скачать книгу бесплатно
Kataloniyanı Xatırlarkən
Corc Oruell
Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən “Kataloniyaya məhəbbətlə” kitabını qələmə almışdır.
Corc Oruell
Kataloniyanı Xatırlarkən
TANIMADIĞIMIZ CORC ORUELL
Görkəmli ingilis yazıçısı Erik Artur Blerin (Corc Oruell) dünya miqyasında bestsellerə çevrilmiş “1984” romanı və “Heyvanıstan” povestini oxuyanlar diqqətlərinə təqdim edilən bu əsərlə tanışlıq zamanı tamamilə fərqli Oruellə rastlaşacaqlar.
O, artıq sadəcə hüdudsuz fantaziyasının köməyi ilə biri-birindən ağlagəlməz səhnələr rəsm edən yazıçı deyil, həm də hərbi jurnalistdir, filosof və esseistdir, ən yeni dövrün tarixçisidir. O, yüksək publisistika nümunəsinin yaradıcısıdır, sərt həqiqətləri sənətin qadir dili ilə ifadə etməyi bacaran ustaddır. Həqiqətin gözünə dik baxan, onu rəssam dəqiqliyi ilə canlandıran amansız realistdir.
Qlobal miqyaslı antiutopiyalar müəllifi bu dəfə sizin qarşınıza konkret ölkədə tarixin bəlli bir dövrünün ilk baxışdan hətta darıxdırıcı görünə bilən təsvirçisi kimi çıxacaq. İştirakçılarından olduğu 1936-1937-ci illər ispan vətəndaş müharibəsinin dəhşətlərini yalnız Oruell miqyaslı yazıçıların görə və göstərə biləcəyi tərzdə təqdim edəcək.
Tamam fərqli Oruellin qələmindən çıxan bu əsər onun sonrakı yaradıcılığı ilə dissonans təşkil edirmi? Əminliklə demək olar: Yox!
Əslinə baxsan fərdi yaradıcılıq şöhrətinin zirvəsinə -“1984” antiutopiyasına və ondan az məşhur olnayan “Heyvanıstan” povestinə gedən yol müəllifin sənədli roman kimi təqdim etdiyi, tarixi esseistika ilə belletristikanın üzvi şəkildə birləşdiyi “Kataloniyanı xatırlarkən” əsərindən başlanmışdı.
Corc Oruell özü bu barədə deyirdi: “İspan müharibəsi və 1936-1937-ci illərin digər hadisələri gündəlik yaşamımdakı tarazlığı pozdu. Həmin vaxtdan mən artıq həyatdakı yerimin harada olduğunu bilirdim. 1936-cı ildən başlayaraq yazdığım hər ciddi sətir totalitarizmə qarşı mübarizə ilə birbaşa, yaxud dolayı yolla bağlı idi”. Həmin mübarizənin mənbəyində isə “Kataloniyanı xatırlarkən” sənədli romanı dayanırdı.
Totalitar təfəkkürün və idarəçilik sisteminin ən sərt, barışmaz opponentlərindən biri kimi tanınan Corc Oruelli ispan kommunistləri ilə ispan frankistləri arasındakı qanlı savaşa qoşulmağa cəlb edən nə idi? Axı kütlə psixologiyasına əsaslanan faşizm də kommunizmin astar üzü idi.
Amma məsələ buradadır ki, Oruell gənclik illərindən kommunist ideyaları ilə yaxından maraqlanmışdı. Hətta ingilis xüsusi xidmət orqanı- Skotland Yard 1929-cu ildən etibarən onu əsərləri və şəxsi fəaliyyəti ilə kommunizm təbliğ edən yazıçı kimi daim diqqətdə saxlamışdı. Oruell həqiqətən də yer üzündə sosial ədalət cəmiyyəti qurulma-sını arzulayırdı. Hətta bu arzunun gerçəkləşməsi yolunda qaydasız döyüşün aparıldığı ispan müharibəsində həyatını riskə atmaqdan da çəkinməmişdi. SSRİ-yə və sovet rejiminə barışmaz nifrətinin kökündə isə bir zamanlar insanlara nicat yolu kimi görünən kommunist düşüncənin bu ölkədə ifrat şəkildə bayağılaşdırılması, eybəcərləşdirilməsi, kommunist azlığın mütləq çoxluq üzərində əxlaq və mənəviyyat prinsiplərinə uymayan hakimiyyətinin bərqərar olması idi.
Amma bu görüş bucağı, prinsipial yanaşma tərzi daha aydın şəkildə 1940-cı illərdə meydana çıxacaqdı.
Sosialist ideyalara rəğbətini heç zaman gizlətməyən Corc Oruell 1936-cı ilin dekabrında Hitler Almaniyasının dəstəklədiyi frankist rejimə qarşı vuruşmaq üçün beynəlmiləl dəstənin tərkibində İspaniyaya gəlmişdi. Bu ölkəyə gəlməkdə başlıca məqsədi, özünün də etiraf etdiyi kimi, təkcə faşizmə nifrətini bildirmək yox, həm də konkret olaraq ən azı bir faşist öldürmək idi. Lakin 6 ay çəkən məşəqqətli müharibə həyatında “öz faşistini” öldürmədən Fransa üzərindən İngiltərəyə qayıtmalı olmuşdu. Konkret faşist öldürə bilməsə də faşizmə, kommunizmə – bir sözlə, hər cür totalitarizmə ağır zərbə vuran və növbəti öldürücü zərbələr üçün baza yaradan diqqətəlayiq əsər qələmə ala bilmişdi.
Corc Oruell İspaniyaya Müstəqil Əmək Partiyası – leyboristlər xətti ilə gəlmişdi. Və gələn kimi də Kataloniyadakı mürəkkəb siyasi həyatın girdabına düşmüşdü. Tarixdən məlumdur ki, ispan faşizminə qarşı vuruşan respublikaçılar əslində eyni hədəf güdsələr də, vahid bayraq altında birləşə bilməmişdilər. Əsərdə gətirilən çoxsaylı abbreviaturalardan da göründüyü kimi beynəlxalq solçu qüvvələrin dəstəklədiyi trotskiçi qüvvələr (POUM), anarxo-sindikalistlər (CNT) və Sovet İttifaqına bağlı olan ispan kommunistləri (PSUC) əslində eyni amala xidmət etsələr də hər biri ilk növbədə öz məhdud marağını ön plana çəkirdi.
Corc Oruell POUM sıralarında döyüşmüşdü. Bu da onun hələ 1930-cu illərin sonlarında SSRİ ilə münasibətlərinin korlanmasına gətirib çıxarmışdı. Həmin dövrdə Moskvada nəşr olunan “İnternasionalnaya literatura” (indiki “İnostrannaya literatura”nın sələfi) yazıçını bir növ öz tərəflərinə çəkmək üçün onun “The Road to Vegan Pier” (“Veqan Perə gedən yol”) romanını rus dilinə çevirib çap etmək istəyirdi. Jurnalın redaksiyası bu barədə Oruellə məlumat verəndə o, sözün doğrusunu deməyi hər şeydən üstün tutan namuslu adam kimi, həm də həmkarlarını labüd təhlükədən qorumaq üçün (hadisə 1937-ci ildə vaqe olurdu) İspaniyada, Franko faşizminə qarşı POUM sıralarında vuruşduğunu bildirmişdi. Təkcə bu fakt hələ birmənalı şəkildə SSRİ-yə və sosializm sisteminə parodiya kimi qəbul olunan “Heyvanıstan”ı və “1984” yazmamışdan əvvəl ingilis müəllifinin adının Sovet İttifaqında “qara siyahıya” salınmasına kifayət etmişdi. Beləcə Oruell barışmaz düşməninə çevrildiyi totalitar təfəkkür sistemindən ilk zərbəni yemişdi.
Realist yazıçı kimi ispan müharibəsi Oruelli ideallarının aliliyi, qəhrəmanlıq patetikası ilə özünə çəkməmişdi. Heç bir qəhrəmanlıq patetikasından da söz gedə bilməzdi. O, bütün fəlakətləri, dəhşətləri, çirkabı, monotonluğu və mənasızlığı ilə adi müharibənin təsvirinə daha böyük üstünlük vermişdi. Müəllif yüksək ideal uğrunda vuruşan standart vətənpərvər hərbçi obrazı yaratmağa çalışmır, aclıqla, soyuqla, bit-birə ilə mübarizə aparan, bəzən taleyin ümidinə buraxılan, həqiqətən də yaralanmaqdan və öldürülməkdən qorxan, düşmən gülləsindən daha çox laqeydliyin, sahibsizliyin qurbanı olan könüllülərin ağır hərb həyatını bəzən naturalizmə varacaq bir dəqiqliklə təsvir edir.
“Kataloniyanı xatırlarkən” müasir ingilis ədəbiyyatında yaranmış güclü və təsirli pasifist əsərlərdən biridir. Bu mənada heç tərəddüd etmədən onu Erix Mariya Remarkın, Ernst Heminqueyin eyni mövzulu əsərləri ilə bir sıraya qoymaq mümkündür. Həm də maraqlıdır ki, Corc Oruell bir neçə ay iştirakçısı olduğu, ağır yaralandığı və respublikaçıların öz arasında boğuşma başlayandan sonra çox böyük çətinliklə canını qurtardığı bu müharibəni ardıcıl olaraq tənqidi təhlil süzgəcindən keçirir. Və nə qədər qəribə görünsə də müəllifin tənqidi mülahizələri düşməndən daha çox özünün də sıra nəfərlərindən biri olduğu respublikaçılar cəbhəsinə yönəlib. Və bu da təbii idi. Çünki o, düşmən tərəfdə baş verənləri yalnız qəzetlərdən oxuyurdu, beynəlmiləlçi sol qüvvələr arasında yaşanan rəzaləti isə hər gün öz gözləri ilə görürdü.
Hətta minlərlə sol düşüncəli insanın bilərəkdən özünü sonsuz əzab və məhrumiyyətlərə məhkum etdiyi “ispan müharibəsi” kimi ali məqsədli müharibə də Oruellin nəzərində kimlərinsə günahsız, sadəlövh insanların ölümü və qanı bahasına qazanc götürdüyü dəhşətli biznes idi. Müharibənin qorxunc gerçəklikləri ilə onun siyasət bazarında ayrı-ayrı qüvvələrin fayda güdmək, dividend qazanmaq prinsiplərinə əsaslanan təqdimatı arasında yerlə-göy qədər fərq var. Romanın bir yerində Oruell yazırdı: “Mən hələ uşaqlıqdan bilirdim ki, qəzetlər yalan uydura bilər, amma yalnız İspaniyada gördüm ki, onlar əslində gerçəkliyi tam şəkildə saxtalaşdırmaqla məşğuldurlar. Dəfələrlə elə olmuşdu ki, özüm də heç bir güllə atılmadığı “döyüşlərdə” iştirak etmişəm. Amma sonra qəzetlər bu xəyali “döyüşlər” haqda qəhrəmanlıqla dolu qanlı savaşlar kimi söz açırdı. Eyni zamanda mətbuatın bir kəlmə söz açmadığı həqiqi vuruşlarda da olmuşam. Gəzetlərin qorxaq və satqın kimi qələmə verdiyi qorxubilməz əsgərlər də görmüşəm, onların qəhrəman kimi vəsf etdiyi ağciyər və satqınlar da… Mən Londonda mətbuatın belə ağ yalanlar üzərində necə dünyagörüşü sistemləri yaratdıqlarının şahidi oldum”.
Bəlkə də siyasətin xidmətində dayanan bu hüdudsuz yalanların qarşısına azacıq da olsa sipər çəkmək üçün Corc Oruell yaradıcılığında tamamilə yeni olan "sənədli roman" janrına üz tutmuş və Kataloniya günlərinin yaddaqalan mənzərələrini rəsm etmişdi. Həqiqət meyarları ilə qələmə alındığından aradan onilliklər ötməsinə baxmayaraq "Ka-taloniyanı xatırlarkən" romanı İspaniya vətəndaş müharibəsi haqqında gerçək tarixi mənbələrdən və diqqətəlayiq bədii sənədlərdən biri kimi qalmaqdadır.
Əlbəttə, əsərdə hər şeyin qara rəngdə təsvir edildiyini düşünmək sadəlövhlük olardı. Ən azı müəllifin xeyirxah, açıq qəlbli, eyni zmanda əhlikef, məsuliyyətsiz, hər işi sabaha saxlayan, qanlı müharibəyə də öz həyatsevərlik möhürünü vuran ispanlar haqqında yazdığı sətirlər ona Kataloniyaya sevgi ilə yanaşmağa, hər şeyin yerli-yerində olduğu pedant İngiltərədə bu ölkə üçün darıxmağa əsas vermişdi.
Gizlətmək istəmirəm: İspaniyada könüllülərin apardığı bu qaydasız müharibə mənə bir az da qanayan yaramızı – Qarabağ uğrunda burunlarına ilk dəfə barıt iyi dəyən soydaşlarımızın savaşının ilk illərini xatırlatdı…
İspaniyadakı vətəndaş müharibəsi zamanı solçu qüvvələrin ən geniş yayılmış şüarlarından biri "No pasaran!" idi. "No pasaran" ispan dilindən tərcümədə "Keçə bilməyəcəklər!" deməkdir. Könüllü döyüşçü Oruell silahı ilə düşmənin qabağını ala bilməsə də, qələmi ilə yalanların, pislikərin keçməsinə, dünyaya yayılmasına əngəl olmağa çalışmışdı.
Vilayət Quliyev
Avqust, 2017, Budapeşt
I
Könüllülər dəstəsinə yazılmamışdan bir gün əvvəl Barselonadakı Lenin kazarmalarında italyan gənclə tanış oldum.
Qərargah masasının önündə 25-26 yaşlarında, enlikürəkli, kürən saçlı cavan oğlan dayanmışdı. Dəri pilotkasını dəlisov əda ilə başının bir tərəfinə sürüşdürmüşdü. Çənəsini sinəsinə sıxıb yanakı dayanmışdı. Gözlərindəki heç bir şey anlamadığı aydın sezilən ifadə ilə zabitin masa üstündə qoyub getdiyi xəritəyə baxırdı. Sifətində adamı özünə çəkən hansısa qəribə ifadə vardı. Qarşımdakı heç nə fikirləşmədən kimisə öldürməyə hazır olan, yaxud eyni yelbeyinliklə həyatını başqasının yolunda qurban verməyə hayıfsılanmayan adamın sifəti idi. Adətən anarxistləri belə təsvir edirlər. O isə yəqin ki, kommunist idi. Görünüşündən qətiyyət və amansızlıq oxunurdu. Üstəlik gəncin üzündə dərin savad yiyəsi olmayanların bilik və qabiliyyət baxımından özlərindən üstün saydıqları insanlara duyduqları hörmət ifadəsini də oxumaq mümkün idi. Aydın görünürdü ki, xəritədən başı çıxmadığından bu işin çox böyük ağıl tələb etdiyini düşünür. Səbəbini bilmirəm, amma mənə elə gəldi ki, indiyə qədər həyatımda ilk andan bu qədər xoşuma gələn ikinci insana təsadüf etməmişdim. Təbii ki, söhbət qadınlardan getmir. Masa arxasında oturanların hansınınsa qəfil replikasından əcnəbi olduğum aşkara çıxdı. İtalyan başını qaldırıb cəld soruşdu:
–Italiano?
–No, Ingles. Y tu?
–Italiano[1 - -İtalyansan?–Yox, ingilisəm. Siz də?–İtalyanam (İsp.)]
Çıxışa yönələndə mənə tərəf bir addım atıb əlimi bərk-bərk sıxdı. Qəribə işdir! Heç gözləmədiyin halda tamamilə yad adama bu qədər rəğbət duyursan! Məndə elə təəssürat yaranmışdı ki, sanki qəlblərimiz bizi ayıran dil və ənənə uçurumunu adlayaraq bir bütöv halında birləşib. Özümün də qarşımdakı damın qəlbinə yatdığıma inanmaq istəyirdim. Eyni zamanda italyanla ilk tanışlığın yaratdığı təəssüratı həmişəlik yadda saxlamaq üçün onunla bir daha görüşməməyin zəruriliyini də anlayırdım. Təbii ki, bir daha görüşmədik. İspaniyada belə ani tanışlıqlar adi hal idi.
İtalyan barədə yaddaşıma çox möhkəm həkk olunduğundan belə ətraflı danışdım. Əzik hərbi forma geymiş bu cavan oğlan üzünün həssas, eyni zamanda sərt ifadəsi ilə gözlərim önündə dövrün həyəcanlı ruhunun təcəssümünə çevrildi. Müharibənin həmin çağı haqqındakı xatirələrim – Barselona üzərində dalğalanan qırmızı bayraqlar, köhnə-kürüş geyimli əsgərləri cəbhəyə aparan uzun qatarlar, savaş acıları içərisində yaşayan boz, cansıxıcı cəbhəyanı şəhərlər, dağlardakı soyuq, nəm və çirkli səngərlər gözlərim önündə canlanır.
Bu 1936-cı ilin dekabrında, yəni təxminən yeddi ay əvvəl olmuşdu. Lakin nədənsə məndə elə təsəvvür vardı ki, sanki görüşümüzün üstündən xeyli vaxt keçib. Sonrakı hadisələr 1935, hətta 1905-ci ildən yaddaşımda ilişib qalanlarla müqayisədə bu epozodu xatirimdən tamam sıxışdırıb çıxarmışdı. İspaniyaya qəzetlərə məqalə yazmaq kimi qeyri-müəyyən niyyətlə gəlmişdim. Sonra özüm də gözləmədən könüllülər dəstəsinə qoşuldum. Çünki həmin dövrün ab-havasına baxanda bu yeganə düzgün addım idi.
Kataloniyada gerçək hakimiyyət hələ də anarxistlərin əlində idi. İnqilab özünün yüksəliş dövrünü yaşayırdı. Lap əvvəldən burada olanlar dekabr, yaxud yanvarda inqilab əhvali-ruhiyyəsinin başa çatacağını düşünə bilərdilər. Birbaşa İngiltərədən gələn adamın nəzərində isə Barselona hələ də qeyri-adi və cazibədar şəhər təsiri bağışlayırdı. Hakimiyyətin fəhlələrin əlində olduğu bir şəhərdə ilk dəfə yaşayırdım. Demək olar ki, bütün iri binalar müsadirə edilmiş, ya kommunistlərin qırmızı, ya da anarxistlərin qara-qırmızı bayraqları ilə bəzədilmişdi. Divarlara oraq-çəkic rəsmi çəkilmişdi, əsas siyasi partiyaların adları yazılmışdı. Kilsələr dağıdılmış, müqəddəslərin şəkilləri tonqallarda yandırılmışdı. Gah orada, gah da burada şəhəri gəzib kilsələri uçuran fəhlə dəstələri gözə dəyirdi. Bütün dükan və kafelərdə onların ümumiləşdirildiyini bildirən elanlar asılmışdı. Hətta yeşiklərini ənənəvi qırmızı-qara rənglə boyamış çəkməsilənlər də özləri ilə o yan bu yana daşıdıqları iş müxəlləfatının ümimləşdirildiyini deyirdilər. Xörəkpaylayanlar və satıcılar müştərinin düz gözünün içinə baxır, onlarla tay-tuş kimi davranırdılar. Yarınmaq bildirən, hətta hörmət ifadə edən sözlər müvəqqəti də olsa, lüğətdən çıxarılmışdı. Daha heç kəs müraciət edərkən “sinyor”, yaxud “don” sözünü işlətmirdi. Hətta “siz” də demirdilər. Hamı bir-biri ilə “sən”lə danışır, “yoldaş” -deyə çağırırdı. “Buenos dias”[2 - Sabahını xeyir (İsp)] əvəzinə sadəcə “Salud!”[3 - Salam (İsp)] deməklə kifayətlənirdilər.
Ofisiantlara çay pulu vermək qanunla qadağan olumuşdu. Elə gəldiyim gün bununla bağlı ilk dərsimi aldım. Mehmanxananın müdiri lift xidmətçisinə xırda pul vermək istədiyimə görə abrımı ətəyimə bükdü. Şəxsi avtomobillər müsadirə edilmişdi. Taksi, tramvay və digər nəqliyyat növləri də qara-qırmızı rənglə boyadılmışdı. Hər tərəfdə inqilabi plakatlar gözə dəyirdi. Onlar divarlarda qırmızı və göyümsov alov dilləri kimi işıq saçırdılar. Tək-tük yerdə qalmış reklam lövhələri plakatlarla müqayisədə çirkli ləkələri xatırladırdı. Müxtəlif səmtlərə gedən insan kütlələri şəhərin mərkəzi küçəsini-Ramblası doldurmuşdu. Gecə yarıdan ötənə kimi radiodan inqilabi mahnılar səslənirdi. Lakin ən qəribə şey kütlənin görünüşü idi. Adamların paltarlarına baxanda şəhərdə daha bir nəfər də imkanlı şəxsin qalmadığını düşünmək olardı. “Abırlı” geyinənlər yalnız tək-tük qadınlar və xaricilər idi. Qalan hamı sadəcə iş paltarında gəzirdi. Onları ya göy rəngli kombinezonlarda, ya da könüllülərin geydikləri hərbi formalardan birində görmək olardı. Qeyri-adi mənzərə olduğundan həyəcansız baxmaq mümkün deyildi. Gördüklərimin çoxu mənə anlaşılmaz təsir bağışlayır, hətta xoşuma gəlmirdi. Mən hər şeyin zahiri ilə daxili mahiyyəti arasında uyğunluğun olmasına inanan insanlardanam. Burjuyların qaçıb dağıldıqları, yerdə qalanların məhv edildiyi, yaxud qorxudan fəhlələrin tərəfinə keçdiyi proletar dövlətində yaşadığıma əmin idim. O vaxt heç ağlıma da gəlməzdi ki, burjuyların çoxu sadəcə gizləniblər. Yaxud zamanlarını gözləyərək özlərini proletar kimi qələmə verirlər.
Müharibənin nəhs havası da hər yerdə hiss etdiyim bu yenilik duyğusuna qarışmışdı. Şəhərin görkəmi tutqun və səliqəsiz idi. Evlərin, yolların təmirə ehtiyacı vardı. Hava hücumundan qorunmaq məqsədi ilə gecələr küçələri çox pis işıqlandırırdılar. Mağazaların piştaxtaları həmişə yarıboş olurdu. Ət nadir hallarda gözə dəyirdi. Süd demək olar ki, birdəfəlik yoxa çıxmışdı. Daş kömür, şəkər, benzin tapılmırdı. Üstəlik, çörək qıtlığı da hiss olunurdu. Mən İspaniyaya gələndə çörək növbələrinin uzunluğu artıq yüz metri keçmişdi. Amma bütün məhrumiyyətlərə baxmayaraq xalq sanki məmnun görünürdü. İnsanlar gələcəyə ümidlə baxırdı. İşsizlik aradan qalxmış, həyat ucuzlaşmışdı. Küçədə kasıblığı ilə insanın gözünü deşənlərə nadir hallarda təsadüf olunurdu. Qaraçıları çıxmaq şərti ilə dilənçi də nəzərə çarpmırdı. Ən əsası isə inqilab işinə və gələcəyə inam vardı. İnsanlar birdən-birə bərabərliyə və azadlığa sıçrayış edəcəklərinə inanırdılar. Bərbər dükanlarında anarxist şüarlar asılmışdı (bərbərlərin əksəriyyəti anarxist idilər). Şüarlarda saç-saqqal ustalarının bir də heç zaman kölə olmayacaqları bildirilirdi. Küçələrdəki rəngarəng plakatlar fahişələri qədim peşədən əl çəkməyə çağırırdı. Hər şeydən doyan, hər şeyə ironiya ilə yanaşan bizlərə-anqlosaks mədəniyyətinin təmsilçilərinə idealist-ispanların basmaqəlib inqilabi frazeologiyanı belə cani-dildən qəbul etmələri şirin və məzəli görünürdü. Hər tində bir neçə sentavoya[4 - İspan xırda pulu (Tərc.)] dünya proletariatının qardaşlığından və Mussolinin bəd əməllərindən söz açan poetik balladalar almaq olurdu. Bir neçə sinif savadı olan könüllülərin belə balladaları höccələyə-höccələyə oxuyub əzbərlədiklərinin, sonra isə uyğun melodiya tapıb mahnı kimi oxuduqlarının dəfələrlə şahidi olmuşdum.
Bütün bu vaxtı Lenin kazarmasında qalır, cəbhəyə göndəriləcəyim günü gözləyirdim. Könüllü dəstəsinə yazılanda cəbhəyə ertəsi gedəcəyimizi demişdilər. Əslində isə yeni “senturion” yaranana qədər gözləməli olacaqdım. Müharibənin başlanğıcında həmkarlar ittifaqının tələm-tələsik bir yerə yığdığı fəhlələrdən ibarət könüllülər hərəkatı təşkilati baxımdan ordudan xeyli fərqlənirdi. Könüllülərin əsas hərbi vahidləri “seksiya” (təxminən otuz nəfər), “senturion” (yüz nəfərə yaxın) və “briqada” (burada istənilən sayda döyüşçü daxil ola bilərdi) idi. Lenin kazarmaları möhtəşəm binaları, maneji və daş döşəməli həyəti olan bütöv məhəllə idi. İyul döyüşlərinə qədər süvarilərin kazarmaları kimi tanınırdı. Tərkibinə mənim də daxil olduğum senturionun döyüşçüləri daşdan yonulmuş axurların hələ də durduğu tövlələrdən birində yerləşmişdilr. Axurların üstündə hətta atların adları da yazılmışdı. Bu nəcib heyvanlar çoxdan müsadirə edilib cəbhəyə göndərilsə də tövlədən at sidiyinin və yulafın qoxusu hələ çəkilməmişdi. Kazarmada bir həftəyə qədər yaşadım. Ən çox yadımda qalan daim burnumuzu qıcıqlandıran at iyi, bir də şeypurçuların inamsız ifası (hamısı çalmağı özləri öyrənən həvəskarlar idi; ispanların hərbi siqnallarını yalnız cəbhədə, faşist şeypurçularını dinləyəndən sonra ayırd edə bildim) oldu. Kazarmanın daş döşənmiş həyətində əks-səda verən nallı çəkmələrin taqqıltısı, qış günəşi altında bitib-tükənmək bilməyən sıra təlimləri, qum səpilmiş manejdə əlli nəfərin əlli nəfərə qarşı futbol yarışları yaddaşıma həmişəlik həkk olunmuşdu. O zaman könüllü dəstələrində xidmət edən qadınlar sayca nisbətən az idilər. Düşmənlə ilk qarşılaşmalarda kişilərlə çiyin-çiyinə vuruşurdular. Hamı buna adi hal kimi baxırdı. İnqilab zamanı belə vəziyyət təbii görünür. Lakin adamların təsəvvürləri dayanmadan dəyişirdi. İndi dəstənin qadın üzvləri manejdə təlim keçəndə kişiləri ora yaxın buraxmırdılar. Çünki yersiz atmacaları və şit-şit irişmələri ilə təlimə mane olurdular. Amma bir neçə ay əvvəl küçədə çiyni tüfəngli qadın görəndə gülmək bir kimsənin ağlına da gəlməzdi.
Kazarma çirkab içərisində idi. Hər tərəfdə qanunsuzluq hökm sürürdü. Əslində könüllülərin əlinə düşən binaların hamısının aqibəti biri-birinə bənzəyirdi. İstər-istəməz adamda çirkab və xaosun inqilabın ayrılmaz yol yoldaşına çevrilməsi təəssüratı yaranırdı. Bütün künclərdə sındırılmış mebel, əzik yəhərlər, mis süvari dəbilqələri, boş qınlar və çürüməkdə olan ərzaq qırıntıları qalaqlanmışdı. Könüllülər heç bir ehtiyac olmadan kazarmaya çoxlu ərzaq, xüsusən də çörək gətirirdilər. Qaldığım barakdan hər gün nahardan sonra yekə bir zənbil yemək atılırdı. Camaatın necə ehtiyac içərisində yaşadığını düşünsək, bu misli-bərabəri görünməyən biabırçılıq idi. Yonuımamış taxtalardan düzəldilmiş uzun, yöndəmsiz masa arxasında nahar edirdik. Yeməkləri daim yağlovça qoxuyan tənəkə kasalarda verirdilər. Şərabı porrona deyilən əcayib qabdan içirdik. Porrona dar boğazlı şüşəni xatırladırdı. Azacıq əyən kimi içərisindəki şərab fışqırtı ilə axıb tökülürdü. Porronadan yalnız lüləyi ağıza çox yaxınlaşdırmadan, əldən ələ ötürmək şərti ilə aralıda tutub içmək olardı. Bu əcayib qabı ilk dəfə əlimə alan kimi etirazımı bildirdim, parç tələb etdim. İçərisinə ağ şərab töküləndə porrona mənə isti su dolu rezin qızdırıcını xatırladırdı.
Tədricən çağırışçılara pal-paltar verilirdi. Lakin bura İspaniya olduğundan hər şeyi bir-bir gətirirdilər. Heç vaxt kimin nə aldığı bilinmirdi. Daha çox ehtiyac duyduğumuz şeyləri, xüsusən də kəmər və patrondaşları bizə ən son dəqiqədə, cəbhə qatarı hərəkətə başlayanda gətirdilər. Yuxarıda könüllülərin fərqli geyim forması haqqında danışmışdım. Paltarlarımızı sözün həqiqi mənasında “hərbi forma” adlandırmaq olmazdı. Bir tərəfdən baxanda hamının geyimi oxşar idi. Lakin eyni geyimli iki adam tapmaq da mümkün deyildi. Ordudakıların şalvarı məxmərdən tikilmişdi. Bənzərlik bununla da sona çatırdı. Bəzilərinun ayağında çarıq, bəzilərində tufli, bəzilərində isə uzunboğaz çəkmə vardı. Hamı zəncirbəndli gödəkçə geyinirdi. Gödəkçələrin bəziləri dəridən, çoxu isə rəngbərəng şal parçalardan tikilmişdi. Baş geyimlərinin forması döyüşçülərin sayı qədər müxtəlif idi. Papaqlara adətən partiya nişanları taxırdılar. Demək olar ki, hamı boynuna qırmızı, yaxud qırmızı-qara dəsmal bağlayırdı. Elə bu səbəbdən də könüllülər dəstəsi əsl qaraçı köçünü xatırladırdı. Özü də geyimlərin hamısı əvvəldən döyüşçülər üçün nəzərdə tutulmuş və fabrikdə hazırlanmışdı. Şəraiti göz önünə gətirəndə keyfiyyətləri o qədər də pis deyildi. Doğrudur, nazik pambıq parçadan olan köynəklər, yaxud corablar soyuqdan qətiyyən qorumurdu. Hələ heç bir hazırlıq görülmədiyi ilk aylarda könüllülərin hansı şəraitdə yaşadıq-larını isə ümumiyyətlə xatırlamağa dəyməz. Yadımdadır, iki ay əvvəl hansısa qəzetdə cəbhədən dönən R.O.U.M.[5 - R.O.U.M. – Partido Obrero de Unifassion Marxista (İsp.) – Birləşmiş Marksist Fəhlə Partiyası] liderlərindən birinin müsahibəsini oxumuşdum. O, ən qısa zamanda “hər könüllünün bir odeyal alacağını” vəd edirdi. Əgər kimsə, nə vaxtsa açıq səngərdə yatıbsa, bu sözləri oxuyanda onu mütləq üşütmə tutmalıdır.
Mən kazarmada yerləşəndən bir gün sonra təlim deyilən proses başlandı. Əvvəlcə hər tərəfdə təsəvvürəgəlməz qarmaqarışıqlıq hökm sürürdü. Əksəriyyəti kasıb Barselona məhəllələrinin sakinləri olan 16-17 yaşlı yeniyetmələrdən ibarət çağırışçıların beyni inqilab havası ilə dosa da, müharibə haqda adi təsəvvürləri yox idi. Onları hətta sıraya düzmək mümkün olmurdu. Nizam-intizamdan isə danışmağa dəyməzdi. Verilən əmr kimin xoşuna gəlmirdisə, sıradan çıxıb zabitlə mübahisəyə başlayırdı. Bizə təlim keçən dolubədənli, yaraşıqlı, üzünün təmiz, duru rəngi ilə diqqət çəkən leytenant çox cavan görünsə də, peşəkar hərbçi idi. Bu, şux qamətindən, iynənin ağzından təzə çıxmış kimi görünən hərbi formasından da aydın hiss edilirdi. Ən maraqlısı isə həqiqi, əqidəli sosialist kimi tanınması idi. Rütbə və vəzifələrinə baxmayaraq bütün döyüşçülərin bərabərliyi məsələsində əsgərlərdən daha qətiyyətli mövqe tuturdu. Hələ heç nədən xəbəri olmayan yeni çağırışçılardan biri ona “sinyor” deyəndə necə özündən çıxdığı indi də yadımdadır. “Nə? Sinyor? Kim mənə sinyor dedi? Məgər burada hamımız yoldaş deyilik?”. Amma belə münasibətin onun işini yüngülləşdirdiyini düşünmürəm. Hələlik çağırışçıların nə isə öyrəndiklərini demək də çətin idi. Xaricilərin hərbi təlimdə iştiraklarının o qədər də vacib olmadığını mənə demişdilər. (Hiss edirdim ki, ispanlar yalnız özlərinə xas bir səmimiyyətlə sərhədin o üzündən gələnlərin hamısının hərbi işi daha yaxşı bildiklərini düşünürlər). Onların sözünə fikir verməyib hamı ilə birlikdə təlimlərə qatılırdım. İlk növbədə pulemyot atmağı öyrənmək istəyirdim. Əvvəllər pulemyotla heç bir tanışlığım olmamışdı. Bizə ümumən silahla rəftarı öyrətməyəcəklərini eşidəndə xeyli təəccübləndim. Hərbi hazırlıq məşğələsi son dərəcə adi, çoxdan köhnəlmiş, hətta deyərdim ki, səfeh sıra təlimindən başqa bir şey deyildi. Bizə "Sağa dön!","Sola dön!", "Arxaya dön!", "Azad!", "Farağat!", !Dəstə, üç nəfərlik sıralarla addımla marş!" və s. kimi cəfəngiyyat öyrədirdilər. Partizan ordusu hazırlığı üçün belə təlimdən daha axmaq və mənasız şey təsəvvürə gətirmək mümkün deyildi. Bunların hamısını mən hələ on beş yaşım olanda bilirdim. Aydın məsələdir ki, əsgərin hazırlığı üçün əgər cəmisi bir neçə gün vaxt qalıbsa, ilk növbədə ona ən zəruri şeyləri öyrətmək lazımdır. Yəni atəş altında özünü aparmaq, açıq yerdə hərəkət etmək, qarovulda dayanmaq, səngər qazmaq, ən başlıcası isə silahla rəftar başa salınmalıdır. Lakin döyüşə can atan, bir neçə gündən sonra cəbhəyə göndəriləcək bu gənclərə hətta tüfəng tutmağı, yaxud qumbara atmağı da öyrətmirdilər. O vaxt bunun silah çatışmazlığı ilə bağlılığı əsla ağlıma gəlmirdi. P.O.U.M.-un könüllü dəstələrində silah məsələsi elə böhran həddinə çatmışdı ki, ön atəş xəttinə yollanan yeni hərbi hissələr əvəz etdikləri əsgərlərin silahını götürməli olurdular. Lenin kazarmalarında isə tüfəng yalnız qarovulda dayananlara verilirdi.
Daha bir neçə gün keçdi. Ən adi müşahidə də yenə nizam-intizamdan uzaq, başıpozuq dəstə olduğumuzu göstərirdi. Lakin nədənsə bizi camaat qarşısına çıxarmaq səviyyəsində hazırlıqlı saymışdılar. Səhərin gözü açılmamış könüllüləri sıraya düzüb təpənin üstündə, Plaza de Espana sarayının arxasında yerləşən şəhər parkına apardılar. Burada bütün partiyalardan olan könüllülərin, eləcə də karabinerlərin və Xalq ordusunun ilk dəstələrinin əsgəri marşla keçdikləri meydan var idi. Həmin gün şəhər parkı özünün qəribə və gülüş doğuran görkəmi ilə diqqəti çəkirdi. Çiçək ləklərinin arasındakı bütün cığır və yollarda bölmələr, dəstələr irəli-geri addımlayırdılar. Kişilər sinələrini qabağa verib özlərini sınaqdan çıxmış əsgərlərə oxşatmağa çalışırdılar. Parkda hərbi yerişlə o tərəf bu tərəfə gedənlərin heç birinin silahı yox idi. Çoxlarında könüllü dəstəsin ümumi geyim formasının müəyyən ünsürləri olsa da, heç kim tam hərbi formada deyildi. Qaydalar əsasən dəyişməz qalırdı. Üç gün çəkən təlimlər zamanı aramsız o tərəf bu tərəfə addımlayırdılar (qısa və sürətli ispan sıra təlimi), sonra dayanırdılar, bürküdən boğulmuş halda sıradan çıxıb təpə ilə üzü aşağı, ucuz şərab satılan dükana qaçırdılar. Hamı mənə dostcasına yanaşırdı. Çünki ingilis idim. Bu, onlara maraqlı görünürdü. Xüsusilə karabinerlərin zabitləri mənimlə çox maraqlanır, tez-tez şəraba qonaq edirdilər. Bizim leytenantı bir küncə çəkməyə imkan tapan kimi pulemyot barəsində danışırdım. Cibimdən Hüqo lüğətini çıxarır, ispan sözlərinin qol-qanadını qıra-qıra onu dilə tutmağa çalışırdım
Cavabında leytenant həmişə pərt halda gülümsəyir, pulemyot təliminin başlanma tarixi kimi “manana”, yəni “sabah” deyirdi. Amma “sabahın” heç vaxt gəlmədiyini burada xırdalamağa lüzum yoxdur. Bir neçə gündən sonra çağırışçılar artıq sıra ilə babat addımlamağı, “Farağat!” komandası veriləndə özlərini qurudub durmağı bacarırdılar. Ən əsası güllənin tüfəngin hansı tərəfindən çıxdığını öyrənə bilmişdilər. Bütün hərbi bilikləri də bununla məhdudlaşmışdı. Bir dəfə məşğələlər arasındakı fasilə zamanı silahlı karabinerlərdən biri bizə yaxınlaşdı, tüfənginə yaxından baxmağa icazə verdi. Bu zaman bölməmizdə məndən başqa tüfəng doldurmağı bacaran bir nəfərin də olmadığı aşkara çıxdı. Hədəf nişan alıb atmaqdan isə ümumiyyətlə söhbət gedə bilməzdi.
Gəldiyim gündən ispan dili ilə təkbətək savaşım davam edirdi. Kazarmada məndən başqa yalnız bir ingilis vardı. Hətta zabitlər də fransız dilində bir söz bilmirdilər. Yoldaşlarımın aralarında Katalon dilində danışmaları vəziyyəti daha da çətinləşdirirdi. Daim özümlə lüğət gəzdirməkdən başqa çarəm qalmamışdı. Ən çətin məqamlarda dərhal əlimi cibimə atıb danışıq kitabçasını çıxarır, lazımi sözü tapmağa çalışırdım. Amma adama ləzzət eləyən məqamlar da vardı. Ümumiyyətlə xarici olanda da gərək yolunu İspaniyaya salasan. Buradakı insanların içərisində özünə dost tapmaq necə də asan idi! Aradan iki gün keçməmiş könüllülərdən iyirmi nəfəri məni adımla çağırırdı, ətrafdakı bütün dəlmə-deşikləri öyrətmişdilər, təsəvvürə-gəlməz qonaqpərvərlik nümunələri göstərirdilər. Təbliğati kitab yazmaq niyyətində deyiləm. P.O.U.M. könüllülərini ideallaşdırmaq fikrindən də uzağam. Təbii ki, bu qurumun ciddi çatışmazlıqları vardı. Ora üz tutan insanlar çox fərqli idilər. Mən P.O.U.M.-a yazılanda könüllülərin qəbulu məsələsi da xeyli məhdudlaşmışdı. Yaxşı adamların çoxu cəbhədə isi. Bəziləri isə artıq həlak olmuşdu. Təbii ki, qurumda çatışmayan cəhətlər də az deyildi. Valideynlər könüllüü yazılmaq üçün 15 yaşlı övladlarını gətirirdilər. Bunu on pese gündəlik maaş, bir də qarın dolusu yeməkdən (bəzən gizlicə valideynlərə də nə isə ötürmək olurdu) ötrü elədiklərini də gizlətmirdilər. Eyni zamanda əminəm ki, ispan fəhlələri arasına düşən hər kəs (yəqin “katalon fəhlələri” desəm, daha dəqiq olardı, çünki bir neçə araqonlu və əndəlislini çıxmaq şərti ilə yeni tanışlarımın hamısı kataloniyalılar idi) onların daxili nəcibliyi, düzlük və səxavətliliyi qarşısında heyran qalmaya bilmirdi. Doğrusu, hamı kimi məni də mat qoymuş ispan səxavəti bəzən adamı pərt edirdi. Əgər siz bir siqaret istəyirsinizsə, ispan bütün qutunu götürmə üz vururdu. Belə adi həyati məqamlarla yanaşı onlarda daha dərin anlam ifadə edən səxavətlilik də vardı. Bu da ən çətin vəziyyətlərdə dəfələrlə üzləşdiyim həqiqi ürək genişliy idi. Müharibə zamanı İspaniyada olan jurnalistlərin və əcnəbilərin bəziləri ispanların xarici yardımdan çox da məmnun qalmadıqlarını deyirdilər. Düzü mən heç vaxt belə hala rast gəlməmişdim.
Biz kazarmanı tərk etməmişdən bir neçə gün əvvəl cəbhədən könüllülər dəstəsi qayırtmışdı. Həyəcanla səngər xatirələrini bölüşür, Xueska altında birgə vuruşduqları hansısa fransız hissəsindən vəcdlə danışırdılar. “Fransızlar şir kimi döyüşürdülər”-deyə onları tərifləyir, dəfələrlə “Mas valentas ke nostros”– “Bizdən də cəsarətlidirlər!”deməkdə özlərinə bir əskiklik görmürdülər. Şişirtməyə yol verdiklərini deyirdim. İspanlar isə məni inandırırdılar ki, fransızlar hərbi işi çox gözəl bilirlər, qumbaranı daha yaxşı atırlar, pulemyotdan daha sərrast atəş açırlar və s. Bu epizod çox səciyyəvidir. İngilis başqasının ünvanına belə tərif söyləməkdənsə, əlinin kəsilməsinə daha asanlıqla razı olardı.
Könüllülər dəstəsindəki hər xaricinin bir neçə həftə ərzində ispanları həm dəlicəsinə sevməyə, həm də bəzi cəhətlərindən ümidsizliyə qapılmağa imkanı olurdu. Cəbhədə həmin ümidsizlik məni bəzən dəlilik dərəcəsinə gətirirdi. İspanlarla təmasda olan xaricilərin hamısı onların astagəlliyindən, ən başlıcası isə heç bir əndazəyə sığmayan qeyri-dəqiqliklərindən dad döyürdü. İstəyib-istəməsə də hər xaricinin mütləq öyrəndiyi bir ispan sözü vardı. Bu manana kəlməsi idi. Mənası “ertəsi gün”, “sabah”-deməkdir. İspanlar ələ ən kiçik imkan düşən kimi indi görülməli işi həvəslə mananaya-sabaha saxlayırdılar. Bu xüsusiyyət geniş yayıldığından özlərinin arasında da zarafat mənbəyinə çevrilmişdi. İspaniyada yeməkdən tutmuş döyüş əməliyyatyına qədər heç bir iş təyin edildiyi vaxtda baş tutmurdu. Hər məsələdə gecikmək milli ənənəyə çevrilmişdi. Lakin ara-sıra sanki sizin hər şeyi daimi gecikməyə hesablamağınızın acığına bəzi işlər deyiləndən əvvəl görülürdü. Qrafiklə saat səkkizdə hərəkət etməli olan qatar adətən doqquzda, yaxud onda yola düşürdü. Amma həftədə bir dəfə, görünür, maşinistin şıltaqlığı ucbatından həmin o səhər saat səkkiz qatarı stansiyadan yarım saat tez çıxırdı. Bu da onlarla adamın əsəblərinin yerindən oynamasına səbəb olurdu. Nəzəri baxımdan ispanların vaxtı saya salmamaları məni vəcdə gətirirdi. Çünki şimal xalqlarında dəqiqlik artıq xəstəliyə çevrilib. Lakin bir məsələ var ki, mən özüm də həmin xəstəlikdən əəziyyət çəkiridm.
Çoxsaylı şayiələrdən, saysız-hesabsız manana-lardan, gündəlik təxirəsalmalardan sonra heç gözləmədiyimiz vaxtda cəbhə xəttinə hərəkət əmri aldıq. Əmr verilsə da hələ heç kimə lazımi sursat və azuqə paylanmamışdı. Nəticədə bəzi döyüşçülər zəruri şeylərlə təmin olunmadan yola çıxırdılar. Hazırlaşdığımız vaxt haradan gəldikləri bilinməyən qadınlar dəstə ilə kazarmasya doluşdular. Onları odeyalları büküb-qatlamaqda, əşyaları çantaya doldurmaqda yaxınlarına kömək edirdilər. Bunu demək xoş olmasa da, yeni patrondaşımı sahmana salmaqda dəstəmizdəki digər ingilis könüllüsünün – Vilyamsın ispan xanımı mənə yardım göstərdi. O, zərif, qara gözlü, çox məlahətli qadın idi. Düşünürdün ki, belə qadının yeganə məşğuliyyəti körpəsinin beşiyini yırğalamaq olmalıdır. Lakin iyuldakı küçə döyüşləri zamanı hamıdan cəsarətlə vuruşurdu. Südəmər körpəsini də kazarmaya gətirmişdi. Uşaq müharibə başlanandan on ay sonra doğulmuşdu. Qadının elə barrikadada hamilə qaldığını anlamaq çətin deyildi.
Qatar saat səkkizdə stansiyadan çıxmalı idi. Lakin yorulub əldən düşmüş, qan-tər içərisində olan zabitlər bizi yalnız doqquza on dəqiqə işləmiş kazarmanı həyətində sıraya düzə bildilər. Məşəllərin işıqlandırdığı həyət, həyəcan və çığırtılar, havada dalğalanan al-qırmızı bayraqlar, bellərinə iri bağlamalar şəlləmiş, odeyallarını bürmələyərək pulemyot şəridi kimi sinələrinə çalın-çarpaz bağlamış könüllülər cərgəsi, biri-birinə qarışmış səslər, çəkmələrin tappıltısı, dəmir qumqumaların cingiltisi hələ də gözlərim önündən çəkilmir. Sonra hamını sakitliyə çağıran hökmlü komanda verildi. Amma səs-küy bir müddət də davam etdi. Katalon dilində nitq söyləyən siyasi komissarın səsi indi də qulaqlarımdadır. Vağzal binasına tərəf addımladıq. Bütün şəhərə göstərmək məqsədi ilə bizi ən uzun yolla aparırdılar. Ramblas meydanında nəfəsli orkestrin çaldığı inqilabi marşı dinləməkdən ötrü bir neçə dəqiqə dayandıq. Qaliblər paradı təzədən başlandı-coşqun əhvali-ruhiyyə və qışqırtılar, tünd qırmızı və qırmızı-qara bayraqlar, səkilərdə dayanıb könüllüləri salamlayan insanlar, pəncərələrdən əl edən qadınlar… O zaman bütün bunlar necə təbii təsir bağışlayırdı! İndi isə hər şey necə uzaq və əlçatmaz görünür… Qatara o qədər adam doluşmuşdu ki, oturacaqlar bir yana qalsın, heç döşəmədə də ayaq basmağa yer yox idi. Sonuncu dəqiqədə Vilyamsın ispan xanımı qaçaraq özünü vağzala çardırdı. Bizə bir şüşə şərab və uzunluğu yarım metrə çatan tünd qırmızı rəngli kolbasa verdi. Kolbasadan sabun iyi gəlirdi. Yeyən kimi adamın qarnını açırdı. Qatar yerindən tərpəndi. Kataloniyanı arxada qoyaraq müharibə vaxtının qaydası ilə-saatda 20 km. sürətlə Araqon təpələrinə tərəf sürünməyə başladı.
II
Barbastro şəhəri arxa cəbhədə sayılsa da, zəhmli və xarabazar görkəmi vardı. Köhnə-kürüş paltarlı könüllülər dəstəsi qızınmağa yer axtara-axtara şəhərin küçələrini dolaşırdı. Uçub-dağılmış divarda ötən ildən qalma plakat diqqətimi çəkdi. Filan tarixdə şəhər stadionunda “altı gözəl öküzün” öldürüləcəyi bildirilirdi. Bu plakatın solmuş rənglərinə nə qədər qüssə, kədər hopmuşdu! O “gözəl öküzlər” və qorxubilməz matadorlar hara qeyb olmuşdular? Eşitdiyimə görə, indi heç Barselonada da öküz döyüşləri keçirilmirdi. Çünki ən yaxşı matadorlar faşistlərin tərəfinə keçmişdilər.
Bizim rotanı yük maşınlarında əvvəlcə Sietamoya, sonra isə Alkuberreden qərbdə, Saraqosa yaxınlığında, cəbhə xəttinin arxasında yerləşən kəndə gətirdilər. Oktyabrda anarxistlər Saraqosada mövqelərini möhkəmləndirənə qədər şəhər üç dəfə əldən-ələ keçmişdi. Evlərin bir hissəsi mərmi atəşləri ilə dağıdılmışdı. Salamat qalanların hamısında güllə izləri gözə dəyirdi. Dəniz səviyyəsindən 500 metr yüksəklikdə idik. Hava xeyli soyumuşdu. Hər tərəfi qalın duman bürümüşdü. Yük maşınının sürücüsü haradasa Sietamo ilə Alkuberre arasında azdı (bu da qatıldığımız savaşın özəlliklərindən biri idi) və uzun müddət göz-gözü görməyən qatı dumanda yol axtarmalı olduq. Alkuberreyə yalnız gecə yarısı gəlib çatdıq. Naməlum bir şəxs bizi çirkli gölməçələrdən keçirib nə vaxtsa qatırlar üçün tikilmiş tövləyə gətirdi. Püfəni eşələyib özümüzə yer düzəltdik. Dərhal da yuxuya getdik. Yatmaq üçün püfə otdan pisdir, amma samandan qat-qat yaxşıdır. Yalnız səhər hava işıqlaşanda püfənin içinin çörək qırıntıları, qəzet parçaları, ölmüş siçovul cəsədləri və boş konserv qutuları ilə dolu olduğunu gördük.
İndi cəbhədən çox da uzaqda deyildik. Hətta müharibənin səciyyəvi qoxusunu hiss edəcək dərəcədə yaxın idik. Fikrimcə, həmin səciyyəvi qoxu nəcis və çürümüş ərzaq iyidir. Alkuberreni bomalamaməşdılar. Ona görə də cəbhə xəttindəki kəndlərin çoxuna nisbətən daha abad görünürdü. Ancaq fikrimcə, dünyanın düz vaxtında da İspaniyanın bu hissəsinə yolu düşən hər kəs Araqon kəndlərinin çirkab və səfalət içərisində boğulduğunu görməyə bilməzdi. Kəndlər hamısı sanki qalaça şəklində salınmışdı. Daş və gildən tikilmiş balaca, çirkli daxmalar kilsənin dörd bir yanını tutmuşdu. Hətta yaz aylarında da heç yerdə gül-çiçək görə bilməzdiniz. Evlərin qarşısında, yaxud arxasında bağça salınmamışdı. Yalnız arıq, caydaq toyuqların peyin təpəcikləri üzərində eşələndiyi zibilliyi xatırladan həyətlər vardı. Havalar çox pis keçirdi. Yağışla duman dayanmadan bir-birini əvəz edirdi. Dar yollar çirkab gölməçələrinə çevrilmişdi. Oradan keçən yük maşınları ətrafa palçıq yağdırır, bir neçə qatırın çəkib apardığı kəndli arabaları batıb qalırdı. Bəzən bir arabaya yarımdairə şəklində altı qatır qoşulurdu. Hərbi hissələrin yolunun üstdə olması kəndi böyük zibilliyə çevirmişdi. Tualet, yaxid kanalizasiya xətti ilə bağlı anlayış yerli-dibli yox idi. Ona görə də nəcisi tapdalamamaq üçün dəqiqəbaşı ayağının altına baxmadan gedə biləcəyin bir yer tapmaq müşkül məsələyə çevrilirdi. Kilsəni çoxdan ayaqyoluna çevirmiş, yüz metr həndəvərini də batırmışdılar. Müharibənin ilk iki ayı təsəvvürümdə yalnız hər tərəfdən bərkiyib qabıq başlamış insan nəcisi ilə örtülü soyuq torpaq zolağından ibarət idi.
Gəlişimizdən iki gün keçmişdi. Amma hələ də tüfəng verməmişdilər. Comite de Cuerreaya[6 - Comite de Guerreya (İsp.) – Hərbi Komitə] baş çəkəndən və divarda güllələrin açdığı deşiklərə (burada faşistləri güllələyirdilər) tamaşa edəndən sonra əslində Alkuberrenin bütün diqqətəlayiq yerlərini görmüş olurdunuz. Deyəsən, cəbhədə sakitlik idi. Çünki kəndə çox az yaralı gətirilirdi. Əsas əyləncə faşist ordusundan qaçan dezertirlərin gəlişi idi. Onalrı adətən konvoy müşaiyət edirdi. Burada bizə qarşı vuruşanların çoxu əqidəli faşist deyildi. Sadəcə müharibə başlanan vaxt nəhs təsadüf nəticəsində həqiqi hərbi xidmət keçən əsgərlər idi. Çoxu ordudan qaçmaq haqqında fikirləşirdi. Ona görə də tez-tez cəbhə xəttini keçirdilər. Əgər qohumarı faşist nəzarəti altındakı ərazidə qalmasaydı, fərarilərin sayı daha çox olardı. Dezertirlər gördüyüm ilk doğruçu “faşistlər” idi. Xaki rəngli kombinezonlarını çıxmaq şərti ilə bizim döyüşçülərdən heç nələri ilə fərqlənməmələri mənə heyrətamiz görünürdü. Onlar yol axtara-axtara neytral ərazidə iki-üç gün dolaşandan sonra acından heydən düşmüş halda yanımıza gəlib çıxırdılar. Dərhal da faşist ordusundakı dəhşətli aclıqdan danışmağa başlayırdılar. Kəndli daxmasında belə dezertirlərdən birinin necə yedirdildiyini görmüşdüm.
Bu,əslində çox kədərli mənzərə idi. Üzünü şaxta və külək qarsımış iyirmi yaşlarında, ucaboy,cındır paltarlı cavan oğlan ocağın qarşısında çöməltmə oturmudu. Qarşısındakı kasadan ət parçalarını qaşıqlayıb ağzına doldururdu. Gözləri ətrafında dayanıb onu seyr edən könüllülərin sifətində dolaşırdı. Deyəsən, hələ də ürəyinin dərinliklərində “qırmızıların” qaniçən olduqlarına inanır, yeməyini qurtaran kimi öldürüləcəyini düşünürdü. Yəqin, bunu hiss edən silahlı nəzarətçi əlini onun çiyninə vurub Katalon dilində sakitləşdirici sözlər deməyə başladı. Bir gündə düz on beş nəfər dezertirin kəndə gətirildiyi yadımdadır. Onları təntənə ilə küçələrdən keçirib apardılar. Qabaqda ağ atın üstündə bir nəfər gedirdi. Mən o qədər də yaxşı çıxmayan foto çəkdim. Amma sonra onu haradasa itirdim.
Alkuberredə mənzil salandan üç gün sonra nəhayət tüfəngləri gətirdilər. Kobud, tünd sarışın sifətli baş serjant tövlədə onları bizə payladı. Öz tüfəngimi görəndə dəhşətə gəldim. 1896-cı ilin, yəni qırx il əvvəlin istehsalı olan alman “Mauzeri” idi. Tamam pas atmışdı. Çaxmağı güclə gedib-gəlirdi. Ağac qundağı çatlayıb iki yerə bölünmüşdü. Lüləsinə ani nəzər salan kimi onun da pas içində olduğunu gördüm. Tüfənglərin çoxu mənimkindən yaxşı vəziyyətdə deyildi. Bəziləri daha bərbad halda idi. Az-çox işə yarayanları silahdan istifadə etməyi bacaranlara vermək heç kəsin ağılına gəlməmişdi. On il əvvəlin istehsalı olan ən yaxşı tüfəng “maricon” (“qızcığaz”) ləqəbli on beş yaşlı yaramaza qismət olmuşdu. Serjant silahla davranış qaydaların izahına cəmisi beş dəqiqə sərf etdi. Sadəcə tüfəngi necə doldurmağı, bir də çaxmağı çəkməyi öyrətdi. Könüllülərin çoxu əllərinə ilk dəfə silah alırdılar. Aralarında nişangahın nə olduğunu bilənlər tək-tük idi. Adambaşına əlli patron verdilər. Sonra hamını sıraya düzüb kəndin beş kilometrliyində yerləşən atəş xəttinə apardılar.
Səksən nəfər döyüşçüdən və bir neçə itdən ibarət senturion – başıpozuq dəstə yola düzəldi. Hər könüllü dəstəsi sehrli talisman kimi mütləq özü ilə it aparırdı. Bizim böyrümüzə də dərisinə iri hərflərlə P.O.U.M. damğası vurulmuş zavallı bir köpək addımlayırdı. Deyəsən, özü də yazıq görkəmindən utanırdı. Dəstənin önündə, qırmızı bayrağın altında alaşa atın belində komandirimiz, tökməbədən belçikalı Jorj Kopp gedirdi. Ondan qabaqda isə süvari dəstənin döyüşçülərindən birinin – üzdən uşaq təsiri bağışlayan, əslində isə quldura bənzəyən cavan oğlanın atı səkirdi. O, az qala hər təpəciyin belinə dördnala çaparaq çıxır, balaca zirvələrdə teatral əda ilə müxtəlif pozalar alaraq özünü göstərirdi. İnqilab zamanı ispan süvarilərinin çoxlu sayda əla cins atları ələ keçirilmişdi. Atlar könüllülər arasında paylanmışdı. Onlar isə xüsusi qulluq tələb edən bu zavallı heyvanları ürəkləri çatlayana qədər çapıb öldürməkdən başqa bir şey bacarmırdılar.
Yol ötən ilki məhsul yığımından sonra başlı-başına buraxılmış sarı, bəhərsiz tarlaların arasından keçirdi. Önümüzdə Alkuberreni Saraqosadan ayıran alçaq təpələr uzanıb gedirdi. Cəbhə xəttinə lap az qalırdı. Get-gedə bomba partlayışlarına, pulemyot atəşlərinə, qana və ölümə yaxınlaşırdıq. Ürəyimin dərinliklərində qorxu hiss edirdim. İndi cəbhədə sakitlik hökm sürdüyünü bilirdim. Amma həmvətənlərimin çoxundan fərqli olaraq Birinci Dünya müharibəsinin təcrübəsindən xəbərim vardı. O müharibədə iştirak etməsəm də hərb təsəvvürümə güllələrin vıyıltısı, mərmilərin od saçan dəhşətli partlayışı ilə həkk olunmuşdu. Amma müharibə deyiləndə gözlərim önündə daha çox çirkab, aclıq, soyuq və insan bədənini basmış bit-birə canlanırdı. Qəribə də olsa, soyuq mənə düşməndən də qorxulu görünürdü. Barselonada qaldığım günlər ərzində soyuqla bağlı fikirlər başımdan bir an da çıxmırdı. Hətta gecələr yuxuya gedə bilmirdim. Səngərlərə hakim kəsilən soyuq, səhərin alaqaranlığında dişin-dişinə dəyə-dəyə gözlərini açmaq, qırov basmış tüfənginə söykənib saatlarla qarovulda dayanmaq, buz kimi çirkli su dolmuş ayaqqabıların fırça-fırç səsi haqqında düşünürdüm. Yanımca addımlayan silahdaşlarıma baxanda məni dəhşət bürüyürdü. Hərəsi bir tərəfdən gəlmiş bu adamların necə əcayib dəli yığnağına bənzədiklərini gözünüz önünə gətirə bilməzsiniz. Qoyun sürüsü kimi başımızı aşağı salıb gedirdik. İki saat keçməmiş arxadakıları gözdən itirdik. Yekə-yekə döyüşçü adlandırılan könüllülərimizin yarısı uşaq idi. Həm də sözün həqiqi mənasında uşaq! Bəzilərinin heç on altı yaşı tamam olmamışdı. Amma hamısı özünü çox xoşbəxt sayırdı. Nəhayət, cəbhəyə gəlmələrinin sevincindən az qala başlarını itirmişdilər. Ön atəş xəttinə yaxınlaşanda əllərində qırmızı bayraq irəlidə gedənlər “Visca P.O.U.M.! Fascistas-maricones[7 - Yaşasın P.O.U.M! Faşistlər qorxaqdır! (İsp.)]! -deyə qışqırmağa başladılar. Qışqırıqlarının mümkün qədər qorxunc və təhdidedici olmasına çalışırdılar. Lakin uşaqların dilində bu səs-küy pişik miyoltusu kimi zəif-şikayətçi tərzdə çıxırdı. Deməli, Respublikanın müdafiəçiləri cır-cındır geyimli, atmağı bacarmadıqları köhnə tüfənglərlə silahlanmış uşaq-muşaq idi. Yadımdadır, o zaman öz-özümdən sual edirdim: əgər qəflətən başımızın üstündə faşist təyyarəsi görünsə, onda nə olacaq? Təyyarəçi lap aşağı enib hamımızı pulemyot atəşi ilə biçəcək? Düşünürdüm ki, heç birimizin həqiqi döyüşçüyə bənzəmədiyini havadan da görmək mümkündür.
Təpəyə çatandan sonra sağa döndük, qatırların saldığı cığırla zirvəyə tərəf qalxmağa başladıq. İspaniyanın bu hissəsində təpələrin qəribə forması vardı – onlar zahirən nala bənzəyirdilər, zirvələri yastı, yamacları isə çox sərt idi. Yamaclar hamısı dərin dərələrə enirdi. Təpələrdə yalnız sısqa kollar, bir də ciriş ağacları bitirdi. Hər yerdə torpağın altından çıxmış ağ əhəng daşları gözə dəyirdi. Cəbhə xətti təbii ki, səngərlərin düz sırasından ibarət deyildi. Belə dağlıq yerdə düz xətt boyu uzanan səngər qazmaq çətin məsələdir. Ona görə də cəbhə xətti deyiləndə ilk növbədə təpələrin başındakı möhkəmləndirilmiş məntəqələr silsiləsi nəzərdə tutulurdu. Onlar “mövqe” adlanırdı. Uzaqdan “nalın” düz yuxarı hissəsində yerləşən “mövqeyimizi” görmək mümkün idi. Qum doldurulmuş kisələrdən sipər, havada dalğalanan qırmızı bayraq, tonqalın tüstüsü onun yerini dəqiq nişan verirdi. Lap yaxına gələndə isə sizi ürək bulandıran şirintəhər iy vuracaqdı. Həftələrlə bu dəhşətli qoxu burnumdan çəkilmirdi. Aylarla bütün tullantılar – kiflənmiş çörək qabıqlarından ibarət bütöv bir təpə, insan nəcisi və paslanmış konserv bankaları “mövqenin” iki addımlığında dağ kimi qalaqlanıb ətrafa dəhşətli üfunət yayırdı.
Bizim ön xətdə əvəz edəcəyimiz rota artıq bağlamalarını yığırdı. Onları bura üç ay əvvəl gətirmişdilər. Pal-paltarları çirk içərisində idi, çoxunun ayaqqabılarının altı qopub aralanmışdı, sifətlərini qalın tük basmışdı. Mövqenin komandiri, hamının nədənsə Bencamin cağırdığı kapitan Levinski öz səngərindən çıxıb gəldi.
Fransız dilində əsl fransız kimi danışan Polşa yəhudisi idi. Təxminən iyirmi beş yaşlarında olardı. Boyu balaca, cod saçları qapqara idi. Canlı və solğun sifəti səngərdəkilərin hamısı kimi çirkə-pasa batmışdı. Başımızın üstündən, amma çox yuxarıdan vıyıltı ilə bir neçə təsadüfi güllə keçdi. Mövqe təxminən qırx beş metr ölçüdə, yarımdairə şəklində qurğudan ibarət idi. Ön tərəfdə içərisinə qum doldurulmuş kisələrdən və əhəngdaşı parçalarından sipər düzəldilmişdi. Atəş xəttinin arxasında siçovul yuvasını xatırladan otuz, bəlkə də qırx kiçik səngər qazılmışdı. Vilyam, mən, bir də Vilyamın ispan qaynı özümüzü rastımıza çıxan ilk səngərə saldıq. Qarşı tərəfdən tək-tək atılan güllə səsləri eşidilirdi. Atəş dalğa-dalğa ətrafa yayılıb qayalarda əks-səda verirdi. Bağlamalarımızı səngərin dibinə atıb yuxarı qalxmağa macal tapmamış yenə atəş açıldı. Ardınca da dəstəmidəkilərdən biri özünü tələsik səngərə tulladı. Üz-gözü qan içində idi. Sən demə, həvəslənib tüfəng atmaq istəyirmiş, amma gözlənilmədən çaxmaq partlamışdı. Ətrafa saçılan qırmalar başının dərisini yaralamışdı. Bu cavan oğlan ilk yaralımız idi. Zədəni özü-özünə vurmuşdu.
Axşam ilk döyüşçülərimizi qarovula göndərdik. Bencamin isə mövqeni başdan-başa bizə göstərdi. Sipərin önündə, qayalıqda sadəcə biri-birinin üstünə qalaqlanmış əhəng daşlarından ibarət çox bəsit ambrazuraları olan ensiz tranşeylər qazılmışdı. Tranşeylərdə qarovul xidmətinə çıxan on iki nəfər yerləşə bilərdi. Səngərlərin önünə tikanlı məftil çəkilmişdi. Yamac isə elə bil dibsiz yarğana enirdi. Qarşı tərəfdə boz və soyuq çılpaq təpələr, bəzən də iri, sal qayalar gözə dəyirdi. Heç yerdə həyat nəfəsi hiss olunmurdu. Hətta quşlar da uçmurdular. Faşist səngərlərini görmək üçün ehtiyatla başımı qaldırıb ambrazuranın o biri tərəfinə baxdım.
–Düşmən haradadır?
Bencamin əli ilə havada enli dairə cızdı.
–Orada (Bencaminin ingiliscəsi dəhşət idi)
–Harada orada?
Mövqe müharibəsi haqqındakı təsəvvürlərimə görə faşist səngərləri haradasa bizimkilərdən əlli-yüz metrlik məsafədə yerləşməli idi. Amma gözə heç nə dəymirdi. Yəqin səngərlərini yaxşı gizlətmişdilər. Yalnız sonradan anladım ki, Bencamin yarğanın o biri tərəfini, qarşıdakı təpənin zirvəsini göstərir. Aradakı məsafə təxminən yeddi yüz metr olardı. Diqqətlə baxanda həqiqətən də ensiz zolaq kimi uzanıb gedən sipəri və yuxarıda dalğalanan sarı-qırmızı rəngli bayrağı gördüm. Doğrudan da düşmən mövqeyi idi. Dərhal ağlagəlməz ruh düşkünlüyünə qapıldım. Gör düşməndən nə qədər aralıda idik! Belə uzaq məsafədə tüfənglərimiz bir işə yaramayacaqdı. Kiminsə həyəcanlı səsi məni fikirdən ayırdı. İki faşist (məsafə uzaq olduğundan yalnız iki boz fiqur görə bilirdik) qarşı tərəfdəki təpənin çılpaq yamacı ilə sürünürdü. Bencamin tələsik yaxınlıqdakı döyüşçünün tüfəngini götürdü. Nişan alıb tətiyi çəkdi. Şaqqıltı səsi eşidildi. Güllə boşa çıxdı. Fikirləşdim ki, boş atəş yaxşı əlamət deyil.
Yeni qarovul nəfərləri tranşeydəki yerlərini tutmağa macal tapmamış bu dəfə düşmən bizə şıdırğı atəş yağışına tutdu. İşıq gələn yerləri elə nişan alıb atırdılar ki, sanki qəpiyin düz ortasından vururdular. Onları görə bilirdim. Qarışqa kimi balaca boyları ilə sipərin arxasında o tərəf-bu tərəfə qaçışırdılar. Arada isə sanki bizə acıq verirlərmiş kimi uzaqdan nöqtə kimi görünən balaca qara başlarını səngərdən çıxarırdılar. Atdığımız güllələrin faydasızlığı gün kimi aydın idi. Amma əsl ispan qaydası ilə heç kimdən icazə almadan postu özbaşına tərk edib yanıma gələn qarovul nəfəri təkidlə düşmənə atəş açmağımı istəyirdi. Onu başa salmağa çalışırdım ki, belə məsafədən, üstəlik də əlimdəki tüfəng kimi yararsız silahdan hədəfi nişan alıb vurmaq yalnız mində bir təsadüfdə uğurla nəticələnə bilər. Yanımda dayanan xalis uşaq idi. Aramsız olaraq tüfənginin lüləsi ilə əks tərəfdə qaralan nöqtələrdən birini göstərir, qarşısına atılacaq sümüyün arxasınca tullanmağa hazır vəziyyətdə dayanan it kimi dişlərini qıcayaraq səbirsizliklə atəş açmağımı gözləyirdi. Onun israrlı xahişlərinə dözməyib nişangahı yeddi yüz metrin üzərinə qoyub tətiyi sıxdım. Nöqtə yoxa çıxdı. Deyəsən, güllə çox yaxından keçdiyindən faşist özünü dərhal yerə atmışdı. Həyatımda ilk dəfə idi ki, insana atəş açırdım.
Nəhayət, cəbhənin nə olduğunu görəndən sonra hər şeyə nifrət eləməyə başladım. Bunun nəyi müharibədir? Biz düşmənlə demək olar ki, üz-üzə gəlmirdik. Hətta belimi əymədən səngərlə o baş-bu başa addımlaya bilərdim. Amma bir neçə dəqiqə keçməmiş güllə dəhşətli səslə vıyıldayaraq düz qulağımın dibindən keçdi, səngərin arxa divarına sancıldı. Heyhat! Dərhal başımı aşağı əydim. Dönə-dönə and içmişdim ki, həyatım boyu heç vaxt üstümə gələn ilk güllənin önündə baş əyməyəcəyəm. Lakin görünür, bu hərəkət tam instinktivdir və hər bir adam həyatında azı bir dəfə gülləyə təzim etməli olur.
III
Səngər həyatında beş şey çox vacibdir: odun, yemək, tütün, şam və düşmən. Qışda, Saraqosa cəbhəsində onlar öz əhəmiyyətini məhz sadaladığım ardıcıllıqla büruzə verirdi. Düşmən axırıncı yerdə gəlirdi. Gecə döyüşlərinin mümkünlüyü istisna olunarsa, ümumən heç kimin fikrini məşğul emirdi. Düşmən bizim təsəvvürümüzdə nadir hallarda əl-ayağını tərpədən uzaqdakı qara böcəklərdən başqa bir şey deyildi. Qarşı-qarşıya dayanmış iki ordunun düşündürən əsas məsələ necə qızınmaq idi.
Yeri gəlmişkən, İspaniyada qaldığım müddətdə çox az döyüş gördüyümü boynuma almalıyam. Yanvar ayından maya qədər Araqon cəbhəsində oldum, lakin yanvardan martın sonunadək Teruel döyüşünü nəzərə almasaq, tam əminliklə heç bir mühüm hadisənin baş vermədiyini demək olar. Mart ayında Xueskuda ağır döyüşlər gedirdi. Amma həmin hərbi əməliyyatlarda iştirakım çox cüzi olmuşdu. Sonra, iyun ayında Xueskuya uğursuz hücum həyata keçirildi. Nəticədə bir günün içində bir neçə min nəfər öldürüldü. Ondan əvvəl yaralanmışdım. Bu səbəbdən də, müharibənin dəhşətləri sayılacaq sarsıntılar məndən yan keçmişdi. Təyyarələr heç vaxt olduğum yerin yaxınlığına bomba atmamışdılar. Mərmilər həmişə məndən əlli addım kənarda partlamışdı. Yalnız bir dəfə əlbəyaxa döyüşə girmişdim. (Amma bu bir dəfədə yəqin ki, bir neçə dəfənin dəhşətlərini yaşamışdım). Əlbəttə, döyüşçülərin əksəriyyəti kimi mən də tez-tez pulemyot atəşi altına düşürdüm. Lakin atəş bir qayda olaraq uzaq məsafədən açılırdı. Əgər əvvəlcədən ehtiyat tədbirləri görmüşdünüzsə, hətta Xuesko altındakı döyüşlər də sən deyən qorxulu deyildi.
Burada, Saraqosanı əhatə edən təpələrdə bizi ən çox sıxan günlərin yeknəsəqliyi və mövqe müharibəsinin narahatlıqları idi. Həyatımız şəhərdəki kontor xidmətçilərinin günləri kimi heç bir mühüm hadisə baş vermədən sıxıntılı ahənglə keçirdi. Hər şey bir-birini təkrarlayırdı: qarovul, patrul, səngər qazmaq, səngər qazmaq, partul, qarovul… Təpələrin üstündə faşist, yaxud komunist inanclarından asılı olmayaraq bayraqlarının ətrafına yığışan bir dəstə cındır geyimli, his-pas basmış adam əslində ideyanın təntənəsindən daha çox harada, necə qızınmaq haqqında düşünürdü. Günlər və gecələr biri-birini əvəz edirdi. İki təpənin arasındakı dərədən şığıyıb keçən güllələr məqsədsiz və hədəfsiz atılırdı. Onlar nadir hallarda insan bədəninə gedib çatırdılar.
Bəzən soyuq qış mənzərələrindən gözümü çəkmədən baş verənlərin əbəsliyi haqqında fikirləşirdim. Belə müharibələr həmişə heç-heçə qurtarır. Daha əvvəllər, oktyabr ayında mövqe tutduğumuz təpələr uğrunda amansız döyüşlər gedirdi. Sonra isə əsgər, silah, ən başlıcası isə artilleriya çatışmazlığı ucbatından iri miqyaslı hərbi əməliyyatlara son qoyuldu. Hər iki ordu səngərə çəkildi, ilkin döyüşlərdə ala bildikləri təpələrdə möhkəmlənməyə başladı. Bizdən sağ tərtəfdə P.O.U.M.-un kiçik dəstəsi dayanmışdı, sol tərəfdəki yüksəklikdə isə P.S.U.C.-un mövqeyi yerləşirdi. Onun qarşısında faşist postlarının səpələndiyi zirvə ucalırdı. Cəbhə xətti deyilən ayırıcı hüdud irəliyə və geriyə doğru elə ilanvari yollarla burulub gedirdi ki, əgər hər mövqenin üzərində bayraq ucalmasaydı, kimi harada dayandığından baş çıxarmaq müşkülə çevrilərdi. P.O.U.M. ilə P.S.U.C[8 - P.S.U. C. – Partia Socialista de Cataluna Unificado (Isp.) – Kataloniya Birləşmiş Sosialist Partiyası]. qırmızı bayraq asmışdılar. Anarxistlər ya özlərinin qırmızı-qara, ya da respublikaçıların qırmızı-sarı-al bayraqları altında vuruşurdular. Heyrət doğuran mənzərə idi. Əsgərlər əllərində bayraq zirvəni tutmuşdular, dörd tərəfi isə iylənmiş konserv bankaları və insan nəcisi ilə murdarlamışdılar. Bizdən sağ tərəfdə təpə silsiləsi cənub-qərbə burularaq düz Xueskoya qədər uzanıb gedən, çay yataqlarının damar kimi doğradığı geniş bir düzənliyə açılırdı. Uzaqdan baxanda düzənliyin ortasında oyun zərlərini xatırladan kublar nəzərə çarpırdı. Bura faşistlərin əlindəki Robres şəhəri idi. Çox vaxt səhərlər və bütün vadi duman içində görünməz olurdu. Vadi üzərində isə yastı görünüşlü yaşıl təpələr ucalırdı. Bütün bunlar ətrafımızda açılan mənzərəni fotoneqativə bənzədirdi. Xueskonun arxasında hər gün yağan qarın üzərində yeni naxışların açdığı çoxlu belə təpələr vardı. Göz işlədikcə uzaqlarda Pireneyin qarı heç zaman əriməyən nəhəng zirvələri ucalırdı. Aşağıda, vadidə isə hər şey ölü və çılpaq görünürdü. Qarşı tərəfdəki təpələr fil dərisi kimi boz və qırışmış idi. Bomboş göy üzündə quşlar demək olar ki, heç vaxt gözə dəymirdilər. Səmasında bu qədər az quş olan başqa ölkə gördüyümü ağlıma gətirə bilmirdim. Doğrudur, hərdən sığırçına bənzəyən quşlar görürdük. Bəzən gecələr qəfil səs-küylə havaya qalxan və keşikçi əsgərləri diksindirən kəklik qatarına təsadüf olunurdu. Nadir hallarda isə səmanın ənginliklərində cövlan edən, bizim güllələri sanki nifrət dolu laqeydliklə süzən tək-tük qartal görürdük.
Gündüzlər hava dumanlı olanda və gecələr bizimlə faşistlər arasındakı vadini patrullar gəzib-dolaşırdı. Heç kəs belə “gəzintiyə” can atmırdı. Əvvəla, hava soyuq idi, ikincisi də həmişə azmaq qorxusu vardı. Tezliklə istədiyim vaxt patrul xidmətinə gedə biləcəyimi özüm üçün aydınlaşdırdım. Dərin dərələrdə nə bir yol, nə də cığır vardı. Geriyə qayıda bilməkdən ötrü həmişə hansısa nişanələri yadda saxlamaq tələb olunurdu. Aradakı məsafəni düz xətt kimi təsəvvür eləsək, faşist səngərləri bizdən yeddi yüz metr uzaqlıqda yerləşirdi. Lakin onlara çatmaq üçün azı iki kilometr məsafə qət etmək lazım idi. Quş kimi cəh-cəh vuraraq başım üzərindən, amma yaxşı ki, yuxarıdan keçən güllələrin vıyıltısı altında qaranlıq dərələrdə gəzib-dolaşmaq mənə ləzzət verirdi. Dumanlı günlərdə vadini gəzmək daha yaxşı idi. Bəzən bütün günü duman çəkilmirdi. Adətən yuxarıdan, zirvələrin başından asılıb qalırdı. Aşığı, vadi isə işıqlı olurdu. Faşist mövqelərinə yaxınlaşanda ilbiz kimi səssizscəssinə sürünmək lazım idi. Amma xırda kolları qırmadan, yaxud çınqılları xırçıltı ilə ayağın altından sürüşdürmədən yamacla hərəkət etmək mümkün deyildi. Yalnız üçüncü, ya da dördüncü cəhddə faşist mövqeərinin lap yaxınlığına qədər gedib çıxa bildim. Hər tərəfi sıx duman bürümüşdü. Onun sayəsində də sürünə-sürünə özümü tikanlı məftillərə çatdırdım, dayanıb qulaq asmağa başladım. Faşistlər bərkdən danışır və mahnı oxuyurdular. Amma birdən ayaq səslərinin tappıltısından yamacla pusquda durduğum tərəfə endiklərini anladım. Qorxuya düşdüm. Dərhal gözümdə elə bil daha da balacalaşan kolun arxasında gizləndim, tüfəngi ayağa çəkib hazır dayandım. Faşistlər mənə çatmamış başqa səmtə buruldular. Gizləndiyim kolun altında əvvəlki döyüşlərin nişanələrinə rast gəldim. Bunlar bir ovuc boş giliz, güllə deşmiş dəri dəbilqə və yəqin respublikaçılara məxsus qırmızı bayraq idi. Bayrağı özümlə götürdüm. Ancaq bizimkilər hisslərin hər hansı romantik təzahürünə yol vermədən onu cırıb əski kimi istifadə elədilər.
Cəbhə xəttinə çatan kimi mənə kapral, yaxud ispanların dediyi kimi, kabo rütbəsi verdilər. Komandam altında on iki nəfər vardı. Bu vəzifəni, xüsusən də ilk günlər nə isə sərfəli bir iş saymaq mümkün deyildi. Senturion heç bir təlim görməmiş adamlardan, əsasən də 15-18 yaşlı yeniyetməlrdən təşkil olunmuşdu. Könüllülər dəstəsinə hətta 11-12 yaşlı uşaqların qoşulduğu hallar da istisna deyildi. Onlar əsasən faşistləin nəzarəti altındakı ərazilərdən qaçqın düşənlər idi. Könüllü kimi cəbhəyə gəlmək babat qidalanmağın ən asan yolu idi. Adətən, uşaqlardan arxa işlərdə istifadə edirdilər. Lakin bəzən onlar döyüşən hissələrə də gəlib düşürdülər və bu zaman ilk növbədə özümüznkülər üçün qorxunc təhlükə mənbəyinə çevrilirdilər. Belə balaca vəhşilərdən birinin qumbaranı elə-belə, “məzələnmək” üçün öz səngərimizə atması yadıma gəlir. Yaddaşım məni aldatmırsa, Monte Poçeroda on beş yaşından aşağı bir nəfər də yox idi. Amma döyüşçülərin orta yaşı yenə də iyirmiyə çatmırdı. Bu yaşda olan cavanlardan cəbəhdə heç bir xeyir yoxdur. Çünki onlar səngər müharibəsinin zəruri şərti sayılan yuxusuzluğa qətiyyən tab gətirə bilmirlər. Bu səbəbdən də ilk vaxtlar qarovul xidmətini heç cür sahmana sala bilmirdik. Mənim bölməmdəki zavallı uşaqları yalnız ayaqlarından yapışıb səngərdən bayıra sürüməklə yuxudan oyatmaq olurdu. Lakin üzünü yana çevirən kimi təzədən özlərini səngərə salır, ya da adamın iliyinə işləyən soyuğa veclərinə almadan sipərə söykənin bir anın içərisində yenə yuxuya gedirdilər. Xoşbəxtliyimizdən düşmən çox da diribaş deyildi. Elə gecələr olurdu ki, oyuncaq tüfənglərlə silahlanmış iyirmi boyskautun, yaxud əllərində ağır tava tutmuş on iki qızın mövqeyimizi asanlıqla ələ keçirə biləcəklərini düşünürdüm.
Həm haqqında danışdığım, həm də sonrakı dövrlərdə Kataloniya könüllüləri mütəşəkkillik baxımından müharibənin başlanğıc mərhələsindəkindən fərqlənmirdilər. Frankist qiyamının ilk günləriundə bütün həmkarlar ittifaqı təşkilatları və partiyalar könüllü dəstələrini yaratmışdılar. Həmin dəstələrin hər biri əslində öz partiyasına mərkəzi hökumətdən heç də az bağlı olmayan siyasi təşkilat idi. 1937-ci ilin əvvəllərində “qeyri-siyasi” qurum kimi təsəvvür olunan Xalq ordusu qurulanda nəzəri baxımdan bütün partiyaların siyasi qüvvələri onun sıralarında birləşdilər. Lakin bu dəyişikliklər uzun müddət yalnız kağız üzərində qaldı. Yeni Xalq ordusunun birləşmələri Araqon cəbhəsinə yalnız iyun ayında gəldilər. Həmin vaxta qədər isə yerlərdəki xalq könüllüləri hərəkatı heç bir dəyişikliyi yaxın buraxmadan fəaliyyətini davam etdirmişdi. Yeni sistemin əsl mahiyyəti özünü əsgər və zabitlərin sosial bərabərliyində göstərirdi. Generaldan tutmuş sıraviyə qədər hamı eyni maaş alırdı, eyni yeməyi yeyir, eyni paltarı geyinirdi. Tam bərabərlik hissi bütün qarşılıqlı münasibətlərin əsasında dayanırdı. Siz çəkimədən generalın çiynini şasppıldada, yaxud diviziya komandirindən siqaret istəyə bilərdiniz və bir kimsə də bunda nə isə qəribə bir şey görmürdü. İstənilən halda, nəzəri baxımdan hər könüllər dəstəsi aşağıların yuxarılara tabeçiliyi əsasında formalaşan ierarxik şəkildə deyil, tam sərbəst və demokratik prinsiplə qurulmuşdu. Əmrlərin yerinə yetirilməsi ilə bağlı sanki gizli bir razılaşma vardı. Lakin əmr rəisin tabeçiliyində olan şəxsə hökmü, göstərişi kimi deyil, yoldaşın yoldağa xahişi kimi başa düşülürdü. Zabitlər və kiçik komandirlər vardı, amma sözün həqiqi mənasında hərbi rütbələr, paqonlar, ayaqlarını biri-birinə vurub təzim etmə, əli papağın günlüyünə aparıb salamlama yox idi. Könüllü dəstələrin timsalında sinifsiz cəmiyyətin müvəqqəti fəaliyyət modelini yaratmaq istyəyirdilər. Əlbəttə, ideal bərabərlik mümkün olan şey deyildi. Digər tərəfdən, əvvəllər heç vaxt oxşar vəziyyətlə üzləşməmişdim. Ona görə də müharibə şəraitində hamının bərabər olması fikrini heç cür ağlıma gətirə bilmirdim.
Etiraf edim ki, ilk dəfə cəbhədəki vəziyyəti görəndə məni dəhşət bürüdü. Belə ordu müharibədə necə qalib gələ bilərdi? Həmin vaxt hamı bu sualı verirdi. Əslində isə sual yersiz idi. Mövcud şəraitidə könüllülər dəstəsinin indikindən daha yaxşı olması sadəcə mümkün deyildi. Mexanikləşdirilmiş müasir ordu boş yerdə yaranmır. Hökumət dayanıb günün birində nizami ordu formalaşmasını gözləsəydi, Franko heç bir müqavimətlə üzləşmədən sürətlə irəliləyə bilərdi. Sonradan könüllü dəstələri söyüb qaralamaq dəbə çevrildi. Əsas qüsurlarını isə silah və təlim çatışmazlığı ilə deyil, bəhs etdiyim bərabərlik sistemi ilə əlaqələndirməyə başladılar. Əslində isə könüllü dəstələrdəki başıpozuqluq zabitlərin əsgərləri “yoldaş” deyə çağırmalarına görə deyil, bütünlüklə kütləyə xas olan intizamsızlıqla bağlı idi. Demokratik “nizam-intizam” təcrübədə gözlənildiyindən daha möhkəmdir. Fəhlə ordusunda intizamın əsasında sinfi sədaqət hissi dayandığından hər şey könüllülük yolu ilə həyata keçirilir. Burjua ordusunda isə intizam qorxu üzərində bərqərar olur. (Könüllülər dəstəsini əvəz edən Xalq ordusu bu baxımdan silahlı qüvvələrin iki modeli arasında orta mövqe tuturdu). Könüllülər adi ordu üçün səciyyəvi olan kobud münasibət və təhqirlə heç zaman barışmazdılar. Doğrudur, ənənəvi hərbi tənbehlər var idi. Lakin yalnız cox ciddi intizam pozuntuları zamanı tətbiq edilirdi. Əgər döyüşçü əmri yerinə yetirməkdən boyun qaçırırdısa, onu dərhal cəzalandırmırdılar. Əvvəlcə sinfi duyğusunu, yoldaşlıq hissini hərəkətə gətirməyə çalışırdılar. Könüllülərlə ünsiyyət təcrübəsinə malik olmayanlar dərhal “bundan heç bir şey çıxmayacağını” deyirdilər. Real həyatda isə həmişə mütləq “bir şey çıxırdı”. Günlər keçdikcə hətta dəlisovluqda ad qazanmış dəstələrdə də intizam tədricən möhkəmlənirdi. Yanvarda mən yeni könüllülər dəstəsini ortabab əsgərə çevirənə qədər, necə deyərlər, saç-saqqal ağartmalı oldum. May ayında qısa müddətdə leytenantın əvəzinə ingilislərdən və ispanlardan ibarət otuz nəfərlik dəstəyə komandirlik edirdim. Biz artıq bir neçə ay idi ki, cəbhə xəttində idik. Bəlkə buna görə də əmrlərin icrası, yaxud təhlükəli tapşırıq üçün könüllü tapılması elə ciddi çətinlik doğurmurdu. İnqilabi “nizam-intizamın” əsasında sinfi şüurluluq dayanır. Əsgər verilən əmrin nə üçün yerinə yetirilməli olduğunu başa düşür. Təbii ki, bu şüurluluğu tərbiyə etmək üçün də vaxt lazımdır. Kazarmanın həyətində ardı-arası kəsilməyən təlimlər vasitəsi ilə insanı mexaniki canlıya çevirməkdən ötrü də zaman tələb olunur. Könüllülərü məsxərəyə qoyub ələ salan jurnalistlər arxada Xalq ordusunun hissələri hazirlanana qədər cəbhə xəttini məhz onların qoruyub-saxladıqlarını nədənsə unudurlar. Könüllü dəstələr alnız “inqilabi” nizam-intizama sayəsində cəbhədə qalırdı. Mübaliğəsiz demək olar ki, 1937-ci ilin iyununa qədər onları səngərlərdə saxlayan sadəcə sinfi şüur idi. Tək-tük fərariləri güllələmək olardı. Ara-sıra belə hallar baş verirdi. Amma eyni anda minlərlə könüllü cəbhə xəttini tərk etmək qərarına gəlsəydi, onların qarşısını heç bir qüvvə ala bilməzdi. Belə şəraitdə arxasında xüsusi cəza dəstələri dayanmayan nizami ordu mütləq qaçıb dağılardı. Könüllülər isə cəbhəni saxlamışdılar. Üstəlik, hesablarına diqqətəlayiq qələbələr yazmışdılar. Fərarilik hallarına demək olar ki, yol verilməmişdi. P.O.U.M.-da keçirdiyim dörd, yaxud beş ay ərzində mən fərarilərlə bağlı yalnız dörd təsadüf haqqında eşitmişdim. Sonradan döyüş səngərini qoyub qaçan dörd nəfərdən ikisinin casus olduğu aşkara çıxmışdı. İlk vaxtlar könüllülər dəstəsində hökm sürən xaos, özbaşınalıq, əmrin icrası üçün döyüşçünü beş-altı dəqiqə dilə tutmaq zərurəti məni əsəbiləşdirib hövcələdən çıxarırdı. Çünki hələ də ingilis silahlı qüvvələri haqqındakı təsəvvürlərlə yaşayırdım. İspan könüllüləri isə heç bir cəhətdən ingilis ordusunun əsgərlərinə bənzəmirdilər. Lakin əvvəldə də göstərdiyim kimi, şəraiti nəzərə aldıqda, könüllülərin gözlənildiyindən qat-qat yaxşı vuruşduqlarını etiraf etmək lazımdır.
Hələlik isə hamının fikrini məşğul edən yanacaq – odun, odun və yalnız odun idi. Bu aylar ərzində apardığım gündəlikdə elə bir qeyd yoxdur ki, orada odun haqda, daha doğrusu, onun olmaması haqda söz açılmasın. Biz dəniz səviyyəsindən 700-1000 metr yüksəklikdə mövqe tutmuşduq. Necə deyərlər, qışın oğlan çağı idi, təsəvvürə-gəlməz soyuq vardı. Doğrudur, temperatur çox aşağı deyildi, əksər vaxtlar gecələr hətta sıfırdan aşağı düşmürdü, günortalar isə səmada bir saatlığına da olsa, qış günəşi görünürdü. Bəlkə də normal həyat şərtləri daxilində elə də soyuq deyildi. Amma soyuq haqqında təsəvvürün özü gözümüzü qırmışdı, canımıza və qanımıza işləmişdi. Bəzən papaqlarımızı başımızdan alıb atan, saçlarımızı havaya qaldıran ani və güclü külək qopurdu. Bəzən səngərlərdə bir neçə addımlıq məsafədən adamların biri-birini görməsinə imkan verməyən qatı duman çökürdü. Tez-tez yaşız yağırdı. Həyatımızın cəhənnəmə çevrilməsi üçüm on beş dəqiqəlik yağış kifayət idi. Əhəngdaşının üstünü örtmüş nazik torpaq təbəqəsi dərhal sürüşkən palçıq horrasına çevrilirdi. Səngərlər yamacda yerləşdiyindən dəqiqəbaşı sürüşüb yıxılırdıq. Xüsusən qaranlıq gecələrdə iyirmi addım yol keçənə qədər azı beş-altı dəfə yerlə qucaqlaşmalı olurdun. İslanma, palçığa batmaq bir yana qalsın, bu həm də təhlükəli idi. Çünki içərisinə suyun dolması nəticəsində tüfəngin çaxmağı islanıb yararsız hala düşürdü. Yağışdan sonra hələ neçə gün paltarlarımız, ayaqqabılarımız, odeyallarımız, tüfənglərimiz palçıq içərisində olurdu. Mən özümlə daşıya biləcəyim qədər isti paltar götürmüşdüm. Lakin çoxunun əyninə geydiklərindən başqa dəyişməyə heç nəyi yox idi. Yüz nəfərlik qarnizon yalnız on iki şinelin ümidinə qalmışdı. Onları da qarovula çıxanlara verirdilər. Döyüşçülərin çoxunun tək bir odeyalı vardı. Qarşı-şaxtalı gecələrin birində əynimdəki paltarların hamısı adbaad gündəliyimə yazmışdım. Çox maraqlı qeyddir. Çünki insanın üst-üstə nə qədər paltar geyə biləcəyinin sənədli göstəricisidir. Beləliklə sayım: qalın alt köynəyi və uzun alt tuman, flanel köynək, iki sviter, yun pencək, dəri gödəkcə, məxmər şalvar, sarıq, qalın corab, uzunboğaz çəkmə, yağışdan qorunmaq üçün brezent plaş, şarf, içi yunlu dəri əlcək, yun papaq. Amma altdan – üstdən bu cür geyinib qıfıllanmağıma baxmayaraq yenə də külək qabağında qalmış yarpaq kimi titrəyirdim. Doğrudur, gərək təbiət etibarı ilə soyuğa davamsız olduğumu da ayrıca qeyd edim.
Belə şəraitdə hər kəs üçün çörək qədər qiymətli sayılan yaşayış vasitəsi odun idi. Əsas məsələ isə onun yerli-dibli tapılmamasında idi. Səngərimizin qazıldığı təpə hətta ən yaxşı vaxtlarında da bitki örtüyünün zənginliyi ilə öyünə bilməzdi. Burada soyuqdan titrəyən könüllülər dəstəsinin dayandığını göz önünə gətirəndə isə hətta barmaq yoğunluğunda çubuq tapmağın da nə qədər müşkül iş olduğunu göz önünə gətirmək çətin deyildi. Yemək, yuxu və qarovul saatlarından başqa bütün qalan vaxtları mövqe tutduğumuz təpənin arxasındakı vadidə dolaşıb odun, çır-çırpı axtarırdıq. İndi o vaxtları yada salanda balaca bir kolu qoparmaq üçün çəkmələrimin zədələnməsindən də qorxmayıb bıçaq kimi düz, sərt qayalara necə dırmandığıma təəccüblənirəm. Üç əsgər az qala yarım gün ərzində yalnız bir saat qızınmağa imkan verən çırpı yığa bilmişdi. Bitib-tükənmək bilməyən odun axtarışları hamımızı əməlli-başlı botanika mütəxəssisinə çevirmişdi. Yamacda gözümüzə dəyən bütün bitkilər yalnız “istilik vermə” xüsusiyyətinə görə təsnif edilirdi. Bəzi ot və süpürgə kolları sadəcə sobanı yandırmaq işinə yaraya bilərdi. Çünki yanmağı cəmisi bir neçə dəqiqə çəkirdi. Yabanı rozmarin və nazik drok kollarından tonqal alışandan sonra istifadə etmək olurdı. Cırtdan palıd isə (qarağat kolundan da kiçik ağac növü idi) oda davamlı olduğundan yanmaq bilmirdi. Bizim mövqenin sol tərəfində, yamacın yuxarısında əla yanan quru qamış vardı. Lakin onu faşist güllələrinin atəşi altında biçmək lazımdı. Düşmən pulemyotçuları qamışlığa yaxınlaşdığımızı görən kimi gülləyə hayıfları gəlmədən yağış kimi atəş yağdırırdılar. Amma bir qayda olaraq çox yuxarını nişan aldıqlarından güllələr başımızın üstündə quş kimi ötür, bəzən isə bir neçə addımlığımızda vıyıltı ilə torpağa sancılıb əhəngdaşı parçalarını havaya sovururdular. Belə hallarda dərhal yerə uzanıb özünü torpağa sıxmalı idin. Amma heç nəyə baxmadan yenə qamış yığmağa gedirdik. Çünki qızınmaq hər şeydən vacib idi.
Soyuqla müqayisədə digər rahatsızlıqlar çox əhəmiyyətsiz görünürdü. Aydındır ki, həmişə çirk – pas içində gəzirdik. Digər ərzaqlar kimi suyu da qatırlarla Alkuberredən gətirirdilər. Adam başına gündə təxminmən bir litr su düşürdü. Su dediyimiz əslində boz-bulanıq maye idi. Rəngi təzə sağılmış süddən o qədər də seçilmirdi. Onu bizə yalnız içmək üçün verirdilər. Amma mən həmişə yuyunmaqdan ötrü də az qala bir dolu parç su çırpışdıra bilirdim. Bu su ilə bir gün yuyunur, ertəsi gün üzümü qırxırdım. Dediyim işlərin ikisini də eynu gündə görməyə heç vaxt su çatmırdı. Mövqe dəhşətli üfunət iyi verirdi. Balaca barrikadamızın arxasında isə insan nəcisindən ayaq basmağa yer yox idi. Bəzi könüllülər ehtiyaclarını hətta səngərdə rəf edirdilər. Bundan daha iyrənc bir şey təsəvvürə gətirmək mümkün deyil. Xüsusən, gecələr kiminsə nəcisinə batmaq təhlükəsindən hec cür qoruna bilmirsən. Əslinə baxanda, çirk məni heç vaxt o qədər də narahat etmirdi. Düzdür, bu barədə çox danışırlar. Amma bir məsələ də var ki, burun dəsmalı olmadan keçinməyə çox tez öyrəşirsən, bir az əvvəl yuyunduğun kasadan sonra yemək qabı kimi isdtifadə edə bilirsən. İki-üç gündən sonra pal – paltarda yatmaq da ciddi çətinlik törətmir. Gecələr, aydın məsələdir ki, nə paltarı, nə də ayaqqabını soyunmaq mümkündür. Çünki düşmənin hər an baş verə biləcək gözlənilməz həmləsinə hazır olmalısan. Səksən gündə paltarımı yalnız üç dəfə əynimdən çıxarmışdım. Doğrudur, gündüzlər də bir neçə dəfə geyimimi dəyişə bilmişdim. Soyuq olduğundan heç birimizi bit basmamışdı. Səngərdəki siçanlarla siçovulların isə sayı-hesabı yox idi. Bəzən onların bir yerdə yaşamadıqlarını deyirlər. Əslində isə tör-töküntü bol olanda bu yaramaz məxluqlar öz aralarında çox asanlıqla dil tapırlar.
Qalan məsələlərdə vəziyyətimiz pis deyildi. Yemək keyfiyyətli idi. Ürəyimiz istəyən qədər şərab verirdilər. Günə bir qutu siqaret, iki günə isə bir qutu kibrit ayrılmışdı. Hətta gecələr yandırmaq üçün şam da alırdıq. Onlar çox nazik idi, bayram şirnisini bəzəmək üçün istifadə olunan şamlara bənzəyirdi. Hamı hasısa kilsədən oğurlandığını güman edirdi. Hər səngər gündə üç ədəd yeddi santimetrlik şam alırdı. Hər biri təxminən iyirmi dəqiqə yanırdı. O vaxtlar satışda hələ şam tapmaq mümkün idi. Mən özümlə bir neçəsini götürmüşdüm. Şam çatışmazlığını bir müddət sonra daha kəskin şəkildə hiss etməyə başladıq. Adi halda xırda görünən belə şeylərin əhəmiyyətini günün birində onlar yoxa çıxanda daha yaxşı anlayırsan. Məsələn, gecələr həyəcan siqnalı veriləndə, hərə dərhal tüfəngindən yapışıb ayağı altında qalan hər şeyi və hər kəsi tapdalayaraq irəli atılanda, ani şam işığı bəzən insanın həyatını xilas edə bilər. Hər könüllünün əlinin altında mütləq çaxmaq daşı və yarım metrlik sarı fitil olurdu. Tüfəngi çıxmaq şərti ilə bunlar döyüşçünün ən qiymətli müxəlləfatı idi. Çaxmaq daşının üstünlüyü küləkli havalarda da ondan istifadə etməyin mümkünlüyündə idi. Amma tonqal yandırmaq baxımından bir şeyə yaramırdı. Kibrit yerli-dibli yoxa çıxandan sonra tonqal yandırmaq üçün yeganə vasitəmiz barıt idi. Gilizləri açıb barıtını tonqalın altına tökür, çaxmaqdaşının qığılcamı ilə yandırırdıq.
Biz qeyri-adi həyat yaşayırdıq. Qatıldığımız işə müharibə demək mümkün idisə, üstəlik həm də vuruşurduq. Könüllülər uzun müddətli hərəkətsizlikdən şikayətçi idilər. Səs-küy salıb nə üçün hücum əmrinin verilməməsi ilə bağlı izahat tələb edirdilər. Hamı bilirdi ki, düşmən birinci hücuma keçməsə döyüşü hələ çox gözləmək lazım gələcək. Mütəmadi yoxlamalar zamanı Jorj Kopp bizimlə açıq danışırdı. “İştirak etdiyimiz müharibə arabir ölüm hallarının baş verdiyi komik operadan başqa bir şey deyil”– nitqinə adətən bu sözlərlə yekun vururdu. Əslində isə Araqon cəbhəsindəki fəaliyyətsizliyin siyasi səbəbləri vardı. Lakin o zaman hamı kimi mən də məsələdən xəbərsiz idim. Canlı qüvvənin çatışmamasını bir tərəfə buraxsaq hərbi çətinliklərin mövcudluğu da heç kimə sirr deyildi.
Çətinliklər ilk növbədə mövqemizin təbii xüsusiyyətləri ilə bağlı idi. İstər biz, istərsə də faşistlər tərəfdən cəbhə xətti çox güclü təbii maniələrlə qorunurdu. Onları həndəvərinə dolaşıb keçmək mümkün deyildi. Düz üstünə getmək tələb olunurdu. Belə mövqeni düşmən piyadaları üçün əlçatmaz etməkdən ötrü vur-tut bir neçə səngər qazmaq kifayət idi. Yalnız qarşı tərəfin qüvvə baxımından qat-qat üstün olması vəziyyəti dəyişə bilərdi. İki pulemyot və on-on iki döyüşçü düşmənin hətta bütöv batalyonu qarşısında mövqemizi asanlıqla qoruyub saxlaya bilərdi. Qonşu mövqelərdə də təxminən oxşar vəziyyət idi. Təpənin yamacında olduğumuzdan faşist artilleriyası üçün əla hədəf idik. Lakin xoşbəxtlikdən onların top-topxanası yox idi. Eyni sözü özümüz haqda da deyə bilərəm. Bəzən təbii şəraiti gözdən keçirib bir neçə topun vəziyyət necə dəyişəcəyi haqda danışırdıq. Çəkiclə qozu əzən kimi artilleriyanın köməyi ilə də düşmənin səngərlərinin altını üstünə çevirmək mümkün idi. Amma dediyim kimi bizim də topumuz yox idi. Faşistlər bəzən Saraqosadan bir-iki yüngül top gətirib mövqelərimizə bir neçə mərmi atırdılar. Lakin onlar hədəfə çatmadan dərəyə düşüb partlayır, heç bir ziyan vurmurdu. Faşistlər hədəfi düzgün nişan ala bilmədiklərini görüb atəşi dayandırdılar. Artilleriyanın olmadığı, bütün ümidlərin yalnız pulemyota bağlandığı şəraitdə yalnız üç çıxış yolu vardı: ya təhlükəsiz məsafədə, məsələn, təxminən dörd yüz metrlikdə səngər qurub gözləmək, ya açıq yerdə hücuma atılıb özünü düşmən güllələrinin hədəf etmək, ya da vəziyyəti gecə hücumları ilə dəyişdirmək. Amma sonuncu variant da yetərli görünmürdü. Əslində seçimi yalnız intiharla tam fəaliyyətsizlik arasında etmək mümkün idi.
Əlimizin altında heç bir hərbi avadanlığın olmadığını da dediklərimə əlavə etməliyəm. Həmin günlərdə könüllülərin nə qədər pis təchiz edildiklərini təsəvvürə gətirmək üçün yaddaşı çox da gücə salmaq lazım deyildi. Məsələn, samballı bir ingilis məktəbinin hərbi kabinetində bizdə olduğundan daha çox müasir silah tapılardı. O qədər pis silahlanmışdıq ki, bu barədə ayrıca söhbət açmağa dəyər.
Cəbhənin bizim qoruduğumuz hissəsində bütün artilleriya cəmisi dörd minaatandan ibarət idi. Onların da hərəsinə orta hesabla on beş mərmi düşürdü. Minaatanlar çox qiymətli silah sayıldığından onlardan hər təsadüfdə istifadəni ümumiyyətlə rəva görmürdülər, Alkuberredə, hərbi anbarda saxlayırdılar. Təxminən hər əlli döyüşçüyə bir pulemyot düşürdü. Hamısı köhnə markalı idi. Onlardan isə yalnız üç yüz-dörd yüz metr məsafəyə sərrast atəş aşmaq olurdu. Qalan silahımız tüfəng idi. Bu tüfənglərin çoxunun əsl yeri ordu yox, zibil qalaqları olmalı idi. Bizə üç markadan olan tüfəng verilmişdi. Birincisi uzun mauzer idi. İstifadə müddəti iyirmi il əvvəl bitmişdi. Nişangah qurğusunun faydası sınmış spidometrin xeyrindən çox deyildi. Əksəriyyətinin lüləsi pas atmışdı. Sadəcə, hər on tüfəngdən biri işə yararlı sayıla bilərdi. İxtiyarımızdakı ikinci tüfəng markası qısa mauzer, yaxud süvari karabini idi. Bu silah yüngüllüyü və səngər şəraiti baxımından ölçülərinin çox da böyük olmaması ilə döyüşçülər arasında populyarlıq qazanmışdı. Bəzən muşketon da adlandırılan həmin karabinlər nisbətən təzə idilər, görünüşləri daha abırlı təsir bağışlayırdı. Silah kimi isə heç bir şeyə yaramırdılar. Çünki köhnə hissələrdən yığılırdı. Çaxmaqların heç biri tüfəngə uyğun gəlmirdi. İlk beş atəşdən sonra lülələr şişirdi. Nəhayət, senturionumuzda bir neçə ədəd vinçester də vardı. Onlardan atmaq rahat idi. Amma güllələrin hara uçduğunu bir allah bilirdi. Digər tərəfdən, güllə darağı olmadığından hər yeni atəşdən sonra tüfəngi doldurmaq lazım gəlirdi. Sursat çatışmadığından hər yeni döyüşçüyə yalnız əlli patron verilirdi. Onların keyfiyyəti barəsində danışmağa dəyməzdi. İspaniya istehsalı olan patronlar artıq bir dəfə istifadə edilmiş gilizlərə doldurulurdu. Ona görə aradan bir müddət keçəndən sonra ən yaxşı tüfəngin lüləsi də yeyilib sıradan çıxırdı. Meksika patronları daha keyfiyyətli idilər. Biz onları pulemyot üçün saxlayırdıq. Alman istehsalı olan yaxşı sursat isə nadir hallarda ələ düşürdü. Belə sursatı bir qayda olaraq hərbi əsirlərdən, ya da fərarilərdən qənimət kimi qoparırdıq. Gözlənilməz vəziyyətlərlər üçün cibimdə həmişə alman, yaxud Meksika patronları ilə doldurulmuş güllə darağını hazır saxlayırdım. Amma belə vəziyyət yarananda da tüfəngimdən çox az hallarda atəş açırdım. Çünki lülənin yeyiləcəyindən və tam yararsız vəziyyətə düşəcəyindən qorxurdum.
Dəbilqə və süngümüz yox idi. Pistolet və revolverləri də yox kimi saymaq olardı. Hər adama bir qumbara düşürdü. Biz F.A.İ.[9 - F.A.İ. – Federasion Anarquista İberica (İsp) – İbariya Anarxistlər Federsiyası] qumbarası adlı dəhşətli bir şeydən istifadə edirdik. Onu müharibənin ilk günlərində anarxistlər hazırlamışdılar. Mills qumbarasının prinsipləri əsasında düzəldilmişdi. Lakin mili şpilka yox, qaytan saxlayırdı. Siz qaytanı çəkirdiniz və əl bombasından mümkün qədər tez xilas olmağa çalışırdınız. Onlara “bitərəf” bomba deyirdik. Çünki o, eyni həvəslə atanın özünü də, hədəfi də öldürürdü. Başqa, quruluşca daha bəsit, lakin həm də daha təhlükəsiz (təbii ki, istifadə edən üçün) qumbaralar da vardı. Yalnız martın sonlarında ilk dəfə adına və təyinatına uyğun həqiqi qumbara görə bildim.
Yalnız silah deyil, müharibə üçün zəruri olan digər şeylər də çatışmırdı. Məsələn, nə xətirəmiz, nə sxemlərimiz vardı. İspaniyanın tam topoqrafik xəritəsi haqda isə danışmağa dəyməzdi. Ərazi ilə bağlı dəqiq məlumatlar yalnız köhnə hərbi xəritələrdə əks olunmuşdu. Hamısı da faşistlərin əlində idi. Bizim nə ölçü cihazlarımız, nə periskopumuz, bir neçə şəxsi binoklu çıxmaq şərti ilə nə səhra binokllarımız, nə siqnal raketlərimiz, nə tikanlı məftilləri kəsmək üçün istehkamçı qayçılarımız, nə xırda təmir üçün alətlərimiz vardı. Hətta tüfəngləri təmizləmək üçün şompol, yaxud bir parça mahud da ərşə çəkilmişdi. İspanlar görünür, heç vaxt silahı sürtüb cilalamaq haqda eşitməmişdilər. İlk dəfə bunu əyani şəkildə könüllülərə göstərəndə xeyli təəccübləndilər. Adətən, tüfəngi təmizləmək lazım gələndə onlar serjantın yanına gedirdilər. Serjandakı uzun və əyri şompol isə lülənin içini təmizləməkdənsə cızıb sıradan çıxarırdı. Aydın məsələdir ki, tüfəng yağı da yox idi. Zeytun yağı ilə silirdilər. Amma bundan ötrü ilk növbədə həmin zeytun yağının özünü tapmaq lazım idi. Müxtəlif vaxtlarda tüfəngimi vazelinlə, əl kremi, hətta donuz piyi ilə təmizlədiyim yadıma gəlir. Nəhayət, lampa və elektrik fanarı da tapılmırdı. Məncə, bütün ərazimizdə bir ədəd də olsun elektrik fanarı yox idi. Barselona həndəvərində isə belə fanarları çətinliklə də olsa, tapmaq olurdu.
Vaxt keçirdi. Təpələrin arasında gurultu salan nizamsız atəşlər altında günü-gündən daha da artan şübhə ilə qatıldığımız səfeh müharibəyə bir az canlılıq, bəlkə də ölüm gətirəcək hadisənin baş verməsni gözləyirdim. Biz əslində düşmənlə deyil, sətəlcəmlə mübarizə aparırdıq. Əgər səngərlər arasındakı məsafə beş yüz metrdən çoxdursa, o zaman güllə payını yalnız axmaq təsadüf nəticəsində ala bilərsən. Yaddaşım məni aldatmırsa, İspaniyada gördüyüm ilk beş yaralı sadəcə özləri özlərini vuranlar olmuşdu. Bunu qəsdən etdikləri iddiasında deyiləm. Hadisə ya təsadüf, ya da ehtiyatsızlıq üzündən baş vermişdi Çünki əslsl təhlükə mənbəyi düşmən atəşi deyil, istifadə müddəti keçmiş tüfənglərimniz idi. Onlardan bəzilərinin qundağı zərblə yerə dəyəndə atəş açmaq kimi yaramaz xəstəlikləri vardı. Bu yolla döyüşçülərimizdən biri əlini yaralamışdı. Bir dəfə axşam üstü, hələ şər qovuşmamış qarovulda dayanan əsgər təxminən iyirmi metrlik məsafədən mənə atəş açdı. Xoşbəxtlikdən güllə aralı keçdi. İspanların sərrast ata bilməmələri dəfələrlə həyatımı qurtarmışdı. Başqa bir gün isə komandiri qabaqcadan niyyətim haqqında xəbərdar edib dumanlı havada kəşfiyyata getmişdim. Geri qayıdanda təsadüfən ayağım kola ilişdi. Qorxuya düşmüş qarovul nəfəri yəqin , faşistlərin hücuma keçdiyini düşünüb var səsi ilə qışqırdı. Komandirin səs gələn tərəfə fasiləsiz yaylım atəşi açmaq əmrini eşitdim. Dərhal üzü üstə yerə uzandım. Güllələr başımın üstündən vıyıltı ilə uçub gedirdi. Heç bir şey ispanı, xüsusən də gənc, təcrübəsiz ispanı odlu silahın təhlükəli oyuncaq olduğuna inandıra bilməz. Yadımdadır ki, həmin hadisədən bir neçə gün sonra pulemyotun arxasında mövqe tutmuş pulemyotçular bölüyünün foto-şəklini çəkirdim.
– Amma atəş açmayın!-deyə fotoaparatı onların üstünə tuşlayıb hər ehtimala qarşı yarızarafat xəbərdarlıq etdim.
– Yox, yox! Atmaq fikrimiz yoxdur.
Elə həmin saniyə də pulemyot şaqqıldamağa başladı. Güllələr o qədər yaxından keçdi ki, hətta barıt qığılclmlarının yanağımı isindirdiyini hiss etdim. Pulemyotdan bilmədən atəş açmışdılar. Amma etdikləri hərəkəti əla zarafat sayırdılar. Özü də bunu o vaxt edirdilər ki, cəmisi beş gün əvvəl komissar gözləri qarşısında avtomatik tapança ilə oynayarkən gözzlənilmədən daraqdakı bütün güllələri yaxınlıqda dayanıb baxan qatırçının qarnına doldurmuşdu.
O zaman cəbhədə işlətdiyimiz parollar da təhlükə mənbəyi idi. Parolun həm özünü, həm də cavabını əzbərləmək tələb olunurdu. Parollar adətən bəlağətli inqilabi şüarlardan quraşdırılırdı. Məsələn, Cultura-Progreso[10 - Culturo – Progreso! (İsp) – Mədəniyyət – Tərəqqidir!], yaxud Seremos-invencibles[11 - Seremos – İnvensiblos! (İsp) – Biz məğlubedilməzik!] tipli ifadələr geniş yayılmışdı. Savadsış könüllülər bəzən çətin kəlmələri yadlarında saxlaya bilmirdilər. İşi asanlaşdırmaq üçün bir dəfə parol olaraq Cataluna, cavab kimi isə Eroica sözlərini seçmişdilər. Sifəti bədirlənmiş ayı xatırladan kəndli oğlan Xaim Domenak işi dolaşığa düşmüş adam kimi yanıma gəldi. Eroika sözünün mənası ilə maraqlandı.
Mən Eroica-nın da valiente sözü ilə eyni məna daşıdığını, qəhrəmanlıq anlamı bildirdiyini izah etdim. Bir dəqiqə sonra o, qaranlıq səngərdən çıxanda növbə çəkən əsgərin parolu söyləmək tələbi eşidildi:
–Alto! Cataluna![12 - Alto! Cataluna! (İsp.) – Dayan! Kataloniya!]
–Valiente!-deyə cavab sözünün məhz belə olduğuna inanan Xaim qışqırdı.
Dərhal atəş səsi eşidildi.
Amma əsgərin gülləsi yan keçmişdi. Əslində bu müharibədə hamı əlindən gələni edirdi ki, güllə hədəfə dəyməsin.
IV
Cəbhəni bu hissəsində üç həftə qaldım. Sonra Alkuberreyə İngiltərədən Müstəqil Leyborist partiyasının göndərdiyi əlavə 20, yaxud 30 nəfər gəldi. İngilis könüllülərinin hamısının bir yerə toplanması məqsədi ilə Vilyamsla məni də onlara qoşdular. Yeni mövqeyimiz əvvəlkindən bir qüədər qərb tərəfdə, Monte Oskuro yaxınlığında yerləşirdi. Buradan Saraqosaya gözəl mənzərə açılırdı.