlaşan qara bir nöqtə gördüm. Başa düşdüm ki, bu, freqatdır.
– Mənə tərəf gəlin, mənə tərəf gəlin, – deyə mən çığırır və üzərək freqata çatmağa çalışırdım.
Əynimdəki paltar üzməyi çətinləşdirirdi, nəfəsim tutulur, batırdım…
– Kömək edin!
Bu mənim son çığırtım idi. Artıq batdığımı hiss edərək ümidsizcəsinə çabaladım.
Birdən qüvvətli bir əl çiynimdən yapışdı və məni suyun üzünə çıxardı.
– Əgər ağam lütf edib çiynimə söykənsə, daha rahat üzə bilər.
Mən sədaqətli Konselin qollarına sarıldım.
– Bu sənsən? – deyə səsləndim. – Deməli, təkan səni də dənizə atdı, eləmi?
– Heç də yox. Cənab professorun xidmətində olduğum üçün onun ardınca dənizə atılmağı özümə borc bildim.
– Bəs freqat?
– Ağam onun yardımına bel bağlamasa, daha yaxşı olar. Mən dənizə atıldığım anda növbətçi matros “vint və sükan qırıldı!” deyə bağırırdı. Nəhəngin dişləri onları qırdı. İndi gəmi dalğaların ümidinə qalıb.
– Deməli, məhv olduq?
– Ola bilər. Lakin ixtiyarımızda bir neçə saat var. Bir neçə saata çox iş görmək olar.
Konselin soyuqqanlılığı məni ürəkləndirdi. Mən daha artıq sürətlə üzməyə başladım. Lakin paltarım mənə yenə də mane olurdu. Konsel bunu anladı.
– Xahiş edirəm, ağam paltarını kəsmək üçün mənə izin versin.
O, paltarımı başdan-ayağa cib bıçağı ilə cıraraq mənə soyunmağa kömək etdi. Mən də onun paltarını kəsməyə kömək etdim. Biz yanaşı üzməyə başladıq.
Sükanı qırılmış gəmi küləyin əksinə üzə bilməzdi. Biz Faraqutun bizə qayıq göndərəcəyinə ümid edə bilərdik. Bunu anlayıb mümkün olduqca su üstündə qalmağa qərar verdik. Qüvvə sərf etməmək üçün növbə ilə qollarımızı çarpazlayıb su üstündə qalacaq, digəri üzərək onu irəliyə itələyəcəkdi. Bu halda günəş çıxanadək su üstündə qala bilərdik.
Sular sakit və ləpəsiz idi. Lakin gecə saat birə yaxın özümdə ölümcül bir yorğunluq hiss etdim. Qollarım və ayaqlarım tamam keyləşmişdi.
Konsel məni də çəkib aparmalı olurdu. Zavallı gənc çox çəkmədən ağır-ağır nəfəs almağa başladı.
– Məni burax!.. Burax məni!.. – deyə əmr etdim.
– Ağamı tərk edim? Heç vaxt!
Bu anda küləyin şərqə tərəf qovduğu buludların arasından Ay göründü. Okeanın səthi işıqlandı. Mən başımı qaldırıb freqatı gördüm. O bizdən beş mil qədər aralı idi. Bağırmaq istədim. Lakin bu məsafədən səsimizin eşidiləcəyinə heç inanmırdım.
Konsel isə bir neçə dəfə:
– Kömək edin!.. Kömək edin!.. – deyə qışqırdı.
Biz bir saniyə dayanıb qulaq asdıq. Bu nədir?.. Sanki qulağımıza bir səs gəldi.
– Eşitdinmi?
– Bəli, bəli!
Konsel yenə bağırdı. Artıq heç bir şübhə yox idi. Konselin bağırtısına bir insan səsi cavab verdi.
Konsel mənim çiynimə söykənərək yarıya qədər qalxıb sudan boylandı və yenidən suya yıxıldı.
– Mən… – deyə pıçıldadı. – Mən… gördüm… Yaxşısı budur ki, səsimizi kəsək.
Axı Konsel nə görmüşdü? Nədənsə bu an ağlıma nəhəng gəldi.
Konsel məni yenə suyun üzərində irəliyə itələyirdi. Mən get-gedə gücdən düşürdüm. Həyat ilə vidalaşmaq üçün son dəfə başımı qaldırdım.
Elə bu əsnada bərk bir şeyə toxundum və ondan yapışdım. Sonra sudan çıxarıldığımı hiss etdim. Elə bu an huşumu itirdim.
Görünür, məni ovduqları üçün tez özümə gəlmişəm.
– Konsel…
– Ağam məni çağırdı?
Konselin səsi gəlsə də, mən Ay işığında onun deyil, mənə tanış olan başqa bir adamın üzünü gördüm.
– Ned! – deyə mən səsləndim.
– Özüdür ki var, professor. Qazandığım mükafatın belinə minib gəzirəm. Mən ancaq burada anladım ki, çəngəlim niyə ona batmadı. Bu heyvan polad təbəqə ilə örtülüb…
Kanadalının sözü mənim fikrimdə ani bir dəyişiklik etdi. Mən qalxıb yarıdan çox hissəsi suda olan bu varlığın kürəyində özümü tarazladım. Onun üzərini ayaqlarımla taqqıldadıb döydüm. Yox, bunun gövdəsi heyvan gövdəsi deyildi… Artıq anladım. Biz polad gövdəli sualtı qayığın üstündə idik. Konsellə mənim gedəcək başqa yerimiz yox idi.
– Əgər belədirsə, – mən sözə başladım, – bu gəmi mühərrik və mexanizmlərə malik olmalıdır. Deməli, içərisində onu idarə edən adamlar da var.
– Əlbəttə, – deyə çəngəlçi cavab verdi. – Lakin bu üç saat ərzində mən bu üzən adada heç bir həyat əlaməti görməmişəm.
Elə bu an gəmidə bir qaynama qurultusu eşidildi və gəmi hərəkət etməyə başladı. Xoşbəxtlikdən sualtı gəmi yavaş sürətlə gedirdi. Biz cəld tərpənib onun burun tərəfində olan səksən santimetrlik dikdirdən tutan kimi Ned dedi:
– Onun dənizin üstü ilə üzməsinə etirazım yoxdur. Lakin bu cənab suya cummaq fikrinə düşsə, o zaman başımıza nə gələcəyini təsəvvür etmək çətin deyil.
Mən sualtı gəminin üstündə bir qapı, ya dəlik tapmaq ümidi ilə onun üzərini axtarmağa başladım, lakin heç nə tapa bilmədim. Səhərin açılmasını gözləmək lazım idi.
Hava, nəhayət, işıqlaşanda mən gəminin üzərini yenidən nəzərdən keçirmək istəyirdim ki, birdən o, sürətini artıraraq suya cummağa başladı.
– Sizi lənətə gələsiniz, şeytanlar!.. – deyə Ned gövdəni var gücü ilə təpikləməyə başladı. – Bizi içəri buraxın!..
Lakin onun səsi qulaqbatırıcı gurultuda itirdi. Bəxtimizdən gəmi qəflətən dayandı.
Gəminin içərisindən bir qapaq cırıltısı eşidildi və oradan bir adam baxaraq nə isə qışqırdı və yox oldu. İçəridən səkkiz nəfər çıxaraq heç bir söz demədən bizi gəminin içərisinə apardı.
“Hərəkətdə olan mühit daxilində hərəkət”
Hər şey elə sürətlə baş verdi ki, bir-birimizə bir kəlmə deməyə belə fürsət tapa bilmədik.
Ensiz qapaq örtüləndə qatı qaranlıqda qaldıq. Bizi bir otağa salıb qapını arxamızca cingilti ilə örtdülər.
Ned bu kobud rəftardan qəzəblənmişdi:
– Lənətə gəlmişlər! Bunların rəftarına bir baxın! Bəlkə də, adamyeyəndirlər. İndidən deyirəm ki, məni yemələrinə imkan vermərəm.
– Sakit olun, Ned, – Konsel sakitcə dedi. – Biz hələ tavada deyilik.
– Düz deyirsən, tavada deyilik, lakin sobadayıq. Yaxşı ki, bıçağım üstümdədir. Biri mənə toxunmaq istəsə…
Mən qaranlıqda ehtiyatla bir neçə addım atdım. Nə bir qapı, nə bir pəncərə tapdım.
Yarım saat keçdi. Lakin vəziyyət dəyişmədi. Birdən parlaq bir işıq yandı. Bu, elektrik işığı idi.
Ned bıçağı əlində sıxaraq müdafiə vəziyyəti aldı.
Bu sirli gəmidə işığın yanmasının səbəbi aydın idi. Qapı açıldı. Kayuta iki adam girdi. Hər ikisinin başında susamuru[10 - Susamuru – tünd-qonur rəngli qiymətli xəzi olan yırtıcı su heyvanı] xəzindən papaq, ayaqlarında suiti dərisindən uzunboğaz dəniz çəkmələri, əyinlərində mənə bəlli olmayan parça növündən rahat geyimləri vardı. Onlardan biri gödəkboylu, əzələli, iribaşlı, uzunbığlı və iti baxışları olan bir adam idi. İkincisi ucaboy idi. Başını vüqarla dik tutması özünə inamlı olduğunu göstərirdi. Qara gözləri soyuq bir qətiyyətlə parlayırdı. Sakit və kəskin baxışlarından nəciblik sezilirdi. İri alnı, düz burnu vardı. Ona otuz beş-əlli arası yaş vermək olardı.
Bu ucaboy şəxs dönüb yanındakı adamdan mənim anlaya bilmədiyim dildə nə isə soruşdu. Sonra onun sual ifadə edən baxışları mənə sarı döndü.
Mən təmiz fransız dilində başımıza gələnləri qısaca nağıl etdim. Görünür, o məni anlamadı. Dalğınlıqla, lakin ehtiramla məni dinlədi.
İndi ingiliscə danışmaq imkanı qalırdı. Kanadalı ingiliscə çox qızğınlıqla danışırdı. Hansı bəşəri qanunla onu bu qaranlıq zindana atdıqlarını soruşur, azadlığını əlindən alanları məhkəmə ilə hədələyirdi.
Görünür, onlar bu dili də bilmirdilər. Mən özümü itirmiş halda bildiyim dilləri xatırlayan vaxt Konsel dedi:
– Bilirsiniz ki, mənim doğma dilim alman dilidir. Ağam izin verərsə, mən onlarla alman dilində danışardım.