banner banner banner
Əmim Hamlet
Əmim Hamlet
Оценить:
Рейтинг: 0

Полная версия:

Əmim Hamlet

скачать книгу бесплатно

Əmim Hamlet
Eldəniz Qurtulan

Xatirə ədəbiyyatı #48
“XAN” Xatirə ədəbiyyatı silsiləsində 48-ci kitab olan “Əmim Hamlet” romanı vətəni Sovet İnqilabının kölgəsində qalan bir xalqın yaxın tarixindən və bu əsarətdən canını qurtarmaq üçün ölkəsindən qaçmaq məcburiyyətində qalan insanlardan birinin – yazarın atası Əjdər Babazadənin başına gələn faciələrdən bəhs edir.

ELDƏNİZ QURTULAN

Əmim Hamlet

“Xatirə ədəbiyyatı” silsiləsindən 48-ci kitab

Müəllif haqqında

Eldəniz Qurtulan 1932-ci ildə İranda anadan olub. İkinci Dünya Müharibəsində iki əmisi Sibirdə sürgündə ölüb, atası isə əvvəl ingilislər, sonra ruslar tərəfindən həbs edilib, müharibədən sonra azadlığa buraxılıb.

Atası başda olmaqla ailəsinin arzusu – ölkələr içərisində ən çox könüllərinə yatan Türküyədə yaşamaq olub. İş elə gətirib ki, bu ölkəyə tibbi təhsil almaq üçün öncə yazarın özü gedib. Burada Azərbaycan Qurtuluş Hərəkatı sıralarına qoşulub. Ankarada yayımlanan “Azərbaycan dərgisi” ilə illərlə əməkdaşlıq edib. Bundan başqa, “Cümhuriyət”, “Toplumsal Kurtuluş” və digər mətbu orqanları üçün məqalələr yazıb. Tibbə aid kitablar nəşr etdirib. Azərbaycan və fars ədəbiyyatından, xüsusilə Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Səməd Behrəngi, Anar, Elçin, Sadiq Hidayət, Əli Dərvişyan və Firudin Əhməd kimi imzaların hekayə və romanlarını Türkiyə türkçəsinə çevirib. Boş vaxtlarında çəkdiyi rəsmlər və yaratdığı heykəllərdən ibarət bir neçə dəfə sərgisi baş tutub.

Anamın xatirəsinə ithaf edirəm.

Məhəbbətlə… Həsrətlə…

1873

Abşeron yarımadasında Bakı kəndi Balaxanıda neft emalı ilə məşğul olan Sərkisov Qardaşları və Tağıyev Şirkətinin fəhləsi Cavad Axundov o gün iş saatının sonunda işdən uzaqlaşdırıldı. Bu, təkcə onun problemi deyildi. Buxarlı mexanizmlərin dövrəyə girməsiylə bir çox fəhlənin işsiz qalacağına şübhə yox idi. Buna görə, zavod təmsilçisi İstvan Darvas işdən çıxarılanların hər birinə ayrı-ayrı bəhanələr uydurmuş və bunları utanmadan qeyd dəftərinə yazaraq fəhlələrin gözlərinin içinə baxıb oxumuşdu.

– Sənə gəlincə, Cavad Axundov, gör nə vaxtdan bəri şagird kimi yanına göndərdiyimiz o gəncə heç nə öyrətmədin, üstəlik, bu gün onunla mübahisə etdiyini eşitdim! İndisə şələ-şüləni yığışdır, rədd ol burdan!

– Yox, yox, dalaşmadıq. Mən… mən nə lazımdırsa, hər şeyi öyrətdim ona. Buyurun, onun özündən soruşun… Elə deyil, Miri?

Bu, necə ola bilərdi? İşsiz qalsa nə edərdi? Birdən bütün bədəninində istilik hiss etdi, süstləşdi, başqa bir şey deyə bilmədi. Dizləri titrədi, başı fırlandı, gözlərinə qaranlıq çökdü. Bir balaca yer tapsaydı, belini ora söykəyib oturardı… Əlini alnına apardı; onu soyuq tər basmışdı, titrəyir, boğazı qurumuşdu. Bircə qurtum su olsaydı… Dönüb ətrafına boylandı. Miri bir az aralıda günahkar və boynubükük dayanıb ona baxırdı…

“Hardan gəlib çıxdı bu oğlan? Guya ki, uzaqdan qohumum imiş. Kim demişdi? Mən buna inanmıram. Yaramaz, ailəsinin sərvətini taladığı azmış kimi, mühəndislik məktəbini atıb, indi də gəlib fəhlə olmaq istəyir… Özü də neft quyusunda … Əşi, cəhənnəmə, belə qohumum yoxdur mənim. Olsa belə, mənim heç bir günahım yoxdur. Mən indi nə edim? O boyda külfəti necə saxlayım?” – deyə düşüncələrə dalmışdı.

Bir az kənərda İstvan Darvas işdən qovulan fəhlələrin əmrini oxumaqdaydı. O, rus dilini yaxşı bildiyi halda yerlilərlə danışarkən fərqində olmadan çətinlik çəkir, sözləri təkrar-təkrar seçib, güclə dilə gətirirdi. Miriyə gəlincə, başqa məsələ. Çünki onun rusçası əla idi.

– Bax, oğlum, səni idarəyə qəbul edirik. Sabah orda yeni işə başlayacaqsan. Dediklərimi yaxşı-yaxşı yadında saxla: orada ancaq işlə maraqlanacaqsan! Vaxtını boş yerə xərcləməyəcəksən! Və heç kimlə mübahisə etməyəcəksən!

Miriylə şirkətdən bir yerdə çıxdılar. Cavad kədərli və qəzəbliydi: onu nahaq yerə işdən qovana deyil, hətta buna səbəb olan Miriyə də deyil, “dalaşdılar” adıyla onları şərləyən çuğula hirsli idi.

– Bircə əlimə düşsə!

Halbuki, satqını ələ keçirsə belə, ona heç nə edə bilməzdi. Çünki o gücsüzdü, yorğundu, xəstədi, dərmansızdı. Yalnız o an üçün deyil, özünü tanıyandan elə bu cürdü. Həmişə də bir çətinliyə düşəndə “çarəsizəm” deyib, taleyə boyun əyərdi; əzilən sinifin bir üzvü kimi Yaradan onu belə yaratmışdı. Hər zaman da öz-özünə: “Nə olaydı, Tanrı çaşıb məni bu burulğandan çıxaraydı… Eh… Kim bilir, nə gözəl olardı onda…” – deyə fikirləşərdi.

Əzənlərin dəstəsinəmı qatsaydı onu Tanrı? Bu məsələdə də şübhəliydi…

İşdən qovulanları, təbii ki, heç birinin haqqını vermədən, qapının önünə qoyanda İstvan Darvas onlara, “Cəzalısınız! – demişdi. – Cəzalısınız, amma həftənin axırı idarəyə gəlin, bir şeylər fikirləşərik”.

Miri qolundan tutaraq onu birtəhər bayıra çıxardı.

– Kefini pozma, sənə daha yaxşı iş tapacağam. İnan mənə. Yaxşı tanışlarım var. Yəni adamlarım…

– Keçəlin dərmanı olsa, öz başına sürtər.

– Mənim dərdim başqadır. Fürsət olanda danışaram. İndisə gəl, sənə bir az borc pul verim. Evə belə əliboş getmə. Mən sabah gələrəm, bir yerdə iş axtarmağa çıxarıq.

Bütün quyu fəhlələri kimi bir az donqar, orta boylu, arıq bir adamdı Cavad; qaranlığa öyrəşmiş xırda gözləri tərtəmizdi.

O, iki ildir ki, mühəndisin işarət etdiyi yeri bir neçə adam boyu dərinliyində qazar, quyunun üzərinə qüllə və cihazlar yerləşdirər, sonra başqa bir qazıntı yerinə keçərdi. Bu günə qədər işləri həmişə razılıqla qarşılanmışdı, daha doğrusu, heç bir xataya yol verməmişdi.

Tək qalında dərindən nəfəs aldı. Səmaya baxdı. Hava qaralmışdı. Asta-asta evə doğru irəliləməyə başladı. Özü bilə-bilə gecikmək istəyirdi… Cibindəki pul onu bir qədər rahatlatsa da, Mirinin ona iş tapması nağılına inamı yoxdu. Ayaqlarını sürüyərək evə çatanda artıq gecə yarı olmuşdu. Ancaq küçə qapısı taybatay açıq idi. Evə girdi; həyət uzun dəhlizə bənzəyirdi; hər yan üfunət qoxuyan zibil qablarıyla aşıb-daşırdı. Beş fəhlə ailəsinin yerləşdiyi otaqlar həyətin səviyyəsindən bir metrəyə qədər hündürdəydi. Tək pəncərəli, alçaq tavanlı otaqların hər birinin arxasında başqa bir otaq, ümumi ayaqyolu, ümumi mətbəx…

Təkcə onun evinin pəncərəsindəki çırağın solğun işığı Cavadı şübhələndirdı. Cırıldayan taxta pilləkəni bir anda qalxdı. Qapıya yaxınlaşınca ağrıdan inildəyən arvadının səsi onu özünə gətirdi. Təlaşla içəri girdi. Həyat yoldaşı evin bir küncündə ağrıdan qıvrılırdı. Uşaqların üçü də özünü itirmişdi. Arvadının yanına gəldi, onu həyəcanla qucaqladı, başını sinəsinə söykədi. Tər içindəydi Xanım. Cavad dəsmalını çıxarıb arvadının alın və üzünün tərini sildi.

Sonra boğuq bir səslə:

– Yoxsa?.. – deyə soruşdu. Gözlədi.

Arvadı tərəddüdlə:

– Deyəsən, – deyə bildi, – gəlir…

Cavad Xanımın alnından öpüb uşaqlarına sarı boylandı:

– Tuti, üçünüz də qalxın, tez Nigar xalagilə gedin. “Anamın ağrısı tutdu” de, yubanmadan bizə baş çəksin. Anaxanım və Zibanı da özünlə apar. Üçünüz də onlarda qalın. Sən böyüksən, uşaqlara göz-qulaq ol!

Uşaqlar gedən kimi çarəsizliyi, dərdi-kədəri yenə də aşıb-daşdı. “Bu, lap yerinə düşdü”, – deyə acı-acı güldü içində…

Bir anda qonşu qadınlar otağa doluşdular. Hamısı durmadan danışırdı. Nigar amiranə səslə:

– Halal olsun, Xanım! Bu, nədir indi? Niyə xəbər vermirsən, qapıbir qonşuyuq, ayıb deyilmi?

Xanımın yerinə Cavad cavab vermək məcburiyyətindəydi, o da əzilə-büzülə:

– Haqlısınız, – deyə bildi. – Amma Xanımı yaxşı tanıyırsınız, heç kimə əziyyət vermək istəməz.

Sözünü bitirən kimi içindən: “Hə, mərhəmətlidi mənim arvadım, hələ bir oğlan doğsa…” – deyərək gülümsədi. İşdən qovulandan bəri ilk dəfə onun üzündə xəfif təbəssüm oyandı. “Oğlan doğsa… mütləq oğlan doğacaq! Mənim oğlum olacaq, oxuyub adam olacaq, mənim kimi əzilməyəcək!”

Qonşular Xanımı qaldırıb ehtiyatla arxa otağa keçirdilər. Bir azdan Cavad da Tutinin qonşuda isitdiyi suyla əllərinin, üzünün, boynunun, ayaqlarının palçıq sarısını və neft qarasını sabunlayıb qurulandı. Bir qədər dincini aldı. Qonşulardan kimsə şorba gətirmişdi. O, şorbanı görüncə sabahdan bəri heç bir şey yemədiyi yadına düşdü. Heç tərəddüd etmədən şorbanı qaşıqladı, üstündən də tənbəki çubuğunu yandırdı. Bu arada Xanımın səsi yüksəlincə Cavad içində salavat gətirməyə başladı. Bütün diqqətilə qulaq asdı. Gözlədi…

Otaqdan Xanımın çığırtısı gəldi. Bir qışqırıq daha… Bir neçə qışqırıq daha… Sonra körpənin ağlayış səsi… Həmişə pis xəbər eşitməyə vərdişkar olduğu üçün ürəyi ağzına gəlməyə başladı, soyuq tər basdı… Yerindən durmaq istədi, bacarmadı, güclə ayağa qalxdı və qolunu uzadıb, yuxarıdakı rəfdən babalarından yadigar qalmış “Quran”ı əlinə aldı: hörmətlə üç dəfə öpüb alnına qoydu, sonra arxa qapağını açdı; oradakı kağızda uşaqların adları və doğum günləri yazılmışdı. Yenə eyni rəfdə yerləşən köhnə qabı açdı, qələmin ucunu ehtiyatla mürəkkəbə batırdı, daha əvvəl yazdığı sətirlərin altına ürəklə 4 rəqəmini, sonra bir əlif hərfi yazdı… Bu an Nigar arxa otağın aralı qapısından başını çıxardıb sevinclə:

– Cavad ağabəy, – dedi, – muştuluğumu istəyirəm, vallah…

Cavad günlərdən bəri Miriylə məşq etdiyi adı yazmağa çalışırdı: sin… dal…

Nigar davam etdi:

– Yoxsa, deməyəcəyəm!

Cavad adı bitirdi: elif, lam, bir dənə də lam, hı…

Nigar inadla sözlərinə davam etdi:

– Vallah-billah, deyən deyiləm!

Cavad yazmağa çalışdığı adı gözdən keçirdi: gözlədiyindən daha yaxşı alınmışdı. Sonra oxudu: “Əsədulllah”. Bəyəndi, yazmağa davam etdi: “Cavad oğlu Axundov, 1 mart 1873”. Bir də altına, “Bakı, Persidskaya küçəsi, No. 62” yazsaydı nə gözəl olardı. Amma yazmadı, öz-özünə: “”Quran”a ünvan yazmaq olmaz”, – dedi. Nigara sarı döndü, həyəcandan danışa bilmədi və səsi qısıldı, yalnız:

– A Nigar bacı! – deyə bildi. Bir nəçə dəfə udqunduqdan sonra, – Bilirəm ki oğlandır, – dedi. Sonra həyat yoldaşının vəziyyətini soruşdu. Yaxşı olduğunu öyrənincə bir qədər rahatlandı.

İlk dəfəydi, hər şey qaydasındaydı. Qadınlar ev-eşiyi yığışdırdıqdan sonra, hamı öz sandığından körpə üçün bir şeylər tapıb gətirdi, amma onu bələyə bürümədən əvvəl hər şeyin qaydasında olduğunu bildirmək üçün körpə anasına və atasına göstərildi.

Körpəni qucağına alan Cavad həyat yolđaşını görmək istəyərkən, mənasını bilmədiyi bir neçə dua oxudu.

Nigar onun yolunu kəsdi:

– Ay Cavad ağabəy, işdən çıxarıldığını Haşımdən eşitdim. Qətiyyən bunu Xanıma demə, yazığın südü kəsilər.

Cavad işdən qovulduğunu arvadına söyləmədi, yalnız bərk-bərk onun alnından öpdü, sonra uşağı bələyə qoydu. Xanım üç qızdan sonra ərinə bir oğlan verdiyi üçün xoşbəxt idi; nəslin davamçısı, gələcəyin təminatçısı…

Ertəsi gün Cavad işə gedirmiş kimi, eyni saatda evdən çıxdı. O, Miri ilə iş axtarmaq məqsədilə şəhərdəki neft müəssisələrinin bürolarına baş çəkəcəkdi. Cavad Miri ilə görüşəndə onu xoşbəxt edən doğum hadisəsi haqda danışdı. Miri sevindiyini söylədi və onu qucaqlayaraq təbrik etdikdən sonra:

– Mən İstvanın istəyinə uymayacağam, – dedi, – bir neçə gün sonra da Bakıdan gedəcəyəm. Nobel firmasında işləyən bir tanışım var: Oleq Bardin. Sən bir neçə gündən sonra onun yanına gedərsən, mən ona çox güvənirəm. Görəcəksən, əvvəlkindən daha yaxşı işin olacaq.

– Sağ ol! Sənə borcumu necə ödəyəcəyimi bilmirəm. Ən pis vaxtımda Xızır kimi imdadıma çatdın… Tanrı nə muradın varsa, versin!

– Sən indi bunları dərd eləmə, səni pis vəziyyətdə qoyan mən idim, mübahisə etdiyimizi nə tez yadından çıxarmısan?

– Doğurdan, yadımdan çıxıb. Nə haqda mübahisə edirdik ki?

– Bəlkə də, çox yersiz, çox mənasız söhbətdi. Yaddan çıxartsaq yaxşıdı.

– Yox, danış. Səni tanımağıma köməklik edər.

– Məni və ya səni tanımaq o qədər də vacib deyil. Əsas olan şey bir-birimizi, yəni özümüzü tanımaqdır. Hə, indi xatırladım. Sən, “Biz kimik?” – deyə tutub durmuşdun. Mən də, “Necə yəni biz kimik? Sən bizim kim olduğumuzu bilmirsən? Nə ağzına gələni danışırsan?’’ – deyirdim. Səsimiz bərk çıxdığına görə işverənlər duyuq düşüblər…

– Ağzıma gələni danışmıram. “Biz kimik?” – deyəndə, təkcə səni, ailəni, ya da özümü nəzərdə tutmuram; bütün bu şəhərdə, əyalətlərdə və kəndlərdə, daha doğrusu, ölkədəki insanları nəzərdə tuturam. Bax, neft istehsalı bölgəsində bizimlə bir yerdə işləyən Gevorq – erməni; ustabaşı Alek – rus; rəis köməkçisi İstvan – macar; baş mühəndis Şuman isə almandır… Başa düşdünmü nə demək istədiyimi?

– Davam et.

– İndi biz kimik?

– Yenə eyni yerə gəldik. Bax, biz… Biz musəlmanıq, təbii ki, o saydıqlarından ola bilmərik. Biz adlı-sanlı müsəlmanlarıq.

– Olmadı da… Olmadı. Müsəlmanlıq dindir, onların da hamsı xristiandır, amma adları, dilləri, üstəlik, həyat tərzləri belə bir-birindən fərqlidir. Bəs biz? Biz necə danışırıq?

Cavad bir müddət fikirləşəndən sonra:

– Müsəlmanca deyəcəkdim, amma səhv olduğunu anlayıram, – dedi.

– Hə, haqlısan, düzgün deyil. Amma həmişə elə deyirlər. Qəribə camaatıq biz, adımız belə yoxdur. İtirmişik adımızı. Bizdən söz açanlar, “Müsəlmandır” – deyib keçirlər. Bəziləri də bizim üçün yeni ad uyduraraq “Tatar” – deyirlər. Heç aidiyyəti yoxdur. Tatarlar bizə heç oxşamır, heç bir ortaq cəhətimiz yoxdur.

Uzun sürən müzakirə bitəndən sonra Cavad və Miri bir daha görüşmədilər. Miri təhsil aldığı Kiyev şəhərinə qayıtdı. Cavadsa ağır keçən işsiz günlərin birində Nobel şirkətindəki Oleq Bardinlə görüşə bildi. Ona Miridən söz açdı, öz dərdini danışdı.

Oleq Bardin ona şübhəylə baxdı, uzun-uzun danışdırandan, yaxşıca sıxıb-sıxışdırdıqdan və bir çox şərtlərlə onu təngə gətirəndən sonra, nəhayət, işə götürdü. Əvvəllər olduğu kimi, Cavad yənə də əlində kürək, kəndirin ucundakı vedrəylə quyuya endi… Bəs nə oldu quyu qazmaqda gündəmə gələn o buxar maşınları? O, hələ də bel və kürəkləmi işləməyə davam edəcək?..

1881

Çətinliklə keçən günlərdən sonra ağlını başına yığan Cavad tapdığı işdən dördəlli yapışdı. Artıq heç kimlə dalaşmır, hətta dostyana söhbət belə etmir, bir fikri olsa da, olmasa da heç kimlə paylaşmırdı. O, hər yerdə dilini saxlamağı və sakit durmağı yaxşıca öyrənmişdi. Böyüklərin qabağında boynubükük durmağa, danlanarkən cavab qaytarmamağa, danışmamağa və gülümsəməməyə belə adət etmişdi.

Quyu diblərində, qaranlıqlar içində əlində kiçik bel və kürək olduğuna baxmayaraq gələcəyə ümidlə baxırdı. Nədənsə qaranlığın bir çox insanda oyatdığı qorxu hissi ona təsir etmirdi. Bəlkə də, bu, onun qaranlıqda ətrafını daha aydın gördüyündən irəli gəlirdi. Aydınlıqsa bir gurultu kimi dincliyini pozur, qorxudurdu onu; tanımadığı və öyrəşə bilmədiyi qələbəlikdəki kütlələrin izdihamı, hayqırışı və dalğa kimi qabarmasından qorxurdu. Üç qızdan sonra bir oğlu anadan olmuşdu ki, bu da onun irəlidəki həyatında yeganə ümidi idi. Oğlunun doğumundan iki il sonra ikinci oğlu dünyaya gəldi, amma ikincisi, ağır keçən hamiləlik nəticəsində doğulduğu üçün sağlam deyildi və ancaq bir il yaşadı.

Əsədə gəldikdəsə, o, həm sağlam və ağıllı, həm də diribaş idi. Gah əmisinin uşaqları ilə Buzovnada, gah bacıları ilə həyətdə, gah da küçədə məhəllə uşaqları ilə oynayırdı. Ancaq atasının günü-gündən arıqladığı və tez-tez öskurməsi onun gözündən yayınmırdı. Axırda, soyuq bir qış günü Cavad şirkətdəki alman həkiminin vərəm diaqnozu ilə işdən çıxarılıb evə göndərildi. O, evdə, yataq şəraitində ancaq bir həftə yaşadı. Öskürə-öskürə, qan qusa-qusa can verdi. Ölərkən qırx beş, oğlu Əsədsə səkkiz yaşında idi. Ailənin istənilən üzvü yoxsulluq, aclıq və kədərin hər üzünü bir yerdə görmüş, hər şeyə birlikdə dözmüş, ayaq üstündə birlikdə dura bilmişdilər. Əgər buna ayaqda durmaq demək olardısa…

Əsəd otağın ortasında yerə uzadılmış atasının yanında oturdu. “Mənim ona xoşbəxtlik gətirəcəyimə inanırdı, – dedi ürəyində. – Oxuyub adam olacağıma ümid edirdi”.

Ətrafında hamı qışqıra-qışqıra ağlayarkən o ağlamadı, ağlaya bilmədi. Ancaq heç kəsin görmədiyi tənha bir yerə çəkilib, orаda öz içini tökməyi elə istəyirdi ki… Kaş, atasını hamıdan çox sevdiyini orada fəryadqarışıq deyə biləydi, ya da bu anda, burada onu bağrına basıb içinə dəfn edəydi… Ancaq o, çarəsiz, solğun gözlərlə ayağa qalxıb yerdə rahat və qayğısız yatan atasına baxa bildi. Artıq nə işsizlik dərdi, nə gələcək arzuları… Əsəd dönüb ətrafındakı ah-halə edənlərə nəzər yetirdi, ürəyi sıxıldı.

Bir neçə həftədən sonra, əvvəlcə əmisi onun oxumasının lazım olduğunu yada saldı. Sonra anası dörd əllə sarıldı bu fikrə, çünki atasının istəyi də elə bu idi: “Hə, oxuyub molla olmalıdır mənim oğlum, başına sarıq sarımalı, ölənlərimizə mərsiyə oxumalıdır”.

Əsəd, əmisi Rəşad Axundovla daha maraqlı söhbət edə biləcəyinə inanaraq ondan mollanın nə olduğunu şoruşdu.

– Molla din adamıdır, – əmisi dedi, – Din adamı olmaq istəyirsənmi? Dini mərasimlər keçirir molla. Bir də məktəblərdə, yəni mollaxanalarda müəllimlik edir, dərs verir. Bəzi yerlərdəsə hakimlik edir. Bununla yanaşı, qədimdən hörmətli, mərifətli, geniş dünyagörüşünə sahib, böyük şairlərə və alimlərə də molla deyilirmiş. Hə, indi nə deyirsən, molla olmaq istəyirsənmi?

– Başqa yolum varmı?

– Başqa yolun? – əmisi Cavadın bu qədər ağıllı ola biləcəyini heç düşünməmişdi.

Təxminən əlli il bundan əvvələ qədər Bakıda iyirmi doqquz şagirdi olan bir məktəb vardı. Şəhərdə yaşayan digər millətlərin uşaqları orda oxuyurdu. Əsasən də yüksək rütbəli dövlət məmurlarının övladları idi, yəni bəy, ağa, şahzadə kimi olanların və bir neçə tacir ailənin uşaqlarıydı. Bəlkə də, burda “Quran” və ana dilindən dərs deyilmədiyinə görə yerli xalqın övladlarına rast gəlinməzdi bu məktəbdə. Əgər xalq öz övladlarını oxutmalı olsa, mollaxana deyilən azsaylı köhnə məktəblərdə oxutmalıydı. Mollalar da, həmişəki kimi İrandan, daha doğrusu, Güney Azərbaycandan olurdu; onların xərclərini məscid vəqfləri, bir az qismini də uşaqların valideynləri ödəyirdi. Bir müddət sonra Çarın fərmanı ilə müsəlman məktəbləri açılmağa başladı. Üç müəllimi və əlli şagirdi olan bu məktəblərdə rus diliylə birlikə ərəb, fars və ana dili də proqrama daxil edilmişdi. Ərəbcə dini işlər, bütün ticarət sahələri fars dilində aparılarkən, ana dili, təbii ki, ən xeyirli və gərəkli olduğundan bu dildə yeni-yeni nəşrlər ortaya çıxırdı. Bütün bunlara baxmayaraq hələ də ana dilinin əsl adı yox idi. Rəsmi rus qurumları bu dili hələ də “tatarca”, xalq isə israrla “müsəlmanca” adlandırırdı. Məktəblərin adı rus-tatar məktəbləriydi.

Nəhayət, fikirləşib qərara gəldilər ki, Əsədullahı şəhər mollaxasınasına qoysunlar.

Tək pəncərəli, dar qapılı, yarıqaranlıq, döşəməsi qamış, havası rütubətli, cansıxıcı bir otaq… Otuz, otuz ikiyə qədər şagird, evdən gətirdikləri kiçik nazik palazların üstündə diz çöküb otururdular. Mollanın palazı xüsusi olaraq böyük və qalındı, üstəlik, belini söykədiyi yastığı da vardı. Qabağında açılıb-bağlanan masa, onun üstündə qalın, qara qablı bir kitab… Uşaqların hamısı müxtəlif boy və yaşlarda oğlan uşaqları. Həmişə olduğu kimi, balacalar qabaqda otururdular. Zənn edilirdi ki, ən çox döyülənlər onlardır, amma heç də elə deyildi. Mollanın əlində çox uzun bir dəyənək vardı. Ən arxada oturan uşağın belə keçəl başına da vura bilirdi. Bundan başqa, divarda falaqqa hazır vəziyyətdəydi, lazım olanda şagirdlərin ən böyüyünün yardımı ilə (ona halfe deyirdilər) cəzalı olanı falaqqaya yatırır, yəni falaqqa vasitəsilə şagirdin ayaqları şallaqlanırdı.

İlk aylar əlifbanı avazla əzbərləməyə çalışdı.

Elif nohte nedared babacunem yad begir yad,

Be, yek nohte dared babacunem yad begir yad…

O, bunu əzbərləyincə başqa şagirdlər kimi hər günü döyulməklə keçdi.

Altıncı ayın ortalarında, bir gün necə olmuşdusa mollanın döşəkçəsinə iynə kimi nəsə batmışdı. Molla yerindən sıçradı və aləmi bir-birinə qatdı.

– Bu işi kim edibsə boynuna alsın! Yoxsa mən nə edəcəyimi yaxşı bilirəm.

Əsəd, “Bu yaramaz hərəkəti kim edib, görəsən?” – deyə fikrə getmişdi ki, birdən mollanın uzun dəyənəyi başına dəyəndə özünə gəldi.

– Mən? Yox! Vallah-billah, mən etməmişəm. Bu işdən qətiyyən xəbərim yoxdur.