banner banner banner
Azadlıq Haqqında
Azadlıq Haqqında
Оценить:
Рейтинг: 0

Полная версия:

Azadlıq Haqqında

скачать книгу бесплатно

Azadlıq Haqqında
John Stuart Mill

Düşüncə, vicdan və ifadə azadlığının mənşəyini faydaçı baxış bucağı ilə ələ alan və bu azadlığın dairəsini müəyyən edən 19-cu əsrin başlıca filosoflarından, fikir tarixinin ən önəmli simalarından olan Con Stüart Millin "Azadlıq haqqında" kitabıdır.

Con Stüart Mill

Azadlıq Haqqında

Con Stüart Mill və yaradıcılığı haqqında

Təhsil, din, cəmiyyət, siyasət fəlsəfəsi, siyasi iqtisad, etika, epistomotologiya, metafizika və digər mövzularda yazdığı əsərləri ilə filosof, iqtisadçı, siyasi nəzəriyyəçi, siyasətçi, sosial liberal, romantik və bunun kimi bir çox statusları özündə daşıyan Con Stüart Mill 19-cu əsr İngiltərəsində yetişmiş ən böyük ziyalılardan biri hesab olunur. Başda ailəsi olmaqla, yaşadığı cəmiyyət və dövrün təsiri altında yaratdığı bir çox əsərlər, siyasi elmlər, siyasi iqtisadiyyat, sosiologiya və fəlsəfə sahələrində ən çox oxunan və dünya fikir tarixində xüsusi yer tutan əsərlər sırasındadır.

Kitabla keçən bir həyat

Con Stüart Mill 18-ci əsrin ikinci yarısında Böyük Britiyaniyada iqtisadi ekollardan biri olan “fəlsəfi radikallar” (əsas üzvləri: Ceyms Mill, Ceremi Bentham, Devid Rikardo) adı ilə məşhur qrupun üzvlərindən biri Ceyms Millin övladı olaraq 1806-cı ildə dünyaya gəldi. O, uşaqlıq və yeniyetməlik dövrünü atasının verdiyi kitab siyahısını oxumaqla keçirdi. Belə ki, üç yaşında yunan dili öyrənməyə başlayan Mill artıq yeddi yaşında Platonu orijinal dilindən oxumağa və səkkiz yaşında latın dilini öyrənməyə başladı. Artıq 15-16 yaşlarında Adam Smith, Devid Rikardo və atasının əsərlərini bitirmiş, o cümlədən Con Lok, Berkley, Helvetius, Kondillak, Virgil, Sisero, Aristotel, Şekspir, Milton, Spenser və digər düşüncə adamlarının əsərləri ilə tanış olmuşdu. Maraqlısı bu idi ki, atasının hazırladığı bu kitab siyahısında din və əxlaqa aid heç bir əsər yox idi.

Atasının Millin təhsili üzərindəki təsiri sadəcə bununla bitmirdi. Belə ki, bütün gənclik illərini kitab arxasında keçirən Mill kilisənin təhsil üzərindəki təsirlərinə görə universitetə buraxılmır və ev şəraitində özəl təhsil alır. Bununla da yeni bir dövr – kitab arxasında keçəcək gənclik illəri başlayır. Daha sonralar buna görə atasını tənqid etsə də, bir çox əsərləri ilə əlaqədar eşitdiyi tərifləri və bu kitabların ərsəyə gəlməsində əsl səbəbkarın atasını olduğunu deyir. Əgər onun yerində hər hansı bir adam olsaydı, o da eyni təlim və təhsildən keçməklə eyni uğurları, bəlkə də daha çoxunu əldə edərdi deyə Mill qeyd edir.

Bununla yanaşı, Mill üzərində ən böyük təsirlərdən biri də atasının yaxın dostu Ceremi Bentham ilə tanışlığı oldu. Belə ki, Bentham dövlət tərəfindən öz işlərinə görə aldığı böyük məbləğdə pulu içində meşə, göllər, heyvanlar və bağların olduğu saraya bənzəyən Ford Monastrını kirayə götürməyə xərcləyir və orada öz ailəsi və Ceyms Millin ailəsi ilə birlikdə yaşayırlar. Bu periodda Con Stüart atası tərəfindən “assosianizm” adlanan psixoloji testlərdən və təlimlərdən keçir. Bu təlimin məqsədi Millin zehnini insanların xoşbəxtliyinin səbəbi olacaq ən yüksək səviyyəyə gətirmək idi. Bunun nəticəsi olaraq Millə ailədən kənar digər uşaqlarla oynamağa qəti qadağa qoyulmuşdu və bu onun sosial həyatının çox dar olmasına səbəb oldu.

Həyatının sonrakı illərində “Faydaçılıq Cəmiyyəti” və daha sonra isə “London Debat Cəmiyyəti” quraraq vətəndaş cəmiyyətində aktiv iştirak edən Mill İngiltərə siyasi həyatında liberal düşüncələrin daha da güclənməsinə təkan vermiş, müxtəlif partiya və bir başa parlamentə öz təsirlərini etmişdi. O, qanunların yaradılması prosesində bir başa təsirli olan liberal ictimai fikir formalaşdırmaq istəyində idi.

