banner banner banner
Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan
Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan
Оценить:
Рейтинг: 0

Полная версия:

Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan

скачать книгу бесплатно

Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan
Ələsgər Siyablı

İran dastanlarında Əfrasiyab, Türk tarixində və dastanlarında Alp Ər Tonqa adlanan türklərin ulu qəhrəmanının adı Turan dövlətinin simvoluna çevrilmişdir. Əsası türklərin ulu əcdadı Tur tərəfindən qoyulmuş Turan dövləti Asiyanın böyük bir hissəsini əhatə etdiyi öz əzəmətli dövrünü məhz Əfrasiyab hakimiyyəti dövründə yaşamışdır.

Türk və yabançı bilim adamları linqvistik və tarixi dəlillərə əsaslanaraq Türklərin iki ulu qəhrəmanı Əfrasiyabın və Oğuz xaqanın eyni şəxslər olduğu haqqında fikirlər irəli sürmüşlər. Maraqlı cəhət ondadır ki, nə Mahmud Kağqarlı, nə də ki Yusif Balasaqunlu öz ensiklopedik əsərlərində Əfrasiyab haqqında geniş bəhs etdikləri halda, Oğuz xaqanın adını çəkmirlər.

Ələsgər Siyablı

Turan-Türk tarixində

Əfrasiyab və Oğuz Xaqan

Sən hər dəfə kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…

Ələsgər Siyablı. Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan. Elmi araşdırma.

Bakı, “Köhlən” Nəşriyyatı – 2021.

© Ələsgər Siyablı / 2021

© Köhlən Nəşriyyatı / 2021

İSBN: 978-9952-8371-3-1

1840-cı il doğumlu ulu babam Əfrasiyabın əziz xatirəsinə həsr edirəm.

GİRİŞ

Turan ön türklərin təşəkkül taparaq tarix səhnəsinə qədəm qoyduqları ata yurdları, onların ölkəsi və bu ərazidə yaratdıqları qüdrətli dövlətin adıdır. Turan tarixi təkcə türklərin deyil, bütövlükdə bəşər tarixinin ən qədim və əzəmətli dövrünü təşkil edir.

Ölkə və dövlət adı olaraq Turan anlayışını yalnız Avesta, Firdovsi və onun Şahnaməsi və digər irandilli əsərlərdə öz ifadəsini tapmış əfsanələrlə əlaqələndirilməsi nə elmi, nə də ki tarixi gerçəkliyi əks etdirmir. Tarix, dilçilik, antropologiya elmlərinin inkişafının geniş imkanlar yaratdığı müasir dövrdə bir çox bilim adamları hələ də avropasentrist ideologiyasının təsirindən xilas ola bilməyərək qədim Turanı və öntürk turanlıların mövcudluğu haqqında tarixi gerçəkliyi qəbul etməkdə tərəddüd edir və tariximizin bu şanlı səhifələrini gerçəkliklə əlaqəsi olmayan irandilli əfsanələr şəklində dəyərləndirirlər. Halbuki İrandilli dastan və əfsanələrdə Turan və turlar haqqında bəhs olunan qəhrəmanlıq hekayətləri və onlarla əlaqədar hadisələrin kökü Ön Asiyada və Mərkəzi Asiyadakı turanlı xalqların gerçək tarixi hadisələrilə bağlıdır.

İran dastanlarında Əfrasiyab, Türk tarixində və dastanlarında Alp Ər Tonqa adlanan türklərin ulu qəhrəmanının adı Turan dövlətinin simvoluna çevrilmişdir. Əsası türklərin ulu əcdadı Tur tərəfindən qoyulmuş Turan dövləti Asiyanın böyük bir hissəsini əhatə etdiyi öz əzəmətli dövrünü məhz Əfrasiyab hakimiyyəti dövründə yaşamışdır.

Avropanın XVIII–XIX əsr və sonrakı dövrlərdə bir çox tarixçi və assuroloqları Turanın və ön türklərin gerçək tarixinin bir çox məqamlarını əks etdirən elmi əsərlərində Turan və ön türklərin tarixinin bəşər tarixinin böyük bir dövrünü əhatə etdiyini və ilkin bəşər uyqarlığının məhz ön türklər tərəfindən yaradıldığı fikrini irəli sürmüşlər.

Qərbin bir çox İranist bilim adamları, xüsusən də Rusiya elmi dairələri qərəzliklə Əfrasiyabı və turanlıları etnik mənşə baxımından iranlı kimi qələmə verməyə cəhd göstərirlər.

Əfrasiyabı yalnız Şahnamə və Avesta ilə əlaqələndirib onu iran əfasənələrinin çərçivəsində məhdudlaşdırmaq tarixi gerçəkliyə ziddir. Türklərin iki mühüm ensiklopedik əsəri olan Mahmud Kaşqarlının “Divanü Luğat-it Türk” və Yusif Balasaqunlunun “Kutadqu Bilik” əsərlərində dövrünün tarixi mənbələrinə və xalq içərisində onun haqqındakı hekayətlərə əsaslanaraq Əfrasiyabın Türk qəhrəmanı Alp Ər Tonqa olduğu sübut olunmuşdur.

Şahnamə müəllifi Firdovsi də öz dövrünün yazılı mənbələrinə əsasən yazdığı poemasında Əfrasiyabı heç bir tərəddüdə yer qoymadan Turan-Türk padşahı və turları da türklər kimi təqdim edir.

Türk və yabançı bilim adamları linqvistik və tarixi dəlillərə əsaslanaraq Türklərin iki ulu qəhrəmanı Əfrasiyabın və Oğuz xaqanın eyni şəxslər olduğu haqqında fikirlər irəli sürmüşlər. Maraqlı cəhət ondadır ki, nə Mahmud Kağqarlı, nə də ki Yusif Balasaqunlu öz ensiklopedik əsərlərində Əfrasiyab haqqında geniş bəhs etdikləri halda, Oğuz xaqanın adını çəkmirlər.

Bu hal belə fikir yürütməyə əsas verir ki, Oğuz xaqan dastanı Oğuz yabqu dövlətinin və xüsusən də oğuz boyu olan Səlçuqlular dövlətinin yaranmasından sonra qələmə alınmış və Əfrasiyabla əlaqədar xalq içərisində mövcud olan qəhrəmanlıq hekayətləri oğuzları şöhrətləndirmək üçün Oğuz xaqanın adı ilə əlaqələndirilmişdir. Səlçuq hökmdarları da tarixdə Oğuz adlı bir şəxsiyyətin mövcud olmadığını bildiklərindən öz soyköklərini Türk tarixində gerçək bir tarixi şəxsiyyət kimi tanınan Əfrasiyaba bağlamışlar.

Lakin xalq içərisində oğuz boylarının qəhrəmanlıqlarını vəsf edən çoxlu oğuznamələr mövcud idi. Əbülqazi Bahadır xan da öz dövründə çoxlu Oğuznamələrin mövcud olduğunu, lakin əsərini yazarkən oğuzlar haqqında daha güvənilir və gerçəkçi məlumatların əks olunduğu nüsxələrdən istifadə etdiyini yazır.

Oğuzlar haqqında çoxsaylı qəhrəmanlıq hekayətlərinin mövcud olduğuna istinad edən Türkistandakı Türkmən xan və bəyləri oğuz-türkmən soylu Səlçuqların öz şəcərələrini Turan padşahı Əfrasiyaba bağlamaları, imperiya dövləti yaratdıqdan sonra öz türkmən kökündən qoparaq iranlılaşmaya məruz qalmaları və türkmənlərin qayğı və himayəsinə göstərdikləri laqeydliyə qarşı haqlı olaraq narazılıqlarını ifadə etmişlər.

Əbülqazi Bahadır xan bu narazılığı dilə gətirərək yazır: Səlçuqlular Türkmən olub qardaşıq dedilər, elə və xalqa faydaları dəymədi. Padşah oluncayadək Türkmən elinin Kınık uruğundanıq dedilər. Padşah olduqdan sonra: “Əfrasiyabın nəslindənik dedilər. Atalarının otuzbeşinci göbəkdən Əfrasiyaba bağladılar”.

Oğuznamələrin bir çoxu bilavasitə Oğuz xaqan adına bağlı olmayıb bütövlükdə Oğuzların qəhrəmanlıq hekayətlərini təsvir etməkdədi. Oğuz xaqan bu qəhrəmanlıq hekayətlərində oğuzların ümumiləşdirilmiş obrazı kimi təqdim olunur.

Mahmud Kaşqarlıdan və Yusif Balasaqunludan fərqli olaraq Əbülqazi Bahadır xan “Şecerei Türk” əsərində Oğuz xanın şəcərəsini ətraflı təsvir etməklə yanaşı Əfrasiyab haqqında da bəhs edir. O Balasaqun şəhər dövlətinin hökmdarı İlk xanın sonradan özünə İlk Türkmən ləqəbi götürdüyünü, bütün Türkistanı özünə tabe etdikdən sonra Qur xan titulunu qəbul etdiyini yazır. Əfrasiyab soyundan olan İlk xanın öz hakimiyyət ünvanına Türkmən adını əlavə etməsi olduqca ilgincdir.

Əfrasiyab və Oğuz şəxs adlarının etimologiyasına gəldikdə, hər ikisi də türklərin ulu əcdadları olan ön türk sumerlərə bağlı olub və bu adların sumer dilində izahı mövcuddur.

I FƏSİL. Turan və Türklər

Turan və turanlıların tarixi bəşər tarixinin öz həllini gözləyən ən önəmli problemlərindən biridir. Turan tarixi bəşəriyyətin sami və ari irqləri tarix səhnəsinə qədəm qoymadan öncəki tarixinin ən qədim və zaman baxımından ən geniş dövrünü təşkil edir. İlkin mədəni insanın təşəkkül tapdığı və bəşər mədəniyyəti rüşeyminin ilkin formalaşdığı, türk köçəri elat tayfaları tərəfindən ilkin dövlət təşkilatının meydana çıxdığı eykumen olaraq Turanın əhatə etdiyi ərazi Mərkəzi Avrasiya çöllərini təşkil edirdi. Qədim Avrasiya məkanında və ondan kənar digər qonşu ərazilərdə ilkin dövlət təşkilatının yaranması istisnasız olaraq öntürk heyvandar tayfaların Mərkəzi Avrasiya çöllərindən hərəkəti ilə əlaqədardır. Hərbi cəhətdən güclü, daha mütəhərrik və çevik süvari birləşməyə malik köçəri tayfalar işğal etdikləri oturaq əhaliyə müəyyən bir siyasi, xərac-vergi sistemi tətbiq edir və idari-inzibati quruluşa tabe edirdilər.

Turan dövlətinin təşəkkül tapdığı Mərkəzi Avrasiyanın Böyük Bozkırı “Avrasiyanın ürəyi və qədim türklərin vətəni idi”.

Böyük tarixçi L.Qumilyovun qeyd etdiyi kimi, böyük əraziyə, orijinal təbiətə, çeşidlı əhali qrupuna və təkrarsız mədəniyyətə malik, Qərbi Avropa və Çin arasında mövcud olan bu böyük Avrasiya uzun illər ərzində diqqətdən kənarda qalmış və mövcudiyyəti inkar olunmuşdur. F.Hegelin dövründən başlayaraq Avropada şərqə qarşı bir təkəbbürlü münasibət formalaşmış və belə bir təsəvvür hakim olmuşdur ki, bəşər mədəniyyətinin inkişafı qədim İudeyanı, Elladanı, Romanı əhatə edərək öz yüksəlişini Qərbin german-roma Avropasında tamamlamışdır.

Avrasiyanın ürəyi olan Böyük Bozkır Çin səddindən başlayaraq Karpat dağlarınaqədərki ərazini qucaqlamış, şimaldan Sibir tayqası, cənubda İran yaylasının səhraları və Persiyanın vadiləri ilə əhatə olunmuşdu. Bu Bozkırı qədimlərdə yunanlılar Skifiya, farslar Turan, çinlilər isə Bey-xu, yəni “şimal barbarlarının” çölü adlandırırdılar. (Гумилев Л.Н. 1990, Səh. 3)

Klaprot da Turanlı öntürklərin məskunlaşdıqları ərazinin Avrasiya materikinin böyük bir bölümünü əhatə etdiyini vurğulayarq yazır ki, Hind-avropalılardan sonra türklər qədim dünyanın ən geniş yayılmış xalqıdır. Onların yayıldıqları ərazi güney-batıda Adriatik dənizindən başlayıb, quzey-doğuda Lenanın Buzlu okeana töküldüyü ərazini əhatə etməkdədir. Buzların əriməsi ilə başlanan Böyük Tufandan sonra türklər indi başları əbədi qarla örtülü Böyük Altay dağlarından enərək güney-doğu və güneybatı istiqamətindəki ərazilərə yayıldılar. Onlar çox erkən dövrlərdə Çin sərhəddi ərazilərində məskunlaşmışdılar. Çinlilər onları Hyunq-nular adlandırırdılar. (Klaprot, 1823, Səh. 225)

L.Qumilyovun “passionar təkan” nəzəriyyəsinə görə etnogenezin dinamikası, onun inkişafı və tənəzzülü prosesi reqressiv və proqressiv olmaqla, təkrarlanan müxtəlif mərhələlərdən keçir. Etnoslar bioloji varlıqlar olaraq daxillərində uzun zaman ərzində toplanmış passionar enerjinin təsiri və təkanı ilə müəyyən hərəkət və fəaliyyətlərə məruz qalırlar. Etnosların fəaliyyətini şərtləndirən bu passionar enerji onların yerdəyişmələrinə, miqrasiya hərəkətlərinə, inkişaf və tənəzzüllərinə səbəb olur.

Bu passionarlıq nəzəriyyəsini Turan ərazisinə və orda məskunlaşmış qədim turanlı öntürk etnosunun inkişaf dinamikasına tətbiq etsək belə, bir tarixi gerçəklik meydana çıxır ki, yer kürəsində buzluqların əriməsi ilə baş verən əlverişli iqlim şəraitinin yaranması bu ərazidə öncədən təşəkkül tapmış insan nəslinin yüksək təbii artımına səbəb olmuş və özəl ilkin bir mədəni-coğrafi məkan formalaşmışdır. İnsanları hərəkətə sövq edərək onların müxtəlif istiqamətlərdə miqrasiyasına səbəb olan ilk “passionar təkan” məhz ilkin mədəni-coğrafi məkan kimi meydana çıxan Mərkəzi Avrasiya bozkırında baş vermişdir. Xalqların kütləvi yerdəyişməsinə və miqrasiyasına səbəb olmuş “passionar təkan” bəşər tarixi, onun sonrakı dinamik inkişafı üçün böyük önəm təşkil etmişdir. Bir çox bilim adamlarının ilkin Turan adlandırdıqları Mərkəzi Avrasiyanın turanlı öntürk etnosu müxtəlif səbəblərin şərtləndirdiyi bu passionar təkan nəticəsində müxtəlif istiqamətlərdə miqrasiyaya məruz qalmış və malik olduqları ilkin bəşər mədəniyyəti rüşeymini yer kürəsinin müxtəlif ərazilərinə yaymaqla ilk mədəniləşdirici funksiyanı yerinə yetirmişlər. Turanlı öntürklərin ilkin mədəniyyət daşıyıcıları kimi bu tarixi missiyanı yerinə yetirdikləri tarixdən öncəki dövrdə sami və ari irqləri hələ tarix səhnəsinə qədəm qoymamışdılar.

Elmdə Turan və Türk adlarının kökünü təşkil edən “Tur” etnonimi mənsublarının kimlərdən ibarət olduğu haqqında qızğın mübahisələr getməkdədir. İranistlərin əksəriyyəti turları arilər hesab edirlər. V.Bartoldun yazdığına görə öncələr “tura” adı türklərə aid edilmədiyi halda, VI əsrdə Türkistan türklərin hökmranlığı altına düşdükdən sonra “tura” adı türklərə şamil edilmiş və türklərin ölkəsi Turan adlanmağa başlanmışdır. Türkologiyada böyük avtoritet hesab olunan Bartoldun bu fikri Turan və Türk məsələsində həlledici rol oynamışdır. Sovet bolşevik hakimiyyəti dönəmində türk düşmənçiliyi tarix elmi sahəsində də rəsmi siyasət mahiyyəti daşıyırdı. Türkologiyanın və Türk xalqları tarixinin bir çox həlledici məsələlərinə elmi deyil, idoloji yanaşma üstünlük təşkil edirdi. Sovetlər ölkəsində yaşayan Türk xalqlarının etnik mənşəi, qədim tarixi təhrif edilərək onların böyük əksəriyyətinin ilkin orta əsrlərdə türkləşməyə məruz qalan irandilli xalqlar olduqları haqqında uydurma nəzəriyyələr dövlətin rəsmi elmi konsepsiyasını təşkil edirdi. Bu rəsmi konsepsiyanı qəbul etməyən tarixçi elm adamları pantürkist adı ilə damğalanaraq repressiyaya məruz qalırdılar. Elmi vicdanı siyasi ideologiyaya qurban vermək istəməyən tarixçi alimlər Türk tarixinin bir sıra başlıca məsələlərinə, o cümlədən Turan-İran məsələsinə son dərəcə ehtiyatla yanaşmağa məcbur olurdular. Tarix elmində türklərə münasibətdə hökm sürən bu qaragüruh siyasət Sovet İttifaqı dağıldıqdan sonra da davam etmişdir. Müasir dövrdə də, Rusiyanın şovinist ideoloq və tarixçiləri Rusiyanın Çarizm dövründəki işğalçılıq siyasətinə haqq qazandırmaq üçün ən qədim zamanlardan etibarən türklərin bir etnos kimi təşəkkül tapdığı Cənubi Sibiri və Türkistanı irandilli arilərin ilkin vətəni elan etmiş, guya türklərin şərqdən gələrək bu irandilli xalqları assimliyasiya edərək türkləşdirdikləri haqqında uydurma konsepsiyalar irəli sürmüşlər.

Bartoldun fikrinə istinad edən sovet və iran tarixçiləri öz tədqiqatlarında guya türklərə heç bir aidiyyatı olmayan Turan etnoniminin türklərə çox gec zamanlarda Göytürklərdən sonra Səlçuqlular zamanında aid edildiyini iddia etmişlər. Lakin onlar bunu izah etməyə çətinlik çəkirlər, necə oldu ki, irandilli turanlılar öz adlarından imtina edərək türk adını qəbul etdilər, halbuki bu regionda yaşayan soqdlar, taciklər və bir çox əfqan tayfaları keçmişdə olduğu kimi indi də heç vaxt özlərini Tur və turanlı adlandırmamışlar. Müasir tarixçilərdən fərqli olaraq Firdovsi “Şahnamə” poemasında heç bir şübhəyə yer qoymadan turları Türk, Turanı isə türklərin ölkəsi kimi təqdim edir. Orta fars dilində yazılmış “Bundaxşin” kitabında da çox zaman Turan yerinə Türkistan ifadəsi istifadə olunur.

Turan və İran adları təkcə iki ayrı milləti nəzərdə tutan bir ad deyil, həm də müəyyən tarixi sərhədlərə malik iki ayrı-ayrı coğrafiyalardır. Bu gün İran yaylası coğrafi bir termin kimi işlədilirsə, ondan daha qədim olan Turan öz siyasi mahiyyətini qeyb etmiş, lakin Mərkəzi Asiyada Turan çökəkliyi və ya yaylası adlanan bir coğrafi termin kimi öz varlığını qoruyub saxlamışdır.

Yüz ildən artıqdir ki iranistlər və ya hind-avropaçılar adı ilə tanınan elmi cərəyan tərəfdarları ilə türkçülər arasında Avrasiyanın qədim Turan mədəniyyətinin kimə mənsub olması haqqında şiddətli mübahisə davam etməkdədir. Hər iki tərəf öz üstünlüklərini isbat edən versiyalar irəli sürürlər. Lakin elm aləmində türkçülərin nüfuzu yüksək olmadığından 200 illik tarixə malik olan və elmi öz inhisarları altına almış avropamərkəzçi iranist cərəyanla mübarizədə başarılı ola bilmirlər.

Avropada və Rusiyada Turan və turların iranlı mənşəyə malik olduqları haqqında tarixi gerçəklikləri inkar edən çoxsaylı əsərlər yazılmışdır. Türk xalqlarına mənsub bir çox bilim adamlarının Turan və turların türk etnik kökünə bağlılıqlarını elmi dəlillərə söykənərək sübut etdikləri araşdırmalar bir çox hallarda hətta türklərin özləri tərəfindən şüphə ilə qarşılanır.

Türkçülərin yanlışlığı ondadır ki, onlar öz dillərinin kökünü Asiyada axtarmış, Türk dillərini Avropada və Ön Asiyada hind-avropalılara qədər mövcud olmuş ölü dillər adlandırılan qədim dillər arasında axtarmağa prinsip etibarı ilə ciddi yanaşmamışlar.

Genetika uzmanı A.Klyosov bəzi rus alimlərinin Türk dillərinin tarixini 2500 il yaşla məhdudlaşdırmasını yanlış və qərəzli bir yanaşma kimi dəyərləndirmişdir. Onun qənaətinə görə bu gün Avropada yaşayan bir çox millətlər öz prototürk dillərini Hind-Avropa dillərinə dəyişmişlər. Bu millətlərin sırasına o baskları, Katalanları və keltləri daxil edir. Klyosov bu gün Türk dünyası ilə böyük problemlər yaşayan ermənilərin böyük əksəriyyətinin Türklərin R1b haploqrupuna mənsub olduqlarını yazır. A.Klyosov araşdırmalarının sonunda belə bir nəticəyə gəlmişdir ki, bu gün ingilis dili beynəlxalq səviyyədə nə qədər yayqın və qlobal ünsiyyət vasitəsidirsə, e.ə. IV–III minillikdən eramızın I minilliyinə qədərki dövrdə bu vəzifəni Türk dilləri yerinə yetirirdilər.

Tur və Turan adını rəsmən elmdə qəbul edildiyi şəkildə yalnız iran dilləri əsasında izah etmək yanlışdır. Tur və Turan adının köklərini iran dillərində deyil, Ön Asiyanın qədim xalqlarının Avropanın bir çox bilim adamları tərəfindən Turani adlandırdıqları dillərində axtarmaq daha doğru olardı.

Sonrakı izahlarımızdan da görəcəyiniz kimi Tur və Turan anlayışlarının kökü öntürklərin yaratmış olduğu Sumer uyqarlığına və Ön Asiyanın digər turanlı xalqlarına bağlıdır və bu anlayışlar irandilli və digər xalqların dillərinə və əfsanələrinə, onların yüzillərlə yaxın qonşuluqda yaşayaraq qaynayıb qarışdıqları məhz sumerlərdən və digər turanlı xalqlardan keçmişdir.

Turanlı öntürklərin ilkin vətəninin Mərkəzi Avrasiya çölləri, yəni Altay dağları, Aral dənizi və Ural dağları arası ərazilər olması tarixi, arxeoloji, linqvistik, antropoloji və son genetik araşdırmalarla da öz təsdiqini tapmışdır.

Arxitektura tarixçisi və arxeoloq C.Ferqusson ən qədim dövrdə, hələ arilər və samilər tarix səhnəsinə qədəm qoymadan öncə turanlıların məskunlaşma arealını onlara xas dolmen, tumul və kurqan abidələrinin yayılma coğrafiyasi üzrə müəyyən edir. Dolmen mədəniyyətinin turanlılara məxsus olduğunu qeyd edən Ferqisson turanlıların ilkin ana yurdlarının Mərkəzi Asiya və onun şimalında olduğunu ehtimal edir. (Fergusson J. 1872, Səh. 448)

Turanlıların öz ilkin vətənləri Mərkəzi Avrasiya çöllərindən müxtəlif istiqamətlərdə hərəkəti bəşəriyyətin sonrakı dinamik inkişafına təkan verən hərəkət verici amil olmuşdur. Alman antropoloqu Aykştedt Turanı, yəni cənubu Sibiri bəşəriyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir. Turan irqi Sibirin qərbindən durmadan çöllər boyunca hərəkət edirdilər. Öz özlüyündə barışcıl və mədəniyyətsever olan Turanlılar və türklər bozkrın heyvandar köçəri turanlıların təzyiqi ilə qərbə doğru köçlərə məruz qalarkən nordik irqinə mənsub avropalıları da yerlərindən edərək batıya doğru köçlərinə səbəb olurdular. (Egon Eikstedt, 1934, Səh. 267)

Turanlıların artaraq çoxalması və genişlənməsi Asiya üçün böyük önəm daşımışdır. Turanlılar möhkəm və sərt bir irqdir. Turanlılar quraqlığa, aclığa dözümlü, son dərəcə səbrli və işgüzar, yaradıcı, kütləni mədəni xalq formasında təşkil edə bilən bir xalq, eyni zamanda da dağıdıcı gücə malik, kobud, rəhmsiz bir köçəri toplumdur. (Wirth A. 1905, Səh. 7)

Asiyanın böyük hissəsi bəşəriyyətin ikinci böyük qismini təşkil edən Turan irqinə məxsus idi. Buzluq erası sona çatdıqdan sonra ilk olaraq Turan irqi Ural dağları üzərindən batıya və güney-batıya doğru hərəkət edərək Avropaya gəlmişlər. Ural və Altay arasında yaşamış olan bu xalqlar özləri ilə əhliləşdirmiş olduqları ev heyvanlarını da gətirmişdilər. (Francesco Molon. 1880, Səh. 19)

Fransız tarixçisi Qrose Turanlıların öz ilkin vətənlərindən köçlərinin tarix ərzində dəfələrlə təkrar olunduğunu yazmışdır. Orta Asiya çöllərinin köçəriləri dünya tarixində mühüm rol oynamışlar. Onlar tarix ərzində 20 dəfə Turan yaylasından hərəkət edərək Hind və Qanq vadilərini, Dəclə və Fərat vadilərini işğal edərək ucqarların durğunlaşmış mədəniyyət mərkəzlərinə yeni insan axını əlavə etməklə canlılıq gətirmişlər. Xaqların bu köçləri böyük tənzimləyici gücə malik idi. Bu insan axını çayların dağlardan vadilərə axması kimi coğrafi qanunun bənzəri idi. Qədim mədəniyyətə malik müxtəlif xalqları vahid hakimiyyət altında birləşdirən türk və tatarlar mədəniyyətlərin çulğalaşmasına səbəb olurdular. (Grosset R., 1921, Səh. 5)

Alman antropoloqu E.Aykştedə görə Aral-Xəzər və Qaradəniz hövzəsinin yaşayış ücün əlverişli əraziyə çevrilməsi və turanlıların bu əlverişli şəraitdə inkişafı onların yaşayış və fəaliyyət alanlarının durmadan qərbə doğru genişlənməsinə və yeni ölkələrin meydana çıxmasına səbəb olurdu. Aral dənizi və Ural dağları arasındakı ərazi qərbə doğru uzanan təbii körpü və yol rolunu oynayırdı. Turanlıların Avropaya doğru yayılması burda Şimal dənisi ətrafında məskunlaşmış avropalı nordik irqin öz yerlərini tərk edərək Rusiyanın cənubuna doğru irəliləmələrinə səbəb oldu. Ural yolu turanlıların qərbə doğru yolu olduğu kimi avropalıların da geriyə, Sibirə doğru yolunu da oynayırdı. Beləliklə, Turani irqin təsiri nəticəsində Avropada biodinamik hərəkətlilik başlamış oldu. Turan çölləri dinamik inkişafın mərkəzi idi. Bu bozkrın yaşayış alanı kimi təkcə bioloji özəlliklərinin deyil, orda əhali artımının sosial psixoloji özəlliklərindən də irəli gəlirdi. Bozkrın geniş çöllərində bir-birinə bağlı olan insan qrupları geniş ataerkil ailənin meydana çıxmasına səbəb olmuş və bu insan birliyi modeli tarixin ilkin dövrlərində əsası qoyulmuş dövlət təşkilatı üçün də model təşkil etmişdir. Öz ailəsinin çobanı olan Ata bu dövlətlərin kralları olaraq özlərini “xalqın çobanları” adlandırırdılar. Misir fironu Horuz, o cümlədən sumer-akkad kralı Xammurapi, Navuxodonossor özlərini “xalqın çobanları” adlandırırdılar. Beləliklə, Turan irqinə xas patriarxal köçəri ailə təşkilatındakı başçı-ata çobanın təsiri ilə oturaq əkinçi həyatın anaerkil qruluşunun dağılmasına səbəb oldu. (Egon Eikstedt, 1934, Səh. 281)

Macar tarixçisi Laslo Rasonye görə Batı millətlərinin meydana çıxmasından daha önce Türklük dünyanın ən böyük sahəsini təşkil edən Avrasiyanın hər bir bucağında və bütün tarixı zamanlarda böyük rol oynamışlar. Etnoloqların Viyana məktəbinə mənsub olan tarixçi Menqeyə görə isə Ural-Altay boyları dünya tarixi baxımından qəti şəkildə iki önəmli rola malik olmuşlar: 1) İqtisadi sahədə heyvandarlığın inkişafında; 2) İctimai sahədə isə fövqəladə şəkildə dövlət qurma qabiliyyətinə malik olmaqda. (Laslo Rasonyi. Tarihde Türklük. Türklər, C. I, 2002, Səh. 494–540)

Qədimlərdən etibarən çalışqan, lakin dövlət qurmaq qabiliyyətinə malik olmayan əkinçi qəbilələrin məskun olduqları çayların kənarlarındakı yüksək mədəniyyətlər ancaq savaşçı köçəri qəbilələrin hücumları səbəbi ilə meydana çıxmışdır. Dünyanın harasında yüksək mədəniyyətli dövlət qurulubsa bu mütləq heyvan bəsləyən köçəri Ural-Altay qəbilələrinin təsiri ilə baş vermişdir. Çünki dövlət qurma qabiliyyəti Ural-Altay qəbilələrinə xas ikinci mühüm bir keyfiyyətdir və bu onların həyat və təsərrüfat sistemi ilə birbaşa əlaqədardır. Böyük heyvan sürülərinin idarə edilməsi və onların bəslənməsi, davamlı olaraq geniş çöllərdə dolaşmaq, qəbilə-oymaq təşkilatı daxilində müəyyən bir intizama tabe olmaq, otlaqlar üzərində mülkiyyət hüququ ilə əlaqədar olaraq baş verən qarşıdurmalar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bunların təbii nəticəsi olaraq insanların dünyagörüşü inkişaf edir, onlarda daimi döyüş ruhu və cəsarət, oymağa bağlılıq şüuru, hökm etmək qüruru, təşkilatçılıq qabiliyyəti formalaşır, yəni dövlət qurmaq üçün lazım olan bütün keyfiyyətlər gəlişir və təkmilləşir. (Laslo Rasonyi, 2002, Səh. 494–540)

Təsərrüfat və həyat şərtləri ilə əlaqədar təbiətin bir parçasına çevrilən köçəri çoban qəbilələrin insanları əkinçi şəhər əhalisi ilə müqayisədə fiziki cəhətdən daha güclü və sağlam, mənəvi ruhi baxımdan daha dözümlü, təşkilati baxımdan daha mütəşəkkil və çevikdirlər. Bu üstün keyfiyyətlərinə görə də əkinçi tayfalar asan qələbə qazanırlar. İngilis tarixçisi Toyinbiyə görə “köçərilərin həyatı heç şübhəsiz insan məharətinin bir zəfəridir”.

İ.Dyakonovun yazdığına görə e.q. VIII əsrdə iskitlərin və kimmerlərin yürüşləri nəticəsində Qara dənizin şimalındakı atlı köçəri mədəniyyət mənsubları hakim ünsürə çevrilərək ordakı şəhərləri hakimiyyətləri altına alıb öz dövlətlərini yaratmışdılar. Analoji proses daha öncələri Mərkəzi Asiyada da baş vermişdir.

Fransiz assuroloqu F.Lenorman dəmirçiliyin və ümumiyyətlə, metalçılığın turanlılara məxsus olduğunu yazır. Mərkəzi Asiyanın digər köçəri xalqları hələ daş dövründə yaşadıqları zaman turanlılar məskunlaşdıqları dağlardan əldə etdikləri dəmirdən və bürüncdən müxtəlif silahlar və alətlər emal etməkdə məhşur idilər. Assurologiya araşdırılmaları nəticəsində qədim insanların iskit adlandırdıqları və altay irqi ilə sıx əlaqədar olan, arilər və samilər gəlmədən öncə Asiyanın əksər arazilərində hakim olan və bu ərazidə ilk mədəniyyətləri yaradan bizim turanlı adı verdiyimiz xalq olmuşdur. (Lenormant F., 1895, Səh. 175)

E.Eykstadt turanlıların ilkin vətəni və onların yer üzərində məskunlaşması hadisəsini təfərrüatlı şəkildə təsvir edir: “Tarım hövzəsi və Asiyanın yüksək ovalıqları qədimlərdə olduğu kimi bu gün də turanlıların yurdudur. Turan indiki Türkmənistan və Qazaxıstanın yerləşdiyi ərazidir”. (Egon Eikstedt, Səh. 282)

Turan ərazisi təkcə Türkistanı əhatə etmirdi, hind arilərdən öncə Hindistan ərazisi də qədim dövrdən etibarən turanlıların məskunlaşdıqları əraziyə daxil idi. Biruni Hind yarımadasının cənubundakı körfəzin Turan dənizi adlandığını yazır. (А. Бируни, 1963, Səh. 196)

Bəşəriyyəti antropoloji cəhətdən müxtəlif irqlərə bölən bilim adamları bu haqda çoxsaylı nəzəriyyələr irəli sürmüşlər. Bu irqi nəzəriyyələrdə türklərin bu və ya digər irqə mənsubluğu da geniş müzakirələrə səbəb olmuşdur. Bu baxımdan Türklərin Turan və Alp irqinə mənsubluğu haqqındakı nəzəriyyələr ən geniş şöhrət tapmış nəzəriyyələrdir. Onlar bəşər mədəniyyətinin ilk rüşeymlərinin yarandığı Turan ərazisini tərk edib dünyaya yayılan öntürkləri əsasən Alp və Turan irqinə mənsub hesab edirdilər.

Tur və Alp bir çox müəlliflərin qədim tarixi mənbələrə əasalanaraq qeyd etdikləri kimi qədim turanlıların və öntürklərin iki önəmli eponimləri olmuşlar. Tur öntürk turların, Alp isə öntürk alpların ulu əcdadları kimi göstərdikləri qəhrəmanlıqlar bir çox xalqların əfsanə və rəvayətlərində öz əksini tapmışdır. Antropoloq və etnoloqların bir çoxu kökünü öntürk turların təşkil etdiyi Turan irqini dünyanı ilk məskunlaşdıran və ilkin bəşər mədəniyyətinin əsasını qoyan irq kimi dəyərləndirir və dünyanın bir çox xalqlarını öz tərkibində birləşdirən müstəqil irq hesab edirlər.

Fransız tarixçisi Maspero türklərin dünyaya yayılma hadisəsini Erqenekon əfsanəsi ilə əlaqələndirir. Pamir dağlarından şimalda Altay dağlarının arasında sıxışıb qalmış türklər iddia edildiyi kimi Göy Türklərin meydana çıxdığı eramızın I minilliyinin başlarında deyil, e.q. I minilliyin başlanğıcında İlk Dəmir dövründə dəmir dağı əridərək xilas olmuş, onların bir qolu qərbə doğru hərəkət edərək Avropaya yayılmışlar. Metalın və təmiz filizlərin yer səthi ilə eyni səviyyədə olduğu Altay dağlarında tezliklə mədənçilik və zərgərlik sənətini mənimsəyən turanlılar bu sənətlərin Xaldeydə (Sumerdə) əsasını qoydular. Turanlı türklərin digər bir qolu isə güneyə doğru hərəkət edərək Baktriya çöllərində qərar tutmuş, sonra Hindiquş dağ silsiləsini aşaraq öncə İran yaylasının doğu ucqarında yerləşdilər, onların böyük kütləsi isə qərbə doğru hərəkət edib sonradan Midiya adlanan İran yaylasının batı hissəsində məskunlaşdılar. Bir neçə turanlı türk tayfası isə daha qərbə gedərək Kiçik Asiya yolunu tutmuş, Atropatenada və Armeniyada məskunlaşmışdılar. Turanlıların bir qolu daha cənuba doğru gedərək Susiananın düzənliklərində, Fərat və Dəclənin sahillərində məskunlaşmışdılar. (Caston Maspero, 1876, Səh. 135)

Çaylarda suyun azalması əkinçiliyin, çöllərdə rütubətin azalması və otlaqların quruması isə heyvandarlığın inkişafına böyük zərbə vururdu. Bir neçə yüz ildən bir təkrar olunaraq tsiklik xarakter daşıyan bu iqlim dəyişikliyi hadisəsi Mərkəzi Asiyanın turanlı öntürk super etnosunun zaman-zaman öz yurdlarını tərk edərək daha əlverişli həyat məkanı axtarışına sövq edən köçlərinə səbəb olmuşdur. (Л. Гумилев, Баку, 1990, Səh. 23,85)

Lakin turanlı öntürk xalqlarının bu köçləri köçərilik həyat tərzinin davamı deyil, iqlim dəyişikliyi və digər səbəblər üzündən məskunlaşdıqları ərazini kütləvi şəkildə tərk etmə məcburuyyəti üzündən baş verən köçmənlik xarakteri daşıyırdı.

Avropanın XVIII–XIX əsr tarixçiləri, linqvistləri, arxeoloq və antropoloqlar tarixdən öncəki dövrdə qədim insan məskəni olan, coğrafi baxımdan Cənubi Sibiri və Uralı əhatə edən ərazini və Orta Asiyanı Turan adlandırırlar.

Beləliklə, istər müasir dövrün genetik və arxeoloji araşdırmaları, istərsə də XVIII–XIX əsr və daha sonrakı dövrün assuroloqlarının və tarixçilərinin qədim mixi yazı mətnlərinə əsaslanaraq gəldikləri elmi araşdırmaların nəticəsinə görə onların özlərinin də ifadə etdikləri kimi Cənibi Sibirdə ilkin və Orta Asiyada isə yeni olmaqla bəşər mədəniyyətin təşəkkül tapdığı Turan adlı iki areal mövcud olmuşdur.

Türkmənistanda 1904-cü ildə italyan mənşəli Amerika arxeoloqu R.Pumpelli tərəfindən aşkar edilən e.q. X–IX minilliklərə aid Anau şəhər mədəniyyəti bilim adamları tərəfindən dünyanın ən qədim mədəniyyəti hesab olunmuş və bünövrəsinin turanlı öntürklər tərəfindən qoyulduğu tarixi dəlillərlə sübut olunmuşdur. Pumpelli e.q. VI minillikdə Anau sakinlərinin bir qisminin özləri ilə əhliləşdirdikləri heyvan növləri, taxıl, darı və s. nümunələr götürərək doğu istiqamətinə hərəkət etdiklərini və İkiçayarasında Sumer və Afrikada Misir mədəniyyətinin təməlini qoyduqlarını elmi dəlillərlə əsaslandırmışdır.

Türkmənistanın paytaxtı Aşqabad yaxınlığındakı Anauda aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan və 9000 il öncəyə aid olan qədim mədəniyyət Sibirin güneyində təşəkkül tapan öntürk etnosunun güneyə doğru hərəkət edərək burda ilkin qədim mədəniyyətin əsasını qoyduqları haqqındakı bir sıra tezisləri təsdiq etməkdədir.

Klyosovun və digər genetika uzmanların genetik araşdırmaları və müasir arxeoloji tədqiqatlar nəticəsində əldə edilən elmi dəlillər yüz il öncə Avropa linqvistlərinin, tarixçilərinin və etnoloqlarının Turanlı Ön Türklərin ilkin vətənləri və onların mərhələlərlə yer üzünə yayılaraq müxtəlif ərazilərdə bəşəriyyətin ilkin mədəniyyət mərkəzlərinin meydana gətirdikləri haqqındakı fikirlərini təsdiq etməkdədir.

A.Klyosovun genetik araşdırmalarına görə buz dövrünün sona çatması ilə Ural-Altay bölgəsindən ayrılaraq güneydoğu istiqamətində hərəkət edən öntürklər Orta Asiyada e.q. 9000-8000-ci illərə aid Türkmənistandakı Anau mədəniyyətini və e.q. 5500-3000-ci illəri əhatə edən Özbəkistandakı Kelteminar mədəniyyətini meydana gətirmişlər.

Yuxarıdakı şərhlərdən də göründüyü kimi Ön türklər bir etnos kimi təşəkkül tapdıqları və tarixçilərin 1-ci Turan adlandırdıqları Cənubi Sibirdən tarixin sonrakı dönəmlərində güneyə doğru Aral dənizi, Amudərya və Sırdərya çaylarının iqlimi daha əlverişli və yaşayış üçün daha münasib vadilərinə yayılaraq burda ilkin bəşər mədəniyyətinin rüşüymlərini yaratmış, ilkin şəhər mədəniyyətinin, əkinçiliyin əsasını qoymuş və heyvanların əhliləşdirilməsinə nail olmuşlar.

Mərkəzi Asiyanın bu əzəmətli Turan ölkəsinin sakinləri sonradan malik olduqları mədəniyyət ünsürlərini, əkinçilik vərdişlərini, heyvan bəsləmə və metalçılıq səriştəsini özləri ilə köçlərə məruz qalaraq məskunlaşdıqları yeni ərazilərə daşıyaraq orda yeni mədəniyyətlərin təşəkkül tapmasına səbəb olmuşlar.

Bəşəriyyətin indiyə qədər aşkar edilmiş ən qədim şəhər mədəniyyəti tarixi Turan ərazisi olan Türkmənistanda 1904-08-ci illərdə Amerikanın Nyu Hempşir Universitetindən İtalyan mənşəli arxeoloq R.Pumpelli tərəfindən araşdırılaraq öyrənilmiş Aşqabadın 8 km. Anau ərazisindəki şəhər mədəniyyətidir. Anau adını fars dilində Abe-nav (Yeni su) və ya “yeni yer” kimi izah edib onun kökünü iranlılara bağlamağa çalışsalar da, bu yaşayış məskəninin adı qədim zamanlardan türkcə Ana öy (ana ev) şəklində mövcud olmuşdur. Anau Türkmənistanın güneyində mövcud olmuş ən böyük qədim iqtisadiyyat, mədəniyyət və ticarət mərkəzi olaraq şəhərin və onun ətrafında məskunlaşmış əhali tərəfindən “Ana ev” adlandırılmışdır.

Pumpellinin irəli sürdüyü “Oasis teori”, yəni “Vadi nəzəriyyəsi”nə görə tarix öncəsi ilk uyqarlıqlar məhz münbit torpaqların, rütubətin və bol suyun mövcud olduğu böyük çayların vadilərində yaranmışdır.

Avropanın və Asiyanın quzey ərazilərini əhatə edən buz qatlarının əriməsi nəticəsində əmələ gələn sel suları böyük çaylar şəklində guneyə doğru axaraq Batıda Mesopotamiya adlanan Zaqros dağları ilə Aralıq dənizi arası ərziləri, doğuda isə Turan ovalığı adlanan əraziləri öz suları ilə doyuraraq yüz illər ərzində davam edən proses nəticəsində bol rütubətə malik əkinçilik üçün əlverişli bərəkətli-münbit torpaqlara çevrilməsinə şərait yaratmışdılar. Nəticədə tarix öncəsi adlanan çağda bir-birindən uzaq məsafədə yerləşən bu iki ərazi bəşər uyqarlığının iki önəmli mərkəzlərinə çevrilmişlər. Lakin mövcud əlverişli şərait ilkin uyqarlığın ilk öncə Amudərya və Sırdərya çaylarının vadilərində yerləşən Turan vadisində yaranmasına səbəb olmuşdur.

Anau və onun ətrafında yerləşən qədim arxeoloji mədəniyyətlər də, məhz Amudərya və Sırdərya kimi nəhəng çayların suvardığı geniş vadiləri əhatə edən Turan ovalığında yerləşirdi.

R.Pumpelli Anau arxeoloji mədəniyyətinin tarixi ilə əlaqədar yazırdı: “Anau qazıntılarında aşkar etdiyimiz mədəni qatlar insan tarixinin 10 min il öncəki dövrünü əhatə edirdi. Anau vadisi coğrafi landşaft baxımından 10 min il ərzində sabit qalmışdı və xarabaların yerləşdiyi ətrafdakı torpaqlarda da əkinçilik fəaliyyəti davam edirdi“. (Pumpelly R., 1908, Səh. 320)

Pumpellinin nəzəriyyəsinə görə bəşəriyyətin ilkin mədəniyyətinin beşiyi Turandır. Bəşər mədəniyyətinin ilk rüşeymi məhz Amudərya və Sırdərya vadilərində yerləşən Turan ovalığında yaranmış və bu mədəniyyətin daşıyıcıları olan ilk mədəni insanlar çeşidli səbəblər üzündən öz yerlərini tərk edərək müxtəlif ərazilərdə məskunlaşmış, onların bir qolu da Mesopotamiyaya gedərək orda yerləşmiş və burda möhtəşəm Sumer mədəniyyətinin əsasını qoymuşlar.

Əkinçiliyin, sənətkarlığın və heyvanların əhliləşdirilməsinin əsası Anauda qoyulararaq inkişaf etdirildiyi bir dövrdə yer kürəsinin digər ərazilərində insanlar hələ ibtidai ovçuluq və yığıcılığın hakim olduğu ibtidai icma qruluşu dövrünü yaşamaqda davam edirdilər. Turan ovalığında aşkar edilmiş qədim arxeoloji mədəniyyət təkcə Anau ilə məhdudlaşmır, 2000-ci ilin başlanğıcında Amerika arxeoloqları Pensilvaniyanın arxeologiya və antropologiya muzeyinin professoru Frederik Hibertin rəhbərliyi altında və Rus arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Anauda və Türkistanın çeşidli bölgələrində, o cümlədən Türkmənistanın və Özbəkistanın müxtəlif ərazilərində Anau mədəniyyətinin davamı olan və e.q. 6000-4000-cü minilliklərə aid bir çox qədim yaşayış məskənləri aşkar edilmişdir. Arxeoloqlar Anauda üzərində yazı işarələri olan və təxminən e.q. 2300-ci ilə aid olan olan çox dəyərli bir möhür aşkar etmişlər.

Lakin həmin yazı nə Mesopotamiya, nə Misir və Çin yazılarına bənzəməməkdədir. Burdan belə bir nəticə hasil olur ki, Anauda yüksək inkişafa malik müstəqil bir uyqarlıq mövcud olmuşdur.

Pumpelli Anauda aşkar edilən müxtəlif dövrlərə aid at qalıqlarına əsasən atın məhz Anauda və ya onun ətrafındakı ərazidə əhliləşdirildiyi fikrini irəli sürmüşdür. Anauda tapılan möhürün üzərində Sumer ərazisindəki kimi Öküz başını təsvir edən üçbucağın üzərində iki qısa xətli idioqram əks olunmuşdur. Anau əhalisinin istifadə etdikləri əkinçilik və heyvandarlıq forması Mesopotamiyada olanla eyniyyət təşkil edirdi. Saxsı qabların forması və üzərindəki naxışlar da Sumer mədəniyyətinə xas xüsusiyyətlərə malik idi. Bütün bunlar Anau şəhər dövləti ilə Sumer arasında sıx bağlılığın mövcudluğunu sübut edirdi. Anaunun sakinləri Sumerdə olduğu kimi çayların istiqamətini dəyişdirərək mürəkkəb suvarma kanalları şəbəkəsi yaratmaqla əkinçilik mədəniyyətinin yüksək inkişafına nail olmuşdular.

Divarlarının uzunluğu 92 metrdən 152 metrə qədər olan bir-birindən yüz metr aralı çoxsaylı monumental binalarda yüzlərlə insanın yerləşə biləcəyi çoxsaylı otaqlar mövcud olmuşdur. Anau bütövlükdə böyük bir şəhər kompleksindən ibarət idi.

Pumpellinin gəldiyi nəticəyə görə Anau tayfalarının bir qismi quraqlıq səbəbi ilə batıya doğru köçləri zamanı əkinçiliklə məşğul olanlarla birlikdə əhliləşdirdikləri heyvan növlərini, o cümlədən öküzü e.q. 6000 mininci ildə Ön Asiyaya ordan Misirə və Afrikaya, Qafqaz üzərindən isə Avropaya apararaq orda yayılmışdır. O Çin xronologiyasına əsaslanaraq Anauluların Hindistana və Doğu Asiyaya e.q 3468-ci ildə köçlərə məruz qaldıqlarını yazır. (Pumpelly, 1908, Səh. 440)

Atın məhz Turandakı Anauda əhliləşdirilməsi və dünyanın digər bolgələrinə burdan yayılması Mesopotamiyadakı mixi yazı mətnlərində də işarələr var. Bu mətnlərdə at “şərqdən gələn heyvan” adlandırılır. Turanın bəşər uyqarlığının mərkəzi olduğu və bəşər tarixində oynadığı önəmli rol böyük bilim adamları tərəfindən elmi dəlillərlə sübut olunmuşdur.

Əbülfəz Elçibəy də türklərin ana yurdu Turanın bəşər tarixində oynadığı möhtəşəm rolu dəyərləndirərək yazır: “Çağdaş tarixçilik hərtərəfli araşdırmalardan sonra belə bir sonuca gəlmişdir ki, ən qədim mədəni insan məskəni Ceyhun və Seyhun (Amudərya və Sırdərya çaylarının hövzəsi), Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Buna görə də bir vaxtlar “Tarix Sumerdən başlayır” dediyimiz halda, indi “Tarix Turandan başlayır” deməyi tarix elmi bizdən tələb edir.”(Ebülfez Elçibey, 1998, Səh. 16)

Görkəmli türk bilim adamı Yusif Ziya Özər dövrünün arxeoloji, linqvistik və etnoloji dəlillərinə əsaslanaraq Mərkəzi Asiyanın bəşər mədəniyyətinin ilk beşiyi olduğu haqqında tezis irəli sürmüşdür. Anauda, Honanda və Kansuda aşkar edilən arxeoloji abidələrin tədqiqi göstərir ki, neolit dövrünün daş mədəniyyəti Sibirdə və Orta Asiyada meydana çıxmış və inkişaf nəticəsində metal mədəniyyətinə çevrilərək bütün dünyaya yayılmışdır. (Yusif Ziya Özer, 1932, Səh. 6)

V.Koppers də Anauda bol-bol aşkar olunan at qalıqlarına görə bu mədəniyyətin türklərə məxsus ola biləcəyi qənaətinə gəlmişdir. V.Koppers vətənləri Mərkəzi Asiyada olan öntürklərin atın ilk əhliləşdirilənlər və bununla əlaqədar olaraq atlı çoban mədəniyyətinin yaradılcıları olduqlarını yazır.

O köçəri heyvan bəsləmə mədəniyyətinin əsasının İç Asiyada proto türklər tərəfindən qoyulduğunun gerçək fikrir kimi müdafiə edir. IV minilliyin sonlarına doğru İran yaylasında yaşayıb bilavasitə Elamla yaxın münasibətdə olan və atdan istifadə edən tayfaların türk olduqları yəqindir. Onun fikrinə görə Hind-Avropalılar iddia edildiyinin əksinə olaraq bu kültürün yaradıcıları deyil, ilk alıcılarıdırlar. Atın ilk əhliləşdirilməsi və bununla əlaqədar atlı çoban mədəniyyətinin yaradılması da Türklərə bağlanmaqdadır. Ata və ümumən çoban mədəniyyətinin əsas ünsürlərinə sahib olmağı Hind-Avropalılar qədim türklərə borcludurlar. (Koppers W., Türklər C. I, 2002, Səh. 468)

Z.V.Toqan Anau mədəniyyəti haqqında yazır ki: “Bura o dövrdəki Ön Asiyanın Sumer və Sus, güney Asiyada Hindistanın Sind çayı hövzəsindəki Mahonco-Daro və Xarappa, Uzaq Şərqdə Çinin Yuanq-şao və Mancuriyada mövcud olmuş mədəniyyətlər üçün ilk başlanğıc, mərkəz və ocaq rolunu oynamışdır”. (Z.V.Togan, 1981, Səh. 7)

Anaunun ətrafındakı ərazilərdə ən qədim zamanlardan etibarən əkinçiliklə məşğul olunmuşdur. Qazıntılar zamanı şəhərdəki mədəni təbəqələrdən müxtəlif əkinçilik məhsulları və alətləri aşkar edilmiçdir. Anauda aşkar edilmiş eradan qabaq 5000-ci ilə aid ən qədim buğda və digər taxıl məhsulları bu şəhərdəki “Ağ buğda” muzeyində saxlanmaqdadır. Bu tapıntılar Anau və ətraf ərazilərdə heyvandarlıq, əkinçilik və sənətkarlıqdan ibarət bir-birini tamamlayan vahid təsərrüfat sisteminin mövcudluğunu sübut edir.

Türkistanın müxtəlif ərazilərində tarixi ardıcıllıq baxımdan bir-birini əvəz edən digər qədim arxeoloji mədəniyyətlər də aşkar edilmişdir. Anauda üzərində mixi yazını xatırladan işarələr olan möhür üzük və üzərində öküz, digər heyvanlar və tanrı təsvirləri olan üzüklər aşkar edilmişdir.

Anau daxil omaqla qədim Turan ərazisində mövcud olan Kelteminar, Namazqa, Botay, Ceyhun və s. arxeoloji mədəniyyətlərini Avropa alimləri ümumi adla Okus uyqarlığı adlandırırlar.

Pumpelli Turan dövlətinin paytaxtı hesab olunan Səmərqənd şəhəri yaxınlığındakı qədim Əfrasiyab şəhəri qalıqlarında da qazıntı işləri aparmışdır. O araşdırmalar nəticəsində belə nəticəyə gəlmişdir ki, çox qədim dövrə aid olan bu şəhərin əsası iddia edildiyi kimi Makedoniyalı İsgəndər tərəfindən deyil, tarixi ənənəyə uyğun olaraq məhz Əfrasiyabın özü tərəfindən qoyulmuşdur. (Pumpelly, Səh. 320)

Anauda arxeoloji mədəniyyətinin türklərin tarixi üçün ən böyük əhəmiyyəti orda aşkar edilən qafa taslarının monqoloid irqə aid olmadığıdır. Bu kəllə sümükləri türklərin ən mühüm antropoloji özəlliklərini təşkil edən dolixokefal və Aralıq dənizi tipidir. Ön Asiyada aşkar edilən qədim insanlara məxsus qafa tasları da yumrubaş braxikefal samilərdən fərqli olaraq dolixokefaldırlar. (Pumpelly, Səh. 446)

Anauda aşkar edilən 10000-9000 il öncəyə aid yüksək inkişafa malik şəhər və əkinçilik arxeoloji mədəniyyətinin aşkar edilməsi bəşər mədəniyyətinin əsasının Turanda qoyulduğu haqqında XVIII–XIX əsr və daha sonrakı dövrdə Rauilson, Oppert, Hinks, Hommel, Q.Maspero, E.Aykşadt, C.Ferqusson və digər böyük assuroloq və tarixçilərin tezislərini təsdiq etməkdədir. Turan adı skeptik düşüncə sahibi bəzi bilim adamlarının guman etdiyi kimi yalnız əfsanələr şəklində tarixin yaddaşına həkk olunmuş xəyal məhsulu deyil. Tarixi toponimlər həmin ərazidə yaşamış xalqların tarixi yaddaşının silinməz izlərini daşımaqdadır. Turan adı bu gün də Turan ölkəsinin qədim sakinlərinin varisləri olan Türküstanın müasir türklərdən ibarət əhalisi tərəfindən Turan ovalığı adı ilə mövcuddur və ümumdünya coğrafi xəritələrində bu adla tanınmaqdadır.

Anau arxeoloji mədəniyyəti turanlı öntürklərin yalnız köçəri vəhşi tayfalardan ibarət olduğu haqqında formalaşmış qərəzli təəsəvvürləri alt üst etdiyindən sovet dövründə aparılan arxeoloji araşdırmalara və müasir dövrdə qərb bilim adamlarının apardıqları araşdırılmalara əsaslanaraq bu arxeoloji mədəniyyətin tarixini daha gec dövrlərə aid etməyə təşəbbüslər göstərilir, onun gerçək tarixini saxtalaşdırmağa çalışırlar. Lakin Pumpellinin bu arxeoloji mədəniyyətin 10-cu və 9-cu minilliyə aid olduğu haqqındakı təkzibedilməz faktlara söykənərək gəldiyi sonuc bir çox bilim adamları tərəfindən təsdiq olunmaqdadır.

Anau mədəniyyəti arilərin tarix səhnəsinə qədəm qoymalarından çox öncəki dövrə aid olub hər hansı bir ari izi daşımadığından avropasentrizm nəzəriyyəsini rəhbər tutan müasir tarixçilər öz əsərlərində bu arxeoloji mədəniyyətə istinad etməkdən və onu xatırlamaqdan qaçınaraq diqqətdən kənarda tuturlar.

Hindistan sanskrit ədəbiyyatının araşdırıcısı Alman bilim adamı Herman Brunhofer e.q. 1500-1200-ci illərə aid edilən Hind dastanı Riqvedada Pəncab vilayətini işğal edən və özlərini Naqa/Nahisa adlandıran Turvaşa-Yakşu, Anava, Dahyu, Puru və Şiqnu adlı beş turanlı tayfadan bəhs olunduğunu yazır. Anav tayfasının kralı Krunqa adlanır və bu ad Şahnamədə Kurenq şəklində ifadə olunmuşdur. Brunhofer Kuranq adının Riqvedaların ruhuna uyğun olmadığını yazır, yəni onu hind-ari mənşəli hesab etmir. Anava ilə yanaşı adları çəkilən Turvaşa, Yadu, Dahyu və digər tayfalar da türklərdir. Roma coğrafiyaçısı İsidor Xeraks Anavanın İranın şərqində yerləşdiyini yazır. (Brunnhofer Hermann. 1889, Səh. 31–32)

Bəzi müəlliflər Kuranq adının əslində Turanq olduğunu yazırlar.