banner banner banner
Albert Eynşteyn
Albert Eynşteyn
Оценить:
Рейтинг: 0

Полная версия:

Albert Eynşteyn

скачать книгу бесплатно

Albert Eynşteyn
Loran Seksiq

Tarixi yaradanlar
Bu kitab dahi alim Albert Eynşteynin elmi və ictimai xadim kimi fəaliyyəti, eləcə də şəxsi həyatı, daxili aləmi ilə bağlı oxucuda heyrət təəccüb doğuran faktlarla zəngindir.

Loran Seksiq

Albert Eynşteyn

İki şey sonsuzdur: kainat və axmaqlıq. Hərçənd kainatın sonsuzluğuna əmin deyiləm.

    Albert Eynşteyn

Kompas

Ötən illərin xatirələri, hətta ən adi əhvalatlar belə onun yadındadır: yeniyetmə çağlarında qatarla İtaliyadan keçməsi, qəzetlərin ilk səhifələrinə çıxan gurultulu bəyanatlar, Praqa küçələrində tək-tənha gəzintilər, Berlin Opera Teatrı qarşısında yandırılan kitablar… Keçmişin az qala hər anı gözlərinin qarşısından ötüb-keçir. Xəyala dalmaq kifayətdir. Budur, həyatdan köçmüş doğmaları yenə ona gülümsəyirlər. Alimlər kafedradan məruzə oxuyur, qoşun daş döşənmiş küçələrdə nizamla addımlayır. Keçmiş düşmənlərin, əbədi dostların səsləri eşidilir.

Ancaq keçmişdən, demək olar, heç nə qalmayıb. Sevdiyi, onu sevən insanlardan indi kim sağdır? Ətrafına nəzər salır. Özünü çoxdan baş vermiş fəlakətlərdən salamat çıxmış yeganə adam kimi hiss eləyir. Xoşbəxtlikdən yaddaşı toxunulmaz qalıb: uşaqlığa aparan yol oradan keçir. Münhendəki evlərindən bacısı Mayanın qəhqəhələri eşidilir. Manhettendə «ura» sədaları altında paradlar keçir. Berlin Akademiyasının amfiteatrında alqışlar səslənir. Anası pianoda sonatalar səsləndirir.

Ancaq 1955-ci ilin bir yaz günü xatirələrinin bağı qəfil qırılır. Hansısa xoş məqamı xəyalında canlandırmağa çalışır. Di gəl, yataq otağının pəncərəsindən düşən qürub günəşinin öləziyən şəfəqlərindən başqa heç nə görə bilmir. Bu işıq da həmişəki parlaqlığını itirib. O, saata baxır. Əqrəblər hərəkət etmir. Doğrudanmı ağlını itirib? Ona istirahət lazımdır. Oppenheymeri[1 - Robert Oppenheymer (1904–1967) – yəhudi əsilli Amerika fiziki, II Dünya müharibəsi dövründə ilk nüvə silahının hazırlanması məqsədilə gerçəkləşdirilən «Manhetten» layihəsinin elmi rəhbəri, atom bombasının «atası» sayılır.] müdafiə etmək məqsədilə yazdığı məktub onu əldən salıb. Bəlkə, əbəs yerə mübarizə aparır? Gücü tamam tükənib. Amma yox. Məgər FTB[2 - FTB – ABŞ Federal Təhqiqat Bürosu]-nin çirkab atdığı Oppenheymeri tək qoymaq olar? Axı o özü də hədəfdədir. Onu da üstüörtülü şəkildə satqınlıqda günahlandırırlar. Amerikaya xəyanət! Bu cür ittiham irəli sürməyə necə cəsarət eləyirlər?! Belə çıxır, Eynşteyn sovet casusudur? İyirmi beş il əvvəl isə Gestapo[3 - Gestapo – Alman Dövlət Gizli Polis Təşkilatı mənasına gələn «Geheime Staatspolizei» ifadəsinin qısaldılmış şəkli] onun başına pul qoymuşdu! İndi, 75 yaşında, «Azadlıq ölkəsi»ndə başının üstünü yenə qara buludlar alıb. Müdafiə olunmaq lazımdır…

Dünəndən ağrı kəsmir, elə bil mədəsinə xəncər soxurlar. Bəlkə, bu pis fikirləri ona təlqin eləyən də mədəsindəki ağrılardır? Yoxsa ağlı da azalır? Təcili həkimə getməyi məsləhət görürlər. Necə, həkimin qəbulunda vaxt itirmək?! Yerindən zorla dikəlir. Divardakı güzgüdə ani olaraq sifətini görür. Saçları pırtlaşıq qoca. Ağrılı təbəssüm. Sancı içini doğrayır. Pəncərəyə yaxınlaşır. İnstitutun həyətində gilənarlar çiçəkləyib. Sabah gəzintiyə çıxacaq. Rədd olsun həkimlərin qadağası!

Yazı stolunun arxasına keçir. Sakitləşib fikrini toplamağa çalışır. «Dünya hökumətlərinə müraciət»ini yazıb bitirməlidir. Hidrogen bombasının hazırlanmasına qarşı yenə öz etirazını bildirəcək. Rasselin manifestini[4 - İngilis alimi və ictimai xadim Bertren Rasselin nüvə enerjisindən hərbi məqsədlərlə istifadəyə qarşı çıxan manifesti] imzalayacaq. Ona qələm-kağız lazımdır.

Gözü komodun üstündəki kompasa sataşır. Bunu kim bağışlamış olar? Marağını saxlaya bilməyib ayağa qalxır. Yox, bu ki saniyəölçəndir. Deyəsən, lap ağlını itirib…

Birdən sanki bütün həyatı gözlərinin qarşısından ötüb-keçir…

Böyük partlayış

Ulm, 1879-cu il: Vürtemberqdə, Dunayın sol sahilində, dağların arasında kiçik orta əsrlər şəhərciyi. Ulm Berlindən və sonradan birləşdirildiyi Prussiyadan çox uzaqdadır.

Ştutqart, Münhen və Strasburqu arxada qoyan «xəyali səyyah» – 76 yaşlı Albert Eynşteyn fikrən Tirol dağlarından, Bavariya çəmənliklərindən keçib, dan yeri ağarar-ağarmaz Ulma yaxınlaşanda uzaqdan qotik üslubda tikilmiş kilsənin qülləsini görür. Şəhəri dövrələyən qala divarları gözə dəyir. Gün doğur, şəhərdə canlanma yaranır. Yolçu Ulma çatanda balıqçıların köhnə məhəlləsində artıq həyat qaynamağa başlayır. Şəhərin saysız-hesabsız fəvvarələrinin şırıltısı eşidilir. Əsnaflar göyərçin damlı evlərdə işləyirlər: toxuyurlar, qəlyan düzəldirlər. Bu qəlyanlar – yerlilərin fəxridir, onlara Avropanın hər yerində rast gəlmək olar.

14 mart 1879-cu il. Banhofştrasse – 135. Hər şey bax buradan, bu ünvandan başlayır. Yeni doğulmuş körpənin başı o qədər iridir ki, hətta anası narahat olur: «Həkim, bu təhlükəli deyil ki?! Bizim balaca Albert, görəsən, normal uşaqdır?» Həkim onu sakitləşdirir.

Kitabımızın əfsanəvi qəhrəmanının yaxşı-pis hadisələrlə, uğurlarla zəngin uzun həyat yolu belə başlayır…

Bir il sonra onun ailəsi maliyyə vəziyyətinə görə Münhenə köçməli olacaq və balaca Albertin yaddaşında Ulm barədə heç nə qalmayacaqdı. Ancaq bu şəhərin adı çəkiləndə nədənsə qəlbi həmişə titrəyəcəkdi. Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri olan Şvabiyanın özünəməxsus ləhcəsinin ahəngdarlığı, kənd şivəsi ilə alman ədəbi dilinin qarışığı həyatı boyu onu tərk etməyəcəkdi. İkinci arvadı Elza Eynşteyn də məhz həmin ləhcədə danışacaqdı. Bu qadın onun ömründə çox böyük rol oynayacaq, şöhrəti də, məhrumiyyətləri də onunla birlikdə yaşayacaq. Elzanın səsi itirilmiş keçmişin əbədi əks-sədası kimi daim qulaqlarında səslənəcəkdi. On illər ərzində sevdiyi qadının hər sözü bu adama öz soy-kökünü, gəldiyi yeri xatırladacaqdı…

Atası Germanla anası Paulina Ulm şəhərinə toydan sonra köçmüşdülər. Onları şəhərciyin sakit həyatı cəlb eləmişdi. Ulmu dövrələyən qala divarları isə insanda əminlik hissi oyadırdı: belə istehkamların arxasında adamın başına pis nə gələ bilərdi ki?!

Qəhrəmanımızın valideynləri bir parça çörək dalınca bu şəhərə üz tutublar. Ulmda kök salmaq, ailə qurmaq, dinc həyat sürmək istəyirlər. Hər şeydən əvvəl təbiət qoynunda gəzintilərdən, kitablardan və musiqidən zövq almağa çalışırlar. Yəhudi əsilli olsalar da, burada özlərinə qarşı heç bir kin-küdurət hiss etmirlər. Kənd camaatı yəhudilərlə yaxşı yola gedir. Əslində, Paulina və Germanda yəhudilikdən yalnız ənənələrə bağlılıq qalıb: indi onların məqsədi soy-köklərindən qopmamaq şərtilə almanlara qaynayıb-qarışmaqdır.

German axşamlar XIX yüzilliyin böyük alman şairi Heyneni (1797–1856), hərdən də alman romantik ədəbiyyatının görkəmli nümayəndəsi Şilleri (1759–1805) oxuyur, Paulina isə pianoda Bethovenin «Patetik sonata»sını çalır. Eynşteynin anası Bethoveni, xüsusən də bu sonatanı çox sevir.

German qardaşı Yakobla öz fabrikində hazırladığı dinamo-maşınlarını[5 - Mexaniki enerjini elektrik enerjisinə çevirən generatorlar] satmaq arzusundadır. Artıq dünya elektrik əsrinə qədəm qoyub. German texniki inqilab edəcək, yaşadığı şəhəri işıqlandıracaq. O hətta bütün Avropanı işığa qərq etmək istəyir.

German 1847-ci ildə Ulm yaxınlığındakı kənddə doğulub. Valideynləri riyaziyyatdan yaxşı baş çıxardığını görüb Ştutqarta oxumağa göndəriblər. Ancaq pulları olmadığından universitetdə təhsilini davam etdirə bilməyib, kəndə qayıdaraq işləməyə məcbur olub. German o dövrə görə xeyli gec, 30 yaşında evlənib. Həyat yoldaşı – daha zəngin ailədən olan Paulina ondan 11 yaş kiçik idi.

Lakin German arvadının valideynlərinin əlinə baxmaq fikrində deyildi. O, Ulmda hər hansı iş tapmağa ümid eləyirdi: gecə-gündüz çalışıb ailəsini dolandıra bilsə, onun üçün kifayət edir. Axı o, aza qane olan adamdır. Bu xasiyyəti sonralar oğlu Albertə də keçəcəkdi.

German öz ailəsilə meşədə gəzməyi, göldə qayıq sürməyi xoşlayır. İndi böyük külfət saxlamaq çətindir: iki, uzağı, üç uşaq bəsləridir. Özü də uşaqlardan biri hökmən oğlan olmalıdır.

Qoca Albert yaxşı bələd olmadığı Ulm şəhəri haqqında fikirləşir. O bu şəhərə necə gedib çıxdıqları barədə anasının danışdığı əhvalatlara saatlarla qulaq asıb. Böyüyüb dünyanı gəzəcək, yeni-yeni şəhərlər görəcək, amma daimi yaşayış üçün özünə bir yer seçə bilməyəcək… Əgər öz əlində olsaydı, ömürboyu Ulmda yaşayardı.

Yuxarıda da dediyimiz kimi, Albert bu şəhərin Banxofştrasse-135 ünvanındakı evdə dünyaya göz açıb. Bütün körpələr kimi anasının bətnindən ayrılanda çığırmağa başlayıb. Lakin bu səsdə nə sevinc, nə kədər, nə də qəzəb olub. Körpənin çığırtısı, sadəcə, onun bu dünyaya gəlişindən və artıq heç nəyin əvvəlki kimi olmayacağından xəbər verib…

Çox sonralar, daha dəqiq desək, 1945-ci ilin yazında müharibə Banxofştrassedəki evləri yerləyeksan etmişdi.

Ulm, 1879-cu il. Təəssüf ki, qala divarları ilə dünyadan təcrid olunmuş bu şəhərdə iş tapmaq çətindir. Ulmda texniki yeniliklər heç kimin maraq dairəsinə daxil deyil. Şəhər öz qəlyanları ilə kifayət qədər tanınır, Germanın dinamo maşınları nəyə lazımdır axı? Belə görünür, texniki tərəqqi heç vaxt bu şəhərin darvazalarından içəri girə bilməyəcək…

Bir il ötür. Germanın borcları üst-üstə yığılır. O, axşamçağı şəhərin küçələrini dolaşır. Bura yenicə köçüblər, ancaq deyəsən, çox qala bilməyəcəklər. Paulina isə artıq ikinci uşağa hamilədir. Ona elə gəlir, bu şəhərdə həmişə qaz lampaları yanacaq, səkiləri elektrik fənərləri işıqlandırmayacaq…

German artıq neçənci dəfədir ki, xəritəni açıb baxır. Çox uzağa getməyə lüzum yoxdur, dağların arasında yerləşən bir yer seçmək lazımdır. Göllərə və meşələrə yaxın olsun. Almaniyanın cənubunda yerləşən Ştutqart bu baxımdan ideal seçimdir. Lakin vaxtilə ailəsi bu şəhərdə xeyli çətinliklərlə üzləşdiyindən Ştutqart German üçün uğursuzluq simvoludur. Xəritədə bir yer də qırmızı dairəyə alınıb: Bavariya. O, Şvabiyanın lap yaxınlığında yerləşir.

Dunay sahilində son gəzintilər… Əlvida, Ulm!

Uşaqlıq illəri

Albert artıq ailədə tək uşaq deyil. 1881-ci ildə bacısı Mariya dünyaya gəlib. Sonralar onu «Maya» deyə çağırmağa başlayacaqdılar. Maya heç vaxt Alberti tək qoymayacaq, onun dostu, sirdaşı olacaqdı. Albertin tanış elədiyi adama ərə gedəcəkdi. Amerikada qardaşının yanında yaşayacaq, elə onun yanında da dünyasını dəyişəcəkdi. Maya həm də onun ilk bioqrafı olacaq, hələ 1924-cü ildə XX əsrin bu dahi şəxsiyyətinin həyat tarixçəsini yazmağa başlayacaqdı…

… Paulina və German yenicə köçdükləri Münhenin (Bavariya vilayətinin paytaxtı) mərkəzində yaşamaq istəmədilər. Səs-küydən xoşları gəlmir, sakitliyə öyrəşiblər, təbiətə yaxın olmaq daha yaxşıdır. Bazar günləri yaxınlıqdakı meşədə gəzir, göldə qayıq sürürlər. Bəzən də şəhərə yollanır, İngilis bağında dolaşır, isti şokolad içə-içə ətrafdan keçib gedən faytonlara baxırlar. Burada özlərini Ulmdakı kimi azad, sərbəst hiss edirlər. Onlara elə gəlir, ömürlərinin axırına qədər burada yaşayacaqlar…

Daxau kəndi Münhendən cəmi iyirmi beş kilometr aralıdadır. Kənddəki evləri böyükdür, otağın birini Yakob əmi üçün ayırıblar. O, işə ciddi yanaşır. Germandan fərqli olaraq Yakob valideynlərinin köməyi ilə təhsilini başa vura bilib, mühəndis olub. Riyaziyyatı, fizikanı gözəl bilir. İki qardaş vaxtaşırı uşaq gülüşlərinin sükutu pozduğu otaqda dinamo maşını üzərində əlləşirlər. Germanla birlikdə emalatxananın planını çəkib, hesablama aparacaqlar. Onlar elektrik müəssisəsi yaratmağa hazırlaşırlar. Paulinanın atası bunun üçün qardaşlara borc verib. Münhenin mərkəzində yer də götürüblər. Tezliklə burada Eynşteyn qardaşlarının konsorsiumu fəaliyyətə başlayacaq. Yakob mühəndislik eləyəcək, German isə mühasibatlıq işləri ilə məşğul olacaq. Münhendən sonra sırada Ştutqart və Berlin var. Bütün Almaniya sənayeləşmə yoluna qədəm qoyur. Dəmir yollarının inkişafı nəticəsində Münhen Mərkəzi Avropanın yolayrıcına çevrilir. Kəndlər boşalır, Münhensə çiçəklənir…

Albertin üç yaşı var. İndiyə kimi ağzından bircə söz də çıxmayıb. Dinməzcə oturub oyuncaq ev düzəldir. Hərdən əl saxlayır, çığırıb-bağırmağa başlayır. Deyirlər, babasına oxşayıb. Əvvəl uşağın başının çox iri olmasından təşvişə düşmüşdülər, indi də əqli inkişafı sarıdan narahat olurlar. Həkim onlara toxtaqlıq verir: refleksləri yaxşıdır; yerişi bir az yöndəmsiz olsa da, normaldır; beyni də, deyəsən, qaydasındadır. Ancaq ata-ananın narahatlığı keçib-getmir: görəsən, niyə zarafatcıl Germanla mehriban Paulinanın oğlu belə qaradinməzdir? Üzündən qəm-qüssə əskik olmur. Niyə öz yaşıdları kimi uşaq oyunlarına maraq göstərmir? Heç dayəsi ilə də oynamır. Hərəkətlərindən ağırlıq duyulur. Nadir hallarda gözlərində parıltı görünür. İntəhası, hərdən fikrə getdiyi yerdə qəflətən başını qaldırıb böyüklərə diqqət kəsilir və o vaxt sanki möcüzə baş verir. Albert maraqla onlara qulaq asır. Fortepianonun arxasında oturan anasını heyranlıqla süzür. Paulinanın barmaqları pianonun dillərində gəzişdikcə Motsartın ilahi musiqisi otağa yayılır. Uşaq sanki bir anda canlanır.

Sonralar dünyanı qarış-qarış gəzdiyi vaxt pianonu daşımağın çətin olacağını sanki əvvəlcədən hiss edirmiş. Odur ki skripkanı seçir və bu alətə ömürlük bağlanır. Bundan sonra musiqi onun əyləncələrindən birinə çevrilir. Zamanı gəlincə Nyu-Yorkun Karnegi-holl konsert zalında Şubertin, Sürixdə xəstə oğlu ilə Baxın əsərlərini çalacaq, Belçika kraliçası ilə birlikdə kamera musiqisi ifa edəcək…

Albertin beş yaşı var. Həftənin bəzi günlərində onunla skripka müəllimi məşğul olur. Əlbəttə, ilk məşğələlər məktəbdəki yunan dili dərsləri kimi darıxdırıcı keçir. Ancaq o, skripkanı atmır, çünki musiqidə nə qədər böyük xoşbəxtlik gizləndiyini əvvəlcədən hiss eləyir. On üç yaşında artıq Motsartın bütün sonatalarını çala bilir.

Günlərin bir günü atası Albertə kompas bağışlayır. Bəlkə də, başqa uşaqlar üçün bu adi əşya idi, ancaq əqrəblərin titrəyişi Albertin ağlını başından alır. Çarxı nə qədər bərk fırlatsan da, əqrəb öz bildiyi istiqamətə yönəlir. Əgər kompas insan əlinin hökmünə müqavimət göstərirsə, deməli, ona insandan daha güclü bir qüvvə təsir göstərir. «Dünyaya gözəgörünməz qüvvələr hökmranlıq eləyir!» – daim axtarışda olan uşaq üçün gəldiyi bu qənaət böyük əhəmiyyət kəsb edir. Albert lap kiçik yaşlarından ali qüdrətə inanırdı. Ancaq onu da başa düşürdü ki, kompasın əqrəblərini döndərən Yaradanın əli deyil. Bu nəsə başqa bir şeydir…

Yeddi yaş… Artıq məktəbə getmək vaxtıdır. Germanla Paulina təhsil sisteminə böyük ümid bəsləyirlər. Fikirləşirlər ki, başqa uşaqlarla təmas Albertə yaxşı təsir eləyər, üzü gülməyə başlayar, ünsiyyət qurmağı öyrənər. Hətta, bəlkə, onları narahat edən qəribə vərdişini (Albert uşaq vaxtı bərkdən dediyi hansısa sözü sonra bir də yavaşdan, sanki özü üçün təkrar edirmiş) də tərgidər.

Münhendə ilk dərs günü… Uşaq məktəbə həvəssiz gedir. Başını aşağı salıb məktəb koridorlarından keçir. Suvağı tökülmüş divarlar, köhnə sinif otaqları… Sinifdən gələn ürəkbulandırıcı qoxu ömürboyu ondan əl çəkməyəcək.

Münhen məktəblərinin ibtidai siniflərində az qala hərbi nizam-intizam hökm sürürdü. Sanki hər müəllimin arxasında bir Bismark[6 - Otto fon Bismark – Almaniyanın I kansleri (1871–1890)] dayanıb. Elə bil müəllimlərə tapşırılıb ki, sözəbaxan, üzüyola, nizam-intizama əməl edən gənclər yetişdirsinlər. Müəllimin sözü – qanundur! Nəyəsə maraq göstərmək, tənqidi fikir bildirmək qadağandır. Doğrudanmı bu yalnız ona – Albertə belə gəlirdi?

Albert başqa uşaqlara qaynayıb-qarışmır. Həyətdə oynamır, yaşıdları ilə gəzməyə getmir. Sakit bir guşəyə çəkilib kitab oxumağa üstünlük verir. Həmin vaxt Münhendə belə bir ənənə vardı: hər həftə əsgərlər təbil sədaları altında küçələrdə addımlayır, böyüklər əl çalır, uşaqlar isə onların arxasınca qaçışırdılar. Lakin Albert həmin uşaqlara qoşulmur. O özünü əsgər kimi təsəvvür eləyə bilmir. Hərbi orkestrdən isə lap zəhləsi gedir. Hərbi marşlar onu özündən çıxarır.

Albert sinifdə yeganə yəhudidir. Aralarında kobudluq, dava-dalaş olmasa da, sinif yoldaşlarının milli mənsubiyyəti ilə bağlı atmacaları, tikanlı sözləri ona bu uşaqlardan fərqləndiyini, onlar kimi olmadığını hiss elətdirir.

Albert oxumağa başlayan kimi, ravvinin[7 - Ravvin – yəhudilərdə din xadimi, ruhani] şagirdi Tövratı öyrətmək üçün müntəzəm olaraq onların evinə gəlir. O, Bibliyada təsvir olunan əhvalatlara maraq göstərir, hətta özündən dualar quraşdırır. Lakin bu həvəs on iki yaşında qəfildən yoxa çıxır. Yaradanın şəninə qoşduğu dualar da beləcə sona çatır. Həmin vaxt Albert artıq sitayiş üçün özünə başqa bir obyekt tapmışdı. Bu, Evklid həndəsəsi[8 - Evklid həndəsəsi (və ya elementar həndəsə) – e.ə. III əsrdə qədim yunan riyaziyyatçısı Evklid tərəfindən elmə ilk dəfə daxil edilmiş, aksiom sisteminə əsaslanan həndəsi nəzəriyyə] idi. O, dünənə kimi Bibliya tanrısına necə tapınırdısa, indi elm adlı «din»ə də o cür sitayiş etməyə başlamışdı.

Münhen, 1891-ci il. İki il əvvəl Luitpold gimnaziyasının qapıları onun üzünə açılıb. Burada latın və yunan dilləri təhsilin bünövrəsi sayılır. Albertin sevdiyi riyaziyyat isə ikinci dərəcəli fənn hesab olunur. Gimnaziyada müstəqil fikir söyləmək qiyama bərabər tutulur. Şagirdlər bura mühakimə yürütməyə yox, öyrənməyə gəliblər. Uşaqların həyətdən eşidilən səs-küyü, müəllimlərin amiranə qışqırıqları başına düşür.

O, məktəbdən evə həmişə tək qayıdır. Sinif yoldaşları ilə ünsiyyətdən ləzzət almır. Uşaqlıqdan təkliyi sevir. Onun yeganə həvəsi – elmdir. Əmisi Yakob Albertə cəbri öyrədir. O, rəqəmlərin sirrini coşqunluqla kəşf eləyir. Həndəsi fiqurlar isə Albert üçün tamam başqa aləmdir. On iki yaşında «Həndəsə» dərsliyini əlinə necə alırsa, bir daha yerə qoymur.

Ailə ənənəsinə uyğun olaraq Eynşteynlər hər cümə gününün axşamı bir kasıb tələbəni evlərinə yeməyə dəvət eləyirdilər. Münhendə belə tələbələrdən biri də tibb təhsili alan və əslən yəhudi olan polşalı Maks Talmud idi. O, Albertə oxumaq üçün dərsliklər gətirir. Uşaq ulduzların hərəkətindən tutmuş, dinozavrların doğulmasına qədər hər şeyi acgözlüklə oxuyur, kainatın sirlərinə bələd olur. Talmud onun kitablara olan marağına mat qalır. O, Alberti daha ciddi ədəbiyyata həvəsləndirməyə başlayır. Hətta ona Kantın[9 - İmmanuel Kant (1724–1804) – görkəmli alman filosofu və Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri] əsərlərini də gətirir. Bir neçə aydan sonra isə Talmud şagirdinin artıq onu üstələməyə başladığını etiraf edir.

Ailənin ən xoşbəxt günləri Münhendə keçir. Eynşteynlər hamısı bir yerdədir. Onların həyatında bir də belə dövr olmayacaqdı… Budur, German qonaq otağındakı kresloda oturub. Paulina Baxın prelyudasını çalır. Albert skripkada anasını müşayiət eləyir. Sonuncu not səslənən kimi Maya sevincək əl çalmağa başlayır.

German xoşbəxtdir. Onun arzusu həyata keçib. Eynşteyn qardaşları Münhendə elektrik lampaları hazırlayan müəssisə yaradıblar. Tezliklə dinamo maşınlarının istehsalına başlayacaqlar. Yakob artıq bütün çertyojları çəkib. Onlar Münhenin böyük bir məhəlləsini elektrik lampası ilə təchiz edirlər. Müəssisədə hazırlanan beş min fənər şəhərin küçələrini işıqlandırır. Ancaq elə bu vaxt onların rəqibi peyda olur. Bu, hazırda dünyanın ən nəhəng şirkətlərindən biri olan Simensdir. Eynşteyn qardaşları fəaliyyətlərini genişləndirə və rəqabətə davam gətirə bilmək üçün 1894-cü ildə on min mark[10 - Mark – Almaniyanın pul vahidi] borc almalı olurlar. German kommersiya direktoru kimi işini yarıtmır: gəlir-çıxarı düz hesablaya bilmir. Beləliklə, elə həmin ildəcə qardaşlar müflis olur və müəssisə bağlanır. Bununla da Eynşteynlərin bütün Almaniyanı işığa qərq etmək arzusu elə arzu olaraq da qalır.

Evi satmaq lazım gəlir. Münhendən də getməli olacaqlar. Onlar başqa ölkəyə köçmək haqqında fikirləşirlər. Çünki Almaniyada rəqabət həddindən artıq güclüdür. Eynşteynlər bu rəqabətə artıq heç cür tab gətirə bilməzlər.

Belə bir vaxtda German, deyəsən, çıxış yolu tapır. Yox, o təslim olmaq fikrində deyil! Sadəcə, sərhədi keçmək, işığı Alp dağlarının o biri üzünə, İtaliyaya aparmaq lazımdır. İtaliya artıq modernləşmə yolunu tutub. Qardaşlar orada öz şirkətlərinin nümayəndəliyini yaradırlar. Paulinanın zəngin valideynləri Milanla əlaqə qurur. Ailə Paviaya[11 - Pavia – İtaliyanın şimal-qərbində şəhər] köçmək qərarına gəlir. Çünki həmin vaxt Simenslər hələ Paviyaya gedib çıxmamışdılar.

Albertin on beş yaşı var. İtalyanca bir kəlmə də bilmir. Orta təhsil haqda attestat almaq üçünsə Münhendə hələ üç il gimnaziyada oxumalıdır. Deməli, sinif yoldaşlarının kinayəli atmacalarına düz üç il də dözməlidir. Ən başlıcası isə gimnaziyanı bitirəndən sonra onu orduya çağırış gözləyir: sərt nizam-intizam, alman qabalığı, hərbi musiqi, parad – bir sözlə, nifrət etdiyi hər şey qarşıdadır. Lakin İtaliyaya getsə, bütün bunlardan qurtular.

Bununla belə, xeyli götür-qoydan sonra Albert Münhendə qalmaq qərarına gəlir. Çünki təhsilini heç nəyə qurban vermək istəmir. Onun elmə olan həvəsi hərbi mundir qarşısındakı qorxusuna üstün gəlir.

Albert ailəsini ürək ağrısı ilə İtaliyaya yola salandan sonra özünə Münhendə ev kirayələyir. Lakin ailəsindən uzaq qalmaq onda ruh düşkünlüyü yaradır. Qüssədən dərslərdə otura bilmir. Müəllimlərin ciddiyyət yağan sifətinə baxanda anasının təbəssümünü xatırlayır. Axı 15 yaşlı yeniyetmə niyə öz doğmalarından uzaqda, yad adamların arasında yaşamalıdır? Albert artıq ədəb qaydalarına, nizam-intizama bir o qədər də riayət eləmir, müəllimlərin əmrlərini yerinə yetirmir. «Eynşteyn, sizdən heç nə çıxmayacaq!» – yunan dili müəlliminin həmin vaxt söylədiyi bu sözləri xatırlatmaq kifayətdir. Bir sözlə, gələcəyin böyük alimini sinif yoldaşlarına pis nümunə olmaqda günahlandırırdılar.

Aylar ötüb-keçir. Albert ailəsindən uzaqda özünü çox bədbəxt hiss eləyir. Gimnaziya ilə arasındakı uçurum get-gedə dərinləşir. Elə bu vaxt Maks Talmudun həkim qardaşı ona arayış verir ki, depressiyadan müalicə olunmaq üçün yarım il istirahət etməlidir. Albertə İtaliyaya, ailəsinin yanına getməyi məsləhət görürlər. Həmin vaxt onu yenə yunan dili müəlliminin yanına çağırırlar. Müəllim deyir ki, gimnaziyanı tərk etsə, yaxşı olar! Səbəb isə çox sadədir: məktəbdəki nizam-intizama mənfi təsir göstərir! Beləliklə, onu gimnaziyadan qovurlar. Albert xilas olur! O artıq Almaniyanı tərk edib ailəsinin yanına yola düşə bilər. Tezliklə Mayanı görəcək, anasının çaldığı sonataları dinləyəcək, Yakob əminin verdiyi tapşırıqları həll edəcək…

Qatarın pəncərəsindən Avstriyanın gözəl təbiət mənzərələri bir-birini əvəz eləyir: qarlı dağlar, qalın meşələr… Albert pəncərəni açır. Sinədolusu nəfəs alır. Təmiz hava başını gicəlləndirir. Gələcəyi hələ qarşıdadır. Artıq kəsif qoxulu yarıqaranlıq sinif otağında deyil. Oradan qaçmağa özündə cəsarət tapdı. Gələcək onundur. Cibində bir qəpiyi belə olmadan müflisləşmiş ailəsinin yanına gedir. Diplom haqqında düşünməyi isə özünə qadağan edib. O, həyəcanla füsunkar mənzərələri seyr eləyir. Dağlar necə də gözəldir! Həyat nə qədər möhtəşəmdir! Qaçdığı yerdə dünya haqqında təsəvvürü necə məhdud imiş. Bir daha ora qayıtmayacaq!

Qatarla Alpdan keçdiyi müddətdə cəsarətli qərar qəbul edəcək. Almaniya vətəndaşlığından imtina etmək niyyətindədir. 15 yaşında vətəndaşlığı olmayan insan! Sanki çiynindən ağır yük götürülür. Bu qərarın nə demək olduğunu yaxşı başa düşür. Üç il sonra Münhen kazarmasında onun soyadını çağıran leytenanta heç kim cavab verməyəcək. Beləcə, o, fərari sayılacaq. Yəqin, doğulduğu ölkəyə bir də qayıda bilməyəcək. Cəhənnəmə ki!..

Pəncərə şüşəsindəki əksinə baxır və… gülümsəyir. Neçə aydan bəri ilk dəfədir ki, üzündə təbəssüm görünür. O, azaddır. Qatar İtaliya sərhədini keçəndə bu xəbəri atasına necə deyəcəyini fikirləşir. Onun gülərüz sifəti gözünün qabağına gəlir. Həyəcanı bircə anda yoxa çıxır.

Paviada qatardan düşür. Məktəbi atıb, ölkəsini tərk edib, ancaq özünü heç vaxt bu qədər qətiyyətli hiss etməyib.

Evdə onu sevinclə qarşılayır, sorğu-suala tuturlar. Baş verənləri öyrənəndə narahat olurlar: məktəbi atmaq, fərarilik etmək? Doğrudanmı özünü təsdiqləməyin başqa yolu yox idi?

Albert terrasa[12 - Terras – eyvan, veranda, artırma] çıxıb mavi səmaya baxır. Skripkanı götürüb çalmağa başlayır. Germanla Paulina gözlərini ondan çəkmirlər. Bir yandan narahat olur, digər tərəfdən qürür hissi keçirirlər: belə cəsarətli uşağın başına pis nə gələ bilər axı?! Əlbəttə, onun bu qərarının qorxudan doğduğunu düşünənlər də tapılacaqdı. Ancaq on illər sonra Gestapo arxasınca düşəndə nasist təhlükəsi qarşısında yenə qorxmazlıq nümayiş etdirəcəkdi. Bir sözlə, hərbi xidmətdən yayınması Eynşteynin siyasi rejimə ilk etirazı olacaqdı…

Albert Milanın küçələrini gəzir, kilsəyə gedir, meydanlarda, fəvvarələrin ətrafında dolaşır. Münhenin tutqun havalarını yada salır. Bavariya dumanı İtaliya günəşinin şəfəqləri altında əriyib yox olur. O yenə ailəsilə birlikdədir və çox xoşbəxtdir.

Albert bir neçə həftədən sonra nənəsilə görüşmək üçün qatara minib Genuaya yola düşür. Nənəsi onu təntənə ilə qarşılayır. Albert özünü lap kral sarayındakı kimi hiss eləyir. Qohumlarının bu qədər varlı olduqları heç vaxt ağlına gəlməzdi… Ailənin işləri yoluna düşmür. Generator fabriki Münhendə olduğu kimi, burada da qısa zamanda tənəzzülə uğrayır. Albert tezliklə bir sənət öyrənməlidir. Bəlkə, haçansa atasının müəssisəsini qaydaya sala biləcək? Riyaziyyatdan yaxşı baş çıxarır. Kim bilir, bəlkə də, nə vaxtsa üzərində «Eynşteyn və oğlu» yazılmış lövhə hər yeri bəzəyəcək?

Ancaq buna hələ çox var. Cavan oğlan Almaniyanı həmişəlik tərk edib, dil bilmədiyindən İtaliya məktəbləri də üzünə bağlıdır. German oğluna yeni ölkə axtarmaq üçün xəritəni açır. Albertin özündən tez çıxan və tərs uşaq olduğunu yaxşı bilir. Odur ki Almaniya imperiyasının üstündən xətt çəkmək olar. Albert bir də ora qayıtmaz. Bəlkə, Vyanaya getsin? Albert başını bulayır: Vyananın Münhendən heç bir fərqi yoxdur. Bəs Fransa? Lakin məsələ burasındadır ki, Eynşteynlər ailəsindən hələ heç kimin ayağı Fransaya dəyməyib. Deməli, bu ölkənin üstündən də xətt çəkməlidirlər. Ancaq heyif, axı Fransa yəhudilər üçün ən münasib ölkə sayılır. Hətta bu barədə məsəl də var, kiminsə haqqında danışarkən deyirlər ki, filankəs Fransadakı yəhudi kimi xoşbəxtdir.

«Köhnə qitə»nin – Avropanın ortasında karandaşın hələ dəymədiyi işıqlı bir «ada» da var. German orada alman dilində təhsil verən və oğlunun yaxşılarla yarışa biləcəyi dünya səviyyəli məktəblərin olduğunu bilir. Albert razıdır, qoy İsveçrə olsun!

Dahinin oyanışı

İsveçrənin ən böyük şəhəri Sürix – Eynşteynin arzuladığı cənnətdir. Dərslərin yenilikçi metodlarla tədris edildiyi Ali Federal Politexnik Məktəbi – məşhur «Politexnikum». Bu məktəbin şöhrəti ölkənin sərhədlərini aşıb. Müəllimlər və tələbələr diqqətlə seçilir. Ancaq birinci kursa qəbul olunması üçün Eynşteynin yaşı çatmır. Deməli, iki il gözləmək lazım gələcək. Lakin ana tərəfdən qohumunun sayəsində Albert qəbul imtahanlarına buraxılır.

Qeyd edək ki, Albert Sürix vağzalına 1895-ci ilin oktyabrında düşmüşdü. O, yad şəhərdə, tanımadığı ölkədə yenə tək idi. Ancaq sanki bu vəziyyət artıq onu qorxutmurdu. Beləliklə, Albert mehmanxanada otaq götürür. Səhər məktəbə yollanır. Bu gün taleyi həll olunacaq. İmtahan – ən başlıca sınaqdır.

Riyaziyyatdan suallar onun üçün uşaq oyuncağı kimi bir şeydir. Texnologiya da həmçinin. Lakin əfsuslar olsun ki, burada fransız dilini mükəmməl bilmək tələb olunur, Eynşteyn isə bu dildə yalnız bir-iki söz bilir. Alman ədəbiyyatı? Bu onu xilas etməyəcək. Maraq dairəsinə daxil olmayan təbiət elmlərindən isə heç danışmağa dəyməz.

Bir neçə gündən sonra qəbul olunanların siyahısına həyəcanla göz gəzdirir. Lakin orada öz adını görə bilmir.

Şəhərdən getməyə hazırlaşdığı vaxt onu direktorun yanına çağırırlar. Direktor deyir ki, Albertin imtahandan aldığı qiymətlər başqa abituriyentlərin göstərdikləri nəticəni bir xeyli üstələyib. Onun yaşına görə bu, son dərəcə qeyri-adi hal hesab oluna bilər. Odur ki direktor Eynşteynə daha bir şans vermək istəyir. Sürix yaxınlığındakı Aarau qəsəbəsində orta məktəbə daxil olmasını məsləhət görür. Bu, dağların arasında yerləşən bələdiyyə məktəbidir. Albert fikirləşmədən razılıq verir.

Əlində çamadan qəsəbənin baş küçəsiylə ayaqlarını sürüyə-sürüyə gedir. İlk dəfədir gələcəyi sarıdan nigarandır. Başında cürbəcür suallar dolaşır.

Evlərində qalacağı ailə Alberti çox gözəl qarşılayır. Ailənin başçısı Yost Vinteler onu yanına oturdub, özü haqqında danışmasını xahiş edir. Nə danışsın? Ona otaq hazırlayıblar. Artıq Alberti də bu ailənin bir üzvü hesab edirlər. Vintelerin oğlu Paul onu qısqanmır. Kiçik qızları Mariya isə Alberti maraqla süzür: indiyə kimi hələ heç bir qız ona belə baxmayıb. Onların tez qurulan münasibəti zamanın sınağından keçməyəcək, Paul isə Albertin bacısı Maya ilə evlənəcəkdi.

Yost Vinteler yemək süfrəsi arxasında dünyadakı vəziyyətdən, siyasətdən uzun-uzadı söhbətlər eləyir. Müasir mütəfəkkirlərdən misal çəkir, Rusiyada baş verənlərdən danışır. Rus çarının taxt-tacı başqa dünya qurmağın mümkünlüyünə inanan gənclərin hərəkətləri nəticəsində laxlayıb. Marksın[13 - Karl Marks (1818–1883) – alman filosofu, siyasətçisi, sosioloqu, Marksizm nəzəriyyəsinin banisi], Leninin[14 - Vladimir Lenin (1870–1924) – rus inqilabçısı, SSRİ-nin qurucusu] adları çəkilir. Albert ağzını açıb maraqla qulaq asır. Onda siyasətə həvəs məhz bu evdə yaşadığı vaxt yaranır. Söhbət bəzən gecə yarısına qədər uzanır. Albert vaxtilə Talmuddan Rusiya barədə eşitdiklərini söyləyir. Yost ona demokratiyanın, sosializmin prinsiplərini başa salır, Marksın kitablarını verir. Ən başlıcası da ona müstəqillik ruhu, siyasi şüur aşılayır. Yost bu mənada Albert üçün bütün həyatı boyu mənəvi ata olaraq qalacaq.

Bir sözlə, bu böyük evdə Eynşteyn öz ikinci ailəsini tapır. Bələdiyyə məktəbində tədris metodları Münhen gimnaziyası müəllimlərinin amiranə göstərişlərindən çox fərqlidir. Burada həqiqi mənada uşaqları maarifləndirir, elm öyrədirlər. Tədris olunan nəzəriyyələrin təcrübədə təsdiqi üçün Albertin ixtiyarına müxtəlif cihazlar verilir. Bəlkə də, Albert məhz burada özünü fizik kimi kəşf edir. Riyaziyyatı həmişə başlıca məqsədi hesab etsə də, artıq yolunun başqa olduğunu anlayır. Həndəsə və cəbr bu yolda yalnız vasitədir, fikirlərini cilalamaq üçün alətdir. Albert sövq-təbii olaraq hiss edir ki, ağlını kainat sirlərinin izahına sərf etməlidir.

Məktəbin kitabxanası çox zəngindir. O hər şeyi birnəfəsə oxuyur. Böyük fiziklərin əsərlərini daha çox xoşlayır. Kainatın sirlərinin indiyə qədər necə izah edildiyini bilmək istəyir. Fizikanın yaradıcısı Aristoteli özü üçün kəşf edir. Bu yunan filosofunun onun sevimli fənni barədə yazdıqlarının hamısını oxuyur. Sonra Kopernik, Nyuton, Leybnits… Nəhayət, özünün müasirləri olan Max[15 - Ernst Max (1838–1916) – Avstriya fiziki], Plank[16 - Maks Plank (1858–1947) – alman fiziki, kvant nəzəriyyəsinin banisi], Maksvell[17 - Ceyms Maksvell (1831–1879) – ingilis fiziki], Hers[18 - Henrix Rudolf Hers (1857–1894) – alman fiziki]. O hər gün şər qarışana qədər bu kitabxanada elm dəryasına qərq olur.

Albertin on altı yaşı var. O, maqnit sahəsini öyrənir. Dağların arasında itib-batmış qəsəbədə yaşayan bu cavan oğlan artıq İsaak Nyutonun kəşflərinə, onun gəldiyi nəticələrə tənqidi yanaşır!

Bir il ötür. Albert bu bir ilini elmə, şəhərətrafı gəzintilərə, siyasi şüurunun yüksəlməsinə və Yost Vintelerin qızı Mariyaya həsr edir. Heç şübhəsiz bu zaman kəsiyini onun ömrünün ən gözəl dövrü hesab etmək olar.

1896-cı ilin sentyabr ayı. Sürix «Politexnikum»una qayıdış. Nəticələr onun gözləntilərini doğruldur. Albert «Politexnikum»a qəbul olunur. Bu məktəb riyaziyyat və fizika müəllimləri hazırlayır. On yeddi yaşlı Eynşteyn öz qrupunda ən gənc tələbədir. Təhsil müddəti dörd ildir. Sürixdə dolanışıq bahadır. Ana tərəfdən qohumlarının göndərdiyi pulla zorla dolanır. Valideynləri maddi cəhətdən ona kömək eləyə bilmirlər. Ailə çətin vəziyyətdədir. Germanın Milandakı müəssisəsi iflasa uğrayıb. O yalnız 1899-cu ildə özünə şəhər elektrik şəbəkəsində babat bir iş tapacaqdı. Lakin bundan cəmi üç il sonra vəfat edəcək və oğlunun hansı zirvələrə qalxdığını görməyəcəkdi…

Sürix onun Mariya Vintelerə olan sevgisinin üstündən xətt çəkir. Get-gedə məktubların arası kəsilir. Bu, Mariyanı depressiyaya salır. Ailələrin arzusu həyata keçmir. Paulina çox istəyirdi ki, Mariya onun gəlini olsun. Çünki qızın ailəsi yəhudi ənənələrinə sadiq idi. Bir də ki, yəhudilər yalnız yəhudi anadan doğula bilər. Övladlarından hansınınsa bu ənənəni pozacağı, başqa millətdən olan insanla ailə quracağı fikri Paulinanı əndişəyə salırdı. Necə yəni, Paulinanın nəvələri yəhudi olmayacaq?! O buna dözərmi? Nə etməli, həyatı proqnozlaşdırmaq mümkün deyil…

Albert təhsildən məmnundur: məktəbdəki müəllim heyəti ürəyincədir, tədrisin keyfiyyəti gələcəyin böyük aliminin tələblərinə cavab verir. Məktəbin direktoru Veber[19 - Henrix Veber (1843–1912) – alman fiziki], eyni zamanda fizika kafedrasına rəhbərlik edir. Veber şagirdinin qabiliyyətinə heyran qalıb. Albert isə onun timsalında, axır ki, arzuladığı müəllimi tapıb! Nəzəriyyələrini Veberin laboratoriyasında sınaqdan keçirəcəkdi. Təcrübə vaxtı baş verən partlayışda əlini zədələyəcək və bir müddət skripka çala bilməyəcəkdi.

Həmin dövrdə fizika bir elm sahəsi kimi artıq riyaziyyatdan ayrı tədris olunmağa başlamışdı. Albert inkişaf dövrünü yaşayan bu elmi öyrənməyə girişir. Təcrübələrə getdikcə artan marağı, həvəsi onu nəzəriyyədən uzaqlaşdırır. Riyaziyyata həvəsi sönür. O deyirdi: «Nəzəriyyəni təcrübə ilə yoxlamaq olar, ancaq təcrübədən nəzəriyyəyə aparan yol yoxdur». Albertin bu yanaşması müəllimi, riyaziyyat dahisi Minkovskini[20 - German Minkovski (1864–1909) – alman riyaziyyatçısı və fiziki] razı salmır. Eynşteyn sonralar «elmlərin şahı»na etinasızlıq göstərdiyinə görə peşman olacaqdı. Riyaziyyata həvəsinin qəfil sönməsi onun elmi axtarışlarını ləngidəcəkdi. Lakin nisbilik nəzəriyyəsi üzərində işləməyə başlayanda riyaziyyatla əlaqəni yenidən bərpa edəcəkdi.

«Politexnikum»da böyük dostluqların da əsası qoyulur. Avstriya sosial-demokratlarının lideri Viktor Adlerin oğlu, 1879–1960-cı illərdə yaşamış Avstriya siyasətçisi və inqilabçısı Fridrix Adler ona inqilab nəzəriyyələrini aşılamağa çalışsa da, buna nail ola bilmir. Fridrix 1916-cı ildə Avstriya baş nazirini qətlə yetirəcəkdi. Eynşteyn isə I Dünya müharibəsindən (1914–1918) sonra Adlerin vaxtından əvvəl azad edilməsi üçün düzənlənəcək kampaniyaya qoşulacaqdı.

Albert həmçinin gələcəkdə böyük tədqiqatçı kimi yetişəcək Marsel Qrossmanla (1878–1936-cı illərdə yaşamış İsveçrə riyaziyyatçısı) birlikdə Sürix institutunun yanındakı «Metropol» kafesinin ab-havasını dəyişəcək, Mikele Ancello Bessonun (1873–1955-ci illərdə yaşamış italiyalı mühəndis) şəxsində isə ən sadiq dostunu tapacaqdı.

O dövrdə Sürixdə kimlər yox idi: sürgün olunanlar, qaçqınlar, casuslar… Trotskinin[21 - Lev Trotski (1879–1940) – inqilabçı, sovet siyasi xadimi] yolu Sürixdən keçmişdi, Lenin bu şəhərdə yaşayırdı. Hər kəs burada özünü tamamilə sərbəst hiss eləyə, müxtəlif ideoloji baxışlar, dünyagörüşlər barədə azad şəkildə mübahisə apara, mühakimə yürüdə bilərdi. Bir sözlə, Eynşteyn gəlib dünyanın yolayrıcına çıxmışdı…

***

Mileva Mariç. Deyilənlərə görə, bu qadında gözəllik adına heç nə yox idi. Üstəlik, bir ayağını da çəkirdi. Ağırxasiyyətli Mileva həm də qısqanc və depressiyaya meyilli idi. Albertdən də üç yaş böyükdü. Milliyyətcə serb olan bu qadın fizika və riyaziyyata böyük maraq göstərirdi. Eynşteyn Milevayla 1898-ci ildə tanış olmuşdu. Heç kim onları bir-birinə yaraşdırmır: oğlan uşaqlıq illərinin əksinə olaraq indi hədsiz dərəcədə ünsiyyətcil, qız isə qapalı və utancaqdır.

Dini mənşəyinə görə xristianlığın pravoslav qoluna mənsub olan Mileva qatı yəhudi Paulinanın kabusuna çevrilmişdi. Qız gözəl, zərif olsa yenə dərd yarı idi. Üstəlik, tez-tələsik toy eləmək istəyir! Cibində siçanlar oynayan, vətəndaşlığı belə olmayan oğlan serb qaçqını ilə evlənə bilərdimi?

Paulina oğlunun Mariya Vintelerdən ayrılmasına təəssüf eləyirdi. Digər tərəfdən, Albert öz başını dolandıra bilmədiyi halda necə ailə qurmaq istəyir?

Paulina oğlunun Mileva ilə nikahının əleyhinə olduğunu gizlətmirdi. O, Alberti bu niyyətindən çəkindirməyə çalışırdı. Hətta oğlu ilə münasibətini kəsəcəyini bildirirdi. Ancaq bütün bu məzəmmətlər, təhdidlər işə yaramadı. Eynşteyn yalnız ikinci evliliyində anasının arzuladığı kimi mehriban, təmkinli, zərif və ən başlıcası, yəhudi ənənələri ilə böyümüş qadınla ailə quracaqdı. Həm də bu qadın onun qan qohumu, öz əmisi qızı olacaqdı!

Hələliksə Albertlə Mileva, nəyin bahasına olursa olsun, bir yerdə yaşamaq istəyirlər. Albert atasının köməyinə ümid bağlayır və yanılmır. German onun xoşbəxtliyinə qarşı çıxmır. Lakin 1902-ci ildə ata ürək tutmasından vəfat edir. 1903-cü il yanvar ayının 6-da isə Albertlə Mileva ailə qururlar.

Son aylar Albert məktəbdə sanki özünü idarə eləyə bilmir. Onu Münhen gimnaziyasını atmağa məcbur edən şeytan yenə içinə girib. Müəllimlərlə yola getmir, onlara rişxənd eləyir. Nəticədə müdiriyyətin qəzəbinə tuş gəlir. Professor Minkovski ilə əlaqəni müvəqqəti olaraq kəsir, Veberlə arası dəyir. Bununla belə, Eynşteyn 1900-cü ildə məzun olur və diplom alır. Ancaq Albert yeganə tələbə idi ki, ona məktəbdə qalıb müəllim işləmək təklif olunmur. Professorlardan heç kim Eynşteyni öz assistenti olaraq görmək istəmir. Veber aralarında olan xətir-hörmətə baxmayaraq ona kömək etmir. Beləliklə, Eynşteyni bu nüfuzlu məktəbin qapısından boşluğa itələyirlər.

1900-cü il: Eynşteyn – cibində qara qəpiyi belə olmayan işsizdir. Düz bir əsr sonra 1999-cu ildə isə «Taym» jurnalı onu «Əsrin adamı» elan edəcək.

Lakin hələ ki əsrin ilk günləri yaşanmaqdadır. Gələcəyin alimi çətinliklə də olsa, Şafhauzen adlı qəsəbədə repetitorluğa başlayır. Milevadan ayrılıb həmin qəsəbəyə yollanır. Orada gənc bir ingilisə riyaziyyatdan dərs deməlidir. Ancaq bir neçə aydan sonra qovulur: Alberti işə götürən şəxs onun davranışını «biabırçı», pedaqoji metodlarını isə «yarıtmaz» hesab edir.

Mileva hamilədir. O, pulları olmadığından yaşamaq üçün valideynlərinin yanına – Serbiyaya qayıdır. Eynşteynin həyatının ən müəmmalı dövrü də elə bu zamana təsadüf edir…