скачать книгу бесплатно
İşığın oyunu. Tanrını axtaran detektiv
Stephen Smoke
Valeri Tirel – San-Fransiskodan olan varlı iş adamının gözəl dul arvadı, depressiyadan çıxmaq üçün, özəl detektiv Nik Sendzi muzdla tutur ki, o… Tanrını tapsın.
Qəhrəmanların Amerikanın Qərbinə səyahəti onları tamamilə qeyri-adi insanlarla üzləşdirir. Nəticədə, dünyanı görməyin yeni təcrübəsi ilə zənginləşmiş Valeri və Nik Kainatla harmonik əlaqə qurmaq qabiliyyəti əldə edirlər.
Stiven Li Smouk
İşığın oyunu. Tanrını axtaran detektiv
Meqqiyə həsr olunur – səbəbini özü, hər kəsdən yaxşı bilir
Xüsusi təşəkkürlər:
Dayanaya, Fredə, Syuziyə Cona, Denə, Rosa, ilk növbədə isə sənə Uolt… harada daldalanmağından asılı olmayaraq, qoca
İşıq Şousunun sehrinə düşüb
Su üzərində gəzə bilməyəcəyinə
Necə inanmışdın
Körpəm, nədən belə düşünmüşdün
Bu, sadəcə, İşığın Oyunudur
Gecə, səhərədək cadugərliyidir
Hər şey əla keçəcək…
İlkin qeyd
Oxucunun gördüyü kimi, hər bir fəsil iqtibasla başlayır. Bunlar müəllif tərəfindən yazılmış və "Hisslər məbədi" albomunda toplanmış mahnılardan götürülüb. Buraya "İşığın Oyunu" mahnısı da daxildir.
Albomu əldə etməyi arzulayır, amma onu yaxın musiqi mağazalarında tapa bilmirsinizsə, məlumat üçün naşirə müraciət edin.
Kitab, həmçinin, faktların harada bitib, xəyalların haradan başladığını anlayanlara ithaf olunur.
Daha çox isə bunu anlamayanlara…
"İşığın Oyunu" bədii əsərdir. Onun süjeti həyatla bir qədər uyuşmasa da, romanın əsasında gerçək yaşanmış təcrübə durur.
1
Mona-Liza qiyafəsində
Gözü yaşlı, Ceyms Dini dəfn edir
Daxilində tələf olmuş şeyi
Və onun mənasını tapmaq istəyir
O, elə bir qadın idi ki, ondan ötrü rahib belə düşünmədən nigahsızlıq əhdindən üz döndərərdi.
Əksər kişilər, Valeri Tireli bir dəfə görəndən sonra, artıq unutmurdular. Və ya, unuda bilmirdilər. Qara saçları maye oniks (damarlı əqiq) şəlaləsi kimi çiyinlərinə tökülürdü. Dolu dodaqları elə şirnikləndirici şəkildə bir-birinə dəyib-aralanırdı ki, öpüş üçün yaradıldıqlarına heç bir şübhə yeri qalmırdı. Vücudu… vücudu hansısa mötəbər muzeydə, sərgiyə qoyula bilərdi. O, mükəmməl idi.
Əlində bu qədər kozırların olmasına baxmayaraq, o, mən deyərdim ki, son dərəcə kədərli görünürdü. O, təbii ərzaqlar mağazasından aldığım xüsusi surroqat kofe təklifimi rədd edərək (yetərincə başa düşülən qərar idi), dərhal oturacağını tuncdan tökmək qərarına gəldiyim stulda oturdu.
– Mənim adım Valeri Tireldir, – o, ahəngdar, bir qədər boğuq səslə özünü təqdim etdi. Onun məğzini şəhər blyuzu – Herşvinin musiqisi, şəhər ucqarlarının blyuzu – əks etdirərdi.
– Beləliklə, miss Tirel…
– Missis. Sadəcə Valeri də deyə bilərsiz.
– Valeri. Mən sizə necə kömək edə bilərəm?
O, qəmli qonur gözlərini mənə tərəf qaldıraraq, dedi:
– Mən ümidimi itirmişəm, mister Sendz. Mən, sadəcə yaşamaq istəmirəm.
Mən ona, ölümünün necə böyük itki olacağını izah etməyə hazirlaşdım, ancaq Valerinin gorunuşündən hiss etdim ki, bunları dəfələrlə eşidib. O hər şeyi açıb-deməyə tələsdiyindən soruşdum:
– Hansı səbəbdən?
