banner banner banner
Uşaqlıq. Yeniyetməlik…
Uşaqlıq. Yeniyetməlik…
Оценить:
Рейтинг: 0

Полная версия:

Uşaqlıq. Yeniyetməlik…

скачать книгу бесплатно

Uşaqlıq. Yeniyetməlik…
Lev Tolstoy

Dünya ədəbiyyatından seçmələr
Lev Tolstoyun ilk irihəcmli əsəri sayılan “Uşaqlıq” povestində çoxlarının uşaqlıq illərində yaşadığı müxtəlif psixoloji təcrübələrin (ilk sevgi, ədalətsizlik, insanlar arasında ziddiyyətlər və s.) ustalıqla əks olunub.

Lev Tolstoy

UŞAQLIQ • YENİYETMƏLİK • GƏNCLİK

UŞAQLIQ

Karl İvanıç

18… ilin 12 avqustu idi. On yaşımın tamam olduğu və gözəl hədiyyələr aldığım doğum günümdən üç gün keçmişdi. Həmin gün səhər saat 7-də Karl İvanıç əlindəki milçəkqıranı lap başımın üstündəki milçəyə çırparaq məni yuxudan oyatdı. Başımı yorğanın altından çıxarıb acıqlı-acıqlı onu süzdüm. Tiftikli parçadan ala-bəzək xalat geyinib üstündən eyni parçadan kəmər bağlamışdı. Başına qotazlı fəs qoymuş, ayaqlarına da keçi dərisindən yumşaq uzunboğaz çəkmə geymişdi.

Karl İvanıç mənim acıqlı baxışlarıma əhəmiyyət verməyib milçək öldürməyə davam edirdi.

«Tutalım ki, mən balacayam, – fikirləşdim, – ancaq axı niyə məni narahat edir? Niyə milçəkləri Volodyanın yatağının yanında öldürmür? Bir bax gör nə qədərdir! Volodya məndən böyükdür; mən hamıdan balacayam. Buna görə də o mənə əziyyət verir… Xalatından da, fəsindən də, qotazından da zəhləm gedir!»

– Qalxın, uşaqlar, qalxın!.. Vaxtdır. Ananız artıq zaldadır, – deyərək Karl İvanıç mənə yaxınlaşdı, çarpayıma əyləşib gülə-gülə ayaqlarımın altını qıdıqlamağa başladı.

«O nə qədər mehribandır, bizi nə qədər çox istəyir, mənsə onun haqqında gör necə pis fikirdəydim!»

Özümə də, Karl İvanıça da hiddətləndiyimdən həm gülmək, həm də ağlamaq istədim: əsəblərim pozulmuşdu.

Gözlərimdən yaş axa-axa başımı yastığın altından çıxardım. Karl İvanıç təəccübləndi. Təşvişlə soruşdu ki, bəlkə, xəstələnmişəm, ya da pis yuxu görmüşəm. Onun almanlara xas mehriban sifəti, halıma yanması məni daha da bərkdən ağlamağa məcbur etdi. Xəcalət çəkirdim: necə olub ki, bir dəqiqə əvvəl ondan zəhləm gedib? Pis yuxu gördüyümü, elə onun üçün də ağladığımı söylədim: guya anam ölmüşdü və onu dəfn etməyə aparırdılar. Sözlərimdən mütəəssir olmuş Karl İvanıç mənə təsəlli verib sakitləşdirməyə çalışanda elə bildim, bu dəhşətli yuxunu, doğrudan da, görmüşəm və təzədən hıçqırdım.

Karl İvanıç gedəndən sonra qalxıb yatağımda əyləşdim. Uydurduğum yuxu haqqında qəmgin fikirlər məni tərk etmirdi. Lələmiz[1 - Lələ – keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəçisi] Nikolay içəri girdi. O, təmizkar, səliqəli bir adam idi, Karl İvanıçla da dostluq edirdi. Onun yanında ağlamaq ayıb olardı. Volodya əlüzyuyanın yanında dayanıb Marya İvanovnanı (bacımın mürəbbiyəsi[2 - Mürəbbiyə – keçmişdə dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan qadın] olan bu qadına öz aramızda «Mimi» deyirdik) yamsılayaraq elə şən-şən və elə bərkdən güldü ki, ciddi görkəmli Nikolayı belə gülmək tutdu. Mənim də kefim duruldu.

– Tezmi hazır olacaqsınız? – sinifdən Karl İvanıçın səsi eşidildi.

O, dərsdə tamam başqa adam olurdu. Cəld müəllimimin yanına getdim.

Karl İvanıç gözündə eynək, əlində kitab öz həmişəki yerində – qapı ilə pəncərə arasında oturmuşdu. O, vaxtının çox hissəsini mütaliə edərək keçirirdi.

Bəzən zalda doyunca qaçışdıqdan sonra barmaqlarımızın ucunda gizlincə sinfə gələndə Karl İvanıçın kresloda əyləşib kitab oxuduğunu görürdük. Onu kitab oxumadığı vaxtlarda da görürdüm: iri eynəyi qartal burnunun ucuna düşmüş olurdu, yarıyumulu mavi gözləri xüsusi bir ifadə ilə baxır, dodaqları isə qəmli-qəmli gülümsəyirdi.

Bəzən qapının ağzında dayanıb ona baxa-baxa fikirləşirdim: «Yazıq qoca! Biz çoxuq, oynayırıq, günümüz şən keçir, onun isə heç kəsi yoxdur, özü demiş, doğrudan da, yetimdir. Onun həyat tarixçəsi nə qədər kədərlidir! Başına gələnləri Nikolaya danışmağı yadımdadır – onun vəziyyətində olmaq dəhşətlidir!» Ona elə yazığım gəlirdi ki, bəzən yanına gedib əlindən tutaraq deyirdim: «Sevimli Karl İvanıç!» Belə deməyimi xoşlayır, mütəəssir olub başımı sığallayırdı.

Karl İvanıç xalatını çıxardıb dik yaxalıqlı, çiyinləri büzməli göy frak geyindi, güzgünün qabağında dayanıb qalstukunu düzəldəndən sonra bizi aşağıya apardı ki, anamızla görüşək.

Anam

Anam qonaq otağında əyləşib çay süzürdü. Sevimli adamın üzündəki cizgiləri xəyalında canlandırmağa çalışanda o qədər xatirələr oyanır ki, bu cizgiləri göz yaşları arxasından olduğu kimi dumanlı görürsən. Anamı xatırlayanda həmişə mehribanlıq və məhəbbət ifadə edən qonur gözləri, ağ yaxalığı, tez-tez öpdüyüm zərif əlləri təsəvvürümdə canlanır; lakin üzünün ifadəsini xəyalıma gətirə bilmirəm.

Divarın sol tərəfinə köhnə ingilis royalı qoyulmuşdu; qaraşın bacım Lyuboçka royalın qabağında oturmuşdu. Royalı çalarkən onun necə gərgin olduğu aydın sezilirdi. Lyuboçkanın on bir yaşı var idi. Acıqlı qırmızı sifəti olan Marya İvanovna bacımın yanında əyləşmişdi. Karl İvanıç içəri girər-girməz anama tərəf getdi. Anam əlini uzatdı. Karl İvanıç onun əlindən öpdü. Sonra isə anam müəllimin qırışmış gicgahından öpüb soruşdu:

– Uşaqlar gecəni rahat yatıblar?

Karl İvanıçın bir qulağı kar idi, indi isə royalın səsindən qətiyyən heç nə eşitmədi. Ona görə bir az da divana doğru əyildi.

– Soruşuram ki, uşaqlar gecəni rahat yatıblar? – anam bərkdən dedi.

– Bağışlayın, Natalya Nikolayevna, nə dediniz?

Anam gülümsəyərək Marya İvanovnaya tərəf döndü:

– Mimi, bir dəqiqə dayanın, heç nə eşidilmir.

Anamın üzü nə qədər qəşəng olsa da, gülümsəyəndə daha da gözəlləşir, sanki ətrafda hər şey üzə gülürdü. Həyatımın ağır dəqiqələrində bu təbəssümü, heç olmasa, gözucu görə bilsəydim, dərd-qəmin nə olduğunu bilməzdim.

Anam mənimlə salamlaşandan sonra başımı əllərinin arasına alıb diqqətlə üzümə baxdı:

– Sən bu gün ağlamısan? – soruşdu.

Mən cavab vermədim. O, gözlərimdən öpüb almanca soruşdu:

– Nə üçün ağlamısan?

Uydurduğum yuxumu bütün təfsilatı ilə xatırladım və bu fikirdən ixtiyarsız olaraq titrəyib:

– Ana, mən yuxuda ağlamışam, – dedim.

Karl İvanıç sözlərimi təsdiqləsə də, yuxu haqqında bir söz demədi. Anam ayağa qalxıb pəncərəyə yaxınlaşdı.

– Uşaqlar, indi atanızın yanına gedin və deyin ki, xırmana getməzdən əvvəl hökmən mənə dəysin.

Atam

Atam Pyotr Aleksandrıç yazı stolunun yanında dayanıb zərfləri, kağızları, pul bağlamalarını buyruqçu Yakov Mixaylova göstərir, hirsli-hirsli nə isə izah edirdi. Bizi görəndə salamlaşıb dedi ki, kənddə boş-bikar gəzdiyimiz yetər, artıq uşaq deyilik, ciddi şəkildə dərslərimizlə məşğul olmalıyıq.

– Bilirsiniz ki, bu gecə Moskvaya getmək fikrindəyəm, – o dedi. – Sizi də özümlə aparacağam. Orada nənənizin yanında qalacaqsınız, qızlar isə ananızla burada qalacaq. Dərslərə nənənizin yanında davam edəcəksiniz. Əlbəttə, sizdən ayrılmaq ananızı xeyli üzəcək. Ancaq bilməlisiniz ki, onun üçün yeganə təsəlli yaxşı oxuduğunuzu eşitmək olacaq.

Neçə gündən bəri evdə davam edən hazırlıqdan nəsə qeyri-adi bir şey gözləsək də, bu xəbər bizi heyrətə saldı. Volodya qızardı və anamın tapşırığını titrək bir səslə atama söylədi. Mən fikirləşdim: «Yuxum çin çıxdı. Allah eləsin ki, bundan betəri olmasın».

Anama çox yazığım gəldi, şübhəsiz, o bizim üçün çox darıxacaqdı. Bununla belə, atamın artıq böyük oğlanlar olduğumuz barədə sözləri məni sevindirdi. «Madam ki bu gün gedirik, deməli, daha dərs oxumayacağıq. Bu, qiyamətdir!» – fikirləşdim. Bir yandan da Karl İvanıçın halına acımağa başladım. Yəqin, onu işdən azad edəcəkdilər… İllərlə oxumağa razı idim, bircə buradan çıxıb getməyəydim, anamdan ayrılmayaydım, zavallı Karl İvanıç işsiz qalmayaydı. Axı onsuz da o, çox bədbəxtdir!

Atam ova təzə alışdırılmış tazıları nahardan sonra ovda yoxlamaq istədiyindən onları yemləməməyi Yakova tapşırdı. Sonra isə gözlədiyimin əksinə olaraq bizi dərsə göndərdi. Qaşqabağımızın sallandığını görüb bizi özü ilə ova aparacağını vəd etdi, bununla da könlümüzü aldı.

Evə qayıdıb yuxarı qalxdım, birbaş eyvana cumdum. Atamın Milka adlı sevimli tazısı gözlərini qıyaraq qapının ağzında özünü günə verirdi.

– Miloçka, bu gün biz gedirik, – itin başından öpərək dedim. – Salamat qal! Ola bilsin, bir də heç vaxt görüşməyəcəyik.

Mən kövrəlib ağladım.

Dərs

Karl İvanıçın kefi yox idi. Çatılmış qaşlarından, bir də səbirsiz hərəkətlərindən bunu aydın görmək olurdu. Volodya sakitcə dərsini oxuyurdu, mən isə qarşıdakı ayrılıq saatını düşünüb kövrəlir, başqa heç nə edə bilmirdim. Odur ki dərsə cavab vermək əvəzinə ağlayıb hüsnxət dəftərini göz yaşlarımla islatdım.

Karl İvanıç hirslənib məni dizi üstə küncə qoydu, xətkeşlə hədələyib üzr istəməyimi tələb etdi, halbuki göz yaşlarım mənə bir kəlmə belə olsun danışmağa imkan vermirdi. Nəhayət, Karl İvanıç özünün haqsız olduğunu anlayıb Nikolayın otağına getdi və dalınca qapını çırpdı.

Lələmin otağından gələn danışıq sinifdə eşidilirdi.

– Nikolay, uşaqların Moskvaya gedəcəyini eşitmisən? – Karl İvanıç soruşdu.

– Əlbəttə, eşitmişəm.

Mən küncdən durub qapıya yaxınlaşaraq xəlvətcə qulaq asmağa başladım.

