скачать книгу бесплатно
"Qanadı sınmış quş" da uçarmış
Süleyman Vəliyev
Xatirə ədəbiyyatı #32
Sənədli roman janrında işıq üzü görən bu kitab müharibə mövzusunda Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Süleyman Vəliyevin yaradıcılığına, xüsusilə yazıçının sürgündən əvvəl və sonrakı həyatındakı keşməkeşli illərə işıq salır.
Süleyman Vəliyev
“QANADI SINMIŞ QUŞ” DA UÇARMIŞ
(Sənədli roman)
“Xatirə Ədəbiyyatı” silsiləsindən 32-ci kitab
“MÜVƏQQƏTİ ÇƏTİNLİKLƏR”
Ramana Abşeron yarımadasının ən yüksək nöqtəsində, kiçik bir dağın üstündə yerləşir. Uzun əsrlərdən bəri burda məskən salmış Bakı kəndlərindən biridir. Əzəmətli, qədim qalası ilə məşhurdur. Əvvəllər kəndin dörd həndəvəri üzüm bağları imiş. Sonra Abşeronun bu guşəsində də buruqlar boy göstərməyə başlayıb. Bir azdan kəndin özünü də köçürmək, evlərin altından neft çıxarmaq istəyiblər. Kəndin ağsaqqalları buna baş bulayıb. Qafqaz valisi general Vorontsov-Daşkova qədər şikayətlərini çatdırıblar. O da rədd cavabı verib. Ancaq ramanalıları heç qüvvə yurd yerindən aralı sala bilməyib.
Mən 1916-cı ilin son günlərinin birində Ramanada doğulmuşam. Birinci dünya müharibəsinin alovlandığı günlərdə. (Bəlkə buna görə sonralar həyatım “od-alov” içində keçib). Necə deyərlər, göz açıb ata-anamı, kənd adamlarını, bir də əfsanə və nağıllardan çıxdığını güman elədiyim əcaib nəhəngləri – buruqları görmüşəm. Quyuların gurultusundan, iniltisindən əvvəl diksinib, sonra alışmışam. İnsan hər şeyə qatlaşdığı kimi.
Ramana Bakının inqilab ocaqlarından biri olub. Qaladan bir qədər aşağıda köhnə bir mədənin ərazisində iki kiçik otaqdan ibarət ev var. Serqo Orçonikidze 1908-ci ildə burada feldşer işləyib, inqilabçıları gizli qəbul edib, Leninin tapşırıqları ilə onları təlimatlandırıb. Bura Bakı bolşeviklərinin baş qərargahı sayılırdı. Hazırda evin qabağında Serqo Orçonikidzenin heykəli yüksəlir. Onun qabaq qənşərində “Qudok” qəzetinin gizli redaksiyası muzey kimi qorunur. Həmid Sultanov, Məmməd Məmmədyarov, “Bığlı ağa” adı ilə məşhur olan Abbas Əlican, Əmir Bağırov kimi qocaman kommunistlər əmək fəaliyyətinə Ramanada başlamışdılar. Atam da neftçi olub. O, inqilabçılarla, xüsusən Həmid Sultanovla yaxın dost idi. Həmid Sultanov 1907–1909-cu illərdə Ramana mədənlərində işlərkən fəhlə tətillərinin təşkilatçılarından olmuşdu.
Atam dünyaya göz açıb anasını görməmişdi. Uşaqlığından başı daşdan-daşa dəymişdi. Zəhməti sayəsində özünə bir gün qazanmışdı. Ata-anam məni ərköyün böyütməyib, istəsəydilər də bunu edə bilməzdilər. Yaxama gözmuncuğu da salmayıblar. Buna ehtiyac yox idi. Arıq, qarabuğdayı oğlandım. Çit köynəkdə… Yeməkdən qıtlıq çəkirdik. Əsas xörəyimiz darı sıyığı idi, onunla böyümüşdük. Bunu mədən idarəsi bizə pulsuz verirdi.
O zaman hamımız başa düşürdük ki, ölkəmiz ağır imtahanlardan çıxıb, xalq təsərrüfatı bərbad halda idi. Ehtimal edirdik ki, təxminən on ildən sonra, otuzuncu illərin ortalarında iqtisadi vəziyyətimiz yaxşılaşacaq. O zaman hamı eyni şəraitdə yaşayırdı. Hər cür azğınlığa, feodal dövrünə xas olan cəhalətə, tayfaların “qan davası”na son qoyulmuşdu. Atam deyərdi: “İndi gecələr rahat yatıram”.
Lenin, Nərimanov və başqa partiya rəhbərlərinin hər sözü ürəyimizdən xəbər verirdi. Ümumiyyətlə, iyirminci illərin fərəhli, şən günləri, ruh yüksəkliyi uşaqlıq xatirəmlə bağlıdır. Bakı neftçilərinin beşillik planı iki il yarımda yerinə yetirməsi respublikamızda böyük bayram təntənəsinə çevrilmişdi. Bu zaman Azerneft idarəsi və bir qrup partiya təsərrüfat sənayesinin işçiləri Lenin ordeni ilə təltif olunmuşdu. Ölkəmizin hər bir nailiyyətinə ürəkdən sevinirdik.
Otuzuncu illərdə sənayemizdə müəyyən irəliləyiş olsa da, əhalinin ərzaqla təmin edilməsində dönüş yaranmadı. Ancaq dözməli, “müvəqqəti çətinliklərə” sinə gərməli idik.
Kəndimizdə bir neçə xüsusi ərzaq dükanı vardı. Burada təzə ət və başqa yeyinti məhsulları satılırdı. Ancaq onların qiyməti baha idi. Çox vaxt ərzağı nisyə alırdıq. Dükançıların qalın, boz rəngli dəftəri yaxşı yadımdadır. Onlar köhnə əlifba ilə yazırdılar. Filan gün filankəs iki girvənkə ət, yarım girvənkə pendir aldı… Anam ən çox soğan bozbaşı bişirərdi. Bu adi kasıb xörəyinin ləzzəti indi də damağımdadır. Su satan köşklərdə kisel satardılar. Onu bir tikə çörəklə yeyərdilər. Bu, qəlyanaltı sayılırdı.
Otuzuncu illərdəki aclıq, bir parça çörək həsrətində olduğum günləri də heç zaman unuda bilmirəm. Çörək dükanlarının qabağında gecədən növbə tutardıq. Növbənin ucu-bucağı görünməzdi. Ertəsi günü böyük müsibətdən sonra bir kömbə çörək alıb evə gətirəndə özümüzü xoşbəxt sayardıq. Çörək kartoçka sisteminə keçəndə (işləməyənə 400 qram, fəhləyə isə bir kilo verirdilər. Çörək ona görə çox yeyilirdi ki, başqa ərzaq yox idi). Ramana mədənində fəhləliyə başladım.
Həmid Sultanov adına Ramana qəsəbə klubunun nəzdində ədəbiyyat dərnəyi vardı. Ona görkəmli ədibimiz Seyid Hüseyn rəhbərlik edirdi: Ona bir neçə hekayə oxudum. Hekayələrdən “Əmanət kassası” nisbətən xoşuna gəldi, mənə bir neçə məsləhət verdi. Yazım üzərində yenidən işlədim. Onun köməyi ilə hekayə “Hücum” jurnalının Oktyabr inqilabının 15 illiyinə həsr olunmuş 10-11-ci nömrəsində (1932) “Gənc kadrlarımız yazır” başlığı altında şəklimlə birlikdə çap olundu. Onda 16 yaşım vardı. Özümə belə sual verdim: “Görəsən, niyə məhz “Əmanət kassası” Seyid Hüseynin nəzərini cəlb etdi?” Bu haqda düşünəndə çox şey mənə bəlli oldu.
Hekayə ailəmizdə baş verən bir əhvalata həsr edilmişdi. Atam əmək haqqını alıb şəhərə getmişdi, bizə hədiyyə almaq istəyəndə görür ki, cibindən pulunu çıxarıblar. Bu, evdə böyük qanqaralığa səbəb oldu. Mən onda əməyin qiymətini bilirdim. Atama təskinlik verib öz-özümə deyirdim: “Elə bir hekayə yazmaq lazımdır ki, cibgirlər müflis olsun”. Başıma belə bir fikir gəldi: pulu əmanət kassasında qorumaq! Ancaq bunu bədii əsərdə söyləmək bəsit və sadəlövh görünməzmi? Əlbəttə, burada dərinliyə getməyə heç bir ehtiyac yoxdur. Hekayə təbliğat məqsədi daşımalıdır. Belə də oldu.
“ Kəllə qənd” hekayəm də uşaqlıq xatirəmlə bağlıdır. O da olmuş bir hadisənin əsasında yazılmışdı.
