скачать книгу бесплатно
Azərbaycanın neft bölgəsi bütün Şərqin ən gəlişmiş yeridir. Avropanın iri sənayesinin tərkib hissələrinin hamısını o özündə əks etdirir: dizel motorlarını, avtomobilləri, elektrik işığını, külli sayda maşınları və nəhayət fəhlə problemini. Burda, neft çənlərinin və neft buruqlarının arasındakı supermodern dünyanın tən ortasında, Bakının ən zəngin neft rayonu Suraxanıda qədim Azərbaycanın qəribə simvolu, o qədər də sentimental olmayan neft sahibkarlarının qıymadığı sirli Zərdüşt məbədi saxlanılmışdır.
Zərdüştün Suraxanıdakı məbədinə təkcə neft sahibkarlarının heyfi gəlməyib. Əsrlər öncə cahan fatehi Çingiz Xan məbədi dağıtmamağı tapşırdı, çünki onun məşhur sələfi Harun əl-Rəşid də belə etmişdi. Biraz əvvəl isə Pompey Romalı və Antiox Zəleyli məbədə baş çəkmişdilər, hər ikisi də yeganə qeyri-azərbaycanlı kimi məbədin əbədi oduna qurban gətirmiş Böyük Makedoniyalını qibtədən yamsılayaraq. Çünki küncünün birində neft buruqları ilə yanaşı xırda və görünməz olan bir qübbə ucaldılmış bu dördkünc kiçik məbəd haçansa bəşəriyyətin ilk böyük dininin, azərbaycanlı Zərdüştün bəyan etdiyi böyük odçuluğun (atəşpərəstliyin) mərkəzində durmuşdu.
O vaxt bozumtul qədim dövrdə Azərbaycan əbədi odçuluğun kutsal yurdu idi və Bakı yörəsində neftlə zəngin çöl milyonlarla inancçının zəvvarlıq yerinə çevrildi. Möminləri şər başlanğıc Əhriməndən qoruyan, Bizansla Buxara arasında padşahın kim olacağını özləri müəyyənləşdirən və işıq allahı Hörmüzə sitayiş edən qüdrətli kahinlər ölkəyə hökmranlıq edirdilər. Hörmüz allah od idi. Qazla yerdən qaynayan, üzərində məbədin qüllələri ucaldılmış əbədi od. Həmin od bugün də sönməmişdir, son damla neft yerdən tükənənə qədər qüllələr altında alovlanacaq neft qazları bugün də müqəddəs torpaqdan qaynayıb-çıxmaqdadır. Minillərdən bəri alışıb-yanan bu əbədi alov bir təbiət oyunudur ki, məbədə təşrif buyurmuş əcnəbilər, təsadüfən odsevərlər deyillərsə, ondan öz siqaretlərini yandırırlar.
Odçuluq çağlarında yalnız ağalar və kahinlər oda ibadət edə bilərdilər. Adi inanclılar isə odun üstünü örtən qübbə qarşısında səcdə ilə kifayətlənirdilər. Roma üzərində bir neçə dəfə qələbə çalmış İran padşahı Azərbaycana gələr, kahinlərin ayağının tozunu öpər və kuhurinlə yuyunardı ki, bu da xalis salehlik sayılardı. Müqəddəs odu qorumaq və Romanı yenmək üçün İranın yeni padşahına şahənşah adı verildi. Ərəblər gəlib sonuncu odsevər padşah Yezdəgird Sursuzu öldürənə, kahinləri dağıdana, böyük allahı maraqlı bir təbiət hadisəsi səviyyəsinə endirənə qədər əsrlər uzunu beləcə davam etdi. Ərəblərin gəlişi ilə də müqəddəs torpağın ad-sanına və aralarında Sirus, Kambis, Dara və Artakser olan padşahlar nəslinə son qoydu ki, onların da ilk üçünün adı məktəb dərsliklərində, sonuncusu isə Herodotun adı ilə Bibliyada çəkilir.
Odsevərlər məhv edildi, onlar islama keçib Azərbaycan adının anlamını unutdular: «Əbədi odun müqəddəs məskəni». Zərdüşt tərəfdarlarının son qalıqları Hindistana və İran Yəzdinə qaçdılar ki, onlar bugün də burda yaşayır. Odçuların son məbədi islamın haram buyruğuna düşmüş içkini gecənin kirmişliyində dadmaq üçün şairlərin toplaşdığı meyxanaya çevrildi. Sonralar harama daha fikir verilməyəndə məbəd də bütün şairlər tərəfindən unuduldu. Hələ də burda öz günlərini keçirən son iki kahin yüz il öncə sərxoşluqlarına və bütçülüklərinə görə müdrik bir xan tərəfindən ölkədən qovuldu.
Hind odçuları isə öz məbədlərini unutmadılar.
Hər iki ildən-bir onların nadir nümayəndələri Azərbaycana gələr, əbədi odun qarşısında ibadət etmək üçün bütün hökumət qapılarını döyərdilər. Bugün vur-tut 110 min təəssübkeşi olan həmin hind və fars odsevərlərinin xüsusi ritualları var ki, onlar da sənaye rayonunun tən ortasında icra edildikdə müsəlman fəhlələrin hədsiz narazılığına səbəb olur, çünki, odçuların, bugünkü adları ilə deyilsə, həmin parsların, yaxud bəxşişçilərin adətlərindən başqa burda suçlu heç nə yoxdur. Parslar özlərini murdarlamaq kimi əbədi bir qorxu içində yaşayırlar. Yeyərkən gərək qida onların dodaqlarına toxunmasın, yoxsa mundarlanarlar. Bu səbəbdən də nə bıçaqdan, nə də çəngəldən istifadə olunur. Qıymalanmış yemək geniş açılmış ağıza əllə atılır. İçərkən də mayenin dodaqlara toxunmamasının qarşısını almaq üçün müxtəlif incəliklərdən istifadə olunur. Hər səhər onlar əllərini və ayaqlarını kuhurinlə yuyurlar, minillər ərzində formalaşmış duaları dodaqaltı pıçıldayırlar və çalmalarından asılan müqəddəs qaytanı sığallayırlar. Öləndə də cəsədi nə yandırırlar, nə torpağa tapşırırlar, nə də suya endirirlər, çünki od, torpaq və su əbədi mundarlanar. Ona görə də parsın cəsədini susqu qülləsinə – onun ən adlı-sanlısı Hindistandadır – aparırlar və orda quzğunlara tapşırırlar. Dini buyruqla yanaşı bu, parsların fıkrincə həm də gigiyenanın tələbidir.
Bu nadir odçular, bəşəriyyətin ən qədim dininin baniləri və kuhurin həvəskarları heç də hansısa yad köçərilər, yaxud codlaşmış dağlı tayfalar deyillər. Hind parsları – parsların ən böyük hissəsi Hindistanda yaşayır – çağdaş bankirlər, iri sənayeçilər və birjaçılardır ki, bugünkü Hindistan özünün iqtisadi inkişafı üçün onlara minnətdardır. Hindistanın ən iri sənaye sahələri hər cür qazanc imkanını – təkcə Azərbaycan neftindən başqa – dəyərləndirə bilən parslara məxsusdur. Ona görə Azərbaycan neftindən başqa ki, bu neft müqəddəsdir və kuhurinlə bərabər dinin mənəvi dəyərlərini təşkil edir. Haqlı olaraq parsları Hindistanın yəhudiləri adlandırırlar. İran parsları isə, bunun əksinə, ticarət fəaliyyətlərini hələ tam tutumda gəlişdirməmişlər. Onlar şahın üzüyola təbəələri kimi tanınırlar və onun hərəmxanasında bağban işləmək şərəfinə yetişmişlər.
Onlar Azərbaycanda, özlərinin müqəddəs torpaqlarında yaşamırlar, amma orda fəqirlər sığınacağı qurmuşlar və, hər yerdə olduğu təki, xeyriyyəçi kimi tanınırlar. Ona görə də hərdən elə olurdu ki, neft buruqları arasında bir neçə günlüyə ibadət etməyə hind parslara da icazə verilirdi. Amma bu, necə deyərlər, çox az-az olur, son vaxtlar isə buna ümumiyyətlə rast gəlinmir. Əbədi odun son məbədi bəşəriyyət tərəfindən elə yerli-dibli unudulub ki, Azərbaycanda çalışan alimlər ekspedisiyası günlərin birində tam ciddiyyətlə onu yenidən kəşf etdiyini söyləyib bu barədə Avropaya sensasion bir məlumat göndərdi. Həmin məlumatda göstərilirdi ki, alimlərin ciddi axtarışlarına baxmayaraq arxeoloji baxımdan qorunmayan bu tapıntı yalnız təsadüf sayəsində mümkün olmuşdur.
Məbəd neft mədənlərinin tən ortasında yerləşir və şəhər sakinlərinin sevimli ekskursiya yeridir. Alimlər məhz bir balaca şaşqın və həddən artıq kəşfbaz idilər.
Deməli, bəşəriyyət az qala məbədi unutmuşdur, fəqət haçansa hansısa illahlığın ehtiram olunduğu yer kimi dünyada heç nə ömürlük deyil. İnsan həmişə dönə-dönə ona qayıdır, köhnə xarabaların üzərində həmişə yeni-yeni sitayiş məkanları baş qaldırır. Kiçik Asiyanın unudulmuş ərazilərinə bələd olan kəs bilir ki, xırda köylərdəki məscidlər çox vaxt əvvəllər xristian kilsələrinin olduğu yerdə tikilib. Qazıntılara nəzər yetirilsə, görərsən ki, həmin kilsələr də öz növbəsində yunan-roma məbədlərinin xarabalıqları üzərində ucaldılmışdır və onlar da yenidən hansısa Babilistan illahlığının məbədinin özülü üstündə qurulmuşdur. Amma bir-birini əvəz edən dinlərin sırası bununla bitmir, zira bilinir ki, babilistanlılar da öz məbədlərini sirli Şumer səcdəgahlarının yerində tikmişlər. Elə yerlər var ki, orda sırasınca onlarla illahlara səcdə edilmişdir. İndi də məscidlər yox olurlar. Onların yerində bütün illahların ən çağdaşına xidmət edən fabrik və zavodlar tikilir.
Zərdüşt məbədinin həndəvərində də sənaye məbədləri yaranır. Fəqət bu, legitim xələf deyildi. Məbəd ayrı, daha yaxşı illah dəyəri kəsb etdi. Məbədə bitişərək Azərbaycanda bir neçə il öncə yeni bir din, Şərqdə tez-tez meydana gələn, sürətlə yayılan və eyni sürətlə də yenidən dinlər müstəvisindən səthi silinən bir təriqət gəlişdi. Yalnız səthi, çünki xalqın iç qatlarında bir vaxt onun yaşadığı ölkəyə hakim olmuş bütün illahlar yaşamaqda davam edir, Astartadan, Hörmüzdən tutmuş Məhəmmədə, Məsihə qədər. Zira iman yalnız üzdən ölür, zaman-zaman o, yenidən baş qaldırır, bu yaxınlarda Azərbaycandakı Zərdüşt məbədi kimi.
Həmin qəribə təriqətdən danışmağa dəyər.
Günlərin birində neft buruqlarının polisi hökumətə xəbər verdi ki, Zərdüşt məbədinin yaxınlığında gecələr əcaib şeylər baş verir. Nəsə səs-küy gəlir. Lopalar yanır. Səslər ucalır, anlaşılmaz mızıltılar eşidilir. Deməli, orda gizli mətbəənin, yaxud ən azı bandit yuvasının olduğunu güman etməyə yetərincə əsas var. Neft mədənlərində bandit yuvası və gizli mətbəə xoşagəlməz hal olduğundan polis prefekti güman edilən banditlərdən əslində çox az fərqlənən bir takım polislə məbədi dövrələyib axtarış aparmağı qərara aldı. Gecə gizli mətbəənin əlamətləri özünü göstərəndə polis məbədə soxuldu və bununla elmə dəyərli bir xidmət göstərmiş oldu, çünki dini tarixin müntəxabatlarında indiyə qədər qeydə alınmamış yeni bir dini ortaya qoydu.
Məbədin həyətindəki odun qarşısında dayanmış lüt qadına baxa-baxa əbədi alovun önündə yerdən oturmuş xeyli kişi gördülər. Kişilərdən biri qadının yanında dayanıb ehtiramla onun döşlərindən öpürdü, digərləri isə bu arada dua edib növbələrinin çatmasını gözləyirdi. Məbədin divarlarına, lopalarla işıqlandırılaraq, dünyanın bütün dinlərinin bütləri və müqəddəslərin şəkilləri qoyulmuşdu. Bazinili müqəddəs Nikolay Anadolu şeytançılarının müqəddəs simvolu Faunun[2 - Faun – qədim romalıların təkə ayaqları və buynuzları ilə təsvir olunmuş tarla və meşə allahı (bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).] palçıq fiquru ilə yanaşı qoyulmuşdu və Fallusun[3 - Fallus – yunanca: törədici qüdrətin simvolu kimi kişinin cinsi orqanı.] gil fiquru illah kimi sitayiş edilən İran şahının ucuz yağlı boya ilə basılmış şəklinin yanında asılmışdı.
Qəribə təriqətçilər həbs edildilər və məlum oldu ki, Bakı kəndlərinin sadə, savadsız sakinləridirlər. Açıqlamadıqları səbəblərdən onlar bir din yaratmağı qərara alıblarmış və qədim məbədi yeni imanın iqamətgahı kimi seçiblər. İştirakçıların hər biri özü ilə bir simvol gətirməliymiş, istər Fallus olsun, istərsə də İran şahının şəkli. Sonra o, müqəddəs odun qarşısında oturub münasib bildiyi duanı oxuya bilərdi. Yeganə mərasim çılpaq qadın döşünün öpülməsiydi və bu, Yer adlı anaya sevgini simvolizə etməliydi. Bundan başqa imandaşların gətirdiyi allahların hamısına gərək ehtiram göstərəydin.
Bütün cəhdlərə baxmayaraq polis onlardan fərli bir şey öyrənə bilmədi. Bu uğursuz sonuc rəsmi məlumatlarda savadsız köylülərin intellektinin aşağı olması ilə əsaslandırıldı. Deməli, köylülər gizli mətbəə işlətmədiklərinə və, üstəlik, şahın şəklini sərgiləməklə özlərinin abırlı düşüncələrini nümayiş etdirdiklərinə görə onları azadlığa buraxdılar. Neft bölgəsində «ictimai dincliyi pozmağa və yanğın təhlükəsinə» görə səcdənin məbədin içində aparılmasını onlara qadağan etdilər. Beləliklə, Zərdüştün son məbədi bu sadə həvəskarların da əlindən alındı.
NEFT FIRILDAQÇILARI VƏ NEFT XAQANLARI
Rus tacirləri arasında belə bir kəlam var: «Bakıda bir il neft sahibkarlarının içində yaşayan ömründə dürüst adam ola bilməz!» Azərbaycana yola çıxarkən vəsiyyətlərini edən şərafətli Peterburq tacirləri belə deyirdilər. Nisbətən az şərafətlilər isə, əksinə: «Əsl fırıldaqçılar yalnız Bakıda yetişir» deyirdilər və neft şəhərinin öz sıralarında başqalarına dözməyən yetirmələrinə paxıllıqla baxırdılar. Bu cümlələrdə mübaliğə azdır, çünki Bakıda nəsə bir iş görmək yabançı üçün doğrudan da mümkünsüz idi. Neft icması hər bir yabançını məmnuniyyətlə aldadan qapalı cəmiyyətdir.
Şərqin və Qərbin aldatma üsulları vahid xalis kommersion taktikada birləşdirilmişdi. Heç nədən qorxub çəkinmirdilər; heç kimdən və heç nədən çəkinməyə lüzum yox idi; axı sən haqla nahaqqın çoxdandır elastik məfhuma çevrildiyi Şərqdəsən. Feyr[4 - Feyr – ingiliscə: başqalarına nisbətdə öz münasibətlərində doğrucul, namuslu, dürüst, abırlı.] anlayışı ümumiyyətlə yox idi, bu mərəzi indi də özlərinə rəva bilən yekələrdə bəlkə də qalmışdı. İkiyüz onsəkkiz neft sahibkarı arasında ən çox onunu tapardın ki, onları aldatmaqdan çəkinirdilər, çünki yalanı ölümlə cəzalandırmaq üçün onlar kifayət qədər güclü idilər və kimi isə aldatmağa da özlərinin ehtiyacı yox idi.
Bu onluğa səkkiz müsəlman, bir erməni və Nobel familiyalı məşhur bir isveçli daxil idi. Nobel Bakıda yeganə insan kimi Şərqin mübarizə üsullarına nifrət edirdi və haqlı olaraq deyirdi ki, avropalılar daha uğurludurlar. Avropa baxışlarına görə neft xaqanlarının əksəriyyəti həbsxanalıq idi. Fəqət bu, qısaca bir çabanın tez bir zənginliyə çatdırdığı dünyanın hər yerində hökm sürən hal idi. Meksikanın, Venesuelanın neft mədənlərində də, Alyaska və Klondikanın qızıl yataqlarında da, Cənubi Afrikanın zümrüd axtarıcılarında da həmin münasibətlər, həmin qəddarlıq, yalan və hiylə hökm sürür ki, onların vasitəsilə bir ovuc aferist yeni çırpışdırdığı sərvəti qoruya bilir.
Birinci nəsl hər yanda eyni olur, bəlkə o, Bakıda başqa yerlərə nisbətən hətta xeyli yaxşı idi, çünki sahibkarların bir qismi köhnə feodal bəylərdən çıxmışdı və müəyyən mədəniyyəti onlar özləri ilə neft sənayesinə gətirmişdilər. Atamın əksər həmkarının keçmişi qaranlıq idi, bir neçəsi əvvəllər səfil, başqaları isə oğru olmuşdu. Elələri də vardı ki, söhbət düşəndə həyasızcasına irişə-irişə Sibir katorqalarından danışırdı.
Müsəlmanlar, ermənilər, ruslar, polyaklar, gürcülər, isveçlilər burda bir silk yaratmışdılar ki, o da heç bir mənsəb fərqi bilmirdi, yalnız özünəbənzərlərdən kənarda keçmişdən həvəssiz söz salırdı və oğrularla yanaşı əsl bəylərbəyiləri, şahzadələri özünün üzvləri sırasına qəbul edirdi. Əksəriyyət üçün səciyyəvi şey həyata barbar münasibət, öz pullarını işə yaratmaq bacarıqsızlığı və, tezliklə aşkar olduğu kimi, qızılın təsiri altında böyüyən ikinci nəslin tamamilə soysuzlaşması idi. Savadsız, zəngin atalar, əslinə qalsa, bu xoşxasiyyət barbarlar, övladlar böyütmüşdülər ki, onlar da hələ beşikdə ikən həyatdan bezmişdilər, intihar düşüncələrinə qapılmışdılar və yasağı yüngül olan işlər görməyə çalışırdılar. Amma neft bəyzadəsinə Bakıda nə qadağan edilə bilərdi? Bu, talenin qisası idi. Özləri artıq müəyyən mədəniyyətə – şərq, yaxud qərb – malik olan belə neft sahibkarlarının yalnız övladları bu iti çöküşdən xətərsiz qurtula bildilər.
Ayrı-ayrı neft ailələri arasında daimi bir mübarizə hökm sürürdü ki, o da tez-tez digərlərini dartıb gətirirdi. Onda küçələrdə qan su yerinə axırdı, insanlar izsiz-tozsuz yoxa çıxırdılar və bu işlər üçün hər vaxt hazır dayanan bandalar ikiqat məvacib alırdılar. Aferistlər yığnağının iqamətgahı kimi Bakı öz gözəllikləri ilə yanaşı həm də şərq paytaxtının bütün özəlliklərini qoruyub saxlamışdı. Bir neçə neft sahibkarı təkcə sənayeçi deyildi, onlar həm də ölkənin içərilərində öz təbəələrinin yaşam və ölümü üzərində mütləq hökmə malik mülkədarlar idilər və öz kəndlərində daimi mühafizə dəstələri yetişdirirdilər. Bunlar müsəlmanlar, qismən də ermənilər idilər ki, onlar da birlikdə neft sahibkarlarının əksəriyyətini təşkil edirdilər və bir-biri ilə barışmaz mübarizə aparırdılar.
Çıxarılandan sonra xam neft dəniz sahilindəki neftayırma zavodlarının yaxınlığında qurulmuş iri rezervuarlarda saxlanılır. Neft buruqları həmin rezervuarlardan təxminən iyirmi kilometr aralıda olur. Boruları neftayırma zavodları ilə birləşdirmək üçün səhradan neft kəməri çəkilirdi ki, o da müxtəlif sahibkarların neftini ümumi rezervuarlara axıdırdı. Hər şirkətin çənlərlə boru əlaqəsi vardı ki, bu çənlərdə də axıb-gələn xam neft xüsusi xazla ölçülürdü. Neft kəmərləri ilə rezervuarlar xam nefti qoruyub-saxlayan, onu zavodlara ötürən və bunlardan yaxşı gəlir götürən bir firmaya məxsus idi. Ölkədə ikiyüzdən çox neft sahibkarı olduğuna görə səhra boyunca bir-birinə çalın-çarpaz olmuş müvafiq sayda borular çəkilmişdi; deməli, hər şirkətin özünün neft kəməri vardı ki, firmanın sərəncamına verilən neftin miqdarı qəbul edilərkən dəqiq müəyyənləşsin və başqa şirkətin hesabına yazılmasın. Neft kəməri firması yalnız rezervuara çatan neftə cavabdeh idi, daha rezervuarlara tuşlanmış neftə yox. Hərdən borular partlayırdı, yaxud yetərincə qalın olmurdu, ona görə də işlənən və daxil olan neftin miqdarı üst-üstə düşmürdü. Deməli, çölü keçəndən sonra neft rezervuara çatanda ölçülməli olurdu. Bu fırmanın yaxşı, yaxud pisliyi sonrakı məsələdir. Amma yüzlərlə boru çöldə bir-birini kəsib-keçirdi və qarışıq bir mənzərə yaradırdı.
Bu kəmərlərdən biri hörmətli ağalardan sayılan, mədəniyyətə xüsusi üstünlük verən, hər il xarici səfərlərdə olan və Avropa sivilizasionunun nümayəndəsi hesab edilən iri sənayeçi Rzaya məxsus idi. Onun qonşuluğundakı kəmər böyük bir şirkətinki idi və gecə-gündüz işləyirdi, çünki şirkətin bir ədəd milyonluq fontanı vardı və neftinin əl-ayağını yığıb-yığışdıra bilmirdi. Amma bir gün həmin şirkət gördü ki, çıxarılandan rezervuara xeyli az neft gəlir. Neft yolda borudan açıq-aşkar yox olurdu. Çölə çaparlar göndərdilər ki, boruları yoxlasınlar, amma şübhəli bir şey tapılmadı. Borular yerli-yerindəydi, lakin neft yenə də yox olurdu. Bütün yolu gecəli-gündüzlü göz altına aldılar, heç nəyin xeyri olmadı. Bu, başdan-başa elə anlaşılmaz idi ki, az qala düşündülər, şirkət öz kreditorlarını sakitləşdirmək üçün bilərəkdən həmin fontan hay-küyünü qaldırıb. Daha fontanın etibarlılığına inanmırdılar. Bu hal aylarla davam etdi. Tezliklə məlum oldu ki, digər şirkətlərdən də həmin əcaib şəkildə neft oğurlanır. Məsələ ciddiləşdi, nefti oğurlananlar öz işçilərini bir yerə yığıb gecələr əl-ayaq çəkiləndə borularının yanındakı bütün boruları çevirtdirdilər ki, bəlkə itkinin səbəbini tapa bildilər. Və burda görünməmiş bir şey ortaya çıxdı. Gördülər ki, Rzanın kəməri yerin altından bütün qonşu kəmərlərə qoşulub. Başqalarının nefti sadəcə olaraq onun kəmərinə axırmış və rezervuara axırıncının məhsulu kimi tökülüb qeydə alınırmış. Öz gəlirini ölçüsüz həddə artırmaq üçün mədəniyyət dağarcığı Rza, deməli, sadəcə bir üsul tapıbmış. Neft sahibkarları onun timsalında başqalarına da dərs verdilər: Rza həbsxanaya salındı və buruqları dayandırıldı. Bütün neft silki coşmuşdu, ölümlə və eldənçıxarı etməklə hədələyirdi. Amma iş o yerə çatmadı. Rza həbsxanada özünü güllələdi və özlərini didib-dartan oğulları onu bütün neft sahibkarlarının gözü önündə torpağa tapşırdılar. Ona qarşı cinayət işinə xitam verildi.
Rza adlı birisi oğurlayır. Amma buna görə o, doğrudanmı ölməlidir? İntihar və təntənəli dəfn hələ ölüm demək deyil axı. On il sonra mən Paris kafelərinin birində birja kursları ilə tanış olan möhtərəm, yaşlı bir ağaya rast gəldim. Bu, Rza idi, yazıq intiharçı. Tanındığını görəndə xəfifcə gülümsəyib dedi:
– Adam elə asanlıqla ölmür.
Sonra həbsxanada bir cəsədlə öz paltarını necə dəyişdiyini, onun başına bir güllə vurduğunu, o qədər də yüksək olmayan məbləğə həbsxana rəhbərliyini özünün azad olunmasına necə razı saldığını danışdı. İşləri uşaqlarına tapşırıb kipkirmiş Parisə gəlməyə üstünlük vermişdi ki, burda da təqaüdçü kimi yaşayırdı və dövlət idarələrində özünü yüksək çaplı siyasi qaçqın kimi qələmə vermişdi.
– Xırdaca bir neft sızqasına görə özünü öldürüb gözəl həyatdan əl götürməyə dəyməz, – axırda o bunları deyib mənə xoş münasibətini bildirdi və mehribanlıqla əlimi sıxdı. O, bugün də Parisdə yaşayır. İşləri barədə isə dəqiq məlumatım yoxdur. Bəlkə də peşəsini dəyişmə naminə Bank dö Fransın pul çapxanası ilə özünün şəxsi mənzili arasında havadan gizli çap xətti çəkib. Hər halda kefi kökdür, həyatı gözəldir.
Rzanın gizli neft kəməri tezliklə öz təqlidçilərini tapdı. Bir çox xırda neft sahibkarları bundan sonra qonşularının borularına gizli xətlər qoşdular, amma hamını ağzıbirə qatmaq mümkün olmadığına görə irilər buna göz yummağa alışdılar.
Neft sənayesinin digər nümayəndəsi Musa Yaqub daha ağıllı idi və yan peşə kimi İrana silah qaçaqmalçılığı ilə məşğul olurdu. Əslində buna heç ehtiyacı da yox idi. İşləri yaxşı gedirdi. Amma qaçaqmalçılıq peşəsini elə-belə sevirdi.
– Babam qaçaqmalçı olub, atam qaçaqmalçı idi, mən niyə olmayım?! – Dostlarının arasında təkrarlamağı xoşlayırdı.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: