banner banner banner
Şirvan şəhidləri
Şirvan şəhidləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Şirvan şəhidləri

скачать книгу бесплатно

Şirvan şəhidləri
Nazim Nəsirli

Kitabda Şirvan şəhərinin şəhidləri haqqında məlumat toplanmışdır.

Nazim Nəsirli

Şirvan şəhidləri

“Şəhidlər”

Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.

Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa, borana, qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.

Arzusu göylərə, yerə sığmayan
Araza sığmayan, Kürə sığmayan
Nağıla, dastana, şerə sığmayan
ən ali, müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı, qardaş.

Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.

Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.

Bəlkə ana,bacı kitiyə, dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki, geriyə dönə
Vətən çətin dönüb usanır, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.

    Bəxtiyar Vahabzadə

QƏHRƏMANLAR ÖLMÜR

NOFƏL ZAHİD oğlu QULİYEV

(1963-1991)

1963-cü il oktyabr ayının 4-də Şirvan şəhərində anadan olub. O, indiki 9 nömrəli şəhər orta məktəbini bitirib. 1982-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq, 1984-cü ildə əsgəri xidmətini başa vurub. Ordu sıralarından tərxis olduqdan sonra bir müddət Bakı Məişət Kondisionerləri zavodunda işləyib.

Nofəl 1984-cü ilin axırına yaxın ailəsi ilə birlikdə Tümen şəhərinə gedib. Gənc ailə burada işləyib, yaşayıb. Tümendə olduqları illərdə Nofəl və həyat yoldaşı Firavan xanım özlərinin ən gözəl, yaddaqalan günlərini yaşayıblar. Tale onlara bir övlad qismət edib, adını İlkin qoyublar.

Nofəl Tümendə yaşaya-yaşaya Tikinti Texnikumuna qəbul olur. Moskvanın televiziya kanallarıyla yayılan “Qondarma Qarabağ problemi” Nofəli rahat buraxmır. Soydaşlarımızın doğma ata-baba ocaqlarından didərgin düşməsi, yurd-yuvalarının talan edilib yandırılması gənc həmyerlimizin heysiyyətini silkələyir. Belə bir vaxtda Nofəl Vətəndən uzaqda qalmağı özünə sığışdırmır.

1990-cı ildə o, ailəsi ilə Bakıya gəlir. Bu zaman artıq torpaqlarımızın müəyyən hissəsi erməni işğalçıları tərəfindən qarət edilmiş, soydaşlarımız ağır işgəncələrə məruz qalmışdı.

Düşmənlə döyüşməkdən ötrü hansısa bir dəstəyə yazılmaq lazım gəlirdi. Buna görə Nofəl Respublika Daxili İşlər Nazirliyinə müraciət etməli olur. Cavabında “Bakıda daimi pasport qeydiyyatın olmadığı üçün səni işə götürə bilmərik”, – deyirlər. Belə cavablardan təngə gəlmiş Nofəl Quliyev Bakıda tikinti təşkilatlarının birində işə düzəlir.

Ailəlilər yataqxanasında pasport qeydiyyatına düşür. Yenidən respublika DİN-nə müraciət etməli olur, bu dəfə də “Ailəlisiniz, sizi işə götürə bilmərik” cavabıyla geri qaytarılır. Ruhdan düşməyən Nofəl:

– Məni başa düşün, Tümendən məni bura Vətən həsrəti gətirib, mən ermənilərlə döyüşmək üçün gəlmişəm, kömək edin işə düzəlim, – deyə israr edir.

Nəhayət, sıravi polis nəfəri kimi işə düzəlir. Həmin gün sevinci yerə-göyə sığmırdı Nofəlin. O günü Nofəl elə bil böyük bir qələbə qazanmışdı. Evə gələrək:

– İşim düzəldi, Firavan, görəcəksən ermənilərin dərsini necə verəcəyəm, görəcəksən, – deyir.

İşə girdiyi vaxtlarda Nofəl də tez-tez Qarabağa ezamiyyətlərə gedirdi.

XTPD-nin üzvü kimi Nofəl Quliyev bütün silahların dilini öyrənir və döyüş bölgələrində özünün döyüşçü məharətini göstərir. Goranboyun Todan kəndi ətrafında qanlı döyüşlər gedəndə Nofəl də ölüm-dirim savaşına atılır.

1990-cı il dekabr ayının 10-da erməni-rus hərbi qüvvələri səhər saat altı radələrində qəflətən Todana hücuma keçirlər. Qüvvələr nisbəti bərabər deyildi.

Düşmən tərəfi ağır texnika ilə sürətlə irəliləyirdi. Qəhrəman döyüşçülər kəndi mərdliklə qoruyacaqlarına and içirlər. Nofəl Quliyev iriçaplı pulemyotu ilə düşmənin xeyli canlı qüvvəsini məhv edir. Döyüş səngimək bilmirdi. Nofəlgilin dəstəsi atışa-atışa qərargaha yaxınlaşır. Elə güman edirlər ki, buradakı döyüşçülər bizimkilərdir. Lakin məlum olur ki, kənd və qərargah artıq düşmən tərəfin əlinə keçmişdir. Qəfləti verilən əmrə görə Nofəl qulaqlarına inanmır:

– Əllər yuxarı, silahı at, təslim ol!

Cəsur döyüşçü təslim olmur, döyüşə-döyüşə özünü yaxınlıqdakı binanın zirzəmisinə salır. Sol cibinə qoyduğu sonuncu gülləsini də binanın zirzəmisində atır…

Milli ordumuzun döyüşçüləri əks-hücuma keçərək Todan kəndini düşmənlərdən azad edirlər. İgid Nofəlin yüz cürə vəhşilik edilmiş meyidi binanın zirzəmisində tapılır. Burada 27 erməni və rus əsgərinin də meyidi var idi. Bunlar Nofəlin qətlə yetirdiyi yağıların meyidləri idi.

Nofəl son nəfəsinədək canından çox sevdiyi Vətəni uğrunda qəhrəmancasına vuruşdu, şəhid oldu.

Nofəl Quliyev Şirvanın Şəhidlər Xiyabanında dəfn edilib, adını əbədiləşdirmək məqsədi ilə oxuduğu 9 saylı orta məktəbə onun adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

TAHİR ƏMİNAĞA oğlu BAĞIROV

(1957-1992)

1957-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1972-ci ildə Bağırovlar ailəsi Şirvan şəhərinə köçüb. Tahir 8-ci sinfə qədər Krasnovodskda oxuyub.

1977-79-cu illərdə Tahir Bağırov SSRİ Silahlı Qüvvələrində snayper-sürücü, daha sonra atıcı taqımının komandiri kimi xidmət edib.

Ordudan tərxis olunduqdan sonra Tahir Bakı İstilik Stansiyasının nəqliyyat sexində çalışıb, kollektivin dərin rəğbətini qazanıb.

1992-ci ilin fevral ayında Tahir könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Əvvəlcə taqım komandirinin müavini, sonra isə Mİ-2 vertolyotunda atıcı-nişançı kimi döyüş tapşırıqlarını yerinə yetirir. Qarabağın bir çox bölgələrinin erməni quldurlarından təmizlənməsində yaxından iştirak edir.

Tahir sərrast atıcı idi. Nişana aldığı heç bir obyekt onun nişanından yayına bilməzdi. Ona görə də bütün mühüm yerlərə məhz Tahir göndərilirdi. Və rəhbərlik onun tapşırığı mütləq yerinə yetirəcəyinə inanırdı. İnanılması mümkün olmayan bir həqiqət vardı, o da Tahirin yoxluğu idi.

Tahir Bağırov 1992-ci il oktyabrın 11-də növbəti döyüş tapşırığından geri qayıtmadı…

Tahir Əminağa oğlu Bağırov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, bir qızı, iki oğlu var.

Tahir Bağırovun adını əbədiləşdirmək məqsədilə yaşadığı küçəyə və 11 saylı orta məktəbə onun adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

RƏFAEL ŞƏRAFƏT oğlu HƏBİBOV

(1964-1992)

1964-cü il aprelin 20-də Şirvan şəhərində dünyaya göz açıb. Onun uşaqlıq illəri də burada keçib.

Rəfael 14 saylı orta məktəbi bitirdikdən sonra 1982-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Sovet Silahlı Qüvvələri sırasında Baltik qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra Kaunas şəhərində gizirlər məktəbinə daxil olur və oranı bitirir.

1985-ci ildə hərbi xidmətini davam etdirmək üçün Kutaisi ətrafındakı hərbi hissəyə göndərilir. Burada bir müddət xidmət etdikdən sonra xidmətini 1986-cı ildə Əfqanıstanda davam etdirir. O, burada gedən döyüşlərdə yaralanır. Böyük təcrübə toplayan gizir Rəfael Həbibov, göstərdiyi cəsarətə görə bir sıra döyüş medalları ilə təltif edilir. 1988-ci ildə o, Əfqanıstandan Bakıya gəlir. O vaxt Qarabağ hadisələri təzə-təzə cərəyan edirdi. Respublikamızda Milli Ordu quruculuğuna təzə başlanılmışdı. 1992-ci il may ayının 23-də Rəfael Şərafət oğlu Həbibov leytenant rütbəsi ilə Qarabağa göndərilir. O, Təzəkənd, Narıştar, Zod, Çiril, Mədəni, Ala Qaya, Çərəktar, Ağdaban, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə yaxından iştirak edir. Bu kəndlərin erməni quldurlarından azad olunmasında xüsusi xidmətləri olan Rəfael Kəlbəcər döyüşlərində qəhrəmanlıqlar göstərir. Düşmənin PDM-24 tipli zirehli maşınını heyəti qarışıq partladır. İgid qəhrəmanımız özü də yaralanmağına baxmayaraq yenidən döyüş meydanına atılaraq neçə-neçə soydaşımızı ölümün pəncəsindən xilas edir.

Rəfael Şərafət oğlu Həbibov 1992-ci il iyulun 7-də qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il avqust fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi qəhrəmanın adını daşıyır.

SAHİB ƏLİHEYDƏR oğlu ZEYNALOV

(1966-1992)

1966-cı il iyulun 12-də Şirvan şəhərində anadan olub. 10 saylı orta məktəbi bitirib.

1984-86-cı illərdə Sovet Silahlı Qüvvələrinin tərkibində Əfqanıstanda xidmət edib.

Sahib Zeynalov Şirvan şəhər Avtomatika və Telemexanika zavodunda əmək fəaliyyətinə başlayır. Həmin vaxtlar ermənilər özlərinin təcavüzkarlığını artırırdı. Sahib könüllülər dəstəsinə yazılaraq döyüşə yollanır. Onun ilk döyüş yolu 1992-ci ilin fevralında “Daşaltı əməliyyatı”ndan başlayır.

Ehtimala görə, Sahib Əliheydər oğlu Zeynalovu ermənilər tərəfdən bizə qarşı döyüşməyə gəlmiş iki nəfər livanlı, dörd yerli erməni və bir zənci ağaca sarıyaraq diri-diri soyurlar.

Sahib onların üzünə tüpürüb deyir:

– Mən Vətənim Azərbaycan uğrunda ölən milyonlardan biriyəm, siz məni diri-diri soymaqla çoxmilyonlu türkün iradəsini qıra bilməyəcəksiniz!

Döyüşçünün bacısı baş leytenant Şəhla Dadaşovanın dediklərindən:

– Onun yeganə məqsədi erməni işğalçılarını torpaqlarımız-dan rədd etmək idi. Onun üçün Sahibin sorağı irimiqyaslı əməliyyatlardan, hücumlardan gəlirdi. Əfqanıstanda aldığı güllə yaraları hələ Sahibin bədənindən getməmişdi. Onu torpaq qeyrəti cəbhəyə aparmışdı. Biz onunla təsəlli tapırıq ki, Sahib Vətən torpaqlarının müqəddəsliyindən ötrü canını qurban verdi…

1992-ci il fevralın 10-da Sahib Zeynalov qəddarcasına qətlə yetirilir. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Sahib Əliheydər oğlu Zeynalovun adını əbədiləşdirmək məqsədi ilə Bakı şəhər Sovetinin qərarına əsasən Nəsimi və Nərimanov rayonları ərazisində yerləşən küçələrdən birinə onun adı verilib. Şirvan şəhərindəki “Sülh” küçəsi də indi “Sahib Zeynalov” küçəsi adlanır.

Sahib Əliheydər oğlu Zeynalovun ailəsinin 4 üzvü – bacıları Xuraman Məmmədova baş leytenant, Şəhla Dadaşova baş leytenant, Flora Dadaşova leytenant və qardaşı Fərhad Zeynalov gizir rütbəsi ilə hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində Sahibin yolunu davam etdirir.

Döyüşçünün anası Səfurə Həsən qızının dediklərindən:

– Ermənilər torpaqlarımıza təcavüz edən gündən Sahib evdə otura bilmirdi. Şirvana gələn meyidlər və yaralılar onu bərk sarsıtmışdı. Sahib Əfqanıstanda olmasına, çox sayda yara almasına baxmayaraq Qarabağ savaşına getdi…

Ayağım yalın idi,
Tikanım qalın idi,
Ölən oğul deyildim,
Cəlladım zalım idi.

TEYMUR ƏBÜLFƏZ oğlu BAĞIROV

(1975-1993)

1975-ci il yanvar ayının 12-də Şirvan şəhərində neftçi ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 152 saylı texniki-peşə məktəbini bitirib.

1992-ci ildə Şirvan şəhər hərbi komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətə yollanıb.

Sıravi Teymur Bağırovun döyüş yolu Zəngilandan başlayıb. Düşmənin quduzlaşan vaxtı o, bu bölgədə bir neçə döyüşdə qəhrəmanlıq göstərib. Xeyli müddət burada döyüşdükdən sonra Teymuru Goranboy cəbhəsinə göndəriblər. Bu ərazilərdə neçə-neçə döyüşlərdə iştirak edib.

1992-cü ildə komandanlığın əmri ilə Teymur Tərtər bölgəsinə göndərilir. Tərtərlilərin taleyi burada gedən ölüm-dirim savaşından asılı idi. Döyüş bir qədər səngimişdi. Kənd camaatı təsərrüfat işləri ilə məşğul idi. Avqustun 28-i xəbər yayılır ki, ermənilər təsərrüfat işlərində işləyən on səkkiz nəfər qız və gəlini girov aparıb. Bu haray yaxınlıqdakı hərbi hissəyə də yayılır.

Sıravi Teymur və onun döyüşçü dostları əks istiqamətdən hücuma keçirlər. Bölüyün komandiri yaralanır. Teymur komandirlərini təhlükəsiz yerə aparır. Özü yenidən döyüşə başlayır. Gərgin döyüş gedirmiş. Teymurun və onun döyüşçü dostlaının səyi nəticəsində ermənilər xeyli itki verərək qaçırlar. Teymur Bağırov bu döyüşdə başından ağır yaralanır. Onu Bakıya xəstəxanaya gətirirlər. Həkimlər çox çalışsalar da Teymuru yenidən həyata qaytara bilmirlər…

Şəhid Bağırov Teymur Əbülfəz oğlunun adını əbədiləşdirmək məqsədilə Şirvandakı 15 saylı körpələr evinə onun adı verilib.

SƏS VERDİN…

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Teymur Bağırova.

İyirminci baharı nə tez yaşadın,
Tələsdin Vətənin üsyan yelinə.
Savaşdan qalmadın, qabaqda getdin,
Səs verdin xalqının sən haqq səsinə.

Zəngilan, Goranboy – burda düşməni,
Ey Mehti hünərlim, sən məhv eylədin.
Dedin “düşmən bu gün diz çökməlidi,
Hücuma, hücuma keçək!” – söylədin.

1 sentyabr 1993-cü il,
O qanlı döyüşdən dönmədin geri.
Düşmən gülləsinə verdin sinəni,
Unutmaq olarmı bu həqiqəti.

Nişan üzüyünə anan baxanda,