banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Hekayələr
İsmayıl Şıxlı

Hekayə ustaları
Kitabda İsmayıl Şıxlının müxtəlif illərdə qələmə aldığı hekayələri, əfsanə və rəvayətləri toplanıb. Bu əsərlərdə həyat reallıqları, insan psixologiyası məharətlə əks olunub.

İsmayıl Şıxlı

Hekayələr

HEKAYƏLƏR

QARA AT

Arabanın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkənlərin içində orağın ağzından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi. Onların üstü ilə qıvrım qabığından yarıya qədər çıxan qara, qoşabuynuzlu ilbizlər sürünürdü.

Arabanın içinə tara qədər ot döşəmişdilər. Kəndimizin ağsaqqalları oturub ayaqlarını uzatmışdılar. Şəhərə gedirdilər. Hərənin bir işi, özünə əcrə dərdi-azarı vardı. Mən də dərsə tələsirdim. Texnikumda oxuyurdum.

Söhbət dünənki seçkidən gedirdi. Keçən axşam kəndimizdə böyük iclas olmuşdu. Rayondan da adamlar gəlmişdilər. Onların fikri köhnə sədri saxlamaq idi. İclasdan əvvəl ağsaqqalları dilə tutub deyirdilər ki, "katib özü də dəyişikliyin tərəfi deyil. Təzə adam seçib nə qazanacaqsınız?"

İclas gecəyarıyacan davam etdi. Çox danışdılar. Ancaq camaat sözündən dönmədi. İşgüzar briqadirlərdən birini, Aydınoğlunu sədr seçdilər.

Arabadakıların içində Mədəd kişi də vardı. O, ayaqlarını rahatca uzadıb qəlyanını tüstülədirdi. Danışılanlara qulaq asdıqdan sonra yeni sədri tərifləməyə başladı:

– Adam gərək özününkünün qədrini bilsin. Elindən, obasından irəli çıxana arxa dursun, ona kömək eləsin. Amma biz bir-birimizin ayağından çəkirik, istəyirik ki, qabağa gedənimiz tez yıxılsın. Adamlar yaman korlanıblar. Üzdə bir söz danışırlar, dalda başqa. Bilmirsən dostun kimdir, düşmənin kim? Yadlara yaltaqlanırıq, özümüzünkülərə isə meydan oxuyuruq. Ona görə də başımızdan basırlar. İndi gərək biz elliklə Aydınoğluna arxa duraq, işinə kömək eləyək. Belə olsa, kolxozumuz qabağa gedər, kəndimizin adı dillərə düşər. Aydınoğlu qoçaqdır. Diribaşdır. Mən onu lap uşaqlıqdan tanıyıram. Rəhmətlik atası da diribaş idi. Biz qardaş kimi idik. Onu öz balam kimi istəyirəm. Elə sizə də deyirəm, gərək əl-ələ verək, qoymayaq onun başından bir tük əskik olsun.

Mən diqqətlə ona qulaq asırdım. Ürəyimdə deyirdim ki, "Aydınoğlunun bəxti gətirib. Onu bu qədər sevən adam var. Mədəd kişi kimilər, deyəsən, ona dayaq olacaqlar. Görəsən, kəndimizdə Aydınoğlunu Mədəd kişi qədər istəyən varmı?"

Araba torpaq yoldan çıxdı. Şəhərin yaxınlığında daş yola düşdü. Təkərlər qıcırdadı. Biz titrətməli kimi silkələndik. Şəhərin girəcəyindəki körpüyə yaxınlaşdıq. Birdən Mədəd kişi arabanın içində dikəldi. Yolun kənarı ilə piyada gedən təzə sədri səslədi:

– A bala, niyə piyada gedirsən, qara atı niyə minmirsən?

Aydınoğlu dinmədi. Çiyinlərini çəkib uzaqlaşdı. Mədəd kişi qəlyanını sümürüb yerini rahatladı:

– Çox həyalı cavandır, gördünüzmü, pul kimi qızardı. Amma atı nahaq minmir.

Mən o atı görmüşdüm. Qara at hündür, ayaqları səkil bir atdı. Tövlədə ayrıca saxlayırdılar. Teli ipək kimi yumşaq idi, əl dəyməmiş tökülərdi. Onu tövlədən çıxaranda camaat tamaşasına durardı. Yüyənini iki adam güclə saxlayardı. Oktyabr, ya da May bayramında kəndin dəliqanlıları cıdıra çıxanda qara atı ötən olmazdı. Əvvəllər bu atı əsl sahibi Əmirxan kişi minərdi. O da atı kimi hündür, zəhmli bir kişi idi. Sonra atı kolxoza verdilər…

Axşam dərsdən evə qayıdarkən mənim bəxtim yenə gətirdi. Səkkiz kilometr yolu piyada gedəsi olmadım. Torpaq yola çıxan kimi arabaya rast gəldim. Səhərki təki, arxada, cağdan yapışıb oturdum. Ayaqlarımı salladım. Hava qaralmışdı. Göyün üzündəki tutqunluq daha da güclənmiş, çiskin çoxalmışdı. Qarşıdakı kənd evlərində təkəmseyrək işıq yanırdı. Arabadakılar, deyəsən, yorulmuşdular. Dinmirdilər. Təkcə Mədəd kişinin qəlyanı közərirdi.

Arxadan səs eşidildi. Azacıq sonra çiskin içərisindən çıxan qara at yanımızdan güllə kimi ötdü. Dırnaqlarından qopan palçıq ətrafa səpələndi, bir-ikisi arabaya düşdü, deyəsən, Mədəd kişinin üzünə yapışdı. O sancılanmış kimi qıvrılıb dikəldi. Yəhərdə çəpəki oturmuş Aydınoğlunun kürəyinə, qara atın düyünlənmiş quyruğuna baxdı. Qəlyanını ağzından çıxarıb əlini hirslə dizinə çırpdı:

– Sən dünyanın işinə bax, gör nə tezcə havalandı!

    1970

ÇİSKİN

O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qabağına çəkdi. Qalın yun şalı kəmər yerinə qədər dartıb dizlərini möhkəm bürüdü. Otağa qaranlıq çöksə də, işığı yandırmadı. Gözünü pəncərəyə zillədi. Pəncərənin nəfəsliyi açıq idi. Çisələyirdi. Arxa tərəfdəki qırmızı işıqlar yaş yollarda közərirdi. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcləyirdi. Onların yeknəsəq tappıltısı qarşıdakı bağçanın xəzəl xışıltılarına qarışıb otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü.

Qoca gözünü pəncərə şüşələrinə qonmuş çisəkdən çəkmirdi. O, narın su zərrələrinin birləşərək gilələndiyini və bu damlaların süzülüb şüşədə zolaq-zolaq izlər buraxdığını müşahidə etməkdən son vaxtlar doymurdu. Elə bil ki, bağçadakı ağacların yarpaqlarını yuyub-təmizləyən çiskinli yağışın asta şırıltısı onu sakitləşdirirdi. Qoca belə hallarda saatlarla oturub az qala pəncərədən içəri dolan yarpaqların ucunda gilələnmiş damlalara, onun yuyub-təmizlədiyi zolaqlara, qırov kimi hər yerə qonmuş ağımsov su zərrələrinə baxdıqca bədənində bir sərinlik, əsəblərində insanı mürgülədən bir sakitlik duyurdu.

O yorulmuşdu. Əlli ildən çox ali məktəblərdə mühazirə oxuyan, elmi konfranslar, müzakirələr keçirən, cild-cild əsərlərin müəllifi bu qoca alim axır illər guşənişin olmuşdu. Bədəninin giziltiləri artmış, ayaqları hərəkətdən qalmışdı. O hiss etmişdi ki, daha əvvəlki maraqla dərs deyə bilmir. Tez-tez dayanıb nəfəsini dərir, adəti xilafına, mühazirə zamanı stul çəkib oturmalı olur. Onun dərsi getdikcə maraqsızlaşırdı. "Hər şeyin məqamını bilmək, ölçü hissini itirməmək ən böyük qabiliyyətdir. Vaxtında səhnədən getməyi bacarmaq, xatirələrdə çağlayan şəlalə kimi yaşamaq hünər istəyir". Bu sözləri professor dəfələrlə təkrar etmiş, sürünənlərlə barışmadığını hamıya bildirmişdi. Bəs indi? Bəs özü?

