banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Kisəli siçovullar Billin çadırının ətrafında yaman çox idi. Bu balaca heyvanlar qamətlərini dümdüz saxlayaraq arxa pəncələri üstə tərpənmədən oturub əllərini sinələrində cütləyir və buna görə onları uzaqdan torpaqdan çıxan ağaca bənzətmək mümkündür. Gecə vaxtı atlarını bağlamaq üçün yer axtaran səyyahlar çox vaxt siçovulu ağac bilirlər. Səhv yalnız siçovul qəribə bir ciyilti ilə qaçıb torpağın altına girəndə aşkarlanır.

Vadiyə gəlişinin elə ilk günü Çink belə siçovullardan birini mütləq tutmaq qərarına gəldi. Həmişəki kimi də min dənə sarsaqlığı birdən etdi. Siçovula çatmasına hələ dörddəbir mil qalmış o, yerində donaraq, azı, yüz addımlıq məsafəni qarnı üstə sürünə-sürünə keçdi. Lakin tezliklə onun həyəcanı elə bir həddə çatdı ki, dözə bilmədi və ayağa qalxıb birbaş yuvasının üstündə həmişəki vəziyyətdə oturmuş siçovula tərəf getdi. Bir dəqiqədən sonra Çink artıq yüyürürdü; nəhayət, özünün əzəmətli duruşlarından birini alıb hər cür ehtiyatı tam unudaraq hürə-hürə düşməninin üzərinə cumdu. Siçovul lap son məqamadək tərpənmədən durmuşdu, sonra isə qəflətən ciyildəyərək arxa pəncələri ilə bir xeyli torpağı düz Çinkin açıq ağzına atıb yuvasına soxuldu.

Günlər belə mənasız cəhdlərdə ötürdü. Lakin Çink ruhdan düşmürdü, əmin idi ki, inad göstərsə, məqsədinə çatacaq.

Günlərin birində lap qeyri-adi bir siçanın qarşısında özünün duruşlarından birini alaraq bütün sarsaq fəndlərini işə salan, sonra da bunların hamısını qəzəbli bir hücumla bitirən Çink, həqiqətən də, qurbanını tutdu. Amma bu dəfə elə alındı ki, itin ağzına adi ağac parçası keçdi.

Sarsaq vəziyyətdə qalmağın nə olduğunu it də gözəl anlayır. Buna şübhə ilə yanaşan hər kəs kaş quzu kimi ürkək addımlarla çəkilib sahibindən çadırın arxasında gizlənməyə çalışan Çinkə baxaydı.

Lakin bu uğursuzluq anadangəlmə ehtiras sahibi olmaqla yanaşı, həm də kifayət qədər inadkar təbiəti ilə seçilən Çinkin köpünü uzun müddətə ala bilmədi. Ruh yüksəkliyini onun əlindən almaq qeyri-mümkün idi. O, daim hərəkətdə olmağı, nəsə etməyi xoşlayırdı. Oralardan ötən hər furqon, hər atlı, hər otlayan inək, heyvan onun təqibinə məruz qalırdı, əgər yaxınlıqdakı gözətçi daxmasında yaşayan pişiyə tuş gəlsə, mütləq onu evlərinə qovurdu. O, Billin, adətən, arı yuvasına ataraq ona “Gətir!” əmri verdiyi köhnə şlyapasının dalınca gündə lap iyirmi dəfə yüyürməyə hazır idi.

Saysız-hesabsız xoşagəlməz hadisələrdən özünü ələ almağı öyrənənədək xeyli vaxt keçdi. Furqonlarla yanaşı, yer üzündə uzun qırmancların və yekə, qəzəbli itlərin varlığını, atların ayağında dişə bənzəyən nələrinsə olduğunu, inəklərin başında möhkəm dəyənəklərin bitdiyini, pişiklərin göründüyü qədər zəif olmadığını, arılarla kəpənəklərin tamam fərqli məxluqlar olduğunu Çinkin öyrənməsi xeyli vaxt apardı. Bəli, bunun üçün zaman gərək oldu, amma axırda o hər bir itin bilməli olduğu şeylərin hamısını öyrəndi. Tədricən onun içində bir tumurcuq – lap kiçik olsa da, sağlam it məntiqinin ilk tumurcuğu cücərməyə başladı.

2

Çinkin törətdiyi bütün sarsaqlıqların ən qəribəsi onun başına çaqqallarla olan macərasında gəlmişdi. O çaqqal bizim düşərgənin yaxınlığında yaşayırdı və görünür, Yellouston parkının bütün vəhşi sakinləri kimi gözəl başa düşürdü ki, qanunun himayəsi altındadır. Qanun isə bu yerlərdə atəş açmağı, ov etməyi yasaqlamışdı. O, parkın elə yerində yaşayırdı ki, orada gözətçi daxması vardı və əsgərlər qanunun keşiyində ayıq-sayıq durmuşdular.

Cəza almayacağına əmin olan çaqqal hər gecə düşərgənin ətrafını yemək qalıqları tapmaq ümidi ilə gəzib-dolaşırdı. Onun izlərini görəndə düşərgənin başına bir neçə dəfə dolandığını, amma lap yaxınlaşmağa ürək etmədiyini anladım. Sonralar gün batanda, bir də dan yeri söküləndə tez-tez onun necə vaqqıldadığını eşidirdik. Gecələr bura hansı heyvanların gəldiyini bilmək üçün hər səhər çölə çıxanda zibil vedrəsinin yanında onun izləri aydın görünürdü. Bir müddətdən sonra o, bir qədər də ürəklənərək düşərgəyə hərdən lap günorta da gəlməyə başladı, əvvəlcə çəkinə-çəkinə, sonra isə lap açıq-aşkar; nəhayət, o, bura yalnız gecələr gəlmirdi, həm də bütün günü yaxınlıqda dolaşır, dişinə dəyəsi bir şey axtarırdı. Hərdən də hamının gözü qabağında bir qədər aralıdakı kötüklərdən birinin yanında oturub gözləyirdi.

Bir səhər o, yenə düşərgəmizin əlli qədəmliyində əyləşmişdi və aramızdan biri zarafatla Çinkə dedi: “Çink, o çaqqalı görürsən? Get onu qov!”

Çink həmişə ona deyiləni edirdi. Fərqlənmək istəyən it o dəqiqə aradan çıxmağa çalışan çaqqalın dalınca düşdü.

Bu, dörddəbir mil məsafəyə əla qaçış yarışı idi; amma qəflətən çaqqal ayaq saxlayıb onu təqib edən iti gözləməyə başladı. Çink o dəqiqə başa düşdü ki, işlər fırıqdır və üzü düşərgəyə qaçdı. Lakin çaqqal daha sürətli qaçırdı və tezliklə küçüyə yetişdi. Əvvəlcə bir, sonra isə o biri böyründən dişləyən çaqqalın görkəmindən məmnunluq yağırdı.

Çink zingildəyə-zingildəyə, ulaya-ulaya var gücüylə qaçırdı, onun qənimi isə nəfəsini belə dərmədən küçüyü düz düşərgəyə kimi təqib etdi. Utanıram deməyə, amma biz çaqqala qoşulub küçüyə gülürdük və Çink bizdən heç bir mərhəmət görmədi. Bu təcrübədən daha kiçik bir nümunə Çinkə bəs elədi ki, bir də çaqqala tərəf baxmasın.

Amma əvəzində çaqqal özünə gözəl əyləncə tapdı. Artıq hər gün düşərgənin lap yanında aşkar dolaşırdı, çünki kimsənin ona güllə atmayacağını yaxşı bilirdi. Həqiqətən də, bizim tüfənglərin qoruyucusunu dövlət məmuru möhürləmişdi, hər tərəfdə isə mühafizəçilər vardı.

Bu çaqqal elə Çinki gözləyirdi ki, küçüyə əziyyət versin. Küçük isə gözəl bilirdi ki, əgər düşərgədən tək yüzcə addım aralansa, çaqqal onun qarşısını kəsərək dişləyəcək və düz sahibinin çadırına kimi qovacaq.

Günlər belə müsibət içində keçib-gedirdi və nəhayət, Çinkin həyatı əzaba çevrildi. O artıq çadırdan təkbaşına əlli addım da aralanmırdı. Hətta bizim ətraf ərazilərə səfərlərimiz zamanı yanımızda olanda belə sırtıq və kinli çaqqal onu qarabaqara izləyir, yazıq Çinkin başına oyun açmaq üçün fürsət gəzir, səfərdən aldığı ləzzəti Çink üçün əzaba çevirirdi.

Bill Obri öz çadırını çayın yuxarı axarına, bizdən iki mil aralıya keçirdi, çaqqal da onların yanına köçdü. Müqavimət görməyən hər bir yırtıcı kimi o, günbəgün sırtıqlaşırdı. Çinkin isə qorxusu durmadan artır, sahibinin kinayəli münasibətinə səbəb olurdu. Bizdən aralanmaq qərarını Obri atı üçün daha yaxşı yem axtarması ilə izah edirdi, amma tezliklə aydınlaşdı ki, kişi, sadəcə, haradansa tapdığı araq şüşəsini təkbaşına boşaltmaq üçün tənhalıq axtarırmış. Bir şüşə onu doyura bilmədiyi üçün ertəsi gün səhər atını yəhərlədi və küçüyünə “Çink, çadırı qoru!” deyib dağların o üzündə yerləşən ən yaxın içkixanaya çapdı. Çink isə çadırın girəcəyində yumrulanıb yerini rahatlayaraq qarovul çəkməyə başladı.

3

Özünün bütün küçük yöndəmsizliyi ilə bərabər, Çink əsl qarovul itiydi və sahibi bilirdi ki, gücü yetən qədər öz vəzifəsini icra edəcək.

Həmin günün ikinci yarısı oralardan keçən bir dağlı, adəti üzrə, çadırdan bir qədər aralıda dayanaraq çığırdı:

– Bill! Ey, bir mənə bax, Bill!

Lakin cavab almadığından çadıra tərəf gedəndə Çink onu necə lazımdırsa, elə qarşıladı: tüklərini qabartdı, yetkin köpək kimi mırıldamağa başladı. Dağlı məsələnin nə yerdə olduğunu anlayıb yoluna davam etməyə üstünlük verdi.

Axşam yetişdi, sahibi isə qayıtmaq bilmirdi. Çink möhkəm acmışdı. Çadırda içində vetçina olan bir torba var idi. Amma sahibi Çinkə buradakı hər şeyi qorumağı tapşırmışdı, küçük acından ölər, amma onun torbasına toxunmazdı.

Aclıqdan əziyyət çəkən it, nəhayət ki, öz postunu buraxıb çadırın ətrafında siçandan-zaddan tutmaq, yeməli bir şey tapmaq ümidi ilə dolaşmağa başladı. Amma gözlənilmədən həmin o mənfur çaqqal yenə də ona hücum çəkdi və geriyə, çadıra qaçmağa məcbur etdi.

Burada Çink birdən-birə dəyişdi. O sanki öz vəzifə borcunu qəflətən xatırlamışdı və birdən gücə gəldi. Təxminən pişik balasının bircə çığırtısı ürkək anasını yırtıcı pələngə necə çevirirsə, Çink də elə dəyişdi. O hələ küçük idi, sarsaq və yöndəmsiz, amma içində ona irsən keçən sərt xarakter yaşayırdı və bu xarakter zaman keçdikcə özünü büruzə verməliydi. Çaqqal onun dalınca çadıra – Çinkin sahibinin çadırına girməyə cəhd göstərəndə Çink üzünü düşməninə çevirdi – indi o, şeytan kimi qorxuluydu.

Çaqqal gerilədi. O, qəzəblə mırıldanaraq küçüyü tikə-tikə edəcəyini nümayiş etdirməyə çalışır, amma yenə də çadıra girməyə ürək eləmirdi.

Elə bu yerdə əsl mühasirə başlandı. Çaqqal dəqiqəbaşı qayıdırdı. Çadırın başına hərlənir, nifrət əlaməti olaraq arxa pəncələri ilə torpağı eşir və birdən birbaş girişə tərəf yönəlirdi. Qorxudan az qala ölmüş Çink isə ona tapşırılan əmlakı mərdliklə qorumaqla məşğul idi.

Bütün bu müddət ərzində Çink heç nə yeməmişdi. Gün ərzində bir-iki dəfə yaxınlıqdan axan çaya yüyürüb qarnını suyla doldurmuşdu, amma yemək tapmaq üçün vaxt gərək idi. O, çadırdakı torbanı yırtıb hisəverilmiş ətdən yeyə bilərdi, lakin sahibinin ona etibar etdiyi bir şeyə toxunmağa cəsarəti çatmırdı. O, heç olmasa, fürsət tapıb özünü bizim düşərgəyə yetirə bilərdi, təbii ki, biz də onun qarnını yaxşıca doyurardıq. Amma yox, o, nəyin bahasına olursa olsun, sahibinin etimadını doğrultmalı idi!

Düşmənin təzyiqi ondan əməlli-başlı qarovul köpəyi yetişdirmişdi. Elə bir köpək ki, sahibinin haradasa dağların o üzündə əyyaşlıq etməsinə rəğmən, öz postunda ölməyə hazır idi.

Bu kiçik qəhrəman dörd gün dörd gecə postundan əl çəkmədən çadırı, sahibinin sərvətini çox qorxduğu çaqqaldan dəyanətlə qorudu.

Beşinci günün səhəri qoca Obri ayılaraq başa düşdü ki, evində deyil və çadırını bir küçüyün ümidinə buraxıb. O artıq əyyaşlıqdan çoxdan bezmişdi deyə həmin dəqiqə atını yəhərləyib yola çıxdı. Yolun yarısında ağlına birdən gəldi ki, deyəsən, Çinki tamam ac qoyub.

“Yəni bu balaca yaramaz mənim vetçinamın hamısını yeyib?” – düşündü və həyəcan içində evə tələsdi. Çadırı görünən təpənin başına çatanda əvvəlcə ona elə gəldi ki, hər şey öz yerində, qaydasındadır. Sonra birdən nə görsə yaxşıdır: çadırın lap astanasında tüklərini qabardıb bir-birinin üstünə mırıldayaraq burun-buruna duran iki canlını – yekə, qəzəbli çaqqalı və balaca, yazıq Çinki.

– Ay mənim başım batsın! – deyə Obri xəcalət içində dilləndi. – Mən bu murdar çaqqalı tamam unutmuşam. Yazıq Çink, gör nələr çəkib! Təəccüblüdür ki, bu çaqqal hələ onu da, çadırımı da parça-parça etməyib.

Bəli, cəsur Çink çaqqalın təzyiqinə, bəlkə də, sonuncu dəfə davam gətirirdi. Onun ayaqları qorxudan və aclıqdan tir-tir əssə belə, özü ən davakar görkəmdə idi və heç şübhə yoxdur ki, öz postunu qoruyaraq ölməyə hazır idi.

Bill Obri hər şeyi ilk baxışdan anladı. Atını çadırın yanına çapıb toxunulmamış vetçina torbasını görəndə başa düşdü ki, Çink o gedəndən bəri heç nə yeməyib. Yorğunluqdan və acından əsən küçük sürünə-sürünə onun yanına gəldi, üzünə baxıb əlini yaladı. Sanki deyirdi: “Sən nə tapşırmışdınsa, hamısını etdim”. Qoca Obrinin buna dözəsi halı yox idi və çantasından balaca qəhrəman üçün yemək çıxaranda gözlərində yaş gilələnmişdi.

Sonra küçüyə tərəf çönüb dedi:

– Çink, dostum, mən sənə pis münasibət göstərdim, sən isə sədaqətini qoruya bildin. Sənə söz verirəm ki, bir də harasa gəzməyə getsəm, tək qalmayacaqsan. Heç bilmirəm səni necə sevindirim, axı sən araq içmirsən. Bəlkə, əvəzində sənin ən böyük düşmənini məhv edim…

O, çadırın ortasındakı payadan çox fəxr etdiyi tüfəngini – bahalı, ayrıca darağı olan karabinini aldı. Sonrasını düşünmədən üzərindəki möhürü qırdı və qapıdan çıxdı.

Çaqqal, adəti üzrə, yaxınlıqda oturmuşdu, dişləri iblisvarı bir təbəssümdən ağarırdı. Amma atəş guruldadı və Çinkin qorxulu yuxularına son qoyuldu.

Özünü yetirən gözətçilər aşkar etdilər ki, parkın qanunları pozulub: qoca Obri buranın vəhşi sakinlərindən birini güllələyib. Onun karabinini alıb məhv etdilər, özünü və dördayaqlı dostunu isə parkdan qovaraq bir daha qayıtsa, həbsxanaya salınacağını söylədilər.

Amma Bill Obri heç nəyə heyifsilənmirdi.

– Olsun, – dedi. – Nə deyirsiniz deyin, amma məni heç vaxt satmayan bir dostuma xoş gələn iş görmüşəm.

GÜMÜŞXAL

1

Sizlərdən hansınızınsa vəhşi bir heyvanla yaxından tanışlığı olubmu? Heyvanlarla təsadüfi görüşlərinizi və yaxud qəfəsdə yaşayan canlıları nəzərdə tutmuram. Mən azad şəraitdə yaşayan hər hansı bir vəhşi heyvanı uzun müddət tanımağınızı nəzərdə tuturam. Adətən, bir heyvanı onun həmcinslərindən fərqləndirmək yaman çətin olur. Hər bir tülkü, hər qarğa başqa tülkü və qarğalara o qədər bənzəyir ki, sən hər dəfə elə eyni heyvanı gördüyünü düşünürsən. Amma elə də olur ki, hər hansı bir heyvan özünün gücüylə, ağlıyla öz həmcinslərindən yüksəkdə durur. Böyük başçıya çevrilir. Biz ona dahi də deyə bilərdik. Əgər bu heyvan digərlərindən iridirsə, əgər insanlar onu hansısa əlamətlərinə əsasən tanıya bilirsə, o, tezliklə öz ölkəsində məşhurlaşır.

Belə görkəmli heyvanlar sırasına aşağıdakılar daxil olub: Kurtland – XIV əsrin əvvəllərində, təxminən on il ərzində bütün Paris şəhərini dəhşətə gətirən qısaquyruq canavar; Kluborut – Sakramento çayının yuxarı axarında cəmi iki ildə bütün donuzçuları müflis edən, fermerlərin tən yarısını işini buraxaraq o yerlərdən getməyə vadar etmiş axsaq qonur ayı; Lobo – Yeni Meksikada beş il boyu hər gün bir inək öldürən canavar və nəhayət, iki ildən də az vaxt ərzində üç yüz insan həyatına son qoymuş Sene adlı panter. Gümüşxal da həmin məşhurlardan idi və mən indi onun tarixçəsini sizə qısaca danışmaq istəyirəm.

Gümüşxal qoca, müdrik bir qarğa idi. Öz adını sifətinin sağ tərəfində, gözü ilə dimdiyi arasındakı xırda pul boyda gümüşü-bəyaz ləkəyə görə almışdı. Bu ləkə onu başqa qarğalardan seçməyimə, həyatının ayrı-ayrı dövrlərini bir sapa düzməyimə kömək oldu.

Yəqin, bilirsiniz ki, qarğalar ən ağıllı quşlardır. “Qoca qarğa kimi müdrik” ifadəsi əbəs yerə deyilmir ki. Qarğalar nizam-intizamın nə qədər vacib olduğunu yaxşı bilir və bir əsgər kimi intizamlı olur. Onların dəstəsinin başında yalnız ən yaşlı, ən ağıllıları deyil, həm də ən güclü və ən cəsurları durur, çünki dəstə başçısı istənilən dəqiqə hər hansı bir özündənrazı qiyamçı ilə haqq-hesab çəkməyi də bacarmalıdır. Dəstənin yerdə qalan üzvləri gənclər və xüsusi bacarıqları olmayan sıravi qarğalardır.

Haqqında danışdığım Gümüşxal özünə yaşayış yeri kimi Toronto yaxınlığında çoxlu şamağacı ilə örtülmüş Kestl Frank təpəliyini seçmiş böyük qarğa sürüsünün başçısı idi. Onun sürüsündə iki yüzə yaxın quş vardı. Qış sərt keçməyəndə qarğalar Niaqara sahillərində qalırdılar, şaxtalı qışlarda isə daha cənuba köç edirdilər. Lakin hər il fevralın son həftəsi qoca Gümüşxal özünün bütün dəstəsini toplayıb quşları Torontonu Niaqaradan ayıran qırx millik su hövzəsinin üzərindən cəsarətlə keçirirdi. Amma heç vaxt düz xətt boyunca uçmur, bir qədər qərb tərəfə meyillənərək şamağacı ilə örtülmüş təpəni görənədək özü üçün nişanə kimi seçdiyi Dendas dağını gözdən qaçırmırdı. Hər il öz sürüsü ilə bu təpəyə gəlib altı həftəyə yaxın bir müddəti orada yaşayırdı. Hər səhər qarğalar üç dəstəyə bölünür, yem dalınca çıxırdılar. Dəstələrdən biri cənuba – Atbric buxtasına, digəri şimala – Don çayı səmtinə, üçüncüsü, ən böyüyü isə şimal-qərbə uçurdu. Üçüncü dəstəyə Gümüşxalın özü başçılıq edirdi. Digər dəstələrin başında kim dururdu, bundan xəbərim yoxdur.

Əgər səhər açılanda hava sakit olurdusa, qarğalar lap göyə millənir, tez də uçub gedirdilər. Küləkli havalarda isə quşlar küləkdən dərədə qorunaraq alçaqdan uçurdular. Mənim pəncərələrim də elə həmin dərəyə açılırdı. Qoca dəstəbaşını ilk dəfə l885-ci ildə gördüm.

Bu yerlərə yaxınlarda gəlmişdim və burada çoxdan yaşayan birisi dəstəni göstərərək belə dedi:

– Bax o qoca qarğa iyirmi ildən çoxdur ki, ilin bu vaxtı dərənin üstü ilə uçur.

Gümüşxal həmişə inad göstərib köhnə yolu ilə uçurdu, baxmayaraq ki dərədə artıq məskunlaşanlar vardı, evlər tikilmişdi və mən də tezliklə onu yaxşı tanıyaraq başqa quşların arasından seçməyə başladım. Mart ayında və aprelin birinci yarısında, sonra isə yayın axırı və payızın əvvəlində hər gün iki dəfə mənim yanımdan ötürdü.

Onun bütün hərəkətlərinə göz qoyur və dəstəsinə necə əmrlər verdiyini eşidirdim. Yavaş-yavaş anladım ki, qarğalar çox ağıllıdırlar, özlərinin dili və insanlarınkına çox bənzəyən ictimai quruluşları var.

Bir dəfə dərənin üstündən keçən hündür körpüdə durmuşdum. Küləkli bir gün idi, birdən gördüm ki, qoca qarğa sərgərdan dəstəsinin başında evə dönür. Hələ yarım millik məsafədən onun razılıq dolu, mənası “Hər şey yaxşıdır, yolunuza davam edin!” olan qarıltısını eşidə bildim.

Gümüşxal “Qar, qar!” edərək qarıldayır, onun köməkçisi isə dəstənin lap axırından başçının komandasını təkrarlayırdı. Yuxarılarda bərk külək olduğundan onlar alçaqdan uçurdu. Lakin üzərində durduğum körpü quşları daha yüksəklərə qalxmağa məcbur etdi. Gümüşxal məni gördü və onlara diqqətlə baxmağım heç xoşuna gəlmədi. Uçuşunu ləngidib qışqırdı: “Qar!”, yəni “Ehtiyatlı olun!” və elə həmin an da yuxarı milləndi.

Lakin mənim silahlı olmadığımı görəndə aşağı enərək lap başımın üstündən keçdi və qalan qarğalar da belə etdi. Körpünün üstündən keçən kimi dəstə əvvəlki hündürlüyə endi.

Ertəsi gün həmin yerə gəlib yenə körpünün üstündə dayandım. Qarğalar yaxınlaşanda əlimdəki ağacı qaldırıb özümü elə göstərdim ki, guya quşları nişan alıram. Qoca dəstə başçısı elə o dəqiqə öz çığırtısı ilə hamını xəbərdar etdi. Elə bil deyirdi: “Özünüzü gözləyin – tüfəng!”

Köməkçisi bu çığırtını təkrar etdi və dəstədəki hər bir quş yüksəyə qalxıb güllə mənzilindən uzaqlaşdı. Təhlükəli yeri keçəndən sonra onlar yenə özlərini təhlükəsizlikdə hiss etdikləri vadiyə sığındılar.

Başqa bir dəfə vadi üzərindən ötərkən onların yolunun üstündə olan ağaca bir qızılquyruq qırğı qondu. Qoca qarğa elə həmin an çığırdı: “Qırğı! Qırğı!” – və uçuşunun sürətini azaltdı. Qalan qarğalar da ona çatanda eyni şeyi etdilər. Bütün dəstə sıxlaşdı. Qarğalar sıx uçanda qırğı təhlükəli olmur. Lakin dörddəbir mil sonra quşlar əlitüfəngli adam gördülər və elə həmin an məxsusi, ciddi təhlükədən xəbərdar edən qarıltı səsləndi. Sanki başçı öz dəstəsinə belə deyirdi: “Ehtiyatlı olun! Tüfəng! Müxtəlif səmtlərə dağılın!” Bu çığırtı kəskin idi, bir neçə dəfə təkrarlandı: “Qa, qa, qa, qa, qarr!”

Qarğalar da o dəqiqə yuxarı, yanlara seyrələrək çağırışa tabe oldular və bu minvalla güllə məsafəsindən uzaqlaşdılar.

Bu dəstə ilə uzun müddət tanışlıqdan sonra qoca başçının işarələrindən çoxunu öyrənmişdim, onları fərqləndirə bilirdim. Əmin oldum ki, zahirən bir-birindən az fərqlənən səslər, əslində, tamam başqa mənaları ehtiva edir; məsələn, bəlli vəziyyətdə qarıltı qırğının, ya da hər hansı başqa təhlükəli heyvanın göründüyünə dəlalət edirsə, başqa halda “Dön!” mənasında olur. Görünür, burada iki siqnal qarışır: biri – təhlükə bildirən, ikincisi – geri çəkilməyə işarə edən. Sadə qarıltı – «Qar, qar!» isə “Salam!” mənası daşıyır və yanından ötən yoldaşa ünvanlanır. Daha bir qarıltı var və bu komanda, adətən, bütün dəstəyə verilir, onun mənası isə “Diqqət!”dir.

Aprelin ilk günlərində qarğalar arasında yaman çaxnaşma başlandı. Qarğalar səhər açılandan axşamadək yem dalısınca uçmaq əvəzinə, günün yarısını şamağaclarının arasında keçirirdilər. İkibir-üçbir bir-birini qovur, hərdən isə elə bil uçuşda yarışırdılar. Onların sevimli əyləncəsi yüksəklikdən qoparaq budaqda əyləşən başqa bir qarğanın üstünə şığımaq, lap çatanda isə son anda, aralarında tük qədər məsafə qalanda yolunu dəyişərək qəflətən sürətlə göyə millənmək idi. Qalxanda elə bərk qanad çalırdılar ki, səsi uzaqdan eşidilən ildırımın sədasını andırırdı. Bəzən görürdün ki, qarğalardan biri lələklərini qabardıb başını yana əyir və başqa qarğaya lap yaxın uçaraq sürəkli bir qarıltı çıxarır: “Qr-r-r-ay!”

Bütün bunların mənası nə idi? Tezliklə məsələnin nə yerdə olduğunu öyrəndim. Bu, erkək quşların dişilərə qulluq göstərdiyi mövsüm olurdu. Erkək qarğalar qanadlarının, səslərinin gücünü nümayiş etdirirdilər və görünür ki, nümayiş etdirdikləri istedadları layiqincə qiymətləndirilirdi, çünki aprelin ortasında qarğalar cüt-cüt bölünərək müxtəlif səmtlərə uçub getdilər ki, bal aylarını sakitlikdə keçirələr. Kestl Frankın tündrəngli, qoca şamağacları boşaldı.

2

Şəkərdağ adlı təpə Don çayının vadisində tənha ucalır. Onun üzəri Kestl Frankın meşələrinə qovuşan meşəliklə örtülüb. Bu iki meşə arasındakı sahədə təpəsində tərk edilmiş qırğı yuvası olan bir şamağacı var. Torontodakı hər məktəbli bu yuvaya yaxşı bələddir, amma kimsə onun yaxınlığında həyat nişanəsi görməyib; bircə mən bir dəfə orada qara dələ vurmuşam. Bu köhnə, yarıuçuq yuva illər uzunu orada idi. Amma hər halda, hələ sona kimi dağılmamışdı.

Bir may səhəri dan yeri söküləndə evdən çıxaraq meşə ilə sakitcə getməyə başladım. Yerə tökülərək örtüyə çevrilən sarı yarpaqlar elə islanmışdı ki, bircə xışıltı belə eşidilmirdi. İş elə gətirdi ki, mən düz köhnə yuvanın altından keçəsi oldum və yuvadan qara quş quyruğunun çıxdığını görəndə yaman təəccübləndim. Ağacın gövdəsinə bir zərbə endirdim, yuvadan bir qarğa uçdu. Sirr açılmışdı. Mən çoxdan şübhələnirdim ki, hər il bu şamağaclarında hansısa qarğa cütlüyü öz yuvasını qurur, amma indi gördüm ki, bu, Gümüşxal ilə rəfiqəsi imiş. Onlar bu köhnə yuvaya yiyələnmişdilər, lakin o qədər uzaqgörən idilər ki, onu hər bahar yeniləmir, məskun görkəm vermirdilər. Bu yuvada tam təhlükəsizlik içində yaşayırdılar, baxmayaraq ki onun altından hər gün əlitüfəngli, qarğa vurmaq həsrətiylə alışıb-yanan kişilər, oğlanlar keçirdi. Amma qoca qarğanı orada bir də görmək heç mənə də nəsib olmadı, hərçənd ki yuvanı hətta durbinlə belə süzürdüm.

Bir dəfə, adətim üzrə, müşahidələrimlə məşğul olanda Don çayı vadisi üzərindən uçan qarğa gördüm. Dimdiyində nəsə ağ bir şey tutaraq çaya tərəf uçurdu. Çayın kənarında həmin ağ şeyi dimdiyindən buraxdı. Bir qədər də diqqətlə baxanda köhnə dostumu – Gümüşxalı tanıdım. Bir dəqiqədən sonra o buraxdığı ağ şeyi təzədən götürdü – bu, balıqqulağı idi – və yoluna davam etdi. Çayın üstündən keçərək bataqlıq otlarının arasında torpağı eşib bir yığın balıqqulağı, ağ, parıldayan daşlar çıxardı. Onları günün altına düzür, çevirir, növbə ilə dimdiyinə alıb qaldırır, təzədən yerə qoyur, quş yumurtasıymış kimi üstünə oturur, xəsis tacir sərvətinə baxan kimi acgözlüklə baxır, əylənirdi. Bu onun şakəri idi. Təbii ki, niyə belə etdiyini, bu qəribə əşyalardan niyə xoşu gəldiyini izah edə bilməzdi, necə ki hər məktəbli oğlan nədən poçt markaları topladığının, nədən bir qız yaqutdan çox mirvarini sevdiyinin səbəbini izah edə bilməz. Amma hər halda, bununla məşğul olarkən aldığı zövq ən səmimi bir hiss idi. Yarım saata yaxın oynayandan sonra o öz sərvətinin üstünü yenidən torpaqla, yarpaqlarla basdıraraq uçub getdi.

Mən elə həmin dəqiqə o yerə yollandım, qarğanın anbarına baxdım. Orada bir qalaq ağ daş, balıqqulağı, tənəkə qırıqları vardı. Aralarında bir çini çaydan qulpu da görünürdü. Yəqin, bütün kolleksiyasının ən qiymətli nümunəsi də məhz o idi. Amma bu sərvəti bir də seyr etmək mənə nəsib olmadı. Gümüşxal mənim onları tapdığımdan haradansa xəbər tutdu və anbarının yerini dəyişdi. Təzə anbarının harada olduğunu isə öyrənə bilmədim.

Gümüşxal çox macəra görmüşdü, təhlükədən dəfələrlə qurtula bilmişdi. Bir dəfə bir qırğının onun dalınca necə düşdüyünü görmüşəm. Dalınca düşüb onu ovlamaq istəyən yırtıcı quşlardan tez-tez qaçası olurdu. Xüsusilə də meşəxoruzu lap zəhləsini tökürdü. Əlbəttə, bu xoruzlardan ona nəsə bir ziyan dəydiyini söyləmək olmazdı, amma bu quşlar o qədər səs-küylü idi ki, onlardan tez uzaqlaşmağa çalışırdı. Yaşlı adamlar da səs-küylü, zəhlətökən oğlanlardan beləcə qaçırlar.

Onun özünün də bəzi qəddar adətləri vardı; məsələn, hər səhər balaca quşların yuvalarını axtarmağa yollanır və tapdığı yumurtaların hamısını yeyirdi. Qarğa bunu xəstəni bəlli vaxtlarda müayinəyə gələn həkim dəqiqliyi ilə edirdi. Amma bu şakərinə görə onu qınaya bilmərik: axı özümüz də hinə girib eyni işi görür, öz toyuqlarımızla eləcə davranırıq.

Qarğanın fərasəti məni tez-tez mat qoyurdu. Bir dəfə onun dimdiyində bir tikə çörək yarğan boyu uçduğunu gördüm. Həmin vaxt aşağıda, düz onun altında fəhlələr kərpicdən boru tikirdilər. Çayın iki yüz yardlıq bir hissəsi artıq tamam bağlanmışdı. Gümüşxal çayın açıq hissəsi üzərindən uçarkən qəflətən çörəyi dimdiyindən yerə saldı. Çörək axara düşüb çayaşağı getdi və tuneldə gözdən itdi. Gümüşxal aşağı endi. Əvvəlcə diqqətlə tunelin zülmətinə baxdı, sonra isə elə bil qəflətən ağlına xoşbəxt bir fikir gəldi. O, üzüaşağı, axar boyu tunelin o biri başına uçdu, orada durub suyun çörəyi çıxarmasını gözlədi.

Gümüşxal, həqiqətən, bəxtəvər qarğa idi; bəxti daim ona yar olurdu. Özü elə bir yerdə yaşayırdı ki, təhlükə ilə dolu olsa belə, yem sarıdan heç kasadlıq yox idi. O hər il öz rəfiqəsi ilə köhnə, yarıuçuq yuvada məskunlaşırdı və bu yuvanı heç mən belə əməlli-başlı müşahidə edə bilmirdim və qarğalar öz balalarını məhz orada sağ-salamat çıxarır, böyüdürdülər. Qarğalar yenidən dəstələrdə birləşəndə isə o, yenə quşların hamısı tərəfindən qəbul edilən başçı olurdu.

Dəstənin toplanışı, adətən, iyun ayının axırlarında olurdu. Valideynlər özləri ilə qısaquyruq, yumşaqqanad və cır-cır səsli, lakin boy etibarilə artıq böyüklərə çatmış balalarını qoca şam meşəsinə, dəstənin toplandığı yerə gətirirdi. Qarğalar üçün həm məktəb, həm də bir qala olan bu qoca meşədə cavanlar ilk dəfə cəmiyyətə daxil olurdu. Burada onlar tam təhlükəsiz şəraitdə idi, çünki hündür budaqlarda etibarlı qorunan sığınacaqlar da burada idi və onların təhsili məhz burada başlanırdı. Cavanlar hər qarğanın bilməli olduğu sirlərə burada yiyələnirdi.

Əvvəlcə gənc qarğalar bir-biri ilə tanış olurdu, çünki qarğa cəmiyyətinin qanunlarına görə, dəstədəki hər qarğa onun bütün üzvlərini mütləq tanımalıdır. İndi valideynlər balalarını yedirtməkdən, tərbiyələndirməkdən dincələ bilərdilər, çünki körpələri artıq böyümüşdü, özlərinə yem tapa bilərdi.

Təxminən iki həftədən sonra tük tökümü başlayırdı. Belə günlər qoca qarğalar, adətən, çox əsəbi, qəzəbli olurdu. Onlar gəncləri öyrətməkdə davam edir, cavanların isə tükü tökülən müəllimlərdən heç xoşları gəlmirdi. Qoca Gümüşxal çalışqan müəllim idi. Bəzən sanki tələbələri qarşısında nitq söyləyirdi. Onun nə dediyini, təbii ki, mən tapa bilməzdim, amma nitqinə dinləyicilərin münasibətindən nəticə çıxarsam, deyə bilərəm ki, onun çıxışları maraqlı olması ilə fərqlənirdi.

Cavan qarğalar hamısı bir yerdə yox, lap insanların məktəbi kimi, sinif-sinif bölünərək dərs keçirdi: bir qədər böyük qarğa balaları bir sinifdə, onlardan cavanları digərində toplanırdı. Sentyabr ayı üçün səs-küylü, sarsaq qarğa balalarının başına artıq ağıl qoymaq mümkün olurdu. Gözlərinin körpələrə xas olan incə mavi rəngi yetkin qarğaların tünd-qəhvəyi rəngi ilə əvəz olunurdu. Onlar artıq cücə deyildilər, yaşlı qarğanın bilməli olduğu hər şeyi öyrənmiş, ehtiyatlı olmuşdular. Onlar tüfəngin və tələnin nə olduğunu, zəhərli həşəratları yeməlilərdən ayırmağı öyrənmişdilər. Öyrənmişdilər ki, qoca fermerin gonbul arvadı on beş yaşlı oğullarından xeyli yekə olsa da, daha az təhlükə kəsb edir. Onlar qardaşı bacıdan seçməyi bilirdilər. Onlar öyrənmişdilər ki, çətir tüfəng deyil. Önlar artıq altıyadək saya da bilirdilər və bu, cavan qarğalar üçün çox yaxşı göstəricidir, hərçənd ki Gümüşxal özü az qala otuzadək saya bilirdi. Artıq barıt qoxusu da onlara tanış idi və ağacların cənub tərəfini də seçə bilirdilər. Axırda, təbii ki, başladılar öz nailiyyətləri ilə qürrələnməyə, özlərini böyük kimi aparmağa. Uçuşdan sonra yerə enəndə qanadlarını mütləq üç dəfə bükürdülər ki, yaxşıca büküldüyünə tam əmin olsunlar. Onlar tülkünün öz naharının yarısından imtina etməsinə necə nail olmağın da yolunu bilirdilər və başqa quşlar – meşəxoruzu, suquzğunu hücum çəkəndə tez gizlənmək lazım olduğundan da xəbərdar idilər, çünki bu balaca düşmənlərlə vuruşmaq eynən zənbilindən alma oğurlanmış gonbul bir arvadın almanı oğurlayan balaca oğlanı tutmağa cəhd göstərməsi kimi bir şey idi. Bütün bunları cavan qarğalar artıq öyrənmişdilər, lakin başqasının yumurtasını oğurlamağı hələ bilmirdilər. Onların balıqqulağı haqda təsəvvürləri də hələ yox idi, hələ heç vaxt at gözünü dimdikləyib dadına baxmamışdılar, buğda görməmişdilər və ən yaxşı məktəb olan səyahətlər barədə heç bir məlumatları yox idi.

Sentyabr ayı qoca qarğaları çox dəyişdi. Tük tökümü başa çatdı. Onların lələkləri yenə çıxdı və qocalar yenə də öz gözəl geyimləri ilə qürrələnməyə başladı. Sağlamlıqları da bərpa olmuşdu, indi daha şux idilər. Hətta ciddi müəllim olan Gümüşxalın da kefi kök idi və artıq çoxdan ona hörmət bəsləməyi öyrənmiş cavanlar indi öz başçılarını, həqiqətən, sevməyə başlamışdı.

Onları yaxşı tərbiyələndirmişdi, bütün siqnallara, əmrlərə öyrətmişdi və indi səhər tezdən onlara baxanda ləzzət alırdı.

“Birinci dəstə!” – deyə qoca komandir qarğa dilində qışqıracaq və birinci dəstə də ona bir ağızdan hay verəcək.

“Uçun!” – və dəstə başçısının dalınca irəli uçur.

“Qalxın!” – və elə həmin an quşların hamısı göyə millənir.

“Toplanın!” – və hamı sıxlaşır.

“Dağılışın!” – və hamı bir göz qırpımında ağacdan qopan yarpaqlar kimi müxtəlif səmtlərə dağılır.

“Sıraya düzülün!” – və hamı bir xətt üzrə düzülür.

“Yem axtarın!” – və quşlar yerə qonub müxtəlif tərəflərə dağılır, iki daimi gözətçi isə qarovul çəkir: biri sağ tərəfdəki ağacda, digəri soldakı təpədə. İki dəqiqədən sonra Gümüşxalın “Tüfəngli adam!” demək olan qarıltısı eşidilir. Gözətçilər onun siqnalını təkrar edir və bütün dəstə elə o an qanad çalaraq dağınıq şəkildə ağaclara tərəf uçur. Ağacların arxasındakı təhlükəsiz yerə çatan kimi yenə sıra düzəldib öz doğma şam meşələrinə uçurlar.

Hər il noyabrda bütün dəstə cənuba uçur ki, müdrik Gümüşxalın başçılığı altında yeni ölkələrlə, təzə yemlə tanış olsun.

3

Qarğa yalnız gecə sarsaq olur və yer üzündə onun üçün təhlükəli bircə quş var, o da bayquşdur. Qaranlıqda bayquş ulartısı eşidiləndə qarğaların bütün vücudunu dəhşət götürür. Bayquşun hətta lap uzaqdan gələn ulartısı da qarğaları qorxudur. Onlar həmin dəqiqə başlarını qanadlarının altından çıxarıb oturur, bütün gecəni bu səsə qulaq verərək tir-tir əsirlər. Bərk şaxtalar düşəndə hərdən qarğaların gözü donur. Əgər qarğa başını qanadının altında gizlətməsə, kor olar.

Səhər açılanda qarğaların da cəsarəti qayıdır. Kefi kökələn quşlar meşələri dolaşmağa çıxır. Ulartısı ilə onları qorxutmuş bayquşu tapıb ya öldürür, ya da yarımcan edib, azı, iyirmi mil qovurlar.

1893-cü ildə qarğalar həmişəki adətlərinə uyğun Kestl Franka gəldilər.

İki gün sonra, dan yeri söküləndə onların arasında çaxnaşma başladı. Mən quşların nədən həyəcanlandığını öyrənmək üçün evdən tez çıxdım və birdən qarın üstündə küləyin sovurduğu bir neçə qara lələk gördüm. Küləyə qarşı getdim ki, bu lələkləri haradan gətirdiyini bilim və tezliklə bir qarğanın qanlı leşinə rast gəldim; yanında iri caynaqların qoşa izi vardı və bu iz mənə qarğanı bayquşun öldürdüyünü söyləyirdi. Burada baş vermiş döyüşün izləri hər tərəfdə görünürdü. Lakin quduz qatil, görünür ki, bədbəxt qarğadan qat-qat güclü idi. Onu oturduğu budaqdan gecənin zülmətində qapmışdı, qaranlıq isə düşmənə əməlli-başlı müqavimət göstərməyə imkan verməmişdi.

Mən quşun qalıqlarını çevirdim.

Birdən onun başını görüb qeyri-ixtiyari qışqırdım.

Əfsuslar olsun ki, bu, köhnə tanışım Gümüşxalın başı idi!

Gümüşxalın uzun, bütün dəstəsi üçün faydalı həyatı bitdi. Yüzlərcə cavan qarğanı qoruduğu bayquş öldürdü onu.

Şəkərdağ təpəsindəki köhnə yuva boşaldı. Qarğalar yazda elə əvvəlki kimi Kestl Franka gəlirlər, lakin məşhur başçıları daha onlarla deyil. Onun ölümü ilə qarğaların sırası yaman seyrəlməyə başladı və çox güman ki, tezliklə neçə əsrlərdən bəri əcdadlarının yaşadığı, həyat dərsi aldığı şam meşəsində qarğaların kökü tamam kəsiləcək…

SNAP[2 - Snap – qapdı (ing.)]

(bulteryerin əhvalatı)