Daha sonralar atasının təsirindən çıxmağa çalışan ama bunu bacarmayan Mill ağır psixoloji depressiyaya girir. Amma fransız sosioloqları Henri Sen-Simon və Oqüst Kontun əsərlərini oxumaqla, o cümlədən şeir və sənətlə daha yaxından tanış olması ilə bu depressiyadan çıxır. Bu, həm də atasının təmsil etdiyi fəlsəfi radikalizm cərəyanından uzaqlaşması ilə nəticələnir. Belə ki, Millin həyatının 1830-40-cı illəri romantizm və konservativ ideyalardan təsirləndiyi dövrü kimi dəyərləndirilir. 1832-ci il Bentham və 1836-cı ildə atasının ölümü isə onu yenidən depresiyaya salır. Mill bu dövrdə elmlə şeiri və sənəti, ağılla hissləri, cəmiyyətin faydası ilə fərdin xoşbəxtliyi arasında orta yol tapmağa, fəlsəfi mənada maarifçilik hərəkatı ilə romantizm hərəkatının ortaya atdığı fərqli azadlıq konsepsiyalarının sintezini yaratmağa cəhd edir. Və bu dövr Millin liberalizm, romantizm və mühafizəkarlıq ideologiyaları arasında “orta yol” axtarışı dövrü kimi qiymətləndirilir.

1840-cı illərdən sonrakı period Millin öz fəlsəfi yetişkinliyinə çatdığı dövr hesab olunur. Belə ki, bu dövrdə onu bütün dünyada məşhur edəcək, “Məntiq Sistemi” və “Siyasi İqtisadın Prinsipləri” kitablarını yazır. Daha sonrakı illərdə isə kitablarda müdafiə etdiyi tezislərlə birlikdə müstəqil şəkildə parlamentə seçilməsi onun cəmiyyətdə nüfuzunu daha da artırır. Öz dövrü üçün bir mənalı qəbul edilməyəcək “qadın hüquqları” və bunun kimi bir çox hüquqları müdafiə edir. Növbəti seçkilərdə məğlubiyyətdən sonra isə bütün həyatını yenidən kitablara və məqalələrə həsr edir və 1873-cü il vəfatına kimi elmi işlə məşğul olur.

Yazarın kitabları haqqında

C.S.Millin kitabları sadəcə onun yaşadığı dövrdə çap edilmiş əsərlərlə məhdudlaşmır, belə ki, Mill külliyatına yazarın yaşadığı dövrdəki kitab və müxtəlif jurnal-qəzetlərdə dərc etdirdiyi məqalələrlə yanaşı, ölümündən sonra toplanan və kitab halına salınan bir çox əsəsrləri də daxildir. Bütün bu əsərlər Con M. Robsonun başçılığı ilə Toronto Universiteti daxilində həyata keçirilən layihə çərçivəsində toplanmış və Toronto Nəşriyyatı tərəfindən 33 cilddən ibarət “Con Stüart Millin Seçilmiş Əsərləri” (“The Collected Works of John Stuart Mill”) şəklində çap edilmişdir. Mill külliyatından azərbaycanlı oxucular üçün maraqlı ola biləcək bir neçə vacib kitabın adını qeyd edək:

“İqtisadi Siyasətin Prinsipləri”, “İqtisadiyyat və Cəmiyyət haqqında Esselər”, “İngiltərə, İralandiya və İmperiya haqqında Esselər”, “Məntiq Sistemi I və II”, “Əxlaq, Din və Cəmiyyət haqqında Esselər”, “Fəlsəfə və Klassiklər haqqında Esselər”, “Siyasət və Cəmiyyət haqqında Esselər”, “Fransız Tarixi və Tarixçilər haqqında Esselər”, “Bərabərlik, Hüquq və Təhsil haqqında Esselər”, “Azadlıq haqqında”, “Nümayəndəli Hökumət haqqında Düşüncələr”, “Faydaçılıq”, “Qadınların Kölələşdirilməsi” və s.

“Azadlıq Haqqında” (On Liberty)

Sosial liberal olaraq tanınsa da, bir çox ideologiyalardan təsirlənən Mill siyasət fəlsəfəsi tarixində azadlıq anlayışının ən ehtirası dəstəkçilərindən biri olaraq tarixə düşüb. Bu mənada, “Azadlıq Haqqında” əsəri bir çoxları üçün fərdi azadlıqlar manifesti kimi dəyərləndirilir.

Giriş və dörd hissədən ibarət olan əsər azadlıq, müzakirə və fikir sərbəstliyi, fərdiyyətçilik kimi əsas dəyərləri faydaçılıq baxışı çərçivəsində izah edir və bu anlayışların insan və cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu müxtəlif arqumentlərlə izah etməyə çalışır. Belə ki, kitabın “Düşüncə və Müzakirə Azadlığına Dair” adlandırılan birinci hissəsi bütün ideya və fikirlərin cəmiyyətdə azad şəkildə ifadəsinin nə qədər vacib olduğunu vurğulayır. Bir fikrin ifadəsi o fikrin səhv və ya düz olmasından asılı olmayaraq, cəmiyyətə fayda gətirir və əksinə fikrin ifadəsinə icazə verməmək həmin şəxsə olduğu qədər həmin cəmiyyətə qarşı da, edilən böyük bir mənfilik kimi dəyərləndirilir.

Mill əsərin növbəti hissəsi olan və “Xoşbəxtliyin Ünsürlərindən Biri Olaraq Fərdiyyətçilik” kimi adlandırdığı essedə siyasətin ən əsas vəzifələrindən biri cəmiyyətləri öz xoşbəxtliklərinə və rifahına çatdırmaq olduğunu bildirir. Liberal ənənəyə sadiq qalaraq, cəmiyyətlərin xoşbəxtliyini fərdiyyətçilikdə görür və bu anlayışı xoşbəxtliyin açarı olaraq təqdim edir. Belə ki, fikir azadlığı qədər vacib olan öz həyat tərzini seçmə azadlığı, fərd ola bilmə, ətrafındakı sərhədlərdən qopa bilmə azadlığı ilk öncə fərdlərin, bunun məntiqi ardıcıllığı olaraq da cəmiyyətlərin xoşbəxtliyinə aparır.

Liberal ədəbiyyatın ən çox üzərində müzakirə apardığı mövzulardan biri olan və demək olar ki, liberalizmin klassik məsələsi kimi tanınan “dövlət-fərd” münasibətləri Mill əsərində yeni bir mərhələyə keçir və Mill “Cəmiyyətin Fərd Üzərindəki Hakimiyyətinin Sərhədləri” essesində liberal ideologiyanın qarşısına yeni bir problem (konspesiya halında yeni bir problem) qoyur. Fərdlər sadəcə dövlət və onun qanunları tərəfindən deyil, həm də bir başa cəmiyyət və onun yazılmamış qanunları tərəfindən məhdudlaşdırıla bilər. Bəs fərdin azadlığının cəmiyyət içərisindəki sərhədləri hansılardır? Və yaxud cəmiyyət hüququn xaricində – əxlaq, qaydalar, mədəniyyət və başqa adlarla fərdin azadlıqlarını məhdudlaşdıra bilərmi və ya haraya qədər məhdudlaşdıra bilər? Ortaya atdığı bütün bu suallara Mill kitabın son hissəsi olan “Tətbiqetmələr” essesində hüquq, təhsil, iqtisadi münasibətlər, ticarət, ailə münasibətləri və s. misal çəkərək cavab verməyə çalışır və fərdi azadlıqların bir cəmiyyət üçün nə qədər vacib və toxunulmaz olduğunu və bunun cəmiyyət üçün faydalarını vurğulayır. Bu mənada “Azadlıq Haqqında” əsəri hürriyyət haqda yazılmış və iki əsrə yaxındır ki köhnəlməyən ideyalar olaraq fikir tarixində öz xüsusi yerini saxlayır.

    Xəyyam Namazov
    Bakı, 2014

Bu kitabı yazılarımdakı bütün yaxşı şeylərin ilham mənbəyi və qismən də müəllifi olmuş qadının, yüksək haqq və həqiqət duyğusu mənim üçün ən güclü təşviq ünsürü, təqdiri də ən böyük mükafat olan dostumun, həyat yoldaşımın ürəyimi yaxıb-yandıran əziz xatirəsinə ithaf edirəm. Bu illər ərzində yazmış olduğum hər şey kimi bu əsər də mənim olduğu qədər həm də onundur. Lakin hazırkı halı ilə bu kitabım onun baxışlarından keçmək kimi yüksək bir dəyərə təəssüf ki, çata bilməmişdir. Çünki o, əsərin ən əhəmiyyətli hissələrindən bəzilərini daha diqqətli bir şəkildə yenidən araşdırmaq işini gələcəyə saxlamışdı; ancaq ömrü vəfa etmədiyi üçün buna imkan olmadı. Onun özüylə birlikdə məzara apardığı böyük düşüncələrinin və nəcib hisslərinin yarısını dünyaya çatdıra bilsəm, sevimli həyat yoldaşımın bənzərsiz müdrikliyinin təşviq və köməyindən məhrum şəkildə yaza biləcəyim hər hansı bir şeyin təmin edəcəyi faydadan daha böyük bir şeyə imza atmış olacağam.

    Con Stüart Mill

Giriş

Bu essenin mövzusu «iradə azadlığı» deyil, mülki və ya ictimai azadlıqdır. Başqa cür desək, bu tədqiqat cəmiyyət tərəfindən fərd üzərində qanuni bir şəkildə istifadə edilə bilən hakimiyyətin «təbiəti və sərhədləri»ndən bəhs edir. Bu, haqqında az danışılan, hətta az qala heç müzakirə edilməyən bir mövzudur. Ancaq unudulmamalıdır ki, bu mövzu potensial varlığıyla dövrün əməli çəkişmələrinə dərindən təsir edən və çox keçmədən də özünü gələcəyin həyati problemi olaraq qəbul etdirməsi gözlənilən bir məsələdir. Əslində bu mövzu insanları ən qədim dövrlərdən bəri ixtilafa salacaq qədər köhnə və dərindir. Ancaq bəşəriyyətin yaşadığı mədəni mərhələnin inkişafına paralel olaraq özünü yeni şəraitlərdə göstərir; buna görə də daha fərqli və daha köklü bir araşdırma tələb edir.

Azadlıq ilə hakimiyyət arasındakı mübarizə başda Qədim Yunanıstan, Roma və İngiltərə olmaqla, tarixin bizə məlum olan ən qədim dövrlərinin diqqəti cəlb edən xüsusiyyəti olaraq qarşımıza çıxır. Qədim dövrlərdə bu mübarizə xalq və ya xalqın bəzi sinifləri ilə hökumət arasında olardı. Bu baxımdan azadlıq başdakı idarəedicilərin despotik hakimiyyətinə qarşı qorunmağı ifadə edirdi. Qədim Yunanıstandakı bəzi xalq hökumətləri istisna olmaqla, digər hakimiyyətlərdə idarəedicilər xalqa qarşı düşmən olaraq qəbul edilərdilər. Bunlar səlahiyyətlərini miras və ya fəthlər yoluyla alan və idarə etdikləri adamların razılığına əsaslanmayan bir nəfərin, qəbilə və ya silkin rəhbərliyi şəklində olurdu. Səlahiyyətin təzyiq yoluyla istifadə edilməsinə qarşı hansı növ tədbir alınmış olursa olsun, idarə olunanlar idarə edənlərin üstünlüyünə nə etiraz etmə cəsarətini, nə də etiraz etmə istəyini göstərirdilər. Onların gücü düşmənə qarşı olduğu kimi, öz xalqına qarşı da işlədilə biləcək zəruri, lakin eyni zamanda son dərəcə təhlükəli bir silah olaraq qəbul edilirdi. Cəmiyyətin gücsüz üzvlərini saysız qırğılara yem olmaqdan qurtarmaq üçün bu qırğılardan daha güclü və onların yüksəlməsini önləməklə vəzifələndirilmiş ovçuya ehtiyac vardı. Ancaq sürünün üzərinə hücuma keçməkdə kiçik çalağanların hər hansı birindən daha az istəkli olmayacağını nəzərə alıb bu ovçunun dimdiyindən və pəncələrindən də mütləq müdafiə olunmaq lazım idi. Bu səbəblə vətənpərvərlərin hədəfi idarəedicinin kütlə üzərində istifadə etməsinə yol veriləcək iqtidarına məhdudiyyət qoymaq idi. Onların azadlıq deyəndə ağıllarına gələn şey bax bu məhdudiyyət idi.

Bu iki yolla həyata keçirilirdi. Birincisi, siyasi hüquqlar və azadlıqlar deyilən bəzi toxunulmazlıqları qəbul etdirmək idi. İdarəedicinin bu haqlara müdaxiləsi vəzifəsindən sui-istifadə etməsi kimi şərh olunur, bu da idarə olunanların etirazını və qiyamını qanuni hala gətirirdi. İkincisi isə konstitusiya tədbirlərinin görülməsi idi. Bunun sayəsində cəmiyyətin və ya onu təmsil edən qurumların razılığını almaq iqtidarın fəaliyyəti üçün zəruri hala gəlmişdi. Avropa ölkələrinin çoxunda iqtidar bu məhdudlaşdırma formalarından birincisinə az və ya çox boyun əyməyə məcbur edilmişdi. Amma ikincisi haqqında bunu demək olmazdı. Buna çatmaq və ya qismən olduğu yerlərdə tam mənasıyla əldə etmək azadlıqsevərlərin əsas məqsədinə çevrilmişdi. İnsanlar bir düşməni başqa bir düşmənlə vuruşdurmaqdan və zorakılığına qarşı bəzi təminatlara sahib olduqları ağa tərəfindən idarə olunmaqdan razı qaldıqları müddət ərzində istəklərində bundan uzağa gedə bilmədilər.

Lakin insani fəaliyyətlərin irəliləyişinə paralel olaraq insanlar zaman keçdikcə rəhbərlərinin onlardan ayrı və mənfəətlərinin onların mənfəətlərinə zidd bir qüvvə olmasını təbiətin zəruriyyəti olaraq qəbul etməməyə başladılar. Beləcə, dövlətin idarəçiliyini əlində saxlayanları istədikləri vaxt vəzifədən çıxara biləcəkləri muzdlu işçi və ya vəkil halına gətirmək onlara daha məqbul göründü. İnsanlar hökumət səlahiyyətlərinin onların əleyhinə istifadə edilməyəcəyindən ancaq bu yolla əmin ola bilərləri. Seçkiyə əsaslanan və müvəqqəti idarəedicilərlə bağlı bu yeni tələb xalqın fikrinə əsaslanan partiyaların olduğu hər yerdə partiya fəaliyyətlərinin əsas məqsədinə çevrildi. Beləcə rəhbərlərin səlahiyyətlərini məhdudlaşdırma məsələsində mövcud olan əvvəlki səylərin yerini tutdu. Rəhbərliyin dövri seçkilər əsasında təyin olunması uğrunda mübarizə artdıqca, bəziləri iqtidarın məhdudlaşdırılmasına xeyli əhəmiyyət verildiyini düşünməyə başladılar. İqtidarı məhdudlaşdırma mənfəətləri xalqın mənfəətiylə ziddiyyət təşkil edən idarəedicilərə qarşı bir tədbir kimi görülməkdə idi. Amma artıq ən çox istənilən rəhbərlərin xalqla bərabərləşdirilməsi, mənfəət və iradələrinin xalqın mənfəət və iradəsiylə eyni olması idi. Xalqın öz iradəsinə qarşı qorunmasına ehtiyacı yox idi. Onun öz-özünə zorakılıq etməsi düşünülə bilməzdi. İdarə edənlər xalq qarşısında məsuliyyətli olduğu və onun tərəfindən dərhal dəyişdirilə bildiyi təqdirdə problem qalmayacaqdı. Xalq bu halda necə istifadə edilməsi lazım olduğunu özünün diktə edəcəyi iqtidarı risk edib onlara əmanət edə bilərdi. İdarə edənlərin iqtidarı xalqın öz əlində cəmləşmiş və özünün münasib bildiyi şəkildə istifadə edə bildiyi öz iqtidarı olacaqdı. Qitə Avropasında hələ də yayğın şəkildə rast gəlinən bu düşünmə və ya hissetmə tərzi Avropa liberalizminin son nəsli arasında xeyli məşhur idi. Bu gün hökumətlərin edə biləcəkləri şeylərə bir sərhəd qoymağı qəbul edənlər qitə Avropasının siyasi mütəfəkkirləri arasında artıq istisnalı bir parlaq nümunə olaraq dayanmaqdadırlar. Bu istiqamətdə təşviqedici şərait davam etmiş olsaydı, bu gün buna bənzər bir düşüncə forması öz ölkəmizdə də hökm sürə bilərdi.

Psixoloji nəzəriyyələrdə olduğu kimi, siyasi və fəlsəfi nəzəriyyələrdə də uğur uğursuzluğun göz yumduğu səhvləri və gerilikləri göz önünə sərir. Xalqın öz səlahiyyətini özünə qarşı məhdudlaşdırmasına gərək olmadığı fikri xalq hökumətinin hələ də bir xəyaldan ibarət olduğu və ya uzaq keçmişdə mövcud olmuş bir şey kimi kitablarda oxunduğu vaxtlarda ancaq bir aksiom kimi qəbul edilə bilərdi. Bu fikri xalq təşkilatlarının müntəzəm fəaliyyətinə deyil, monarxiya və aristokratiya zorakılığına qarşı ani və reaksiyalı üsyan tərzində partlayan və eyni zamanda rəhbərliyi ələ keçirən azlığın əsəri olan fransız inqilabı kimi sapmalar da silə bilmədi. Bununla birlikdə, zaman keçdikcə demokratik respublika meydana çıxıb yer üzünün böyük bir qismində yer tutdu və özünü beynəlmiləl ailənin ən güclü üzvlərindən biri olaraq hiss etdirdi[1 - Amerika Birləşmiş Ştatları (red.)]. Bu səbəblə seçki yoluyla gələn və xalqa qarşı məsul olan hökumət mövcud olan müşahidə və tənqidlərin mövzusu olmağa başladı. İndi artıq «özünüidarəetmə» və «xalqın öz üzərindəki iqtidarı» kimi sözlərin problemin əsl üzünü ifadə etmədiyi aydın olmuşdu. İqtidarı əlində saxlayanlarla onlar tərəfindən idarə olunanlar daim eyni insanlar deyildir. Başqa cür desək, haqqında danışılan «özünüidarəetmə» hər fərdin özü tərəfindən idarə olunmasını deyil, əksinə digər şəxslər tərəfindən idarə olunmasını ifadə edir. Xalqın iradəsi praktik həyatda xalqın ən aktiv olan və ya sayca ən çox olan qisminin iradəsi mənasını verir. Belə olduğu üçün xalqın çoxluq olmağı bacararaq və ya özünü çoxluq kimi qəbul etdirərək iqtidarı əldə saxlayan təbəqəsi digər təbəqələrə təzyiq edir. Bu səbəblə digər iqtidar formalarına qarşı olduğu kimi, bu iqtidar formasının da gücünü istismar etməsinə qarşı tədbir görmək lazım gəlir. Hökumətin fərdlər üzərindəki gücünün məhdudlaşdırılması məsələsi idarəedicilərin cəmiyyət ya da cəmiyyət içindəki ən güclü qrupu qarşısında müntəzəm olaraq məsuliyyət daşıdığı halda belə əhəmiyyətini itirmir. Bu baxış tərzi həm mütəfəkkirlərə, həm də demokratiyanın həqiqi ya da saxta mənfəətlərinə zidd olan Avropa cəmiyyətindəki mühüm siniflərə xoş gəldiyi üçün heç çətinlik çəkmədən özünə yer tutdu. Artıq bu günlərdə «çoxluğun diktatorluğu»[2 - Bu ifadəni Mill Aleks de Tokvillin “Amerikada Demokratiya” adlı əsərindən götürmüşdür (red.)] məsələsi cəmiyyətin qorunmağa hazır olmasını tələb edən ən mühüm mənfiliklər arasındadır.

Cəmiyyətin səlahiyyətlilərinin əliylə tətbiq olunduğu üçün ilk zamanlar digər diktatorluqlardan olduğu kimi, çoxluğun diktatorluğundan da qorxulurdu, hətta bu qorxu yenə də davam edir. Lakin düşünən insanlar cəmiyyətin özü despot olduqda (cəmiyyətin onu meydana gətirən tək-tək fərdlərə təzyiq etməsi), onun zülm etmə vasitələrinin siyasətçilərin əliylə edilənlərlə məhdudlaşmayacağını dərk etdilər. Cəmiyyət öz əmrlərini özü icra edə bilər, hətta hazırda edir. Düzgün əmrlər yerinə səhv əmrlər verdiyi ya da özünün qarışmaması lazım gələn şeylər haqqında hər hansı bir tapşırıqlar verdikdə siyasi despotizmin çoxundan daha qorxunc olan ictimai despotluq etmiş olur. Hər nə qədər alışılan cəzalarla öz varlığını qoruyan despotluq forması deyilsə də, ictimai despotluq həyatın təfərrüatlarına daha dərindən nüfuz edərək, şəxsən fərdi ruhun özünü əsarət altına alır və beləcə fərdə daha az qurtuluş yolu buraxır. Bu baxımdan dövlət rəhbərlərinin despotizminə qarşı qorunma yetərli deyil, eyni zamanda cəmiyyətdə üstün olan duyğu və düşüncənin diktəsinə qarşı da qorunmaq lazımlıdır. Cəmiyyətin öz düşüncə və təmayüllərini bunlara qarşı çıxanlara zorla qəbul etdirmə meylindən əlavə, onun gedişinə uyğun gəlməyən hər hansı bir xüsusiyyətin inkişafını buxovlayaraq ya da önləyərək bütün fərdləri cəmiyyətin ümumi qəliblərinə uyğun gəlməyə məcbur etmə meylinə qarşı da qorunmaq vacibdir. Kollektiv düşüncənin fərdin müstəqilliyinə qanuni müdaxiləsinin bir sərhədi vardır. İnsani əlaqələrin yaxşı bir nöqtədə seyrini təmin etmək üçün bu sərhədi tapmaq və hücuma qarşı qorumaq ən azı siyasi despotizmi önləmək qədər əhəmiyyətlidir.

Bu mülahizəyə ümumiyyətlə, etiraz edilməsə də, praktikada kollektiv düşüncəyə qarşı sərhədi hara qoyacağımız və fərdi azadlıq ilə ictimai nəzarət arasındakı nizamlamanı necə edəcəyimiz məsələsi hələ həll edilməmiş bir problem kimi varlığını davam etdirməkdədir. Hər hansı bir insanın həyatını qiymətli etmək digər insanların hərəkətlərinə qoyulan məhdudlaşdırmalarla bağlıdır. Bu baxımdan ilk növbədə qanun yoluyla, onun əlverişli olmadığı vəziyyətlərdə də cəmiyyətin ümumi düşüncəsini əsas götürmək yoluyla bəzi zəruri davranış qaydaları qoyula bilər. Bu qaydaların nələrdən ibarət olması əsas məsələdir və aşkar olan bəzilərini istisna etsək, həllində ən az irəliləmə qeyd edilən problemin də bu olduğunu deyə bilərik. Bunu eyni şəkildə qərara bağlamış olan heç bir iki ölkə ya da iki dövr yoxdur. Əslində bir dövrün ya da bir ölkənin bu məsələdə aldığı qərara bağlı qalan başqa bir dövr və ya ölkə də yoxdur. Buna baxmayaraq müəyyən bir dövrün ya da ölkənin insanları bu məsələyə üzərində həmişə uzlaşma təmin edilmiş bir məsələ kimi yaxınlaşmaqda çətinlik çəkməmişlər. Öz aralarında tətbiq etdikləri qaydalar onlara son dərəcə açıq və etibarlı görünür. Bu universal illüziya atalar sözündə «ikinci təbiət» kimi göstərilən, halbuki səhvən «birinci təbiət»in yerinə keçən və bu şəkildə davam edən ənənələrin sehrli təsirinin nümunələrindən birini meydana gətirməkdədir. İnsanların bir-birlərinə təlqin etdikləri davranış qaydalarına gətirib çıxaran narahatlıqları önləməkdə ənənələrin açıq təsiri vardır. Çünki ənənələrdə məsələ bir insanın digərlərinə ya da digərlərinin ona məqbul səbəblər göstərməsinə ehtiyac buraxmayacaq qədər sadə olaraq qəbul edilir. Xalq ənənələr yoluyla ya da filosof xarakterli şəxslər tərəfindən bu cür mövzularla əlaqədar olaraq öz duyğularının ağlauyğun səbəblərdən daha əhəmiyyətli olduğuna, hətta səbəblərin mənasız olduğuna inandırılmışdır. Xalqa insan davranışlarını tənzimləmə məsələsində bələdçilik edən praktik prinsip onunla eyni hissdə olanlar necə istəyirlərsə hər kəsdən o yolda hərəkət etmələrini istəmək lazım olduğuna dair mövcud olan duyğudur.

Həqiqətən, heç kim öz mühakimə ölçüsünün təkcə özünün bəyəndiyi bir şey olduğunu bildirmir. Halbuki, bir hərəkət tezisinə dair irəli sürülmüş bir düşüncə ağlabatan səbəblərlə də təsdiq edilməmişdirsə, bir adamın seçimi sayıla bilər. Məntiqli səbəb göstərildiyi zaman da əgər bu səbəblər başqa şəxslərin buna bənzər seçimlərindən ibarətdirsə, bu da bir adamın yerinə sadəcə bir çox adamın seçimi olar. Bununla birlikdə, adi bir insan üçün öz seçimi sadəcə mükəmməl bir şəkildə qaneedici bir səbəb deyil, eyni zamanda onun dini kitabında açıq bir şəkildə ifadə edilməmiş mövzularda öz əxlaq, zövq və ədəb anlayışının də tək dayağı olur. Hətta öz seçimi dini kitabın belə şərhində özünün başlıca rəhbəri olur. Buna görə insanların təriflənəcək və ya tənqid ediləcək şeylər haqqındakı düşüncələri başqalarının davranış forması haqqındakı seçimlərinə təsir edən müxtəlif faktorların hamısının təsirinə tabe olub, insanların digər hər hansı bir mövsudakı arzularını təyin edən faktorlar qədər çoxsaylıdır. Bu faktor bəzən onların məntiqi, bəzən də birbaşa hökmləri və ya batil inancları olur: çox vaxt ictimai meyilləri, bəzən də antisosial meyilləri, qısqanclıq və ya gözügötürməməzlikləri, təkəbbürləri və ya yuxarıdan aşağı baxmaları. Lakin daha çox rast gəlinən bəslədikləri arzular və ya qorxular ilə qanuni və ya qeyri-qanuni mənfəətləridir. Üstün sinfin olduğu hər yerdə ölkənin əxlaqi dəyərlərinin böyük bir qismi sinif mənfəətlərindən və sinif üstünlüyü duyğularından irəli gəlir. Spartalılar ilə helotlar, müstəmləkəçilərlə zəncilər, şahzadələrlə təbəələr, zadəganlarla avamlar və kişilərlə qadınlar arasındakı əxlaq böyük ölçüdə bu sinif mənfəət və duyğularının məhsuludur. Bunların öz aralarında doğan duyğular da yuxarı sinfin əxlaqi dəyərləri üzərində qurulur. Digər tərəfdən, harada əvvəlcə üstün olan bir sinif üstünlüyünü itiribsə, yaxud harada o üstünlüyün xalqın gözündə nüfuzu yox olubsa, oralarda hakim olan əxlaqi duyğular dəfələrlə üstünlüyə qarşı səbri tükənmiş bir xoşlan-mamanın damğasını daşıyır.[3 - Qədim Spartada ən aşağı təbəqəni təşkil edən kölələr]

Hər hansı bir hərəkəti edib-etməmək məsələlərində qanunlar ya da ictimaiyyətin fikriylə müəyyənləşmiş davranış qaydalarını təyin edən digər bir prinsip də insanların öz ruhani sahiblərinin və ya tanrılarının fərz edilən razılıqlarına ya da narazılıqlarına gözübağlı şəkildə qulluq etmələri olmuşdur. Öz-özlüyündə eqoist olmaqla birlikdə bu qulluq ikiüzlülük deyil. İnsanlara sehrbazları və azğınları yandırdacaq qədər ürəkdən gələn nifrət hisslərinə səbəb ola bilmişdir. Əxlaqi duyğuların istiqamətləndirilməsində bu qədər adi təsirlər arasında, şübhəsiz ki, cəmiyyətin ümumi və aşkar mənfəətlərinin də payı, hətta böyük bir payı olmuşdur. Ancaq bir qiymətləndirmə vasitəsi və sadəcə bu mənfəətləri qorumaq üçün olmaqdan çox, bunlardan doğan simpatiya və antipatiyaların nəticəsi kimi özünü göstərir. Necə ki, cəmiyyətin mənfəətləri ilə az əlaqəli olan və ya heç əlaqəsi olmayan bəzi simpatiya və ya antipatiyalar əxlaq qaydalarının yaradılmasında özlərini az qala eyni dərəcədə və böyük bir güclə hiss etdirmişdir.

Cəmiyyətin ya da onun qüdrətli bir hissəsinin bəyəndiyi və ya bəyənmədiyi şeylər qanun ya da ictimai fikrin diktəsi altında, cəmiyyətin əsas hissəsi tərəfindən riayət olunmaqla qoyulan prinsipləri praktik həyatda təyin edən başlıca faktorlardır. Ümumiyyətlə, duyğu və düşüncədə cəmiyyətdən irəlidə olanlar təfərrüatlarda qarşı çıxmış olsalar da, əsasən bu vəziyyətə qarşı mübarizəyə girişməmişlər. Onlar cəmiyyətin bəyəndiyi və ya bəyənmədiyi şeylərin fərdlər üçün bir qanun olmasının lazım olub-olmadığını araşdırmaqdan çox, cəmiyyətin hansı şeyləri bəyənib-bəyənməməsinin lazım olduğunu araşdırmaqla məşğul olmuşlar. Bu cür insanlar ümumi axına uyğun gəlməyənlərlə birlikdə hərəkət edərək azadlığı müdafiədə işbirliyi etməkdən çox, şəxsən özlərinin hər kəsdən ayrıldıqları müəyyən mövzularda insanların duyğularını dəyişdirməklə məşğul olmağı üstün tutmuşlar. Xırda-para istisnalar nəzərə alınmasa, hər kəs tərəfindən yüksək bir prinsip kimi qəbul edilən və sabit bir şəkildə qorunan yeganə nümunə dini inanc məsələsidir. Bu nümunə əxlaqi duyğu deyilən şeydə yanılmağın mümkün ola biləcəyinin ən nəzərə çarpan nümunəsini meydana gətirməsi baxımından olduqca öyrədicidir. Çünki səmimi bir fanatikin gözündə odium theologicum[4 - Teoloji eyib, günah] heç bir şübhə götürməyən əxlaqi duyğu hallarından biridir. Özünü ümumdünya kilsəsi adlandıran şeyin boyunduruğunu ilk qıranlar inanc fərqliliyinə icazə vermə məsələsində bu kilsə qədər az istəkli idilər. Lakin bir-birilə razılaşmamanın şiddətli dövrü tərəflərdən heç birinə tam mənasıyla qələbə gətirmədən sona çatınca və hər kilsə və ya məzhəb ümidini o anda işğal etməkdə olduğu yeri əldə saxlamağa çalışmaqdan başqa bir şey edə bilməyəcək hala gəlincə, azlıqlar çoxluğa çevrilmələri ehtimalı olmadığını görərək, başqa düşüncədə olmağa icazə verilməsini müdafiə etməyə məcbur oldular. Bax beləcə fərdin cəmiyyət qarşısındakı haqlarının prinsiplərin təməlinə əsaslanaraq ortaya atılması və cəmiyyətin müxaliflər üzərində nüfuzundan istifadə etmə iddiasının açıqca müzakirə mövzusuna çevrilməsi bu təməl, hətta demək olar ki, sadəcə bu təməl üzərində olmuşdur.

Dini azadlığın əldə edilməsinə görə dünyanın borclu olduğu böyük yazarlar ən çox vicdan azadlığının insanın ləğvedilməz haqqı olduğunu iddia etmişlər. İnsanın öz dini inancına görə başqalarına hesab verməyə məcbur olmasını mütləq surətdə rədd etmişlər. Bununla yanaşı, həqiqətən əhəmiyyət verdikləri hər hansı bir şeydə insan üçün dözümsüzlük o qədər təbiidir ki, öz səssizliyinin teoloji döyüşlərlə pozulmasından xoşlanmayan dini laqeydliyin ağırlığını hiss etdirdiyi yerlər istisna olmaqla dini azadlıq az qala heç bir yerdə həqiqətən təsdiqlənməmişdir. Demək olar ki, bütün dindar insanların zehinlərində, hətta ən tolerant ölkələrdə belə, tolerantlıq qəti olaraq ancaq bir sıra çəkingənliklərlə qəbul edilir. Bəziləri kilsə hökuməti məsələsində fərqli düşünməyə dözür, lakin doqma məsələsinə dözümsüzlük göstərir; bəziləri katoliklərlə unitarlar xaricində hər kəsə qarşı dözümlü davrana bilər; bəziləri vəhyə əsaslanan dinə inanan hər fərdə dözümlü davrana bilər; bəziləri də bir az artıq lütfkar ola bilər, lakin bunu Tanrı və axirət inancında dayandıra bilər. Qısa desək, əksəriyyətin duyğusunun qarışıqsız və sıx şəkildə olduğu hər yerdə onun itaət edilmək iddiasından çox az imtina etdiyi görünür.

Siyasi tariximizin xüsusi hal və şəraitinə görə İngiltərədə ictimai fikrin boyunduruğu ehtimalla daha ağırdırsa da, qanunun boyunduruğu Avropanın digər ölkələrinin çoxunda olduğundan daha yüngüldür. Qanunverici və ya icraedici orqan tərəfindən fərdin davranışlarına birbaşa müdaxilə edilməsinə qarşı böyük bir həssaslıq vardır. Bunun belə olması fərdin müstəqilliyinə qarşı göstərilən hörmətdən daha çox hələ də mövcud olan bir vərdişdən, yəni hökumətə cəmiyyətin mənfəətinə zidd bir mənfəəti təmsil edən gözüylə baxma vərdişindən irəli gəlir. Əksəriyyət hökumətin iqtidarını öz iqtidarı, fikirlərini öz fikirləri olaraq hiss etməyi hələ öyrənə bilməyib. Bunu öyrəndiyi gün fərdi azadlıq ehtimal ki, hökumətin istilasına bugünkü ictimaiyyətin istilasından daha çox məruz qalacaq. Lakin yenə də fərdlərin qanun tərəfindən nəzarət edilməsinə öyrəşmədikləri məsələlərdə qanunun hər hansı bir nəzarət etmə cəhdinə qarşı hərəkətə keçməyə hazır olan yığılıb qalmış hisslər yığını vardır. Həm də məsələnin qanuni nəzarətin qanun sahəsinə girib-girmədiyinə çox da baxılmır. O qədər ki, bütövlüklə son dərəcə möhkəm olan bu hiss xüsusi hallarda tətbiq edilməyə başlayarkən ehtimal ki, çox vaxt yerində istifadə edilmiş olmur. Təcrübədə hökumət müdaxilələrinin uyğun olub-olmadığını hər vaxt məqsədəuyğun şəkildə ölçmək üçün qəbul edilmiş bir qanun yoxdur. Hər kəs bu məsələdə öz fərdi seçimlərinə görə qərar verir. Bəziləri ediləcək hər hansı bir yaxşılıq və ya çarəsi tapılacaq bir pisliklə qarşılaşdıqları zaman hökumətin işi öz üzərinə götürməsini böyük həvəslə təşviq etmək istəyirlər. Digərləri isə bəşəri mənfəətlərinin hökumət nəzarəti altına salınan qisminə yenisini əlavə etməkdənsə, hər cür sosial mənfiliyə dözməyi üstün tuturlar. İnsanlar hər hansı bir məsələdə öz hisslərinin bu ümumi istiqamətinə görə tərəflərdən birinin cərgəsində yerlərini tuturlar. Öz hisslərinin ümumi istiqamətindən əlavə, insanlar hökumətin etməsi təklif olunan müəyyən şeylərə olan maraqlarının dərəcəsinə görə, yaxud hökumətin onu özlərinin bəyəndikləri tərzdə edəcəyi və ya etməyəcəyi barəsində bəslədikləri inama görə tərəf saxlayırlar. İnsanların «bir hökumət tərəfindən görülməsi uyğun olan işlər nələrdir» barəsində olan yeknəsəq düşüncələrinə görə bir mövzunun lehinə və ya əleyhinə münasibət bildirdikləri çox nadir hallarda rast gəlinir. Mənə elə gəlir ki, bu qayda ya da prinsip yoxluğunun bir nəticəsi olaraq hələ də tərəflərdən biri digəri qədər tez-tez yanıla bilir. Hökumət müdaxiləsi, az qala bərabər bir şəkildə bəzən yerində olmadan edilir, bəzən də yerində olmayaraq mühakimə edilir.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)