Atam xəstə idi, qızdırma içində yana-yana arzuladı: “Qəndlə bir stəkan çay içsəydim, özümə gələr, ayağa qalxardım. Mən anama baxdım. O məni başa düşdü. Dolabın üstdə göy lentə bağlanmış kəllə qəndi götürüb dedi: “Bu, Süleymanın sənə hədiyyəsidir”. Atamın gözləri sevincdən yaşardı. Əlbəttə, o dəqiqə başa düşdü ki, bu qəndi necə almışam. Atamın hərdənbir mənə verdiyi qəpik-quruşu yığıb “Qara gün” üçün saxlardım. Elə bil hiss etmişdi ki, bu pul bir gün kara gələr. O zaman bu sözü tez-tez eşidirdim. Çünki fəhlələrin, kasıbların həyatda fərəhli günləri çox az olurdu. Atam kəllə qəndi görərkən özünü xoşbəxt saydı. Onun sevincindən parlayan gözləri indi də yadımdan çıxmayıb. Atam bir dəfə aclıqdan gileylənəndə ona təsəlli vermək istədim:
– Ata, bu, müvəqqəti çətinlikdir. Deyirlər ki, ikinci beşillikdən sonra ölkəmiz daha qüdrətli olacaq. Kapitalist ölkələrini ötüb keçəcəyik. Mağazalarda nə desən olacaq…
Atam istehza ilə gülümsündü, sanki mənə demək istədi: “Çox gopa basma”. Bir atam deyil, hamının əhvali-ruhiyyəsi belə idi. Adamlar bir tikə çörəyə həsrət yaşayırdı. Axşamlar itlər ulayırdı. Ramana qəbiristanlığı böyürürdü. Ancaq mədəniyyət ocaqlarının divarlarına vurulan: “Həyat yaxşı olub, şən olub” şüarını görəndə heç kəs bir söz deyə bilmirdi. Mətbuatda “Firavan yaşayırıq” sözünə tez-tez rast gəlirdik. Həyatla söz arasındakı belə kəskin ziddiyyətə hamı laqeyd idi. Kim bilir, bəlkə mənə belə gəlirdi. O zaman “Stalinin 6 göstərişi” (kitabça kimi çap olunmuşdu) dəbdə idi. Onu hamı əzbər bilməli idi, xüsusən fəhlələr.
1934-cü ildə Lökbatanda “Neft zərbəçisi” adlı çoxtirajlı qəzet nəşr olunurdu. Qəzetin redaktoru Saleh Hüseynov Ramanadan idi. Onun tövsiyəsi ilə həmin qəzetdə ədəbi işçi kimi çalışdım. İşə qəbul olmamışdan rayon partiya komitəsinin katibi Vorensə Stalinin 6 göstərişindən imtahan vermişdim. (1937-ci ildə Vorens, sonralar onu əvəz edən ramanalı Məmmədqulu Quliyev və başqaları “xalq düşməni” elan olundu). O zaman Lökbatanın şöhrəti bütün ölkəyə yayılmışdı. 45 nömrəli quyu gündə 25-30 min ton neft verirdi. SSRİ Xalq Ağır Sənaye komissarı Serqo Orçonikidze Lökbatana gəlmişdi. Qəzetimiz onun neftçilərlə söhbətinə xüsusi səhifə həsr etmişdi.
Lökbatanın zəngin neftinə görə mağazaları ərzaqla yaxşı təmin olunurdu. Mən həftədə bir dəfə Ramanalı dülgər Əhməd Məcidovla oradan evimizə ərzaq daşıyardıq. O zaman Lökbatandan şəhərə dar dəmir yolu işləyirdi. (Kukuşka deyirdilər). Bəzən elə olurdu ki, oradan şəhərə piyada gəlib, elektrik qatarı ilə Sabunçuya, təzədən piyada Ramanaya gedərdik.
Atam o zaman təqaüdə çıxmışdı. İş yoldaşları ilə əvvəlki kimi tez-tez görüşürdü. Bircə, onlardan məsul vəzifə sahibi olanların yanına getməyi xoşlamazdı. Özünü ağır tutardı. Bir dəfə cümə günü Həmid Sultanovun gözlənilmədən bizim evə gəlməsi atamı son dərəcə sevindirdi. Həmid Sultanov Azərbaycan baş yollar nəqliyyatı idarəsinin rəisi idi, onun şəxsi maşını vardı. Heç o da lazımı olmamışdı.
O, atamla görüşündən sonra mənə əl verib gülümsündü.
