banner banner banner
Beton evdən qeydlər
Beton evdən qeydlər
Оценить:
Рейтинг: 0

Полная версия:

Beton evdən qeydlər

скачать книгу бесплатно

Beton evdən qeydlər
Sara Oğuz

«Beton evdən yazılar» da Sara Oğuz şəxsiyyətə pərəstiş olunan bir dövrün ziyalı və sənət adamlarını necə manqurdlaşdırıb köləyə çevirməsini, istedadların bu təsirlərdən koralıb dəyərsizləşdiyini özünü danışıq və davranışları ilə ifşa edən obrazların yardımı ilə açıb göstərir.

Sara Oğuz

Beton evdən qeydlər

Söz toxuyan qadın

Povest – Sovet dövründə Sovet ədəbiyyatşünasları tərəfindən icad olunan janrdır və arxasında heç bir ideoloji məqsəd durmadığı üçün romandan kiçik, hekayədən böyük nəsr əsərini nəzərdə tutan bu janrın ədəbiyyatşünaslar deyil, naşirlər tərəfindən ərsəyə gətirildiyini güman etməkdə xəta eləmərik Allahın köməkliyilə. Təsəvvür edin, o vaxt bir kitabın çap olunmasına illər gedirdi, aylıq jurnalların isə sayı az, yazanları çoxuydu. Yazanların arasında sözünün yerə salınması az qala cinayət tərkibli hərəkət sayılan sanballı, adlı-sanlı yazıçılar da ürəyin istəyən qədər idi. Hekayə bu ranqda olan yazıçılar üçün kiçik janr idi, elə-belə, hərdən məzə üçün yazmaq olardı, adama ad gətirən, adının üstünə ad qoyan roman ola bilərdi. Roman rejimində düzüb-qoşan ürəyi dolu bazburudlu yazıçılar təzəcə qalaq-qalaq kağızlarda yazıb bitirdiyi əsərlərini mürəkkəbi qurumamış jurnalın redaksiyasına göndərirdilər ki, bunu üç-dörd nömrədə çap eləyin. Jurnalları ağırlaşdırmamaq, bu da bir yana, bazburudlulardan başqa, yeni imzalara da yol açmaq üçün naşirlər fikirləşib-axtarıb orijinal bir janr tapdılar. Doğrudur, bu janr ortalığa çıxana qədər hamıya məlum idi ki, Sovetdən əvvəlki dövrlərdə rus ədəbiyyatında folklordan gələn «povest» sözü, adətən, hekayə ilə bağlanar, lap əvvəllərdə isə bəzən, hətta dastan mənasında işlənərdi. Amma tədbirli naşirlərin hesabına yaranmış bu janra minnətdar olaraq bütün ölkə ədəbiyyatında uğurlu nəsil dəyişikliyi, yeni formasiya baş verdi. 60–70–80-ci illərin əksər yazıçıları ədəbiyyata povestlə gəldi.

Ədəbiyyatımıza povestlə gəlmiş və əsasən povestləri ilə də qalacaq bir yazıçı haqqında danışmaq istəyirəm – Sara Oğuz Nəzirova. Düzdür, o mənim yadımda povestləri ilə deyil, neçə onillər bundan əvvəl hansısa jurnalda çap olunmuş "Yengə" adlı hekayəsi ilə qalmışdı və bir gün dərs dediyim Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və Ekran Dramaturgiyası kafedrasında nəsr əsərlərinin kinoya gətirilməsi barədə söhbət düşəndə bu hekayənin adını çəkdim. Kafedramızın müdiri, dramaturq Əli Əmirli bu xatırlatmamdan o qədər sevindi, deyərdin başqa yazıçıdan yox, özündən söz düşüb, heç bəlkə də, öz pyesləri haqqında belə danışsaydılar bu qədər duyğulanmazdı, kişinin az qala gözləri yaşarmışdı. O, Sara xanımla ailəlikcə dostluqdan başqa, həm də onun yaradıcılığının pərəstişkarı olub. Elə indi onun yazıçı dilindən heyranlıqla danışır. Xüsusilə "Bayat oxşaması" povestini Azərbaycan ədəbiyyatının şedevri hesab edir. Səhəri gün Əli müəllim hədiyyə olaraq Sara Oğuz Nəzirovanın ölümündən bir az əvvəl nəşr olunan "Beton evdən yazılar" adlı bircildlik nəsr əsərləri toplusunu gətirib mənə verdi və dərhal qarşıma şərt qoydu: kitabın yalnız mütaliəsi mənə hədiyyə edilir, özünü isə oxuyub qaytarmalıyam. Bu da bir dramaturq fəndgirliyi idi, çünki indiki zamanda, povestin nüfuzdan düşüb təzədən roman janrının dəbə mindiyi bir vaxtda adama o qədər irihəcmli kitablar hədiyyə verirlər ki, bunların hamısını oxumaqdan ötrü ömrünün üstünə əlavə bir ömür də götürüb qoysan, yenə bəs eləməz, odur ki, məcbur olursan kitabını sənə hədiyyə etmiş müəlliflə üzləşəndə onun nigaran baxışlarına cavab olaraq yalandan "oxudum, xüsusilə əsərin təhkiyəsi xoşuma gəldi, ədəbiyyatımıza belə əsərlər lazımdır", – deyib birtəhər canını qurtarasan. Nəisə, Sara Oğuz Nəzirova yaradıcılığından danışaq.

Hədiyyəni aldığım gün özümə ordan-burdan vaxt pəncərəsi düzəldib "Bayat oxşaması" povestini oxudum. Bu, daha çox, Argentina yazıçısı Xulio Kortasarın hekayələrindən birinin epiqrafında dediyi kimi, çalışma üslubunda yazılan bir hekayə idi, nəinki üslub çalışmasında. Müəllif növbəti dəfə yaddaş dərinliklərindən çox mühüm, lakin unudulmuş, itirilmiş bir hadisəni gətirməyə çalışır. Elə o saat, povesti oxuyub qurtaran kimi keçmişlərdə əriyib yoxa çıxmaqda olan hadisəyə yenidən can vermək, onu diriltmək cəhdinin birinci dəfə olmadığını anladım. Əsəri oxuyan diqqətli oxuculardan hər birinin mənimlə həmrəy olacağına tam əminəm. Amma yazıçı bu dəfə əvvəlkilərdən fərqli olaraq, hadisəni zühur etdirməkdən ötrü oxşama, mərsiyə üsulundan istifadə edir. Mərsiyə deyən isə, yəni əsərin qadın iştirakçıları ölən üçün ağlasa da, daha çox ölənin adını tutub öz dərdlərini sanımaqda olurlar. Mərsiyəxanlıq da bir peşədir, buna görə pul alırlar, görürsən kiminsə ölüsü düşəndə ağı deyən qadınlardan birini gətirib oxutdururlar. Halal zəhmətlə özünə bir parça çörəkpulu qazanan bu qadın ölənin şəxsi kimliyindən xəbərdar olmasa da, elə oxuyur, elə oxşayır ki, ölü yiyəsi qəhərlənir, qubar gətirib için-için ağlayır, hətta zəhmli-zabitəli kişilər belə davam gətirməyib boğula-boğula göz yaşlarını içəri udurlar. Bu bir fantastik məqamdır ki, onu "Bayat oxşaması" povestində yaşayırsan.

Onun əsərlərində hadisəni yaddaşın dərinliyindən dartıb üzə çıxarmaq ilk baxışda göründüyündən qat-qat çətin işdir. Çünki yazıçı faktların özlərini nəql etmir, o bu faktların qəhrəmanın şüurunda və təəssüratında necə əks olunduğunu bizə göstərməklə məşğuldur. Qəhrəmanlar ürəyini açıb başına gələnləri bizə danışmaq niyyətindən xeyli uzaqdır. Kitabın birinci bölümünə daxil olan bütün povestlərin bir qəhrəmanı var, adının əsərdən-əsərə dəyişməsindən, yaxud ümumiyyətlə, müəllif tərəfindən ad verilmədiyinə baxmayaraq, onların hər biri aktual indiki zamanda, yəni əsərin yazıldığı müddətdə qırx-əlli aralığında orta yaşlı bir qadındır, ərə getməyib və bu barədə nəinki susur, heç başqalarının danışmasına da qəti icazə vermir, onun atasının cavanlığı türmələrdə çürüyüb, babasını ötən əsrin otuzuncu illərində Sovet hökuməti qolçomaq adı ilə Sibirə sürgün etdirib. Sara xanımı həyatda şəxsən tanıyan adamlar yığışıb xorla məni inandırmağa çalışsalar da, yenə gəldiyim qənaətdə israrlı olaraq qalacağam: bu əsərlərdəki orta yaşlı qadın müəllifin özü deyil.

"Beton evdən yazılar" kitabının gələcək oxucularına oradakı povestləri prinsipial olaraq ardıcıl şəkildə oxumağı məsləhət görürəm, amma "heç bir məsləhətə qulaq asmayın, mənim sizə verdiyim son məsləhətə də" aforizmini unutmamaq şərtilə, çünki elə özüm bu sıranı dağıdıb Nəzirovanın qəribə qəhrəmanı ilə tanışlığı "Çərxi-fələk" adlanan sonuncu povestdən başlamaq istəyirəm.

"Çərxi-fələk" povestində qırx-əlli yaşlarında bir qadın çimərliyə gəlir, soyunub bir az gözləyir, dənizin havasını götürür, sonra gedib suya girir. Ona bu dediyimiz yaşı aralıda uzanıb özünü günə verən Ələkbər adlı təxminən elə həmin sində olan kişi verir, qadın çimməyə gedəndən sonra o, azca mürgüləyir, bir müddət yuxu ilə gerçəklik arasında qalır və birdən ayılır ki, dənizdə vurnuxma düşüb, adamlar hamılıqla sahilə doğru cumurlar. Gedib görür bayaqkı qadın suda boğulurmuş, onu xilas edib sahilə çıxarırlar, başıaşağa çevirib qarnına dolmuş suyu çıxarır, ağızlarını ağzına söykəyib üfürürlər ki, özünə gəlsin. Ələkbər də kənarda qalmayıb, qadını ayıltmaqdan ötrü əlindən gələni edir. Ölünü diriltmək, ya da insanı ölümdən qaytarmaq cəhdi sonrakı hadisələr üçün olduqca vacib əhəmiyyət daşıyır. Qədim yunan əsatirində Orfey Evridikanı ölümdən qaytarmaq üçün o dünyaya yollanır və demək olar ki, məqsədinə çatır, amma axırda nə baş verirsə, Evridikanı qaytarmaq mümkün olmur. Burada da, həmçinin, nə qədər əlləşirlərsə, qadını ayıltmaq mümkün olmur ki, olmur. Onun öldüyünü yəqin edəndən sonra mələfə tapıb üstünə sərirlər, hamı dağılışır, bir-neçə qadın Ələkbəri tək-tənha ölü ilə sahildə saxlayırlar ki, sən göz ol, it-qurd gəlib meyiti parçalamasın, biz də gedək "Təcili yardım" la polis gətirək. Zavallı Ələkbər vahimələnsə də, aradan çıxmağı kişiliyinə sığışdırmayıb sahildə qalır və yenə günün istisindənmi, ya da vahimədən qurtulmaq istəyilə özünü yuxuya verir. Əsərin əsas hadisəsi də onun yuxusunda baş verir.

Məncə, Azərbaycan ədəbiyyatında son qırx il, bəlkə də, daha artıq bir dövr ərzində qız və oğlan, üstəgəl dəniz düsturu neyləsən də, hara fırlatsan da axırda gəlib bərabər olacaq Təhminə və Zaur əhvalatına. Amma bu misalda düsturun cavabı qarşısına «anti» ifadəsini də əlavə etməli oluruq. Təhminə və Zaur dəniz sahilində bir-birinə qovuşmuşdular, amma "Çərxi-fələk" dəkı sevgililər tənha sahildə bir-birindən ayrılırlar. Yuxudakı gənc Ələkbər onunla dənizə getmək təklifini təbiətlə daha yaxından təmasda olmaq həvəsiylə qəbul edən Xədicəyə təcavüz edir, qızın ismətini ləkələyir. Amma buna qədər onlar bir-neçə dəfə beləcə təbiətin qoynunda görüşüb gəzişmiş, bir-birinə könül bağlamışdılar, biologiyadan, incəsənətdən, ədəbiyyatdan, hətta psixoanalizdən şirin-şirin söhbətlər etmiş, dil tapıb tapışmışdılar. Ətrafda görünən hər nə varsa, təbiət, yer-göy, hər şey onların birləşməsinə xeyir-dua verirdi. Bu boyda genişliyin, ümmanla asimanın birləşib rəvac verdiyi sevginin qarşısında İçərişəhərin qala divarları, ya Ələkbərin anasının "bu kənd qızlarını sən tanımırsan, onlarla səninki tutmaz" kimi sözləri nə edə bilərdi axı? Hər bir eşqin, sevginin zirvə nöqtəsi kişinin qadına təcavüzüdür, mədəni, ya qeyri-mədəni, qanuni, ya qeyri-qanuni, bizi təbiət belə yaradıb, əks təqdirdə, Ələkbər gərək heysiyyətsiz, impotent bir oğlan olaydı. Bəs onda sağlam təcavüz niyə belə faciəvi sonluğa gətirib çıxarmalıydı?

Belə gözəl, amma nakam sevgi əhvalatını oxuduqca bircə onu arzulayıb illah edirdim ki, təki sonda Ələkbərin tək qaldığı sahildəki meyit onun gəncliyində rastlaşdığı qız, Xədicə olmayaydı. Biz axı ciddi adamlarıq, ədəbiyyata münasibətimiz də ciddidir, belə zövqlə yazılan əsəri axırda "indiyski kino" ya çevirmək haqsızlıq olardı. Amma təəssüf, belə də oldu, Ələkbər eşidəndə ki, boğulan qadının adı Xədicədir, etmədiyi cinayəti bəhanə gətirib, özünü hüquq-mühafizə orqanlarına təhvil verir, qadını suda boğub öldürdüyü barədə yalan ifadə verir.

Amma mətnə bir daha qayıdanda, – adətən müəmmalı əsərləri oxuyandan sonra ən azı onu götürüb bir daha vərəqləmək, bəzi epizodları təkrarən nəzərdən keçirmək istəyirik, – "indiyski kino" sonluğunun büsbütün dəyişib tamam başqa bir finalla əvəz olunduğunu görürsən. Sən demə, Xədicə adlı qız və Ələkbərin onunla eşq macərası həqiqətdə olmayıb. Bu, sadəcə olaraq, yuxudur, vəssalam. Suda boğulanı diriltməyə çalışdıqları vaxt bu qadının şəhərdə dağlı məhəlləsində qaldığı, qardaşının vərəm xəstəsi, adının da deyəsən Xədicə olduğu barədə Ələkbərin qulağı qırıq-qırıq sözlər alır, sonra da tək qalıb mürgüləyəndə dağlı məhəlləsində kirayənişin qalan, qardaşı vərəm xəstəsi, adı da Xədicə olan gənc qız haqqında yuxu görür. Ya da onu ruh tutur. Əbəs yerə demirlər ki, ölü ilə tək qalanda yatmazlar. Hətta Freyd "Yuxuların yozulması" kitabında bir bədbəxt xəstənin başına gələn əhvalat barədə qeydlər edir. Gənc kişinin körpə balası ölür. Onu gecə bir otaqda qoyurlar və üstünə xristian mollası gətirirlər ki, bütün gecəni dualar oxusun. Yorulub əldən düşmüş kişi isə gedib qonşu otaqda kresloya oturur və dərhal yuxuya gedir. Yuxuda görür ki, körpə oğlan tabutdan qalxıb gəlir düz onun yanında durur və tənə ilə deyir: "Ata, bəs görmürsən ki, mən yanıram?". Ata hövlnak kreslodan sıçrayıb ayağa qalxır, o biri otağa keçib görür ki, molla yatıb, şamlardan biri isə tabutun üstünə düşüb uşağın bir hissəsini yandırıb. Bundan havalanan kişi dəfndən sonra uzun müddət bir sualı tutub elə hey təkrarlayır: "Yanğın olub-olub, bəs uşağın gəlib mənə tənə etməsi nə demək idi?". O elə bir sualın əsirinə çevrilib ki, bunun cavabı yoxdur. Kim axı yuxu ilə gerçəkliyin arasındakı əlaqəni təyin edə bilər?

"Çərxi-fələk" əsərində nəql olunan hadisə yay günü günorta vaxtı, Abşeronun qızmarında dəniz kənarında baş verən fantasmaqoriyadan başqa bir şey deyil. Bu mənim mütaliə versiyamdır. Əsəri başqa versiyalarda da oxumaq imkanı var. Amma ucuz melodramatik finalı fantasmaqoriya ilə əvəz etdikdə daha gözlənilməz, daha ciddi fəlsəfi-psixoanalitik və bir-birindən daha fərqli yozumlar üçün perspektiv açılır.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)