Valeri stulun arxasına söykəndi, çantasından filtrli "vinston" qutusunu götürdü, silkələyib bir siqaret çıxartdı və mənə təklif etdi. Mən imtina etdikdə, onu qızıl "dunhill" ilə yandıraraq, qutu ilə çaxmağı yerinə qoydu. Tüstünü dərindən sinəsinə çəkib buraxdı, amma hamısını yox. Sadəcə
– Mənim ərim ölüb, – dedi. Bir qədər susdu. – O yaxşı insan idi.
Mənə yönəlmiş gərgin baxışında səmimiyyət hiss olunurdu.
– Yəni, çox yaxşı insan idi. Mənə hər şey verir, əvəz istəmirdi.
O, bir anlıq o xəyalında rəqs etdi. Və mən onun kiminlə rəqs etdiyini sezdim. Sonra gerçəkliyə döndü.
– Heç vaxt.
– Sizin əriniz necə ölüb?
– Təyyarə qəzasında. Onun şəxsi təyyarəsi var idi.
Bu məni zərrə qədər də təəccübləndirmədi.
– Təyyarənin idarəetmə mexanizmində nəsə baş verib, və o… yerə düşüb.
– Dərdinizi bölürəm, – dedim.
Dərhal, robot kimi,
– Minnətdaram, – dedi. – O, mənə qarşı çox mehriban idi, mister Sendz…
– Mənə sadəcə Nik deyin.
– Nik. O, sözün əsl mənasında məni xəndəkdən çəkib çıxardı. Təxminən dörd il bundan əvvəl, mən küçə qızı idim.
Mənim isə evdə kamodun yuxarı gözündə xeyli pulum var – deyəsən çox gec ağlıma gəlib.
– Cəmi dörd il əvvəl mən küçələrdə özümü satırdım. Qordon məni tapdı. Bir dəfə gecə vaxtı, buradan çox da uzaq olmayan bir yerdə məni küçədən götürüb, evinə gətirdi və iki yüz dollar verdi ki, mən danışım…sadəcə özüm haqqında danışım. Heç bir sekssiz. Sadəcə mənim barəmdə soruşdu. Mənimlə artıq yüz il idi ki, heç kəs maraqlanmırdı. Hamı və hər kəs məndən sadəcə istifadə etmək istəyirdi, amma, Qordon… Qordon belə deyildi.
Təxminən iki ay, o məni həftədə iki dəfə öz evinə aparırdı. Mən artıq o günləri gözləməyə başlamışdım. Nəhayət ki, o məni onunla harasa getməyə dəvət etdi. Əsl görüş təyin etdi. Dedi ki, ödəmək fikri yoxdur, odur ki, mənim imtina etməyə tam hüququm var. Amma, mən ondan bərk yapışdım. Bilirəm nə barədə düşündünüz.
Bir qədər qeyri-müəyyən gümandır. Mən susdum. Axı o səhv də edə bilərdi.
– Əvvəllər mən yalnız Qordonun pulları – varlanmaq barədə fikirləşirdim, ancaq, sonra ona həqiqətən vuruldum. İki ay sonra biz evləndik. Və son dörd ili mən elə yaşadım ki, istənilən qadın mənə paxıllıq edərdi… Amma, o artıq yoxdur. –sanki fikrə getdi. – Və mən bunu heç cür anlaya bilmirəm.
– Bağışlayın?!
– Mən anlaya bilmirəm. Niyə məhz Qordon? Dünyada ondan yaxşı və mehriban insan yox idi. O, Tanrıya inanırdı. – O, dodaqlarının kənarları ilə gülümsədi, yenidən tüstünü sinəsinə alıb, havaya xəyali tüstü buludu buraxdı. – O, hətta mənə də Tanrıya inanmağı öyrətmişdi. Sanki hansısa… hansısa xüsusi qüvvəylə yaxın idi. Kimsə onu Tanrı adlandıra bilər. Məsələn, Qordon elə belə də adlandırırdı. Tanrı onun həyatının mərkəzində idi. Qordon sanki, Tanrının qulu idi – hər halda özü belə deyirdi. O, elə mülayim idi, yaxınlarının qayğısına elə qalırdı ki, – yalnız mənə deyil, ehtiyacı olanların hamısına kömək edirdi. Bəs niyə Tanrı, burada – dünyada bu qədər xeyir verən bir insanı apardı?
Mən cavab verməyə çətinlik çəkərək, təxmin etdim:
– Bəlkə də, Tanrı istəyib ki, Qordon onunla birlikdə səmada olsun.
Valeri məni nifrətlə süzdü, sanki mən nə isə nalayiq söz demişdim, amma, sonra nisbətən yumşaldı:
– Mən incimirəm, amma, bu cəfəngiyatı hər addımda eşidirəm. Lakin, Qordon həmişə canlı Tanrıdan danışırdı, tez-tez təkrar edirdi ki, Tanrı hər yerdədir və hər kəs üçün əlçatandır. Əgər bu doğrudursa, deməli Qordon onsuz da hər zaman Tanrıyla bir yerdə imiş. Başa düşürsüz, nəyi nəzərdə tuturam?
Bir qədər vicdansızlıq olsa da başımla təsdiqlədim.
– Bağışlayın ki, sizi tələsdirirəm missis Tirel…Valeri, siz məndən nə gözləyirsiz?
– Sizin "Sarı Səhifələr"dəki elanınız deyir ki, siz kimi istəsələr tapa bilirsiz.
– Ola bilsin, "kimi istəsələr" bir qədər şişirdilmişdir. Mərhum həyat yoldaşlarının izlənib tapılmasına gəldikdə isə, yəqin ki, ekstrasensə və ya mediuma müraciət etmək daha doğru olardı.
– Mənə bu lazım deyil.
– Bəs sizə nə lazımdır?
– Bu bir az gülməli görünə bilər.
– O zaman mən də güləcəm.
– Amma, sizi inandırıram ki, mən tamamilə ciddiyəm. Daha dəqiq desəm, ümidsiz vəziyyətdəyəm. – Növbəti qullabdan sonra, vurğu edə-edə dedi: – Mən istəyirəm ki, siz Tanrını tapasınız.
Az qala qəhqəhə çəkəcəkdim, amma haradansa oxumuş olduğum “psixi xəstəyə gülsən, o, qəzəblənə bilər” fikri yadıma düşdü:
– Siz istəyirsiniz ki, mən… istəyirsiz ki, mən… Tanrını tapım, – deyə, sanki, ətraflı düşünülmüş cavab verən kimi mızıldandım.
– Bilirəm, bu cəfəngiyat kimi səslənir, amma, açığı özünü öldürmək daha yaxşıdır, nəinki, həyatda onsuz yaşamaq… – mənə elə göründü ki, Valeri, qəfildən, bir az karıxdı. – Kimsə onu Tanrı, başqaları – Hüdudsuz Şüur adlandırır. Mənim üçün bu mərkəzdir, cəmlənmə duyğusudur. Başa düşürsünüz, nəyi nəzərdə tuturam?
Mən başımla təsdiq etdim.
– Qordon mənə Tanrı haqqında danışıb. – O, pəncərəyə baxaraq, bir qədər susdu. – Qordonsuz, özümü tamamilə ümidsiz hiss edirəm. Mənim həyatım zibil quyusu kimi idi, amma, mən Tanrı haqqında biləndən sonra o nağıla döndü. Ancaq, Qordon daha yoxdur və mən artıq yadırğamışam… Tanrını dərk etməyi. Yəqin, mən ona həmişə Qordonun gözləri ilə baxmışam. Qordon mənim ruhumun vasitəçisi idi. Amma, indi… indi mən bədbəxtəm. Elə bədbəxt ki, mənə kömək edəcək birini tapmasam, gözümü qırpmadan özümü öldürəcəm.
– Bəs niyə məhz məni seçdiniz? Axı telefon kitabçası detektiv adları ilə doludur.
– Siz bir neçə ay bundan əvvəl, mənim rəfiqələrimdən birinə yardım etmisiniz. O, dedi ki, siz ona şövqlü bir insan təsiri bağışlamısınız.
Etiraf edim ki, təbii ərzaq mağazalarında, meditasiya mərkəzlərində və dini ədəbiyyat dükanlarında detektivlərə o qədər də tez-tez rast gəlmək mümkün deyil. Mənim isə lazımi etibarım var imiş.
– Bəs, keşişlə necə, danışmaq istəyərdinizmi? Yersiz görünsə, ifadəmə görə məni bağışlayın, amma Tanrı onların peşəsidir.
– Qordon kilsəyə meylli adam deyildi. Onun Tanrı ilə bilavasitə əlaqəsi var idi. Əksər dinlər Tanrı ilə birbaşa əlaqəyə əngəl törətməkdə maraqlıdırlar.
– Başa düşürəm.
Burada başa düşülməməli nə var ki?
– Mən demək istəyirəm ki, əgər Tanrı hər yerdədirsə, o zaman çətinlik nədədir? Bura yəqin ki, hər gün həyatda olmayan yaxınlarını tapmaq istəyən insanlar gəlir. Tanrı haqqında hami eşidiblər. Hesab olunur ki, yer üzünün hər guşəsində onun elçiləri var. O, ona müraciət edən hər bir kəslə ünsiyyətə hazırdır. Eləsə, burada çətin nə var? Düşünürəm ki, sizə bundan daha asan iş tapşırılmayıb.
Səsimə arxayınlıq verməyə çalışaraq
– Açarlarımız həqiqətən də az deyil, – deyə sözə başladım. – Amma, bilmirəm…
Valeri səliqəsiz şəkildə çantasını açıb, oradan tapança çıxardı. Mən qeyri-iradi olaraq stolun arxasında gizləndim.
– Narahat olmayın, sizə atəş açmaq fikrində deyiləm.
Mən boynumun ardını yavaşca ovuşduraraq, üzümdən qorxu əlamətlərini qovmağa çalışdım.
– Mən sadəcə istədim ki, mənə inanasınız. Siz müraciət etdiyim birinci adam deyilsiniz. Mən keşişlərdən başlayıb, mediumlara keçmişdim, sonra, rəfiqəm sizi tövsiyə etdi. Siz mənim son ümidimsiniz, Nik. And içirəm ki, Tanrını tapmasam özümü öldürəcəm. Burda və indi yox, amma tezliklə. Mənim sadəcə, Tanrının olmadığı dünyada yaşamağa gücüm yetmir. Bundan əlavə, siz nə itirirsiniz ki? Mən haqqınızı ödəyəcəyəm.
Cavab verməmişdən əvvəl, xəyalımda onun sözlərini götür-qoy etdim. XX əsrin sonlarında Tanrını tapmaq elə də asan məsələ deyil. Əlbəttə, əvvəlcə bu, uşaq oyuncağı kimi asan görünür: Bütün radio və televiziya kanallarında, hər küncdə-bucaqda Tanrının adı ilə alver edirlər. Saxta tanrılardan da qıtlıq çəkmirik. Amma, mən özüm…də həqiqi mala hələ rast gəlməmişəm. Yaxşı, bu çoxdan olub. Bununla belə, Tanrını axtarmaq fikrində nəsə cəlbedici bir şey var idi.
Bundan başqa, Valeri haqlı idi: mən heç bir şey itirmirdim.
O, məni də maraqlandıran problemi araşdırmaq üçün pul təklif edirdi. Həm də anlayırdım ki, onun intihar təhdidləri zarafat deyil. Onun son ümidi olduğum halda işdən imtina edirəm, o da tapançanı gicgahına dirəyərək, evini güllədən dağılmış beyninin parçaları ilə bəzəyir – düşüncəsi ilə necə yaşaya bilərdim?
Nə qədər ağlasığmaz görünsə də, razılaşmaq üçün səbəblərim imtina etmək üçün olanlardan daha çox idi.
– Adətən, mən günə iki yüz alıram… Rokfordun aldığı qədər.
2
Yaşamıram, sadəcə çalışıram dəli olmayım
O üzündə ümidsizlik olan xətti keçməyim
Səhər Meditasiya edib, İşığ Qatarına minim,
Gecə bir şüşə şərabla özümü müalicə edim.
Mən San-Fransiskonu sevirəm. Şəhərin ruhu mən yaşayan hissədə başqa rayonlardan daha yaxşı duyulur. İki il bundan əvvəl, sığorta şirkətini tərk edərək, "Balıqçı Liman"ından bir neçə məhəllə yuxarıda, şəhərin işgüzar hissəsində məskunlaşdım. Çox da böyük olmayan köhnə anbarın yuxarı mərtəbəsini beş illiyə icarəyə götürəndə, orada tam nizamsızlıq hökm sürürdü: dörd köhnə divar, sınıq pəncərələr və quş nəcisi, yapışqan zir-zibil və, sonralar bir yoldaşın mənə anlatdığı kimi, gəmi mühərrikinin kəsilmiş paslı hissəcikləri ilə örtülmüş çürük döşəmə.