– Böyük oğlan olmusan…
Həmid Sultanov cüssəli adamdı, enli kürəyi əzəmətini daha da artırırdı.
O, ərkyana giley-güzar elədi:
– Meşədi Vəli, bizi yamanca yaddan çıxarmısan. Niyə heç görünmürsən?
– Bilirəm ki məsul vəzifədəsən, işin çoxdur, başın qarışıqdır. İstəmirəm ki, gəlib səni narahat edim.
– Səninlə görüşməyə həmişə vaxt taparam. Bilirəm ki, şəhərdə qohumların var, oraya yəqin gedirsən, kiçik qardaşını da unutma.
– Yaxşı, gələn dəfə unutmaram.
– İşin-gücün necədir?
– Allaha şükür, yaxşıdır.
– Nəyə ehtiyacın var?
– Heç bir şeyə, təqaüdə çıxmışam. Uşaqlar da oxuyur… Yəqin sənin Ramanada bir işin də var…
– Heç bir işim yoxdur, mən yalnız səni görməyə gəlmişəm. Bunu çoxdan arzu edirdim, vaxt tapmırdım. İcazə versən, axşam da sizdə qalacağam. Mənə vaxtilə verdiyin kiçik evdə. O günləri xatırlamaq mənə xoşdur…
Anam bu zaman əl-ayağa düşdü, ət almaq üçün məni dükana göndərdi. Lobyalı plov bişirdi. (Bu Həmidin xoşladığı xörək idi). Atam “Bığlı ağanı”da qonaq çağırdı.
Mən yemək vaxtı onların danışığına qulaq asmırdım. Ancaq hiss edirdim ki, söhbətləri çox şirin keçir. Doğrudan da, Bakıxanov demişkən, səmimi dostların görüşündən də böyük zövq ola bilməz. Həmid gedəndən sonra atam anama dedi:
– Həmid nəsib insandır. Çörəy itirən deyil.
Sonralar atam şəhərə gedəndə hərdənbir Həmidə zəng vurur və bəzən də onunla görüşürdü. Məni isə iki dəfə özü ilə Həmidin yanına aparmışdı.
Mən 1935-ci ilin əvvəllərində “Bığlı ağa” povestimin ilk variantını yazıb qurtarmışdım. Bir ümumi dəftərdən ibarətdi. O zaman elə zənn edirdim ki, yazım pis deyil. Bu, təcrübəsizliyimdən irəli gəlirdi. Atam istəyirdi ki, Həmid bu məsələdə mənə kömək etsin.
Biz nədənsə Həmidgilin evinə səhər getdik. (Bünyad Sərdarov küçəsində yaşayırdı) Həmidin arvadı Ayna xanım Sultanova bizi üzügülər qarşıladı, çaya dəvət etdi. (O, Azərbaycan SSRİ xalq ədliyyə komissarı və Azərbaycan SSRİ Ali məhkəməsinin sədri idi).
Atam mənim yazım haqqında söhbət açanda Həmid dedi:
– Süleyman çalışqan oğlandır, amma yazısı haqqında bir söz deyə bilmərəm. O, təcrübəli bir yazıçının yanına getməli, ondan məsləhət almalıdır.
Həmid Azərbaycan Yazıçılar İttifaqının sədri Ələkbərliyə məktub yazdı.
Biz ayağa qalxanda Ayna xanım əlini çiynimə qoyub dedi:
– Oğlum, çox mütaliə et, biliyini artır, Füzuli deyib ki, elmsiz şeir özülsüz divar kimidir.
Mən ertəsi günü Azərbaycan Yazıçılar İttifaqına getdim. (Onda Yazıçılar İttifaqı indiki “Araz” kinoteatrının binasında yerləşirdi) Həmid Sultanovun məktubunu və əlyazmanı Ələkbərliyə verdim. O, məni Əbülhəsənlə tanış etdi:
– Bu cavan oğlan neftçilər haqqında nəsə yazıb. Xahiş edirəm ona baxıb kömək edəsiniz.
Əbülhəsən məni öz otağına apardı, yazımın bir neçə səhifəsini nəzərdən keçirib dedi:
– Bunu gərək özüm diqqətlə oxuyam. Sonra rəyimi sənə deyərəm.
Yenidən görüşmək üçün vaxt təyin etdi. İki gündən sonra məni mehriban qarşılayıb dedi:
– Yazının mövzusu və sujeti maraqlıdır. Bir sözlə, kökü, iskileti var. Ancaq onu ətə-cana gətirmək, sürətlər üzərində mükəmməl işləmək, qəhrəmanların mənəvi aləmini dərindən açmaq lazımdır.
Ümumi dəftərimin sonuncu vərəqində əsərimi yenidən işləmək üçün öz qeydlərini yazdı. Onlar çox karıma gəldi.
Sonra atam məni, hələ inqilabdan əvvəl Nalçikdə tanış olduğu dostu Abdulla Şaiqin yanına apardı. Abulla Şaiq həlim, xoşsifət bir adam idi. Üz-gözündən elə bir nur tökülürdü. O da “Bığlı ağa”nı oxuyub mənə məsləhətlər verdi…
Həmid Sultanovla 1937-ci ilin əvvəllərində də görüşdüm. Bu dəfə atamla, onun işlədiyi idarəyə getmişdik. (O, Azərbaycan SSRİ Xalq kommunal komissarı idi).
Həmid o zaman mənə tamam başqa cür göründü. Əvvəlki mehriban, üzügülər adam deyildi. Olduqca yorğun idi. Elə bil bütün gecə yatmamışdı. Atam onun yanına bir məsələ üçün məsləhətə gəlmişdi. Böyük qardaşım Əmiraslanı haqsız olaraq partiyadan çıxarmışdılar. Kimsə yazmışdı ki, atam inqilabdan əvvəl onu incidib, döyüb…
Əmiraslanın partiyaya keçməsinə qocaman fəhlələrdən Abbas Əlican (“Bığlı ağa”), Əkbər Əkbərovdan başqa Həmid Sultanov da zəmanət vermişdi. Odur ki, atamın Əmiraslan haqqında dediyi bəd xəbər onu daha da əsəbiləşdirdi:
– Biabırçılıqdır. Kimin ağlına nə gəlir yazır… Vicdansızlar da öz işində…
Atam nəsə dedi, ancaq onun fikri başqa yerdə idi. O, nəhayət, əlinə qələm alıb atam haqqında harasa məktub yazdı. (Atamın qocaman fəhlə olması, inqilabçılara kömək etməsi haqqında). Sonra əlavə olaraq kiməsə zəng vurdu.
O bizi yola salanda atama dedi:
– Əmiraslana deyin, onlara bildirsin, Stalin yoldaş deyib ki, oğul ataya cavabdeh deyil…
Həmid Sultanov o zaman da atama öz köməyini göstərdi. Ancaq onun əhvali-ruhiyyəsi atamı mütəəssir etmişdi. O, qüssəylə mənə dedi:
– Həmidin ya işi çoxdur, ya da qanını qaraldıblar…
“BIĞLI AĞA”NIN TALEYİ
1935-ci illərdə həmkarlar ittifaqının təşkil etdiyi “İşçi müəlliflər kabineti” (o zaman fəhlə əvəzinə işçi deyilirdi) yeni başlayan yazıçıların “ilk universiteti” idi. O, mərkəzi ədəbi dərnək, yaradıcılıq labaratoriyası sayılırdı. Burada Yusif Vəzir Çəmənzəminli, Soltan Məcid Qənizadə, Bəkir Çobanzadə, Həmid Araslı kimi yazıçı və alimlər bizə ədəbiyyat əlifbasını öyrədirdilər. “İşçi müəlliflər kabineti”nin idarəsi Xaqani küçəsində, Azərbaycan Bəstəkarlar İttifaqının indi yerləşdiyi binada idi. Dərnəkdə həftədə bir dəfə məşğələ olurdu. İdarənin mühasibi Bakı qəsəbələrindən gələn müdavimlərə ayda bir dəfə yol pulu verərdi. Mən fəhlə yoldaşım Pəhləvan Hüseynovla (o, şer yazırdı) Ramanadan gəlib məşğələlərdə iştirak edirdik. İndiki kimi elə o zaman da Ramanadan Sabunçuya avtobus, oradan da şəhərə elektrik qatarı işləyirdi. Biz avtobusa minməzdik, iki qəsəbə arasındakı yolu piyada gedirdik, cavan və sağlamdıq. Ancaq əsas məsələ bunda deyildi. Etiraf edim ki, “İşçi müəlliflər kabinetindən” aldığımız yol pulu, çörək və ərzaq almaq üçün karımıza gəlirdi. Çünki dolanacağımız çətin idi. Bir tikə çörəyin, bir qəpik pulun qədrini bilirdik.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: