banner banner banner
Lessi
Lessi
Оценить:
Рейтинг: 0

Полная версия:

Lessi

скачать книгу бесплатно

Lessi
Erik Nayt

Dünya ədəbiyyatından seçmələr
İşini itirən və ailəsi çətin vəziyyətə düşən Sem evin sevimli iti Lessini başqasına satmalı olur. Bundan sonra baş verənlər sizi çox təsirləndirəcək.

Erik Nayt

LESSİ

I FƏSİL

Satılmır

Qrinol-Bric qəsəbəsində hamı Lessini – Sem Kerraklafın itini tanıyırdı. O, demək olar ki, bütün ətrafda ən məşhur it idi. Buna bir neçə səbəb var idi.

Əvvəla, qəsəbənin hər bir sakini ondan daha qəşəng kolli[1 - Kolli – Şotlandiya və Şimali İngiltərədə yaşayan çobaniti cinsi] görmədiyini etiraf edərdi. Bundan böyük tərif ola bilməzdi, çünki Qrinol-Bric Yorkşir qraflığında yerləşir. Yorkşirin itləri isə bütün itlərdən üstündür! Burada, İngiltərənin sərt iqlimi olan şimalında dünyada tayı-bərabəri olmayan itlər yaşayır. Çılpaq düzənliklərdə külək tüğyan edir, soyuq yağış göydən tökür, amma itlərin tükü daha da qalınlaşır və gözəlləşir. Onların özləri də buranın insanları kimi möhkəm olurlar. Buranın insanları isə itləri sevirdilər. Çoxunun da əla iti var idi. Amma qəsəbə sakinlərinin hamısı bir ağızdan təsdiq edirdi ki, əgər kimsə, nə vaxtsa Qrinol-Bricdə Sem Kerraklafın üçrəngli kollisindən, Lessidən daha qəşəng it böyüdübsə də, bu lap çoxdan, onlar dünyaya gəlməzdən qabaq olub.

Amma Lessini hamının qəsəbədə yaxşı tanımasının başqa səbəbi də var idi. İş orasındadır ki, qadınların dediyinə görə, saatı bu itlə bilmək olardı. Hər şey üç il əvvəl, Lessi biryaşlı, şən və dəlisov küçük olan vaxt başlamışdı. Bir dəfə Sem Kerraklafın oğlu Co Kerraklaf bərk həyəcanlı vəziyyətdə qaçıb evə gəlmişdi.

– Ana, ana! – o az qala nəfəsi kəsilərək qışqırırdı. – Bu gün məktəbdən çıxanda, səncə, kim orada oturub məni gözləyirdi? Lessi! Fikrincə, o mənim harada olduğumu necə bilib?

– Yəqin, iyini alıb. Ağlıma ayrı heç nə gəlmir.

Elə, ya da belə, amma Lessi səhəri gün də, üçüncü gün də məktəbin qabağında gözləyirdi. Həftələr, aylar, illər dolanır, amma bu davam edirdi. Qadınlar evlərinin pəncərəsindən boylanıb, dükançılar iş yerlərinin qabağında dayanıb yanlarından asta-asta, tələsmədən qaçan mərd, qızılı xallı, ağ-qara iti görür və deyirdilər: “Lessi qaçır – dördə qalıb beş dəqiqə!”

Havadan asılı olmayaraq, istər göyün üzü açıq olsun, istər yağış yağsın, it həmişə eyni yerdə oğlanı gözləyirdi. Xoşbəxt görüş anı yetişir, sonra ikisi bir yerdə evə qayıdırdı. Artıq dördüncü il idi ki, bu hər gün belə davam edirdi.

Yeknəsəq həyatla yaşayan qəsəbədə Lessi hamının sevimlisinə çevrilmişdi. İnsanlar Lessini ən çox özlərinin də izah edə bilmədikləri, ləyaqətləri ilə bağlı nəyisə təcəssüm etdirdiyi üçün sevirdilər. İnsanların ləyaqəti isə pul məsələsi ilə bağlı idi.

Adətən, kiməsə məxsusi gözəl bir it böyütmək müyəssər olurdusa, günlərin bir günü o artıq it olmaqdan çıxıb pul qazandıra biləcək dördayaqlı nəyəsə çevrilirdi. O, əlbəttə, it olaraq qalırdı, amma onun haqqında varlı bir adam, yaxud hansısa alverçi xəbər tutsa, ona müştəri də çıxa bilərdi. Varlı da iti eynilə kasıb kimi sevə bilərdi, burada onların arasında fərq yox idi. Fərq onların pula olan baxışlarında idi. Kasıb oturub qışa nə qədər kömür, neçə cüt başmaq, uşaqların sağlam böyüməsi üçün nə qədər ərzaq lazım ola biləcəyi haqda düşünə, sonra isə evə gəlib deyə bilərdi:

“Ayrı yolumuz yoxdur. Özümüzə ayrı bir küçük götürüb böyüdərik. Onu da bunun kimi sevərsiz”.

Bu yolla Qrinol-Bricdən neçə-neçə it getmişdi. Amma Lessidən başqa!

Bütün qəsəbə bilirdi ki, hətta buradan bir mil aralıda, özünün nəhəng malikanəsində yaşayan və çoxlu qəşəng iti olan hersoq Radlinqin özü belə Sem Kerraklafdan onun Lessisini ala bilməz.

Üç il ərzində hersoq Sem Kerraklafdan onun kollisini almağa cəhd göstərdi, ancaq Sem dediyindən dönmədi:

– Əlahəzrət, qiyməti artırmağa lüzum yoxdur, qiymət yaxşıdı, amma iş orasındadır ki, it satılmır. Heç bir pula.

Qəsəbədə bu hamıya məlum idi. Məhz buna görə Lessi buranın sakinləri üçün çox şey ifadə edirdi. Köpək pulun onların əlindən ala bilmədiyi xüsusi ləyaqətlərini təmsil edirdi.

Ancaq itlər insanlara məxsus olur, insanları isə tale qamçılayır. Hərdən insanın həyatında elə məqam gəlir ki, tale ona çox ağır zərbə vurur və o, ailəsini ac qoymamaq üçün boynunu bükməli, məğrurluğundan vaz keçməli olur.

II FƏSİL

“Mənə başqa it lazım deyil…”

İt yerində yoxdur! Co Kerraklafa məlum olan təkcə bu idi.

Həmin gün o, dərsdən sonra hamı ilə birlikdə qaça-qaça məktəbdən çıxmışdı. Vərdişi üzrə həmişə Lessinin onu gözlədiyi yerə gəlmişdi. Amma o, orada yox idi!

Möhkəm bədənli, xoşsifət oğlan olan Co Kerraklaf dayanıb baş verəni anlamağa çalışırdı. Əvvəlcə gözlərinə inanmaq istəmədi.

O, küçəni başdan-ayağa gözdən keçirdi. Bəlkə, Lessi gecikir? Ancaq o, işin bunda olmadığını bilirdi. Heyvanlar insanlara bənzəmir. İnsanların saatları olsa da, həmişə gecikirlər. Heyvanlara isə vaxtı bilmək üçün mexaniki cihaz lazım deyil, onların daxilində saatdan daha dürüst işləyən nəsə var.

Co Kerraklaf isti may günəşinin altında durub düşünürdü: “Bəlkə, it maşının altında qalıb?!”

Bu fikirdən diksindi və onu özündən uzaqlaşdırdı. Lessi küçə ilə necə getmək lazım olduğunu bilirdi, yaxşı təlim keçmişdi. Qəsəbədə maşın da elə çox deyildi. Şose yolu bir mil aralıdan, çayın sahili boyu, vadidən keçirdi. Qəsəbəyə isə kəndarası yol gəlirdi. O da bataqlığa çatanda piyada cığırına çevrilirdi.

Bəlkə, Lessini qaçırıblar!

Amma bu da ağlabatan deyildi. Əgər Lessinin yanında Kerraklaflardan kimsə olmasa və tabe olmağı əmr etməsəydi, kənar adam ona yaxınlaşa bilməzdi. Bir də ki Qrinol-Bric və onun ətrafında Lessini yaxşı tanıyırdılar, onu qaçırmağa heç kim cürət etməzdi.

Bəs o harda ola bilər?

Co Kerraklaf bu suala cavab tapmaq üçün dünyada yüz minlərlə oğlan uşağının edə biləcəyini etdi. O, evə qaçıb anasından soruşmaq qərarına gəldi.

Evə çatanda elə kandardaca ucadan qışqırdı:

– Ana! Ana!.. Lessinin başına nəsə iş gəlib! O məni qarşılamadı!

Bunu deyər-deməz nəsə bir pis iş baş verdiyini anladı. Nə anası, nə də atası yerlərindən sıçrayıb heç nə soruşmadılar. Onlar sanki gözəl itlərinin başına nəsə gəldiyindən qorxmadılar.

Co buna fikir verdi. O, qapıya söykənib gözləyirdi. Anası açdığı çay süfrəsindən gözünü çəkmirdi. Bir saniyə susduqdan sonra ərinə baxdı.

Co Kerraklafın atası ocağın qabağında, alçaq stulda oturmuşdu. O çöndü, sonra heç nə deməyib yenidən üzünü çevirib oda baxmağa davam etdi.

– Ana, nəsə bədbəxtlik baş verib? – Co hıçqırdı.

– Kimsə ona izah etməlidir axı, – əlindəki boşqabları stolun üstünə qoyan missis Kerraklaf dedi.

Əri tərpənmədi. Qadın üzünü oğluna tutdu:

– Co, onsuz da özün bunu öyrənəcəkdin. Lessi daha səni məktəbin qabağında gözləməyəcək. Bəsdir gözünün suyunu tökdün.

– Niyə gözləməyəcək? Ona nolub?

– Cünki o satılıb. Buna görə.

– Satılıb? – oğlan təkrar etdi. – Axı siz onu niyə satdınız… bizim Lessini… niyə satdınız?

– O satılıb, onu apardılar, vəssalam. Soruşmalı bir şey yoxdur. Daha heç nəyi dəyişmək olmaz. İt yoxdur, qurtardı. Bir daha bu barədə danışmayaq.

– Ana, axı necə…

Anası onun sözünü kəsdi:

– Bəsdir! Gəlin çay içək! Hə, oturun görüm!

Oğlan sakitcə stol arxasında öz yerinə əyləşdi.

– Sem, otur, nəsə ye. Hərçənd çayla verməyə elə də bir şeyim yoxdu…

Əri acıqla ayağa qalxanda arvad səsini kəsdi. Amma bir söz də demədən qapıya yaxınlaşdı, papağını götürüb evdən çıxdı. Arxasınca qapı çırpıldı. Bir müddət içəridə heç kim danışmadı. Sonra qadın deyinməyə başladı:

– Gördün, neylədin? Atanı lap hirsləndirdin. Razısan əməlindən?

Qadın kresloya əyləşib gözünü süfrəyə dikdi. Co bilirdi ki, anası onu günahlandırmaqda haqlı deyil. Amma onu da anlayırdı ki, anası bu yolla özünün ağrısını ört-basdır edir.

– Yaxşı, Co. Ye!

Oğlan boşqaba baxır, tərpənmirdi.

– Ye, Co. Özünə yaxma düzəlt. Bax, təzə çörəkdir, təzəcə bişirmişəm… Nədi, istəmirsən? – anası yumşaq tərzdə dedi.

Oğlan başını aşağı saldı:

– Heç nə istəmirəm.

– Of, itlər, itlər! – anası hirsləndi. – Bir itə görə hay-küyə bax! Bilmək istəyirsənsə, Lessinin olmamağına sevinirəm. Uşağa baxmaq kimi bir şey idi. İndi o yoxdur, mənim də işim azalıb, buna sevinirəm, düz sözümdür!

Missis Kerraklaf burnunu çəkdi, sonra önlüyünün cibindən dəsmalını çıxarıb burnunu sildi. Başını qaldırıb hərəkətsiz oturan oğluna baxdı, qəmli halda başını buladı:

– Co, bura gəl görüm.

Oğlan yerindən qalxıb anasının qabağında dayandı. Qadın oğlunu qucaqladı:

– Co, artıq böyük oğlansan, başa düşməlisən. Özün görürsən… çətin vaxtlardır… Bilirsən işlər nə yerdədi. Yemək almaq lazımdı, evin yiyəsinə pul ödəməliyik. Lessiyə görə yaxşı pul verirdilər və… Bir sözlə, biz… onu özümüzdə saxlaya bilməzdik, vəssalam. Çətin zəmanədir, sən atanın əhvalını pozmamalısan. Onsuz da sakitləşə bilmir… və… vəssalam! İt yoxdur!

Kiçik Kerraklaf ocağın böyründə, anasının yanında dayanmışdı. Qrinol-Bricdə hətta on iki yaşlı oğlanlar da “çətin zəmanə”nin nə olduğunu anlayırdılar.

Lap uşaqlıqdan bilirdilər ki, ataları qəsəbədən bir az kənarda yerləşən Vellinqton mədənlərində işləyirdilər. Sonra “çətin zəmanə” gəldi. Şaxtada iş saatı azaldı. Atalarının qazancları da. Bir neçə ay əvvəl isə şaxtanı tamam bağladılar. Qəsəbədə ayrı iş yox idi. Çörəkpulu qazanmaq mümkün deyildi. Hökumət insanlar acından ölməsin deyə həftəlik maddi yardım verirdi.

Co bütün bunları bilirdi. Bilirdi ki, atası daha işə getmir. Ata və anasının onun yanında bu barədə danışmaq istəmədiklərini də bilirdi. Ağlı bunu dərk etsə də, ürəyi “Lessi” deyə hayqırırdı. O yerindən tərpənmədən dayanmışdı. Sonra anasına bircə sual verdi:

– Ana, biz onu necəsə geri ala bilərik?

– Bilirsənmi, Co, o çox qiymətli itə çevrilmişdi, bizim isə onu saxlamağa daha imkanımız çatmırdı. Amma biz necəsə özümüzə başqa bir it taparıq. Bir az döz. Vəziyyət düzələr və biz evə bir küçük götürərik. İstəyərdin?

Co Kerraklaf başını buladı:

– Mənə başqa it lazım deyil. Heç vaxt! Mənə yalnız… yalnız Lessi lazımdır!

III FƏSİL

Qəzəbli qoca

Hersoq Radlinq çəpərin yanında dayanıb ətrafa boylanırdı. Yenidən səsini ucaltdı.

– Haynz! – bağırdı. – Haynz! Bu hara yoxa çıxıb!

Hersoqu Yorkşir qraflığının ən qəzəbli qocası hesab edirdilər. Bu dəqiqə pörtmüş, ağ saçları dağınıq şəkildə dayanan hersoq eynilə belə görünürdü.

O, davranışı və danışıq tərzi ilə bu adı özü qazanmışdı.

Buna hersoqun ağır eşitməsi və hamı ilə sanki qoşun hissəsinə əmr verirmiş kimi danışması da səbəb ola bilərdi. Nə vaxtsa o, həqiqətən də, hərbçi olmuşdu. Bir də onun əlində çəliklə yox, düyünlü taxta ilə gəzmək və danışanda onu yelləmək vərdişi var idi. Bundan başqa, o hər şeyə dözümsüzlük göstərirdi. Hersoq qəti əmin idi ki, “dünya batır”, heç nə onun gəncliyindəki kimi deyil: cavanlar o vaxtlar olduğu kimi cəsur, qadınlar isə qəşəng deyil. Heç güllər də o cür ətir saçmır. İtlər isə… əgər bir-iki babat it qalıbsa, buna səbəb də bu itlərin məhz ona məxsus olmasıdır.

Hersoq tam əmin idi ki, indiki adamlar ingilis dilində də düz-əməlli danışa bilmirlər. Onun pis eşitməsinə də səbəb qulağının tutulması deyil, adamların sözləri tələffüz edə bilməməsi, pəltək danışmasıdır.

Gənc nəslə gəldikdə isə hersoq saatlarla iyirminci əsrdə doğulmuş adamların yararsız olduqları barədə danışa bilərdi.

Hersoq qohumlarından yalnız bircə nəfərə qarşı dözümlü idi. Nə qədər qəribə olsa da, bu onun ailəsinin ən kiçik üzvü, on iki yaşlı nəvəsi Pristsilla idi.

Hersoq çəpərin yanında dayanıb hirsli-hirsli əlindəki ağacı yelləyən zaman onun köməyinə gələn də məhz nəvəsi oldu.

O, babasının yanına gəlib əynindəki gödəkçənin cibini dartdı. Hersoq pırtlaşıq bığlarını qıza tərəf çevirdi.

– Hə, bu sənsən! Nəhayət, kimsə gəldi. Bu dünyanın axırı hara gedir? Qulluqçular yarıtmazdılar! Heç kim eşitmir, kar olublar! İngiltərə batır!

– Boş sözdür, – Pristsilla dedi.

Bu, özünəinamlı, fikirlərində kifayət qədər müstəqil gənc ledi idi. Daim babasının yanında olduğundan özünü onunla bərabərhüquqlu hesab edirdi.

– Nə dedin? – hersoq qıza yuxarıdan aşağı baxıb bağırdı. – Düz-əməlli danış görüm, nə fısıldayırsan?

– Dedim ki, boş sözdür.

– Boş söz?

Hersoq nəvəsinə baxıb bərkdən güldü. O əmin idi ki, əgər Pristsillanın onunla höcətləşməyə hünəri çatırsa, bu hünər ona məhz babasından keçib. Onun kefi açıldı:

– Yaxşı ki, sən gəldin! Yeni itimizi sənə göstərmək istəyirəm. Gözəl itdir! Aləmdir! Həyatımda ondan yaxşı kolli görməmişəm.

– Amma keçmiş zamanlarda olanlardan yaxşı ki deyil?

– Yenə nə fısıldayırsan? Heç nə eşitmədim.

Əslində hər şeyi eşitmişdi, amma özünü o yerə qoymadı:

– Bilirdim ki, əvvəl-axır o mənim olacaq. Üç il idi düşmüşdüm dalınca.

– Üç il?

– Hə, üç il. Elə fikirləşirdi ki, onu inadından döndərə bilməyəcəm. Amma mən deyən oldu. Üç il əvvəl mən ona itə görə on funt təklif etmişdim. Satmamışdı. Növbəti il qiyməti on ikiyə qaldırdım. Satmadı. Keçən il on beş təklif etdim və dedim ki, bundan çox verən deyiləm. İnanmadı, yarım il gözlədi. Keçən həftə xəbər göndərdi ki, razıdır.

– İti “dəyişmədiyini” hardan bilirsən?