O, ərizə verdi. Təqaüdə çıxdı. İlk aylar onun yanına məsləhətə gələnlər, göstəriş alanlar çox oldu. Ancaq tədricən astanadakı ayaq səsləri, telefon zəngləri azaldı, gedib-gələnlər seyrəldi, bir ildən sonra isə tamam kəsildi. Balacalıqdan övladı kimi yanında saxladığı bacınəvəsi də onu tərk etdi. Qoca tək qaldı. İlk anlar o buna sevindi. Tam sakitlik içində oturub kitabları qabağına tökdü, gecə-gündüz yazıb-pozdu, elə bildi ki, bu məşğələ onu usandırmayacaq, kitablar onu yormayacaq. Bir-iki ay da keçdi. Qoca dəhşətlə hiss etdi ki, bunlar hamısı təsəllidir. Yalqızlıq onu sıxır, evə, qəlbinə getdikcə ağır bir kədər qonur. Fikrini dağıtmaq üçün tez-tez həyətdəki bağçaya endi, əsasına söykənə-söykənə dəniz kənarına yollandı, bir küncdə oturub saatlarla ləpələrə tamaşa etdi. Bu da çox sürmədi. Ayaqlarının sızıltısı artdı, yeriməyi çətinləşdi, nəhayət, evdən bayıra çıxmağa ehtiyat etdi…

Evdəki əşyalar – tavana qədər ucalan kitab rəfləri, küncdəki iri yazı stolu, döşəməni başdan-başa bürüyən naxışlı qədim çilçıraq qaranlığa qarışıb əriyirdi. Arabir maşınların işığı pəncərədə parıldayır, gah divarın bir hissəsində, gah tavanda, gah da kitab rəflərində sürünüb ötürdü. Bu işıq zolaqları bəzən qocanın sifətində sarımtıl iz buraxırdı. Onun oturuşundan, alnındakı qırışların sıxlaşmasından, gözlərinin uzaq məsafə və zaman arxasında nə isə axtarırmış kimi sakit və dalğın dayanmasından hiss olunurdu ki, yorulmuşdur, səksən ildən artıq ömür sürən bu ixtiyar alim qəlbən, ruhən sakitlik və dinclik arayır.

Qoca azacıq tərpəndi. Əlini uzadıb yanındakı yemək stolunun üstündən qatıq qabını götürdü. İndi yadına düşdü ki, nahar eləməyib. Əslinə baxsan son zamanlar qatıqdan başqa bir şey yemirdi. Həkimlərin məsləhəti belə idi: səhər qatıq, günorta qatıq, yatmazdan əvvəl yenə qatıq.

Kreslonu geri çəkdi. Titrək əllərini stolun üstündə gəzdirdi. Nə isə xışıltı ilə yerə səpələndi. Qoca kreslodan qalxdı. Əlini dizinə söykəyib azacıq əyildi. Gəbənin üstünə dağılmış kağızları yığışdırdı və birdən xatırladı ki, onun əlindəkilər puldur. Qat-qat, qalaq-qalaq pullar yerə səpələnmişdi. Qolları yanına düşdü. Taqətsiz halda kresloya çökdü. Xışmaladığı pulları stolun üstünə atdı. Onun dodaqlarında qürurqarışıq acı və istehzalı bir təbəssüm oynadı. Sifətini təəssüfü xatırladan, lakin peşmançılıqdan çox dünyanın qəribə işlərinə meydan oxuyan bir ifadə bürüdü.

Düz bir saat əvvəl, qaranlıq qarışmazdan xeyli qabaq, ona pul gətirmişdilər. Külli miqdarda, gözləmədiyi halda. Ona demişdilər ki, sizin haradasa, haçansa kitabınız çap olunub. Böyük tirajla. Əsərin adını da dedilər, özünü də göstərdilər. Professor kitabı götürüb laqeydcəsinə baxdı. Pullara toxunmadı. O bu əsəri çoxdan yazmışdı, lap çoxdan. Az qala müəllifliyini belə unutmuşdu.

Yağış yenə çisələyirdi. Təkərlər şırıldayırdı.

Qapı tərəfdəki iri kəfkirli böyük saat danqıldadı. Dalğa-dalğa otağa yayılan bu səs qocanı diksindirdi. O nə isə xatırlayıb cəld kreslodan durdu. Pəncərəyə yaxınlaşıb ön taxtaya dirsəkləndi. Boynunu irəli uzadıb bağçaya boylandı. Düz bir həftə idi ki, bir cüt gənc, qaranlıq qarışan kimi, qocanın pəncərəsi önündəki bağçaya gələr, divar tərəfə çəkilib ağacların kölgəsindəki balaca skamyada oturar, baş-başa verib gecədən xeyli keçənə qədər astadan pıçıldaşardılar. Qocanın gecə vaxtı alaqaranlıq kölgəliklərə çəkilib qucaqlaşan gənclərdən xoşu gəlməzdi. Onların gah xısıltılı gülüşləri, gah da həyasız səslərini eşidəndə pəncərəni örtüb otağın dərinliklərinə çəkilərdi. Ancaq bu uşaqlardan xoşu gəlirdi. Onlar sakitcə gələr, sakitcə oturar, gecədən xeyli keçəndən sonra sakitcə də durub gedərdilər. Onların ayaqlarının altındakı yarpaqların xışıltısı eşidilməz olduqdan sonra qoca rahatca yerinə uzanardı. Ancaq bu gün narahat idi. Yağışdan, çisəkdən qorxurdu. Aradan altmış il keçməsinə baxmayaraq yağış, çiskin onu yaman qorxudurdu…

O, Kazan Universitetində oxuyurdu. Fəlsəfə ilə maraqlanırdı, hərdənbir şeir də yazırdı. Eşitmişdi ki, qədim yunan yazıçılarından biri öz əsərlərini yazanda ucqar bir mağaraya çəkilərmiş. Roma natiqləri çıxış etməzdən əvvəl dəniz kənarına gələr, bütün gecə səhərə qədər üzünü sulara tutub öz-özünə danışar, sonsuz dənizi insan dəryası, hirsli ləpələri isə natiqin sehri ilə çalxalanan izdiham sanarmış. Onlara oxşamağa çalışırdı. Dərsdən sonra, ya da imtahanqabağı yoldaşlarından ayrılır, təkliyə, xəlvətə çəkilirdi. Volqanın sahilinə qaçıb gözdən uzaq bir yer tapırdı. Oxuyurdu, danışırdı, uca bir yerə çıxıb sinəsini qabardır, üzünü axar sulara tutub şeir oxuyur, qədim natiqlərin nitqlərindən latınca parçalar söyləyirdi. O, hamını sehrləmək, boğuq-boğuq fit verən gəmilərin səsini batırmaq, çarxlarını dayandırmaq, göyərtədəki adamların diqqətini cəlb etmək, onlara öz nitqini söyləmək istəyirdi. O istəyirdi ki, hamı – sa- hildəki izdiham da, çay kənarına görüşə gələnlər də, uzaq səfərə hazırlaşanlar da, sahilə yan alan gəmiləri körpüdə qarşılayanlar da onu dinləsinlər, ona qulaq assınlar. Bəzən göyərtədən sahilə əl edirdilər, şlyapalar havada yellənirdi. Ona elə gəlirdi ki, səsi gəmidəkilərə çatıb, dinləyicilər onu alqışlayırlar. Daha da coşurdu, əl-qol atırdı. Ancaq bir dəfə…

Qız boynunu büküb altdan-yuxarı ona baxırdı. Sarı saçını ortadan ayırıb iri hörük hörmüşdü. Əynində uzun boynunu və qollarını örtən, yaxası işləməli gimnaziya paltarı vardı. Müşəmbəli ağ önlüyünün qatı sınmamışdı. Uzunboğaz, dikdaban çəkmələrinin qaytanı çarpazlarda səliqə ilə çarpazlanmışdı. Qız kitablarını sinəsinə sıxmışdı. Oğlan özünü itirdi. Əli havada qaldı, gözü qızda. Bilmədi sözünü bitirsin, yoxsa yarıda kəssin. Qız gülümsündü. Əlindəki çiçəyi qayanın üstündə heykəl kimi dayanan oğlana atdı. Qaça-qaça uzaqlaşdı. Haradasa, qayanın o tərəfində qızlar gülüşdü…

Bir həftə görünmədi. Utandığından o tərəflərdə hərlənmədi. Ancaq yarı canı Volqanın sahilində qaldı. Gecələr gözünə yuxu getmədi. Yataqxana yoldaşları sakitləşəndən sonra yerində çöyrükdü, gözünü tavana zillədi, pəncərədən boylandı. Hara baxdısa, sarışın qız gözünün önündə dayandı, boynunu əyib altdan-yuxarı ona baxdı, gülümsündü, əlindəki çiçəyi yuxarı, qayanın üstünə atdı. Görəsən, doğrudanmı, qızın onun şeir oxumasından xoşu gəlmişdi? Yoxsa öz gözəl nitqi ilə dünyanı əsir etmək istəyən gənci elə ilk addımdan adi bir qız ələ salırdı? Bəlkə, bu bir həqiqət idi? Bəlkə, qız, doğrudan da, onun nitqinə aşiq olmuşdu? Bəlkə, bunların hamısı boş xəyal, qəlbində yeni hislər yaranan bir gəncin təxəyyülündə baş qaldıran arzular, istəklər uydurması idi? Bəlkə, bəlkə…

O dözmədi. Cəsarətini topladı, ürkə-ürkə, ehtiyatla, ətrafına boylana-boylana sahilə getdi. Dikdirə çıxanda gözlərinə inanmadı. Qız dizlərini qucaqlayıb oturmuşdu. Baxışlarını axar sulara zilləmişdi.

Heç nə soruşmadılar. Qız onun qızarmış qulaqlarına baxdı, o da qızın bədənini kip tutan donunun titrəyən sinəsinə. Gülümsədilər. Köhnə tanışlar kimi əl verdilər. Adlarını dedilər:

– Ləbibə.

– Daniyal.

Əl-ələ tutub üzüaşağı, sahilə qədər qaçdılar. Oğlana elə gəldi ki, bu saat hər yeri ayaqyalın keçə bilər, qızı qolları üstünə alıb geniş Volqanın ləpələri ilə addımlayar, istəsə, lap səmada qapaqlanmış ağ bulud laylarının qoynuna qalxıb sonsuzluqlara qədər baş alıb gedər. O istəyirdi ki, çayyuxarı üzən gəmilər dayansın, lap sahilə yan alıb onların önündə dursun, onları göyərtəyə, sonra da bərli-bəzəkli kayuta dəvət etsinlər. Birlikdə aylarla Volqaboyu yol getsinlər, gecələr göyərtənin arxa tərəfində məhəccərə söykənib qoşa dayansınlar, pərlərin köpükləndirdiyi sulara, ləpələrin qoynunda yırğalanan aya, suların sinəsində uzanan işıq zolaqlarının gümüşü pullarına tamaşa etsinlər. Sahildə mürgüləyən meşələrə, kəndlərə, yaşıl çəmənlərə baxmaqdan doymasınlar. Deyəsən, qız da eyni halı keçirirdi. Balaca, zərif əllərini oğlanın əlindən çəkmirdi…

Qoca pəncərədən bir az geri çəkildi, görünməsindən ehtiyat etdi. Qız gəlmişdi. Ağacın kölgəsində dayanaraq narahatlıqla ətrafa boylanırdı. Tez-tez qolundakı saatına baxırdı. Həyəcanlanmışdı. Narın damlalar yenə də yeknəsəqliklə şırıldayırdı. Oğlan gecikirdi. Qız gah ağacların kölgəsində daldalanır, gah da aşkara çıxıb yollara boylanırdı. Bəlkə, getmək istəyirdi? Qoca az qala pəncərədən əyilib qızın qolundan yapışmaq, onu oğlan gələnə qədər saxlamaq: "Getmə, gözlə, bəlkə, səbəbi var? Sevən adam görüşə səbəbsiz gecikməz, bunu bilirsinizmi, ay qızlar?" – deyə pıçıldamaq istədi. Axı o da altmış il bundan qabaq belə bir çiskinli havada görüşə gecikmişdi!..

Onun pulu yox idi. Sevdiyi qızı bir yana aparmaq, ona bir hədiyyə almaq, nəyəsə qonaq etmək bir yana dursun, görüş yerinə getmək üçün konkaya minməyə belə pulu yox idi, beş-on qəpiyin əlində əsir qalmışdı. Çox vurnuxmuş, ümidi gələn yoldaşlarından borc istəmiş, verən olmamışdı. Bəlkə, onların da pulu yox idi? Tələbələrin cibinin boş anları azmı olur?! O, piyada getmək, qaça-qaça özünü qıza yetirmək, küçələri kəsəsinə addımlayıb konkalardan, faytonlardan sürətlə gedib Ləbibənin yanında olmağı arzulasa da, başa düşmüşdü ki, gecikib.

Yağış çisələyirdi. Daş döşəməli küçələr islanmışdı. Novçalardan axan sular şırıldayırdı. Daniyal darıxdı, ağzı üstə çarpayıya yıxılıb yastığı didişdirdi…

Birdən otaqda ayaq səsləri eşidildi. Addımlar yaxınlaşdı və onun çiyninə toxundular. Çevrilib başı üstündə dayanan tələbə yoldaşına baxdı. Bu onların sinfində oxuyan ən sakit, ən kasıb və ən qaradinməz tələbə idi. O, eynəyinin altından sakitcə baxırdı. Bu baxışlar o qədər qayğıkeş, ürəkaçıqlığı və canıyananlıqla dolu idi ki, Daniyal susa bilmədi. Ondan kömək almaq üçün yox, yüngülləşmək, ürəyini boşaltmaq üçün dərdini açdı. Eynəkli oğlan gülümsündü, əlini cibinə salıb üç manat çıxardı. Sakitcə yoldaşına uzatdı. Daniyal əvvəlcə tərpənmədi, mat-mat yoldaşına baxdı və birdən pulu qapıb bayıra cumdu, pillələri üç-üç, beş-beş atılıb küçəyə çıxdı. Dayanacaqdan uzaqlaşan konkanın arxasınca yetib ayaqlığa atıldı. Arxada dayanmadı, məsafəni qısaldacaqmış kimi adamları yara-yara qabağa keçdi, konkanın dayanacağa çatmasını gözləyə bilmədi, dözümsüzlük edib yerə atıldı, qaça-qaça özünü görüş yerinə yetirdi.

Ləbibə getməmişdi. Yağışın altında gözləmişdi. Daniyal sevindi, əlini uzadıb görüşmək istədi. Qızın soyuq baxışı onu tərpənməyə qoymadı. Dayandılar. Dinmədilər. Birdən Ləbibə dabanı üstə fırlanıb geri döndü. Daniyalın çağırışını eşitmədi, onun dediklərinə qulaq asmadı. Çiskinli havada, köhnə şəhərin dar küçələrində, döngələrdən birində görünməz oldu, əbədi yoxa çıxdı…

Qız bir də saata baxdı. Qoca onun getməsini görmək, gecikmiş oğlanın həyəcanlarının şahidi olmamaq üçün pəncərədən geri çəkildi. Qatıq qabını götürüb qaşıqladı. Ancaq səbri çatmadı. Əyilib oğruncasına pəncərədən boylandı. Birdən onun sifəti işıqlandı. Oğlan gəlmişdi. Həmişəki kimi divar tərəfdə, pəncərənin altındakı balaca skamyada, ağacların ala-qaranlıq kölgəsində durmuşdular. Çisələyirdi. Damlalar irilənib yarpaqlardan süzülürdü. Onlar yağışdan qorunmaq üçün sıx yarpaqların altına çəkilmək istədilər. Quru yer tapmadılar. Ayaqlarının altındakı yarpaqlar xışıldadı. İri damlalar xəzəldə tappıldadı, ancaq onlar getmədilər. Küncə qısılıb plaşı başlarına saldılar. Damlalar plaşı döyəclədi.

Qoca bədəninin giziltisini unudaraq pəncərəni azacıq araladı. Çiskinli havada, islaq yarpaqların arasından uzaq ulduzlar kimi tutqun görünən işıqlara baxdı. Sakitcə nəfəs alıb kresloda oturdu, şalı dizlərinə çəkdi…

Maşınların təkərləri yaş yollarda şırıldayırdı. Çiskinli yağışın narın səpələntisi ağacların yarpaqlarında yeknəsəqliklə səslənirdi. Pəncərənin nəfəsliyindən içəri nəmli hava dolurdu. Bayırda xəzan yarpaqları, içəridə isə stolun üstünə və döşəməyə səpələnmiş pullar xışıldayırdı.

    1970

ƏMİOĞLU

Düz bir həftə idi ki, rayon maarif şöbəsi ilə baş mühasib Şeydayevin idarəsi arasında ayaq döyməkdən yorulmuşdum. Ancaq hələ də tələbnaməni yoxlatdıra bilməmişdim. Hesabdar hər gün sayğacı şaqqıldadıb bir səhv tapır, tələbnaməni təzədən köçürtdürür, mən yenidən növbəyə dayanır, gah fasiləyə düşür, gah da hesabdarı baş mühasib yanına çağırtdırdığından ləngiyir, beləliklə, iş günü qurtarır və mən sabahı gözləməli olurdum. Sözün düzü, direktorun əvəzinə zəhmət haqqı almağa gəldiyimə peşman olmuşdum. Əslində, mən bu bəhanə ilə rayon mərkəzindən azca aralı olan evimizə dəymək və ata-anamla görüşmək istəyirdim. İşlədiyim kənd uzaq olduğundan və yolun pisliyindən oralara maşın gəlmirdi. Rayon mərkəzinə getmək üçün cığırlarla dərələr aşıb çaylar keçmək və qırx beş kilometrlik yolu addımlamaq lazım idi. Mən elə bilirdim ki, rayona çatan kimi pulu alacam, bir gün evimizdə qaldıqdan sonra qayıdıb müəllimlərin zəhmət haqqını vaxtında özlərinə çatdıracam.

Səhər tezdən qapını kəsdirib növbədə onuncu adam oldum. Bu gün hər şeyi qurtarıb pul alacağıma əmin idim. Ancaq hesabdar yenə bir şey tapıb məni geri qaytardı. Acığımdan tələbnaməni atıb küçəyə çıxdım. Şəhərdə qalmağa yerim də yox idi. Mehmanxana müdirinə yalvarmaqdan da üzümün suyu tökülmüşdü. Sabah da istirahət günü idi. Yox, yaxşısı budur, geri qayıdım. Qoy direktor özü gəlsin, müəllimlərin gözü yoldadır, axı onların ailəsi var, pul lazımdır!

– Xoş gördük, İslam, niyə burda durursan?

– Maaş almağa gəlmişəm.

– Mən də. Bəs nəyi gözləyirsən?

– Heç. Papiros çəkmək üçün çıxmışam.

Doğrusu, başıma gələnləri ona demək istəmədim. Hər halda, özümü sındırmamağa çalışdım. Camal gülə-gülə məndən aralandı. Mən onun tünd mürəkkəbi rəngli drap paltosunun əyninə necə kip yatdığına baxdım. Bu palto onsuz da qıvraq olan Camalı bir az da çevik göstərirdi.

Aradan on beş dəqiqə keçməmiş yanımdan güllə kimi ötdü. Elə bil sümüyü çırtlayırdı.

– Hara qaçırsan?

– Banka.

– Dayan görüm.

O, ayaq saxladı. Təəccübümü gizlədə bilmədim:

– Tələbnaməni yoxlatdın?

– Nə tələbnamə? – deyə gülümsündü və əlindəki kağızı mənə göstərdi. – Çek də yazdırmışam. Bəs sən banka getmirsən?

– Yox, – deyə köksümü ötürdüm, – rəhmətliyin oğlu, kefdən danışırsan, heç hesabdarın torundan çıxa bilirəm ki?

– Dayan, dayan, – o, qolumdan yapışıb məni bir az da kənara çəkdi. – Əmioğlunu görübsən?

– Əmioğlu kimdir?

– Şeydayev.

– Yox.

– Onda yarım ay buradasan.

Camal əlini əlinə vurub qəhqəhə çəkdi. Onun incə dişləri parıldadı, xırdaca gözləri oynadı. Onsuz da saz olan kefi lap duruldu. Mənə elə gəldi ki, qonşu məktəbin direktoru Camal təcrübəsiz yoldaşını ələ salır və özünün üstünlüyündən həzz alır. Kəndə qayıdan kimi mənim burada boynumu büküb necə dayandığımı müəllimlərə danışacaq, əlini əlinə vurub indiki kimi şaqqanaq çəkəcək. Amma gözlədiyimin əksinə, Camal qolumdan tutub məni idarədən bir az da araladı və saatına baxdı.

– Get, bu saat yarım litr araq al. – Mən diksindim. İnstitutu qurtarmağımıza baxmayaraq, hələ də dilimə içki dəyməmişdi. Camal bic-bic güldü. – Tənəffüsə çıxan kimi Şeydayevə ver, sonrası ilə işin olmasın.

– Nə danışırsan, elə şey olar?

– Olar, olar. Bura bax, qız kimi niyə qızardın? Sənə nə deyirəm, ona qulaq as. Özü də baş mühasibə yaxınlaşanda "yoldaş Şeydayev" zad demə. Bircə kəlmə "Əmioğlu" de, eşitdinmi? Di sağ ol, mən getdim, gecikirəm.

Camal qırğı kimi sıçrayıb küçəni keçdi və azacıq sonra gözdən itdi. Hiss etdim ki, qulaqlarım güyüldəyir, bədənimi od və tər basır.

Küçənin hər iki tərəfindən balaca arx axırdı. Altı və yanları sementlə suvanmış bu dördkünc arxın suyu yeknəsəqliklə şırıldayırdı. Papirosumu sümürüb kötüyünü arxa atdım. Papiros bir müddət suyun üzündə qaldı. Qıjoy və təmiz su onu ora-bura çırpa-çırpa ağzına alıb apardı və lilli burulğana saldı. Papiros yox oldu, azacıq sonra isə saralmış və islanmış halda bir az aşağıdan üzə çıxdı. Şübhəsiz, lillənib bata da bilərdi.

Küçənin o üzündəki dükana yaxınlaşdım. Oğurluğa gedən adam kimi əvvəlcə ətrafıma boylandım, qorxa-qorxa içəri girdim. Ömrümdə ilk dəfə içki aldım. Tələsik paltomun qoltuq cibində gizlətdim və ayağım dolaşa-dolaşa qapıdan çıxdım. Mənə elə gəldi ki, hamı gözünü zilləyib baxır, bu saat qışqırıb güləcəklər.

Şəhərin kənarındakı hamamın nazik və bir az da boğuq çıxan fit səsi nahar fasiləsinin çatdığını bütün rayon idarələrində işləyənlərə xəbər verdi. Mən yol kəsməyə hazırlaşan cani kimi döngədə gizləndim. Ancaq canilərdən fərqli olaraq qorxa-qorxa, ürkək baxışlarla boylana-boylana. Şeydayevin tələsik gəldiyini gördüm. İrəli çıxmaq əvəzinə geri çəkildim. Daldada gizləndim. Hiss etdim ki, ürəyimin döyüntüsü boynumun damarında çırpınır. Dəsmal çıxarıb tərimi sildim və elə bu vəziyyətdə də baş mühasiblə qarşılaşdım. Şeydayev diksinib geri çəkildi, üzümə təəccüblə baxıb qaş-qabağını tökdü:

– Ay yoldaş, fasilə vaxtı adamın qabağını küçədə kəsməzlər, qanacağın olsun, bura idarədir?

Hülqumum bir neçə dəfə qalxıb-endi, dodağım titrədi, öz səsimdən özüm ürkdüm.

– Əmioğlu…

Şeydayev dayandı. Elə bil kişinin üzündəki maskanı çıxarıb təzəsini taxdılar. Özü də, dodaqları da, gözü də güldü. Sinəmi sıxan ağırlıq yox oldu, sinədolusu nəfəs aldım. İlk addım atılmışdı. Ancaq sonra nə etmək lazım gəldiyini müəyyənləşdirə bilmədiyimdən susurdum.

Şeydayev əvvəlcə üzümə, sonra isə paltomun şişmiş sinəsinə baxdı. Elə bu an haradansa əsən külək, xoşbəxtlikdən paltomun yaxasını açdı. Araq şüşəsinin ucu göründü. Şeydayev təklif gözləmədən əlini uzadıb cibimdən şüşəni çıxartdı. Tələsik qoynunda gizlətdi.

– Lap yerinə düşdü, əmioğlu, deyəsən, hal əhlisən. Gedək bizə, əla pitimiz var.

– Çox sağ olun, toxam.

– Yaxşı, məni gözlə. Qayıdan kimi birbaş yanıma gəl.

– Bəs hesabdar?

Şeydayev gülümsündü. O aralanandan sonra uzaq yol yorğunu kimi süst düşdüyümü hiss edib bir daşın üstündə oturdum.

Fasilədən sonra baş mühasib iki dəqiqənin içində tələbnaməni yoxladı, lazımi düzəlişlər edib qol çəkdi, çek yazdı. Mən sevincək ayağa durdum, qapıya doğru qaçdım, ancaq birdən dayanıb geri döndüm. Eşitmişdim ki, çox vaxt bankda pul olmur, ya da müdir qəsdən gələnləri əliboş geri qaytarır və deyir ki, get üç gündən, ya da bir həftədən sonra gəl. Bəzən bu get-gəl o qədər uzanır ki, çekin vaxtı qurtarır və adamlar yenidən baş mühasibin yanına gəlməli və təzədən çek yazdırmalı olurlar.

Şeydayev, deyəsən, ürəyimdən keçənləri duydu. Gözlərini qıyıb gülümsündü:

– Çeki mənə ver.

Verdim. Baş mühasib çeki əlinə alıb kənarındakı işarəni göstərdi.

– Bunu görürsənmi?

– Görürəm.

– Bilirsən bu nə deməkdir?

Çiyinlərimi çəkdim.

– Bu o deməkdir ki, sən əmioğlumsan, səni ləngitmək olmaz. Ancaq xərci var.

– Nə qədər?