Karl İvanıç kövrək səslə dedi:

– On iki ildir, Nikolay, mən bu evdə yaşayıram, Allah da şahiddir ki, onları öz balalarım kimi sevmişəm, bu evdə hamının işinə yaramışam. İndi uşaqlar böyüyüb, onlar ciddi şəkildə oxumaqla məşğul olmalıdırlar. Guya burda oxumurlar?

– Niyə ki, deyəsən, oxuyurlar, – Nikolay başı ilə təsdiqlədi.

– Bəli, indi mən gərəksiz olmuşam, məni qovmaq lazımdır. Bəs verdikləri vədlər hanı? – Karl İvanıç əlini sinəsinə qoyub əlavə etdi: – Mən Natalya Nikolayevnaya hörmət edirəm, onu çox sevirəm, Nikolay. Ancaq o kimdir ki?.. Onun sözü bu evdə keçmir. Mən bilirəm, bu hoqqalar kimindir. Mən gərəksiz olmuşam… Çünki mən yaltaqlıq etmirəm, başqaları kimi hər şeyə göz yummuram. Allah bilən məsləhətdir. Mənim buradan getməyimlə onlar varlanmayacaqlar, mən isə Allahın köməyi ilə özümə bir parça çörək taparam…

Karl İvanıç uzun-uzadı danışdı. Onun dərdi mənə təsir etmişdi. Yenə otağın küncünə qayıdıb çöməldim və az qala eyni dərəcədə sevdiyim atamla Karl İvanıçı necə barışdırmaq barədə düşünməyə başladım.

Karl İvanıç sinfə qayıdanda ayağa qalxmağımı və imla yazmaq üçün dəftər hazırlamağımı tapşırdı.

Saat 1-ə 15 dəqiqə qalmışdı, lakin Karl İvanıç sanki bizi evə buraxmaq istəmirdi; bir ucdan yeni tapşırıqlar verirdi. Naharın yaxınlaşdığını sübut edən bütün əlamətləri böyük səbirsizliklə izləyirdim. Budur, Mimi Lyuboçka və Katenka ilə (Katenka Miminin qızı idi, onun on iki yaşı var) bağdan gəlirlər, lakin həmişə yeməyin hazır olduğunu bildirən eşikağası[3 - Eşikağası – keçmişdə imkanlı şəxslərin evində qulluqçuları idarə edən şəxs] Foka görünmür. Yalnız o gələndə kitabları tullayıb Karl İvanıça əhəmiyyət vermədən aşağıya qaçmaq olar.

Budur, pilləkəndə addım səsləri eşidilir; lakin gələn Foka deyil! Qapı açıldı və tanımadığım bir adam qapının ağzında peyda oldu.

Divanə

Əlli yaşlarında bir adam otağa girdi. Onun çiçək xəstəliyindən çopurlaşmış uzunsov sifəti, çal saçları və seyrək, sarımtıl saqqalı var idi. Boyu o qədər uzun idi ki, qapıdan keçmək üçün nəinki başını, həm də bədənini əyməliydi. Əynində kaftana oxşar cırıq paltar, əlində əsa var idi. Onun bir gözü çəp idi.

O, xırda addımlarla Volodyaya tərəf qaçıb:

– Aha! Əlimə düşdünüz! – deyə qışqırdı, onun başından yapışıb təpəsinə diqqətlə baxdı. Sonra da tamamilə ciddi bir ifadə ilə Volodyadan aralanıb stolun yanına gəldi, müşəmbənin[4 - Müşəmbə – su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça] altını üfləyərək xaç vurmağa başladı.

Bu adam səfil Qrişa idi.

O haradan gəlmişdi? Ata-anası kim idi? Niyə səfil həyatı keçirirdi? Bunu heç kəs bilmirdi. Mən yalnız bunu bilirəm ki, on beşinci ildən bəri yayda da, qışda da monastırları ayaqyalın gəzib-dolaşan və anlaşılmaz sözlər danışan divanə kimi məşhurlaşmışdı. Bəziləri onun qeybdən xəbər verdiyinə inanırdılar.

Nəhayət, çoxdan gözlədiyimiz Foka gəlib çıxdı və biz aşağı endik. Qrişa da mənasız sözlər danışa-danışa dalımızca gəlirdi. Atamla anam əl-ələ verib qonaq otağında gəzişir, nə haqdasa yavaşca söhbətləşirdilər. Marya İvanovna kresloların birində əyləşib ciddi, təmkinli bir səslə yanında oturmuş qızlara nəsihət verirdi.

Mimi çox dözülməz qadın idi. Onun yanında heç nə danışmaq olmurdu. Hər şeydə bir nəzakətsizlik görürdü.

Böyüklər qabağa düşüb yemək otağına keçəndə Katenka gödəkçəmdən dartıb pıçıltı ilə dedi:

– Atandan xahiş et, bizi də ova aparsın.

– Yaxşı, çalışaram, – dedim.

Qrişa yemək otağında, lakin başqa stolda nahar edirdi. Arada öz-özünə danışırdı: «Yazığım gəlir!.. Uçub-getdi… Göyərçin uçacaqdı… Ah, qəbrinin üstündə daş var…»

Anam atama bir boşqab şorba verərək dedi:

– Ah, az qalmışdı bir şeyi səndən xahiş etməyi unudum.

– Nə olub?

– Lütfən, tapşır ki, o qorxunc itlərini zəncirləsinlər. Qrişa həyətdən keçəndə az qala yazığı qapsınlar. Onlar uşaqların da üstünə cuma bilərlər.

– Aha! Başa düşdüm… Bilirsənmi, mənim, ümumiyyətlə, bu kimi adamlarla aram yoxdur, – atam sözünə fransızca davam etdi: – Çox yaxşı edirlər ki, belələrini həbsə atırlar. Onların xeyri onsuz da əsəbləri zəif olan bəzi adamların kefini pozmaqdır.

Anamın onun fikri ilə razılaşmadığı hiss olunurdu, ancaq mübahisə eləməyə də həvəs göstərmədi.

– Sənə bircə onu deməliyəm ki, altmış yaşı olmasına baxmayaraq qışda da, yayda da ayaqyalın gəzən, həmişə paltarının altında iki pud ağırlığında zəncir gəzdirən, dinc yaşamaq təklifindən dəfələrlə imtina edən bir adamın bütün bunları tənbəllik üzündən etməsinə inanmaq çətindir. Qeybdən xəbər verməyə gəlincə, – anam ah çəkərək əlavə etdi: – Kiryuşa rəhmətlik atamın ölümünü gününə, saatına kimi demişdi.

Nahar qurtarmaq üzrə idi. Lyuboçka ilə Katenka gizlincə bizə göz vururdular. Göz vurmalarının mənası bu idi: «Niyə xahiş etmirsiniz ki, bizi ova aparsınlar?» Nəhayət, Volodya cürətə gəldi, əvvəl utana-utana, sonra qətiyyətlə dedi ki, uzun müddət ayrı qalacağımıza görə bu gün qızların bizimlə birlikdə ova getmələrini istəyirik. Böyüklər qısa məşvərətdən sonra razılaşdılar. Hamıdan çox ürəyimizə yatan isə bu oldu ki, anam da bizimlə gedəcəyini dedi.

Nahardan sonra biz hamılıqla ova getdik. Bütün ailənin, xüsusən də anamızın bizimlə gəlməsi ovu çox maraqlı və yaddaqalan elədi.

Katenka

Biçinin qızğın vaxtı idi. Göz işlədikcə uzanan zəminin bir ucu gedib meşəyə dirənirdi. Meşə o zaman mənə ən uzaq, əsrarəngiz yer kimi görünürdü. Mənə elə gəlirdi, meşənin o tərəfi ya dünyanın axırıdır, ya da o tərəflərdə insan yaşamır.

Ovdan sonra biz, yəni uşaqlar qayınağacıların altına döşənmiş xalçanın ətrafında dövrə vurub əyləşmişdik. Dondurma və meyvə yedikdən sonra ayağa qalxıb oynamağa getdik. Oynadığımız vaxt Lyuboçka sanki meyvə dərirmiş kimi ağacın yarpağını qopardı. Elə həmin andaca dəhşət içində çığıraraq onu yerə tulladı: yarpağın üstündə iri qurd var idi. Bununla da oyunumuz qurtardı, hamımız baş-başa verib bu nadir şeyə tamaşa etməyə başladıq.

Mən Katenkanın çiyni üstündən baxırdım. Katenka qurdu yarpağın üstünə qaldırmağa çalışır, yarpağı onun qabağına tuturdu. Birdən yel əsib Katenkanın ləçəyini qaldırdı və onun ağappaq boynu göründü. Mən artıq qurda yox, Katenkanın çiyinlərinə baxırdım və birdən özümü saxlaya bilməyib onun çiynindən öpdüm. Katya dönüb mənə baxmadı, lakin onun boynunun və qulaqlarının qızardığını gördüm. Volodya başını qaldırmadan nifrətlə dedi:

– Bu nə nəzakətsizlikdir?

Mən isə kövrəlmişdim, gözlərimi Katenkadan çəkmirdim. Onun təravətli ağ üzünə baxmağa artıq çoxdan adət etmişdim və bu üzü həmişə sevirdim; lakin indi onu daha artıq sevdim.

Biz böyüklərə yaxınlaşanda atam bildirdi ki, Moskvaya səfərimiz anamın xahişi ilə sabah səhərə təxirə salınıb. Bu isə bizi çox sevindirdi.

Mənim atam necə adam idi?

Atam boy-buxunlu, xırda addımlarla iti yeriyən, tez-tez çiynini çəkən, balaca gözləri həmişə gülümsəyən, başının ortasında böyük dazı olan qartalburunlu bir adam idi. Göz açıb atamı belə görmüşdüm.

O, adamlarla münasibətdə üstünlük qazanmağı bacarırdı. Heç vaxt kübar bir adam olmamışdı. Amma yüksək təbəqədən olan adamlarla gözəl əlaqələr qurmaqda, onların hörmətini qazanmaqda məharət sahibi idi. Bu əlaqələrin bir qismini anamla qohumluğu, bir qismini gənclik yoldaşlarının sayəsində əldə etmişdi. Ancaq yoldaşlarının rütbəcə yüksəldiklərinə, özünün isə istefaya çıxmış qvardiya poruçiki[5 - Poruçik – kiçik zabit rütbəsi] qaldığına görə ürəyində onlara qəzəblənirdi. Sabiq hərbçilər kimi o da dəblə geyinməyi bacarmırdı; lakin bunun əvəzində orijinal və səliqəli geyinirdi. O, həssas və kövrək adam idi. Çox vaxt ucadan kitab oxuyanda həyəcanlı bir yerə çatarkən səsi titrəməyə başlayır, gözləri dolur, kədərlənib kitabı bir kənara qoyurdu. Atam musiqini sevir, fortepianoda çalmağı bacarırdı. Onun nə əqidəyə qulluq etdiyini bir Allah bilirdi. Yəqin, o qədər xoşbəxt idi ki, buna zərurət hiss etmirdi.

O, söhbətcil adam idi. Eyni bir hadisəni sevimli bir şıltaqlıq və pis bir alçaqlıq kimi nağıl etməyi bacarırdı.

Məşvərət

Biz evə çatanda şər qarışırdı. Anam royalın arxasında əyləşdi, biz uşaqlar isə kağız, karandaş götürüb şəkil çəkməyə başladıq. Çəkdiklərim xoşuma gəlmədi. Kağızı hirsimdən cırıb kresloda mürgü vurmağa getdim.

Anam öz müəllimi Fildin ikinci konsertini[6 - Konsert – orkestrin müşayiəti ilə bir musiqi aləti tərəfindən ifa olunmaq üçün yazılmış musiqi əsəri] çalırdı. Mən mürgüləyə-mürgüləyə cürbəcür şeylər xatırlayırdım.

Kabinetə açılan qapı mənimlə üzbəüz olduğundan Yakovun və əyninə kaftan geyinmiş bir neçə saqqallı adamın oraya girdiyini gördüm. Qapı onların dalınca dərhal örtüldü: «Hə, məşvərət başlandı!» – fikirləşdim. Mənə elə gəlirdi ki, indi dünyada bu kabinetdəkindən vacib söhbət ola bilməz. Evdəkilərin kabinetin qapısı ağzında, adətən, pıçıldaşmağı, barmaqlarının ucunda yeriməyi mənim fikrimi bir daha möhkəmləndirdi. Kabinetdən atamın gur səsi eşidilirdi. Karl İvanıç əlində kağızlar barmaqlarının ucunda, lakin qaşqabaqlı və qətiyyətli bir görkəmdə yaxınlaşıb qapını yavaşca döydü. Onu içəri buraxdılar və qapı təkrar örtüldü.

«Kaş bir bədbəxtlik üz verməsin, – fikirləşdim. – Karl İvanıç hirslidir, nə desən eləyər…»