скачать книгу бесплатно
Qızıl böcək
Edqar Alan Po
Kitabda dünya ədəbiyyatında bir çox janrlara möhür vurmuş məşhur yazıçı Edqar Allan Ponun detektiv ədəbiyyatının ilk nümunələrindən sayılan “Qızıl böcək” və “Oğurlanmış məktub” hekayələri yer alıb. “Qızıl böcək” hekayəsi macəra üslubunda olsa da, müəllifin təbirincə desək, “məntiqi novella”dır. “Oğurlanmış məktub” isə dünya detektiv ədəbiyyatının ilk hekayə nümunələri sayılan trilogiyanın – baş obrazı həvəskar xəfiyyə Ogüst Düpen olan “Morq küçəsində qətl” və “Mari Rojenin sirri”ndən sonra üçüncü hekayəsidir.
Edqar Allan Po
Qızıl böcək
detektiv hekayələr
Qızıl böcək
Baxın! O, dəli kimi tullanıb düşür…
Onu əqrəb sancıb!
“Heç kəs haqlı deyil”
Uzun illər qabaq Vilyam Leqran adlı bir insanla yaxından tanış olmuşdum. O, köklü hugenot
ailəsində doğulmuş, əvvəllər varlı olmuş, amma sonradan bir-birinin ardınca gələn bədbəxtliklər ucbatından dilənçi gününə düşmüşdü. Zənginliyi itirməyi ilə bağlı təhqirlərdən qaçmaq üçün nəsil-kök şəhəri olan Yeni Orleanı tərk etmiş və Cənubi Karolinanın Çarlstonuna yaxın yerləşən Sellivan adasında məskunlaşmışdı.
Ora çox qədim adadır. Uzunluğu təxminən üç mil olan bu adanın torpağı xalis dəniz qumundandır. Eni də dörd mildən çox olmazdı. Ora materikdən qarabatdaqların sığınacağı olan sıx qamış və lehim arasından çətinliklə suyun keçdiyi boğazla ayrılırdı. Adada ağac az idi və çətin bitirdilər. Əməlli-başlı ağaca, ümumiyyətlə, rast gələ bilməzdin. Adanın Çarlstonun səs-küy və toz-torpağından canını qurtarıb, yay tətilini keçirən şəhər sakinlərilə dolub-daşan, Moultri limanı və bir neçə daxmanın yerləşdiyi qərb küncündə xırda, tikanlı palmaları görmək olardı. Dəniz kənarının qaya kimi möhkəm qum daşlarıyla dolu olan bu kiçik qərb hissəsini nəzərə almasaq, qalan yerləri ingilis bağçılıq mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən ətirli mərsin kollarıyla örtülü idi. Bu kollar on beş-iyirmi futdan yüksəyə nadir hallarda qalxır və az qala, ağır rayihəsindən yaranan boğuq hava ucbatından keçilməz cəngəllik kimi görünürdü.
Leqran adanın materikə ən uzaq yerində – şərq hissəsindəki mərsin kolluqlarının dərinliyində özünə kiçik bir daxma qaraltmış, elə oradaca yaşayırdı. Mən onunla həmin yerdə təsadüfən tanış oldum. Tanışlıq tezliklə dostluğa çevrildi. Bu tərki-dünya adamın xasiyyəti çox cəhətiylə maraq və hörmətə layiq idi. Gördüm ki, o, əla təhsilli və qeyri-adi bacarıqlara sahib olsa da, mizantropiya və əqli çatışmazlıqdan əziyyət çəkir: gah vəcdə gəlir, gah da qaşqabağını tökürdü. Leqranın çoxlu kitabı vardı, amma nadir halda onlara müraciət edirdi. O, ova çıxmağı və balıq tutmağı, sahildəki qumluq və mərsinlikdə dolaşıb, balıqqulağı və həşərat axtarmağı sevirdi. Onun həşəratlar kolleksiyasına Svammerdam
belə həsəd aparardı. Bu gəzintilərdə onu, əsasən, qoca zənci Yupiter müşayiət edirdi. Bu zənci hələ ailənin iflasından qabaq azadlığa buraxılmışdı, amma nə hədə-qorxu, nə də vədlərlə Yupiteri, özü demişkən, “Böyük Vill”in ayrılmaz hissəsi olmaqdan qurtulduğuna inandıra bilməzdin. Həm də, yəqin ki, Leqranın qohumları onun psixi çatışmazlığından narahat olduqları və qaçağın qayğısına qalmaq üçün Yupiterin bu qərarını dəstəkləyirdilər.
Sellivan enliyində yerləşən adalarda qışda nadir hallarda rütubət olur, payız aylarında isə, demək olar, heç vaxt evlərdə soba yanmır. Hərçənd, 18…-ci ilin oktyabrının ortalarında gün gözlənilmədən soyuq keçdi. Günəş batmağa hazırlaşanda artıq neçə həftədir görmədiyim dostumun daxmasının həmişəyaşıl kollarının arasındaydım. Mən adadan doqquz mil uzaqda yerləşən Çarlstonda yaşadığıma görə, gəldiyimi xəbər vermək indiki kimi asan deyildi. Daxmaya çatar-çatmaz həmişəki kimi qapını döydüm və cavab gəlmədiyini görəndə gizli yerdəki açarı axtarıb tapdım, qapını açıb içəri keçdim. Buxarıda xəfif alov yanırdı. Bu, gözlənilməz olsa da, tam yerinə düşmüşdü. Paltomu çıxardım, kreslonu asta-asta şölələnən alova yaxın çəkdim və oturub səbirlə ev sahiblərinin gəlişini gözləməyə başladım.
Onlar şər qarışandan sonra gəlib-çatanda məni mehribanlıqla salamladılar. Yupiter ağzı qulağına çatınca gülümsəyib ev işlərinə girişdi, mətbəxə keçib qarabatdaqdan şam yeməyi hazırlamağa başladı. Leqranı növbəti tutması basdı – heç bilmirəm, onun bu halını necə adlandırım. O, əvvəllər rast gəlmədiyi ikilaylı balıqqulağı tapmışdı, amma ən çox da ehtiyatla izlədiyi və Yupiterin köməyilə, özü demişkən, “hələ elmə məlum olmayan” böcəyi tutduğu üçün sevinirdi. Dedi ki, sabah bu böcək barədə mənim mülahizələrimi eşitmək istəyir.
– Niyə bu gün yox? – əlimi qızdıra-qızdıra, ürəyimdə yer üzündəki bütün böcəkləri lənətləyərək soruşdum.
– Kaş burda olduğunuzu biləydim! – Leqran ucadan dilləndi, – Axı, biz çoxdandır görüşmürdük. Məhz bu gün axşam bizə təşrif buyuracağınızı necə öyrənə bilərdim ki? Yupiterlə evə gələndə limandan olan leytenant C. ilə rastlaşdıq və tutduğumuz böcəyi axmaq kimi götürüb müvəqqəti ona verdim. Buna görə də, böcəyi indi görə bilməyəcəksiniz. Gecəni bizdə qalın, günəş çıxan kimi Yupanı onun dalınca göndərərik. O, sadəcə heyrətamizdir!
– Nə? Günəş?
– Əşşi, cəhənnəm olsun günəşi! Böcəyi deyirəm! O, qızıl kimi par-par yanır, meşə qozu boydadı, üstündə də qətran kimi qapqara üç dənə xalı var! Yupyumru ikisi yuxarısındadı, biri də aşağıya doğru uzanır. Hələ bığcıqlarını və başını demirəm!
– Qulaq as, bəs burdakı qalay hanı, böyük Vill? – deyə, Yupiter söhbətə qarışdı, – Böcək başdan-ayağa qızılıdı, əsl qızılı – həm üstü, həm içi: təkcə kürəyində xalı var! Bu boyda böcəyə həyatımda rast gəlməmişəm!
– Tutaq ki, həqiqətən, elədi, böcək də əsl qızıldandı, – gördüyüm qədəriylə, Leqran həmişəkindən xeyli ciddi tonla dedi, – Yup, bəs nəyə görə biz bundan ötrü şam yeməyinə qızartmanın yanmışını yeməliyik? Doğrudan da, böcək elədir ki, – mənə müraciətlə davam etdi, – az qala, Yupiterlə razılaşmağım gəlir. Qanadlarının altından metallik parıltı bərq vurur: buna elə günü sabah özünüz də əmin ola biləcəksiz! Hələliksə sizə onun necə göründüyünü göstərəcəm.
Leqran üzərində lələk və mürəkkəbqabı olan masanın arxasına keçdi. Kağız yox idi. O, yeşiyin içini axtarsa da, yenə kağız tapmadı.
– Eybi yox, – nəhayət, dilləndi, – bunsuz da keçinərəm.
O, jiletinin cibindən kir-paslı kağız parçası çıxartdı və lələyi götürüb tələm-tələsik şəkil çəkməyə başladı. Leqran bununla məşğul olarkən də mən qızınmağa davam edirdim, çünki üşütməm hələ keçməmişdi. Dostum şəklini bitirib, oturacaqdan qalxmadan onu mənə uzatdı. Elə bu məqamda ucadan it hürüşü və qapının çöl tərəfinin cırmaqlanma səsi eşidildi. Yupiter atılıb qapını açanda Leqranın iri nyufaundlend cinsli iti otağa soxuldu və pəncələrini çiynimə qoyub məni mehribancasına salamladı: mən onunla hələ keçən səfərimdə dostlaşmışdım. Sakitlik çökəndə bayaqdan əlimdə saxladığım kağıza göz atdım və düzünü desəm, dostumun şəkli xeyli diqqətimi çəkdi.
– Doğrudan haa, – şəkli bir də ciddi nəzərdən keçirib dedim, – olduqca qəribə böcəkdir. Etiraf edim ki, əsl yenilikdir, bugünədək belə bir şey görməmişdim. Məncə, bu böcək daha çox emblemlərin üzərində çəkilən kəllə sümüyünə oxşayır. Hə də… Özüdür ki var!
– Kəllə sümüyü? – Leqran dilləndi, – Deyəsən, elədir, ən azından mənim çəkdiyimdən elə görünür. Ümumi forması ovaldı. Yuxarısındakı iki dənə qara xalı gözləri xatırladır, düzdü? Aşağısındakı uzunsov xalsa kəllənin burun dəliyinə oxşayır.
– Ola bilsin, elədi, Leqran, – dedim, – amma siz zəif rəssamsınız. Böcəyi öz gözlərimlə görməyincə mülahizələrimi deməyə tələsməyəcəm.
– Necə istəyirsiniz, – o burnunu sallayıb bildirdi, – amma mənə elə gəlir ki, heç də pis rəsm çəkmirəm, ən azından, belə hesab etməyə öyrəşmişəm. Mənim çox yaxşı müəllimlərim olub və düşünürəm ki, hər halda, onlardan nəsə öyrənmişəm.
– Onda məni axmaq yerinə qoyursunuz, əziz dost, – ona dedim, – siz əməlli-başlı kəllə sümüyü çəkmisiniz, hətta ostelogiyadan
elə başım çıxmasa da, deyərdim ki, çox gözəl kəllə sümüyü rəsm etmisiniz və əgər sizin böcəyiniz, doğrudan, buna oxşayırsa, onda o, dünyanın ən heyrətamiz böcəyidir. Bu cür görünən böcək mövhumi hislər yaratmalıdır. Şübhəm yoxdur ki, siz onu Scarabaeus caput hominis
, ya da nəsə buna bənzər adlandıracaqsınız: təbiət elmləri bu cür adlarla doludur. Yaxşı, bəs onun bığcıqları hanı?
– Bığcıqları? – mübahisəmizdən bədbin ruh halına köklənən Leqran təkrarladı, – Məgər onları görmürsüz? Mən bığcıqları həqiqətdə olduğu kimi çəkmişəm. Düşünürəm ki, məndən bundan artıq nəsə tələb etməməlisiniz…
– Narahatlığa əsas yoxdur, – sakitcə bildirdim, – Leqran, ola bilsin, həqiqətən, onları çəkmisiniz, amma mən burda bığcıq görmürəm.
Onu hirsləndirməmək üçün daha heç nə demədən rəsmi özünə qaytardım. Hadisənin belə qəribə yön aldığına təəccüblənmişdim. Leqranın əsəbiləşməyi mənə çatmırdı. Onun rəsmində heç bir bığcıqdan söhbət gedə bilməzdi, şəkil özü isə əməlli-başlı kəllə sümüyünə oxşayırdı.
O, narazı halda kağızı məndən alıb oda atmaq üçün əzəndə birdən şəkildə diqqətini nəsə cəlb elədi. Leqran əvvəlcə pomidor kimi qızardı, sonra asta-asta tabaşir kimi ağarmağa başladı. Sanki nəyisə araşdırırmış kimi bir müddət durub diqqətlə çəkdiyi rəsmə baxdı. Sonra masadan şamı götürüb otağın digər küncündəki sandığın üstündə oturdu. Orda da kağızın o yan-bu yanını diqqətlə nəzərdən keçirdi, amma yenə ağzına su alıb durmuşdu. Onun bu davranışı mənə çox qəribə görünsə də, elə özüm də susmağı üstün tutdum. Deyəsən, yenə qaşqabağını tökmüşdü. Leqran şəkli cibindən çıxardığı portmanatın arasına qoydu, sonra onu sandıqda gizlədib, qapısını açarla bağladı. O sanki ayılmışdı, amma əvvəlki canlılıq gözə dəymirdi. Əsəbi olmasa da, fikri hardasa ilişib qalmışdı. Leqranın fikir dağınıqlığı getdikcə artır, mənim onun kefini durultmaq cəhdimsə uğursuzluğa düçar olurdu. Əvvəlcə artıq bir neçə dəfə etdiyim kimi, burda gecələməyi düşünmüşdüm, amma ev sahibinin əhvalını nəzərə alıb evə qayıtmaq qərarına gəldim. Leqran məni saxlamadı, yola salandasa əvvəlki səmimiyyətlə əlimi sıxdı.
Yupiter Çarlstona gəlib mənə baş çəkəndə Leqrandan xəbərsiz olduğumdan təxminən bir ay keçmişdi. Bu qoca, mərhəmətli zəncini heç vaxt belə dilxor görməmişdim. Dərhal həyəcanlandım: görəsən, dostumun başına bir iş gəlməyib ki?!
– Hə, Yup, – dedim, – nə var, nə yox? Sahibin necədir?
– Düzünü desəm, cənab, heç də sağlam deyil.
– Sağlam deyil? Məni qorxudursan! Şikayəti nədəndir?
– Elə iş də burasındadır ki, heç nədən şikayət eləmir… Amma ağır xəstədir.
– Necə yəni, ağır xəstədir, Yupiter?! Niyə gələn kimi demədin? Yatır?
– Nə yatır? Onu heç itlə də tuta bilməzsən. Elə dərd də burasındadır! Ürəyim ağrıyır. Yazıq böyük Vill!
– Yupiter, nə baş verdiyini əvvəl-axır bilmək istəyirəm. Deyirsən ki, sahibin xəstədir. Sənə harasınınsa ağrıdığını deyibmi?
– Hirslənməyin, cənab! Ona nə olduğunu bilmirəm. İndi mən sizdən soruşmaq istəyirəm ki, nəyə görə böyük Vill bütün günü başını aşağı salıb yeriyir və niyə rəngi qaz kimi ağappaqdır? Bəs nə üçün elə hey nəsə sayır?
– Neyləyir?
– Elə ədədlər hesablayıb yazır ki, heç doğulandan elə möcüzəvi rəqəmlər görməmişəm. Onun yerinə çox qorxuram. Bütün günü gözüm üzərindədi. Dünən gözümü oğurlayıb yoxa çıxdı, onda hələ günəş çıxmamışdı, düz gecəyə qədər harda olduğunu bilmədim. Qayıtmağını gözlədim, qalın çubuq düzəldib onu yaxşıca əzişdirmək istəyirdim, amma mən qoca axmağın yazığı gəldi: elə kədərli qayıtmışdı ki…
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: